Cəmiyyət

Cəmiyyət

Müasir Azərbaycanın tarix dərsliklərində Rusiyanın imici

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müasir Azərbaycanın həm sosial-siyasi həyatında, həm də daxili və xarici siyasətində Rusiyanın rolu danılmazdır. 1996-cı ilin fevralında prezident Heydər Əliyev Bakıda Rusiya səfirliyinin mövcudluğunu “Azərbaycan Respublikasının dövlət suverenliyi və müstəqilliyi”nin təsdiqi, Rusiyanı “qonşu və bizə dost dövlət” adlandırmış, Azərbaycan və Rusiya arasında “on illər və əsrlər boyu mövcud olan sıx dostluq münasibətləri”ndən bəhs etmişdi. Hazırkı prezident İlham Əliyev 2024-cü ildə Rossiya seqodnya telekanalına verdiyi müsahibəsində iki dövlət arasında dostluq münasibətlərinə sübut kimi Azərbaycanda bir milyona yaxın şagirdin rus dilində təhsil aldığını qeyd etmişdi. 1993-cü ildən Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin Rusiyaya münasibətlə bağlı çıxışları onların hakimiyyəti dövründə yazılmış tarix dərsliklərində necə əks olunub? Azərbaycan tarixçiləri siyasi hakimiyyətin Azərbaycanla Rusiya arasında “əsrlərdir mövcud olan dostluq münasibətləri” haqqında fikirlərini tədqiqatlarında necə əsaslandırırlar? Bu yazıda müstəqillik dövründə (1991-2024) Azərbaycanda yazılmış tarix dərsliklərində Rusiyanın imici təhlil olunacaq. Bu təhlil siyasi rəhbərliyin Rusiyaya münasibətdə səsləndirdiyi fikirlərin tarix dərsliklərindəki şərhlərə nə dərəcədə uyğun gəldiyini müəyyənləşdirmək məqsədi daşıyır.

Tarixin təftişinə ilk cəhdlər

Müstəqilliyin əldə edilməsi Azərbaycan tarixçilərinə tarixi təftiş etmək, uzaq və yaxın keçmişə dair imperiya və sovet dövründə formalaşdırılmış konsepsiyaları fərqli bucaqlardan təhlil etmək imkanı verdi. Azərbaycan tarixi dünya tarixi kontekstində təqdim edilməyə başlandı, yeni yazılan tarixi əsərlərdə xalqın etnik mənşəyi, dövlətçilik ənənələri, dövlətçiliyin tarixi-coğrafi sərhədləri və qonşu dövlətlərlə münasibətlər aktual problemlərə çevrildi.

Son otuz ildə Azərbaycanda yüzlərlə  tarixi əsər və tarix dərsliyi yaradılıb. Bu dərsliklərin bir hissəsi orta ümumtəhsil və ali təhsil müəssisələrinin şagird və tələbələri üçün nəzərdə tutulub. Bu tədqiqat və dərsliklərin müsbət cəhətləri az deyil. Lakin Azərbaycan tarixi kurrikulumlarında əks olunan ziddiyyətli məqamlar, təhrif olunmalar, irəli sürülən iddiaların tarixi mənbələrə deyil, etibarsız informasiya materiallarına və tarixçilərin şəxsi fikirlərinə söykənməsi, dərsliklərdə vahid konseptual xəttin olmaması onların etibarlılıq səviyyəsinə ciddi xələl gətirir. İran, Rusiya və Türkiyənin Azərbaycan tarixində yeri və rolu araşdırılarkən bu çatışmazlıqlar özünü daha qabarıq şəkildə göstərir.

Rusiya Azərbaycanın ən böyük və ən güclü qonşusu və keçmiş metropoliyasıdır. Müstəqillik dövründə yazılmış, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün nəzərdə tutulmuş  dərsliklərdə Rusiya bir neçə fərqli imicdə, “quldur dövlət”, “qonşu/müttəfiq dövlət”, “işğalçı/müstəmləkəçi dövlət” və nəhayət, “şimal qonşu” kimi təqdim edilir.

Rus dövlətçiliyinin formalaşması

Azərbaycan məktəblilərinin slavyanlar və qədim Rus tarixi ilə tanışlığı yeddinci sinifdən başlayır (Azərbaycan tarixi 2023, 40;  Ümumi tarix 2022, 57). 1994-cü ildə akademik Ziya Bünyadovun redaktəsi ilə nəşr edilmiş və ali məktəblər üçün nəzərdə tutulan Azərbaycan tarixi dərsliyinin “Ruslar Azərbaycanda” bölməsində 10-cu əsrdə rusların Şirvana yürüşü təsvir edilərkən rusların etnik mənşəyinin mübahisəli olduğu qeyd olunur. Bünyadov iddia edir ki, Şirvana quldur basqınları etmiş ruslar, çox güman ki, slavyan deyil, bolqar-türk mənşəli olmuşdular. Kiyev Rusunun X əsrdə Xəzər dənizi sahillərinə hücumları isə tarixi mənbələrlə təsdiqlənmədiyi üçün etibarsız sayılır (Azərbaycan tarixi 1994, I, 280).

