Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.
Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir. Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.
Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşımasa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mülkü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.
Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb. Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.
Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.
Şəlalə Məmmədova
Fəsil 67. Balqavenlər[1] haqqında nə danışırlar.
Bu Xorobut Fars şahı Saporun[2] katibi idi və Barat ləqəbli Yulian[3] qoşunları ilə Ktesifona gələndə yunanlar onu əsir götürmüşdülər. Yulian və onun xələfi İovnan[4] öldükdən sonra Xorobut saray əyanları ilə Yunanıstana gedir və bizim dinimizi qəbul etdikdən sonra Yeliazar adını götürür. Xorobut orada yunan dilini öyrəndikdən sonra Sapor və Yulianın tarixini yazır. Bundan başqa, o, öz tayfasından olan Barsum adlı birisinin qədim tarixə aid əsərinə şərh yazır. Farslar Barsumu Rastsoqum[5] adlandırırlar. Xorobut onun kitabındakı məlumatları öz kitabında istifadə edib. Biz həmin kitabda həqiqətlərə uyğun olmayanları buraxaraq digər məlumatları bu kitabda nəql edirik. Çünki düşünürük ki, burada Kupidonun yuxularından, Sasandan törəmiş od-alovdan, mal-qaranın hasarlanmasından, gözün ağından, ulduzları öyrənənlərin və sehrbazların proqnozlarından və bunlardan sonra gələn rəvayətlərdən, məsələn, Artasirin zina və ölüm haqqında fikirlərindən, kahinlərin birinin qızının buğa ilə bağlı qəzəbli natiqliyindən və digərlərindən, eyni zamanda qartalın qanadları altında öz balasını əmizdirən keçi haqqında, qarğanın falçılığı haqqında, qurdun xidmət etdiyi möhtəşəm aslanın qorunmasından, fəzilət mübarizəsindən və alleqorik mənada yazılmış digər şeylər haqqında danışmaq yersizdir. Biz yalnız etibarlı və həqiqətə uyğun olanları yazacağıq.
Fəsil 68. Xosroyun Assuriya üzərinə ilk hücumu. O zaman Xosroy Artabana yardım etmək istəyirdi
Artaban öldükdən sonra taxta Sasanın oğlu Artasir çıxdı. Balqavenlər nəslinin iki ailəsi, Aspaxapet və Suren, öz nəsillərindən olan hakim Artas sülaləsinə olan qısqanclıqlarından Sasanın oğlu Artasiri şah kimi tanıdılar. Karen Balqaven isə qardaşlarına sədaqətini nümayiş etdirərək Sasanın oğlu Artasirə müharibə ilə etiraz etdi. Lakin erməni şahı Xosroy bu qiyam və üsyanlar haqqında eşidən kimi Artabanın həyatını xilas etmək məqsədi ilə ona yardıma tələsdi. Assuriyanın ortasına çatanda Artabanın artıq öldürüldüyü, onunla birgə bütün Fars qoşunlarının satraplarla birgə məğlubiyyətə uğradıldığı haqqında xəbər aldı. Ona xəbər çatdı ki, onun Parfiya və Balqavenli qohumları Karen istisna olmaqla, öz aralarında barışığa gəlmiş və ittifaq bağlamışlar. Xosroy onlara öz elçilərini göndərərək kədər və qəzəblə geriyə, öz məmləkətinə dönür. O, bu haqda Roma sezarı Filipə məlumat verərək, ondan yardım istəyir.
Fəsil 69. Filipdən yardım alan Xosroy Sasanın oğlu Artasirə müharibə elan edir
Həmin dövrdə Roma imperiyasında böyük qarışıqlıq var idi və bu səbəbdən Sezar Filipin[6] Roma qoşun dəstələrini Xosroya yardıma göndərə bilmir, lakin hər tərəfdən ona yardım edilməsi üçün fərman verir. Bu fərmanı aldıqdan sonra Xosroya Misirdən yardımçı qoşunlar göndərilir, ona hətta Pontun boş qalmış düzlərindən də yardım gəlir. Bu qədər böyük yardım alan Xosroy qoşunla Artasirin qarşısına çıxır və onu qaçmağa məcbur edir, onun əlindən Assuriyanı və şahlığın digər vilayətlərini alır. Bundan sonra o, ikinci dəfə qohumları Parfiyalılara və Balqavenlərə elçi göndərir ki, onlar özlərinə gəlsinlər, Artasiri cəzalandırsınlar, öz aralarında ən ləyaqətli hesab etdikləri birini şah seçsinlər ki, öz şahlıqlarını itirməsinlər. Lakin yuxarıda adları çəkilənlər- Aspaxapet və Suren nəsli bununla razşılaşmadıqda Xosroy vətənə qayıtmalı olur. O, əldə etdiyi qələbəyə görə sevinmirdi, qohumlarının ondan imtina etməsinə kədərlənirdi. Bu zaman onun uzaq vilayətlərə Balkda yaşayan hörmətli xalqlara göndərdiyi elçiləri geri qayıdır və ona belə bir xəbər gətirirlər: Balqaven Karen nəslindən olan Vezan adlı qohumun Artasirə tabe olmayıb və sənin çağırışınla yanına gəlir.
