Cəmiyyət

Cəmiyyət

Azərbaycanın ən iri gəmiricisi – ekoloji problem, yoxsa iqtisadi fürsət?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Keçmiş sovet dövründə Azərbaycan ərazisində onlarla müxtəlif məməli heyvan növlərinin iqlimləşdirilməsinə (akklimatizasiya) cəhd olunmuşdur. Akklimatizasiya orqanizmlərin yeni yaşayış şəraitinə uyğunlaşdırılması prosesinə deyilir (Biologiya lüğəti 2011, 45). Rus zooloq Nikolay Vereşaqin öz əsərində nutriya, yenot və Amerika gəlinciyi kimi növlərin Qafqaz faunasına introduksiyasında iştirak etdiyini və bir sıra digər təcrübələrdə məsləhətçi kimi fəaliyyət göstərdiyini qeyd edir (Vereshchagin 1959). Bunlardan yalnız 4 məməli növünün (ada dovşanı, adi sincab, nutriya, yenot) iqlimləşdirilməsi uğurla başa çatmışdır (AMEAZİ 2020). Hazırda yenot və nutriya (bataqlıq qunduzu) ölkə ərazisində geniş yayılmış ekoloji zərərvericilərdir. Əvvəlki məqalədə yenotun Azərbaycana gətirilmə tarixindən və verdiyi fəsadlardan bəhs etmişdim (Fərəcli 2023). Bu məqalədə isə nutriyanın tarixi, fəsadları və gələcəkdə istifadəsi potensialından yazacağam.

Nutriyaların Qafqaza gətirilməsi tarixi

Nutriya və ya bataqlıq qunduzu (Myocastor coypus) hazırda Azərbaycanda yaşayan ən iri gəmirici məməli növüdür. Uzunluğu 60-80 sm, çəkisi 12 kq-a çata bilir. Vereşaqin yazır ki, ötən əsrdə nutriya xəzinə artan tələbat onun Cənubi Amerikadakı təbii populyasiyasının azalmasına və müxtəlif yerlərdə süni şəkildə yetişdirilmə cəhdlərinə səbəb olmuşdur. Onların Cənubi Qafqazda və Mərkəzi Asiyada xəzi üçün yetişdirilmə imkanları ilə bağlı ilk dəfə 14 mart 1929-cu ildə keçirilmiş Ümumrusiya Heyvan Xammallarının Tədqiqini Təşviq Cəmiyyətinin görüşündə bəhs olunmuşdur. Nəticədə Ümumittifaq Xəz Sindikatı, 1930-cu ilin yazında 113 baş (55 dişi, 58 erkək) nutriyanı Argentinadan idxal etdi. Sonra, 1931-ci ilin payızında əlavə 43 dişi fərd idxal edilmişdir. 1932-ci ilin yayında Sovet İttifaqında artıq 2500-ə yaxın nutriya qəfəslərdə saxlanırdı (təxminən 700 erkək və 1800 dişi). Bu heyvanların çoxu İngiltərə və Almaniyanın kiçik təsərrüfatlarından alınmış, Argentinadan isə cəmi 520 baş heyvan gətirilmişdi. Onlar Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Alma-Ata (indiki Almatı) və Maykop yaxınlığındakı iri heyvan fermalarına paylanmışdılar (Vereshchagin 1936).

Sonrakı mərhələdə nutriyaların keçmiş Sovet Respublikaları ərazisində eyni vaxtda iqlimləşdirilməsinə başlandı. Azərbaycan ərazisində 1931-1937-ci illər arasında nutriyalar ümumilikdə 213 baş olmaqla, 3 yerdə – Qızılağac körfəzi (80 baş), Qarasu (123 baş), Ağrıçayda (10 baş) təbiətə buraxıldılar (Vereshchagin 1936). Bu təcrübələr qısa zamanda uğur qazanmışdı və nutriyalar artıq Azərbaycanda yayılmağa başlamışdılar. Sonrakı illərdə Vereşaqin nutriyaların hər il öz yayılış ərazilərini 15-20 km genişləndirdiklərini də vurğulayır  (Vereshchagin 1959). Hətta 1932-ci ildə Qızılağacdan 65 km uzaqlıqda belə nutriyanın tutulduğu qeyd olunur. Bu da onların sürətlə su hövzələri boyunca ölkə ərazisinə yayıldıqlarını göstərir. Ötən əsrin ortalarında bataqlıq qunduzlarının Saatlı, Sabirabad, Lənkəran, Kürdəmir rayonlarında, həmçinin qonşu Ermənistan və Gürcüstanda uğurla yayıldığı, həmçinin tikilməkdə olan Mingeçevir su anbarının tikintisi ilə bağlı çəkilmiş kanallarla onun daha geniş ərazilərə yayılacağı qeyd olunur (Məmmədov 1950). Azərbaycan ərazisində qısa zamanda ağ xəzli nutriya da əldə olunmuşdur.

