Cəmiyyət

Cəmiyyət

İmperiya generalları və Rusiyanın Qafqazda milli maraqları

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci ilin yayında Soçinin Adler rayonunda Qafqazı işğal etmiş rus əsgərlərinin qəhrəmanlığı şərəfinə tunc abidə ucaldılır. İctimaiyyətə abidənin şəhər deputatlarının təklifi ilə qoyulduğu bildirilir.  Lakin abidə qoyulduqdan bir həftə sonra sökülür. Şəhər meriyası abidənin sökülməsini onun şəxsi təşəbbüs əsasında qanunsuz olaraq qoyulması ilə izah edir, amma çərkəz icması bu qərarı hakimiyyətin çərkəz xalqına güzəşti kimi izah edir. Çərkəz icmasının fikrincə, bu abidə Qafqazın işğalı zamanı ağır itkilər vermiş çərkəz xalqının milli hisslərinin alçaldılmasından başqa bir şey deyil. Bu gün Qafqazın müxtəlif yerlərində onu işğal etmiş rus generallarının və rus ordusunun şərəfinə çoxlu sayda abidələr, xatirə kompleksləri və heykəllər var. Rus dünyası üçün bu abidələr Rusiya imperiyası ordusu və generallarının Qafqazı işğalı zamanı göstərdiyi şücaət və qəhrəmanlığına hörmət və ehtiramı ifadə edir. Qafqaz xalqlarına isə bu abidələr onların əcdadlarına yaşadılan ağrıları, milli heysiyyətin tapdalanmasını, kütləvi repressiya və deportasiyaları xatırladır.

Bu ilin yanvarında Gəncənin rus qoşunları tərəfindən işğalının 220-ci,  mayında isə Rusiyanın bütöv Qafqazı işğalının 160-cı ildönümüdür.  1864-cü il mayın 21-də Kbaade adlı dağ kəndində Böyük Knyaz Mixail Nikolayeviçin iştirakı ilə çərkəzlər üzərində qələbənin şərəfinə şükran duasının oxunması ilə Qafqaz müharibəsinin faktiki olaraq bitdiyi elan edildi. Rusiyanın Qafqaz işğalının 18-ci əsrdə başlandığını nəzərə alsaq, bu müharibənin Rusiya imperiyası tarixində ən uzun və ən qanlı müharibə olduğunu deyə bilərik.

1819-cu ildə Rusiyanın Qafqaz Ordusunun komandanı Aleksey Yermolov Dağıstan dağlarının 2000 metr hündürlüyündə yerləşən Akuşa kəndinə çatır. Deyilənə görə, regionun ən hündür nöqtəsində dayanıb bütün Dağıstana nəzər salan rus generalı “Bu torpaqlar rus əsgərinin bir damla qanına da dəyməz” demişdir. Buna baxmayaraq, Rusiya tarixşünaslığı iddia edir ki, təkcə Şimali Qafqazı tabe etmək üçün Rusiya imperiyası 250 minlik ordu səfərbər edib. Rusiya imperiyasının rəsmi mənbələri Aleksey Yermolovdan başlayaraq səkkiz rus generalının rəhbərlik etdiyi Qafqaz müharibəsində 70 mindən çox rus hərbiçisinin öldüyünü bildirir, Qafqazın yerli əhalisinin itkilərini isə nə Rusiya imperiyasının, nə də müasir Rusiya Federasiyasının hakimiyyəti dilə gətirir. Təqribi hesablamalar isə bilavasitə döyüş əməliyyatları, silahlı toqquşmalar, məcburi deportasiyalar zamanı yerli əhalinin itkisinin iki milyondan çox olduğunu göstərir.  İran və Osmanlı  imperiyası ilə iki mərhələdən ibarət (müvafiq olaraq 1804-1813, 1826-1828 və 1806-1812, 1828-1829) müharibələr nəticəsində işğal edilən Cənubi Qafqazdan fərqli olaraq, Şimali Qafqazın uzun müddət müqavimət göstərməsi və nəticədə ağır itkilər verərək məğlub olmasının dərin sosial-siyasi səbəbləri var. Qafqaz müharibəsi cənub hissəyə nisbətən şimal hissənin xalqları arasında dərin iz buraxmış, milli faciələrlə müşayiət olunmuşdur.

1859-cu il sentyabrın 22-də Moskvada əsir götürülmüş Şamillə görüş zamanı onun “sən, Yarmul, şeytansan, sən olmasa idin, bizim xalq sülh içində yaşayacaqdır” sözlərinə cavab olaraq Yermolov Qafqaza sülh, əmin-amanlıq və inkişaf gətirmək istədiyini bildirmişdi. Rusiyanın Qafqazı fəth etmiş gereralları Aleksey Yermolov, İvan Paskeviç, Mixail Vorontsov həqiqətənmi işğal ilə bölgəyə sülh, əmin-amanlıq və inkişaf gətirmək istəyirdilər, yoxsa onlar bunun belə olduğuna inanmaq istəyirdilər? Onların yerli əhaliyə münasibəti necə idi? Onların insani keyfiyyətləri, mənəvi dəyərləri işğal etdikləri ərazidə rəftar və davranışlarına necə təsir edirdi? Bu generallar sadəcə olaraq Rusiya imperatorlarının iradəsini yerinə yetirirdilər, yoxsa bu işğalların planlaşdırılması və əsaslandırılmasında da iştirak edirdilər? Bu suallara ən yaxşı cavabı generalların şəxsi məktubları, gündəlikləri, xatirələri, yazışmaları, hazırladıqları layihələri və imperatorların adına ünvanladıqları hesabatları verir. Bu generalların üçü Qafqazın sonrakı taleyində mühüm rol oynayıb. Qafqazın fatehi adlandırılan Aleksey Yermolov 1816-1827-ci illərdə Qafqaz hərbi qüvvələrinin komandanı olub. İvan Paskeviç 1826-1829-cu illər arasında baş vermiş Rusiya-İran və Rusiya-Osmanlı müharibələrinə komandanlıq edib, Qafqazın qurucusu adlandırılan Mixail Vorontsov isə ilk canişin olaraq 10 ildən çox, 1844-1854-cü illərdə Qafqazı idarə edib.