Fəsil 70. Xosroyun Romanın yardımı olmadan Assuriyanın üzərinə ikinci hücumu
Xosroy qohumlarının onun yanına gəlməsi xəbərinə sevinsə də, sevinci uzun sürmür. Ona Artasirin qoşun toplayaraq qohumlarının üzərinə hücum etməsi və yeniyetmələrdən tutmuş südəmər körpələrə qədər Barqaven Karen nəslindən olan bütün kişiləri məhv etməsi haqqında kədərli xəbəri çatdırırlar. Karen nəslindən yalnız bir oğlan qalmış və onu bu ailəyə sədaqətli olan Burzay adlı birisi Xusi[7] vilayətinə qaçırmış və onu cəsur qohumlarının yanına qoymuşdu. Artasir həmin uşağı ələ keçirmək üçün çox çalışmış, lakin qohumları bir olduqları üçün bunu bacarmamışdılar. Sonunda, o, uşağın təhlükəsizliyini təmin edəcəyinə and içməli olmuşdu. Bununla əlaqədar farslar o uşağın heyvanlar tərəfindən bəslənməsi haqqında rəvayətlər uydurmuşdular. Əslində isə o, qüdrətli Kazars nəslinin hərbi başçısı olan Perozamat idi ki, yeri gələndə onun haqqında məlumat verəcəyik. İndi isə gəlin görək Karen nəsli məhv edildikdən sonra nə baş verdi. Erməni şahı Xosroy bu ölümlərin qisasını aldı. Hərçənd o zaman Filip artıq ölmüşdü, Roma imperiyasında da çalxalanmalar başlanmışdı və imperatorlar tez-tez dəyişirdi. Əvvəl Desiy, Qal, sonra isə Valerian sezar oldu, lakin Xosroya yardım etmədilər. Buna baxmayaraq, Xosroy seçmə qoşunları və şimal xalqlarının yardımı ilə onu məğlub etdi və Hindistana qədər qovdu.
Fəsil 71. Anakın gəlməsi, müqəddəs Qriqorinin anadan olması
Xosroydan qaçaraq Hindistan ölkəsinə çatmış Artasir ağır vəziyyətə düşmüşdü və naxararlara böyük vədlər verərək Xosroyu ya zəhərlə, ya da qılıncı ilə öldürəni böyük mükafatın gözlədiyini deyirdi. O deyirdi: “Ey Parfiyalılardan törəyənlər, sizə qohumluq əlaqələriniz olduğu üçün yalançı sevginiz hesabına saraya girərək ona qarşı sui-qəsd hazırlamaq daha asan olmalıdır, o, buna inanacaq.” O, Barqavenlərə aid olan Barqaven (Pəhləv-tərcüməçi), Bahl və Xusilərin ölkəsini onlara qaytaracağını vəd edirdi. O, şaha məxsus rəmzləri və hörməti, həmçinin Ari ölkəsinin[8] yarısını da onlara verəcəyini və Xosroyu öldürəni şahlığında ikinci adam edəcəyini deyirdi. Suren Barqaven nəslindən olan Anakı bu vədlər şirnikləndirir və o, Xosroyu öldürməyi üzərinə götürür. Bunun üçün o, bir yalan uydurur, guya Artasirlə dalaşdığı üçün ondan qaçır və bu səbəbdən də fars qoşunları onu təqib edirlər. Anakı bütün Assuriya boyunca təqib edən fars qoşunları gəlib Korduka[9], Atropatenanın yanına çatırlar. Bu haqda məlumatı utilərdən alan cəsur Xosroy məsələni Karenlərin nəslindən olanların qovulması kimi başa düşür və onlara yardım məqsədi ilə bir dəstə göndərir. Anakı qarşılayan dəstə şahın əmrinə uyğun olaraq onu Artaz adlı vilayətə gətirir.