Nutriyanın ekoloji təsirləri

Ümumiyyətlə, işğalçı, yerli olmayan növlər qidalanma (yırtıcı və ya otyeyən), rəqabət, xəstəliyin ötürülməsi və hibridləşmə yolu ilə yerli ekosistemlərə zərər verir (Parker et al. 1999). Beynəlxalq Təbiətin Mühafizə Birliyi (IUCN) nutriyanı dünyanın ən pis 100 işğalçı növü siyahısına əlavə etmişdir (Lowe et al. 2000). Bataqlıq ərazilərdə nutriyaların mövcudluğunun bitki örtüyünün biomüxtəlifliyinə və ümumi növ zənginliyinə mənfi təsir göstərdiyi məlumdur (Gethöffe & Siebert, 2020)

Nutriyalar qlobal əhəmiyyətli olan Qızılağac körfəzində (Ramsar ərazisi) müxtəlif ördəklər, qaşqaldaqlar, sultan toyuqları və digər quşlarla, həmçinin qaban, su siçovulu (Arvicola amphibius) kimi məməlilərlə bitki kökləri üzrə qida rəqabətindədir (Vereshchagin 1936). Avropada da bənzər şəkildə nutriyaların qidalanaraq su-bataqlıq ərazilərində çoxalan quşların, həmçinin şirin su molyusklarının sayına, torpağı qazmaqla isə dambaların sabitliyinə neqativ təsir etdiyi məlumdur (Gethöffe & Siebert,  2020). Nutriyaların Azərbaycanda, xüsusən çərlik tarlaları, qarpız, yemiş, kök, kələm kimi bitkilər olmaqla, kənd təsərrüfatı əhəmiyyətli məhsullara  zərər verdiyi də bilinir (Vereshchagin 1936). Bir nutriyanın gündəlik qida ehtiyacının 350-400 qramının bitki mənşəli qida olduğu da qeyd olunur (Məmmədov 1950).

Nutriyalarda trematodlar, yumru və lentşəkilli qurdların onlarla növü qeydə alınmışdır. Qızılağacda təbiətə buraxılan fərdlər arasında koksid parazitləri olan nutriyalar da olmuşdur. Parazitlər arasında xüsusən mal-qara və qoyunlar üçün təhlükəli ola bilən, bəzən nutriyaların ölümünə səbəb olan qaraciyər sorucusu (Fasciola hepatica) da vardır (Vereshchagin 1936). Bu parazitlərin mal-qaraya yoluxma riski su-bataqlıq ərazilərinin heyvanların otarılması və su verilməsi üçün istifadə olunduğu yerlərdə daha çoxdur. Ölkəmizdə nutriyaya genetik yaxınlığı olan başqa gəmirici növü olmadığından hibridləşmə riski mövcud deyildir.

Gələcəkdə saya nəzarət imkanları və iqtisadi potensial

Azərbaycan ərazisində hazırda nutriyaların ümumi sayı məlum deyil. Nəsil artıran bir cüt bataqlıq qunduzunun miqdarı bir ildən sonra 30-dan artıq ola bilir (Məmmədov 1950). Vereşaqinə görə, heyvanların təbiətə buraxılmasından 2 il sonra onların sayı 400-500 başa qədər yüksəlmişdir (Vereshchagin 1936). O qeyd edir ki, Qafqazda nutriya populyasiyalarının artımını və yayılmasını məhdudlaşdıran amillər qışda şaxta, yayda  isə su hövzələrinin quruması idi. Bu şəraitdə çoxlu sayda nutriya çaqqallar və itlər üçün asan ov olur (Vereshchagin 1959). Həmçinin sərt qış aylarından sonra növbəti mövsümdə dişilərin azalan yağ ehtiyatları ucbatından daha az bala verdiyi məlumdur (Gethöffe & Siebert, 2020). Bu isə onu deməyə əsas verir ki, iqlim dəyişikliyinin təsiri ilə qış aylarının daha mülayim keçməsi nutriyaların gələcəkdə potensial olaraq sayının daha da artmasına gətirib çıxara bilər.

