Cəmiyyət

Cəmiyyət

Rusiya postsovet məkanında güclənirmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti toplantısı keçirildi. Ənənəvi olaraq, bir gün əvvəl MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası oldu. MDB çərçivəsindəki yığıncaqlar və qəbul olunan sənədlər uzun müddətdir, nəinki dünyada, hətta postsovet regionunda belə diqqəti cəlb etmir. Çünki MDB-nin qeyri-effektiv bir struktura çevrilməsi ilə bağlı qənaət formalaşıb. Lakin sonuncu Moskva görüşü bu baxımdan istisna sayıla bilər. Qəbul olunmuş iki rəsmi sənəd hər zamankı standart xarakter və məzmundan bir qədər fərqlidir və hazırkı gərgin, qeyri-müəyyən beynəlxalq şərait kontekstində qiymətləndirildikdə xüsusi məna qazanır. İndiki mərhələdə Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan ciddi yaxınlaşma da nəzərdən qaçırılmamalıdır. Xüsusən, Rusiya xüsusi xidmət orqanı rəhbərinin Bakıya səfəri və apardığı müzakirələr barədə yayılan rəsmi məlumatın üzərində dayanmağa ehtiyac var. Bu yazıda MDB-nin Moskva toplantılarında verilən qərarlar, Rusiyanın bu təşkilatı uzun müddət sonra aktivləşdirməyə çalışmasının səbəbləri, həmçinin Rusiya-Azərbaycan münasibətlərində baş verən yeniliklər təhlil edilir.   

Regional dövlətlərarası təşkilat olan MDB hazırda 9 tamhüquqlu üzvdən ibarətdir: Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan. Neytral dövlət statusuna malik Türkmənistan assosiativ üzv qismində toplantılara qatılır. Moldova 2020-ci ildə Maya Sandunun prezident seçilməsindən sonra MDB-nin işində iştirak etmir və bu qurumdan tədricən çıxacağını bəyan edib. Yəni faktiki bu gün MDB-də Rusiyadan başqa cəmi 7 keçmiş sovet ölkəsi təmsil olunur. Bunlardan birinin – Ermənistanın Moskva görüşündə 2 vacib sənədi imzalamaqdan imtina etməsini də nəzərə alsaq, keçmiş SSRİ coğrafiyasına aid cəmi 6 ölkənin Rusiya ilə bərabər hərəkət etdiyini və onun beynəlxalq münasibətlərə dair mövqeyini bölüşdüyünü söyləyə bilərik. Ermənistanın qoşulmadığı rəsmi sənədlər MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən Avrasiyada təhlükəsizliyin təmin olunmasında əməkdaşlığın prinsipləri haqqındaBeynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin yolverilməzliyi haqqında bəyanatlardır.

Əvvəlcə onu qeyd etmək zəruridir ki, hər iki bəyanat sinizm və riyakarlıq nümunəsidir, o baxımdan ki, mətnlərdə BMT Nizamnaməsinə, beynəlxalq hüquqa istinadlar var və hansısa dövlətin güc yolu ilə öz mövqeyini başqa dövlətlərə diktə etmə cəhdləri qınanılır. Halbuki Rusiya 2 il 8 aydır, Avropanın şərqində böyük müharibə aparır və BMT Nizamnaməsini, beynəlxalq hüququn bütün normalarını tapdayaraq qonşu ölkənin ərazilərini işğal edib.

BirinciBəyanatda bildirilir ki, beynəlxalq münasibətlərdə bütün maraqlı tərəflərin iştirakı olmadan işlənib hazırlanmış qayda, standart və normaları qəbul etdirməyə çalışmaq yolverilməzdir və MDB-nin bu qayda və normaların hazırlanmasında rolu yüksəldilməlidir. Qeyd olunur ki, MDB üzvləri təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə Avrasiyada əməkdaşlığın çoxqütblü reallıqlara uyğunlaşdırılmasının tərəfdarıdır. İkinciBəyanatda isə deyilir ki, dövlət və özəl mülkiyyət, aktivlər, o cümlədən bank hesabları, istiqrazlar, daşınmaz əmlak, diplomatik və konsulluq məkanları immunitetə malikdir və başqa dövlətin birtərəfli tədbirləri ilə dondurula, müsadirə oluna bilməz. Bu cür tədbirlər başqa dövləti öz siyasətini dəyişməyə məcbur etməyə yönəlib.