Rusiya imperiyasının Qafqazda milli maraqları uğrunda vuruşan imperiya generallarının şəxsi yazıları onların slavyanofilçiliyin (panslavizm) tərəfdarı olduğunu göstərir. Onlar Şərqdə Qərb qüvvələrinə qarşı Rusiya maraqlarını müdafiə etdiklərinə inanırdılar. Rusiyanın Qafqaz ordusunun komandanı olmuş beş general, Aleksey Yermolov, İvan Paskeviç, Mixail Vorontsov, Aleksandr Baryatinski və Nikolay Yevdokimov yeni əldə edilmiş torpaqlarda qayda-qanun yaratmaq üçün plan və layihələr hazırlayıblar. Onların təklif etdiyi və reallaşdırdığı ideyalar Qafqazın təkcə inzibati strukturuna deyil, həmçinin qafqazlıların sosial həyatına, dini baxışlarına və milli kimliyinə də ciddi təsir göstərib.

1861-ci ildə imperator II Aleksandrla görüşə gedən Qafqaz fatehlərindən biri, general Yevdokimov Qafqazı tam tabe etmək üçün beş illik müharibəyə və döyüşən bir nəslə ehtiyacı olduğunu bildirib. Əks təqdirdə Qafqazın fəthinin on illərlə uzanacağını və bir neçə nəslin məhv olacağını qeyd edib. Bu görüşdən dörd il sonra Rusiya imperiyası rəsmi olaraq Qafqaz müharibəsinin bitdiyini elan etmiş, bir sıra rus generalı isə bu müharibəyə komandanlıq etdiyi üçün Qafqazın fatehi titulunu qazanmışdı. Bu generallar Rusiyanın sərhədlərini genişləndirmək uğrunda vuruşan hərbiçi olmaqla yanaşı, eyni zamanda Rusiya imperiyasının milli ideologiyası və Şərq siyasətinin mahiyyətinə təsir edənlər idi.

Generalların Qafqazın taleyində rolu

Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın Qafqaz siyasəti dünya tarixşünaslığının maraqlı problemlərindən birinə çevrildi. 20-cı əsrin sonu-21-ci əsrin əvvəllərində Rusiya Federasiyasının Çeçenistana qarşı apardığı aqressiv hərbi əməliyyatlar tədqiqatçıların diqqətini bu problemə yönəldən mühüm səbəblərdən idi. Alimlər, siyasətçilər, hərbiçilər Rusiya Federasiyası-Çeçenistan müharibəsi fonunda Rusiya imperiyasının Qafqazı işğalını reallaşdıranların düşüncələri, hansı ideologiyaya əsaslandıqlarını və imperiyanın Qafqaz siyasətinə necə haqq qazandırdıqlarını təhlil etməyə başladılar. Bu sahədə ən böyük cəhdlər Rusiya tarixşünaslığının özü tərəfindən edilib. İlkin mənbələr, arxiv sənədləri, Qafqazın işğalında bilavasitə iştirak etmiş insanların şəxsi mövqeyinin əks olunduğu xatirələr, memuarlar və məktubların dərc edilməsi bu istiqamətdə atılan mühüm addımlardan idi.  Russkaya sivilizasiya layihəsi çərçivəsində nəşr edilən Qərblə Mübarizə, Panslavyanlığın Geosiyasəti, Dövlət İntizamı. Rusiya və Qafqaz, Şərq Torpaqlarının Strategiyası kimi kitablar Rusiyanın Qafqaz siyasətinin əsasında duran ideologiyanı, bu siyasətin kimlər tərəfindən və hansı məqsədlə formalaşdırıldığını, onun mahiyyətini təhlil etmək üçün əhəmiyyətlidir. Bu nəşrlər eyni zamanda Rusiyanın Qafqaz siyasətinə fərqli bucaqlardan baxmağa, əyalətlə mərkəz, müstəmləkə idarəçiliyi ilə metropoliya hakimiyyəti arasındakı münasibətlərə aydınlıq gətirməyə imkan verir. 

Slavyanların Qafqazla ilk toqquşması orta əsrlərdə baş vermişdi, lakin Rusiyanın Qafqaza intensiv yürüşləri 18-ci əsrin əvvəllərində başlayır. Şimal müharibəsində yenicə qalib çıxmış və özünə imperator titulu vermiş I Pyotrun Rusiyanın İranın Xəzər sahili vilayətləri ilə bağlı ambisiyalı planları var idi. Bu planları reallaşdırmaq üçün atılan ilk addım Qafqazın coğrafi, tarixi və iqtisadi cəhətdən öyrənilməsi ilə bağlı idi. Bu işləri həyata keçirmək məşhur alman alimi Samuel Qmelinə tapşırılmışdı. Qmelin ömrünün son yeddi ilini Rusiya imperiyasının cənub sərhədlərində keçirərək Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən vilayətlərin təbii sərvətlərini öyrənmiş və Rusiyanın nə üçün Qafqazı işğal etməli olduğu sualına cavab verməyə çalışmışdı. Qmelin Qaytaq usmisi Əmir Həmzə xan tərəfindən əsir götürülmüş və 1774-cü ildə Əhmədkənddə xəstəlikdən dünyasını dəyişmişdi. Onun ölümü Rusiya ordusunun Dərbəndə cəza dəstəsi göndərməsi və şəhərin işğalı ilə nəticələnmişdi. Qafqazın elmi cəhətdən araşdırılması və işğalın əsaslandırılmasından sonra işğal planı başlamışdı. Bu planda əsas rol hərbiçilərin idi.