Azərbaycan ərazisində nutriyanın təbii düşmənləri arasında qamışlıq pişiyi, tülkü, çaqqal, canavar kimi yırtıcı məməlilər; bataqlıq bayquşu, qulaqlı bayquş, qamışlıq belibağlısı, berkut qartalı, ağquyruq dəniz qartalı kimi yırtıcı quşların olduğu qeyd olunur (Vereshchagin 1936). Qış aylarında nutriyaların xüsusi təsərrüfatlarda ovlanması üçün lisenziyalar təklif olunsa da, ovçular arasında bu ova maraq digər ov heyvanlarına nisbətən daha azdır. Yəqin ki, işğalçı nutriyalara qarşı ən uğurlu mübarizə ABŞ-da aparılır. Məsələn,  Luiziana ştatında hər il nutriyaların sayına nəzarət etmək üçün ovçulara hər baş nutriya üçün $6 (təxmini 10 AZN) mükafat təklif olunur. Təkcə 2021-2022-ci il qış mövsümündə ovçulara nutriya ovu üçün $1,222,944 vəsait ödənmiş, nəticədə onların vurduqları zərər ciddi miqdarda azaldılmışdır (Manuel & Waller, 2022).  Azərbaycanda da nutriya ovunun təşviqi üçün həvəsləndirici proqramın icrası arzuolunandır. Lakin Azərbaycanda ovçular Nazirlər Kabinetinin heyvanlar aləmi obyektlərindən istifadə ilə əlaqəli qərarına əsasən, nutriya ovlamaq üçün müəyyən ödənişlər etməlidirlər. Bu qərara görə,  bir baş nutriyanın vurulması (tutulması) üçün ödəniş 1, 65 AZN, qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyan isə 22 AZN müəyyənləşdirilmişdir (Nazirlər Kabineti 2004). Bu ödənişlərin mühafizə olunan bəzi qırmızı kitab növləri üçün təyin olunmuş təbiətə dəymiş ziyan ödənişlərindən daha çox olması düzgün deyil. Ekoloji zərərverici olan nutriya və yenot kimi işğalçı növlərin ovlanması üçün tələb olunan ödənişlər və təbiətə dəymiş ziyan ödənişləri tamamilə aradan qaldırılmalıdır.

Hazırkı dövrdə nutriyaların geniş yayılması və çoxsaylı olması onun tamamilə məhv edilməsini imkansız edir. Geniş əraziyə yayılmış işğalçı növlərin müvəffəqiyyətlə aradan qaldırılması üçün maliyyə resursları, ictimai dəstək və səlahiyyətlərin dövlət orqanları arasında aydın müəyyənləşdirilməsi vacibdir (Gethöffe & Siebert, 2020). Lakin Azərbaycanda nutriyaların təklif edə biləcəyi potensial faydalardan yararlanaraq onların sayını nəzarətdə saxlamaq və iqtisadi fayda əldə etmək mümkündür.

Məsələn, nutriyanın ətinin zülal tərkibinin toyuq ətiylə, demək olar, eyni (21-22 qr/100 qr), lakin yağlılığının toyuqla müqayisədə iki dəfə az (1.5 qr/100 qr), xolesterol miqdarının da az olması onun sağlam ət istehlakı üçün yaxşı alternativ ola biləcəyini deməyə əsas verir (Tulley et al., 2000). Əlavə olaraq, nutriya ətindən Azərbaycanda hər il 4,25% artması proqnozlaşdırılan yırtıcı ev heyvanları (it, pişik) üçün yem bazarı tələbatını ödəmək məqsədilə də istifadə etmək olar (Statista, 2024). Bu həm də yem bazarının karbon emissiyalarını azaltmağa kömək edəcəkdir.