Bu vilayət müqəddəs və böyük həvari Faddeyin qalıqlarının aşkar edildiyi düz ərazi idi. Burada mən nur üzlü bir qocanın sözlərini sitat gətirirəm: “Mənə əcdadlarımdan bu hadisələr haqqında xatirələri atadan oğula ötürmək kimi bir adət qalıb. Olimpiodor[10] da Taron və Sim adlanan dağ haqqında rəvayəti beləcə ötürmüşdü.” Beləliklə, Anakın Artaz adlanan düzdə dayandığı yer müqəddəs həvvarinin qəbrinin yaxınlığında idi, qəbir çadırın pərdəsinin küncünə düşmüşdü. Deyilənə görə, anası bizim müqəddəs və qüdrətli maarifləndirənimizə orada hamilə qalıb. Varlığını həvvari məzarı yanında tapan maarifləndirənimiz lütfünü də ondan almış və onun ölümündən sonra boş qalmış yerini mənəvi fəaliyyəti ilə doldurmuşdu.
Ərməniyəyə gəldikdən iki il sonra Anak 48 il hökmranlıq etmiş Xosroyu öldürür. Həm o, həm də onun yaxınları ölür. Allahın hökmü və həvvarilərin lütfü ilə yalnız bir nəfər qalır. O bir nəfər hələ anasının bətnində olarkən haqqa gəlmişdi. Bu hekayənin qalan hissəsini Aqatangelosdan[11] oxuya bilərsən.
Fəsil 72. Kapadokiya Qeysəriyəsinin yepiskopu Fermelian və onun tarixi haqqında
Kapadokiya Qeysəriyyəsinin yepiskopu Fermelian heyrətamiz dərəcədə hər şeyə maraq göstərən insan idi. Hələ uşaq ikən o, təhsil almaq üçün Origenin[12] yanına getmişdi. O, bir çox əsərin müəllifidir, onların arasında Kilsənin təqib edilməsinin tarixi də var. Onun əsərləri Maksimin[13] və Detsinin[14] dövründə, sonra isə Diokletianın dövründə şöhrət tapdı. Bu əsərində o, şahların fəaliyyəti haqqında da yazır. O yazır ki, kilsəyə qarşı təqibin başlanmasından doqquz il sonra İsgəndəriyyə yepiskoplarından on altıncısı olan Pyotr əzablı ölümlə qarşılaşır. O, bizim torpaqlarımızda çoxlarının Xosroy tərəfindən və ondan sonra gələn hökmdarlardan zülm gördüyünü də yazır. Lakin rəvayətlərində Fermelian dəqiq olmadığından, şəhidlərin nə adları, nə də harada öldükləri haqqında məlumat vermədiyindən biz ondan istifadə etməmək qərarına gəldik. Biz onun Şimal ölkəsinin oğlu Antoni[15] haqqında hekayəsinə də istinad etməyəcəyik. Bu Antoni Fars şahı Vaxarşla Mesopotamiyada müharibə etmiş, Edesa ilə Xaran arasındakı ərazidə ölmüşdü. Biz onun bu döyüşdə heç bir tərəf tutmamış Xosroy haqqında dediklərinə də istinad etməyəcəyik. Lakin onun Xosroyun ölümündən Trdata qədər qarışıqlıq dövrü haqqında yazdıqlarını biz həqiqətə uyğun hesab edirik. Qeyd etməliyik ki, Trdat haqqında və ondan sonra baş vermişlər haqqında yazarkən Fermelian əmək və qayğısını əskik etməmiş, bu hissələrdə heç bir səhv buraxmamış, əksinə hər şeyi yunan yazılarından əldə etmişdi. Yerdə qalanlar haqqında isə biz müdriklərin sözlərini və qədim tarixin bilicilərinin, sözsevərlərin dediklərini nəql etmişik.
