Cəmiyyət

Cəmiyyət

Mircəfər Bağırov: bolşevik, müsavatçı, millətin təəssübkeşi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet İttifaqında 1930-cu illərdə baş vermiş kütləvi repressiyalar haqqında sovet tarixçilərinin ilk tədqiqatları Kommunist Partiyasının nüfuzunu itirdiyi ərəfədə, 1980-ci illərin ikinci yarısında dərc edilib. Bu tədqiqatlar cəmiyyəti inandırmağa çalışırdı ki, kütləvi repressiyalar yüksək vəzifə tutmuş leninçi-kommunistlərə qarşı çevrilmişdi. Tarixçilərə bu repressiyalardan daha çox əziyyət çəkənlərin sadə əhalinin – fəhlə və kəndlilərin, müəllim və yazıçıların, alimlərin olmasını etiraf etmək üçün təqribən on il lazım oldu. Uzun illər tam məxfi qrifi ilə saxlanılmış arxiv fondlarının açılması tarixçilərə həm faciənin miqyasını müəyyənləşdirmək, həm də repressiyaların mexanizmlərini təhlil etmək imkanı verdi. Lakin geniş ictimaiyyətə bəyan edilməsinə rəğmən, hökumət səviyyəsində təşkil edilən bu cinayətlər üçün heç kim məsuliyyət daşımadı, bu repressiyaların həyata keçirilməsində isə yüksək vəzifə tutmuş cəmi iki nəfər cəzalandırıldı. Bunlardan biri SSRİ Xalq Daxili İşlər komissarı vəzifəsini tutmuş Lavrenti Beriya, digəri isə uzun illər Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Mircəfər Bağırov idi.

Bu gün Rusiya Federasiyasının bir çox şəhərlərində Stalinin heykəlləri ucaldılır, ad günü qeyd edilir. 1989-cu ildən SSRİ-də siyasi repressiyaların tədqiqi ilə məşğul olan Memorial təşkilatı 2021-ci ildə Rusiya hökumətinin təzyiqləri altında bağlandı. 2024-ci ilin sentyabrında Rusiya Federasiyası Baş Prokurorluğu daimi əsasla siyasi repressiya qurbanlarının reabilitasiyasını ləğv edəcəyini bildirdi. Müasir Rusiya hakimiyyətinin SSRİ dövründəki repressiyalarla bağlı yeni yanaşmasında onların kütləvi xarakter daşıması danılır, repressiyaların dövlət tərəfindən sponsorlaşdırıldığı qəbul edilmir, əksinə bu repressiyaların mümkünlüyündə əhalinin bir-birindən yazdığı donosların rolu şişirdilir, yəni kollektiv məsuliyyət ideyası aktaullaşdırılır.

Siyasi repressiyalara bəraət qazandırılması tendensiyası müasir Azərbaycanda da mövcuddur. Bu proses Mircəfər Bağırovun siyasi fəaliyyətinin ağardılması hesabına aparılır. Kütləvi informasiya vasitələrində Bağırovun bioqrafiyası saxtalaşdırılır, onun siyasi fəaliyyəti təhrif edilir. Bu ilin sentyabrında Xəzər TV-də nümayiş etdirilən Vaxt var idi adlı sənədli filmi buna bir nümunə ola bilər.  Tarixçi Cəmil Həsənli sənədli filmdəki tarixi saxtakarlıqlara etiraz etdi, lakin onun etirazına gələn şərhlər isə ictimaiyyətin müəyyən hissəsinin hələ də Bağırovun siyasi repressiyalarda şəxsən məsuliyyət daşıdığına şübhə ilə yanaşdığını göstərdi.

Müasir Azərbaycanda Bağırova münasibət birmənalı deyil. Bir qrup insan onun partiya siyasətinə sədaqətli qəddar bolşevik kimi 1930-cu illərin kütləvi repressiyalarında bilavasitə məsuliyyət daşıdığını qəbul edir. Digər bir qrup onu Stalin siyasətinin icraçısı olduğunu, repressiyaları şəxsən sanksiyalaşdırmadığını düşünür; onun qətiyyətli və ədalətli olduğu üçün başqa şəraitdə daha yaxşı rəhbər ola biləcəyini hesab edir. Bir qrup da Bağırovun Azərbaycanda repressiyaların miqyasını digər müttəfiq respublikalarla müqayisədə azaltdığını və xalqı mümkün deportasiyadan xilas etdiyini iddia edir və onun millətin təəssübkeşi olduğuna inanır. Kim idi Mircəfər Bağırov? Bu imiclərin hansı Bağırova daha uyğun gəlir? Bu suala cavab vermək üçün Bağırovun avtobioqrafiyalarına və şəxsən yazdığı hesabatlarına, məktublarına istinad edəcəyəm.

Bolşevik Bağırov

Mircəfər Bağırov özünü həm cəmiyyətə, həm də hakimiyyətə partiya siyasətinə sədaqətli, əqidəli bolşevik kimi təqdim etməyə çalışıb. Lakin bioqrafiyasının və siyasi fəaliyyətinin təhlili Bağırovun bolşeviklərə qoşulmasının səbəbinin sosialist inqilabı ideyasına inamından deyil,  daha çox güc və hakimiyyət istəyindən irəli gəldiyini göstərir. 

