TƏRCÜMƏ

TƏRCÜMƏ

Movses Xorenatsi və Ermənilərin tarixi (davamı)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun[1] məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında  kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.

Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir.  Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.  

Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşıma­sa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mül­kü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.

Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb.[2] Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.

Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.  

Şəlalə Məmmədova

Fəsil 19. Ermənilərin Roma qoşunları ilə ikinci müharibəsi, Silon və Ventidiyanın məğlubiyyəti

Romaya gələn İrod Antoni Sezar və Senat qarşısında romalılara böyük ehtiramını göstərdi və buna görə də Antoni tərəfindən İudeyanın çarı təyin edildi. İrod Roma sərkərdəsi Ventidiyanı qoşunu ilə birgə özünə köməkçi götürdü və ermənilərlə müharibə üçün Suriyaya yollandı. Erməni ordusunu qaçmağa məcbur etdi, Silonu ermənilərə qarşı Fəratda vuruşmağa göndərdi, özü isə Pakorun ölümündən sonra Antiqonla vuruşmaq üçün Yerusəlimə getdi. Yenidən farslardan yardım alan ermənilər Silonun üzərinə hücum etdilər, onu çaşqın vəziyyətə salıb qan tökərək Ventidiyanın üzərinə yürüdülər.

Fəsil 20.  Antoni Ermənilərin üzərinə hücum edir və özü Samosatı[1] ələ keçirir

Qəzəblənən Antoni bütün Roma ordusu ilə Samosata gəlir, orada ona Tiqranın ölüm xəbərini verirlər. Şəhəri ələ keçirdikdən sonra oraya Sozini təyin edir. Sozi Yerusəlim çarlığında Antiqona qarşı döyüşdə İroda yardım etməli idi. Antoninin özü isə Misirə yollanır, çünki o, ehtiraslı adam idi və Misir kraliçası Kleopatraya dəlicəsinə aşiq idi. Bu Kleopatra Ptolemey Dionisinin qızı, Kleopatra Ptolomeadanın nəvəsi idi. Kleopatra İrodu çox sevdiyi üçün Antoni ona Sozini məsləhət görmüşdü, o isə qəhrəmancasına döyüşərək Yerusəlimi almış, Antiqonu öldürərək İrodu İudeya və Qalileyanın çarı etmişdi.

Fəsil 21. Artavazdın şahlığı və Romalılarla müharibə

Ondan sonra Ərməniyədə Tiqranın oğlu Artavazd hökmranlıq edib. O, qardaş və bacılarına Aluqaten və Arnberanen vilayətlərində mülklər və bu şəhərlərdən gələn dövlət gəlirini  verdi. Bundan əlavə olaraq, onlara Gasten vilayətində yaşayan qohumlarının etdiyi kimi məvacib də təyin etdi ki, onlar həmin ərazilərdə böyük nüfuza və digər Arşakilərdən fərqli olaraq, daha çox şah ləyaqətinə malik olsunlar. Lakin onlara tapşırdı ki, Araratda, şahın yerində yaşamasınlar. Bundan başqa o, heç bir layiqli iş görməyib, heç bir qəhrəmanlıq etməyib. O, cah-cəlal içərisində yaşayıb, sərxoşluq edib, bataqlıqlarda, qamışlıqlarda, qayalıq ərazilərdə dolaşaraq vəhşi eşşəkləri və çöl donuzlarını qovub. Müdrik və cəsarətli əməllərə, yaxşı şöhrətə məhəl qoymayaraq, həqiqi qul kimi çirkablığı artırıb. Öz qoşunları tərəfindən həddən artıq ehtiyatsızlığı və qarınqululuğuna, xüsusilə də Suriya Mesopotamiyasını Antoniyə uduzduğuna görə tənqid edilən və bunlara dözməyən Artavazd Atropatena vilayətindən, Qafqaz dağlarının sakinlərindən olan albanlar və iberlərdən 10 min qoşun toplamağı əmr etdi və bu qoşunla Mesopotamiyaya gəlib oradan Roma qoşunlarını qovdu.

