Cəmiyyət

Cəmiyyət

1918-ci il: Rəsulzadə Şaumyana qarşı

Read this article on other language
Download article
image_pdf
image_pdf

1918-ci il sentyabrın 15-i Bakı, müasir Azərbaycan tarixşünaslığının yazdığı kimi, Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyəti hərbi hissələrinin birgə hücumu nəticəsində menşevik-eser-daşnak hakimiyyətinin diktaturasından azad edilmişdir. Bu hadisə 1918-ci ilin martında bolşevik-daşnak ittifaqı və müsavatçılar arasında hərbi toqquşması nəticəsində çoxlu sayda itki vermiş azərbaycanlıların qisası kim qiymətləndirilir. Ümumən 1918-ci il Azərbaycan tarixində mürəkkəb və ziddiyyətli hadisələrlə dolu bir il olub. Bu ildə Azərbaycanda bir neçə dəfə siyasi hakimiyyət dəyişib, bir neçə hərbi toqquşma və qarşıdurmalar baş verib, milli dövlətin yaranması elan edilib və nəhayət, ilin sonunda ilk parlament fəaliyyətə başlayıb. 1918-ci ildə baş verən proseslərə müxtəlif siyasi qüvvələrin (sosial-demokratlar, sosial-inqilabçılar (eser), konstitusiyalı demokratlar (kadet) və s.) cəlb olunmasına baxmayaraq siyasi rəqabət əsasən iki siyasi partiya, millətçi Müsavat və bolşeviklər arasında gedib. Bu baxımdan Müsavatın lideri Məmməd Əmin Rəsulzadə ilə Qafqaz bolşeviklərinin lideri Stepan Şaumyanın 1918-ci ildə baş verənlərə münasibəti və onları necə şərh etmələri mühüm əhəmiyyət kəsb edir. Bu münasibət təkcə 1918-ci ildə baş vermiş prosesləri gələcək siyasi perspektivdən dəyərləndirmək üçün deyil, eyni zamanda iki ictimai-siyasi xadimin siyasi mövqeyinin hansı şərtlər altında dəyişdiyinə aydınlıq gətirmək üçün də əhəmiyyətlidir.

Məlumdur ki, 1918-ci ilin martında bolşeviklər Daşnaksyutyun partiyasını öz tərəflərinə çəkib Bakıda Müsavatın hakimiyyət iddialarına qısa müddətə son qoymağa nail oldular.  Mart hadisələri sovet tarixşünaslığında milli burjuaziya ilə fəhlə-bolşevik qarşıdurması, yəni sinfi mübarizə kimi təqdim edilib. Müasir Azərbaycan tədqiqatçıları bu hadisəni birmənalı şəkildə müsəlman əhalinin bolşevik-erməni hərbi qüvvələri tərəfindən məqsədyönlü şəkildə məhv edilməsi, etnik zəmində soyqırım kimi təqdim edirlər. O da məlumdur ki, 1918-ci ilin sentyabrında Müsavat Osmanlı hərbi qüvvələrinin yardımı ilə siyasi rəqibləri olan menşevik-eser-daşnak ittifaqını müvəfəqqiyətlə hakimiyyətdən uzaqlaşdırmağa nail olub və bu zaman da şəhərin erməni əhalisi itki verib. Sentyabr hadisələri sovet tarixşünaslığında işıqlandırılmayıb, müasir Azərbaycan tarixşünaslığı isə bu haqda susmağa üstünlük verir. Bəs bu hadisələrə Rəsulzadə və Şaumyanın münasibəti necə olub? 1918-ci ilin martında məğlub tərəf olan Rəsulzadə bolşeviklərlə  qarşıdurmanı necə şərh edirdi? 1918-ci ilin avqustunda həbs edilən Şaumyan hakimiyyətin əldən getməsini necə izah edirdi? Bu suallara cavab tapmaq üçün Rəsulzadə və Şaumyanın 1918-ci ildə yazıları və çıxışları əsas götürülüb.

1918-ci il: Tarixə qısa baxış

20-ci əsrin əvvəllərində Bakı Cənubi Qafqazın həm etnik, sosial, də siyasi cəhətdən olduqca rəngarəng şəhəri idi. İndiki metropol Bakı ərazisinə daxil olan bir sıra ətraf kənd və qəsəbələri saymadan bilavasitə şəhər əhalisinin təqribən 28%-ni yerli əhali, azərbaycanlılar (dövrün mənbələrində türk-müsəlmanlar) təşkil edirdi.[1] Bölgədə mütəşəkkil siyasi qüvvələrdən olan bolşeviklərin dəstəklədiyi fəhlələr arasında da azərbaycanlılar çoxluqda (bütün fəhlələrin 12%) deyildi.[2] Bakı fəhlə sinfinin formalaşması əsasən neft sənayesi və kapitalist münasibətlərinin inkişafı ilə bağlı olduğu üçün milli burjuaziyanın siyasi həyatda çəkisi əhəmiyyət kəsb edirdi. Lakin burada da yerlilər birincilikdə deyildilər. Bakı neft sənayesi müəssisələrinin təqribən üçdə bir hissəsi azərbaycanlılara məxsus idi.[3]

1918-ci ildə Bakının siyasi səhnəsində sosialist, liberal, anarxist, etnik millətçi, islamçı  olmaqla bir neçə siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Lakin millətçi və islamçı partiyalar istisna olmaqla Bakıda fəaliyyət göstərən bu partiyaların heç biri müstəqil deyildi və Rusiya imperiyasının mərkəzində yaradılmış partiya və təşkilatların yerli şöbələrindən ibarət idi. Onların içərisində sosialist yönlü partiyalar daha mütəşəkkil və təcrübəli idi. Sayına və siyasi gücünə görə sosial-demokratlar və tarixi ədəbiyyatda eserlər kimi tanınan sosial-inqilabçılar xüsusilə seçilirdi. Sosial-demokratlar siyasi rəqabət fonunda bolşevik və menşevik, eserlər isə sağ və sol olmaqla iki qola parçalanır. Bu partiyaların hamısının Bakıda şöbələri fəaliyyət göstərirdi. Əlavə olaraq inqilabi əhval-ruhiyyəli yerli ziyalılar sosial-demokrat yönlü Hümmət təşkilatı yaratmışdılar. Bir çox azərbaycanlı siyasətçi, o cümlədən Məmməd Əmin Rəsulzadə bu təşkilatın ilk üzvlərindən olub. Liberal partiyalardan konstitusiyalı demokratiya tərəfdarlarının sayı daha çox idi. Qafqaz cəbhəsi ordusunun zabit və əsgərlərinin əksəriyyəti konstitusiyalı demokratlar (kadet) partiyasının üzvləri idi. Azərbaycanlı siyasətçilərdən Əlimərdan Topçubaşov, İsmayıl Hacınski, erməni sənayeçi Konstantin Xatisov kadet partiyasının üzvləri idi. Bu vəziyyət Müsavat, İttihad, Əhrar kimi milli partiyalar yaradılana qədər davam edib. Azərbaycanlılar çox zaman müxtəlif siyasi partiyalarda təmsil olunurdular və bəzən bir partiyadan digərinə  keçə bilərdilər. Partiyaların proqramı isə əsasən Rusiya imperiyasının gələcək dövlət quruluşu, müharibəyə, istehsal vasitələrinə, əməyə və torpağa münasibət məsələləri ilə fərqlənirdi.

