TƏRCÜMƏ

TƏRCÜMƏ

Movses Xorenatsi və Ermənilərin tarixi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun[1] məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında  kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.

Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir.  Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.  

Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşıma­sa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mül­kü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.

Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb.[2] Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.

Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.  

Şəlalə Məmmədova

Movses Xorenatsi Ermənilərin tarixi, II kitab.

Fəsil 1. Bizim əcdadların orta dövr tarixi

Bu kitabda mən bizim ölkənin Makedoniyalı İsgəndərdən başlayan və qüdrətli, müqəddəs Tiridata, o məşhur insana qədər olan dövrünün tarixini yazacağam, ətraflı şəkildə Arsasidlər[3] adlandırılanların tərifə layiq və məşhur işlərinin xüsusiyyətlərindən danışacağam. Bu ad onlara fars şahı Arsak və onun qardaşı Valarsakdan gəlir. Arsak Valarsakı bizim şahımız təyin etdi ki, ondan sonra taxta oğlu çıxsın. Onlar bir tayfa olaraq böyüyüb irsən qabiliyyətlərinə uyğun olaraq ali hakimiyyətə sahib olurdular. Lakin mən ixtisarla, artıq olanları buraxaraq mənim məqsədimə uyğun olanları yazacağam, çünki başqa xalqların tarixindən artıq çoxları yazıb.

Çar Filip və Axallanın 24-cü törəməsi olan Olimpiadadan doğulmuş Makedoniyalı İsgəndər bütün dünyanı fəth etdikdən sonra öz səltənətini zadəganları arasında bölüşdürərək dünyadan köçdü. O, səltənətini elə bölüşdürmüşdü ki, Makedoniya çarlığı hakim mövqeyə malik idi. Ondan sonra Babilistanda Selevk hökmranlıq edib. O, çoxlarının əlindən hakimiyyəti alaraq Parfiyanı[4] özünə tabe etmişdi. Ona görə də onu Nikanor adlandırırdılar. O, 31 il hökmranlıq etmişdi. Öləndən sonra taxtı oğlu Antioxa keçdi. 19 il hökmranlıq edən Antioxu Soter adlandırırdılar. Ondan sonra 10 il hökmranlıq etmiş Teom ləqəbli Antiox hakimiyyətdə olub. Onun 10 illik hökmranlıq dövründən sonra gələn ildə  parfiyalılar makedoniyalıların işğalından azad oldular və hakimiyyəti cəsur Arsak ələ keçirdi. O, İbrahimin[5] kökündən, Xeturun soyundan idi ki, bu da Allahın İbrahimə verdiyi “səndən xalqların şahları törəyəcək” sözünü tutduğuna dəlalət edir.

Fəsil 2. Arsak və onun övladlarının şahlığı; Makedoniyalılarla müharibə, Romalılarla sülh

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, İsgəndərin ölümündən 60 il sonra Parfiyada cəsarətli Arsak şahlıq edirdi. Onun taxtı Xuzistan ölkəsində[6] Cənub Bəlx şəhərində yerləşirdi. O, qəddar bir müharibəyə başlayaraq bütün Şərqi özünə tabe edir, makedoniyalıları isə Babilistandan qovur.  Arsak Romalıların Qərbdə və  okeanlarda (dənizlərdə) qüdrətinin artmasından, Qalları tabe etdikdən sonra Qippanlardan[7] çoxlu sayda gümüş və qızıl ehtiyatları olan mədənləri alaraq onların üzərinə xərac qoymasından xəbər tutur.  O, Asiya hökmdarının sarayına elçilərini göndərərək ona sülh və ittifaq təklif edir. O, hökmdara makedoniyalılara yardım  etməməyi, onlardan ildə 100 talant[8] hədiyyə adı ilə xərac almağı təklif edir. Arsak 31 il hökmranlıq edib. Ondan sonra hakimiyyətə onun oğlu Arsak gəlir, Arsakın hökmranlığı 25 il davam etmişdir. Ondan sonra taxta çıxan oğlu da onun kimi Arsak adlanırdı, amma ona böyük Arsak deyirdilər. O, Demetriy Antiqonun[9] oğlu Demetriy ilə mühairbə etmişdi. Demetriy Arsakın üzərinə Makedoniya ordusu ilə Babilistana  gəlmişdi. Bu döyüşdə Arsak Demetrini məğlubiyyətə uğratmış, əsir götürərək zəncirləmiş və Parfiyaya aparmışdı. Buna görə də ona Siripeda adını vermişdi. Lakin Demetrinin qardaşı Antiox Sidet qardaşının məğlubiyyətini eşitdikdən sonra qoşunla Suriya üzərinə hücum etmişdi. Belə olduqda Arsak onun qarşısına 120 min əsgərlə çıxmış, ən ağır qışda onunla qızğın döyüşə girmişdi. Antiox öz qoşunu ilə birgə məhv edilmişdir. Beləliklə də, Arsak Herodotun 4-cü kitabındakı  tarixdə[10] deyildiyi kimi, dünyanın üçdə-birinin hökmdarına çevrilmişdi. Bu torpaqlar üç hissəyə bölünmüşdü, onların birincisi Avropa, ikincisi Liviya, üçüncüsü isə Arsakın özünün hökmdarlıq etdiyi Asiya adlanırdı.