Fəsil 73. Artaşirin bizim üzərimizə hücum etməsi və imperator Tatsit üzərində qələbəsi
Həmin tarixçi[16] nəql edir ki, Xosroyun ölümündən sonra erməni naxararları farslarla mübarizə aparmaq və torpaqlarımızı qorumaq üçün Frigiyanın yunan qoşunlarını yardıma çağırmaq haqqında razılığa gəlirlər. Onlar dərhal Valeriana da xəbər göndərdilər, lakin o qoşunlar[17] artıq Dunayı keçdikləri, bir çox vilayətləri tabe edərək Tsiklad[18] adalarını talan etdikləri üçün Valerian bizim ölkəmizə yardım edə bilmədi. Valerian bundan sonra çox yaşamır və hakimiyyət Klavdinin, ondan sonra isə Avrelianın əlinə keçir. Bir neçə ay ərzində hakimiyyətə bir-birini əvəzləyən qardaşlar, Kvinit, Tasit və Florian gəlir. Buna görə də Artaşir cəsarətlə onların üzərinə hücum edir, yunan qoşunlarını qaçmağa məcbur edir, bizim məmləkətin böyük hissəsini ələ keçirərək onu talan edir. Bu səbəbdən erməni naxararları Arşakuni nəsli ilə birgə Yunanıstana köçür. Köçən naxararlar arasında Artavazd Mandakuni də var idi. O, Xosroyun oğlu Trdatı özü ilə imperator sarayına aparır. Beləliklə, Tasit Pont ölkəsində Artaşira qarşı çıxmağa məcbur olur, qardaşı Florianı başqa qoşun ilə Kilikiyaya göndərir. Artaşir Tasitə yaxınlaşır və onu qaçmağa məcbur edir. İmperator öz adamları tərəfindən Pont Çanikində[19], yəni Xaltikdə öldürülür. Qardaşı isə ondan 88 gün sonra Tarsda[20] öldürülür.
Fəsil 74. Farslar və yunanlar arasında sülh. Hakimiyyətsizlik dövründə Artaşir bütün Ərməniyəni bərpa edir
Yunanıstanda[21] hakimiyyətə gəlmiş Prob[22] Artaşirlə sülh imzalayır, bizim torpaqları ayırır və xəndəklərdən ibarət sərhəd müəyyənləşdirir. Artaşir naxararları sakitləşdirir, köçüb gedənləri geri qaytarır, əlçatmaz qalalarda gizlənənləri geri çağırır. Yalnız Amatuni nəslindən olan Ota adlı bir naxarar geri gəlmir. O, Sexkuni nəslinin kürəkəni, Xosroyun qızı Xosrovduxtun tərbiyəçisi idi. O, Ani[23] qalasında, yuvasının səssizliyində gizlənmişdi. Artaşir erməni torpağını qaydaya salaraq əvvəlki əmin-amanlığı bərpa edir. O, tax-taclarından və torpaqlarından, Araratdan uzaqlaşdırılmış Arşakuniləri öz torpaqlarına qaytarır, onlara əvvəlki qaydaya uyğun olan gəlir və imkanlar müəyyən edir. O, məbədlərdə duaları daha da gücləndirir, Baqavan qurbangahında daima Hörmüzün odunun yanmasını əmr edir. Lakin Vaxarşak tərəfindən Armavirdə əcdadlarının şərəfinə ucaldılan bütün bütləri, eyni zamanda günəş və ayın təsviri olan bütləri dağıdır. Bu bütlər Armavirdən Baqarana, ordan da Artaşata gətirilmişdi. Fərmanla bizim bütün torpaqlara xərac təyin edir və hər yerdə öz adını bərqərar edir. Artaşes tərəfindən daşla müəyyən edilmiş ölçüləri öz adı ilə Artaşir adlandırdı. O, iyirmi altı il fars naxararları vasitəsilə bizim torpaqları bir vilayəti kimi idarə etdi. Ondan sonra Şapux, yəni şah oğlu adlandırılan oğlu hakimiyyətə gəldi. Şapux bir il, Trdat hakimiyyətə gələnə qədər hökmdar oldu.
Fəsil 75. Mandakuni nəslinin Artaşir tərəfindən məhv edilməsi
Artaşir eşitmişdi ki, erməni naxararlarından biri Xosroyun oğlunu götürərək qaçıb gizlənə bilmişdi. Əmr etmişdi ki, bunu kimin etdiyini öyrənsinlər. Ona xəbər verirlər ki, bu, Mandakuni nəslindən olan Artavazdır. Ona görə də onun bütün məslini məhv etməyi əmr edir. Ermənilər Artaşirin əlindən qaçanda Mandakunilər də qaçmışdılar. Lakin Artaşir sonradan onları qaytaranda Mandakunilər də qayıtmışdı və Artaşir onların hamısını qılıncdan keçirmişdi. Artavazdın olduqca gözəl olan bacılarından biri Aşotsan nəslindən olan Taçat adlı biri tərəfindən qaçırılmışdı. O, Quşar Haykın nəslindən idi. Qız Qeysəriyyəyə qaçırıldığı üçün ölümdən yaxa qurtara bilmişdi. Taçat onun gözəlliyinə heyran olaraq onunla evlənmişdi.
