Cəmiyyət

Cəmiyyət

İsrail faktoru Bakı-Ankara münasibətlərində problemə çevrilir

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan-Türkiyə münasibətlərində son aylar anlaşılmazlıqların yarandığı sirr deyil və Azərbaycan tərəfi bunu gizlətməyə ehtiyac duymur. Bu mövzuda avqust ayında dərc etdiyimiz məqalədə qeyd etmişdik ki, Türkiyə hökumətinin Ermənistanla normallaşma prosesini heç bir şərt irəli sürmədən aparması Bakıda narazılıq doğurur, çünki Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt qoşur. Ankaranın bu şərtə dəstək verməməsi isə Azərbaycanın Ermənistan üzərindəki təzyiq siyasətinin təsirini azaldır. Bu məsələ ilə yanaşı, İsrail-Fələstin mövzusu da son vaxtlar Bakı ilə Ankara arasında qıcıqlandırıcı amilə çevrilməkdədir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) İsrail Prezidenti İshak Hersoqun iştirakı baş tutmadı. İsrail Prezidentinin ofisi noyabrın 16-da bunun səbəbinin təhlükəsizliklə əlaqədar olduğunu bildirsə də, bu izahat Azərbaycan tərəfindən təsdiq edilmədi. Ertəsi gün Azərbaycanın rəsmi dairələrinə bağlı olan Caliber.az internet portalı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən yazdı ki, Türkiyə dövləti İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadə etməsinə icazə verməyib və problemi həll etmək üçün diplomatik kanallarla aparılan (Bakı ilə Ankara arasında) danışıqlar nəticəsiz qalıb. Saytdakı yazıda Azərbaycanda dəfələrlə böyük beynəlxalq və regional miqyaslı tədbirlər keçirildiyi və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu xüsusi vurğulanır. Azərbaycanın hakimiyyət dairələrinə yaxın başqa bir internet resursu – Qafqazinfoda dərc olunan yazıda isə qeyd edilir ki, İsrail Prezidentinin təyyarəsinə Türkiyə tərəfindən hava dəhlizinin verilməməsi Bakıda təəccüblə qarşılanıb və təəssüf doğurub: “Son vaxtlar Türkiyənin Ermənistanla gizli görüşlərinin intensivliyinin artması, indi də Azərbaycanın ən yüksək səviyyəyə təşkil etdiyi COP29-da İsrail Prezidentinin iştirakına imkan verilməməsi suallar yaradır.”

Prezident Administrasiyasından ötürülən məlumatlar və tezislər əsasında hazırlandığı şübhə doğurmayan bu yazılardan anlamaq mümkündür ki, Azərbaycanın çox böyük əhəmiyyət verdiyi beynəlxalq tədbirdə yüksək səviyyəli qonağın iştirakına Türkiyənin əngəl törətməsi Bakıda çox neqativ qarşılanıb. Eyni zamanda, bu qənaətə gəlmək olar ki, Azərbaycanın əlində Türkiyə ilə Ermənistan arasında intensiv gizli görüşlərin keçirilməsi barədə məlumat var və rəsmi Bakı bundan narahatdır.      

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 zirvə toplantısının keçirildiyi Braziliyada jurnalistlərin bu barədə sualını cavablandırıb. Sitat: “İsrail Prezidentinin Azərbaycana, COP zirvəsinə gedərkən bizim hava sahəmizdən istifadə etməsinə icazə vermədik. Başqa xətlər var, başqa imkanlar var, oralardan gedə biləcəyini söylədik. Gedə bildi və ya gedə bilmədi, onu bilmirəm. Biz artıq Türkiyə olaraq bəzi şeylərdə mövqeyimizi ortaya qoymağa məcburuq  və ortaya qoyacağıq.”

Prezident Ərdoğanın dediklərindən anlaşılan odur ki, Türkiyə indiyə qədər hansısa məsələdə qəti mövqe ortaya qoymayıb və indən belə bunu edəcək. Söhbət sırf İsraillə münasibətlərdən gedir, yoxsa bu sözlərin Azərbaycana da aidiyyəti var? Bu suala birmənalı cavab tapmaq çətindir və hadisələrin inkişafını izləməyə ehtiyac var.     

Türkiyənin öz hava məkanını Prezident Hersoqun üzünə bağlaması İsraillə ticarətin davam etməsinə görə Ərdoğan hökumətinin daxili siyasətdə məruz qaldığı sərt tənqidlərin fonunda baş verib. Xüsusən ölkədəki mühafizəkar siyasi qrupların və qeyri-hökumət sektorunun bu mövzunu gündəmdə saxlaması Prezident Ərdoğanın başını ağrıdır. 2024-cü il 31 mart bələdiyyə seçkiləri ərəfəsində islamçı Yenidən Rifah Partiyası (YRP) Qəzzada kütləvi qırğınlar baş verərkən hökumətin İsraillə iqtisadi-ticarət əlaqələrini davam etdirməsini öz təbliğat kampaniyasının əsas tezislərindən birinə çevirmiş və hakim partiya bu barədə seçicilərə izahat verməkdə çətinlik çəkmişdi. Həmin seçkilərdə Ədalət və İnkişaf Partiyası (AK Parti) qurulduqdan bu yana ilk dəfə olaraq ikinci yeri tutdu, YRP isə 6%-dən çox səs alaraq özünün indiyə qədər olan ən yüksək nəticəsini göstərdi. Seçkidən bir həftə sonra hökumət İsrailə ixracatın məhdudlaşdırılması haqqında qərar qəbul etdi. Lakin bu qərardan sonra Türkiyənin Fələstinə ixracatında qeydə alınan rekord artım hökumətin Fələstin adı ilə İsraillə ticarəti davam etdirdiyinə dair əsaslı şübhələr yaradır.