Milli partiyalardan Müsavatın yaradılması 1911-ci il ilə əlaqələndirilsə də, partiyanın ilk qurultayı 1917-ci ilin payızında keçirilib və demək olar ki, Rusiyada oktyabr çevrilişi ilə eyni vaxta düşüb. Müsavatın 1-ci qurultayı ilə eyni dövrdə azərbaycanlı eserlər başda Aslan Səfikürdski olmaqla Müsəlman Sosialist Blokunu formalaşdırıblar. Bundan başqa 1918-ci ilin yanvarında İttihadi-İslam-Rusiyada müsəlmanlıq[4], 1918-ci ilin payızında isə Əhrar partiyasının təsis edildiyi elan olunub. [5]

20-ci əsrin əvvəllərində Azərbaycanda həmçinin erməni, yəhudi və digər millətlərin siyasi təşkilat və partiyalarının şöbələri də fəaliyyət göstərirdi. Daşnaksutyun partiyası erməni millətini birləşdirən ən mütəşəkkil siyasi qüvvə kimi çıxış edirdi. Daşnaksutyun partiyasının siyasi təcrübəsi və erməni əhaliyə təsir dairəsi digər milli partiyalarla müqayisədə  daha geniş idi. Bu partiya 1892-ci ildə ilk qurultayını keçirmişdi və onun Azərbaycan ərazisində 3 şöbəsi (Bakı, Şuşa və Yelizavetpol) fəaliyyət göstərirdi.

1917-ci ildə bütün Rusiya imperiyasında olduğu kimi Azərbaycan da dərin sosial-iqtisadi böhran içərisində idi. Bakıda iki siyasi hakimiyyət mövcud idi: menşevik, eser və bolşeviklərin daxil olduğu Bakı Soveti və Bakı Sovetinin də təmsil olunduğu İctimai Təşkilatların İcraiyyə Komitəsi. Şəhərin müsəlman əhalisi bolşeviklərin etirazı əsasında birinci siyasi təşkilatda təmsil olunmamışdı. İkinci siyasi təşkilatda azərbaycanlıları Məmmədhəsən Hacınski və Məmməd Əmin Rəsulzadə təmsil edirdi. Bu təşkilat milli burjuaziyadan maddi yardım alırdı.[6]  Müsavatın Bakı Sovetinə buraxılmaması siyasi məqsədlərlə izah edilirdi. Sosial məsələləri istisna etsək, bolşeviklərlə Müsavat partiyasının ittifaqına əngəl törədən iki mühüm problem var idi. Birincisi, Müsavatın federativ quruluş və muxtariyyət tələb etməsi, ikincisi isə Rusiyanın Birinci Dünya müharibəsində iştirakını dəstəkləməsi idi. Bolşeviklər Rusiyanın özlərinin qeyd etdiyi kimi “beynəlmiləlçilik prinsipi” ilə unitar quruluşunu dəstəkləyir və müharibədə iştiraka qarşı çıxırdılar.

Siyasi hakimiyyət uğrunda mübarizə sosial sabitliyin təmin edilməsinə əngəllər törədirdi. Bakı Sovetinin  şəhəri ərzaqla təmin edə bilməməsi əhali arasında narazılıqlar doğururdu. 1917-ci ilin oktyabrında keçirilən Bakı Soveti İcraiyyə Komitəsinə seçkilərdə bu narazılıq özünü göstərdi. Seçkilərdə səs çoxluğu ilə Müsavat qələbə qazandı, bolşeviklər 18%-ə yaxın səs toplaya bildilər.[7] Bu səsvermə bolşevikləri təmin etmədiyi üçün onlar 1917-ci ilin dekabrında yeni qayda ilə seçki keçirməyə nail oldular. Seçkilərin yerlərdə, yəni fabrik-zavodlarda, mədənlərdə keçirilməsi zavod və fabriklərdə sayca azlıqda olan azərbaycanlı fəhlələrin[8] səs çoxluğu qazanmasını imkansız etdi, əvvəlki seçkilərin nəticələrinin ləğvinə etiraz olaraq Müsavat seçkilərdə iştirakdan imtina etdi və beləliklə də Bakı Sovetində çoxluq bolşeviklərlə daşnakların əlinə keçdi. Eser və menşeviklər Bakı Sovetinin bu tərkibi ilə razılaşmayaraq təşkilatı tərk etdilər və mövqelərini gücləndirmək üçün Müsavat partiyasına birgə hərəkət üçün müraciət etdilər. Lakin Müsavat eser-menşeviklərin deyil, bolşeviklərin tərəfini saxladı.[9] Çünki Rusiyada baş vermiş hakimiyyət dəyişikliyi, Müvəqqəti hökumətin devrilməsi və bolşeviklərin hakimiyyəti ələ keçirməsi yuxarıda qeyd edilən məsələlərdə Bakı bolşevikləri ilə Müsavat partiyasının mövqeyinin yaxınlaşmasına səbəb olmuşdu. Bolşeviklər Bakı Sovetində hakimiyyəti ələ keçirdikdən sonra İctimai Təşkilatların İcraiyyə Komitəsinin buraxılmasına nail oldular.

1917-ci ilin oktyabrında Rusiyada Müvəqqəti hakimiyyət devrildikdən sonra onun Cənubi Qafqazda orqanı olan Xüsusi Zaqafqaziya Komitəsi səlahiyyətlərini itirdi. Cənubi Qafqazın aparıcı milli partiyaları Rusiyada bolşevik hakimiyyətini tanımaqdan imtina edərək 1917-ci ilin noyabrında Zaqafqaziya Komissarlığı yaratdıqlarını bəyan etdilər, Lenin buna cavab olaraq dekabrda  Şaumyanı Qafqaz İşləri üzrə xüsusi komissar təyin etdi. Buna cavab olaraq aparıcı millətlərin nümayəndələri 1918-ci ilin fevralında Zaqafqaziya Federasiyası yaratmaq məqsədi ilə Zaqafqaziya Seyminin təsis edildiyini bəyan etdilər. Lakin Seymdə təmsil olunan siyasi partiyalar və milli qruplar arasında fikir ayrılıqları Zaqafqaziya/Transqafqaziya Federasiyası yaratmağa imkan vermədi. Buna ən ciddi maneə Sovet Rusiyasının  1918-ci ilin martında Dördlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan) ilə Brest-Litovsk sülh müqaviləsini imzalaması oldu.[10] Müqavilənin şərtlərinə görə, Qars, Ardahan və Batum  Osmanlı İmperiyasının tərkibi elan edildi.[11] Bu qərarlarla razılaşmayan gürcü və ermənilər Zaqafqaziya Seyminin Osmanlıya müharibə elan etməsinə nail oldular və  qısa müddətə məğlub edilərək sülh imzalamağa məcbur edildilər. Sülh Brest-Litovsk müqaviləsinin şərtlərini təsdiq etdi. Lakin bu münaqişə erməni, gürcü və azərbaycanlılar arasında ərazi iddialarının güclənməsinə səbəb oldu. Ərazi iddiaları və elan ediləcək dövlətlərin sərhədləri məsələsi Cənubi Qafqaz xalqlarını federasiya ideyasından imtinaya vadar etdi. 1918-ci ilin mayında Seym buraxıldı, Cənubi Qafqazın üç xalqının Seymdəki nümayəndələri müstəqil dövlət yaratdıqlarını elan etdilər. Tiflisdə Seym ilə Osmanlı imperiyası münasibətləri müzakirə olunan zaman Bakıda bolşevik-daşnak qüvvələri ilə Müsavat qüvvələrinin silahlı toqquşması baş vermiş və başda Şaumyan olmaqla Xalq Komissarları Sovetinin (XKS) hakimiyyəti elan edilmişdi.