Fəsil 3. Valarsak Erməni çarı təyin edilir.

Həmin dövrdə Arsak qardaşı Valarsakı Erməni hökmdarı təyin etdi və şimal-qərbdə yerləşən vilayəti onun hökmranlığı altına verdi. Birinci kitabda da qeyd etdiyimiz kimi, o, cəsur və müdrik insan idi və ona görə də bu ərazilərdə hakimiyyətini qura bildi, onun qərarları ilə nə qədər mümkün idisə, o qədər ölkədə həyat qaydasına qoyuldu, Prefektura[11] və ya Knyazlıq yaradıldı və Haykdan[12] və digər nəsillərdən olan qabiliyyətli kişiləri onun başına keçirdi. Cəsur parfiyalı makedoniyalıları məğlub etdikdən və müharibəyə son verdikdən sonra xeyirxah işlərə başladı və ilk növbədə güclü və ağıllı kişi,  İudeyadan olan Sambey Baqaraşı təltif etdi. O, Sambeyə Arsakın başına irsi tac qoymaq hüququ verdi, ondan törəyənləri isə Baqratilər adlandırdı. Bu nəsil indi də bizim ölkəmizdə böyük nüfuza malikdir. Baqrat  Arsaka Valarsak qədər yaxın idi, çünki makedoniyalılarla müharibəsində könüllü olaraq onun yanında olmuşdu. O, sonuncu Ərməniyənin satraplığında, Qərbdə idarə edirdi və minlərlə insanın hökmdarı idi.

İndi isə Valarsakın Pontda[13] və Frigiyada[14] müharibəsi və qələbəsindən danışacağıq.  

Fəsil 4. Valarsakın erməni cəsurlarını toplayaraq hərbi intizam yaratması və makodeniyalı müttəfiqlərin üzərinə getməsi haqqında

Arsak makedoniyalılarla müharibəyə girib Babilistanı, Assuriyanın şərqi və qərbini  işğal etdikdən sonra Valarsak Atropatiyada çoxlu sayda qoşun topladı və orta Ərməniyədən ən cəsur və igid insanları topladı. Onların içərisində Atropatiyanın hüdudları daxilində yaşayan Baqrat və dəniz kənarı əyalətlərdən Gelam, xananeylər[15], Sireney, Qusariyadan olan gənclər də var idi. Onlara qonşu xalqlardan olan Siratsiy və Kadminin əhalisinin yarıya qədəri də qoşulmuşdu. Valarsak bu qoşunları böyük gölün, Yerasx gölünün yuxarı axarındakı vilayətin ortasına, Armavir[16] təpəsinə topladı. Çünki bu qoşunlar hələ hərbi intizama malik deyildilər. Valarsak o yerlərin sadə sakinlərindən ətrafına toplayaraq Xaldeylərin üzərinə yürüdü. Çünki buralardakı Lazisiya,[17] Pont, Mizasiya,[18] Frigiya və digər yerlərin Arsakın makedoniyalılarla müharibəsindən xəbəri yox idi və onlar makedoniyalılarla ittifaqa sadiqliyi qorumaqda idilər. Buralarda Morfilok adlı birisi özünə dost olan bütün qüvvələri birləşdirərək Valarsaka müharibə elan etdi. Onlar indi koloniya[19] adlanan daşlı bir hündürlükdə (təpədə) qarşı-qarşıya gəldilər. Onlar bir-birlərinə yaxınlaşdıqca qüvvələrini gücləndirməyə çalışırdılar və buna görə də orada çox vaxt sərf etdilər.