Fəsil 22. Antoni Artavazdı əsir götürür

Kleopatranın böhtanlarından əsəbləşən Antoni vəhşi şir kimi dişlərini qıcırdır. Kleopatra Tiqrana nənəsinə etdiklərinə görə qəzəbli idi və Tiqrana nifrət edirdi, məhz ona görə də təkcə Ərməniyə şahının deyil, digər şahların da ölümünə səbəb olmuşdu. Kleopatra onların şahlıq etdiyi ölkələri istəyirdi və Antoni də şahların çoxunu öldürərək onların şahlığını Kleopatraya verir. Lakin Tir və Sidon, bir də Elevter çayı[2] ətrafındakı ərazilər istisna təşkil etdi. Beləliklə, Antoni böyük sayda qoşunu ilə Artavazdın üzərinə hücum edir. Mesopotamiyadan keçərək erməni qoşunlarını qəddarlıqla məğlubiyyətə uğradır və şahın özünü əsir götürür. Sonra Misirə qayıdaraq Tiqranın oğlu Artavazdı bütün hərbi qənimətlərlə birgə Kleopatraya hədiyyə edir.

Fəsil 23. Arsamın şahlıq dövrü, onun dövründə ilk dəfə Roma xalqına qismən xərac ödənilməyə başlanılıb, Baqrad nəslinə bədbəxtliklər gətirmiş baş kahin Qirkanın azad olunması

Arinin şahlığının 20-ci ilində erməni ordusu onun əmri ilə toplandı və  Artazın oğlu, Tiqranın qardaşı və Avqarın atası olan Ardzamı (ona Arsam da deyirlər) özlərinə şah təyin etdilər. Suriyalılardan bəziləri onu Manovaz adlandırır. O da bəziləri kimi, məsələn, İrod Aqrippa, Tit Antoni və ya Tit İvet (ədalətli) kimi iki ada malik idi. Həmin il Ars da öldü və ondan sonra kiçik yaşlı oğlu Arsavir vəliəhd oldu, buna görə də Arsama Romalılara qarşı döyüşmək üçün yardım edəcək biri qalmadı. Ona görə də onlarla sülh danışıqlarına girir və onlara İrod vasitəsilə Sir Mesopotamiyasından[3] və Qeysəriyyənin bəzi yerlərindən xərac ödəyir. O vaxtdan da Ərməniyə ilk dəfə Roma xalqına xərac ödəməyə başlayır. Həmin vaxt Arsam özünün cəngavərinə, tacqoyanı Yenana çox qəzəblənir. Çünki o, Tiqranın göstərişi ilə Restunlu Bezafran tərəfindən əsir götürülmüş baş kahin Qirkanı əsirlikdən azad edir. Yenan bunun səbəbini belə izah edir. Deyir ki, Qirkan azadlıq əvəzinə ona 100 talant vəd edib və Yenan onları Qirkandan alıb hökmdara vermək fikrində idi. Hökmdar Yenana 100 talantı gətirmək üçün vaxt təyin  edir.  Yenan o saat qardaşı Senekanı Qirkanın ardınca İudeyaya göndərir və vəd etdiyi cəlbedici məbləği göndərməsini istəyir. Lakin Yenanın göndərdiyi adam gəlib çatanda Qirkanın dövlətin əsaslarına zərər deyməsin deyə İrod tərəfindən öldürüldüyünü öyrənir. Vəd edilmiş gün gələndə Yenan söz verdiyi məbləği şaha verə bilmədiyindən Arsam qəzəblənərək onu bütün imkanlarından məhrum edir və zirzəmiyə atdırır. Həmin vaxt Getnun xalqının başçısı Zurey şahın yanında ona böhtan atır və deyir: “Ey hökmdar, bil! Yenan səndən ayrılmaq istəyirdi, o, məni özü ilə birlikdə İudeya şahı İroda and içdirmək istəyirdi ki, İrod bizi buradan azad edib doğma yurdumuzdakı mülklərimizi bizə qaytarsın. Çünki biz burada istehza və nifrət içindəyik. Lakin mən bunu rədd etdim və soruşdum ki, bu, özümüzü fələstinli sayıb qədim şayiələrə, boş nağıllara aldanmağımız deməkdir? Bundan sonra o, məndən əl çəkdi və dərhal baş kahin Qirkanı azad etdi. O, dəfələrlə İrod tərəfindən aldadılsa da, öz xəyanətkarlığından əl çəkməyəcək. Bəlkə, sən onun qarşısını almağa tələsəsən.”  Bunu eşidən Arsam Yenan üçün müxtəlif edam növləri hazırlamağı tapşırdı. Məsələ elə bir nöqtəyə gəlmişdi ki, ya o, İudeya qanunlarından tam əl çəkib Günəşə  və Şah bütlərinə səcdə etməli idi ki, belə olan halda hökmdar ona əvvəlki hakimiyyətini qaytaracaqdı, ya da  xaça mıxlanacaqdı ki, bununla da onun nəslinə son qoyulacaqdı. Arsam Yenanın gözü qarşısında onun qohumlarından birini öldürdükdən, edam yerinə isə oğulları Safariya və Azariyanı qoyduqdan sonra Yenan onların da edam ediləcəyindən qorxdu və həyat yoldaşlarının yalvarışlarına tab gətirməyib bütün nəsli ilə hökmdarın istəyinə tabe oldu və beləliklə də, əvvəlki mövqeyinə qaytarıldı. Lakin şah ona qətiyyən etibar etmədiyi üçün Ərməniyəyə göndərdi, onu Mesopotamiyadan uzaqlaşdırmaq üçün həmin vilayəti onun idarəçiliyinə verdi.