Müstəqil dövlətin yaradılması elan edildikdən sonra Müsavatın rəhbərliyi altında hakimiyyətin qollarının formalaşdırılması və Bakının azad olunması məsələsi həll edilməli idi. Birinci Dünya müharibəsi dövründə dəfələrlə Bakını işğal etməyə cəhd göstərmiş Osmanlı siyasi qüvvələri yeni elan edilmiş Azərbaycan Cümhuriyyəti rəsmilərinin hərbi yardımla bağlı müraciətini müsbət dəyərləndirərək Bakını siyasi rəqiblərdən azad etmək üçün hərbi dəstələr göndərmək qərarına gəldilər. Şaumyanın rəhbərlik etdiyi Bakı XKS-nin hərbi dəstələri bir neçə dəfə Osmanlı-azərbaycalı qüvvələrini dayandırmağa cəhd göstərsə də, bu cəhdlər uğursuz oldu. Cəbhədə müvəffəqiyyətsizlik Bakıda eser-menşevik-daşnak qüvvələrinin bolşeviklərə qarşı çevrilişi və komissarların həbsi ilə nəticələndi. Hakimiyyət tarixi ədəbiyyatda Sentrokaspiya diktaturası (Mərkəzi Kaspiya) adlanan təşkilatın əlinə keçdi. Diktatura bolşevik komissarları mart ayında hərbi qüvvədən istifadə edərək siyasi rəqiblərini, yəni Müsavatı zorla hakimiyyətdən uzaqlaşdırmaqda ittiham edərək həbs etdirdi və şəhəri Osmanlı-azərbaycanlı (Qafqaz İslam Ordusu) qüvvələrinin hücumundan qorumaq üçün ingilislərə müraciət etdi. Həmin dövrdə ingilislər aktiv şəkildə Rusiyadakı vətəndaş müharibəsinə (ağlarla qırmızılar) müdaxilə edərək imperiyanın bərpasına çalışırdılar. Lakin general-mayor Denstervilin rəhbərliyi altında İranda olan ingilis qüvvələrinin sayı və hərbi sursatı az olduğundan ingilislər sentyabrın 15-də şəhəri tərk etmək qərarına gəldilər.[12] İngilislərin Bakıdan geri çəkilməsinin digər səbəbi Osmanlı qoşunlarının İran cəbhəsində uğurları, Urmiyanı ələ keçirməsi, Qəzvin və Həmədan istiqamətində müvəffəqiyyətlə irəliləməsi idi.

Sentyabrın 16-da Osmanlı-azərbaycanlı birləşmiş hərbi qüvvələrinin Bakını alması haqqında Ənvər Paşaya teleqram göndərilir. Lakin digər cəbhələrdə məğlubiyyətə uğrayan Osmanlılar münaribəni udmağın qeyri-mümkünlüyünü anlayaraq 1918-ci ilin oktyabrında Antantanın sülh təklifinə müsbət cavab verirlər. 1918-ci il oktyabrın 30-da bağlanan Müdros müqaviləsinin şərtlərinə görə, Osmanlılar müharibə başlamamışdan əvvəl Rusiya imperiyası ilə olan sərhədlərə doğru geri çəkilməyə və beləliklə də Bakını tərk etməyə məcbur oldular.

Şaumyanın ittihamları, Rəsulzadənin cavabı

1918-ci ilin yanvarında Yelizavetpol və Bakı quberniyalarında silahlı qarşıdurmalar baş verir. Yanvarın 4-dən başlayaraq Yelizavetpol quberniyası ərazisində ağır vergi yükünə etiraz olaraq kəndli qiyamları başlayır. Yanvarın 9-12-si arasında isə Şamxorda (müasir Şəmkir) Qafqaz cəbhəsindən geri qayıdan Rusiya hərbi qüvvələrinin tərksilahı nəticəsində imperiya ordusu əsgərləri öldürülür. Eyni vaxtda Bakı quberniyasının Lənkəran qəzasında, Muğanda rus kolonistlər (əsasən bolşeviklərin tərəfində idilər) və imperiya ordusunun hissələri arasında qarşıdurma başlayır. Bu hadisələr Müsavat və bolşeviklər arasında Cənubi Qafqazın üç millətinin gələcək siyasi taleyi və sosial tələbləri ətrafında mübahisələri qızışdırır. 1918-ci il yanvarın 31-də Kavkazskiy Vestnik qəzetində Şaumyanın Zaqafqaziyanın müsəlman vilayətlərinin kəndlilərinə müraciəti və Zaqafqaziyada kəndli üsyanı haqqında yazısı dərc edilir.[13] Birinci yazıda Şaumyan müsəlman kəndlilərə müraciət edərək onları bəyləri, xanları, onların ailə üzvlərini öldürməməyə, onların mülklərini yandırmamağa, dağıtmamağa çağırır və qeyd edir ki, onların üsyan nəticəsində əldə etdikləri onlara məxsus olacaq, çünki Petroqradda olan fəhlə-kəndli hakimiyyəti, yəni Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər torpaqları onların əlindən almağa imkan verməyəcək. Bunun ardınca Şaumyan müsəlman bəylərin, xanların və ağaların dəfələrlə müsəlman kəndliləri erməni kəndlilərinə qarşı qaldırmağa müvəffəq olduqlarını yazır və erməni kəndlilərin də müsəlman kəndliləri kimi zəhmətkeş olduqlarını, öz ağalarına, torpaq sahiblərinə qarşı mübarizə apardıqlarını vurğulayır. Şaumyan ali müsəlman təbəqəsinin hər zaman kəndliləri aldatdığını, hazırda da müsəlman ordusu yaradaraq Bakı, Yelizavetpol və İrəvan quberniyalarında müsəlman dövləti yaratmağa cəhd edərək yenə də onları aldadacaqlarını qeyd edir: çünki onların yaratdığı dövlət zəhmətkeşlərin deyil, ali təbəqənin mənafeyinə xidmət edəcək. Zaqafqaziyada kəndli hərəkatından bəhs edərkən Şaumyan Yelizavetpol quberniyasının müxtəlif bölgələrində kəndlilər tərəfindən öldürülən mülkədarların adlarını sadalayır. Bu adların bir çoxu oxucuya Azərbaycan Cümhuriyyəti qurucularının tarixindən məlumdur.