Fəsil 5. Oxa tuş gələrək ölən Morfilok ilə döyüş

Səngərlərdə uzun müddət gözlədikdən sonra döyüş bizim tərəfimizdən başlandı. Morfilok ordusunu hazır vəziyyətə gətirməyə məcbur oldu və güclü bir hücuma başladı. O, mənən qorxmaz, uca boylu, dik qamətli və güclü bədənə malik idi. Dəmir və mis silahlarla silahlanmış və çoxlu sayda döyüşçülərlə əhatə olunmuş Morfilok Valarsakın çoxlu sayda cəsur və seçilmiş döyüşçülərini məğlub edərək, silahlıların arasında keçib Ərməniyə çarına yaxınlaşmağı bacardı. Çara yaxınlaşan mahir Morfilok yayını ona tərəf yönəltdi. Morfilok mahir ox atan idi, quşları ən sürətli uçuşda uzaqdan vura bilirdi. Lakin bu zaman Hayk və Assuriya nəslindən olan cəsarətli döyüşçülər özlərini yetirir və bu qəhrəmanı nizə ilə vururlar, onun qoşununu isə qaçmağa məcbur edirlər. Qan su kimi torpağın üzərində axdı. O vaxtdan Valarsak tərəfindən tabe edilən ölkə sülh və əmin-amanlıq içərisində yaşayır, makedoniyalıların əvvəlki şöhrəti isə yox oldu.

Fəsil 6. Valarsak bizim ölkəmizin qərb və şimal sərhədlərini necə qaydaya saldı

Valarsak Mazak, Pont və Yegeriyada[20] işlərini bitirdikdən sonra şimala Paqariyaya[21] gəlir. Paqariya Taiyanın[22] arasında meşələr və bataqlıqlarla dolu sulu və kölgəli bir yerdir. Valarsak bu ölkəni bəzəyir, dağlıq yerləri düzə çevirir, isti yerləri sərinləşdirir, şimala getmək üçün hazırlıq görərək çadırlar düzdürür, dağların altında meşəlik yerdə iki tövlə düzəltdirir. O, eyni zamanda balıq ovlamaq üçün yer düzəltdirir və Kol[23] şəhərini üzüm bağları və digər bağlarla sərinləşdirir. O, bu yerlərə yadelliləri, Şimal xalqlarını, qüdrətli Qafqaz dağlarının, Şimala doğru uzanan dərələrin sakinlərini çağırır, onları quldurluğa son qoymağa, şahın göstərişlərinə əməl etməyə və xərac verməyə çağırır. Onlara qayda-qanun yaratmaq üçün rəhbərlər və başçılar təyin edir və vəd edir ki, sonrakı gəlişində onların özlərindən rəhbər və başçılar təyin edəcək. Qərb xalqlarından uzaqlaşdıqdan sonra Valarsak Sareyev hüdudlarına yaxın yerləşən yaşıl düzlərdə məskən salır. Bu yerləri qədim insanlar yuxarı  Bazeniya və ağacsız (meşəsiz) yer adlandırırdılar. Lakin sonralar burada Bulqarların koloniyası olub və bu koloniya burada Vend adlı birisi tərəfindən salınıb, buna görə də bu əraziyə Vanandın sahəsi deyilir. Ətraf  ərazilərdəki şəhərlər isə hələ dünənə qədər onun qardaşlarının və tayfasının adı ilə adlanırdı. Şimal küləkləri çox güclənəndə Vend bu ərazidən böyük düzənliyə köçdü və böyük gölün sahilində məskən saldı. Burada böyük çayın suları böyük gölə axır. O, burada özünə ordu yaratdıqdan və onun başına rəhbərlər təyin etdikdən sonra Nizibisə[24] yollanır.