19-cu əsrin əvvəllərində əlverişli beynəlxalq şəraitdən isitfadə edən Rusiya hakimiyyəti Qafqaza ilk mütəşəkkil hərbi missiya təşkil etdi. Rusiyanın Qafqazda mövcudluğunda həlledici dönüş yaratmış bu missiyanın rəhbəri general Aleksey Yermolov idi. Yermolov Rusiya tarixi ədəbiyyatında təkəbbürlü, qəddar və düşmənlərə qarşı amansız mövqeyə malik insan kimi təqdim olunur. Bu xüsusiyyətlərinə, həmçinin azadfikirliliyinə görə loyallığı şübhə altına alınan generalın imperatorlarla münasibəti hər zaman yaxşı olmayıb. Rusiya imperatoru I Aleksandrdan mütləq səlahiyyətlər alan və 1816-cı ildə əlahiddə Gürcü alayının komandanı təyin edilən general Qafqazın Rusiya imperiyasına birləşdirilməsinə başladı. Bir il sonra Yermolov Rusiya imperiyasının əlahiddə və ilk səfiri kimi İran dövlətinə, Fəthəli şahın sarayına yollandı. Yermolov yerli zadəganları öz tərəfinə çəkməkdən imtina edən və beləliklə də, Rusiya imperiyasının Qafqaz siyasətinin strategiyası və taktikasını dəyişən ilk general idi. Şimali Qafqazda iki qala, Qroznaia (Qəzəbli, 1818) və Vnezapnaia (Qəfil, 1819) tikdirən general dağlıların güc göstərilərək təslim edilməsinin tərəfdarı idi. Yermolov Qafqazın tabe edilməsinin uzun və çətin bir proses olduğunu anlayırdı, imperatora göndərdiyi işğal planında bu prosesin uğurla reallaşdırılması üçün qalaların tikilməsini, dövlət kəndlilərinin Qafqaza köçürülməsini və regionun ruslaşdırılmasını təklif edirdi. Rus generalı Erkert onun yerli tayfalar kimi qəddar olduğunu yazırdı. 1820-ci ilin yanvarında Denis Davıdova məktubunda Yermolov buna belə haqq qazandırırdı: “Mən Asiya qaydalarına məcburiyyətdən üstünlük vermişəm və görürəm ki, Qafqazın prokonsulu yerli adətlərin qəddarlığını yumşaq ürəklə ram edə bilməyəcək.” Fars sarayını ziyarət etməzdən əvvəl işğal olunmuş xanlıqlara səfər edən Yermolov bölgədə Rusiya hakimiyyətini möhkəmləndirmək üçün yalnız gücün tətbiq edilməsini effektli hesab edirdi. O düşünürdü ki, təkcə adının yaratdığı qorxu “Rusiya imperiyası sərhədlərini zəncir və istehkamlardan daha yaxşı qorumalıdır. İstəyirəm ki, mənim sözüm asiyalılar üçün qanun, daha doğrusu qaçılmaz ölüm olsun. Asiyalıların gözündə təvazökarlıq zəiflik əlamətidir və mən insanlığı sevdiyim üçün sərt və amansızam. Bir edam yüzlərlə rusu ölümdən və minlərlə müsəlmanı xəyanətdən xilas edəcək.”  Yermolov dağlılara qarşı sərt mövqeyini eyni zamanda onların Rusiya ordusuna mənfi münasibəti ilə izah edirdi. Cənubi və Şimali Qafqaz xanlıqlarını müqayisə edən Yermolov  yazırdı ki, Gəncənin hərbi yolla işğalından sonra Cənubi Qafqazın bütün xanlıqları Rusiya tabeçiliyinə keçməyin daha məsləhətli olduğunu anladılar, lakin bunu Şimali Qafqazın hökmdarları haqqında demək mümkün deyil. Qaraqaytaq və Qazıqumıx usmilərini misal gətirən Yermolov onların imperiya xəzinəsinə heç bir vergi ödəmədiklərini, onların ərazilərindən isə rusların yalnız hərbi müşayiət ilə keçə bildiklərini yazırdı. Cənubi Qafqazın Rusiyaya tabe olan xanlarını general-mayor rütbəsi və aylıq maaşla imperiyaya bağlayan general belə bir təklifin Qazıqumıx və Qaytaq usmiləri üçün keçərli olmadığını qeyd edirdi. Yermolov sərt siyasətinə bəraət qazandırmaq üçün qafqazlıların məişət həyatını nümunə gətirir. Yermolov Terek çayının aşağı axarında yaşayan çeçenləri rusların üzərinə hücum edən quldurların ən pisi adlandırır. Yermolov yazır ki, sayca az olan çeçenlər olduqca geniş ərazilərdə məskunlaşıblar, lakin bu ərazilər keçilməz meşələrdən ibarət olduğundan taxıl əkini və ya otlaq üçün yararlı deyil. Məhz bu səbəbdən çeçenlər heç bir faydalı işlə məşğul olmurlar, yaşayışlarını quldurluqla təmin edirlər. Deyilənə görə, Yermolov məhz bu səbəbdən çeçenlərin tərbiyə oluna bilməyəcəklərini və onları tabe etməyin ən yaxşı yolunun onların tamamilə məhv edilməsi olduğunu düşünürdü. Qafqazlılar Yermolovun gözündə “sadə, kütbeyin, düşünmə qabiliyyətinə malik olmayan” xalqdır. Bölgənin əhalisinin yoxsul yaşaması isə onların tənbəlliyi və sadəlövhlüyündən irəli gəlir.