Şaumyan yazır ki, yanvarın 4-də müsəlman kəndlilər Zaqafqaziya Zəyəm (Dzeqam) dəmiryol stansiyasından bir qədər aralıda Bəhram bəy Qarabəyovun Yuxarıayıblı kəndində yerləşən mülkünə hücum ediblər. Bəhram bəyin özü və iki qardaşı öldürülüb, yanvarın 6-da Böyükağa Qarabəyovun mülkünə hücum edilib, özü, qızı və 5 oğlu öldürülüb.[14] Həmin gün Xalid Zülqədərovun mülkünə hücum olub, özü, xanımı və 5 qızı öldürülüb, bir qızı və bir oğlu isə girov götürülüb, Söyün Zülqədərov, 4 oğlu və 10 ailə üzvü mülkündə öldürülüb. Şaumyan yazır ki, Zülqədərovlar nəslinin ən nüfuzlu nümayəndəsi Allahyar bəyin, xanımının, oğlu və qızının öldürülməsini erməni kəndlilər faciəli şəkildə təsvir edirlər və əlavə edir ki, onun oğlanları yaralı halda erməni Badakənd kəndinə qaçıb kəndli Qalus Yavryantsın evinə sığınıblar. Zülqədərovlar nəslinin bir çox nümayəndələri öldürülüb, bir hissəsi Quşçu kəndinə qaçsalar da, kəndlilər tərəfindən əsir götürülüblər. Yazıda qeyd edilir ki, kürd bəyləri adlanan xırda bəylərin də bir çoxu öldürülüb, 30 ailə isə qaçıb Badakənddə sığınacaq tapıb. Yanvarın 4-də Şəmkir bəylərinin mülklərinə hücum edilib, lakin burada kəndlilər mütəşəkkil hərəkət ediblər, bəyləri öldürməyiblər, malikanələrindən qovublar. 80-ə yaxın bəy öz malikanəsini tərk etməli olub. Morul[15] bəylərini isə Tiflisdən gələn şeyxülislam xilas edə bilib, kəndlilər onlara daşınan əmlaklarını götürüb getməyə icazə veriblər. Şaumyan qeyd edir ki, üsyanın qalxdığı bütün ərazilərdə kəndlilər torpaqları ələ keçirib əkinə başlayıblar, bəylərin mülkləri, malikanələri, sərvətləri yandırılıb və ya talan edilib. Qazax qəzasının Küləli kəndində yanvarın 15-də kəndli iğtişaşları başlayıb. Kəndlilər ağaların, bəylərin malikanələrinə hücum ediblər.

Şaumyan ikinci yazısında Şamxor hadisəsinə toxunur və yazır ki, “kəndli iğtişaşları başlayan zaman yanvarın 7-12 arası Şamxorda rus əsgərləri tərksilah edilib. Şamxor hadisələrinə görə bu ərazidə çox böyük qırğınlar olmayıb, kəndlilər mülkədarların malikanələrini qarət edib, lakin özlərini sağ buraxıblar.”[16] Şaumyan Şamxor hadisələrində başda Jordaniya olmaqla gürcü menşeviklərini və onların tapşırıqlarını yerinə yetirən Yelizavetpol milli şurasını ittiham edirdi. Şaumyan iddia edirdi ki, azərbaycanlı kəndlilər bəylərin fitnəsinə uyaraq  rus əsgərlərinin öldürülməsində iştitak etdiyi üçün həmin bölgədə bəylərin şəxsi toxunulmazlığını təmin etmək mümkün olmuşdu. Şaumyan zərərçəkmişlər içərisində aşağıdakıların adlarını sadalayır: Ocaqlı bəylərindən Məmməd ağa və İsgəndərbəyov, Sultanovlar, Cırdaxan kəndindən Sultanovlar, Bezəngəlin kəndindən İsgəndərbəyov. Qulağı kəndindən 30-a yaxın bəyin qarət olunduğu yazılır  ki, onların arasında Sarı bəy Qarabəyov da var. Öysüzlü bəylərindən Sultanovların Tiflisə qaçdıqları qeyd edilir. Yazının sonunda Şaumyan Yelizavetpol quberniyasında ən çox torpaq sahibi olan mülkədarların adlarını qeyd edir: “Zülqədərovlara 56 min desyatin, Şamxor bəylərinə 20 min desyatin, Adıgözəlovlara 20 min, Şahmalıyevlərə 70 min, Tağıyevə 20 mindən artıq, Qarabəyovlara 15 min, Patxanova 10 min, Udmiyevə 20 min desyatin torpaq məxsusdur, Vəzirov, Xasməmmədov, Xan Xoyski kimi bəylərin 5-3 min desyatin arası torpaqları var.  Bu quberniyada Mantaşevin, Mirzoyevin (20 min), Yuzbaşov kimi ermənilərin də mülkləri var.”[17]

1918-ci ilin yanvarında Rəsulzadə Fəhlə və Əsgər Şurası İcraiyyə Komitəsindəki çıxışında eyni məsələlərə, sosial vəziyyətin ağırlaşması fonunda bölgələrdə baş vermiş iğtişaşlara, xüsusilə Muğan və Lənkəranda yerli əhali, rus kolonistləri və imperiya ordusunun qalıqları arasında baş verən hərbi qarşıdurmaya, Yelizavetpol quberniyasındakı hadisələrə toxunur və yaranmış xaosun  qarşısını almaq üçün müsəlman alaylarının yaradılmasının vacibliyini vurğulayır. Lakin Şaumyandan fərqli olaraq Rəsulzadə bu hadisələri sinfi mübarizə, siyasi çıxış və iğtişaş kimi deyil, quldur basqınları, soyğunçuluq kimi xarakterizə edir. Bu çıxışın qısa məzmunu Bakinski raboçi qəzetində dərc edilir.[18] Bolşevik qəzeti Rəsulzadəni Muğanda baş verənləri inqilab deyil, xaos adlandırdığı üçün əks-inqilabçılıqda təqsirləndirir. Buna cavab olaraq Rəsulzadə Açıq söz qəzetinə “Bizim muxtariyyətimiz və Bakı bolşevikləri” adlı yazı göndərir.[19] Rəsulzadə bildirir ki, Bakı quberniyasının Lənkəran qəzasında baş verən silahlı qarşıdurmaları şərh edən zaman sol eserlərdən Suxartsev hadisələrin quldurluq adlandırılmasına etiraz etmiş, toqquşmanın quldurluq deyil, siyasi hərəkat olduğunu bildirmişdi. Bu siyasi hərəkatın məqsədi kimi isə müsəlmanların Bakıya hücuma hazırlığı göstərilmişdi. Rəsulzadə Suxartsevin ittihamlarının əsassız olduğunu, müsəlmanların Bakıdan digər millətləri qovmaq fikrində olmadıqlarını vurğulayır və xüsusi olaraq qeyd edir ki, təhlükəli siyasi vəziyyətin hökm sürdüyü bir dövrdə müsəlmanların da hərbi qüvvə yaratması, ordu qurması zəruridir. Rəsulzadə bolşeviklərin sadə kütləni müsəlman muxtariyyətinin bəylərin muxtariyyəti olacağına inandırmasına etiraz edir, Müsavatın da fəhlələrin 8 saatlıq iş günü tələbinin, sosial sığorta ilə təmin edilməsinin, torpaqların kəndlilərə verilməsinin, ictimaiyyətin isə demokratik əsaslar üzərində qurulmasının tərəfdarı olduğunu bir daha xatırladır. Rəsulzadə həmçinin əlavə edir ki, “Rusiya millətlərinin həqqi-muxtariyyəti velikorus dvoryanlarının keyfindən qurtarıb velikorus əmələlərin (fəhlələrin) keyfinə tabe olması deyil.”[20] Rəsulzadə eyni zamanda muxtariyyət tələbinin Qafqazı xarabazarlığa çevirəcəyi ilə bağlı bolşeviklərin fikirlərinə də etiraz edir və yazır ki, əgər muxtariyyət xarabazarlıq qiymətinə alınacaqsa biz müsəlmanlar buna hazırıq. Yazının sonunda Rəsulzadə müsəlmanların muxtariyyətini tanıyacaq[21] başqa bir Lenini də gözləyə biləcəklərinə eyham vurur.