Orta məktəb dərsliklərində bu hadisələr daha geniş şərh edilir. “Slavyanların Azərbaycana yürüşləri” adlı hissədə rusların slavyan mənşəyi şübhə altına alınmır: “Əvvəllər Don-Volqa-Xəzər dənizi vasitəsilə  Azərbaycanla, onun vasitəsilə isə xəlifətlə ticarət əlaqəsi quran slavyanlar bir müddət keçdikdən sonra Xəzəryanı vilayətlərə quldur basqınları etməyə başladılar” (Azərbaycan tarixi 1997, 86). Müəlliflər diqqəti quldur rusların yerli əhaliyə qarşı xüsusi qəddarlığına çəkirlər: “914-cü il yürüşü zamanı  slavyanların dəstələri Azərbaycanın Xəzəryanı vilayətlərinin yaşayış məntəqələrini aylarla amansızlıqla qarət etmişdilər. Onlar yerli əhalini qətlə yetirmiş, qadın və uşaqları əsir aparmışdılar” (Azərbaycan tarixi 1997, 87). 21-ci əsrdə yazılmış dərsliklərdə “Slavyanların yürüşü” adlanan paraqrafda da slavyan-rusların Azərbaycana talançı yürüşlərindən, qarətlərdən, yerli əhalinin qırılmasından qadın və uşaqların əsir alınmasından bəhs edilir. Rusların Bərdəyə hücumu belə təsvir edilir: “Slavyanlar Bərdə əhalisini qılıncdan keçirdilər, əmlaklarını da qarət etdilər” (Azərbaycan tarixi 2023, 42).

Ümumi tarixi dərsliklərində slavyanların və qədim Rusun tarixi haqqında daha geniş məlumat var. Tofiq Mustafazadənin Ümumi tarix kitabında cənubi, qərbi və şərqi slavyanlar haqqında məlumat verilir, slavyan xalqlarının dövlətçilik ənənələrindən, qonşu xalqlarla hərbi toqquşmalarından bəhs edilir. Qədim Rusda çar hakimiyyətinin mənşəyi isə belə izah edilir: “862-ci ildə varyaq dəstəsinin başçısı Oleq tacir kimi geyinərək hiylə yolu ilə Kiyevə daxil olur, yerli hakim Askoldu öldürür və hakimiyyəti ələ keçirir” (Mustafazadə 1995, II, 41).

Yeddinci sinif  Ümumi tarix dərslikləri eyni zamanda rusların ilk dövləti hesab edilən Kiyev Rusu haqqında məlumatlar verir. Dərsliyin müəllifləri Kiyev Rusunun feodal dağınıqlığı dövründən mərkəzləşmiş siyasi hakimiyyətin yaradılmasına qədərki qısa tarixini şərh edirlər. Qeyd etmək lazımdır ki, “Şərqi Avropa xalqları XI-XV əsrlərdə” başlıqlı paraqrafda Kiyev Rusunun yalnız siyasi və iqtisadi məsələlərinə toxunulur, mədəni və mənəvi həyat haqqında isə məlumat verilmir. “XI-XV əsrlərdə dünya xalqlarının mədəniyyəti” adlı hissədə türk xalqlarının, Qərbi Avropa, Hindistan, Çin və Qafqaz xalqlarının mədəniyyətindən bəhs edilir, Kiyev Rusunun mədəniyyəti isə IX əsrdə slavyan əlifbasının yaradılması haqqında məlumatdan ibarətdir.  21-ci əsrdə nəşr edilən dərsliklər qədim Rus dövlətini “Kiyev Rusu” kimi deyil, sadəcə olaraq “Kiyev knyazlığı” kimi təqdim edirlər (Ümumi tarix 2022, 59). Yeni dərsliklərin mədəniyyətə aid hissəsində Rus arxitekturasının nümunəsi kimi Pokrov kilsəsi haqqında məlumat verilir.

15-ci əsrə qədər baş vermiş tarixi proseslər təqdim edilərkən Kiyev Rusu “quldur dövlət” kimi xarakterizə edilir, bu dövlətin hərbi dəstələri mütəmadi olaraq Azərbaycanın Xəzəryanı vilayətlərinə dağıdıcı yürüşlər edir, dinc əhalini qarət edir və öldürür. Rusların məskunlaşdığı ərazidə mərkəzləşmiş dövlətin yaradılması şərh edilərkən dərslik müəlliflərinin mövqeyi dəyişir. Dərslik yazır ki, “mərkəzləşmiş dövlətin yaradılması ilə Rusiya Avropa dövlətləri sırasına daxil olur” (Mustafazadə, 174). Rusiya Şirvanşahların, Ağqoyunluların, sonra isə Səfəvilərin müttəfiqi olan “qonşu dövlət”ə çevrilir. Dərsliklərin yazdığına görə, 15-ci əsrdə xarici düşmənlərə qarşı mübarizə (Rusiyanın Qızıl Ordaya qarşı, Ağqoyunluların Osmanlı dövlətinə qarşı mübarizəsi nəzərdə tutulur) Rusiya ilə Azərbaycan dövlətlərini birləşdirir: “Kontarininin Marko Rosso adlandırdığı Moskva səfiri Qızıl Ordaya qarşı Ağqoyunlu dövləti ilə ittifaq bağlamaq üçün göndərilmişdi” (Azərbaycan tarixi 1999, III, 101).

Lakin siyasi məqsəd Azərbaycan dövləti ilə Rus dövlətini yaxınlaşdıran yeganə səbəb deyildi. İqtisadi maraqlar və ticarət əlaqələri daha mühüm əhəmiyyət kəsb edirdi və “Şirvanşahla Rus knyazı arasında ‘dostluq və razılıq haqqında müqavilə’nin imzalanması ilə nəticələnmişdi” (İsmayılov 1992, 141). Yeni dövrün dərsliklərində Rusiya ilə Şirvanşahlar arasında əməkdaşlıqdan bəhs edilmir, lakin 1475-ci ildə Moskvanın böyük knyazı III İvanın “Qızıl Ordaya qarşı birgə mübarizə və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə” Bayandurlu sarayına elçi göndərdiyi və bu missiyanın uğursuz nəticələndiyi haqqında məlumat verilir (Azərbaycan tarixi 2023, 102). Ümumən, erkən feodalizm dövründə Azərbaycan dərsliklərində Rusiya quldur dövlət, klassik feodalizmin ilk mərhələsində isə müttəfiq dövlət imicində çıxış edir.