Rusiyanın Qafqazı işğalı dağlılara qarşı qəddar siyasətə haqq qazandıran ideologiyanın formalaşması ilə müşayiət olunub. Qafqazı fəth etmiş Yermolovdan sonra bölgədə “əmin-amanlıq yaratmağa gələn” Vorontsov sonuncuya ünvanladığı məktublarda yerli əhalinin geridə qalmasından bəhs edir, onların Rusiyanın şərq sərhədləri üçün ciddi təhlükə yaratdığını vurğulayır və təəssüf hissi ilə qeyd edirdi ki, şərq cəmiyyətlərində Avropa ruhunu oyatmaq mümkün deyil. İngilis tərbiyəsi görmüş, varlı və məşhur nəslin nümayəndəsi olan Vorontsov Yermolovdan fərqli olaraq qafqazlıları ağır sözlərlə, kobud rəftarı ilə təhqir etməsə də, yazılarında onları ağılsız, yollarını azmış kimi təqdim edir. Lakin Vorontsov eyni zamanda Qafqazın mülki idarəçiliyinə cəlb olunmuş rus məmurlarının əksəriyyətinin alçaq olduğunu da etiraf edir, dəhşətli sui-istifadələrə görə onlara qarşı açıq hərbi əməliyyat aparmaq lazım gəldiyini bildirirdi.

19-cu əsrin əvvəlləri Rusiya hakim dairələrində Qafqazın yerli əhalisi haqqında müsbət olmayan fikirlərin formalaşdığı bir dövr idi, yerlilər hakim təbəqənin və hərbi başçıların təqdimatında savadsız, əxlaqsız və biganə kütlə idilər. Vorontsova görə, qafqazlılar qoyun sürüsü, mal-qara kimi amansız rəftara layiq kütlədir və sivil Rusiyanı cahil qafqazlılardan müdafiə etməyin yeganə yolu onlara qarşı müharibədir. Həm hakim təbəqə, həm də Rusiyanın milli maraqlarını müdafiə edən hərbiçilər düşünürdülər ki, Qafqazın işğalı və tabe edilməsi Rusiyanın şərq sərhədlərinin müdafiəsi üçün əhəmiyyətlidir.

İmperiyanın siyasi sabitliyini və hərbi gücünü Qafqaz sərhədlərinin vəziyyəti ilə əlaqələndirən Rusiya generalları təhlükəsizliyin təmin edilməsi üçün region əhalisinin ruslaşdırılması və xristianlaşdırılmasının labüdlüyünü qeyd edirdilər. Demokratiyanın, qanunların və nizam-intizamın olmaması isə Qafqazın geridə qalmasının ən mühüm göstəriciləri hesab edilirdi. Yermolov yazırdı ki, şərqdə tiraniyanın ən mühüm üstünlüyü qanunverici hakimiyyətə və xüsusi mülkiyyətə malik olmasıdır.

Rusiya generalları və hərbi qüvvələri Qafqaz cəmiyyətlərinin  sosial şəraiti və regionun siyasi vəziyyəti haqqında məlumatlı insanlar idi. Onların nəzərində Qafqaz cəmiyyətləri qeyri-mütəşəkkil, parçalanmış və ifrat dindar idi. Əlbəttə ki, 19-cu əsr Qafqazının özünə məxsus adətləri, qanunları və qaydaları mövcud idi, lakin bu qaydalar özlərini avropalı hesab edən rus hərbiçiləri üçün anlaşılan deyildi. Rusiya hakim təbəqəsinin mərkəzə, xüsusilə də şəxsən I Aleksandr və I Nikolaya göndərdiyi hesabatlarda Qafqazın işğalı ilə bağlı iki məsələyə mühüm əhəmiyyət verilirdi. Birincisi, rus generalları düşünürdü ki, Qafqaz Rusiya tərəfindən işğal olunmazsa, Qərbin nəzarətinə keçəcək ki, bu  da Rusiya üçün böyük faciələrə səbəb ola bilər. İkincisi, Rusiyanın Qafqazda irəliləməsi Osmanlı imperiyası və Fars dövləti əhalisini çətin vəziyyətə salır ki, bu da generalların fikrincə, Rusiyanın bölgədə möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Rusiyanın Qafqazda aqressiv hərbi siyasətinin tərəfdarı olan rus generalları imperiyanın gələcək şərq sərhədlərinin hüdudlarını da müəyyən edirdilər. Generalların fikrincə, Rusiya Qafqazda yalnız üç istiqamətdə irəliləməlidir: qərbdə Türkiyənin Asiya ərazilərinə doğru, cənubda Farsın şimal ərazilərinə doğru və şərqdə Türküstana doğru. Rusiyanın Qafqazda maraqları uğrunda döyüşən rus generalları I Nikolayın Xəzər dənizi vasitəsilə Hindistana hücumunu qəribə plan adlandırır və imperatoru təhlükəli və mənasız olan bu işdən çəkindirməyə çalışırdılar. Rusiya generalları imperatora harada dayanmaq lazım olduğunu və nə etməmək lazım olduğunu yazırdılar. Tiflisdən Fars sarayına səfəri zamanı Yermolov işğal edilmiş ərazilərin bir hissəsini qaytarmağa və Fars şahı ilə  sülh üçün stol arxasına oturmağa hazır olan I Aleksandra ünvanladığı hesabatında qeyd edirdi ki, “Rusiyanın bəzi xanlıqları Farsa geri qaytarmaq firkində olması ilə bağlı dolaşan söhbətlər çətinliklər yaradır. Mən xanlıqların sakinlərinə ərazilərimizdən bir addım da heç kəsə verilməyəcəyini vəd edən  bəyanat yaymışam.” Bu hesabatda Yermolov əslində imperatoru xəbərdar edirdi ki, hər hansı ərazi güzəşti onun üçün qəbul edilməzdir. Yermolov I Aleksandrı xəbərdar etmədən Türküstana və Xivə xanlığına elçilik göndərmiş, bölgə ilə ticarət əlaqələri yaratmışdı. Fəthəli şahın sarayını ziyarəti zamanı da Yermolov imperator tərəfindən şahzadə Abbas Mirzə ilə bağlı ona verilən təlimata tabe olmamış və Abbas Mirzəni varis kimi tanımaqdan imtina etmişdi. Yermolov öz qeydlərində bunu Abbas Mirzənin imperiya üçün yararlı siyasi xadim ola biləcəyinə şübhəsi ilə izah edirdi. Qafqaz ordusunun digər komandanı İvan Paskeviç İran şahzadəsi Abbas Mirzə tərəfindən irəli sürülən şərtləri rədd edərək imperatorun icazəsi olmadan hərbi əməliyyata başlamışdı. Qərarına haqq qazandırmaq üçün imperatora üzr məktubu göndərən general yazırdı: “Tehran üzərinə hücumdan Qacar sülaləsinin devrilməsi və narazı olan əhalinin qanuni hakimiyyətə qarşı çıxması gözlənilirdi.” Qacar sülaləsini devrilməkdən I Nikolay xilas etmişdi. Özü də mütləq hökmdar olan imperator başqa bir hökmdarı hərbi yolla taxtdan salmaq presedentinin müəllifi olmaq istəməmişdi.