Bağırovun nə zaman bolşevik partiyasına üzv olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu haqda arxivlərdə heç bir sənəd yoxdur. Bağırov özü isə 1918-ci ildən partiya üzvü olduğunu iddia edirdi.[1] O yazırdı ki, 1917-ci ilə qədər müxtəlif məktəblərdə müəllim kimi çalışmış və elə həmin dövrdə də siyasi fəaliyyətə başlamışdı. Bağırov 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulana qədər siyasi fəaliyyəti haqqında ziddiyyətli və qarışıq məlumatlar verir. Amma dövrün siyasətçilərinin fəaliyyəti ilə bağlı bir çox sənədlərdə onun adına rast gəlmək olur. Bu sənədlərdən məlum olur ki, Bağırovun siyasi karyerası Hümmətlə başlayıb. 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın gələcəyi ilə bağlı Hümmət üzvləri arasında fikir ayrılığı yarananda Bağırov partiyanın lideri Nəriman Nərimanovu dəstəkləyənlər arasında idi. Bu  siyasi qarşıdurma Bağırovun siyasi fəaliyyətinə təsir etmiş, bir çox siyasi xadimlə onun münasibətləri korlanmışdı. Nərimanov Azərbaycanın dövlət müstəqilliyini və türkçülüyü müdafiə edirdi.  Tezliklə məlum olur ki, Moskva bu fikri dəstəkləmir. Beləliklə, Bağırov nərimanovçular düşərgəsini tərk edir və türkçülüyə qarşı çıxır. Məsələn, 1922-ci ildə onun MK katibi kimi AzSSR Xalq Daxili İşlər komissarı müavini Gerasimovun adına göndərdiyi məlumatda qeyd edilirdi ki,  “Azərbaycanın bütün mədəni və təhsil müəssisələri türk ziyalılarının güclü təsiri altındadır. Xalq Təhsil komissarı Türkiyədən olan müəllimləri qəbul edir ki, onlar da Azərbaycanda pantürkizm və panislamizm ideyalarını inkişaf etdirirlər.”[2]

1920-ci illərdə Bağırov özünə rəqib hesab etdiyi insanlarla mübarizəni davam etdirir. Bunun üçün qarayaxmalardan, kompramatlardan, şantajdan istifadə edir. 1921-ci ildə XDİ komissarı vəzifəsində ikən Bakı Gömrük idarəsinin rəisi işləyən və Əliheydər Qarayev tərəfindən dəstəklənən Əbdül Bağı Məmmədzadəyə qarşı provakasiyalar təşkil edir, tez-tez Bakı Gömrük İdarəsi əməkdaşlarını həbs etdirərək Məmmədzadənin nüfuzuna xələl gətirilməsinə çalışır. Nəticədə Məmmədzadə həm vəzifəsindən, həm də partiyadan uzaqlaşdırılır.[3]  1924-cü ildə Əyyub Xanbudaqov Nərimanovdan sonra ikinci dəfə dövlət orqanlarının milliləşdirilməsi məsələsini qaldıranda Bağırov əvvəl onu dəstəkləyir, lakin Xanbudaqovun cəhdləri partiyanın rəsmi xəttindən uzaqlaşma, fraksiyaçılıq kimi qiymətləndirildikdə ona qarşı çıxır.[4]

1920-ci illərdə Əliheydər Qarayevlə Bağırov arasında  ciddi rəqabət başlayır. Qarayev yüksək partiya vəzifəsi tutan yeganə azərbaycanlı idi. Bağırov güc strukturlarına rəhbərlik edərkən ona qarşı ifşaedici materiallar toplayırdı.[5] Bundan xəbərdar olan Qarayev onu güc strukturlarından uzaqlaşdırmağa çalışır və 1928-ci ilin fevralında buna nail olur. Buna cavab olaraq Bağırov Tiflisdən Zaqafqaziya Təftiş Komissiyası (ZTK) və AzK(b)P MK-na AzDSİ rəhbərliyini ifşa edən iki məktub göndərir. Məktubların birində Bağırov məlumat verir ki, 1928-ci ildə AzDSİ-nin iki əməkdaşı sərxoş vəziyyətdə olarkən dörd fəhləni onlara “hörmətsiz münasibət” göstərdikləri üçün qanunsuz olaraq həbs etmiş, həbs edilənlərin biri idarənin zirzəmisində güllələnmiş, 3-ü isə vəhşicəsinə döyülmüşdü.[6] Bağırov AzDSİ əməkdaşlarını sovet vətəndaşını məhkəməsiz güllələməkdə və bu faktı partiyadan gizlətməkdə günahlandırır. Bağırovun ifşaedici məktubları cavabsız qalır. Bağırov AzDSİ-nə qarşı təxribatlarda günahlandırılır.[7] İkinci məktubunda Bağırov necə bir bolşevik olması ilə fəxr edir. O yazır ki, Azərbaycanda inqilabı qanunvericiliyi və sovet hakimiyyətini qoruması sahəsində göstərdiyi səylər  onun “sədaqətli şəhər rəisi, qanlı cəllad və Moskvanın jandarmı” (mənbənin dili saxlanılıb) adlandırılmasına səbəb olub. Bunun ardınca Bağırov yazır: “Yeni Qafqaziyənin 1927-ci il noyabr nömrəsində  M.Ə.Rəsulzadə yazıb ki, ‘Zaqafqaziya suları çətin ki, cəlladın əllərindəki Azərbaycan gəncliyinin qanını yuya, cəlladın əlindəki qanı təmizləməyin yeganə vasitəsi üsyan edən Azərbaycan oğlunun qılıncıdır.’” Bunun ardınca Bağırov əlavə edir ki, hələ heç bir leninçi-bolşevik bu cür qiymət almayıb, “belə bir qiymət alan yeganə bolşevik hələlik mənəm.”[8]

Rəsulzadənin 1927-ci ildə, yəni respublika rəhbərliyində təmsil olunmadığı və böyük səlahiyyətlərə malik  olmadığı bir dövrdə Bağırovu cəllad adlandırmasının onun iştirak etdiyi iki proseslə bağlı olduğunu ehtimal edə bilərik. Bunlardan birincisi, Bağırovun bolşevik kimi Müsavat-Bakı Soveti qarşıdurmasında azərbaycanlıların[h1] /müsavatçıların deyil, bolşevik-daşnak qüvvələrinin yanında olmasıdır. Avtobioqrafiyalarının birində Bağırov 1918-ci ilin yazında Qubada Bakı Soveti hakimiyyətini təmsil etdiyini qeyd edir. O yazır ki, “cəbhədən [Birinci dünya müharibəsi nəzərdə tutulur] qayıtmış əsgərlərdən” ibarət dəstə hazırlayaraq Müsavatın qüvvələrinə qarşı vuruşub, lakin məğlub olub, daşnak dəstələrinin yardımı ilə geri çəkilməyə məcbur olub.  Bağırovun dəstəsinə yardım göstərən isə Amazasp Srvantsyanın hərbi dəstəsi olub. Beləliklə də, Bağırov 1918-ci ilin mart-aprel qarşıdurması zamanı Müsavatın deyil, Bakı Kommunasının yanında olduğunu yazır.[9] İkinci hadisə isə Bağırovun 1920-ci il may ayında sovet hakimiyyətini qurmaq üçün Quba istiqamətində irəliləyən hərbi dəstənin başında durması ola bilər. Hər iki prosesdə azərbaycanlılar arasında böyük itkilərin olması məlumdur.