Rusiya 16-18-ci əsrlərdə

Ümumdünya tarixinə həsr olunmuş ali məktəb dərsliklərində 16-17-ci əsr Rusiya hökmdarlarının daxili siyasəti hərtərəfli təqdim edilir, IV İvanın siyasətinə xüsusi diqqət yetirilir: “1565-ci ilin əvvəlində IV İvan dövlətin böyük hissəsini şəxsi mülkiyyətinə, opriçninaya çevirdi. Qəddar terror, edam və sürgünlər vasitəsilə IV İvan düşmənlərinin iradəsini qıra bildi. 1570-ci ildə çar opriçnina dəstəsinin başında öz ölkəsinə qarşı yürüşə başladı.” (Mustafazadə 1995, II, 218).

Orta məktəb dərsliklərində bu dövrlə bağlı daxili deyil, xarici siyasət geniş təhlil edilir. Müəlliflər Rusiyanın işğalçılıq siyasətinin aktivləşdiyini qeyd edirlər. Volqa ətrafı ərazilərə yürüşlər Rusiya dövlətinin Qafqazı, Mərkəzi Asiyanı və Sibiri işğalına hazırlığı kimi qiymətləndirilir (Orta əsrlər tarixi 2001, 270).

17-ci əsrin ikinci yarısında Moskva knyazlığının daxili və xarici siyasətində mühüm dəyişikliklər baş verir, cənub istiqamətlərdə işğalçılıq yürüşləri intensivləşir. Rusiyanın siyasi rejimi mütləq monarxiya, iqtisadi quruluşu isə feodal-təhkimli sistemi kimi təqdim olunur. Bu dövrdə Rusiyanın yürütdüyü xarici siyasət tənqid edilir, “Ukrayna xalqının iradəsinə zidd olaraq Ukraynanın Rusiyaya “qovuşması” hadisəsi “Ukraynanın qərb və digər vilayətlərinin işğalı” kimi təqdim olunur (Yeni tarix 2001, 86).

21-ci əsr dərsliklərində Rusiyanın 16-18-ci əsrlərdə apardığı işğalçı yürüşlərin Rusiya sərhədləri ətrafında yaşayan türk xalqlarının torpaqlarının işğal edilməsi, Volqaboyu, Ural və Sibirdə ağır müstəmləkə rejiminin qurulması ilə nəticələndiyi qeyd edilir (Ümumi tarix 2023, 42). Dərsliklər Rusiya çarizminin müsəlman-türk xalqlarını amansız istismar etməsindən, yerli əhalinin mədəniyyəti və dininə hörmətsiz rəftarından bəhs edir, işğalçıların müstəmləkə ərazilərində xristian dinini yaymaqla türklər arasında nifaq salmasından yazırlar. Dərsliklər ağır müstəmləkə zülmünə dözməyən xalqların mübarizə tarixinə toxunur, üsyan və qiyamların işğalçılar tərəfindən amansızlıqla yatırıldığını qeyd edirlər (Ümumi tarix 2023, 50-1). 16-17-ci əsrlərdə Rusiya, Osmanlı və Səfəvilər arasında Qafqaz uğrunda gedən mübarizədə Rusiyanın uğursuzluqlarından bəhs edilir, Şimali Qafqaz xalqlarının Rusiya hərbi dəstələrinə qarşı qəhrəmancasına döyüşdüyü vurğulanır. 21-ci əsr dərslikləri də Rusiyanın 17-ci əsrdə yaranmış əlverişli şəraitdən istifadə edərək Ukraynanın bir hissəsini və Belarusu silah gücünə işğal edərək özünə birləşdirdiyini yazır (Ümumi tarix 2023, 119-20). Bununla da müəlliflər Ukraynanın könüllü olaraq Rusiyaya birləşməsi fikrinin uydurma olduğunu təsdiqləyirlər.

Beləliklə, tarix dərsliklərində 17-ci əsrə doğru Rusiya qısa müddətə “müttəfiq dövlət”dən “işğalçı dövlət”ə çevrilir, Rusiyanın Qara dəniz, Xəzər və Baltik dənizləri ətrafında  apardığı işğallar tənqid edilir. Osmanlıların Qafqazdakı fəaliyyətinə diqqətlə nəzarət edən Rusiyanın əsas məqsədinin istənilən yolla Xəzər dənizi hövzəsində möhkəmlənmək olduğu vurğulanır (Azərbaycan tarixi 1999, III, 268).

Rusiyanın Xəzərətrafı bölgədə və Qafqazda möhkəmlənməsi ilə bağlı atdığı ilk addımlar 18-ci əsrdə başlamışdı. Fars dövlətinin[1] ağır sosial-siyasi vəziyyəti, şaha qarşı aramsız üsyan və qiyamlar Fars hakimiyyətini Rusiya çarından yardım istəməyə məcbur edir. Həmin dövrdə Fars şahına qarşı çıxmış Şirvan hakimiyyəti də əvvəlki müstəqilliyini bərpa etmək ümidi ilə ruslara müraciət edir. Dərsliklər Rusiyanın bu əlverişli şəraiti öz xeyrinə istifadə etdiyini və Qafqazda möhkəmlənməyə çalışdığını yazır. Yeni işğal edilmiş ərazilərdə Rusiya özünəməxsus idarə sistemi təsis edir. Yadellilərin hakimiyyəti, aramsız davam edən hərbi toqquşmalar, iqtisadi təzyiqlər sadə əhalinin həyatını olduqca ağırlaşdırır. Dərslik müəllifləri Azərbaycan xalqının Rusiya və Osmanlı işğalçılarına qarşı mübarizəsini geniş təsvir edirlər.