Fəsil 76. Ərməniyədə hakimiyyətsizlik (anarxiya) dövründə Trdatın qəhrəmanlıqları haqqında
Həmin salnaməçi Trdatın qəhrəmanlıqlarından bəhs edərək yazır ki, hələ uşaq ikən o, ram edilməmiş atı minir və onu məharətlə idarə edirdi, silahla məharətlə davranır və hərb sənətinin digər növlərini öyrənirdi. Peloponnesli falçı-kahinin söylədiklərinə görə, yarışlarda Trdat Rodoslu Klitostratın boynundan yapışaraq onu məğlub etmişdi. O, Arqivli Kerası[24] da məğlubiyyətə uğratmışdı, çünki sonuncu öküzün dırnaqlarını qopardanda Trdat bir əli ilə vəhşi öküzün buynuzlarından yapışaraq onun boynunu qırmış və buynuzlarını qoparmışdı. Bir dəfə böyük tamaşa zamanı yoldakı döyüş arabasını uzaq məsafədən idarə etmək istəyərkən mahir döyüşçü olan rəqibi Trdatı itələyir və yerə yıxır. Trdat əli ilə döyüş arabasını saxlamağı bacarır və tamaşaçıları heyrətləndirir. Probun qotlarla müharibəsi zamanı böyük aclıq olur. Ordunun ehtiyatı tükəndiyindən döyüşçülər üsyan qaldırır və Probu öldürür. Bundan sonra ordu digər sərkərdələri də öldürmək istəyir. Lakin Trdat tək onların qarşısına çıxır və ordunun Litsininin[25] sarayına daxil olmasına imkan vermir. Bu zaman Trdat da Litsininin sarayında idi.
Bundan sonra Kar oğulları Karin və Numerianla[26] taxta çıxdı. Kar qoşunları toplayaraq Fars hökmdarı ilə müharibəyə girdi, onu məğlub etdi və Romaya qayıtdı. Bu səbəbdən də Artaşir yardım üçün çoxlu sayda qoşunu yanına topladı, Taçkastanı[27] isə dayaq nöqtəsinə çevirdi. O, yenidən Fəratın hər iki tərəfindən romalıların üzərinə hücum etdi və Rinonda[28] Karı öldürdü. Səhrada olan Kornakın[29] üzərinə hücum edən Karin də öldürülür. Bu zaman Trdat da onun yanında idi. Karinin ordusunun böyük hissəsi də məhv edilir, kiçik bir hissəsi isə döyüş meydanından qaçır. Atı yaralanmış Trdat qaçan qoşundan geridə qalır. O, silahını əlinə alır, atın yəhərini tutur və geniş, dərin suları olan Fərata baş vurur. O, Litsinin də olduğu, qoşunların toplandığı əsas yerə can atır. Həmin vaxt Frakiyada Numerian da öldürülür. Ondan sonra taxta Diokletian çıxır. Bu zaman baş verənlərin hamısı haqqında sizə Saqafangel[30] məlumat verir.
Fəsil 77. Qriqori və onun oğullarının dünyaya gəlməsi və həyatı haqqında, yepiskop Artitesin Yaqroçandan olan zahid Markın xahişi ilə yazılmış məktubundan qısa çıxarış
Farslardan mühüm və əhəmiyyətli olan Burdar adlı birisi vətənini tərk edərək Qamirona[31] gedir və Qeysəriyyədə yerləşir. O, inanclılardan Sofiya adlı birisi ilə evlənir. Sofiya Yevfaliy adlı bir varlının bacısı idi. Bundan sonra o, arvadı ilə birlikdə Fars torpağına qayıtmaq qərarına gəlir. Lakin qaynı Yevfaviy onun arxasınca gedərək bu fikrindən daşındırır. Bu zaman bizi maarifləndirən dünyaya gəlir və Sofiya təsadüfən onu əmizdirməyə başlayır. Ağır günlər başlayanda Yevfaviy bacısını əri və körpə ilə birgə götürür və Kappadokiya torpağına qayıdır. Mən burada demək istəyirəm ki, bütün bunlar Allahın istəyi ilə baş tutmuşdu və bizim qurtuluşumuz idi. Yoxsa Pəhləvi nəslindən olan birinin Roma dövlətində böyüməsi və onun Məsihin dininə gətirilməsi başqa nə məna verə bilərdi? Uşaq yetkinlik yaşına çatanda inanclılardan David adlı birisi onu Mariya adlı qızı ilə evləndirir. Üç illlik evlilikdə bu cütlüyün iki oğlu dünyaya gəlir və bundan sonra onlar könüllü olaraq ayrılmaq haqqında qərar qəbul edirlər. Mariya kiçik oğlu ilə qadın monastrına gedir və özünü monastr həyatına həsr edir. Oğlu isə yetkinlik yaşına çatdıqdan sonra Nikomax adlı zahidin yolu ilə getmək qərarına gəlir. Nikomax onu səhraya göndərir. Böyük oğul isə öz tərbiyəçilərinin yanında qalaraq dünyəvi həyatı seçir, sonra isə evlənir. Ataları Qriqori isə atalıq borcunu yerinə yetirmək, bizim torpağımızda əzabkeşliklə birgə həvarilik üçün Trdatın yanına gəlir.