Fəsil 7. Hansı yolla dövlət və rəhbərlik yaradır və həyat tərzini müəyyənləşdirir?

İndi isə bizim qarşımızda məharətlə yazılmış, çoxlu sayda yadda qalan hadisələrlə bəzədilmiş bir mənzərə açılır. Çünki biz indi müxtəlif soyların, xalqların  qanunları və qərarları, şəhərləri, kəndləri haqqında yazacağıq, qısası dövlət qanunları və dövlətin işləri, ordular və onların rəhbərləri, əyalətlər və onların başçıları və buna oxşar şeylər haqqında danışacağıq. İlk növbədə şah sarayında və ailəsində nizam-intizam yaradır, özündən başlayır və başına tac qoyduğu  üçün İudeyadan olan Baqrat adlı bir şəxsə hamıdan əvvəl şaha tabe olduğuna və bütün şərtlər altında səmimi və mərd rəftar etdiyinə görə minnətdarlığını bildirir. Bu səbəbdən ona şahın başına tac qoymaq və cəngavər titulu daşımaq hüququ verilir. Şahın hüzuruna gələndə isə  başına üç xətti olan  örtük qoyması tapşırılır. Bu xəttlər qızıldan və ya hər hansı qiymətli qaşdan deyil, incidən olmalıdır.

Eyni ilə Xanaaney nəslindən olanlara əllərini  bağlamaq tapşırılır, onlar Gentunlar adlandırılır, lakin bu adın mənası mənə məlum deyil[25]. Özünə cangüdənləri Hayk Xora[26] nəslindən olan həqiqətən cəsur,  nizə və qılınclarla silahlanmış kişilərdən seçir, onların başına isə həqiqətən dürüst və cəsur olan Malxaz adlı birisini qoyur. Malxaz mənsub olduğu nəslin əvvəlki adını daşıyır. Gelamdan törəmə Qarnikin nəslindən olan Varaza isə şah ovunun təşkilini həvalə edir. Onun xalqı onun adı ilə adlanır. Lakin bu, Artazın hakimiyyəti dövründə baş verib. Vilayətin başına Qabal adlı birini qoyur, ona yardımçı kimi Aveli təyin edir. Avel və Qabala vilayətlərinin adları onların adlarından əmələ gəlib.

Bilirəm ki, Arsrunyanları Arsrunyan deyil, Arsviunis adlandırırlar ki, bu da qartal saxlayan mənasını verir. Onlar şahın önündə qartalla gedirdilər. Mən Adamakertin yatan oğul, bir-birləri ilə dalaşan yağış  və günəş, öz kölgəsi ilə körpə uşağı örtən quş haqqında nağıllarına əhəmiyyət vermirəm. Amma Genunyanı, daha doğrusu vəzifəsi Şahı içki ilə təmin etmək olan şərab təchizatçısı Giniunisi qəbul edirəm. Çünki onun adı tutduğu vəzifəsinə uyğun gəlir. Şaha ən şirin və dadlı şərab verənlərin hamısını Gin adlandırırdılar ki, bu da qiymət mənasını verir. Valarsak bu səbəbdən də şən vaxtında onun nəslini vilayət başçısı ilə eyniləşdirdi. Həmin vaxtdan Senaxrimin[27] nəslindən iki xalq, Arzerun və Genuen xalqları yarandı. Burada Spanduniyaları yad etmək yerinə düşər. Onlar heyvan kəsilməsinə nəzarət edirdilər və yeyinti məhsulları onların nəzarətində idi. Qavuniyalar isə quş tutanlar idi, onlar meşədə yaşayır və şahinləri tutmaqla məşğul idilər. Ola bilsin ki, bu sənə artıq söz  təsiri bağışlayacaq, amma o, həmçinin evi idarə edənləri də təyin edirdi. Onlar yay vaxtı qarı qoruyur və onu saraya daşıyırdılar. Şahın sarayında yaşayanlara azadlıq verilmişdi. Sarayı qorumaq üçün isə dörd silahlı alay yerləşdirmişdi, onlar bizim Haykdan törəmə qədim şahların nəsillərindən olan 10 min döyüşçüdən ibarət idi. Bu alaylar ostan adlandırılırdı. Onlar uzun illər idi ki, atalarının mirası olan şəhərləri və kəndləri qoruyurdular. Lakin Fars[28] hökmdarları onların yerinə başqa alaylar yaratdılar və onlara Ostan adını verdilər. Bunu nə üçün belə ediblər? Ona görə ki, onların nəsli məhv olub, yoxsa qırğınlar nəticəsində sayları azalıb və əhəmiyyətlərini itiriblər? Ona görə də onların yerinə şahın qərarı ilə yeniləri təyin olunub?  Bu səbəb bizə məlum deyil, bircə məlumdur ki, onlar qədim şahların nəslindən törəyiblər, İberlərin ölkəsində olduğu kimi və buna görə də hələ də Zefezuliya adlanırlar.