Yermolovun işğal siyasətini ləng və kifayət qədər sərt adlandıran Paskeviç sələfindən daha çox şöhrət əldə etmək üçün Qafqazı bir dağıdıcı hərbi kampaniya ilə tam diz çökdürəcəyinə əmin idi. Paskeviçin imperator I Nikolaya ünvanladığı məktubların sərt tonu da, çox güman ki, bu mövqeyi ilə bağlı idi. Məktubların birində general yazırdı: “Müşahidə etdikcə əmin oluram ki, siyasətimiz və dağlılara münasibətimiz səhv olub, bizim nə ümumi planımız, nə də sabit qaydalarımız olub. Qəddarlıq nifrəti daha da artırıb və qisas hissini oyadıb, mökəmliyin olmaması və qətiyyətsizlik ümumən zəiflik və gücün çatışmaması ilə izah olunur. Mənim dörd illik idarəçiliyim siyasətimin düzgün olduğunu təsdiqlədi. Bu da ondan ibarət idi ki, mən lazım olanda yumşaqlıq göstərirdim, lakin əsasən qətiyyətim və gücümlə hədələyirdim. Buna görə də az sayda qoşunlarımız türklər və farslarla müharibə etdikləri zaman dağlıları tabelikdə saxlamağa müyəssər olduq, kiçik basqınlar istisna olmaqla, ciddi heç bir şey baş vermədi.”

Rusiya ordusunun generalları imperatorlara təqdim edilən hesabatlarda Rusiya ordusunun bölgədə yaratdığı sosial problemlərdən yazır və qeyd edirdilər ki, Rusiya ilə vuruşmağa məcbur olan qonşu dövlətlər hərbi əməliyyatları maliyyələşdirmək üçün əhali üzərinə qoyulan vergiləri artırır və beləliklə də, kütlələrin vəziyyətini ağırlaşdırırlar. Hesabatlarda yazılırdı ki, “Yerli əhali hökumətlərinə nifrət bəsləyir, onlar üçün milli dövlət heç bir əhəmiyyət kəsb etmir.  Bu isə bizim ordumuzun irəliləməsi üçün əlverişli şərait yaradır.” Fars və Osmanlı dövlətlərinin idarə üsulunu müqayisə edən Yermolov Fars dövlətində hər hansı idarə sisteminin, qayda-qanunun olmadığını, şahın qeyri-məhdud hakimiyyətindən əhalinin əziyyət çəkdiyini yazırdı. Ərdəbil və Təbrizi işğal etmiş Paskeviç isə fars əhalinin və şiə ruhanilərin Qacar sülaləsinə nifrətindən bəhs edirdi.

Rusiyanın Qafqazda fəaliyyət göstərmiş generallarının hazırladıqları hesabatlar, şəxsi yazışmaları və bu mənbələrdə Qafqazın işğalı ilə bağlı səsləndirilən arqumentlər Qafqaz cəmiyyətlərinin gələcəyinin necə müəyyənləşdirildiyini anlamaq üçün önəmlidir. 19-cu əsrin ortalarına qədər Rusiya hakim təbəqəsi Qafqaz cəmiyyətləri haqqında məhdud məlumata malik idilər. Qafqaz haqqında ilk mükəmməl məlumatlar məhz bölgəni işğal edən generalların hazırladığı və imperiya idarəsinə göndərilən hesabatlarda əks olunub. Yermolov Qafqazın siyasi səhnəsində peyda olana qədər rus generalları yerli cəmiyyətləri tabe etmək üçün ələ alma və şirnikləndirmə siyasətindən istifadə edirdilər. Yermolov bundan imtina edən ilk general idi, çünki Qafqaz cəmiyyətlərinin sosial strukturu, psixoloji vəziyyəti və dini baxışları haqqında daha dərin biliklərə malik olduğunu düşündüyündən, qafqazlıları yalnız güc nümayiş etdirərək idarə etməyi labüd sayırdı. Həm Yermolov, həm də 19-cu əsrin ortalarından Qafqazın mülki idarəsinin başında duran Vorontsov əmin idilər ki, mülki sosial ənənələrin və vətəndaş idarəçiliyinin olmaması yerli hakim təbəqələrə sadə insanları qul vəziyyətinə çevirəcək qədər  qeyri-məhdud hakimiyyət verib. Bir tərəfdən siyasi institutların, milli birliyin və milli kimlik hissinin olmaması, digər tərəfdən bölgənin hüquqsuz və gücsüz sadə əhalisinin yerli hökmdarların hakimiyyəti altında qul vəziyyətində yaşaması Qafqazın qəddar müharibələrlə tabe edilməsini əsaslandıran səbəb kimi göstərilirdi. Rus generallarının rəsmi və şəxsi yazışmalarında məhz bu iki səbəb işğalı əsaslandıran güclü faktora çevrilmişdi.