Rəsulzadənin Şaumyana cavabından təqribən iki həftə sonra, fevralın 17-də Şaumyanın Vətəndaş Rəsulzadəyə cavabı dərc edilir.[22] Cavabda Şaumyan yazır ki, Rəsulzadə bizim demədiyimizi bizim adımıza yazaraq, özünün dediklərini isə gizlədərək vicdanlı rəqib olmadığını göstərib. Rəsulzadə əvvəlcə müsəlman alaylarının milli şura tərəfindən yaradıldığını və bu işdə Nağıyev və Tağıyevin maliyyə yardımlarını etiraf edir, sonra isə onların milli şuraya heç bir aidiyyatı olmadığını yazır. Lakin “Rəsulzadə hərbi alayların burjuaziyanın pulları hesabına yaradıldığını dana bilməz.” Bu isə o deməkdir ki, onların yaradacaqları qayda-qanun burjua-romanov qayda-qanunu olacaq. Şaumyan eyni zamanda Rəsulzadənin Lənkəran qəzasında baş verənləri quldur basqını adlandırmasına qarşı çıxır və qeyd edir ki, qəzada baş verənlər inqilabdır.

Rəsulzadənin xalqların öz müqəddəratını təyin etməsi və muxtariyyətlə bağlı fikirlərini şərh edən Şaumyan yazır ki, bolşeviklərə münasibətindən asılı olmayaraq Qafqaz millətçilərinin, müsəlmanların, ermənilərin, gürcülərin yeritdiyi siyasət əvvəl-axır Qafqazı xarabalığa çevirəcək, çünki bu siyasət sonunda millətçiləri qarşı-qarşıya gətirəcək. Balkanlarda və Ermənistanda[23] baş verənlərin gec-tez Qafqazda da təkrarlanacağı haqqında xəbərdarlıq edən Şaumyan məhz millətçi siyasətin Qafqazı xarabalığa sürüklədiyini vurğulayır. Şaumyan bolşevikləri ermənilərə və türklərə fərqli münasibət bəsləməkdə ittiham edən Rəsulzadəyə xatırladır ki, bolşeviklər bütün Qafqazda olduğu kimi Ermənistanda da millətçi daşnaklara qarşı mübarizə aparırlar. Şaumyan bir daha vurğulayır ki, bolşeviklər müsəlmanların öz müqəddəratını təyin etmək hüququna qarşı çıxmırlar, “lakin siz, müsəlman millətçilər bolşeviklərin fəhlə sinfini azad etmək üçün mübarizəsini davam etdirmək hüququnu tanımaq istəmirsiniz.”[24] Şaumyan əlavə edir ki, müsəlman burjuaziyası özünə uyğun olan qayda-qanun yaratmaq istəyir, lakin “nəyə görəsə fəhlə sinfinin öz qayda-qanunlarını yaratmaq hüququnu tanımaq istəmir.” Göründüyü kimi Şaumyan Rəsulzadə ilə polemikada sinfi-beynəlmiləlçi mövqe tutduğunu diqqətə çatdırır, millətçi Müsavatı və daşnakları isə regionda milli ədavəti qızışdırmaqda və fəhlələrin deyil, milli burjuaziyanın mənafeyini müdafiə etməkdə ittiham edir.

Rəsulzadə 1918-ci il fevralın 16-da Tiflisdə Zaqafqaziya Seyminin 4-cü iclasındakı çıxışında Şaumyanın ittihamlarına cavab  verir. Rəsulzadə Qafqaz bolşeviklərinin lideri Şaumyanı xalqların azadlıq ideyasını “beynəlxalq siyasi intriqalara qurban verməkdə” ittiham edir, Daşnaksutyun partiyasının mövqeyini və Türkiyə ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu dəstəklədiyini ifadə edir.[25] Rəsulzadə çıxışında millətçi mövqeyinin səbəbinə də aydınlıq gətirir və qeyd edir ki, yalnız xalqların özləri öz azadlıqları və demokratik əsaslar uğrunda mübarizə apara bilər. Çünki Avropa siyasətinin kiçik xalqlara heç bir azadlıq gətirməyəcəyi məlumdur. Rəsulzadə “əzabkeş erməni xalqının” başına gətirilənləri və İngiltərənin vəd etdiyi dəstəyin nə ilə nəticələndiyini misal gətirir və bu səbəbdən “Milyukov[26] kimilərinin bağladıqları müqavilələri” deyil, demokratik azadlıqlara zidd olmayan müqavilələri dəstəkləyəcəklərini vurğulayır. Çıxışında Rəsulzadə bir daha dünya güclərinin, xüsusilə də Böyük Britaniya və Fransanın Qafqaz xalqlarının mənafeyini deyil, şəxsi mənafelərini düşündüyünü vurğulayır.

Fevralın 19-da Seymin növbəti iclasındakı çıxışında Rəsulzadə bolşeviklərin Müsavatın burjua partiyası olması ittihamlarına da cavab verir və Müsavatın sosial platformasına aydınlıq gətirir, həm bolşeviklər, həm də eserlərlə aralarındakı fərqi izah edir. Rəsulzadə nitqində bildirir ki, Müsavat torpaqların təmənnasız kəndlilərə verilməsi (Rəsulzadə bunu torpaqların sosialistləşdirilməsi adlandırır) tərəfdarı deyil və kəndlilərə maksimal həddi müəyyən edilən pay torpaqlarının verilməsi nəzərdə tutulur.[27] Bu çıxışında Rəsulzadə imperiyanın gələcək dövlət quruluşundan danışarkən Zaqafqaziyada azad müstəqil dövlətlərin olmasını istədiklərini bildirir və yarana biləcək istənilən təhlükə ilə mübarizəyə hazır olmağa çağırır. Rəsulzadə xüsusi olaraq qeyd edir ki,  bu təhlükə daha çox xaricdən gələcək. Rəsulzadə xarici təhlükə kimi həm şimal, həm cənub qonşulara, yəni Rusiya ilə Türkiyəyə işarə edir və bununla əlaqədar yazır ki, xarici təhlükəyə qarşı vuruşmaq üçün “Zaqafqaziya xalqları daxili psixikalarını dəyişməlidir.”[28] Ümumən, Rəsulzadənin dövlətin gələcək quruluşu, müharibədə iştirak və torpaq məsələsi ilə bağlı fikirləri 1917-1918-ci illər arasında baş verən siyasi proseslər fonunda bir neçə dəfə dəyişmiş, Şaumyan isə bu məsələlərdə sabit mövqe nümayiş etdirmişdi.