Həqiqətən də gözəl olan atanın oğulları da gözəl idi. O, Trdatla qayıdanda nə o, oğullarının yanına gəldi, nə də oğulları onun yanına gəldi. Ola bilsin ki, onlar təqib olunmaqdan ehtiyat edirdilər. Amma atalarının məşhurlaşdığı və müqəddəsləşdiyi dövrdə onlar özlərini təkəbbürlü aparmadılar. Ona görə də Qriqori Qeysəriyyədə çox qalmadı, tezliklə Sevast[32] şəhərinə qayıtdı və öz təlimi üçün mənbələr toplamağa başladı. O, Qeysəriyyədə çox qalmaq istəsəydi də, düşündüklərini reallaşdıra bilməyəcəkdi. Onlar bitməyən və tükənməyən haqqında düşünürdülər. Onlar özlərinə tərif axtarmırdılar, tərif özü onları təqib edirdi. Bunu sizə Aqafangel deyir.
Fəsil 78. Mamikonyanlar nəslinin mənşəyi
Sasanın oğlu Artaşir öldükdən sonra Fars şahlığı oğlu Şapuxa keçir. Onun hökmranlığı dövründə Ərməniyəyə şimal-şərq torpaqlarından Mamikonyanlar nəslinin əsasını qoyan gəlir. O torpaqlar şöhrətli və müstəqil idi, onlar şimal torpaqlarının birinci xalqı idi. Mən Tçenlərin[33] torpağından bəhs edirəm. Onlar haqqında rəvayətdə bunlar deyilir.
Artaşir ölən il Tçenbakur Arbok adlı birisi (onların dilində tçenbakur dövlətin şərəfi mənasını verir) var idi. Onun Bexdox və Mamqun adlı iki süd qardaşı var idi. Onlar yüksək rütbəli zadəganlar idilər. Bexdox Mamquna böhtan atır. Mamqun bu haqda eşidəndə hökmdarın çağırışına əhəmiyyət verməyərək bütün nəsli ilə Fars şahı Artaşirin yanına qaçır. Arbok onun ardınca şah sarayına elçilər göndərir. Lakin Artaşir ona sığınanları verməkdən imtina edir. Belə olduqda tçenlərin hökmdarı Artaşirlə müharibəyə hazırlaşmağa başlayır. Lakin Artaşir ölür və həmin vaxt taxta Şapux çıxır.
Şapux Mamqunu tçenlərə verməsə də, onun Ari torpaqlarında qalmasını istəmir və onu bir sərgərdən kimi bütün ailə üzvləri ilə birgə Ərməniyəyə, öz hökmdarlarının yanına göndərir. Sonra da tçenlərin hökmdarına belə bir xəbər göndərir: “Mamqunu sənə verməməyim sənə pis təsir etməsin, atam onu verməyəcəyi üçün günəşə and içmişdi. Səni sakitləşdirmək üçün mən onu ölkəmdən dünyanın axırına, günəşin batdığı yerə qovdum. Bu, ölümə bərabərdir. Qoy bizim aramızda müharibə olmasın.” Tçenlər dünyada yaşayan ən sülhsevər xalq olduqlarından Arbok, deyilənə görə, sülhə razılaşır. Burdan da aydın olur ki, tçenlər həqiqətən sülh və insansevərdirlər.
Onların ölkələri müxtəlif nemətlərlə doludur, bu ölkə gözəl bitkilərlə bəzənib, zəfəran, ipək və tovuz quşları ilə zəngindir. Orada bir çox vəhşi eşşəklər, keçilər var. Deyilənə görə, qırqovul, qu quşu və digər buna bənzər quşlar bizdə yalnız insanların bir hissəsinə əlçatan olduğu halda, orada hamının qida məbəyidir. Zadəganların qiymətli daşlarının və mirvarilərinin sayı-hesabı yoxdur, bizdə dəbdəbəli hesab edilən və hər kəsin geyinə bilmədiyi geyimləri orada hamı geyinir. Bu, tçenlərin torpağıdır.
