2020-ci ilin martından etibarən Azərbaycanın quru sərhədləri bağlıdır. Nazirlər Kabineti sonuncu dəfə 2024-cü ilin martında 1 iyul 2024-cü ilədək quru sərhədlərin bağlı qalması haqqında qərar qəbul edib. Koronavirusa yoluxmaların azaldığı bir şəraitdə hələ də quru sərhədlərinin bağlı qalmasını bəzi dövlət rəsmiləri və prezident İlham Əliyev təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Lakin təhlükəsizliklə bağlı iddianı yoxlamaq mümkün deyil, çünki quru sərhədlərinin bağlı qalmasının təhlükəsizliklə bağlı hansı üstünlüklər qazandırdığı haqda məlumat bölüşülməyib. Rəsmi şəxslərin sərhədlərin bağlı qalmasının təsirləri ilə bağlı müzakirələrdə tez-tez istifadə etdiyi iddialardan biri də quru sərhədlərinin bağlı qalmasının ölkədə daxili turizmin inkişafına səbəb olması ilə bağlıdır. Bu yazıda Azərbaycanda quru sərhədlərinin bağlı qalmasının daxili və xaricə turizmə olan təsirlərini araşdıracağam.
Daxili turizm
Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, Azərbaycanda quru sərhədlərinin bağlı qaldığı dövrdə – yəni 2020-ci ilin martından bəri daxili turizm səfərlərində artım yox, azalma baş verib. Yalnız 2023-cü ildə daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrdə qeydə alınan göstəriciyə nisbətən yaxınlaşa bilib (Cədvəl 1).
Cədvəl 1: 2019-2023-cü illərdə istirahət və əyləncə məqsədi ilə həyata keçirilmiş daxili turizm səfərlərinin sayı
İl | Səfər sayı |
2023 | 7.210.879 |
2022 | 5.231.245 |
2021 | 3.265.165 |
2020 | 1.067.956 |
2019 | 7.496.952 |
Nəzərə almaq lazımdır ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbi ilə sərt qadağalar qüvvədə olsa da, 2022 və 2023-cü illərdə daxili turizm səfərlərinə təsir edəcək ciddi məhdudiyyətlər yox idi. Buna baxmayaraq, hətta 2023-cü ildə daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrlə müqayisədə aşağı olub. Əlavə olaraq, Cədvəl 2-dən göründüyü kimi, quru sərhədlərinin bağlı qaldığı dövrdə “qohumlara, dostlara baş çəkmək”-dən başqa digər bütün məqsədlər üzrə daxili turizm səfərlərin sayında azalma baş verib. Bu iki fakt onu göstərir ki, quru sərhədlərinin bağlı olmasının daxili turizmi inkişaf etdirməsi ilə bağlı iddialar doğru deyil. Həmçinin ölkədaxili işgüzar səfərlərin 20 faizə yaxın azalması bu dövr ərzində Azərbaycanda biznes mühitində iqtisadi aktivliyin də aşağı düşməsinin göstəricisi hesab oluna bilər.
Cədvəl 2: Daxili turizm səfərlərinin məqsədləri üzrə 2019 və 2023-cü illərdə qeydə alınan nəticələrin müqayisəsi
Daxili turizm səfərinin məqsədi | 2019 | 2023 | Fərq |
İşgüzar səfər | 2.217.440 | 1.828.808 | -18% |
İstirahət və əyləncə | 7.496.952 | 7.210.879 | -4% |
Qohumlara, dostlara baş çəkmək | 8.064.961 | 9.610.308 | 19% |
Müalicə | 2.167.839 | 1.536.300 | -29% |
Dini ziyarət | 789.285 | 228.164 | -71% |
Mağazalara baş çəkmək | 1.930.244 | 740.857 | -62% |
Digər | 580.058 | 531.746 | -8% |
Quru sərhədlərinin bağlı qaldığı dövrdə daxili turizm səfərlərində xərclənən vəsaitlərin həcmi də, pandemiya dövrünün turizm sektoruna təsirinin ölçülməsi baxımından vacib göstəricidir. Dövlət Statistika Komitəsinin (DSK) hesabatından görünür ki, 2019-cu illə müqayisədə 2023-cü ildə daxili turizm səfərləri ilə bağlı xərclənən vəsaitin həcmi 31% yüksəlib. Lakin burada iki məsələyə diqqət yetirmək lazımdır.