Elə bu nəsildən də hərəm üçün axtalanmışların yığılmasını əmr edir və onların başına Geriskanı keçirir və onlara Çuaz[29] və Naxçıvana qədər Atropatena torpaqlarının bir hissəsini və Samesar knyaz  soyadını verir. Bu vilayətin işlərinin tarixdə qeyd olunmamasının səbəbi məlum deyil. Şahın soyundan sonra gələn ikinci soy Midiya şahı Astiaqdan törəyənlər idi. İndi onları Murenlər adlandırırlar. Onları Muren xalqının knyazları deyil, ümumiyyətlə Murenlər adlandırırlar. Midiyalılardan alınan bütün şəhərlər onlara verilmişdi. Ümumiyyətlə, deyirlər ki, o şərq torpaqlarında Hayk dili işlənmir. Sisak və Kadım tayfalarından onlara iki başçı təyin edilir ki, onların da adı yuxarıda qeyd olunub. Bundan sonra o, Şərqlə Şimal arasında yerləşən böyük knyazlıqda qayda-qanun yaradır və bu ölkəni ağlı, təcrübəsi, hərbi qabiliyyəti və bilikləri ilə digər knyazlardan üstün olan kişiyə, Arana tapşırır. O, Aranı Kür adlanan və böyük düzənə axan böyük çayın sahilində yerləşdirir.

Qeyd etməliyəm ki, mən birinci kitabda o qüdrətli və məşhur soyları sadalayanda  Sisakı xatırlamağı unutmuşam. Sisakın nəsli  Alban düzənliyini və dağlıq ölkəni əhatə edir. Bu ölkə Yeraşes çayından Qunasert qalasına qədər düzlərlə əhatə olunub. Bu ölkə Sisakın sakit təbətinə görə Aluaniya (Albaniya) adlanırdı. Eyni səbəbdən onun özünü də Alu adlandırırdılar. Aran özünün qəhrəmanlığı və şöhrətinə görə Parfiyalı Valarsak tərəfindən 10 min nəfərin üzərinə başçı təyin edilmişdi. Onun nəslindən Oqen xalqı, Qardman, Zoden, Qarqaren knyazlıqları yaranmışdı. Amma Sareyadan törənən Qusariy Kanqar adlanan kölgəli dağda məskən salmışdı. O, eyni zamanda Zaval, Kolb, Zofa və Zoronun bir hissəsinə, hətta Qunarakert qalasına sahib idi. Asoziy knyazlığı və Tazir mülkünü isə Valarsak Hayk Qusarinin törəmələrinə verdi. Amma Qafqaz dağları tərəfdən Şimal hüdudlarını Quqaren konsulu, Mitridatın nəslindən olan qüdrətli və güclü Kardeyə verdi. O, Darinin satrapı idi və İsgəndər onu əsir götürülmüş İberlərin başçısı təyin etdi,   İberləri Navuxodonosor da əsir götürmüşdü.  Abiden bu haqda belə yazırdı:  “güclü Navuxodonosor Liviya Herkulesi qalasını ucaltdı, ordusunu topladı və İberiya ölkəsinin üzərinə yürüdü. Ölkəni dağıdıb hakimiyyəti altına keçirdi və orada yaşayan xalqın bir hissəsini əsir götürdü və Pont dənizinin sağ sahilində yerləşdirdi.”