Fəsil 24. İrodla Arsak arasında narazılıq, Arsakın məcburiyyət qarşısında ona tabe olması

Sonunda İudeya şahı İrodla erməni şahı Arsam arasında narazılıq yarandı. Belə ki, İrod öz hərəkətləri ilə dəfələrlə cəsurluğunu nümayiş etdirdi, xeyirxah işlərə başladı, Romadan başlayaraq hətta Dəməşqə qədər müxtəlif şəhərlərdə çoxlu binalar inşa etdirdi. Bu səbəblə o, Arsamdan palçıq və bataqlıq üzündən keçilməz küçələri olan Antioxiya[4] Suriyasında yolları təmizləmək üçün işçilər istəyir. Arsam İrodun xahişini rədd edir və ona müqavimət göstərmək üçün qoşun toplayır, həmçinin Romaya, Sezarın yanına elçilərini yollayır və İrodun tabeçiliyindən azad olunmasını istəyir. Lakin Sezar onu İrodun hakimiyyətindən azad etmir, bütün Aralıq dənizi torpaqlarını da İrodun hakimiyyəti altına verir. O zaman İrod Aralıq dənizi torpaqlarını oğlu Aleksandrın qayınatasına vermişdi. Onun atası Timon, anası isə Midiya şahlarından olan Astiaq və Drakonun nəslindən idi. O özünə yardım üçün qalatlar[5] və pontlardan ibarət on alay da götürür. Bunlardan xəbər tutan Arsam İrodu özünün hökmdarı kimi tanımağa məcbur olur və təcili olaraq ona lazım olduğu qədər işçi göndərir. Onlar Antioxiyada yolları təmizləyərək 20 stadi uzunluğunda daş və ağ mərmərdən ibarət elə yollar saldılar ki, çaylar daşanda şəhərə ziyan vurmasın. Arsam 20 il hökmranlıq etdikdən sonra dünyasını dəyişdi.

