Cəmiyyət

Cəmiyyət

Azərbaycanda erkən evliliklər və səbəbləri: Bərdə rayonu üzrə tədqiqat

Read this article on other language
Download article
image_pdf
image_pdf

Giriş

Erkən evlilik yetkinlik yaşına çatmamış fərdlərin nikaha daxil olması halını ifadə edir. Bu termin 18 yaşından aşağı olan şəxslərin evləndirilməsini əhatə edir və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, bu yaşdan aşağı şəxslər uşaq hesab edilir (UNFPA, 2025). Erkən evliliklər xüsusilə qız uşaqlarını təhsil imkanlarından məhrum edir, onların psixoloji və fiziki inkişafına mənfi təsir göstərir, sosial və iqtisadi cəhətdən asılı bir həyat tərzinə sürükləyir.

Dünya üzrə aparılan tədqiqatlar göstərir ki, hər il milyonlarla uşaq, xüsusilə qız uşaqları, erkən yaşda nikaha daxil olur. Dünyada hər beş qızdan biri 18 yaşına çatmamış evləndirilir (UNICEF 2023). Bu fenomen yalnız inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır, yüksək gəlirli ölkələrdə də, müxtəlif sosial və mədəni səbəblərdən dolayı erkən evlilik halları müşahidə olunur.

Erkən nikahların fəsadları həm fərdi, həm də ictimai səviyyədə müşahidə olunur. Sağlamlıq baxımından, erkən yaşda hamiləlik ağırlaşmalar, ana və körpə ölümü, doğuş zamanı fəsadlar və cinsi yolla keçən xəstəliklərin artması ilə müşahidə olunur. Psixoloji təsirlər də az deyil; qızlar erkən yaşda ailə qurduqda depressiya, intihara meyillilik, sosial izolasiya və psixososial travmalarla üzləşirlər. Bununla yanaşı, erkən nikahların nəticəsi olaraq təhsildən yayınma və gələcəkdə iqtisadi asılılıq da yaranır. Erkən nikahlar cəmiyyətdə gender bərabərsizliyini daha da dərinləşdirir və qadınların hüquqlarını məhdudlaşdırır. Beləliklə, erkən evliliklər yalnız bir fərdin həyatı ilə bağlı deyil, bütövlükdə cəmiyyətin sosial, iqtisadi və mədəni strukturlarına mənfi təsir göstərən çoxşaxəli problemdir.

Azərbaycanda da erkən evlilik halları ciddi sosial problem olaraq qalmaqdadır. Bəzi ailələrdə adət-ənənələrin və dini inancların təsiri ilə, digərlərində isə iqtisadi çətinliklər səbəbilə qız uşaqları erkən yaşda ailə qurmağa məcbur edilirlər. Qeyri-rəsmi və qeydə alınmayan nikahların çoxluğu səbəbilə rəsmi statistik məlumatlar reallığı tam əks etdirilmir.

Bu məqalə Bərdənin 10 kəndində valideynlər və yerli icra orqanlarının iştirakı ilə fokus qrup görüşləri əsasında yazılıb. Məqalənin məqsədi Azərbaycanda erkən nikahların yayılma səbəblərini, onların fərdlərə və cəmiyyətə təsirlərini, qanunvericilik vəziyyətini və bu istiqamətdə görülən tədbirləri təhlil edir. Məqalədə həmçinin fokus qrup müzakirələrinin nəticələri əsasında respondentlərin bu problemə münasibəti və irəli sürdükləri həll yolları təqdim olunur. Məqsəd erkən evliliklərin səbəblərini anlamaq və bu problemin aradan qaldırılması üçün praktiki və hüquqi əsaslar təklif etməkdir.