Bağırovun güc strukturlarına rəhbərlik etdiyi dövrdə bir sıra cinayətləri olub, lakin bu cinayətlərin Rəsulzadəyə məlum olması böyük şübhə doğurur. Belə cinayətlərin biri haqqında Əliheydər Qarayevin arvadı Xavər Şabanova-Qarayevə dindirilməsi zamanı məlumat verib. Xavər xanım Bağırovla Qarayevin 1926-cı ilə qədər münasibətlərinin yaxşı olduğunu bildirib. Xavər xanımın sözlərinə görə, “1926-cı ildə Azərbaycan Fövqəladə Komissiyasının sədri olarkən Bağırov kabinetində bir nəfəri güllələmiş” və bu fakt partiya rəhbərliyinə məlum olmuşdu. Xavər xanım çox güman ki, 1926-cı ildə Bağırovun AzDSİ-də iki nəfəri – Qazan Papaq oğlu və Bəbir Hüseynovu güllələməsindən bəhs edirdi.[10] Bu hadisə partiya rəhbərliyinə məlum olanda Bağırov hər iki şəxsin quldur olduğunu və silahlı müqavimət göstərdikləri üçün öldürüldüklərini iddia edir. Lakin Bağırov onların silahla AzDSİ-nə necə daxil olduğunu izah edə bilmir və bu səbəbdən də hadisənin araşdırılmaması üçün AzK(b)P MK-nın ikinci katibi olan Qarayevə müraciət edir. Qarayev Bağırovun xahişini rədd edir.[11]

Bağırovun 1920-ci illərin sonlarında Tiflisdən Azərbaycan partiya rəhbərliyinə, xüsusilə də Əliheydər Qarayevə qarşı başlatdığı kampaniya onun əleyhinə çevrilir. Qarayev AzDSİ həbsxanasında saxlanılan və gizli Müsavat partiya təşkilatının fəaliyyətində ittiham olunan məhbuslardan birini Bağırova qarşı ifadə verməyə məcbur edir. Bu ifadələrdən sonra Bağırov geri çəkilir, AzDSİ rəhbərliyinə qarşı ittihamlarından imtina etməsi barədə MK-ya məktub göndərir. Məktubun sonunda Bağırov yazır: “Kim daha güclüdür, daha inadkardır və kimin düşmənə arxasını çevirməyəcəyini gələcək göstərəcək.”[12]

Bağırovun Azərbaycan partiya rəhbərliyinə qarşı mübarizəsi yuxarıda qeyd edilən iki məktubla bitmir. 1929-cu il iyulun 29-da Bağırov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (ÜK(b)P) Mərkəzi Təftiş Komissiyasının (MTK) sədri Mixail Kakovıxinin adına yazdığı məktuba rəqibi hesab etdiyi Qəzənfər Musabəyov, Hüseynbala Ağaverdiyev, Teymur Əliyev, Soltan Məcid Əfəndiyev, Səmədağa Ağamalıoğlu, Yusif Qasımovla bağlı ifşaedici materiallar daxil edir.[13]

Respublikada yüksək səlahiyyət sahibi olana qədər Bağırovun bir bolşevik kimi fəaliyyətinə 1930-cu il Nuxa-Zaqatala üsyanını yatırması da daxil edilə bilər. Üsyanın yatırılmasına AzDSİ sədri təyin edilmiş Bağırov şəxsən rəhbərlik edib. Üsyanın yatırılması zamanı həm üsyançılar, həm də günahsız əhali cəzalandırılıb. AzXDİK-nın rəsmi sənədlərində Nuxa şəhərinin alınması zamanı 80 nəfərin öldürüldüyü, 40 nəfərin yaralandığı, 400 nəfərin isə həbs edildiyi qeyd olunub.[14]

1930-cu ildə Moskvaya göndərilən Bağırov Beriya vasitəsilə yüksək vəzifə tutan bolşeviklərlə yaxından tanış olmaq imkanı əldə edir. Siyasi rəqibi Əliheydər Qarayevlə[15] eyni şəhərdə yaşayan Bağırov Bakıdakı tərəfdarları vasitəsilə mərkəzə təsir göstərməyə cəhdlər göstərib. Bu fikri Bakıdan Moskvaya göndərilən məktublar təsdiq edir. Bağırovun tərəfdarları Stalinin adına yazdıqları məktublarda onun respublikada böyük nüfuz sahibi olduğunu, xalqın etimadını qazandığını vurğulayırdılar. Bu məktubların birində yazılırdı: “Hətta bu gün, onun aramızda olmadığı bir vaxtda biz problemlərimizi M.Bağırova şikayət məktubu yazacağımızla hədələyərək, həll edirik. Onun getməsindən sonra vəziyyətimiz olduqca pisləşib. Onu köhnə yerinə qaytarmağı xahiş edirik.”[16] Tərəfdarları respublikadakı ixtilaflardan, siyasi qarşıdurmalardan onu xəbərdar edir, hər bir proses haqqında ətraflı məlumat verirdilər. 1931-ci ildə Bakıdan aldığı məktubların birində ona yazırdılar: “Bakıda Gikalo dövrünün sonunun yaxınlaşdığı bir şəraitdə yaşayırıq, Yusif [Yusif Qasımov nəzərdə tutulur] revanş haqqında düşünür ki, bu da 1929-cu ildə ÜK(b)P MK-nın Azərbaycan rəhbərliyi haqqında qəbul etdiyi qərara ziddir.”[17] Başqa bir məktubda artıq Polonskinin dövrü şərh edilir: “Polonski təsərrüfat planlarını yerinə yetirməyə çalışır, lakin yerli kadrların təşkili məsələsini unudur, bununla da yerli kadları özündən uzaqlaşdırır. Dadaş (Dadaş Bünyadzadə nəzərdə tutulur) həmişəki kimi öz fikri olmadan danışır. Diviziyadan sənin ‘dostun’ Naxçıvanskini həbs ediblər.”[18]