Qeyd etməliyəm ki, Azərbaycan tarixşünaslığında Rusiyanın Qafqazı işğalının ilkin mərhələsinə münasibət birmənalı deyil. Müstəqilliyin ilk dövründə yaradılmış dərsliklərin əksəriyyətində şəxsi mənafeləri və hakimiyyətləri üçün xarici hərbi qüvvəyə, yəni Rusiyaya müraciət etmiş xanlar tənqid edilir, yerli hakimlərin siyasəti sadəlövlük və səriştəsizlik kimi qiymətləndirilir (Azərbaycan tarixi 1999, III, 373). Ziya Bünyadovun redaktəsi ilə dərc edilən dərslikdə isə, əksinə yerli hakimlərin siyasəti uzaqgörən və praqmatik addım kimi təqdim edilir: “İlk dövrdə Türkiyə və İran tərəfdən təhlükə yarananda uzaqgörən siyasətçilər Rusiya ilə sıx əlaqələr qurmağa cəhd etdilər” (Azərbaycan tarixi 1994, I, 550). Ümumən isə azərbaycanlı tarixçilər Çar hakimiyyətinin Azərbaycanı işğalını inkişaf etməkdə olan Rusiya sənayesinin tələbatını ödəyəcək xammal bazasına olan ehtiyacı ilə əlaqələndirirdilər.  Lakin bəzi dərslik müəlliflərinin qeyd etdiyi kimi, bu siyasətin yalnız mənfi tərəfləri olmayıb. Rusiya sənayesinin Azərbaycanın təbii sərvətlərinə olan ehtiyacı nəticəsində bölgəyə diqqəti cəlb edəcək  pozitiv iqtisadi yeniliklər gətirilib (Azərbaycan tarixi 1999, III, 268). Rusiya hökumətinin siyasəti Azərbaycanın iqtisadi və mədəni inkişafına təkan verib (Azərbaycan tarixi 1994, I, 508).

17-ci əsrin sonu-18-ci əsrin əvvəlləri dünya mədəniyyətinə həsr olunmuş hissədə Rusiya dövlətinin mədəniyyəti haqqında ilk dəfə ətraflı məlumat verilir. Rusiya ziyalılarının əsas hissəsinin xaricilərdən ibarət olduğu geridə qalmış Avropa dövləti kimi təqdim olunur. Bu hissədə həmçinin Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat ekspedisiyalarından bəhs edilir. Dərsliyin müəllifləri Mixail Lomonosov, İvan Polzunov, İvan Kulibin kimi alimlərin elmi nailiyyətlərindən bəhs edirlər. Ədəbiyyat bölməsində Denis Fonvizinin, Nikolay Karamzinin, Aleksandr Radişşevin yaradıcılığı haqqında məlumat verilir. Şagirdlər ilk dəfə Rusiyanın elm və mədəniyyət nümayəndələri ilə tanış olmaq imkanı əldə edirlər.

18-ci əsrin ikinci yarısı Rusiyanın Qafqazda işğalçılıq siyasətinin aktivləşdiyi dövrdür. 1768-1774-cü il Rusiya-Osmanlı müharibəsi nəticəsində Rusiya Gürcüstanda möhkəmlənməyi bacarır. Müəlliflər bu hadisəni Gürcüstanın işğalının ilkin mərhələsi kimi təqdim edirlər və işğalçıların gürcü xalqına düşmən münasibətini təsvir edirlər: “Tezliklə gürcülər rusların ‘yardımı’nın bəhrəsini hiss etməyə başladılar. 1770-ci ildə ruslar Gürcüstanı dağıtmağa, əhalini qarət etməyə başladılar” (Yeni tarix, 2001, 205). Dərsliklər Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasətindən əziyyət çəkən xalqlar içərisində erməniləri xatırlatmırlar. Ermənilər Rusiyanın Qafqazda işğalçılıq siyasətini dəstəkləyən güc kimi göstərilir. Bunun səbəbi ermənilərin “əzəli Azərbaycan torpaqları və Türkiyənin altı vilayəti hesabına” özlərinə dövlət yaratmaq istəyi ilə izah olunur (Yeni tarix, 2001, 206). Bu məsələ eyni zamanda Rusiya çarlarının Qafqazda köçürmə siyasəti ilə əlaqələndirilir.

Rusiyanın Şimali Qafqazı işğalına həsr olunmuş hissələr də antirus ruhunda təqdim olunub. Bu hissədə dağlıların Rusiyaya qarşı milli-azadlıq hərəkatı geniş təsvir edilir, bu mübarizədə İslamın  və müridizmin rolu qeyd edilir. Müəlliflər dağlılara, milli-azadlıq hərəkatının rəhbərlərinə rəğbət bəsləyirlər. Rusiyanın Şimali Qafqazda işğalları və Gürcüstanda möhkəmlənməsi tarixçilər tərəfindən Azərbaycanın işğalına hazırlıq kimi qiymətləndirilir. Ümumilikdə, klassik feodalizm dövrünün sonu, yeni eranın başlanması ərəfəsində Rusiya ətrafında yaşayan xalqlara zülm edən, onları milli-mənəvi dəyərlərindən qopararaq zorla rus dünyasına inteqrasiya etməyə çalışan quldur dövlət kimi təqdim olunur.