Birincisi, 2020-ci ildən etibarən Azərbaycanda inflyasiya səviyyəsi artıb. 2021-ci ildə ölkədə 6.7 faizlik, 2022-ci ildə 13.9 faizlik, 2023-cü ildə isə 8.8 faizlik inflyasiya baş verib. Sərhədlərin bağlanmasından öncə – 2020-ci ilin fevral ayı ilə müqayisədə 2023-cü ilin dekabrında ölkədə inflyasiya göstəricisi 32 faizə bərabər olub. Yəni 2023-cü ildə daxili turizm xərcləmələrində 2019-cu illə müqayisədə baş verən artım real yox, nominal artımdır və daxili turizm səfərlərinin azaldığı bir şəraitdə xərclərin artmasının səbəbi qiymətlərin yüksəlməsi ilə bağlıdır.
İkincisi, xərclərin strukturuna nəzər saldıqda görürük ki, 2019-cu illə müqayisədə sadəcə üç istiqamətdə (yerləşmə, qidalanma və malların alınması) xərclər artıb və hər üç istiqamət inflyasiyanın ən çox hiss edildiyi sahələr arasındadır. Yerləşmə ilə bağlı dövriyyənin yüksəlməsinin isə daha bir səbəbi son illərdə ölkədə nağdsız ödənişlərin artması hesabına müəssisələrin rəsmi dövriyyələrinin də artması ilə bağlıdır. Yəni əvvəlki illərdən fərqli olaraq, rəsmi ödənişlər daha çox olduğu üçün dövriyyədə də artım faizi yüksəlmiş olur. Daha çox turist sayı ilə əlaqədar olan göstəricilərin (turizm yollanışının alınması, nəqliyyat, avto icarə, yanacaq, mədəniyyət və əyləncə kimi sahələrdə xərcləmələr) 2019-cu illə müqayisədə daha az olduğu görünür. Bu istiqamətlərdə rəqəmlərin azalması 2019-cu illə müqayisədə 2023-cü ildə daha az adamın daxili turizm səfərlərinə çıxmasının göstəricisidir (Cədvəl 3).
Cədvəl 3: 2019 və 2023-cü illərdə daxili turizm səfərlərində xərclərin müqayisəsi
Daxili turizm səfərinin məqsədi | 2019 | 2023 | Fərq |
Turizm yollanışının alınması | 25.512.000 | 18.781.200 | -26% |
Yerləşmə | 472.774.700 | 881.055.400 | 86% |
Qidalanma | 704.225.600 | 1.268.530.200 | 80% |
Nəqliyyat | 651.962.700 | 602.653.100 | -8% |
Avto icarə | 29.654.400 | 25.792.800 | -13% |
Şəxsi avtomobil üçün yanacaq | 91.324.300 | 74.541.800 | -18% |
Mədəniyyət | 86.697.300 | 54.114.600 | -38% |
İdman və əyləncə | 288.472.700 | 146.042.400 | -49% |
Malların və hədiyyələrin alınması | 827.765.300 | 1.163.058.600 | 41% |
Digər xərclər | 303.234.400 | 339.655.900 | 12% |
Toplam xərclər | 3.481.623.400 | 4.574.226.000 | 31% |
Beynəlxalq turizm
Turizm sektoru xüsusilə 2015-ci ildəki devalivasiyalardan sonra Azərbaycanda daha çox ön plana çıxmağa başladı. Bunun səbəbi hökumətin azalan enerji gəlirlərini kompensasiya etmək baxımından ən çox ümid bəslədiyi sahələrdən birinin turizm sektoru olması idi. Elə bu səbəbdən həmin dövrdə qəbul edilən bir çox strateji inkişaf sənədlərində turizm sektoruna ayrıca toxunulurdu. Rəsmi rəqəmlər həmin dövrdən etibarən Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının artdığını göstərir. 2020-ci ildə pandemiyanın başlaması ilə bu artım azalma ilə əvəz edildi və daxili turizmlə bağlı göstəricilərdə olduğu kimi, xarici turizmdə də Azərbaycanda qeydə alınan göstəricilər hələ də pandemiyadan öncəki dövrə çata bilməyib.
2023-cü ildə Azərbaycana daxil olan əcnəbilərin sayı pandemiyadan öncəki illə müqayisədə təxminən 1.1 milyon nəfər az olub. Eyni müddət ərzində sırf turizm məqsədi ilə ölkəyə səfər edənlərin sayındakı azalma isə daha yüksək – 1.4 milyon nəfərə bərabər olub (Cədvəl 4).