Qafqazı işğal etməklə yanaşı, onun gələcək sosial quruluş layihələrini yaradan generallar düşünürdülər ki, Rusiya işğalı Avropa işğalından ciddi şəkildə fərqlənir. Generallar iddia edirdilər ki, Avropa ölkələri, xüsusilə də İngiltərə və Fransa Asiya müstəmləkələrini təsadüf nəticəsində istila edə bilmişdilər, Qafqazın işğalı isə rus hərbisinin düşünülmüş siyasətinin nəticəsidir. Bununla bağlı general Rostislav Fadeyev yazırdı ki, Qara dənizdən Sakit okeana qədər bizim geniş cənub sərhədlərimiz boyu yaşayan insanların taleyi bizim şəxsi işimizdir.  Qafqaz üzərində tam hakimiyyətlərini bəyan edən rus generalları yerli icmaların sosial həyatını təşkil etmək üçün xoş məramlarının olduğunu bildirirdilər. Bu məramlar isə iki prinsip, yerli cəmiyyətlərin ruslaşdırılması və xristianlaşdırılması üzərində qurulurdu.

Rusiya imperiyasının həm hərbi, həm də mülki idarəçiliyi Qafqaz cəmiyyətləri üçün dinin xüsusi əhəmiyyət kəsb etdiyini dərk edirdilər. Yerli əhalinin sosial, siyasi və mənəvi kimliyinin müəyyənləşdirilməsində İslamın rolu danılmaz idi. Rus generalları düşünürdülər ki, din Asiya xalqlarının milli kimlik hissini korlaşdıraraq onları ölü xalqlara çevirib. İstənilən bidətçilik, məsələn, müridizm, babilik və s. yerli əhalinin hakim təbəqənin siyasətinə etirazı kimi qiymətləndirilirdi. Məhz bu səbəbdən generallar düşünürdülər ki, ruslaşdırma bu xalqları dini təəssübkeşlikdən xilas edəcək yeganə yoldur.

Rusiya generallarının təbirincə desək, Asiya xalqlarının Rusiya sivilizasiyasına assimilə olunmasına, yəni mülki hüquq sisteminin və məhkəmənin yaradılmasına  1822-ci ildə Yermolov tərəfindən Nalçikdə başlanılır. Rusiya administrasiyası paralel olaraq bölgədə mövcud olan asılılıq münasibətlərini dağıtmağa və yerli sakinlərə sosial statusundan asılı olmayaraq, eyni mülki hüquqlar verməyə cəhd göstərir. Lakin bu siyasəti rus imperatoru məlum səbəblərdən dəstəkləmədi və nəticədə 20-ci əsrin əvvəllərinə qədər Qafqazın sadə əhalisi özünü Rusiya idarəçiliyi altında təhlükəsiz hiss edə bilmədi.  Yermolov, Vorontsov və Fadeyev tez-tez şəxsi yazışmalarında Qafqazın əhalisi arasında vətəndaşlıq hissinin olmamasından bəhs edirdilər. Fadeyev Qafqazı işğaldan sonra çərkəzlərin mənəvi şok yaşadığını qeyd edərək yazırdı ki, kazakların zorakılıqlarına mətanətlə dözən çərkəz Rusiya vətəndaşı olduğunu dərk etmir.

Qafqazı işğal etmiş Yermolov, Paskeviç və Vorontsov kimi generallar yerli adət-ənənələri, dini təfəkkürü qıraraq, qafqazlıların iradəsini rusların mənəvi dünyasına tabe etməyə çalışırdılar. Aleksandr Baryatinski, Mixail Dondukov-Korsakov, Mixail Golitsın kimi sonrakı nəsil generallar isə qafqazlıları Rusiya vətəndaşına çevirməyə cəhd ediblər. 19-cu əsrin birinci yarısında, yerli hakim təbəqənin hakimiyyəti və hökmü tam məhv edilmədiyi və Rusiya qoşunlarının yerli icmalara qarşı aktiv hərbi əməliyyatlar apardığı dövrdə generallar yerli başçıların fikirlərini öyrənmək və nəzərə almaq məcburiyyətində idilər. Bu dövrdə heç bir vətəndaş hüququ olmayan sadə insanlar ikiqat zülm altında idilər, onlar həm yerli hakimiyyətin, həm də Rusiya komandanlığının təzyiqi altında yaşamağa məcbur idilər. Fadeyev yazırdı ki, yerli əhaliyə yaxın yaşayan kazaklar daima çərkəzləri alçaldırlar, onların isə heç bir hüququ yoxdur. Kazakların yerli çərkəzləri heç bir səbəb olmadan öldürməsinin, döyməsinin, təhqir etməsinin, torpaqlarını müsadirə etməsinin adi hal aldığını yazan general bunu kazakların silahlı, çərkəzlərin isə silahsız olması ilə izah edirdi: “çərkəzləri təhqir etmək çoxları üçün əyləncədir, … dağlıların gözündə uzun sürən istintaq və məhkəmələr cəzasızlığın sübutudur. …dağlılar bu qanunsuzluqlardan yaxa qurtarmağın yeganə yolunu Türkiyəyə köçməkdə görürlər.”