Bakı-Ceyhan ixrac boru kəməri vasitəsilə İsrailə xam neftin göndərilməsi də Türkiyədə kəskin tənqid edilir. “Fələstinliləri bombalayan İsrail hərbi təyyarələrinə yanacağı biz göndəririk” fikri ölkədə geniş yayılıb və hökuməti çətin vəziyyətdə qoyur. May ayından etibarən Türkiyədə bununla bağlı vətəndaş cəmiyyəti aktivistlərinin etiraz aksiyaları keçirilir. Bütün ölkədə eyni saatda “Bakı-Ceyhan boru xəttindən İsrailə neft axını kəsilsin!” tələbi ilə qeyri-hökumət təşkilatlarının tədbiriniFələstin üçün min gənc adlı qrupun SOCAR-ın İstanbul ofisi qarşısındakı piketini və binaya qan rəmzi olan qırmızı boya atılmasını; SOCAR-ın neftayırma müəssisəsinin yerləşdiyi İzmirin Əliağa limanında Fələstin üçün qiyam hərəkatı adlı qrupun “İşğalçının neftini kəs, soyqırıma ortaq olma!” tələbi ilə SOCAR binasına doğru yürüşünü qeyd etmək olar. İslamçı və solçu gənclərin cəmləşdiyi Fələstin üçün min gənc təşkilatı COP29 başladıqdan sonra da etiraz aksiyası təşkil edib. Noyabrın 13-də İstanbulda toplaşan gənc aktivistlər “İsrailə nefti Azərbaycan satır, Türkiyə daşıyır. Fələstinə xəyanətdən vaz keç!” yazılmış plakat tutaraq yürüş keçiriblər. Ötən günlərdə bu mövzu Türkiyə parlamentində müxalifət tərəfindən də qaldırılıb və sərt polemikalara səbəb olub. Məsələnin böyüməsi hökuməti açıqlama verməyə məcbur edib. Enerji və Təbii Sərvətlər Nazirliyi İsrailə neft satılması barədə iddiaları əsassız adlandırıb.

Azərbaycan hakimiyyəti, şübhəsiz ki, Türkiyə cəmiyyətindəki bu əhval-ruhiyyədən narahatdır və SOCAR-ın maliyyələşdirdiyi Haber Global TV vasitəsilə yerli ictimai rəyə təsir göstərməyə çalışır. Bu TV kanalında və Azərbaycan hökumətinə yaxın digər media orqanlarında SOCAR-a qarşı etiraz aksiyaları təşkil edən  Fələstin üçün min gənc qrupunun İrana bağlı terror təşkilatı olduğu iddia edilir. SOCAR Türkiye açıqlama yayaraq İsrailə neft satmadığını, dünya neft bazarında hər kəsin öz məhsulunu ticarət şirkətlərinə satdığını bəyan edib və həmin şirkətlərin nefti kimə satdığına cavabdeh olmadığını bildirib. Bu açıqlamanın həqiqətə uyğun olmadığını söyləmək lazımdır, çünki İsrailin aldığı Azərbaycan nefti rəsmi hesabatlarda məhz Azərbaycanın İsrailə ixracatı kimi qeyd olunur. Məsələn, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarında İsrail Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bir sözlə, İsrail-Fələstin məsələsinin Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərən faktor halına gəldiyi ortadadır. 

Bu mərhələdə Azərbaycanın ən yüksək səviyyədə Türkiyə müxalifəti ilə təmas qurmasını iki ölkə münasibətlərində növbəti vacib hadisə kimi qiymətləndirmək olar. Azərbaycanda Zəfər Gününün qeyd olunduğu 8 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin əsas müxalifət təşkilatı – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl arasında telefon danışığı olub. CHP-dən verilən məlumata görə, Özəl partiyanın keçmiş lideri, Türkiyənin təcrübəli dövlət xadimlərindən olan Hikmət Çətinlə birlikdə Azərbaycana səfər etmək istədiyini deyib, Əliyev cavabında onları Bakıda qonaq etməkdən məmnunluq duyacağını bildirib. Noyabrın 13-də isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Azərbaycana səfər edərək COP29-a qatılıb və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. İmamoğlu Türkiyədə Ərdoğanın başlıca alternativi kimi qəbul olunur və növbəti prezident seçkilərində CHP-nin namizədi ola bilər.

CHP Türkiyədə son bələdiyyə seçkilərinin qalibi olan sistem partiyasıdır, Böyük Millət Məclisində 2-ci böyük fraksiyaya sahibdir. Bu baxımdan digər ölkələrin rəsmi səviyyədə bu partiya ilə əlaqə yaratması və əməkdaşlıq etməsi qeyri-adi hadisə deyil. Lakin Azərbaycanın rəsmi siyasətində başqa dövlətlərin müxalifət qüvvələri ilə əməkdaşlıq edilməsi nadir rast gəlinən praktikadır. Prezident İlham Əliyevin CHP-nin lideri ilə ilk və son görüşü 2004-cü ildə, Türkiyəyə prezident vəzifəsində ilk rəsmi səfəri zamanı olub. Sonrakı dövrdə Türkiyənin müxalifətçi parlamentarları, o cümlədən CHP millət vəkilləri ilə müxtəlif ikitərəfli və beynəlxalq formatlar çərçivəsində təmaslar olsa da, institusional səviyyədə münasibət qurulmayıb. Əliyev-Özəl telefon danışığının Azərbaycan-Türkiyə münasibətlərində anlaşılmazlıqların müşahidə olunduğu dövrə təsadüf etməsi diqqətdən kənarda qala bilməz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.