1932-ci ildə Bağırov AzSSR XKS sədri kimi respublikaya qayıdır. 1933-cü ilin fevralında keçirilmiş Azərbaycan Kommunist Partiyası MK və Bakı Komitəsinin 5-ci birgə iclasında isə Mircəfər Bağırovun partiya katibi təyin olunması haqqında qərar qəbul edilir.[19] 1920-ci illərdə Bağırovun fəaliyyəti güc strukturları ilə bağlı olub, həmin dövrdə o, partiya işlərindən uzaq olub. Çünki sovet hakimiyyətinin qurulmasında əsas missiya güc strukturlarının üzərinə düşürdü, partiyanın səlahiyyəti, nüfuzu və hakimiyyəti kifayət qədər möhkəm deyildi. Partiyadaxili qruplaşmalar, ixtilaflar, ifşaedici kampaniyalar buna sübutdur. 1920-ci illərin ortalarına doğru vəziyyət dəyişir. Bütün dövlət strukturları partiya hakimiyyətinə tabe edilir və onların partiya orqanları qarşısında hesabatlılığı təmin edilir. Hakimiyyətin mərkəzi dəyişir. Bu, Bağırovu güc strukturlarından partiya sahəsinə transfer olmağa vadar edir.

Stalin siyasətinin icraçısı

1953-cü ilin oktyabrında Kuybışev neft istehsalat birliyi rəisinin müavini Mircəfər Bağırov həbsdə olan SSRİ Daxili İşlər naziri Lavrenti Beriyanın istintaqı ilə bağlı şahid qismində ifadə verib. Bağırov şəxsən SSRİ Baş prokuroru Roman Rudenko tərəfindən dindirilib. Rudenkonun Beriyaya qarşı ittihamı onun vaxtilə Müsavat əkskəşfiyyatına işləməsi üzərində qurulub. Bağırov ifadəsində 1937-ci ilə qədər Beriyanın Müsavatla əlaqəsi olduğunu bilmədiyini, ilk dəfə bu haqda məlumatı Qriqori Kaminskinin[20] ÜK(b)P MK-na rəsmi müraciəti zamanı əldə etdiyini bildirir. Rudenkonun Beriyanın Müsavat əkskəşfiyyatı ilə əlaqələrini ifşa edən materialların Vsevolod Merkulovun[21] əli ilə yox edilməsi ilə bağlı suala Bağırov belə cavab verib: “Tbilisidən Bakı Partiya arxivinə çoxları gəlirdi. Merkulov da Beriyanın köməkçisi kimi tez-tez Bakıya gəlirdi. Lakin onun Beriyanın Müsavat əkskəşfiyyatına işləməsi haqqında materiallar üçün Bakıya gəldiyindən xəbərdar deyildim. Ola bilsin ki, o, partiya tarixi sənədlərini araşdırmaq adı ilə gəlmiş və Beriyanın Müsavat əkskəşfiyyatı ilə əlaqəsi ilə bağlı sənədləri axtarmışdı. Lakin Merkulovun məhz bu sənədləri axtarması haqqında məndə məlumat olmayıb.”[22]

Mircəfər Bağırovun Müsavat əkskəşfiyyatına işlədiyi iddia olunan Beriyanı dəstəkləməsi onun həbsində əsas ittihama çevrilir.  1956-cı ilin aprelində çıxarılmış məhkəmə hökmündə qeyd edilir ki,  Bağırov sovet dövlətinin düşməni olan Beriya ilə əlbir olaraq uzun illər cinayətlər törətmiş,  Bağırov Beriyanın Müsavat əkskəşfiyyatında fəaliyyəti ilə bağlı faktları, Beriya isə Bağırovun Müsavat əksinqilabi hökuməti dövründə Quba şəhəri mahal komissarının köməkçisi işləməsi, Vətəndaş müharibəsi dövründə isə quldurluqla məşğul olması faktlarını gizlətmişdi.[23] Bağırova qarşı irəli sürülən əsas ittiham onun müsavatçı olması deyildi, Bağırov 1935-ci ildən başlayaraq həyata keçirilən kütləvi həbslər və hökmdə qeyd edildiyi kimi “günahsız sovet insanlarının” və “MK-nın keçmiş katiblərinin” öldürülməsində ittiham edilir, müsavatçılara, sinfi düşmənlərə isə himayədarlıqda günahlandırılırdı.

Tədqiqatçılar 1930-cu illərin repressiyalarının miqyası, əhatə dairəsi, reallaşdırılma mexanimzlərinin Stalinin ÜK(b)P MK-nin 1937-ci il fevral-mart plenumundakı çıxışında müəyyənləşdirildiyini düşünürlər. Stalin fevralın 23-də başlanan plenumda ona qədər çıxış edənlərin fikirlərinə yekun vuraraq üç əsas düşmənlə qarşı-qarşıya olduqlarını bəyan edir: xarici dövlətlərin agentlərinin təsərrüfat, inzibati və partiya təşkilatlarında təxribat və diversiya-cəsusluq fəaliyyəti; xarici dövlətlərin agentlərinin, xüsusilə trotskiçilərin aşağı təşkilatlarla yanaşı məsul postlarda fəaliyyəti; və həm mərkəzdə, həm də yerlərdə yüksək vəzifəli şəxslərin yüksək vəzifələrə təyin etdikləri xarici dövlət agentləri.[24] Stalinin bu repressiyalarla bağlı çağırışına Bağırovun dəstəyi 1937-ci ilin martında keçirilən II Ümumazərbaycan Sovetlər Qurultayında səsləndirilir. Bağırov Azərbaycandakı trotskiçi-zinovyevçi qrupları millətçi Müsavatla, Müsavatı pantürkizmlə, pantürkizmi isə Ruhulla Axundovla əlaqələndirir.[25]