Hər iki bəyanatda əksini tapan məqamlar Rusiyanın rəsmi mövqeyinin ifadəsi və təbliğat tezislərinin təkrarıdır. Bu sənədlərdə Qərbin adı çəkilməsə də, onun siyasəti tənqid olunur. Bəyanatlardan biri tamamilə Rusiyaya qarşı sanksiyalara həsr olunub və digər 6 ölkə bu məsələdə ona dəstək ifadə edib. MDB-nin rolunun gücləndirilməsi məsələsində də adları çəkilən 7 dövlət arasında fikir ayrılığı yoxdur, bu məqamı Rusiya prezidenti Putin də öz çıxışında vurğulayıb. Qəbul olunan digər qərara əsasən, MDB Parlamentlərarası Assambleyası çərçivəsində Rus dili – MDB regionunda inteqrasion dialoqun əsası kimi adlı beynəlxalq konfransın müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub. Rusiya yaxın xaric adlandırdığı və öz həyati maraq zonası hesab etdiyi postsovet məkanında rus dilinin mövqeyinin qorunmasında, xüsusən gənc nəsillər arasında populyarlaşdırılmasında maraqlıdır. Rus dili və mədəniyyəti Rusiyanın yumşaq gücüdür və Moskvanın bu respublikalar üzərində təsir imkanlarını saxlamasında və davam etdirməsində rol oynayan mühüm alətlərdən biridir.

Ukraynadakı müharibənin gedişatının postsovet coğrafiyasında geosiyasi proseslərə təsiri inkarolunmaz reallıqdır. Bu müharibə Rusiyanın gücünün test edildiyi, onun regional və beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşıyan hadisədir. ABŞ başda olmaqla, Qərbin Ukraynaya hərbi dəstəklə bağlı cəsarətsiz mövqeyi və tərəddüdlə addım atması, buna paralel işğalçı ordunun son bir ildə cəbhədə aşağı templə də olsa, irəliləyə bilməsi Rusiyanın nüfuzuna müsbət təsir edir. Bunun nəticələri ilk növbədə postsovet coğrafiyasında, o cümlədən Cənubi Qafqazda özünü göstərir. Gürcüstan hökuməti Avropa İttifaqına namizəd stutusu almasına baxmayaraq, avrointeqrasiya prosesini sabotaj edən siyasət yeridir və Rusiya təsir sferasına qayıtmağa zəmin hazırlayır. (26 oktyabr parlament seçkilərinin nəticələri bu baxımdan çox vacibdir). Halbuki Gürcüstan birmənalı strateji seçim edərək avroatlantik inteqrasiya hədəfini öz Konstitusiyasına daxil etmişdi. Qərbin Gürcüstanın məsələsini həddən artıq uzatması, Ukrayna müharibəsinə qədər bu ölkəyə, həmçinin Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, hətta üzvlük perspektivi belə verilməməsi, eləcə də NATO-nun 2008-ci il Buxarest zirvə toplantısının Gürcüstan və Ukrayna ilə bağlı qərarının icrası istiqamətində heç bir addım atılmaması bugünkü vəziyyətin yaranmasının əsas səbəbidir.