Mamqun öz razılığı olmadan bizim torpaqlara Trdatın qayıtdığı zaman gəlir və fars qoşunları ilə birlikdə geriyə qayıtmır, ailə üzvləri ilə birgə böyük hədiyyələrlə Trdatı qarşılamağa gedir. Trdat onu qəbul edir, lakin özü ilə birgə fars torpaqlarına müharibəyə aparmır. Ona və ailə üzvlərinə yer verir, onların yaşaması üçün məvacib ayırır və uzun illər ərzində onun yaşayış yerini daima dəyişir.
Fəsil 79. Xristian olmayana qədər Trdatın qəhrəmanlıqları haqqında
Tarix xronologiyasız olmadığı üçün biz hərtərəfli araşdırdıq və müəyyən etdik ki, Trdatın bura böyük qoşunla gəlməsi və hökmranlıq etməyə başlaması Diokletianın hakimiyyətinin üçüncü ilinə təsadüf edib. O, Qeysəriyyəyə gələndə naxararların əksəriyyəti onu qarşılamağa çıxdı. O, bizim torpağa ayaq basan kimi bacısı Xosrovduxtu böyütmüş Otanı tapır. Məlum olur ki, Ota onun xəzinəsini və qalanı böyük qayğı və səbrlə qoruyub. Çünki Ota ədalətli, səbirli və xüsusilə də müdrik bir insan idi. Allahın həqiqətini tanımasa da, Ota bütlərin yalan olduqlarını bilirdi. Onun tərbiyə etdiyi Xosrovduxt da ciddi, həddən artıq xeyirxah idi. O, başqa qadınlar kimi çox danışan deyildi.
Trdat Otanı Ərməniyənin əsas hökmdarı təyin edir və onu şərəfləndirir. Süd qardaşı Artavazd Mandakunini də şərəfləndirir. Çünki Mandakuni onu xilas etmiş və atasının taxtını geri qaytarmaqda ona yardım etmişdi. Mandakuni erməni qoşunlarının başçısı təyin edilir. Artavazda xoş gəlsin deyə onun kürəkəni Taçanı Aşots vilayətinin hökmdarı təyin edir. Taçan sonradan qayınatasına, o isə hökmdara Qriqorinin Anakın oğlu olduğunu, sonra isə Qriqorinin oğulları haqqında məlumatı söyləyəcək. O, bunları Qeysəriyyədə olarkən öyrənmişdi.
Cəsur Trdat dərhal əvvəl Ərməniyədə, sonra isə Farsda bir neçə döyüşdə iştirak etdi və hər birində də şəxsən qələbəni təmin etdi. Bir dəfə o, hətta qədim Yeliananı da kölgədə qoyaraq nizəsini daha çox yaralını müdafiə etmək üçün qaldırdı. Başqa bir döyüşdə cəsur farslar onun gücünün və silah-sursatının qüdrətini görüb onun atını yaraladılar. Yaralı atdan yerə yıxılan Trdat ayağa qalxaraq onlarla döyüşməyə davam etmişdi. O, düşmənlərin çoxunu məhv etdikdən sonra onların birinin atını ələ keçirib cəsarətlə onun üzərinə tullandı. Digər bir döyüşdə isə Trdat könüllü olaraq qılıncı ilə fillər dəstəsinin üzərinə hücum edib onları qovmuşdu. Fars və Assuriyada olarkən Trdat belə qəhrəmanlıqlar edib. Bundan sonra o, Ktesifona üz tutur.
Fəsil 80. Trdatın Aşxenlə, Konstantinin isə Maksimina ilə evlənməsi və sonuncunun dinə gəlməsi haqqında
Trdat bizim torpağımıza qayıtdıqdan sonra Baqratın atası Smbatı Aşxadarın qızı Aşxenin dalınca göndərir ki, onunla evlənsin. Aşxen hündürlükdə Trdatdan geri qalmırdı. Trdat Aşxeni Arşakuni kimi tanımağı, bənövşəyi rəngdə geyindirməyi və şahın arvadına layiq olduğu kimi, başına tac qoymağı əmr edir. Onların Xosrov adlı bir oğulları oldu, lakin uşaq boyuna görə valideynlərinə bənzəmirdi.
Həmin dövrdə Nikomediyada Diokletianın qızı Maksiminanın Roma imperatoru Kostasın oğlu sezar Konstantinlə toyu idi. Sonuncu Maksimilianın qızından deyil, Yelena adlı fahişədən doğulmuşdu. Konstantin bizim hökmdarımız Trdat ilə öz toyunda tanış olur. Bir neçə il sonra Kostas ölür, Diokletian onun yerinə həmin Kostasın oğlu, oğulluğa götürdüyü Konstantini göndərir.