Azərbaycanda yüksək vəzifəli partiya xadimlərinin əksəriyyəti – Axundov, Qarayev, Əfəndiyev, Hüseynov, Sultanov və digərləri 1937-1938-ci illərdə həbs olunaraq güllələnmişdi. Kütləvi repressiyalar Bağırova şəxsi rəqib hesab etdiyi insanların, MK-nın bir sıra keçmiş katiblərinin və yüksək vəzifə tutan partiya işçilərinin həbsi üçün ittihamlar irəli sürülməsinə və güllələnməsinə imkan vermişdi. Ruhulla Axundov və Həbib Cəbiyevə qarşı irəli sürülən əsas ittiham onların Müsavatın maraqlarına xidmət etməsi olmuşdur. 1937-ci ildə MK-nın müşavirələrinin birində Bağırov Həbib Cəbiyevin Ruhulla Axundova ünvanladığı məktubdan sitat gətirir və qeyd edir ki, məktubda “Həbib Cəbiyev keçmiş Müsavat parlamentinin üzvləri Aslan Səfikürdski, Məmməd Hacınski, Əhməd Pepinovun fəaliyyətini, siyasi professionallığını və intellektual səviyyəsini yüksək qiymətləndirir.” Bağırov bunu “bolşevik partiyası biletinin Müsavat partiyası liderlərinə verilməsi, sovet Azərbaycanı taleyinin müsavatçılara təhvil edilməsi cəhdi” kimi qiymətləndirir.[26]

1930-cu illərdə repressiya olunan yüksək vəzifəli bolşeviklərin, demək olar ki, hamısını Stalin və Bağırov şəxsən tanıyırdı. Lakin repressiyalar dövründə öldürülən, işgəncələrə məruz qalan və həbs edilənlərin böyük əksəriyyəti Azərbaycanın əyalətləri və şəhərlərindən olan insanlar idi, Stalin və Bağırov onları şəxsən tanıya bilməzdi. Bəs repressiyalar dövrü insanlar hansı kriteriyalar üzrə hədəfə alınırdılar və bu kriteriyaların müəyyənləşdirilməsində, yəni repressiyaların həyata keçiirlməsində Bağırovun şəxsən məsuliyyət daşıdığını necə sübut etmək olar?  Sübut üçün yetərli olan nədir? Bağırovun repressiyaları rəsmiləşdirən sənədlərdə imzasının olması, yoxsa bu repressiyaların onun hakimiyyəti altında baş verməsi?  

1920-ci illərin əvvəllərinə təsadüf etmiş Qırmızı terordan fərqli olaraq, 1930-cu illərin repressiyaları yüksək səviyyədə sənədləşdirilib və arxivlərdə kimlərin, nə zaman, hansı ardıcıllıq və ittihamlarla həbs olunması, həbs olunanlara qarşı hansı cəzaların tətbiq edilməsi haqqında minlərlə istintaq sənədləri mövcuddur. Bu sənədlər repressiyaların təşkili zamanı müttəfiq respublikalarla mərkəz, yəni Moskva arasında gedən yazışmaları, repressiyalarla bağlı kvotaların müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, repressiyalarla bağlı yerlədən gələn təklifləri (əsasən kvotaların artırılması və repressiyaların müddətinin uzaldılması) əhatə edir. Bu sənədlər arxivlərdə daimi saxlanılma üçün qrifi ilə işarələnmişdir. 1956-cı ildə Mircəfər Bağırova qarşı irəli sürülən ittihamlar da məhz həmin sənədlər əsasında formalaşdırılıb. Bu ittihamlar irəli sürülərkən sübut olaraq Bağırovun imzası olan sənədlər əsas götürülüb. Bağırov şəxsən kimlərin ölümünü sanksiyalaşdırıb?

1935-36-cı illərdə Bağırov iştirak etdiyi bütün partiya yığıncaqlarında müxtəlif təşkilatlar və dövlət orqanlarında trotski-zinovyevçi ünsürlərin aşkarlanmasını tələb edib.[27] Bu kampaniya çərçivəsində 1936-cı ildə Azərbaycanın güc strukturlarının Müsavat partiyasının dördüncü tərkibi kimi qələmə verildiyi insanlar məhv edilib. Bu təşkilatın ardınca respublikada 30 nəfərdən ibarət 5 daşnak qrupu aşkarlanıb və dağıdılıb. Bakının Zabrat, Lenin, Stalin, Şaumyan (indiki Xətai), Şəhər (indiki Səbail) rayonlarının fəhlə qəsəbələrində kütləvi həbslər keçirilib. Bu zaman 129 nəfər həbs olunub.[28] Azərbaycan KP-nin MK və BK-nın beşinci birləşmiş plenumunda çıxış edən Bağırov ali partiya orqanlarının işçilərini “milli, antipartiya və faşist fəaliyyətində” ittiham edib.[29]

1938-ci ildə həbs olunanlar içərisində dövlət orqanlarında yüksək vəzifə tutanlar, XKS sədrinin müavini Manaf Xəlilov, Xalq Torpaq komissarı Əbülfət Məmmədov, Xalq Ticarət komissarı İbrahim Əsədullayev və digərləri var idi. “Əksinqilabi milli təşkilatın ehtiyat trotskiçi mərkəzi”nin ifşası ilə əlaqələndirilən bu həbslər nəticəsində toplanan ifadələr Bağırova 32 rayon partiya katibini, 28 rayon icraiyyə komitəsi sədrini, 15 xalq komissarı və onların müavinlərini,  66 mühəndisi, Sovet Ordusu və Hərbi-dəniz donanmasının 88 komandirini, 8 professoru və digər bir sıra yüksək vəzifə tutmuş şəxsləri həbs etmək üçün əsas verdi.[30] Bəzən həbslər şifahi ifadələr əsasında aparılıb. Məsələn, Əyyub Xanbudaqov Sarkis Srapionyanın şifahi şahidliyi əsasında həbs edilib. Lakin Sarkis Levon Mirzoyanı da antiinqilabi fəaliyyətdə günahlandıranda Bağırov yazılı hesabat tələb edib. Yazılı hesabat əldə etdikdən sonra Bağırov sənədin üzərinə belə bir qətnamə qoymuşdur: “Xahiş edirəm, Ə.Xanbudaqov dindirilsin və nəzərə alınsın ki, yoldaş Sarkis Levon Mirzoyana da istinad etmişdir. Sonuncu ilə mən sabah şəxsən söhbət edəcəyəm.” Qeyd edilən dövrdə Levon Mirzoyan sıravi partiya işçisi deyildi, Bağırovun həmkarı idi, Qazaxıstan Partiya Komitəsinin birinci katibi vəzifəsini tuturdu.

