Avtoritar rejimlər müxalifəti zəiflətmək və parçalamaq üçün müxtəlif üsullardan istifadə edirlər, lakin demokratiya uğrunda mübarizə aparan insanların əzmini tam sındıra bilməzlər. Azərbaycan kontekstində bu mübarizənin ən bariz nümunələrindən biri Azərbaycan müxalifətinin liderlərindən biri olan Tofiq Yaqubludur.
Birinci Qarabağ müharibəsi veteranı olan Tofiq bəy siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilib. Bu həbslərin sonuncusu 2023-cü ilin dekabrında baş tutub. Tofiq bəy məhkəmədə demişdi ki, məhkum ediləcəyi təqdirdə aclıq aksiyasına başlayacaq. Məhkəmə bizi təəccübləndirməyərək onu ədalətsiz şəkildə 9 illik həbs cəzasına məhkum etdi. Tofiq bəy də öz növbəsində bizi təəccübləndirməyərək həmişəki kimi sözünü tutdu və bu qərara etiraz olaraq 1 aprel tarixindən etibarən aclıq aksiyasına başladı.
Demokrat kimdir sualına veriləcək ən gözəl cavab “Tofiq Yaqublu”dur. Demokratın tərifi aşağıdakı kimidir:
Demokrat o adamdır ki, o (1) hökumətin və parlamentin azad və ədalətli seçki nəticəsində formalaşmalı olduğuna, (2) hər bir vətəndaşın seçmək və seçilmək hüququnun olduğuna və (3) dövlətin hər bir vətəndaşın təməl hüquqlarını bərabər şəkildə qorumaqla mükəlləf olduğuna inanır.
Tofiq bəy məhz o adamdır, demokratdır. Bu, demokratlığın kafi tərifidir. Fikir verdinizsə, demokratiya “ölkənin çoxluğun istəklərinə uyğun idarə edilməsi” kimi sadə şəkildə başa düşülmür. Məsələn, əhalinin yarıdan çoxu “seçkidə qalib gələn partiya digər partiyaları bağlasın,” yaxud da “bütün ateistlər öldürülsün” fikrini dəstəkləyə bilər, lakin demokratik dövlət bu kimi istəkləri reallaşdırmamalıdır. Demokratiya deyəndə çoxluğun tiranlığını və ya çoxluğun diktaturasını nəzərdə tutulmur. Yuxarıdakı tərifin üçüncü bəndi məhz çoxluğun tiranlığının qarşısını almaq məqsədi daşıyır.
Bu tərifi liberal da, sosialist də, millətçi də, dindar da, mühafizəkar da qəbul edə bilər. Çünki bu tərif müəyyən sərhədlər çərçivəsində təfsirə açıqdır. Məsələn, Tofiq bəy millətçidir lakin bu, onun demokrat olmasına mane olmur. Əksinə, onun simasında biz müxtəlif ideoloji mövqelərə malik olan insanların demokratiya prinsiplərinə sadiq qalmasının mümkünlüyünü görürük. Tofiq bəyin demokratiyaya sadiqliyi, ideoloji mövqeyindən asılı olmayaraq bütün müxaliflər tərəfindən hörmətlə qarşılanır. Liberallar, sosialistlər, sosial demokratlar, sosial liberallar, əksərən sol yönümlü olan feministlər və digər millətçilər – ideoloji spektrin müxtəlif nöqtələrində dayanan bu qruplar Tofiq bəyi bir demokrat kimi qəbul edir və dəstəkləyirlər.
Demokratiya geniş bir çadırdır və onun altında müxtəlif ideoloji mövqelər sığışa bilər. Bu geniş çadır altında müxalifət qüvvələrinin birləşməsi, demokratiyanın qələbəsinə aparan yolda həlledici əhəmiyyətə malikdir. Bu o demək deyil ki, demokrat olmaq ideologiyasız olmaq deməkdir. Tam tərsinə, demokrat olmaq da, demokratiya uğrunda mübarizə aparmaq da ideolojidir. Lakin demokratlıq olduqca geniş ideologiyadır və onun daxilində çoxlu ideoloji qruplar toplaşa bilərlər. Bir növü demokratlıq üst ideologiyadır, liberallıq və ya sosialistlik isə alt ideologiya.
Azərbaycan müxalifəti daxilində fərdi ideoloji qruplar arasında fikir ayrılıqları olsa da, demokratik prinsiplər və bu prinsiplərin daşıyıcısı olan Tofiq bəy kimi şəxsiyyətlər bu qrupları birləşdirən körpülərdir. Tofiq bəy bütün demokratların hörmətini qazanmış bir siyasətçidir, çünki “demokratlıq” tərifinə tam olaraq uyğun gəlir. Bu minimal tərif müxtəlif ideoloji mövqelərdən olan insanların bir araya gəlməsinə imkan verən kiçik, lakin möhkəm bir platformadır.
Liberallar və solçular Tofiq bəyi milliyyətçi olduğu üçün tənqid edə bilər, lakin onun demokrat kimliyini inkar edə bilməz. Eyni şəkildə, mühafizəkar bir müxalif də Tofiq bəyin dəstəkçiləri arasında liberalların, feministlərin və ya LGBT-lərin olmasından narahat olmamalıdır. Tofiq bəyin mübarizəsi – Azərbaycanda demokratiyanın bərqərar olması mübarizəsi – bu ideoloji fərqləri aşan bir mübarizədir. Tofiq bəyin mübarizəsi bir insanın mübarizəsindən daha çoxdur; o, bütün demokratların mübarizəsidir. Nəzərə alın ki, söhbət vətəndaşların hüquq və azadlıqlarını, ləyaqətini qoruyan bir sistemin qurulmasından gedir.
İdeoloji fərqliliklər demokratları gücləndirir. Müxtəlif mövqelərdən olan insanların bir araya gəlməsi, mübarizəni daha da zənginləşdirir, daha çox vətəndaşın dəstəyini qazanmağa imkan verir və həllər tapmaq üçün daha yaradıcı fikirlərin ortaya çıxmasına şərait yaradır. Lakin bunun üçün minimal şərt kimi bir-birinin demokrat kimliyinə hörmət etmək lazımdır. Tofiq bəyin aclıq aksiyası bizi müxalifət qüvvələrinin birləşməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Qeyri-demokratik şəraitdə demokratiyanın kafi şərtlərini qəbul edən hər kəs müttəfiqdir.
Beləliklə, Tofiq Yaqublu demokratlığın nə olduğunu öz siyasi fəaliyyəti ilə nümayiş etdirir. Azərbaycanın demokratik gələcəyi məhz belə insanların çiyinləri üzərində qurulacaqdır — bir-birinə hörmət etməyi, müxtəlifliklərindən güc almağı və minimum demokratlıq şərtləri əsasında birləşməyi bacaran insanların.