İberiya Qərb tərəfdə yerləşir. Nəhayət, o, Bazes vadisində də rəhbərlik təsis etdi və onu Duniya adlandırdı və ora da Haykların nəslindən olanları təyin etdi. Qərb hökmranlığını isə Pasxamın nəslindən olan həddən artıq hündür, kobud, düzburun, tutqun görünüşlü, qaməti və qolu inanılmaz dərəcədə güclü olan çirkin bir adama verdi. Haykın nəvəsi olan bu adamın adı Turkion idi, amma onu pis görünüşünə görə Angeliy, yəni pis görünüşə malik, ondan törəyənləri isə Angeliy xalqı adlandırırdılar. Farslar Rostam Sisakdan bəhs edirlər və yazırlar ki, o, fildən 120 dəfə güclü idi. Onun möhkəmliyi və gücü haqqında həqiqətə uyğun olmayan şeylər yazırlar və onu hətta nə Samsonla, nə də Herkuleslə, nə də Sisakla müqayisə edirlər. Çünki deyirlər ki, o, böyük dördbucaq daşları qaldırırmış, güclü olduğu üçün nəhəng palıd ağaclarını zəif qamış kimi sındıra bilirmiş və taxtanın üzərində qartal növləri və buna bənzər şeyləri təsvir edə bilirmiş. O, Pont dənizində düşmən gəmilərinə qəzəblənəndə onlara hücum edərmiş, gəmilər ondan 8 və ya 10 stadi[30] uzaqlaşanda isə onlara yumru daşlar atarmış. Bu zaman dənizin suyu çəkildiyi üçün çoxlu sayda gəmi batırmış, ağırlıqdan dalğalar yuxarı qalxdığından başqa gəmiləri 1000 stadi uzağa atarmış. Bu, inanılmaz bir nağıldır, hətta deyərdim ki, nağılların içərisində ən birincisidir!