Fevralın sonunda  Ağ şəhərdə fəhlələr qarşısında mühazirə oxuyan Şaumyan Rəsulzadənin Seymdə qaldırdığı bir neçə məsələyə münasibət bildirir. Şaumyan ilk növbədə saxta beynəlmiləlçilik ittihamını rədd edir və heç kimi milli mənsubiyyətinə görə əks-inqilabçılıqda ittiham etmədiyini bəyan edir. O, eyni zamanda qeyd edir ki, millətçi müsəlmanlara milliyyətcə erməni olan bolşevik Şaumyanı saxta beynəlmiləlçilikdə ittiham etmək çətin deyil: “əgər erməni Şaumyan müsəlman bəylərə və xanlara qarşı çıxırsa, demək  o, özünü bolşevik adlandırsa da gizli daşnaksakandır. Vaxt var idi bizi, bir qrup erməni bolşevikini gürcü sosial-demokratları ilə Daşnaksutyun partiyasına qarşı mübarizə apardığımız üçün erməni millətinin düşməni adlandırırdılar. İki-üç il bundan əvvəl erməni millətçilər çar hakimiyyəti və onun Qafqazdakı nümayəndəsi Vorontsov-Daşkov ilə biabırçı və cinayətkar sövdələşməyə girdikdə biz onlara qarşı qətiyyətli mübarizəyə başladıq və buna görə bizi türkofil, türk hökumətinin və yerli müsəlmanların az qala birbaşa muzdluları adlandırdılar.”[29] Şaumyan qeyd edir ki, müsəlmanlar arasında solçu sosial-inqilabçıların və Hümmət partiyasının yaranmasından sonra bəy və ağaların ona qarşı fitnələri, ittihamları onu o qədər də narahat etmir.

Martın 20-də (yeni tarixlə aprelin 2-də) Tiflisdə Zaqafqaziya Seyminin iclasında Rəsulzadə həm Bakıda yaranmış vəziyyətə, həm də ilin əvvəlində Müsavatın bolşeviklərə və daşnaklara münasibəti məsələsinə aydınlıq gətirir. Rəsulzadə mövcud şəraitdə Müsavatın bolşevikləri dəstəkləməsini bolşeviklərin Bakıda böyük nüfuza malik olması ilə izah edərək partiyanın mövqeyini dəyişməsini məcburi addım adlandırır. Böyük hərbi qüvvəyə malik Bakı bolşeviklərinin təkcə Bakı quberniyası üçün deyil, bütün Zaqafqaziya üçün ciddi təhlükə yaratdığını qeyd edən Rəsulzadə taktiki mülahizələrdən çıxış edərək bolşevikləri dəstəkləmək xəttini seçdiklərini vurğulayır.[30] Rəsulzadə eyni zamanda bildirir ki, Müsavatın saxta seçki ilə hakimiyyəti ələ keçirmiş bolşeviklərə qarşı çıxması millətlərarası toqquşma ilə nəticələnə və bu toqquşma bütün Zaqafqaziyaya sıçraya bilərdi. Məhz milli qırğının qarşısını almaq üçün Müsavat bolşevikləri dəstəkləməyə məcbur olub. Bakı Sovetinin Zaqafqaziya Seyminə müharibə elan etdiyini diqqətə çatdıran Rəsulzadə sovet hakimiyyətini rədd edən Daşnaksutyun partiyası dəstələrinin Bakı toqquşmalarında iştirakı məsələsinə də toxunur.[31] Rəsulzadə aprelin 9-da keçirilən iclasda mart hadisələrinə işarə vuraraq bolşeviklərin muxtariyyət istəyən xalqlara xarabalıq vəd etdiyini və indi həmin xarabalığın yaradıldığını vurğulayır.[32]  Rəsulzadə menşeviklərin, eserlerin, kadetlərin imperiyanı bərpa etməyə cəhd göstərən bolşeviklərə ümidlə baxmasını tənqid edir, onların Zaqafqaziya xalqlarının müstəqillik ideyalarına kinayə ilə yanaşmasına etirazını bildirir.

Zaqafqaziya Seyminin siyasətinə və Rəsulzadənin çıxışlarına Şaumyanın cavabı 1918-ci ilin mayında Kəndli deputatları sovetinin iclasında səsləndirilir. Bu çıxışında Şaumyan mart qırğınlarını labüd edən səbəbə də toxunur. Seymin siyasəti və Zaqafqaziyada vəziyyət haqqında çıxışında Şaumyan Zaqafqaziyanın ən zəif siyasi partiyası olan Müsavatın inqilabın ikinci ilində[33] regionun ən güclü, mütəşəkkil və mühüm siyasi qüvvəsinə çevrildiyini etiraf edir və bunun iki səbəb üzündən mümkün olduğunu qeyd edir. Şaumyana görə, bu səbəblər Müsavatın gürcü menşevikləri və müsəlman demokratları ilə ittifaqı idi.[34] Gürcü menşevikləri ilə erməni daşnakların inqilabı dəstəkləmədiklərini təəssüf hissi ilə qeyd edən Şaumyan bildirir ki, bu dəstək olsa idi, boşeviklər müsəlman kəndlilər ilə möhtəşəm ittifaq yarada və güclü beynəlmiləl sovet fəhlə hakimiyyəti qura bilərdilər. Şaumyan yaranmış şəraitdə müsəlman kəndlilərin bolşeviklərlə ittifaqının qeyri-mümkünlüyünü müsəlman kəndlilərinin həyatında mülkədar hakimiyyəti və köhnə feodal qaydalarının müstəsna rolu ilə izah edir. XKS-nin üzləşdiyi ağır sosial problemləri zadəgan, xırda-burjua partiyalarının Müsavatla ittifaqa girməsinin nəticəsi hesab edən Şaumyan bu ittifaqın bəy və xanların hakimiyyətini gücləndirdiyini və Türkiyə hökmranlığı üçün baza yaratdığını iddia edir.[35] Şaumyan vəziyyəti dəyişməyin yeganə yolunu əks-inqilab yuvası olan Yelizavetpolu darmadağın etməkdə görür. Şaumyan Zaqafqaziya Seyminin, müsəlman, gürcü-menşevik və daşnaksakan ittifaqının artıq dağıldığını elan edərək Gürcüstanın müstəqilliyini elan etməsini erməni xalqına qarşı utanmaz xəyanətkarlıq adlandırır.[36] Şaumyan müstəqillik elan etmiş gürcüləri Zaqafqaziyanın yerdə qalan hissəsini türk-alman ordularına yem etməkdə günahlandırır. Seym dağıldıqdan sonra türk-alman qüvvələrinin hücumu təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirən Şaumyan geri çəkilməyəcəklərini, Sovet Rusiyasından həm maliyyə, həm də hərbi yardım alacaqlarını bildirir və xüsusi olaraq qeyd edir ki, hakimiyyəti əldən verməmək uğrunda müqavimət Yelizavetpolda erməni və tatarlar arasında müvəqqəti xarakter daşıyacaq kədərli toqquşmalara səbəb ola bilər.[37] Lakin bu toqquşmalar bolşevikləri qorxutmamalıdır, çünki müsəlman kəndlisi Bakıda baş vermiş erməni-tatar qırğınına yol verməyəcək. Şaumyan nitqində daşnakları da Osmanlılarla danışığa görə sərt tənqid edir, daşnakları erməni burjuaziyası ilə əlaqədə ittiham edir və əgər səmimi olmaq istəyirlərsə, millətçi mövqelərindən əl çəkməli olacaqlarını bildirir. Burada diqqəti cəlb edən iki mühüm məsələ var. Şaumyan çıxışlarında Zaqafqaziya (yəni bolşevizm) üçün təhlükənin daxildən, Yelizavetpoldan, Müsavatdan gəldiyini qeyd edir, çünki Türkiyənin hərbi cəhətdən zəif olduğunu düşünür. Rəsulzadə isə çıxışlarında Zaqafqaziya (yəni müstəqillik) üçün ən böyük təhlükənin xarici dövlətlərdən gəldiyini qeyd edirdi. Bakını ələ keçirdikdən sonra bolşeviklər millətçilərin böyük güc və nüfuza malik olduqları Yelizavetpolda da hərbi güc vasitəsilə Müsavatın müqavimətini qırmağa və bolşevik hakimiyyətini elan etməyə hazırlaşırdılar. Hər iki quberniyada müsəlmanların sayca çoxluq təşkil etməsi və bolşevik hərəkatından uzaq durması bolşeviklərin dinc yolla hakimiyyətə gəlməsini mümkünsüz edirdi.