Bağırovun imzası ilə 1937-1940-cı illərdə neft sənayesi maşınqayırma zavodlarının bir sıra yüksək vəzifəli şəxsləri, geoloqlar, mühəndislər, Xəzər Dəniz Gəmiçiliyi işçiləri, Bakı Partiya Komitəsi katiblərinin həbsi həyata keçirilib. Bağırovun bəzi məsləkdaşları həbslərin nə ilə nəticələnəcəyini anlayaraq bağışlanmalarını xahiş etsələr də, bu xahişlər cavabsız qalırdı. Belə bir məktubla Bağırova müraciət edənlərdən biri Həmid Sultanov olub. Bağırov onun yalvarışlı məktubuna “MK-nın növbəti Bürosunda müzakirə olunsun 23.03.1936 il” qətnaməsi qoyub.[31]

ÜK(b)P MK-nın 1937-ci il iyun-iyul plenumunda XDİK nəzdində üçlüklərin yaradılması haqqında qərar qəbul edilir.  Müttəfiq respublikalara sürgün ediləcək və güllələnəcək insanların məyyənləşdirilməsində tam sərbəstlik verilir. Bu dövrdən sonra Azərbaycanda üçlüklər tərəfindən həyata keçirilən repressiyalar üçün Stalindən hər hansı təlimat və ya göstəriş almağa ehtiyac qalmır. Çünki yaradılan üçlüklər əsasən sıravi sovet vətəndaşlarını, fəhlələri, kolxozçuları, müəllimləri, mühəndisləri, həkiimləri və digərlərini hədəfləyir və məhv edirdi. Bu repressiyaları üçlüklər Bağırovla razılaşdırırdı, bu qətillərə  görə Bağırovun bilavasitə məsuliyyət daşıdığını söyləyə bilərik.

Bağırov kütləvi repressiya qurbanlarının aşkarlanması, həbsi və cəzalandırılması ilə bağlı məlumatların hazırlanması və dövriyyəyə buraxılmasında şəxsən iştirak edib. 1937-ci ildə MK-da İnqilab Mübarizələrinə Yardım Beynəlxalq Təşkilatı (İMYBT-MOPR) məsələsi müzakirə olunandan sonra Bağırov yerli partiya təşkilatı katiblərinə teleqram göndərilməsi haqqında belə bir göstəriş verir: “Təxminən bu məzmunda teleqram hazırlayın. Yazın ki, uzun müddət Azərbaycanın MOPR (Mejdunarodnoaia Organizatsiia Pomoshi Borts’am Revolyus’i – İnqilab Mübarizələrinə Dəstək Beynəlxalq Təşkilatı) təşkilatlarında belə-belə düşmənlər, adları sadalayın, oturublar, düşmən, diversion iş aparıblar. Partiya təşkilatları nəinki bu antisovet elementlərə qarşı mübarizə aparmış, hərdən hətta onlara bəraət də qazandırmışlar, Y.Məmmədovun işini misal gətirin. Raykomlar MOPR təşkilatlarını bütün yad elementlərdən təmizləmək və onları təmiz, etibarlı zəhmətkeşlər hesabına möhkəmlətmək üçün bütün vasitələrdən istifadə etməlidirlər (mənbənin dili saxlanılıb).”[32]

1930-cu illərdə Stalinin göstərişi ilə başlanan kütləvi repressiyalar Bağırova siyasi rəqib hesab etdiyi bolşevikləri müsavatçı damğası ilə  ittiham edərək məhv etmək imkanı verdi.  Lakin repressiyalar təkcə yüksək vəzifəli şəxsləri və mütəxəssisləri əhatə etməmişdi. Bu dövrdə minlərlə zəhmətkeş insan əksinqilabi fəaliyyətdə ittiham edilərək güllələnmiş, həbs edilmişdi. Bağırovun rəhbərliyi altında bölgələrdə keçirilən cəza əməliyyatları zamanı təkcə yetkin yaşlı insanlar deyil, uşaqlar, hamilə qadınlar, qocalar da öldürülmüşdü.[33]

Millətin təəssübkeşi və ya son söz əvəzi

Azərbaycan cəmiyyətində uzun illərdir, Mircəfər Bağırovun adı ilə bağlı miflər dolaşır. O, ictimaiyyətə sadə həyat tərzi keçirən, rüşvətxorluqdan, korrupsiya və yerlibazlıqdan uzaq rəhbər kimi təqdim olunur. Bağırovun rəhbərliyi ilə bağlı digər prinsipial məsələ onun Azərbaycan xalqını Qafqazın bəzi xalqlarının üzləşdiyi sürgündən xilas etməsi ilə əlaqələndirilir.

Sovet dövründə Bağırovla bağlı ən çox səsləndirilən fikir onun amansızlıqla rüşvətxorluğa qarşı mübarizə aparması haqqında idi. Sovet hakimiyyətinin son dövründə geniş vüsət almış rüşvətxorluq, ədalətsizliklər fonunda yaşlı nəsil Bağırov dövrünü düzgünlük və ədalət dövrü kimi qiymətləndirirdi. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?