Rusiya Qafqazın fatehi kimi

19-cu əsrin əvvəllərində Rusiya bir-birinin ardınca Azərbaycan xanlıqlarını işğal edir. Bu işğallar Gülüstan və Türkmənçay müqavilələri ilə rəsmiləşdirilir. Tarix dərsliklərində bu iki müqavilə Azərbaycan tarixində imzalanan “ən biabırçı sənəd” hesab edilir. Bu müqavilələr dövlət müstəqilliyinin ləğvi, dövlətin ərazisinin isə iki yerə bölünməsi kimi qiymətləndirilir. Bu müqavilələrin bağlanması ilə tarixi ədəbiyyata “şimali Azərbaycan” və “cənubi Azərbaycan” terminləri daxil olur.

Azərbaycan torpaqlarının rus ordusu tərəfindən işğalını təsvir edən dərsliklər diqqəti Gəncə xanı Cavad xanın qəhrəmancasına mübarizəsinə, general Pavel Sisianovun Bakı qalası yanında Bakı xanının qohumu tərəfindən öldürülməsinə cəlb edirlər (Azərbaycan tarixi 2001, 177-80, 192). Rusiya işğalçılarına açıq mənfi və düşmən münasibət bəslənməsinə baxmayaraq, dərslik müəllifləri Azərbaycanın siyasi rəhbərliyi arasında Rusiyaya meyilli olan qüvvələrin mövcudluğunu inkar etmirlər. Onların içərisində Qarabağ xanının xüsusi canfəşanlıq etdiyi bildirilir. Lakin müəlliflər iddia edirlər ki, Rusiyaya meyillilik Azərbaycan xanlıqlarının Rusiya ilə yaxınlaşmaq və onun tabeliyinə keçmək istəyindən irəli gəlmirdi və düşünülmüş xarici siyasətin nəticəsi idi:

İndiyə qədər tarixi ədəbiyyatda Rusiyadan yardım almış Fətəli xanın uzaqgörənliyi düzgün qiymətləndirilməmişdir. Bəziləri bu addımı Rusiyaya rəğbət hesab edirlər, bəziləri isə bunu Rusiya təbəəliyini qəbul etmək istəyi ilə əlaqələndirirlər. Bu fərziyyələrin heç biri doğru deyil. … Fətəli xan Rusiyanın işğalçılıq planlarından xəbərdar idi və ağıllı siyasəti ilə bunun reallaşdırılmasına mane olurdu (İsmayılov, 186).

Azərbaycan tarixçiləri iddia edirlər ki, Türkmənçay müqaviləsinin şərtləri Azərbaycan xalqı üçün Gülüstan müqaviləsinin şərtlərindən daha ağır olub. Bu müqavilə təkcə Azərbaycanın dövlətçilik ənənələrinə və azərbaycanlıların milli oyanışına son qoymayıb, həm də bölgənin gələcək taleyinə mənfi təsir göstərib:

Azərbaycan Rusiya imperiyasının xammal bazasına çevrildi. Rusiya imperiyası tezliklə şimali Azərbaycanın müxtəlif bölgələri arasında mədəni-iqtisadi əlaqələrə son qoymaq üçün müstəmləkə siyasətinə əlverişli olan inzibati-ərazi bölgüsü həyata keçirdi. Naxçıvan və İrəvan xanlıqları ləğv edildi və onların yerinə Yerevan vilayəti yaradıldı (Azərbaycan tarixi 2001, 220).

Mahmud İsmayılov Azərbaycanın Rusiya tərəfindən işğalında müsbət tərəflər axtaran tarixçiləri sərt tənqid edir: “Bəzi tarixçilər Azərbaycanın Rusiya tərəfindən işğalının müsbət xüsusiyyətlərinin olmasını sübut etməyə cəhd göstərirlər. Lakin Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı ilə Azərbaycan xalqı faktiki olaraq dövlət müstəqilliyini itirdi. Hətta marksizm-leninizm klassikləri yazırdılar ki, xalqın dövlət müstəqilliyini itirməsi yalnız mənfi qiymətləndirilə bilər” (İsmayılov, 205).

Rusiya imperiyası tezliklə sosial dayaq yaratmaq məqsədi ilə işğal olunmuş ərazilərin aktiv mənimsənilməsinə başlayır. Dərsliklər imperiya qüvvələrinin bu məqsədlə 18-19-cu əsrin əvvəllərində köçürmə siyasətini reallaşdırdığını yazırlar. Dərsliklərdə ermənilərin şimali Azərbaycan ərazisinə köçürülməsi təsvir edilir və I Pyotrun bu sahədə misilsiz rolu qeyd edilir. Türkmənçay müqaviləsinin ermənilərin Naxçıvan, Qarabağ və İrəvana köçürülməsini rəsmiləşdirən 15-ci maddəsinə xüsusi diqqət verilir.

Rusiya imperiyasının müstəmləkə və köçürmə siyasətinin nəticələrini təhlil edən dərsliklər diqqəti Azərbaycanın bir çox vilayətlərində əhalinin etnik və demoqrafik strukturundakı dəyişikliklərə yönəldirlər. Müəlliflər Azərbaycanın Naxçıvan, Qarabağ və İrəvan vilayətlərində ermənilərin sayının kəskin şəkildə artdığını vurğulayırlar (Azərbaycan tarixi 1996, 13). 2024-cü ildə dövriyyəyə buraxılmış Azərbaycan tarixi dərsliyində də Rusiya imperiyasının işğalçılıq, müstəmləkə və köçürmə siyasətinə münasibətdə ciddi fərq yoxdur.  Çar Rusiyası Azərbaycan üçün “başlıca təhlükə” hesab edilir,  Türkmənçay müqaviləsi isə vahid xalqı iki yerə bölən və Azərbaycanı Rusiyanın ucqar müstəmləkəsinə çevirən sənəd kimi təqdim edilir. (Azərbaycan tarixi 2023, 147, 182). Yeni dərsliklərdə ermənilərin şimali Azərbaycanın üç deyil, dörd vilayətinə, Naxçıvan, Qarabağ, İrəvan və Borçalıya köçürüldüyü qeyd olunur, iki il (1828-1829) ərzində Azərbaycana Osmanlı imperiyası və Qacarların ərazisindən 124 min erməninin köçürüldüyü bildirilir (Azərbaycan tarixi 2024, 10).