Əlavə olaraq, suda yaşadığından nutriya sukeçirməz xəzə malikdir və bu xəzin emalı üçün müəssisələrin formalaşdırılması yerli iqtisadiyyatın canlanmasına, dolayı yolla da bu işğalçı növün sayının azalmasına kömək edər. Məsələn, Luiziana ştatında 1962-ci ildən 1982-ci ilə qədər hər il 1 milyondan çox nutriya ovlanmış, təkcə 1976-cı ildə 15 milyon dollardan çox gəlir əldə edilmişdi. Lakin 1998-ci ilin sentyabrında Rusiya iqtisadiyyatının çöküşü və Uzaq Şərq iqtisadiyyatlarında ümumi qeyri-sabitlik nutriya da daxil olmaqla, əksər yabanı xəzlərə tələbatı zəiflətdi (Manuel & Waller 2022). Həmin vaxtdan bəri qlobal nutriya xəzi bazarı əvvəlki görkəminə qayıda bilməmişdir. Nutriyaların ovlanmasına tələb olmadığından onların Luizianadakı ekoloji zərəri artmış, 1993-1996-cı illər arasında havadan aparılmış monitorinqlər əsasında 80 min akr ərazidə (1 akr = 0.404 ha) su bitkilərinə zərər dəydiyi hesablanmışdır. Son 20 il ərzində qeyd olunan həvəsləndirici proqram nəticəsində 6 milyondan çox nutriyanın ovlanması ilə su-bataqlıq bitkilərinin zərər gördüyü ərazilər 17 dəfə azaldılmışdır (Manuel & Waller 2022).

Hazırda xəz istehlakına qarşı olan qlobal tendensiya xəzi üçün ölkəmizə gətirilmiş yenot, nutriya kimi zərərverici heyvanların ovlanmasını çətinləşdirir. Onların sayına nəzarət yalnız hökumətin dəstəklədiyi həvəsləndirici proqramlarla mümkündür.


İstinadlar:

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ZOOLOGİYA İNSTİTUTU (AMEAZİ). (2020). Azərbaycan faunasının taksonomik spektri (onurğalılar). Bakı, “Elm və təhsil”, 144 s. ISBN 978-9952-8384-1-1.

Biologiya lüğəti: izahlı və illüstrasiyalı. Tərt: M.Ş. Babayev , A.R.Əliyev, A.İ.Həsrət.  Çaşıoğlu, 2011.

Gethöffe, F., & Siebert, U. (2020). “Current knowledge of the Neozoa, Nutria and Muskrat in Europe and their environmental impacts”. Journal of Wildlife and Biodiversity, 4(2), 1–12.

Fərəcli, Z. (2023). “Azərbaycanda işğalçı Amerika yenotu təhlükəsi”. Baku Research Institute, 2 iyun 2023. https://bakuresearchinstitute.org/azerbaycanda-isgalci-amerika-yenotu-tehlukesi/

Lowe, S., Browne, M., Boudjelas, S., & De Poorter, M. (2000). 100 of the World’s Worst Invasive Alien Species: A selection from the Global Invasive Species Database. The Invasive Species Specialist Group (ISSG) of the Species Survival Commission (SSC) of the World Conservation Union (IUCN).

Manuel, J., & Waller, J. (2022). Coastwide Nutria Control Program 2021-2022: Nutria Harvest and Distribution 2021-2022 and A Survey of Nutria Herbivory Damage in Coastal Louisiana 2022. Coastal and Nongame Resources Louisiana Department of Wildlife and Fisheries.

Nazirlər Kabineti (2004). “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” və “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI. https://e-qanun.az/framework/5709

Məmmədov S. (1950). Bataqlıq qunduzu (nutriya). Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1950.

Parker, I. M., Simberloff, D., Lonsdale, W. M., Goodell, K., Wonham, M., Kareiva, P. M., Williamson, M. H., Von Holle, B., Moyle, P. B., Byers, J. E., & Goldwasser, L. (1999). “Impact: Toward a framework for understanding the ecological effects of invaders”. Biological Invasions, 1(1), 3-19.

Statista. (2024). “Pet Food Market in Azerbaijan.” Statista,  https://www.statista.com/outlook/cmo/food/pet-food/azerbaijan Accessed August 5, 2024.

Tulley, R. T., Malekian, F. M., Rood, J. C., Lamb, M. B., Champagne, C. M., Redmann, S. M., Patrick, R., Kinler, N., & Raby, C. T. (2000). “Analysis of the nutritional content of Myocastor coypus”. Journal of Food Composition and Analysis, 13(2), 117-125.  

Vereshchagin, N. K. (1936). Опыты по акклиматизации нутрии (Myocastor coypus bonariensis Rengger) на юге СССР [Cənubi SSRİ-də nutriyanın (Myocastor coypus bonariensis Rengger) uyğunlaşdırılması üzrə təcrübələr]. Tr. Azerb. Fil. AN SSSR, 15-67.

Vereshchagin, N. K. (1959). The mammals of the Caucasus: A history of the evolution of the fauna. Academy of Sciences of the USSR, Zoological Institute, Academy of Sciences of the Azerbaijan SSR. Israel Program for Scientific Translations.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.