İlk olaraq, Bağırovun rüşvətxorluğa münasibətini müəyyənləşdirməyə çalışacağam və bunun üçün Bakı şəhərinin həyatından bir epizoda istinad edəcəyəm. 1952-ci ilin yayında Bakıda Azərittifaqın Pambıq toplanmasına nəzarət şöbəsinin müdiri Şaburovun oğlunun toy məclisində qonaqların birinin bahalı saatı oğurlanır. Saatı oğurlayan müəyyənləşdirilir və saat sahibinə qaytarılır. Lakin bu hadisə şəhər əhalisi arasında ciddi dedi-qodulara, yüksək rütbəli şəxslərin rüşvətxorluğu ilə bağlı müzakirələrə səbəb olur. 1952-ci ilin oktyabrında Bağırov MK iclaslarının birində Şaburovun oğlunun toyunda baş verən oğurluq hadisəsinə toxunur. Bağırovun çıxışından məlum olur ki, ona toyda kimlərin iştirak etməsi, oğurlanan saatın qiyməti, toy məclisindəki təm-təraq haqqında ətraflı informasiya çatdırılıb. Bağırov toy haqqında detalları təsvir etdikdən sonra iclasın iştirakçılarını kommunist sayıqlığını itirməkdə günahlandırır və əlavə edir ki, “oradakı kommunistlərin heç biri soruşmayıb ki, ayda 950 rubl maaş alan Şaburov hansı pullarla oğluna o cür təm-təraqlı toy keçirə bilib.”[34] Bundan sonra Bağırov yüksək vəzifəli şəxslər arasında rüşvət əməllərinin artdığını vurğulayıb və müxtəlif sahələrdə rüşvətin alınması mexanizmlərini izah edərək, kimin necə varlandığını bildiyini etiraf edib. Məsələn, Bağırov deyib ki, traktorların satışı ilə məşğul olan dövlət idarəsinin şöbə rəisi rüşvət almadan heç bir təsərrüfata nəinki traktor, heç onun təmiri üçün lazım olan hər hansı bir detalını da vermir. Bu hadisə Bağırovun respublikada rəhbər vəzifə tutan şəxslərin necə rüşvət almaları, necə varlanmaları haqqında dəqiq məlumata malik olduğunu göstərir. Onların əksəriyyəti Bağırovun qəzəbinə tuş gəlmədən, sovet hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmədən uğurla qanunsuz əməllərini davam etdirə, sərvətlərini övladlarına ötürə biliblər. Arxivlərdə Bağırovun hakimiyyəti illərində dövlət büdcəsinin talan edilməsi, gizli iqtisadiyyatın çiçəklənməsi ilə bağlı çoxlu sayda materiallar mövcuddur. Bu materialların bir hissəsi Bağırovun hakimiyyətdə olduğu dövrdə, bir hissəsi isə onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra aparılan maliyyə yoxlamaları zamanı aşkar edilmişdir.[35] Ən böyük qanunsuzluqlar, rüşvətxorluq isə hüquq-mühafizə orqanlarında baş verirdi. Bu sənədlər Bağırovun dövründə rüşvətxorluğa qarşı hər hansı ciddi mübarizənin getmədiyinə dəlalət edir. Belə bir mübarizə ola bilsin ki, yalnız aşağı təbəqələrə qarşı yönəlmiş, yüksək vəzifə sahiblərindən isə yan keçə bilmişdi.

Arixvlərdə Bağırovun şəxsən rüşvətxorluğa bulaşması haqqında da sənədlər mövcuddur. Bu sənədlərin birində onun komfortlu həyat tərzindən bəhs edilir. 1948-ci ildə AzSSR Nazirlər Soveti sədrinin müavini, Məşədi Əzəzbəyovun oğlu Əziz Əzizbəyovun maliyyə fırıldaqları aşkar edilərkən, onunla yanaşı respublikanın digər yüksək rütbəli şəxslərinin, o cümlədən MK katibi Mircəfər Bağırovun da heç də sadə həyat tərzi keçirmədiyi məlum olur. Bağırov bu qalmaqalın yaxşı nəticələnməyəcəyini anlayaraq 1948-ci il iyulun 30-da şəxsən Stalinlə görüşə getmişdir. Bu görüşün baş tutduğunu Kremlə Stalinlə görüşə gələn şəxslərin qeydiyyat kitabındakı məlumat təsdiqləyir. Həmin gün Bağırov 22:50-23:20 arası, yəni yarım saat Stalinin yanında olub, bu görüşdən sonra respublika rəhbərliyini ifşa edən yoxlamalar dayandırılıb.[36]

Bağırovu yerlibazlıq və tayfabazlıqda günahlandırmaq mümkün deyil. Lakin bu faktın onun şəxsi keyfiyyəti ilə o qədər də əlaqəsi yoxdur. Çünki İkinci Dünya müharibəsi bitənə qədər müttəfiq respublikaların partiya rəhbərləri dövlət strukturlarına təyinatda sərbəst deyildilər və bu məsələlər mərkəzdən koordinasiya edilirdi. Kadr təyinatı zamanı Bağırovun fikri nəzərə alınırdı, lakin əsas götürülmürdü. 1940-cı ildə Bağırov Mərdəkan Quru Tropiklər stansiyasının direktorunun işdən azad edilməsinə mane olmaq istəyir, lakin bunu bacarmır. Səbəb isə direktorun bu vəzifəyə SSRİ Xalq Torpaq Komissarlığının qərarı ilə təyin olunması idi.[37] Digər tərəfdən Bağırovun respublikaya rəhbərlik etdiyi dövrün xüsusiyyətləri nəzərə alınsa, yerlibazlıq və tayfabazlıq cəhdlərinin ona daha çox zərər gətirə biləcəyini də ehtimal edə bilərik. Buna baxmayaraq, hər bir dövlət strukturunda Bağırovun etibar etdiyi adamları var idi. Bu adamlar Bağırova istədiyi kadrlar haqqında kompramat toplamaqda yardım edirdilər.[38]

Nəhayət, Bağırovun azərbaycanlıların Stalinin göstərişi ilə Azərbaycandan sürgün edilməsinin qarşısını alması ilə bağlı yayılan şayiələr haqqında yalnız bir şey qeyd etmək olar. Stalinin belə bir layihəsinin olması haqqında nə mərkəzi, nə də respublika arxivlərindən hələlik hər hansı sənəd əldə etmək mümkün olmayıb. Bu məsələ ilə bağlı dövrün tədqiqatçısı Eldar İsmayılov haqlı olaraq yazır ki, Cənubi Azərbaycanı SSRİ-yə birləşdirmək iddiasına düşmüş Stalinin Azərbaycan SSR əhalisini harasa sürgün etmək haqqında plana malik olması heç bir məntiqə sığmır.[39]