Cənubi Qafqazda son iki ildə ortaya çıxan yeni reallıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının müttəfiqlik səviyyəsinə yüksəlməsi və dərinləşməsidir. 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyətinə dair Bəyannamə ilk vaxtlar yerli ictimaiyyət və  Qərb tərəfindən o qədər də ciddi qəbul edilməmişdi, amma ötən müddətdə tərəflərin əlaqələrinin bu sənədlə uyğunluq təşkil etdiyi müşahidə olundu. Xatırlatmaq yerinə düşər ki, Bəyannamənin 4-cü maddəsində Rusiya və Azərbaycanın aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutması; 5-ci maddəsində Qafqaz və Xəzər regionlarında xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərməsi; 7-ci maddəsində tərəflərin iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən çəkinməsi; 25-ci maddəsində isə digər tərəfin maraqlarına zərər vuran iqtisadi fəaliyyətlər həyata keçirilməməsi barədə qarşılıqlı öhdəliklər qeyd olunub. Qərb tərəfindən təcridlə üzləşmiş və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində həbs qərarı çıxardığı Putinin avqustda Bakıya səfəri və burada çox səmimi qarşılanması iki ölkə münasibətlərinin səviyyəsinin nümayişi kimi yadda qaldı. Münasibətlərin müttəfiqliyə doğru inkişafına dair daha bir göstərici MDB zirvə toplantısından bir neçə gün əvvəl – oktyabrın 2-3-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinin Bakıya səfəri oldu.

Xüsusi xidmət orqanları rəhbərlərinin səfərləri və müzakirə etdikləri məsələlər barədə adətən detallı məlumatlar yayılmır və bu, həmin sahənin spesifikası ilə əlaqədardır. SVR Media Bürosunun səfər haqqında vacib informasiya verən qeyri-standart press-reliz yayması bu baxımdan təəccüblü oldu. Məlumata görə, Narışkinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri ilə görüşlərində qeyd olunub ki, Rusiya və Azərbaycan xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətində Qərb xüsusi xidmətlərinin hər iki ölkədə daxili siyasi sabitliyin pozulmasına yönəlmiş düşmənçilik səylərini aşkarlamaq xüsusi yer tutur. “Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xarici kəşfiyyat xidmətlərinin sistemdənkənar müxalifət və beynəlxalq terror təşkilatlarından istifadəsinə qarşı birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib”, – deyə açıqlamada diqqətə çatdırılır. Narışkin Bakıda maraqlı bir informasiyanı da paylaşıb. O, jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları bu yaxınlarda ABŞ tərəfindən rusiyalı diplomatlardan birinə qarşı provokativ təhlükənin qarşısını bərabər alıblar. O, hadisənin nə vaxt, harada, necə baş verdiyini və başqa təfərrüatları deməyib.

Azərbaycan tərəfi Narışkinin səfəri, ölkə prezidenti və Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşləri haqqında heç bir rəsmi məlumat yaymayıb. Rusiya tərəfinin rəsmi açıqlamalarına da münasibət bildirilməyib. Mətbuata qapalı görüşlər və kəşfiyyatların əməkdaşlığı haqqında Rusiyanın bu cür açıq informasiyalar yaymasının Bakıda məmnunluqla qarşılandığına inanmaq çətindir. Üstəlik, mətndə Azərbaycanın da adından Qərbin düşmənçilik səyləri ifadəsinə yer verilib. Azərbaycan-Qərb münasibətlərində problemlərin olduğu və prezident Əliyevin Qərbə qarşı ritorikasını xeyli sərtləşdirdiyi məlumdur, amma Bakıda Qərblə münasibətlər hələ ki düşmənçilik kimi qiymətləndirilmir, ən azı açıq müstəvidə bu cür bəyanatlar verilmir. Azərbaycan rəhbərliyi hələ ki rəsmi səviyyədə qeyri-dost ölkələr kateqoriyası müəyyənləşdirməyib. Rusiyanın qapalı söhbətlərin məzmununu açıb ortaya qoyması, iki ölkə xüsusi xidmət orqanlarının ABŞ-a qarşı birgə əməliyyatı barədə mətbuata açıqlama verməsi, şübhəsiz ki, Azərbaycan-Qərb münasibətlərindəki problemləri dərinləşdirərək ağır böhrana çevirməyə xidmət edir. Belə olarsa, Azərbaycanın Rusiyaya ehtiyacı daha da artmış olacaq və Moskvanın öz regional maraqlarını reallaşdırması üçün əlavə imkanlar yaranacaq. Gizli danışıqları ictimailəşdirmək gələcəkdə Azərbaycanın bu məsələlərin icrasından yayınmasına qarşı profilaktik addım kimi də qiymətləndirilə bilər.  