Tarix dərslikləri ermənilərin Şimali Azərbaycana 19-cu əsr boyunca məqsədyönlü şəkildə köçürüldüyünü və bu prosesin 20-ci əsrdə də davam etdiyini yazırlar. Müəlliflər Rusiya hakimiyyətini erməniləri Azərbaycan ərazisində möhkəmlətməkdə günahlandırır və  bu siyasətin sonradan ermənilərin Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı torpaq iddialarına və yerli əhalinin həmin ərazilərdən sıxışdırılmasına səbəb olduğunu qeyd edirlər: “Bu isə ciddi qarşıdurmalar yaradırdı. Çarizmin ədalətsiz siyasəti nəticəsində bu qarşıdurmalar ermənilər tərəfindən təşkil olunmuş hərbi toqquşmalarla nəticələnirdi” (Azərbaycan tarixi 1996, 14).

Dərsliklər Rusiyanın müstəmləkə və köçürmə siyasətinin erməniləri dəstəkləməsi ilə məhdudlaşmadığını bildirir. Ermənilərlə yanaşı, Rusiya imperiyası Şimali Azərbaycan ərazisinə alman və rusların da köçürülməsini təşkil etmişdir: “Qarabağda rus-alman koloniyalarının yaradılması Rusiya üçün hərbi-strateji əhəmiyyət kəsb edirdi. Lakin mövcud əlverişsiz şərait Paskeviçə  planlarını həyata keçirmək imkanı vermədi.” Rusiyanın Şimali Azərbaycan ərazisində rus koloniyaları yaratması da mənfi qiymətləndirilir. Müəlliflərin fikrincə, azərbaycanlıların torpaqlarının müsadirə edilməsi və rus ailələrinə verilməsi köçəri maldarlığa ciddi ziyan vurmuş, azərbaycanlıların həyat səviyyəsini aşağı salmışdı. 21-ci əsrdə dərc edilmiş dərsliklərdə də eyni fikirlər təkrar olunur, köçürülən rus ailələrinin yerli əhalidən müsadirə edilmiş “ən məhsuldar torpaqlar” dan pay aldığı iddia olunur (Azərbaycan tarixi 2024, 11).

19-cu əsrdə Rusiyanın təsiri altında bölgədə sosial-mədəni həyatda baş vermiş  dəyişikliklərə dərsliklərdə münasibət birmənalı deyil. Dərsliklərdə Rusiyanın bölgənin siyasi həyatına mənfi təsir etdiyi, lakin iqtisadi və mədəni sahədə irəliləyişlərə səbəb olduğu qeyd olunur. Neft sənayesinin, kapitalist infrastrukturun yaradılması, dünyəvi və rus dilli məktəblərin açılması müsbət qiymətləndirilir. Bu fikirlər daha çox ali məktəblər üçün nəzərdə tutulmuş dərsliklərdə əks olunub. Ümumtəhsil orta məktəb dərsliklərində isə Rusiya idarəçiliyi ümumilikdə mənfi qiymətləndirilir və müstəmləkə siyasətinin azərbaycanlıların milli mentaliteti və milli ənənələrinə ciddi zərbə vurduğu qeyd olunur. 10-cu sinif Azərbaycan tarixi dərsliyinin “XIX əsrin birinci yarısında mədəniyyət” bölməsində yazılır ki, “Rusiyanın müstəmləkəsi olan Şimali Azərbaycanda  maarif və ali təhsil sahəsində mürtəce siyasət yürüdülürdü. Bu sahədə həyata keçirilən bütün tədbirlər müstəmləkə xarakteri daşıyırdı” (Azərbaycan tarixi 1996, 50). Bununla yanaşı, dərslik müəllifləri bütün dövlət məktəblərində din, rus dili, riyaziyyat, coğrafiya və tarixin məcburi fənn olduğunu da inkar etmirdilər. “Yerli dillərin, xüsusilə də Azərbaycan (türk/tatar) dilinin öyrənilməsinə və tədrisinə mühüm əhəmiyyət verilirdi” (Azərbaycan tarixi 1996, 52). 2024-cü ildə dərc edilmiş dərslikdə də eyni qiymətləndirmə yer alıb, Rusiyanın təhsil sahəsindəki siyasətinin “tamamilə müstəmləkə siyasətinin mənafeyinə” tabe edildiyi göstərilir (Azərbaycan tarixi 2024, 43).