Mircəfər Bağırovun siyasi karyerası onun əqidəli bolşevik olması fikrinə şübhə salır, lakin Stalinin sadiq məsləkdaşı olması fikrini də təkzib etmir. Güc və hakimiyyət istəyən Bağırov yaranmış şəraitdən əlverişli istifadə etməyi bacarmışdı. 1930-cu illərin kütləvi repressiyalarında Bağırov təkcə icraçı deyil, eyni zamanda təşəbbüskar kimi də çıxış etmiş, bölgələrdə üçlüklər, səyyar məhkəmələr tərəfindən keçirilən repressiyaları bilavasitə sanksiyalaşdırmışdı. Bağırov repressiya olunanların sayını azaltmağa çalışmamış, əksinə Moskvaya göndərdiyi sorğularla onların miqyasını artırmağı və müddətini uzatmağı xahiş etmişdi. Bağırov repressiyaların təşkil edilməsi və reallaşdırılması ilə bağlı sənədlərin əksəriyyətini səlahiyyətli şəxs kimi təsdiqləyib. Bağırov həmin dövrdə respublikada ən yüksək səlahiyyətə malik siyasətçi kimi kütləvi repressiyalara görə bilavasitə məsuliyyət daşıyır. 


İstinadlar və qeydlər:

[1]Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra ARDA), f.379, siy.40 c, iş 198, v.117; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivində (bundan sonra ARPİİİSSA), f.1, siy. 88, iş 14, v.2; f.1., siy. 88, iş 90, v.33

[2]Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, (ARMDA), f.1, siy.88, iş 3, v.13.

[3]ARPİİİSSA, f.1, siy. 74, iş 257, v.134

[4] Yenə orada.

[5] ARPİİİSSA, f.1siy.88, iş 37, v.34

[6]ARPİİİSSA, f.1, siy. 77, iş 31, v.1

[7] ARPİİİSSA, f.1, siy. 74, iş 257, v.91

[8]ARPİİİSSA, f.1, siy. 74, iş 257, v.132

[9]ARPİİİSSA, f.1, siy. 122, iş 107, v.28-31; həmçinin bax: Исмаилов Э. Власть и народ: послевоенный сталинизм в Азербайджане.1945-1953. Баку: Адильоглу, 2003, с.39.

[10] Мамедова Ш. Интерпретация тоталитаризма. Сталинизм в Азербайджане. 1920–1930. Баку: Адильоглу, 2004, с.180.

[11] Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı DTX) Arxivi, Pr16645, 12493 saylı istintaq işi, v.13-14.

[12] ARPİİİSSA, f.1, siy. 88, iş 14, v.52

[13] ARPİİİSSA, f.1, siy. 88, iş 14, v.26-31.

[14]ARPİİİSSA, f.1, siy. 231, iş 25, v.252

[15]1929-cu ildə partiya rəhbərliyindən kənarlaşdırıldıqdan sonra Qarayev bir müddət Marksizm-Leninizm İnstitutunda təhsil almış, təhsilini başa vurduqdan sonra isə Qırmızı Professura Partiya Tarixi İnstitutunun axşam şöbəsinin direktoru vəzifəsinə təyin edilmişdi.

[16]ARPİİİSSA, f.1, siy. 88, iş 14, v.26-31.

[17] ARPİİİSSA, f.1, siy.88, iş 14, v.90

[18] Yenə orada.

[19] Маммадова, с. 184.

[20] 1920-1921-ci illərdə Az KP MK-nın məsul katibi olub, 1937-ci ildə həbs olunarkən SSRİ-nin Səhiyyə naziri postunu tutub.

[21] Vsevolod Merkulov əslən Zaqataladan idi, SSRİ Dövlət Təhlükəsizlik naziri kimi yüksək vəzifə tutub, Beriyaya yaxın adam kimi 1953-cü ildə həbs edilib və güllələnib.

[22] Российский-Государственный Архив Социально-Политической Истории (РГАСПИ), ф.17, оп.171, д.470, л.215-225.

[23] РГАСПИ, ф.17, оп.171, д.479, л.49-63.

[24] Материалы февральско-мартовского пленума ЦК ВКП(б) 1937 года. Вопросы истории. 1995, №3, с.3-15.

[25] ARPİİİSSA, f.1, siy.77, iş. 101, v.47-48.

[26]ARPİİİSSA, f.1, siy.74, iş 99, v.525.

[27] ARPİİİSSA, f.1, siy.142, iş 149. v.56

[28] Azərbaycan Respublikası MTNA: PR-28787, v.76

[29] Yenə orada.

[30]РГАСПИ, ф.17, оп.171, д.479, л.49-63.

[31] MTNA: PR-28787ç v.144.

[32]ARPİİİSSA, f.1, siy.142, iş 199, v.13-14.

[33] ARPİİİSSA, f.1siy. 43, iş. 94, v. 95-96

[34]Məmmədova Ş. Yaddaşımızdakı tarix. Stalindən sonrakı Azərbaycan. Bakı: Elm və Təhsil, 2022, s.474.

[35]ARDA, f.2878, siy.2, iş 164, v.104-105, 108-109, 55-56, 128-129; ARDA, f.411, siy.28, iş 1358, v.96-99.

[36] РГАСПИ, f.17, siy.171, iş 472, v.199-212; Həmçinin bax: На приеме у Сталина. Тетради (журналы) записей лиц, принятых И.В. Сталиным (1924-1953 гг.). Москва: Новый Хронограф, 2008.

[37]ARPİİİSSA, f.1, siy.53, iş 2, v.1-2.

[38] Гуськов A.M. Под грифом правды. Исповедь военного контрразведчика. Люди. Факты. Спецоперации. Под грифом ‘сугубо лично’, Əldə edilib http://militera.lib.ru/memo/russian/guskov_am01/guskov_am01.html

9 avqust 2021

[39] Исмаилов, s.47

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.