Sistemdənkənar müxalifətə qarşı birgə mübarizəyə gəldikdə isə bu ifadə altında hansı qüvvələrin nəzərdə tutulduğunu anlamaq vacibdir. Sistemdənkənar müxalifət anlayışı Rusiyada Putin dövründə ortaya atılıb. Bu rejimin baxışına görə, müxalifətin sistemə daxil olması 2 müstəvidə baş verə bilər: formal (rəsmi qeydiyyata malik, hakimiyyyət strukturlarında, Dövlət Dumasında təmsil olunan partiyalar) və qeyri-formal (hakimiyyətlə hər hansı əməkdaşlığı olan partiyalar). Bu müstəvilərin xaricində qalan siyasi qüvvələr və qeyri-hökumət təşkilatları (məsələn, Aleksey Navalninin yaratdığı Korrupsiya ilə Mübarizə Fondu və digər layihələr) sistemdənkənar adlandırılır. Hakimiyyətlə razılaşmaya gedib, onun qurduğu ictimai-siyasi ekosistemin bir hissəsinə çevrilməyən, demokratik, rəqabətli seçkilərdə formalaşmamış hakimiyyət orqanlarının legitimliyini qəbul etməyən hər kəs Rusiyada sistem xarici hesab olunur və onlara qarşı hüquqi təqib həyata keçirilir. Hətta Nemtsov, Navalni nümunələrində olduğu kimi, xüsusi təhlükəli hesab olunan sistemdənkənar müxalifətçilər öldürülür. Azərbaycanda rəsmi səviyyədə sistemdənkənar müxalifət anlayışından istifadə olunmur. Ölkədəki bu tip müxaliflər adətən radikal, antimilli, düşmən dəyirmanına su tökən, xain və sair epitetlərlə damğalanır. 1992-1993-cü ildə hakimiyyətdə təmsil olunmuş və hazırda müxalifətdə olan siyasi qüvvələri nəzərdə tutan AXC-Müsavat cütlüyü ibarəsi də istifadə edilir. Hakimiyyətin iradəsi ilə parlamentdə təmsilçilik qazanan, onunla əməkdaşlıq quran, dialoq adlandırılan görüşlərdə iştirak edən, amma müxalifət olduğunu bildirən opportunist siyasi qüvvələr Azərbaycan ictimai rəyində avtobus müxalifəti adlandırılır. (Bu ifadə həmin partiya liderlərinin prezidentin köməkçisi və dialoq prosesinin təşkilatçısı Ədalət Vəliyevlə eyni avtobusda Qarabağa səfər etməsindən sonra yaranıb). Avtobusdan kənarda qalanlar sistemdən də kənarda qalmış sayılır. Rusiya Xarici Kəşfiyyat İdarəsinin açıqlamasından bu qənaət hasil olur ki, Moskva bu cür qüvvələrə qarşı mübarizədə Azərbaycan hakimiyyətinə dəstək verəcək, yaxud artıq bu dəstəyi verir.

Beləliklə, Rusiyanın MDB üzrə tərəfdaşlarının və müttəfiqlərinin daxili, xarici və təhlükəsizlik siyasətinə ciddi təsir imkanlarına sahib olduğunu görürük. Moldova sürətlə, Ermənistan isə ehtiyatla bu təsirdən uzaqlaşmağa çalışdığı halda, MDB üzvü olmayan Gürcüstanda son iki ildə əks proses – Rusiya ilə yaxınlaşma müşahidə edilir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.