Azərbaycanda erkən nikahlar

Azərbaycanda rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır” (family.gov.az). Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı 18 yaş müəyyən edilsə də, üzrlü səbəblər olduqda(məsələn, valideynlərin ağır, ölümcül xəstə olması, qızın hamilə olması və s.) nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər (family.gov.az, 2021). Lakin 2024-cü ildə Ailə Məcəlləsinə edilən dəyişiklər ilə bu istisna maddələr ləğv olunub. Belə ki, qanunun 10.2-ci və 27.2-ci maddələri ləğv edilib. Beləliklə, Azərbaycanda rəsmi nikah yaşı hər kəs üçün 18 yaş olaraq müəyyən edilir. Eyni zamanda yaxın qohumluq əlaqələri olan şəxslərin nikahlarının bağlanması mümkün olmayacaq. Bununla bağlı yeni qanun 1 iyul 2025-ci ildən qüvvəyə minəcək (qanun.az).

Qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri də kifayət qədər sərtdir. Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli digər hərəkətlər etmək 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 176-cı maddədə isə nikaha məcbur etmə və erkən yaşda nikaha daxil etmə halları üçün 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə, yaxud böyük məbləğdə cərimələr nəzərdə tutulur. Lakin bu cəzaların praktikada tətbiqi ilə bağlı problemlər hələ də qalmaqdadır.

Son illər ərzində həyata keçirilmiş qanunvericilik islahatları və beynəlxalq öhdəliklər, Azərbaycanın erkən nikahlarla mübarizədə irəliləyiş əldə etməsi üçün hüquqi zəmin yaratsa da, bu məsələdə ictimai şüurun formalaşdırılması və tətbiq mexanizmlərinin gücləndirilməsi hələ də mühüm əhəmiyyət daşıyır. Erkən nikahların real miqyasını və səbəblərini anlamaq üçün yalnız rəsmi statistikaya deyil, həm də sahə araşdırmalarına və yerli səviyyədə aparılmış tədqiqatlara əsaslanmaq vacibdir. Çünki erkən nikah hallarının bir çoxu qeyri-rəsmi olaraq həyata keçirilir və statistik göstəricilərdə öz əksini tapmır. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, 223 qız rəsmi olaraq 18 yaşından əvvəl nikaha daxil olmuşdur (stat.gov.az). Lakin qeyri-rəsmi nikahlar və dini kəbinlər vasitəsilə erkən evliliklərin sayı bu göstəricilərdən dəfələrlə artıq ola bilər (Məmmədov 2018).

Metodologiya

Bu tədqiqatın məqsədi Azərbaycanda erkən nikahların səbəblərini və onların qarşısının alınması yollarını daha dərindən anlamaq və bu problemin yerli kontekstdə necə qəbul edildiyini aşkara çıxarmaq olmuşdur. Bu məqsədlə tədqiqatda kvalitativ metodologiya tətbiq edilmiş və fokus qrup müzakirələri əsas məlumat toplama vasitəsi kimi istifadə olunmuşdur.

Fokus qrup müzakirələri 2024-cü ilin iyun-noyabr aylarında, erkən nikahların daha çox yayıldığı Bərdə rayonunun 10 kəndində həyata keçirilmişdir. Seçilmiş kəndlərdə valideynlər, yerli icra strukturlarının nümayəndələri və müəllim heyəti ilə aparılan görüşlər nəticəsində erkən evliliklərə dair şəxsi təcrübələr, müşahidələr və mövcud ictimai mövqe toplanmışdır.

Hər fokus qrup müzakirəsində 4-dən 12 nəfərədək iştirakçı yer almış, ümumilikdə 76 nəfər bu mərhələyə cəlb olunmuşdur (28 qadın, 48 kişi). İştirakçılar əsasən 25 yaşdan yuxarı şəxslər olmuşdur. Müzakirələr strukturlaşdırılmış suallar əsasında aparılmış, əsas diqqət erkən nikahların səbəblərinə və qarşısının alınması yollarına yönəlmişdir. Məlumatlar moderator və iki komanda üzvü tərəfindən yazılı şəkildə qeydə alınmış, görüşlər zamanı iştirakçılarla yaradılmış qarşılıqlı etimad və açıq dialoq mühitində dərinləşdirilmiş fikir mübadiləsi aparılmışdır.