Polemikanın sonu: Şaumyanın həbsi, Müsavatın qələbəsi

1918-ci ilin mayında Zaqafqaziya Seyminin iflası, üç Cənubi Qafqaz xalqı nümayəndələrinin özlərinin müstəqilliyini elan etməsi ilə bolşevik-Müsavat polemikasına son qoyulur. Rəsulzadə və buraxılan Seymin azərbaycanlı nümayəndələri dövlət strukturlarının yaradılması və Bakının azad edilməsi üçün strateji-taktiki məsələlərin həllinə, bolşeviklər isə uğursuz siyasətlərinin nəticələrini necə aradan qaldırmaq və hakimiyyəti necə qorumaq haqqında düşünməyə başlayırlar.

Osmanlı imperiyası ilə diplomatik münasibətlər yaradıldıqdan sonra hərbi yardım almağa müyəssər olan Azərbaycan Cümhuriyyətinin hərbi qüvvələri 1918-ci ilin iyulunda Osmanlı İmperiyasının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılmış Qafqaz İslam Ordusu ilə birgə Bakıya doğru irəliləməyə başladı.[38] Bakı fəhlələrinə müraciətində Şaumyan türk qoşunlarının şəhərin sərhədlərinə yaxınlaşdığını, Biçeraxovun şimala doğru çəkildiyini, erməni hərbi dəstələrinin vuruşmaq istəmədiyini, sovet qoşunlarının komandanı polkovnik Avetisovun isə şəhərin taleyinin artıq həll olunduğunu və müqavimət göstərməyin mənasız olduğunu bildirdiyini deyir.[39] Şaumyan çıxışlarında silahlı toqquşmanın labüd olduğunu anlayır və Zaqafqaziyanın bütün fəhlə və kəndlilərinə müraciətində sovet hakimiyyətini müdafiəyə qalxmağa çağırır. Şaumyan əsl bolşevik kimi Bakını xilas etmək üçün ingilislərin dəvət edilməsinə qarşı çıxır. Cəbhədə vəziyyətə toxunan Şaumyan əvvəl bir çox istiqamətlərdə (Kürdəmir, Ağsu, Qaraməryəm, Göyçay) uğurlu əməliyyatlar aparıldığını, lakin Yevlaxı almağın mümkün olmadığını və bolşevik dəstələrinin geriyə çəkildiyini bildirir.[40] Şaumyan eyni zamanda Daşnaksutyun partiyasını xəyanətdə ittiham edir və onların hərbi geyimin olmamasını bəhanə edərək Bakını Türk-Müsavat qüvvələrindən qorumaqdan imtina etdiklərini yazır. Hərbi başçılardan Amazasp və Kazarov da bolşevikləri dəstəkləməkdən imtina edirlər. Şaumyan daşnakları Bakının 160 min xristian əhalisini açıq-aşkar ölümə sürükləməkdə ittiham edir. Şaumyanın yazısından məlum olur ki, XKS-nin iyulun 30-da zəhmətkeşlərə müraciəti və şəhəri müdafiəyə çağırmasına əhəmiyyət verən olmayıb. Daşnaklar 3000 silahlı dəstə vəd etsələr də iyulun 31-də döyüşməyəcəklərini bildiriblər. Şaumyan menşevik-eser-daşnak diktaturasının ingilisləri Bakıya dəvət etmək qərarını sərt tənqid edir, bir daha Daşnaksutyun partiyasını sovet hakimiyyətinə, fəhlələrin maraqlarına xəyanətdə ittiham edir.[41]

Stepan Şaumyan və digər komissarları Bakının Qafqaz İslam Ordusu tərəfindən ələ keçirilməsindən bir gün əvvəl həbsxanadan azad olunurlar, Rusiyaya qaçmaq istəyərkən Krasnovodskda[42] yerli hakimiyyət tərəfindən həbs edilərək öldürülürlər. Bakının alınmasından bir neçə gün sonra İstanbulda olan Rəsulzadə Tərcümani-Həqiqət qəzetinin müxbirinə verdiyi müsahibəsində Bakı ilə bağlı mülahizələrini bölüşür. Bu fikirlər 1918-ci ilin oktyabrında Azərbaycan qəzetində Bakı məsələlərinə dair mülaqat adı ilə dərc edilir.[43] Rəsulzadə Bakının alınması zamanı erməni əhalinin itki verməsi və azərbaycanlılarla ermənilər arasında düşmən münasibətin səbəbinə toxunaraq bu problemə yalnız Azərbaycanın müstəqilliyi ilə son qoyula biləcəyini vurğulayır. Rəsulzadə Bakı bolşeviklərinin şəhəri Azərbaycandan qoparmaq istəklərini neft resursları ilə əlaqələndirir və qeyd edir ki, Azərbaycan hökuməti neftin beynəlmiləl əhəmiyyətini dərk edərək bunun üçün müvafiq müqavilələr bağlamağa hazırdır, lakin neft üçün başı bədəndən ayırmağa, yəni Bakını Azərbaycandan qoparmağa, milli qırğın törətməyə ehtiyac yoxdur.[44]