O, həqiqətən inanılmaz gücə malik idi və bu rəvayətə layiq idi. Məhz buna görə də Dördüncü Ərməniyə adlandırılan ərazidə qüdrətli Zofen rəhbərliyi, Apatun, Manavaz və Beznun rəhbərliyi yaratmış, onların sakinləri içərisindən Hayk nəslindən olan bir neçə məşhur insanları taparaq rəhbər təyin etmiş, şəhərlərə və vilayətlərə adlar vermişdi. Amma mən Slix adlanan vəhşi insan haqqında məlumat verməyi unutdum. O, Haykdan, daha doğrusu, bizim ölkədə ən əvvəl yaşayan insanlardan törəyib. Bizim qədim tarixçilərin yazdığından fərqli olaraq, mən bunun həqiqət olduğuna inanmıram. Vəhşi təbiətinə rəğmən bu kişi cəsur idi, o, bir neçə adamı ayırıb onlara dağları qorumağı və keçiləri tutmağı tapşırdı. Onlara Selkunlar adını verdi. Miandaka da oxşar vəzifə verdi, ondan Mandakunlar törəyib. Vaqagenin nəslindən elə insanlar tapdı ki, israrla məbədlərdə xidməti bərpa etməyə çağırırdılar. Onlara böyük şərəflər bəxş etdi və kahinlik verdi. Bundan başqa, onlara yüksək rəhbərlik verdi və onları Vaqunlar adlandırdı. Əvvəlki şahlardan törəmə olan Aravenlərə və ya Araqavenlərə də eyni adı verdi. Sarezanı, Sarazanların nəslindən olanı Konsul və Qərb və Cənub arasında, Assuriya hüdudlarında Dəclə çayı sahilində yerləşən ölkənin rəhbəri təyin etdi. Ona ətraf yerlərlə və Tavr, Sim və bütün Selesiriya dağları ilə birgə Alznen Vilayətini həvalə etdi. Həmən vilayətdə çoxlu sayda heç kimə lazım olmayan, azğın insanlarla dolu dəstələri saxlayan Motsensi adlı birini tapdı və onlardan bir Rəhbərlik düzəltdi. Həmin yerlərə Sordiqləri, Anzevensləri, Atsensləri məskunkaşdırdı. Bundan əlavə, rəvayətlərdə Restun və Holtnetslərin əslində Sizatsin koloniyasında yerləşdiyi yazılır. Amma bu yerlərin adlarının rəhbərlərin adlarından götürüldüyü və ya rəhbərlərin adlarının yerlərin adlarından götürüldüyü məlum deyil. Bütün bunları yerləşdirdikdən sonra Armavirdə bir məbəd tikdirdi və orada Ay, Günəş və əcdadlarının bütlərini qoydurdu. İudeyli Baqratdan olan, tac qoyan və cəngavər adlandırılan Sambeydən isə tələb etdi ki, İudey adətlərindən əl çəkərək onun bütlərinə sitayiş etsin. Lakin Sambey buna razı olmadı və şah Valarsak həmin yeri Sambeyin ixtiyarına buraxdı. Bundan sonra o, Semiramid şəhərini bərpa etməyi, bir neçə başqa kiçik şəhərlər salmağı və onlara sakinləri köçürməyi tapşırır. Həmçinin nəcib və xüsusi malikanələr tikməyi tapşırır, sarayında bir neçə qayda müəyyənləşdirir. Bu qaydalar məsləhətlər, şənliklər və digər əyləncələrin keçiriləcəyi vaxtları, dörd növdən ibarət hərbi nizam-intizamı müəyyənləşdirir. Bundan başqa, o, iki məsləhətçi təyin etdi, onlardan biri hakimləri  yumşaqlıq göstərməyə inandıracaq, digəri isə  yazılı şəkildə cəzanı təyin edəcəkdi. Yumşaqlıq göstərməyə inandıracaq məsləhətçi qəzəblənən və qanuna uyğun olmayan qəraralar verən zaman şahın özünü də mülayim və insanpərvər olmağa sövq etməli idi. Şah sarayında, eləcə də şəhərlərdə və kəndlərdə hakimlər təyin etdi. Sadə insanlardan fərqli olaraq, vətəndaşlara daha çox hüquq və ləyaqət verdi. Sadə xalqa tapşırdı ki, vətəndaşlara ali insanlar kimi hörmət etsinlər, vətəndaşlara tapşırdı ki, özlərini sadə xalqın yanında təkəbbürlü aparmasınlar, dostcasına yaşasınlar, ədalətli olsunlar, bir-birlərinə paxıllıq etməsinlər ki, dinc və əmin-amanlıq və digər oxşar faydalıqlar içərisində yaşasınlar.  Onun çoxlu oğlu var idi və onların hamısının bir yerdə Nizibində yaşamasını əhəmiyyətsiz hesab etdiyi üçün onları Hasten vilayətinə və Taronun arxasında yerləşən qonşu Zor vilayətinə yerləşdirir və oradakı bütün şəhərləri onlara verir. Onların hamısına şah sarayının gəlirlərindən məvacib təyin edir. Ən böyük oğlu Arsakı vəliəhd təyin edir və onun çox sevdiyi oğlu Artazı öz yanında saxlayır. Çünki Artaz olduqca gözəl və o qədər güclü idi ki, gələcək cəsurluğu haqqında şübhə doğurmayan ümidlər verirdi. O vaxtdan Arsaxidlərdə belə bir adət var ki, oğullardan biri vəliəhd kimi sarayda yaşayır, digər oğul və qızlar isə Hasten vilayətində öz malikanələrinə çəkilir. Məşhur işlərini görən, kamil qanunlar yaradan Valarsak hökmranlğının 22-ci ilində Nizibidə dünyasını dəyişdi. 