İşğalların ilk dövründə Rusiya ordusu yerli xanlara, şamxallara sadə əhalinin üsyan və qiyamlarını, etirazlarını yatırtmağa yardım edirdi. Cənubi Qafqazda xanlıqların başçılarının yerli əhaliyə münasibətini təsvir edən Yermolov Şəki xanı İsmayıl xanın qəddarlığından, əhaliyə verdiyi ağır cəzalardan bəhs edir, Tiflisə çatar-çatmaz çoxlu sayda Şəki əhalisinin xandan şikayətə gəldiyini qeyd edirdi. General Yermolovun Qafqazın baş komandanı və ali konsulu kimi fəaliyyətini təftiş edən rus generalı İvan Dibiç-Zabalkanski 1827-ci ilin aprelində imperator I Nikolaya ünvanladığı məktubda Qafqazın sadə əhalisinin bərbad mülki vəziyyətindən və müsəlman əhaliyə qarşı  çıxarılan çoxlu sayda ölüm hökmlərindən yazırdı. Bu sənədlər Rusiya ordusu komandanlarının Qafqazın sadə əhalisinə münasibətini əks etdirir.

Müridizm hərəkatı dağıldıqdan, Şamil tabe edildikdən sonra vəziyyət bir qədər dəyişir. Rusiya generallarının yerlərdən hazırladıqları hesabat və yazışmalarında Rusiya idarə aparatının, mülki məmurların müsəlman əhaliyə münasibəti təhlil edilməyə başlanır. Bu isə Rusiya idarəçiliyinin Qafqaz siyasətinin təhlili üçün önəmli məlumatlar verir. Bu məlumatlar göstərir ki, Rusiya hakim dairələri tədricən anlayır ki, şərq vilayətlərinin idarəçiliyi müəyyən şərtlərə və məqsədlərə malik xüsusi hökumət tərəfindən həyata keçirilməlidir və bu hökumət idarə edən xalqın, yəni rusların hökmranlığını təmin etməlidir. Rusiya generalları yazırdılar ki, bu cür hökumətin yaradılması üçün bölgədə şərqşünaslar olmalıdır və onlar universitetlərin Şərqşünaslıq fakültələrində təhsil almış mütəxəssislər deyil, Kadet Korpusundan olmalıdır. Bütün generallar düşünürdülər ki, Rusiya hətta Qafqaza mülki hüquqlar gətirsə belə, bölgə hərbiçilər tərəfindən idarə olunmalıdır. 1859-cu ilin avqustunda Şamili əsir götürmüş Aleksandr Baryatinski  imperator I Nikolaya yazdığı məktubunda Qafqazda mövcud olan qeyri-müəyyənlik və dağınıqlığı aradan qaldırmaq üçün bölgəni beş hərbi hissəyə bölməyin (sol cinah, sağ cinah, Xəzəryanı vilayət, Ləzgi xətti və Kutaisi general-qubernatorluğu) və onların hərbi başçılarına idarəetmədə tam sərbəstliyin verilməsinin vacibliyini vurğulayırdı. Tezliklə bu layihənin icrasına başlanılır. Qafqazda sülhün təmin edilməsi üçün icma başçılarına münasibətin dəyişdirilməsinin zəruriliyini anlayan Baryatinski əsir götürülmüş Şamilə imperator tərəfindən güzəştə gedilməsinə nail olmuşdu. Bunu Şamilin 1860-cı ilin avqustunda Kaluqadan Baryatinskiyə yazdığı məktub da təsdiqləyir. Məktubda Şamil ailəsinə və şəxsən özünə göstərilən qayğı və sevgiyə görə canişinə təşəkkür edir və vurğulayır ki, imperatorun göstərdiyi mərhəmətə görə ona borcludur.

Qafqazda vəziyyətin yaxşılaşdırılması və yenidənqurma işləri üçün Rusiya generalları üç əsas şərtə əhəmiyyət verirdilər. Birincisi, qalaların tikilməsi, ikincisi, iqtisadi inkişaf, üçüncüsü isə inzibati islahatlar. Layihələrin reallaşdırılması əsasən Qafqaz idarə aparatının başçısından asılı idi. Generalların bölgənin iqtisadi və ticarət potensialına münasibəti fərqli idi.  Qafqazın dirçəldilməsi üçün uzun müddət çalışan Yermolov düşünürdü ki, Qafqaz iqtisadi cəhətdən perspektivsiz və əhəmiyyətsizdir. Vorontsov, Fadeyev və Baryatinski isə əksinə düşünürdülər ki, Qafqaz zəngin və perspektivli bölgədir. Qafqazı idarə edənlərin siyasəti onların  Qafqaz reallıqlarına münasibəti ilə müəyyən olunurdu.