Cədvəl 4: 2016-2023-cü illərdə Azərbaycana səfər edən əcnəbilərin sayı:
İl | Ölkəyə gələn əcnəbilərin sayı |
2023 | 2 085 790 |
2022 | 1 602 300 |
2021 | 791 800 |
2020 | 795 800 |
2019 | 3 170 400 |
2018 | 2 849 600 |
2017 | 2 696 700 |
2016 | 2 248 800 |
Ölkəyə səfər edənlərin sayının azalması Azərbaycanın əldə etdiyi turizm gəlirlərinin də aşağı düşməsinə səbəb olub (Cədvəl 5). Göründüyü kimi, hətta quru sərhədləri istisna olmaqla, digər karantin məhdudiyyətlərinin aradan qaldırıldığı 2023-cü ildəki yüksək inflyasiyaya baxmayaraq, xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin həcmi 2019-cu illə müqayisədə təxminən 500 milyon manat az olub. 2022 və 2023-cü illərdə Azərbaycanda quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatını ən azı təxminən 1 milyard manata yaxın vəsaitdən məhrum edib.
Cədvəl 5: 2016-2023-cü illərdə turizm məqsədi ilə Azərbaycana gələn əcnəbilərin xərclədiyi vəsaitin həcmi (manat)
İl | Xərclənən vəsaitin həcmi (manat) |
2023 | 2 439 210 000 |
2022 | 1 340 200 000 |
2021 | 492 600 000 |
2020 | 414 700 000 |
2019 | 2 971 400 000 |
2018 | 2 661 600 000 |
2017 | 2 285 300 000 |
2016 | 1 411 300 000 |
2019-cu ildə Azərbaycana ən çox səfər edən ilk 10 ölkə vətəndaşları ilə bağlı göstəricilərin 2023-cü illə müqayisəsi göstərir ki, 2019-cu ildə Azərbaycana səfər edənlərin sayına görə ilk onluqda olan ölkələrin doqquzundan Azərbaycana gələnlərin sayı azalıb. Bu ölkələrdən sadəcə Hindistandan Azərbaycana gələnlərin sayı pandemiyadan öncəki dövrlə müqayisədə yüksək olub. Azərbaycana səfər edənlərin sayının ən çox azaldığı ölkələr Gürcüstan (548 min), Rusiya (338 min) və İran (226 min) olub. Yəni pandemiyadan öncəki dövrlə müqayisə də göstərir ki, quru sərhədlərin bağlı qalması Azərbaycanla quru sərhəddi olan ölkələrdən Azərbaycana səfər edənlərin sayının kəskin azalmasına yol açıb. Onu da unutmaq olmaz ki, quru sərhədlərin bağlı qalması sadəcə həmin ölkələrdən deyil, həmin ölkələr vasitəsi ilə Azərbaycana səfər edənlərin də sayına təsir edir.
Cədvəl 6: 2019-cu ildə Azərbaycana turizm məqsədi ilə ən çox səfər edən ilk 10 ölkə vətəndaşlarının 2023-cü ildəki göstəriciləri
Ölkə | 2019-cu ildə turist sayı | 2023-cü ildə turist sayı | Fərq |
Rusiya | 840 618 | 502 214 | – 338 404 |
Gürcüstan | 600 685 | 52 075 | – 548 610 |
Türkiyə | 291 931 | 133 863 | – 158 068 |
İran | 237 989 | 11 192 | – 226 797 |
Səudiyyə Ərəbistanı | 103 691 | 77 569 | – 26 122 |
Birləşmiş Ərəb Əmirlikləri | 66 706 | 44 028 | – 22 678 |
Hindistan | 62 263 | 114 322 | 52 059 |
Ukrayna | 54 949 | 18 941 | – 36 008 |
İraq | 47 325 | 1 711 | – 45 614 |
İsrail | 45 268 | 27 313 | – 17 955 |
Nəticə
Quru sərhədlərinin bağlı olması Azərbaycanda daxili turizmə marağı artırmayıb. Quru sərhədlərinin bağlı qaldığı 4 ilin heç birində daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrlə müqayisədə yüksək olmayıb. Daxili turizm səfərlərində xərclənən vəsaitlərin həcmi pandemiyadan öncəki dövrlə müqayisədə artsa da, bu artımın səbəbi həmin dövr ərzində inflyasiyanın yüksəlməsi və rəsmi ödənişlərin sayının artması ilə bağlıdır.
Azərbaycana turizm məqsədi ilə səfər edən əcnəbilərin sayı da 2019-cu illə müqayisədə 1.4 milyon nəfər azdır. 2020-ci ilədək Azərbaycanla quru sərhədlərinin açıq olduğu dörd ölkədən (İran, Türkiyə, Gürcüstan və Rusiya) Azərbaycana turizm məqsədi ilə səfər edənlərin sayı 1.3 milyon nəfər aşağı düşüb. Bu azalma səbəbi ilə xaricilərin Azərbaycanda xərclədikləri vəsaitlərin həcmi 2019-cu illə müqayisədə 2023-cü ildə yüksək inflyasiyaya baxmayaraq, 500 milyon manata yaxın azalıb.