Erkən nikahların səbəbləri

Bərdə rayonunun 10 kəndində keçirilmiş fokus qrup müzakirələri nəticəsində erkən nikahların başvermə səbəbləri və bu problemin həlli üçün irəli sürülən təkliflər aydın şəkildə ortaya çıxmışdır. İştirakçılar mövzunu dərinliklə təhlil etmiş və erkən nikahın yayılmasında rol oynayan amilləri müxtəlif aspektlərdən izah etmişlər.

İlk olaraq, iqtisadi səbəblər erkən nikahların geniş yayılmasında mühüm rol oynayır. Davamlı gəlir mənbəyi olmayan, yoxsulluqla üzləşən ailələr qız uşaqlarını erkən ərə verməklə ailə üzərindəki maddi yükü azaltmağa çalışırlar. Bəzi hallarda bu, valideynlər tərəfindən “çıxış yolu” kimi qəbul edilir. Əsasən kənd yerlərində, ailə başçısı gündəlik əmək fəaliyyəti ilə məşğul olan, sabit gəliri olmayan ailələrdə bu hal daha geniş yayılmışdır. Respondentlərin fikrincə, qız övladlarının ailəyə iqtisadi yük kimi görülməsi onların gələcəyinin valideyn razılığı ilə, çox vaxt erkən yaşda müəyyən edilməsinə səbəb olur. Güman edirlər ki, qızlar tez evləndirilsə, ailə maddi yükdən qismən də olsa, azad olar: “İmkanı olmayan kəndli günlük işlərlə, əsasən torpaq əkib-becərməklə və ya icbari əməyə cəlb olunaraq sahibkarların sahələrində günlük 5-10 manat qazanmaqla dolanmağa çalışır, davamlı gəlir yoxdur, stabil iş və gəlirin olmaması onların qızları üçün ən optimal çıxış yolunu erkən evləndirməkdə görmələrinə səbəb olur” (iştirakçı 1, 2024).

İkinci səbəb təhsilin olmaması və ya təhsilin keyfiyyətsiz olmasıdır. Qızların təhsildən yayınması, onların ailə daxilində ikinci dərəcəli statusa malik olması və bu səbəbdən valideynlərin onların təhsilinə əhəmiyyət verməməsi erkən nikahların yayılmasına təkan verir. Bəzi ailələrdə təhsilə ayrılan resurslar əsasən oğlan uşaqlarına yönəldilir. Belə hallarda qızların təhsili ailənin gündəminə belə gətirilmir və onların həyat perspektivləri məhdudlaşdırılır. Həmçinin müəllimlərin savadsızlığı və təhsilin keyfiyyətsizliyi valideynlərdə təhsilə inamsızlıq yaradır. “Təhsilin keyfiyyəti çox aşağıdır, məktəblərdə müəllimlərin çoxu savadsızdır, sinfə girirlər, serialdan və başqa şeylərdən danışırlar. Cahil və savadsız olan müəllim uşaqlara nə öyrədəcək ki?” (iştirakçı 3, 2024).

Üçüncü mühüm səbəb dini və mədəni təsirlərdir. Cəmiyyətin bir çox hissəsində adət-ənənələrə, dini baxışlara əsaslanan patriarxal düşüncə tərzi hələ də hökm sürür. Bu düşüncə sistemində qadın ailə başçısına tabe olan, evin və ailənin namusunu qoruyan, cəmiyyət qarşısında müəyyən rola malik olan passiv fiqur kimi qəbul edilir. Belə şəraitdə qızların ailə qurması, analıq funksiyasını yerinə yetirməsi və erkən yaşda “ailə başçısına tabe olması” zəruri hesab olunur. Əksər zamanlarda, ailədə qızların söz haqqı olmur və onlar ərə verilərkən, ailə başçısının – kişinin – razılığı əsas olur, fikirləri nəzərə alınmır: “Əsas ailə başçısının razılığıdır, hər bir valideyn istəyir ki, qızı xoşbəxt olsun, həm də illərin təcrübəsindən yola çıxaraq qızı üçün ən yaxşısını seçir. Əsas odur ki, qızı getsin, düşdüyü evdə baş çıxara bilsin, təhsil, karyera o qədər də vacib deyil, onsuz da əri qazanıb onu saxlaya bilir” (iştirakçı 2, 2024).