[1] B.e.ə. 5-ci əsrdə yunan şəhəri Halikarnasdan (müasir Bodrum, Türkiyə)  olan tarixçi və coğrafiyaşünas alim.

[2] Robert W. Thompson. Moses Khorenatsi.History of the Armenians. New and revised edition of the 1978 Harvard University Press edition, Caravan Books, Ann Arbor, 2006; Арменская история. Сочиненная Моисеем Хоренским. Перевел с армянского на русский язык Архидиакон Иосиф Ионнесов. Санкт-Петербург, Медицинская типография 1809 г.

[3] B.e.ə.247-cı ildən b.e.-nın 224-cü ilinə qədər mövcud olmuş Parfiya imperiyasının əsasını qoyan və idarə edən Arsasidlər (Arşakidlər) sülaləsi nəzərdə tutulur.

[4] Qədim Parfiya vilayətinin ərazisi müasir İranın Xorasan vilayətinin ərazisi hesab edilir.

[5] İbrahim peyğəmbər nəzərdə tutulur.

[6] Müasir İranın vilayətlərindən biridir.

[7] Tədqiqatçılar qippanların ispanlar olmasını ehtimal edirlər.

[8] Qədim dövrdə qiymətli metalları ölçmə vahidi, təqribən 35 kq. bərabər idi.

[9] B.e.ə. 4-cü əsrdə Makedoniya çarı.

[10] Herodot, I, IV, §. 40. 46

[11] İnzibati idarəçilik vahidi, vilayət.

[12] Ermənilər özlərini Hay, ölkələrini isə Hayastan adlandırırlar. Ərməniyə termini ilk dəfə b.e.ə. 6-cı əsrdə I Dara ilə bağlı Behistun yazılarında qeyd edilib. Sonradan bu ad yunan mənbələrində Ərməniyə ərazisində yaşayan xalqa şamil edilib. Ermənilərin qonşuları gürcülər onları somexi, azərbaycanlılar erməni, osetinıər somixaq adlandırırlar.

[13] Kiçik Asiyanın şimal-şərq vilayətlərini yunanlar Pont adlandırırdılar.

[14] Kiçik Asiyanın qərbində tarixi vilayət.

[15] Xanaan və ya Kanaan müasir Fələstin və Suriya ərazisinin İsraildən əvvəlki adı.

[16] Qədim erməni çarlığının ilk paytaxtı, 1932-ci ilə qədər Sərdərabad, 1992-ci ilə qədər isə Oktemberyan adlanıb.

[17] Lazika Qara dənizin sahilində yerləşən qərbi gürcü çarlığı.

[18] Müasir Qeysəriyə ərazisi hesab edilir.

[19] Qədim dövrdə adətən xaricilərin hakimiyyəti altında olan ərazi.

[20] Müasir Mnqreliya və Acariyanın ərazisi nəzərdə tutulur.

[21] Qara dənizin cənub-şərqi sahillərinə paralel dağ silsiləsi.

[22] Qədim erməni çarlığında vilayət.

[23] Kürün mənbəyinə yaxın ərazidə yerləşən vilayət.

[24] Müasir Tur Abdin şəhərinin yunan adı.

[25] Xorenatsi erməni knyazların (naxararların) adlarını onların əsas məşğuliyyəti ilə izah edir. O, görünür Getun sözünün mənasını müəyyənləşdirə bilməyib.

[26] Erməni Xorxoruni nəsli.

[27] Bəzi mənbələrdə Senekerim.

[28] Fars (Pers) qədim dövrdə Urmiya gölündən cənubda yerləşən vilayətlərin birinin adı idi. Yunanlar bu adla bütün İran platosunda yaşayan əhalini adlandırırdılar. Lakin farsların özləri özlərini ari adlandırırdı.

[29] Bəzi mənbələrdə Çuaş.

[30] Stadiy və ya stadi Babilistan tərəfindən yaradılmış və qədim xalqların əksəriyyətinin istifadə etdiyi ölçü vahidi idi və təqribən 185-195 metr məsafəni əhatə edirdi.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.