Fəsil 25. Avqarın hökmranlığı, bütün Ərməniyə Romalılara xərac ödəyir, İrodla müharibə, qardaşı oğlu İosif həyatını itirir

Arsamın oğlu Avqar[6] Fars şahı Arsavirin hakimiyyətinin 20-ci ilində hökmranlığa başladı. Bu Avqar həddən artıq həlim və müdrik olduğu üçün, sonradan isə yaşına görə Avaq-ayr, yəni birinci kişi adlanırdı. Lakin suriyalılar və yunanlar onun adını düzgün tələffüz edə bilmədiklərindən onu Avqar adlandırırlar. Onun hakimiyyətinin ikinci ilində bütün Ərməniyə Romalılara xərac ödəməyə məcbur oldu. Çünki  Lukanın[7] İncilində təsvir edildiyi kimi, Sezar Avqust bütün dünyada əhalinin siyahıya alınmasını əmr etdi və bu məqsədlə Ərməniyəyə Romalı hökmdarlar göndərildi. Onlar özləri ilə Avqustun şəklini gətirib bütün məbədlərə qoydular.

Elə bu zaman İudeyada bizim xilaskarımız Allahın oğlu İsa Məsih anadan olur. Elə həmin vaxt Avqarla İrod arasında narazılıq yaranır. Belə ki, İrod erməni məbədlərində Sezarın şəkli yanında öz şəklinin qoyulmasını tələb edir. Avqar buna imkan vermədiyindən İrod bunu narazılıq üçün bəhanə edib Frakiya və German qoşunlarını quldur dəstələri kimi Fars üzərinə basqına yollayır və onlara Avqarın vilayətindən keçməyi tapşırır. Lakin Avqar buna mane olmağa çalışır və Sezara inadla Fars üzərinə boş səhralıqdan hücum edilməsində israr edir. İrod bundan hiddətlənir, lakin çoxlu xəstəlikləri olduğu üçün heç bir şey edə bilmir. Ona görə də qardaşının oğlu İosifi göndərir. İosif onun qızının həyat yoldaşı idi. İrodun qızı İosifdən əvvəl onun qardaşı Ferrorun xanımı idi. İosif böyük qoşunla Mesopotamiyaya gəlir və Buqnan vilayətində Avqarla görüşür. Bu döyüşdə İosif öldürülür, ordusu isə məğlub edilir. Elə bu zaman İrod da ölür və Avqust onun yerinə oğlu Arxelayı İudeya xalqının hökmdarı təyin edir.

Fəsil 26. Edes şəhərinin inşası, bizi maarifləndirənin qısa şəcərəsi   

Bir neçə müddət keçdikdən sonra Avqust ölür, onun yerinə Tiberi[8] keçir. Sezar olan Germanik[9] Arsavir və Abqarın İrodun qardaşı oğlunun öldürüldüyü müharibə üçün Romaya göndərdiyi səfirləri qəddarcasına ittiham edir; bunu təhqir kimi qəbul edən Avqar etiraz etməyi düşünür və müharibəyə hazırlaşır. Eyni zamanda Fəratın Krasın qoşunlarından müdafiə edildiyi yerdə Edesa şəhərini salır ki, erməni qoşunlarının dayağı olsun. O, bu paytaxtına Nizibisdə olan bütlərini, Naboq, Bel, Batnikal və Faratı,[10] həmçinin məbəddəki bütün kitabxana və şah əlyazmalarını da gətirir. Bundan sonra Arsavir ölür və Fars şahlığını oğlu Artas üzərinə götürür. Bizim hekayənin nə tarixində, nə də zamanında ardıcıllıq olmadığı üçün, həm də Arsavirin nəsli və oğlu Artasın qohumları erməni xalqının dini qəbul etməsinə səbəbkar olduqları üçün biz bu kitabda əvvəl hörmət əlaməti olaraq Artasın dövründə yaşayan kişiləri xatırlayacağıq ki, oxuculara onların cəsarətli kişinin nəslindən törədiklərini çatdıraq. Sonra isə onların əcdadlarının, Karen və Surenlərin  Ərməniyəyə köçdüyü zamanları təsvir edəcəyik. Onlardan Müqəddəs Qriqori və Kamzarlar törəmişdir. Və nəhayət, onların varisi olmuş şaha gəlib çatacağıq. Belə ki, Avqarın Romadan müstəqil olmaq istəyi uğurlu olmadı, çünki onun Fars dövlətindəki qohumları arasında çoxlu sayda narazılıqlar yarandı. Bu narazılıqlara son qoymaq və eyni zamanda onların özlərinə də məhdudiyyətlər qoymaq üçün Avqarın özü qoşunla getməli olur.