Bu hökmdar taxta çıxmazdan əvvəl bir döyüşdə məğlub olduqdan sonra dərin kədər içində yuxuya dalır və yuxuda ona göy üzündə qızıl xaç əyan olur, xaçın üstündə isə “Sim, qalib gəl!” yazılmışdı. Bunu hərbi nişanəsinə çevirən Konstantin qoşuna hücuma keçməyi əmr edir və qalib gəlir. Lakin sonradan Diokletianın qızı olan arvadı Maksiminanın təsiri ilə kilsələrin təqibinə başlayır və çoxlarını əzablı ölümə göndərir. Tezliklə özü fil cüzamı xəstəliyinə tutulur. Cüzam onun dəli cəsarətinə görə cəzası idi və onun bütün bədənini bürümüşdü. Onu nə cadugərlər, nə də marslı[34] həkimlər müalicə edə bildilər. Bu səbəbdən də o, fars və hindli cadugərlərə müraciət edir, lakin onlardan da bir xeyir gəlmir. Belə olduqda kahinlər Konstantinə çoxlu sayda körpə uşaqları vannada öldürərək qanını toplamağı, onların isti qanında çimməyi tövsiyyə edirlər. Bu zaman Konstantinin qulağına körpələrin ağlaşması və anaların fəryadı çatır. Konstantinin onlara yazığı gəlir və onların həyatını öz həyatından üstün tutur. Buna görə Allah onu mükafatlandırır, yuxusunda o, həvarilərdən Roma yepiskopu Silvestr vasitəsilə həyatverən camla yuyunmaq əmrini alır. Yepiskop onun təqibindən yaxa qurtarmaq üçün Seraption dağında gizlənmişdi. Konstantin onun təlimi ilə Allaha inam göstərdi, Allah onun bütün günahlarını bağışladı. Bu haqda bizə Aqafangelos xəbər verir.
Qeydlər və istinadlar:
[1] Pəhləvilər.
[2] II Şapux Sasani, İran şahı.
[3] Roma imperatoru Yulian nəzərdə tutulur. Yulian xristianlıqdan imtina edib bütpərəstliyə döndüyü üçün ona Parabatos (yunan dilində “dinindən dönmüş”) ləqəbi verilmişdi.
[4] Roma imperatoru.
[5] Ola bilsin ki, Nisibindən olan Barsaum nəzərdə tutulur. Rastsoqum/Rastsoxum fars dilində doğrunu söyləyən mənasını verir.
[6]Roma imperatoru Sezar Mark Yuliy Filip Avqust (I Filip Ərəb) nəzərdə tutulur.
[7] Kuşanların ölkəsi nəzərdə tutulur.
[8] İran nəzərdə tutulur.
[9] Korduena və ya Qordiyena müasir Türkiyə ilə Suriya arasında tarixi vilayət.
[10] B.e. V əsrində yaşamış yunan dilli tarixçi.
[11] V əsrdə yaşamış erməni dilli müəllif.
[12] B.e. II-III əsrlərində Fələstin Qeysəriyyəsində yaşamış filosof və ilahiyyatçı.
[13] Roma imperatoru.
[14] Roma imperatoru.
[15] Antoni Karakalla, Roma imperatoru.
[16] Fermelian.
[17] Qotlar nəzərdə tutulur.
[18]Egey dənizinin cənubunda yerləşən və hazırda müasir Yunanıstan ərazisi olan Kiklad adaları nəzərdə tutulur.
[19] Qara dənizin (Pont) cənub-şərqində yerləşən Xaltik vilayəti nəzərdə tutulur.
[20] Kilikiyada şəhər.
[21] Xorenatsi Yunanıstan dedikdə Bizansı nəzərdə tutur.
[22] Roma imperatoru.
[23] Fəratdakı Ani nəzərdə tutulur.
[24] Rodoslu Klitostrat və Arqivli Keras Olimpiya oyunlarının qalibləri olublar.
[25] Litsini sonradan Roma imperatoru olacaq.
[26] Roma imperatorları.
[27] Erkən orta əsr erməni ədəbiyyatında Ərəbistan Taçkastan, ərəblər isə taçik adlandırılırdılar.
[28] Roma imperatoru Mark Avreliy Kar Ktesifon yaxınlığında ölüb.
[29] Fars sərkərdəsi.
[30] Aqafanqelos nəzərdə tutulur.
[31] Erkən orta əsr erməni ədəbiyyatında Kappodokiyanın adı.
[32] Kiçik Asiyanın şərq hissəsində şəhər.
[33] Tçen Çindir.
[34] İtaliyada bir tayfa.