Təlatümlər dövrü: Rusiya 20-ci əsrdə

20-ci əsrin əvvəlləri həm imperiyanın mərkəzi quberniyalarında, həm də ucqar müstəmləkələrdə sosial-iqtisadi təlatümlərlə müşayiət olunub. Sosial-demokratik və inqilabi hərəkatın yaranması və inkişafı, çarizmə qarşı mübarizə Bakının neft sənayesində də geniş vüsət alır. Müxtəlif dərsliklərin müəllifləri Rusiya işğalından sonra Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyini və bu inkişafın sinfi ziddiyyətləri kəskinləşdirdiyini qeyd edirlər. Sinfi mübarizənin gərginləşdiyi bir dövrdə çarizm xalqları milli zəmində qarşıdurmalara təhrik edirdi. 1905-1906-cı illərdə Azərbaycanda  erməni-azərbaycanlı münaqişəsi başlandı. Dərsliklər bu qanlı toqquşmalarda çarizmin maraqlı olduğunu yazır. Ermənilərin himayədarı olan Qafqaz canişinin əmri ilə rus və kazak dəstələrinə tatarlara (azərbaycanlılara) atəş açmaq əmr edilir. Dərsliklərin yazdığına görə, Rusiya imperatorunun iradəsini yerinə yetirən Qafqazın canişini İllarion Vorontsov-Daşkov açıq şəkildə ermənilərə tərəfkeşlik edir və onları çarizmin Qafqazda etibarlı dayağı hesab edirdi (Azərbaycan tarixi 1996, 188). Ümumilikdə, 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində Azərbaycanın tarix dərsliklərində Rusiyanın imici mənfi olub, Rusiyanın Qafqazda müstəmləkə siyasəti, müsəlman əhaliyə etibarsız münasibəti və ermənilərlə ittifaqı Rusiyanın “işğalçı dövlət” obrazının möhkəmləndirilməsinə xidmət edib.

Dünya tarixi üzrə dərsliklərdə Rusiyanın qeyd edilən dövr üzrə tarixi ilə bağlı daxili və xarici siyasətində baş verən dəyişikliklərə, Rus-Yapon və Birinci Dünya müharibəsinin nəticələrinə xüsusi diqqət yetirilir. Rusiyada çarizmin devrilməsi və yeni siyasi qüvvələrin, bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiyanın imici tədricən dəyişməyə başlayır. Müstəqil Azərbaycanın tarix dərsliklərində 1917-ci il çevrilişinə və vətəndaş müharibəsinə yeni baxış formalaşır. Tofiq Mustafazadənin dərsliyində əhalinin 1917-1920-ci illərdə bolşeviklərin daxili və xarici siyasətinə qarşı etirazları və kütləvi narazılıqlar təsvir edilib:

1918-ci ilin yazında kəndlilərin əhval-ruhiyyəsində ciddi dönüş baş verdi. Kəndlilər aktiv şəkildə yeni hakimiyyətdən narazılıqlarını bildirməyə başladılar. Vəziyyət Sovetlərin xeyrinə deyildi. Əsasən eserləri və digər sosialist partiya və qrupları birləşdirən ‘demokratik əks-inqilab’ Sovetlərin əsas rəqibi idi (Mustafazadə 1998,  IV, 16).

Yeni dərsliklərdə Rusiyada oktyabr çevrilişi və bolşeviklərin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən sosial-iqtisadi tədbirlər sovet tarixşünaslığından tamamilə fərqli təqdim olunur. Azərbaycanın sovetləşməsinə münasibətdə də fərqli konsepsiya formalaşdırılıb. Bunun səbəbi isə Rusiya imperiyası dağıldıqdan sonra Azərbaycanda baş vermiş mühüm siyasi proseslər, müstəqilliyin elan olunması, milli dövlətin yürütdüyü daxili və xarici siyasətdir. Dərsliklərdə Azərbaycanın sovetləşməsi Rusiyanın Azərbaycanın müstəqil dövlətçiliyinə ikinci təcavüzü kimi qiymətləndirilir. Bu qiymətləndirmədə erməni-rus ittifaqı mühüm rol oynayır. Bu ittifaqın Azərbaycanın müstəqil dövlətinin məhv edilməsinə yönəldiyi iddia olunur. Məsələn, Mustafazadə yazır ki, Qarabağın dağlıq hissəsində baş qaldırmış qiyam Bakıdan nizami ordu dəstələrinin çıxarılması və Azərbaycan Respublikasının məhv edilməsinə səbəb oldu. Ermənilər Qazax və Naxçıvanda işğallara başladılar, Qarabağda ermənilərin qiyamı daşnak quldurların Xankəndidə hərbi qarnizonun üzərinə hücumla başladı. Qiyamın qarşısını almaq üçün hərbi hissələr Bakıdan və Dağıstanla sərhəddən Qarabağın dağlıq hissəsinə göndərildi. Beləliklə də, Azərbaycanın şimal istiqamətindəki sərhədləri müdafiəsiz qaldı (Mustafazadə 1998,  IV, 53).

Sovet Rusiyasının mədəniyyəti ilə bağlı şərhlərdə tarixçilər arasında fikir birliyi mövcuddur. Bütün dərsliklərdə bolşeviklərin antidini siyasəti, Rusiya elm və mədəniyyət xadimlərinin, pravoslav kilsəsi nümayəndələrinin sürgünü pislənir, bolşeviklər tərəfindən Rusiya mədəniyyətinə vurulan ciddi ziyanın  təəssüf doğurduğu qeyd edilir: “Qondarma ‘Petroqrad döyüş təşkilatı’ işi ilə bağlı professor M.Tixvinski,  V.Taqantsev kimi alimlər, N.Qumilyov kimi məşhur şair öldürüldü” (Mustafazadə 1998,  IV, 60).

Dərsliklər Azərbaycanın sovetləşməsinin də böyük təlatümlər və itkilərə səbəb olduğunu qeyd edir. Azərbaycan xalqının mentalitetinə yad olan bolşevik ideologiyasının, iqtisadi sahədə zorla həyata keçirilən milliləşdirmənin, antidini kampaniyanın və cəza metodlarına söykənən idarə üsulunun əhalidə antirus əhval-ruhiyyəsini gücləndirdiyi vurğulanır. Sovet Rusiyasının Sovet Azərbaycanına münasibəti metropoliyanın müstəmləkəyə münasibəti kimi xarakterizə olunur. Sovet Azərbaycanının formal müstəqilliyinin isə “şərqdə kommunist ideyasının yayılması üçün” bir vasitə olduğu bildirilir (Mustafazadə 1998,  IV, 85).