Generalların şəxsi münasibətləri bölgədə yürüdülən iqtisadi və idarəetmə siyasətinə ciddi təsir göstərmişdi. Yermolovla münasibətləri pis olan Paskeviç imperatora göndərdiyi məktublarda Yermolovun bütün tədbirlərini, ordunun təminatını, logistikanı, ərzaq təminatını, hətta yerli icmalar ilə münasibətini mənfi qiymətləndirirdi. Müasirləri tərəfindən Qafqaz üzrə ekspert sayılan Yermolov İrəvan və Naxçıvan xanlıqları ilə bağlı ziddiyyətli vəziyyətin yaranmasında günahkar hesab edilirdi. Paskeviç imperatora yazırdı ki, “Yermolov Farsdakı nümayəndəsinə etibar edərək Fars qoşunlarının sərhədboyu yerləşdirilməsi xəbərinə inanmış və açıq hərbi toqquşmadan çəkinmişdi. Biz Fars kampaniyasını başladaraq onun nə dərəcədə səmimi olduğunu sübut edəcəyik.”

Rusiyanın Qafqazı işğalının faciəli tərəflərindən biri yerli əhalinin məhv edilməsi, kütləvi köçürülməsi və ərazilərindən qovulmasıdır. Qafqaz ərazisinə Qərb kolonistlərin köçürülməsi generalların şəxsi mənşəli yazılarında və hesabatlarında müzakirə edilməyən məsələlərdən biridir. Yermolov şəxsən Qafqaza hər hansı Qərb icmasının köçürülməsinin əleyhinə idi və düşünürdü ki, bölgəyə yalnız kazaklar və ruslar köçürülə bilər. Vorontsov, Baryatinski və Fadeyev düşünürdü ki, etnik təmizləmə Rusiyanın bölgədə möhkəmlənməsi üçün ilkin şərt hesab olunmalıdır. Yerli icmaların məhv edilməsi və köçürülməsi ilə Qafqazın etnik strukturunda ciddi dəyişikliklərə səbəb olmuş Rusiya ali hərbi təbəqəsi sadə insanların yaşadıqları ərazidən qovulmasının əleyhinə idi. General Fadeyev yazırdı ki, çərkəz kəndlisi bizim düşmənimiz ola bilməz, çünki bizə qarşı yalnız azad və hərbi gücü olanlar savaşır. “Biz ağaları Türkiyəyə köçmüş bütün kəndliləri azad etməliyik.”

Son söz əvəzi

Qafqazın işğalına rəhbərlik etmiş Rusiya generallarının hesabatları, şəxsi yazışmaları təkcə işğal prosesi və siyasətinin təhlili üçün deyil, eyni zamanda işğal zamanı Qafqazda mövcud olmuş sosial-siyasi problemlərin araşdırılması üçün əhəmiyyət kəsb edir. Bu materiallar Qafqazın Rusiya idarəçiliyi altında sosial, siyasi və iqtisadi transformasiyasını izləmək imkanı verir. Rusiya imperatorunun qərarlarına təsir imkanına malik bu generallar, həmçinin Rusiya cəmiyyətinin Qafqaz haqqında sosial fikrini formalaşdıranlar idi. Onların fəaliyyəti ikili xarakter daşıyırdı. İmperiya ideyaları uğrunda vuruşan generallar hərbi xidmətlərinə görə yüksək titullar alır və qəhrəmana çevrilirdilər. İmperiya sərhədlərini genişləndirən generallar həm də Rusiyanın dünya siyasi səhnəsində  güc və nüfuzunun möhkəmlənməsinə nail olurdular. Bu isə onların özlərinin həm sarayda, həm də cəmiyyətdə nüfuzunun artmasına gətirib çıxarırdı. Onların hazırladıqları sənədlər  imperiya generallarının şəxsi keyfiyyətləri, qabiliyyət və bacarıqları haqqında məlumat verir. Bu yazılarda əks olunan qəddarlıq və yerli cəmiyyətlərə sərt münasibət Qafqaz xalqlarının sonrakı taleyində baş vermiş ciddi dəyişiklikləri izah edən  mühüm informasiya mənbəyidir.

Rusiya imperiyasının dağılmasından 100 ildən, SSRİ-nin dağılmasından isə 30 ildən də çox vaxt keçməsinə baxmayaraq, Rusiya tarixşünaslığı Qafqazın işğalı zamanı baş vermiş faciələr haqqında susmağa üstünlük verir. Bu faciələrin baş verməsində məsuliyyəti Rusiya imperatorları ilə yanaşı, işğal siyasətini həyata keçirmiş generallar da daşıyır. Hal-hazırda Şimali Qafqazda yerli əhalinin kütləvi qırğını, deportasiyası və assimilyasiyasını həyata keçirmiş rus generallarının çoxlu sayda heykəlləri ucalır. Bu heykəllərin bir qismi Şimali Qafqazda SSRİ dağıldıqdan sonra ucaldıldığından müasir Rusiya hakimiyyəti və cəmiyyətinin Qafqaz xalqlarının milli hisslərini nəzərə almadığının, imperiya siyasətinin davam etdirilməsinin və tarixi faciələr üçün heç bir məsuliyyət daşımaq istəmədiyinin göstəricisidir. İmperiya generalları müasir Rusiya cəmiyyətinə milli qəhrəmanlar, geridə qalmış şərq xalqlarına sivilizasiya, mədəniyyət gətirən humanist liderlər kimi təqdim edilir. Bu təqdimat isə Qafqaz xalqlarının ictimai geriliyi, sadə əhalinin yerli idarəçilərin hakimiyyəti altında qul vəziyyətində yaşamaları, demokratiyanın olmaması ilə əsaslandırılır. Maraqlıdır ki, bu təqdimatı təşviq edən Rusiya tədqiqatçılarını imperiyanın özünün ərazisində 1861-ci ilə qədər 23 milyona yaxın qul vəziyyətində olan təhkimli kəndlinin olması, demokratik islahatların isə imperiya ərazisinə yalnız 20-ci əsrin əvvəllərindən tədricən gətirilməsi faktı qətiyyən narahat etmir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.