Rəsulzadə ilə Şaumyan arasında polemika bu iki şəxsiyyət arasında kəskin siyasi mübarizəni əks etdirir. Bolşevik Şaumyan Rusiyanın gələcəyini imperiyanın əvvəlki sərhədlərində fəhlə-kəndli hakimiyyəti ilə bağlayırdı. Millətçi Rəsulzadə parçalanmış imperiya ərazisində liberal-demokratik əsaslara söykənən müstəqil milli dövlətlərin mövcudluğu uğrunda mübarizə aparırdı. Müsəlman fəhlə sinfinin bolşevikləri dəstəkləməməsi bolşeviklərin bölgədə dinc yolla siyasi hakimiyyət əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırırdı. 1918-ci ilin martında Bakıdakı bütün siyasi qüvvələr, bolşeviklər, menşeviklər, eserlər, kadetlər, daşnaklar heyrətamiz şəkildə bir cəbhədə birləşərək Müsavata qarşı müxalif blok formalaşdıra bilmişdilər. Müsavatın siyasi cəhətdən təklənməsinin əsas səbəbi onun milli maraqları müdafiə etməsində  idi. Bu partiyanın müstəqillik uğrunda mübarizəsi nə imperiyanı bərpa etməyə can atan eserlərin və kadetlərin, nə də proletariat diktaturasını bərqərar etmək istəyən bolşeviklərin maraqlarına uyğun gəlirdi. Buna baxmayaraq, qarşıdurmada bəzi qüvvələr bolşevikləri deyil, Müsavatı dəstəkləyə bilərdi. Məsələn, 1918-ci il mart qarşıdurmasında daşnaklar bolşeviklərin deyil, Müsavatın tərəfinə keçə bilərdilər, belə bir ehtimal mövcud idi.  Daşnaksutyun partiyasının Müsavatı dəstəkləməkdən imtina etməsinin ən azı iki səbəbi var idi. Əvvəla, 1905-1907-ci illərdə Cənubi Qafqazdakı etnik qarşıdurmalar və 1915-ci il Osmanlı imperiyasında erməni silahlı dəstələrinin imperiya ordusu və əhalisi üçün yaratdığı təhlükə nəticəsində erməni əhalinin məskunlaşdığı ərazidən məcburi köçürülməsi və mülki əhali arasında ciddi itkilər daşnakları türklərlə ittifaqdan uzaqlaşdırdı. İkincisi, daşnaklar millətçi Müsavatın qalib gəldiyi təqdirdə onlarla siyasi hakimiyyəti bölüşəcəyindən əmin deyildilər, lakin milliyyətcə erməni rəhbərə (Stepan Şaumyan) malik beynəlmiləlçi Bakı bolşevikləri daşnakların siyasi ambisiyalarına daha diqqətli ola bilərdilər. Çox güman ki, bu mülahizələr müvəqqəti olsa da bolşeviklərlə daşnakları yaxınlaşdırmış və ideya birliyinə baxmayaraq müsavatçılarla daşnakları qarşı-qarşıya qoymuşdu. Bolşevik Şaumyan neft sənayesini milliləşdirdikdən sonra daşnaklar bolşeviklərlə siyasi ittifaqın qeyri-mümkün olduğunu anladılar və bu ittifaqdan imtina etdilər. 


 [1] Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f.894 siy.10, iş 99, v.30.

[2] Раевский А. Н. Большевизм и меньшевизм в Баку в 1904–1905 г. Баку: АзГНИИ, 1930, s.42.

[3] Yenə orada.

[4] A. Göyüşov. Azərbaycanda ittihadçılıq, Baki, İrşad, 1997, səh. 48 http://web2.anl.az:81/read/page.php?bibid=27628&pno=26

[5] Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, f.1775, siy.1, iş 384, v.15

[6] Azərbaycan tarixi. 7 cilddə. 5-ci cild. Bakı: Elm, 2008, s.222.

[7] Выборы в Исполнительный Комитет Бакинского Совета. Каспий, 25 октября 1917.

[8] Yerli fəhlələr erməni və rusların çoxluq təşkil etdiyi partiyalara üzv olmaq istəmirdilər, bu səbəbdən də bolşevik partiyasında onların sayı az idi, onlar millətçi Müsavat partiyasını dəstəkləyirdilər.

[9] M.Ə.Rəsulzadə. Bakı məsələsinə dair mülaqat. Azərbaycan 3 oktyabr 1918.

[10] Müqavilə 1918-ci ilin noyabrında Sovet Rusiyasının qərarı ilə qüvvədən düşmüş elan olundu.

[11] Bu ərazilər 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsinin nəticəsində Osmanlı imperiyası böyük məbləğdə təzminat ödəyə bilmədiyi üçün Rusiyanın nəzarətinə keçmişdi.

[12] The Diaries of General Lionel Dunsterville. 1911-1922. 1918. http://www.gwpda.org/Dunsterville/Dunsterville_1918.html. Əldə edilib İyul 29 2024.

[13] К Крестьянскому населению мусульманских провинций Закавказья. Кавказский Вестник совета народных комиссаров. 31 января 1918 года; Крестьянское восстание в Закавказье. Кавказский Вестник совета народных комиссаров. 31 января 1918 года.

[14] К Крестьянскому населению мусульманских провинций Закавказья. Кавказский Вестник совета народных комиссаров.Кавказский Вестник совета народных комиссаров. 31 января 1918 года.

[15] Şamxorda kənd.

[16] Кавказский Вестник совета народных комиссаров. 31 января 1918 года.

[17] 100 desyatin 109.254 hektar torpaq sahəsidir.

[18] Выступление гражданина Расул заде в Исполнительном Комитете Бакинского Совета Рабочих, Солдатских и Матросских депутатов. Бакинский рабочий, 21 январь 1918.

[19] M.Ə.Rəsulzadə. Bizim muxtariyyətimiz və Bakı bolşevikləri. Açıq söz, 28 yanvar, 1918.

[20] Yenə orada.

[21] Rəsulzadə çox güman ki,  Leninin  yalnız Finlandiya və Polşanın müstəqilliyini tanıdığına,  digər millətlərin belə istəklərinin təmin edilməyəcəyinə işarə edirdi.

[22] С. Шаумян. Ответ гражданину Расул заде. Бакинский рабочий. 17 февраль, 1918.

[23] Şaumyan Osmanlı imperiyasındakı ərazisini  nəzərdə tutur.

[24] С. Шаумян. Ответ гражданину Расул заде. Бакинский рабочий. 17 февраль, 1918.

[25] M.Ə.Rəsulzadə. Əsərləri. V cild.  Bakı : Qanun, 2017, s.22-23.

[26] Miyukov Rusiya Kadet Partiyasının lideri və 1917-ci il Rusiya Müvəqqəti Hökumətinin Xarici İşlər naziir olub.

[27] M.Ə.Rəsulzadə. Əsərləri. V cild.  Bakı : Qanun, 2017, s.27.

[28] Yenə orada, s.31.

[29] С. Шаумян. Маленькие объяснения. Бакинский рабочий. 16 марта, 1918.

[30] M.Ə.Rəsulzadə. Əsərləri. V cild.  Bakı : Qanun, 2017, s.38.

[31] Yenə orada, s.40.

[32] Yenə orada, s.45.

[33] Şaumyan 1917-ci ilin mart çevrilişini nəzərdə tutur.

[34] Шаумьян С. О политике сейма и положении Закавказья. Известия Бакинского Совета 2 (15) мая 1918 № 105 (327). Известия Бакинского Совета 2 (15) мая 1918 № 105 (327).

[35] Yenə orada.

[36] Шаумян С. Речь на съезде советов крестьянских депутатов Бакинского уезда. Известия Бакинского Совета. 29 мая 1918 г.

[37] Yenə orada.

[38] Erickson, Edward J. Order to Die: A History of the Ottoman Army in the First World War. Greenwood press: 2001. p. 189.

[39] Şaumyanın avqust ayında etdiyi müraciətlərinin həbsxanadan gizli şəkildə vərəqələrdə yayıldığı iddia olunur.

[40] Шаумян С. Воззвание к бакинским рабочим.  Известия Бакинского Совета“ № 143 (365). 21 (8) июля 1918 г.

[41] Шаумян С. Статьи и речи. 1917–1918 гг. Баку: Институт истории классовой борьбы в Азербайджане им. С.Шаумяна. 1926, с. 235–236.

[42] Müasir Türkmənbaşı şəhəri, Türkmənistan.

[43] M.Ə.Rəsulzadə. Bakı məsələsinə dair mülaqat. Azərbaycan 3 oktyabr 1918.

[44] Yenə orada.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.