2024-cü ildə nəşr olunmuş və 9-cu sinif üçün nəzərdə tutulan Azərbaycan tarixi dərsliyində Sovet Azərbaycanının yaradılması “dövlət müstəqilliyinə son qoyulması”, “vahid və bölünməz imperiyanın bərpası” kimi şərh edilir, müstəqil Sovet Azərbaycanı şüarının isə Zaqafqaziya Sovet Sosialist Respublikasının yaradılması ilə iflasa uğradığı bildirilir (Azərbaycan tarixi 2024, 108, 112). Müasir dövrün tarixi prosesləri təhlil edilərkən xarici siyasət məsələləri ilə bağlı bir neçə yerdə Rusiyanın adı hallanır. Bunlar 2008-ci il Rusiya-Gürcüstan müharibəsi, 2022-ci ildə “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”, Qarabağın azad edilməsi ilə bağlı hərbi əməliyyatlardan sonra Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi və onların sonrakı taleyi ilə bağlı məsələlərdir (Azərbaycan tarixi 2024, 181, 193). Azərbaycan-Rusiya münasibətləri ilə bağlı hər hansı bölmə yoxdur. Bu çatışmazlığı ümumi tarix dərsliyində Rusiya Federasiyasına həsr olunmuş bölmə aradan qaldırır. Rusiyanın xarici siyasəti, xüsusilə də keçmiş müttəfiq respublikalarla münasibətləri təhlil edilərkən Rusiyanın “keçmiş sovet məkanında nüfuz və varlığını” davam etdirmək istəyi diqqətə çatdırılır, Ukraynadakı “hakimiyyət dəyişikliyinin Rusiya prezidenti Vladimir Putin üçün sərfəli olmadığı” bildirilir, 2008-ci ildə Rusiyanın müstəqil Gürcüstan Respublikasına hücum etdiyi və qonşu dövlətin suveren ərazisinin 20%-ni işğal altında saxladığı diqqətə çatdırılır (Ümumi tarix 2023, 115-17).

Beləliklə, Rusiya 20-ci əsrdə bolşevizm və kommunizm ideyaları altında keçmiş imperiya ərazilərini yenidən işğal altına alaraq xalqlara mütəmadi zülm edən, 21-ci əsrdə isə yaxın qonşularının müstəqilliyini şübhə altına alaraq onlara aqressiv-işğalçı mövqe nümayiş etdirən dövlət kimi təqdim olunur.

Nəticə

Müasir Azərbaycanın tarix dərsliklərində Rusiyaya ikili yanaşma mövcuddur. Dünya tarixinə həsr olunan dərsliklərdə Rusiya dünya tarixi kontekstində Avropanı təmsil edən dövlətdir. Azərbaycan tarixi dərsliklərində isə Rusiya yerli tarix kontekstində geridə qalmış dövlətdir. Orta məktəb dərsliklərində bu dövlətə münasibətdə millətçi yanaşma formalaşıb. Azərbaycanın tarix dərslikləri Rusiya və SSRİ-də baş verən hadisələr haqqında ümumi təsəvvür formalaşdırmağı bacarıb. Lakin dərsliklərdə yer alan populist mülahizələr, elmi əsası olmayan iddialar nə Rusiyanın öz tarixinin, nə də onun Azərbaycana münasibətinin etibarlı mənbələrə əsaslanan təhlilini təqdim edə bilməyib. Azərbaycan dərsliklərində yeni dövrlə bağlı bütün problemlərin kökü Rusiyanın müstəmləkə siyasəti və bu siyasətdən doğan qərarların icrası ilə əlaqədardır. Dərsliklərdə “Rusiya ilə Azərbaycan arasında əsrlərlə davam edən” hər hansı “dostluq münasibətləri”ndən  bəhs edilmir. Rusiya birmənalı olaraq Azərbaycan dövləti üçün ciddi təhlükə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təhdid edən siyasi güc kimi təqdim olunur.

Ədəbiyyat

Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək. 1994. I cild, Bakı: Azərnəşr.

Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. 2023. Bakı: Təhsil-Nəşriyyat Poliqrafiya.

Ümumi tarix. 7-ci sinif. 2022.  Bakı: Şərq-Qərb.

Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. 1997. Bakı: Maarif.

Mustafazadə, Tofiq. 1995. Ümumi tarix. II cild, Bakı: Elm.

Azərbaycan tarixi. 1999. III cild, Bakı: Elm.

İsmayılov, Mahmud. 1992. Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət Nəşriyyat Poliqrafiya

Birliyi.

Orta əsrlər tarixi. 9-cu sinif üçün dərslik. 2001. Bakı: Maarif.

Yeni tarix. 9-cu sinif üçün dərslik. 2001. Bakı: Maarif.

Ümumi tarix. 9-cu sinif üçün dərslik. 2023. Bakı: Şərq-Qərb.

Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. 2001. Bakı: Maarif.

Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. 1996. Bakı: Maarif.

Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. 2023.  Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya.

Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. 2024. Bakı: Şərq-Qərb.

Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. 2024. Bakı: Şərq-Qərb.

Mustafazadə, Tofiq. Ümumi tarix. 1998. IV cild, Bakı: Elm.


[1]Müasir İran İslam Respublikasının ərazisi nəzərdə tutulur. Azərbaycan dərsliklərində “Fars dövləti” termini işlədilmir, dövlət hakim sülalələrin adları ilə adlandırılır.  Qeyd edilən dövr üçün  “Qacarlar dövləti”  termini işlədilir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.