Fəsil 27. Avqar Şərqə gəlir və Artası Fars şahı təyin edir; bundan sonra qardaşlarının işlərini qaydasına qoyur, bizi maarifləndirən və maarifləndirənin nəsli onların nəslindəndir.[11]

Şərqə gələn Avqar Arsavirin oğlu Artasın Fars şahı olduğunu görür. Onun qardaşları ona qarşı çıxmışdılar. Artas onlar üzərində nəsli hökmranlıq istəyirdi, onlar isə buna dözə bilmirdilər. Məhz bu səbəbdən Artas onları mühasirədə saxlayanda və ölümlə təhdid edəndə döyüşlər arasında digər yaxınları ilə də çoxlu sui-qəsdlər və çəkişmələr baş verirdi. Arsavirin üç oğlu və bir qızı var idi. Birinci oğlu şah Artasın özü idi, ikinci Kareniy, üçüncü isə Sureniy idi və bir də bacıları Kozma var idi. Atası onun ərini bütün Ari qoşunlarının sərkərdəsi təyin etmişdi. Avqar onları sülhə təhrik edərək hamısına şərtlərini qəbul etdirdi.  Bu şərtlərə görə, Artas öz nəsli ilə istədiyi kimi şahlıq edəcəkdi. Onun qardaşları isə qüdrətli və bərəkətli şəhər və vilayətin adı ilə Balqavenli[12] adlandırılırlar ki,  şah  qanından doğulduqlarına görə onlar digər Fars satraplarından fərqli olaraq, daha böyük hörmət və ləyaqətə sahib olsunlar. Bununla yanaşı, and içmək yolu ilə onlara Artasın nəslində kişi nümayəndəsi olmadıqda özlərinin şahlıq etməsini qəbul etdirdi. Bundan sonra şahı çıxmaq şərtilə onları üç yerə böldü. Karenləri və Surenləri Balqaven, bacılarını isə ərinin tutduğu vəzifəyə görə Balqaven aspaxapet[13] adlandırdı. Deyilənə görə, Müqəddəs Qriqoriy Suren Balqavenin, Kamzarilər isə Karen Balqavenin nəslindəndir. Bu haqda isə yeri düşəndə danışacağıq. Burada isə Artasın vaxtında olanlardan bəhs etdik, buradan da belə nəticə çıxarmaq olar ki, bu məşhur xalq, həqiqətən də, Valarsakın qanındandır, yəni Valarsakın qardaşı böyük Arsakın nəslindəndir. Beləliklə, Avqar öhdəliklərin yazıldığı qərarı götürdü və geri döndü. Onun sağlamlığı artıq zəif idi və o, ağır xəstəliklərdən əziyyət çəkirdi. 

Fəsil 28. Avqarın Şərqdən qayıtması və tetrarx[14] İroda qarşı vuruşan Aretə yardım etməsi

Şərqdən qayıtdıqdan sonra Avqara xəbər verilir ki, onun guya şərqə qoşun toplamağa getməsi haqqında Romalılara xəbər çatdırılıb. Ona görə də o, Romaya məktub göndərərək Farsa getməsinin səbəbini izah edir və eyni zamanda Artas və qardaşları arasında əldə edilmiş öhdəliklərin siyahısını da məktuba əlavə edir. Amma hökmdarlar ona inanmırlar, çünki düşmənləri olan Pilat, tetrarx İrod, Lizaniy və Filip ona böhtan atırlar. Belə olduqda Avqar özünün Edesa şəhərinə gəlir və Petranın[15] şahı Aretlə ittifaqa girir. İrodu məğlub etmək üçün ona Xoren Arzruninin başçılığı altında yardımçı qoşun göndərir. Çünki İrod əvvəl Aretin qızı ilə evlənmişdi, amma sonra onu qovaraq əri sağ ola-ola İrodiada ilə evlənir. Vəftizçi İoann[16] buna etiraz etdiyi üçün onu da öldürür. Beləliklə, İrodla Aret arasında qızından imtina edildiyi üçün müharibə başlayır. Bu müharibədə İrodun qoşunları erməni qoşunlarının yardımı ilə məğlub edilir. Bu, elə bir məğlubiyyət idi ki, sanki Allahın özü Vəftizçi İoannın ölümünə görə onu cəzalandırırdı.

Fəsil 29. Avqar naxararları Marinin yanına göndərir, onlar bizim İsa Məsihi görürlər, bu da Avqarın dinə gəlməsi üçün əsas səbəb olur

Həmin dövrdə Finikiya, Fələstin, Suriya və Mesopotamiyanı Stroqun Qeysəriyyənin tribunu[17] olan oğlu Marin idarə edirdi. Avqar onun yanına, Betkubin[18] şəhərinə iki zadəganını, Aldznindən olan Mariqibanı və Apaqundan olan Sansaqramı və etibar etdiyi Anan adlı birisini göndərir. Onlar Avqarın şərqə səyahətinin səbəblərini izah etməli, Artas və qardaşları arasında bağlanmış öhdəliyi göstərməli və yardım istəməli idilər. Bu elçilər Erevteropol[19] şəhərinə gəldilər. Marin onları dostcasına, yüksək səviyyədə qəbul etdi. Marin Avqara Sezardan qorxmamağı, amma xərac ödəməyi məsləhət görür. Geri qayıdarkən elçilər İsa Məsihi görmək üçün Yerusəlimə gedirlər. Çünki onun etdiyi möcüzələr haqqında Avqarın da qulağına çatmışdı. Bu möcüzələrin şahidi olanlar Avqara danışmışdılar. Eşitdiklərindən təsirlənən Avqar onu Allahın həqiqi oğlu kimi qəbul etmişdi. O demişdi: “Çünki onun gücü, həqiqətən də, insani deyil, ilahi gücdür. Çünki Allahdan başqa heç kim ölüləri dirildə bilməz.” Həmin vaxtlar o, Farsda ağır xəstəliyə düçar olmuşdu və bu xəstəlik 7 il idi ki, davam edirdi və onu heç kim sağalda bilmirdi. Ona görə də Avqar İsa Məsihə məktub yazıb acizanə şəkildə onu ziyarət etməsini və xəstəlikdən qurtarmasını xahiş edir. O məktubun məzmunu belə idi:

Avqarın İsa Məsihə Məktubu

“Arsamın oğlu, bəxş edilmiş torpağın hökmdarı[20] Avqar Yerusəlim ölkəsində yaşayan mərhəmətli Xilaskar İsaya can sağlığı arzulayır. Mənə sənin haqqında və sənin əlindən şəfa görənlər haqqında məlumat çatıb ki, sən görməyənlərin gözünü açır, axsayanları sağaldır, cüzamlıları təmizləyir, çirkin ruhları qovur, uzun sürən xəstəlikləri müalicə edir, ölənləri dirildirsən. Bütün bunları eşidəndən sonra mən düşündüm ki, sən ya göydən yerə enmiş Allah, ya da Allahın oğlusan. Buna görə də səndən xahiş edirəm ki, məni ziyarət edəsən və xəstəliklərimi sağaldasan. Mən həm də eşitdim ki, İudeylər sənə qarşı üsyan edir və sənin edamını müzakirə edirlər. Mənim böyük olmasa da, bir şəhərim var və ikimizə də kifayət eləyər.”

 Elçilər bu məktubla gedib İsa ilə Yerusəlimdə görüşdülər. Bu haqda İncil belə şahidlik edir: “Bayram vaxtı təzimə gələnlər arasında Ellinlər var idi. Onlar Qaliley Vifsaidlərindən olan Filipə yaxınlaşdılar. Ondan xahiş edib dedilər ki, İsanı görmək istəyirlər. Filip gedir və bu haqda Andreyə deyir. Sonra Andrey və Filip bunu İsaya deyir.”[21] Lakin Xilaskarımız Avqarın xahişi ilə onun yanına getməmək qərarı alır və ona aşağıdakı məzmunda məktub yollayır.

Xilaskarın göstərişi ilə Apostol Foma tərəfindən Avqarın məktubuna yazılan cavab:

“Məni görmədən mənə inanan bəxtəvərdir. Çünki mənim haqqımda yazılıb ki, məni görənlər mənə inanmayacaqlar, məni görməyənlər mənə inanacaqlar və yaşayacaqlar.” “Mənim sənin yanına gəlməyimə gəlincə, əvvəl, gərək mən nəyin xətrinə Yerusəlimə göndərilmişəmsə onları yerinə yetirim. Ondan sonra isə məni göndərənin yanına qayıdacağam, ora qayıtdıqdan sonra buradakı şagirdlərimdən birini göndərəcəyəm ki, sənin xəstəliklərini sağaltsın, sənə və yaxınlarına həyat versin.”

Bu məktubu Avqara Anan gətirdi, məktubla birgə İsanın şəklini də gətirdi. O şəkil hələ də Edesa şəhərində saxlanılır. 


[1]Samosat İran-Yunan çarlığı olan Kommagenin paytaxtıdır. Kommagen  İran dilli Orontid/Yeruandid sülaləsi tərəfindən idarə olunurdu, bu sülalə həmçinin Ərməniyəni də idarə edirdi.

[2] Müasir Livanın ərazisində Nahr al-Kalb çayı.

[3] Suriya Mesopotamiyası.

[4] Müasir Antakiya.

[5] Qalatlar kelt mənşəli tayfa.

[6] Avqar və ya Abqar Suriyada Edesa şəhərinin hökmdarı idi, Xorenatsi onu erməni şahı kimi təqdim edir.

[7] Həvarilərdən biri.

[8] Roma imperatoru Tiberi nəzərdə tutulur.

[9] Germanik Tiberinin qardaşı oğlu və varisi idi.

[10] Semit Allahlarının adları.

[11] Artasın nəsli nəzərdə tutulur.

[12]Bəzi tələffüzdə Pahlav.

[13] Erməni dilində sparapet, ali baş komandan.

[14] Tetrarx şahlığın dörddə bir hissəsində hökmranlıq edən vassal-şaha deyilir.

[15] Müasir İordaniyanın ərazisində mövcud olmuş qədim Nabateya şahlığının paytaxtı Petra şəhəri.

[16] İslamda Yəhyə ibn Zəkəriyyə kimi tanınır.

[17] Tribun Roma imperiyasında vəzifəli adam.

[18] İudeyada şəhər.

[19] Betkubinin digər adı.

[20] Mənbə bununla Avqarın apanaj mülkünün hökmdarı olduğunu bildirir. Apanaj hökmdarın taxta iddia edə bilməyən gənc oğullarına imperiya torpaqlarından verilən mülklərdir.

[21] Burada İncilin İoann 12: 20  hissəsindən istifadə olunub.


Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.