Dördüncü səbəb hüquqi mexanizmlərin zəif işləməsidir. Qanunvericilikdə erkən nikahlar cinayət sayılsa da, bir çox hallarda bu qanunlar praktikada tətbiq edilmir. Rüşvət, korrupsiya, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi erkən nikahların cəzasız qalmasına səbəb olur. Respondentlərin bir qismi qeyd edir ki, ailələr saxta tibbi arayışlar və uyğunluq məktubları alaraq bu nikahların qanuni tərəfini ört-basdır edirlər. Xüsusilə kənd yerlərində hər kəs bir-birini tanıyır və hər kəsin bir-biriləriylə qohumluq əlaqələri olduğu üçün insanlar erkən evləndirmə halları ilə rastlaşanda aidiyyatı qurumlara məlumat ötürməkdən çəkinir. Çünki, el arasında xəbərçi və ya “polisə işləyən” adı ilə tanınmaq istəmirlər: “Polisin məsələdən xəbər tutması ilə problem həll olunmur; ailə rüşvətlə məsələni həll edir, üstəlik də polisə xəbər verən şəxs barmaqla göstərilir. Necə deyərlər, ‘pis kişi’ yenə xəbəri aidiyyatı qurumlara çatdıran olur” (iştirakçı 4, 2024).

Beşinci faktor texnoloji inkişaf və rəqəmsal medianın təsiridir. Sosial şəbəkələrdə yayılan məzmunlar, ailələrin qızlarının davranışlarına nəzarət etməsinə çətinlik yaratmış və bəzi hallarda valideynləri daha erkən yaşda onların ərə verilməsinə sövq etmişdir. TikTok, İnstaqram kimi platformalar üzərindən yayılan qeyri-etik kontentlər valideynlər tərəfindən əxlaqi təhlükə kimi qiymətləndirilmiş və bu da ailələrdə qızları qorumaq məqsədilə erkən nikah qərarlarına səbəb olmuşdur. Bu hərəkətlər qızlarının cinsi həyatını və muxtariyyətini məhdudlaşdırmaq və nəzarət etmək cəhdlərini təmsil edir. Belə vəziyyətlərdən narahat olan bəzi valideynlər, qızlarını uyğun zamanda ailə qurmağa təşviq edərək, gələcəkdə valideynlərin özlərinin potensial problem kimi gördüyü risklərin qarşısını almağa çalışırlar: “Gənclərin tərbiyəsi pozulur və əxlaqsızlıq artır. Qız uşağı olan valideynlər öz qızlarının gələcək taleyi baxımından çox narahatlıq keçirirlər və düşünürlər ki, onları tez ərə verməklə problemin böyüməsinin qarşısını ala biləcəklər” (iştirakçı 5, 2024).

Həll yolları

Fokus qrup iştirakçıları erkən nikahların qarşısını almaq üçün aşağıdakı təklifləri irəli sürüblər.

Birinci təklif maarifləndirmə işlərinin gücləndirilməsidir. Ailələrlə, xüsusilə valideynlərlə mütəmadi görüşlərin keçirilməsi, məktəblərdə təlimlər və ictimai yerlərdə seminarların təşkili zəruri hesab olunur. “Onsuz da məktəbdə müəllimlər təhsilin əhəmiyyəti və erkən nikahların fəsadları haqqında il ərzində məlumatlandırma edir, əsas valideynlərdir, çünki uşaqları buna məcbur edən onlardır” (iştirakçı 7, 2024). Respondentlər televiziyada nümayiş etdirilən bəzi proqramların da əxlaq baxımından zərərli olduğunu vurğulamış, onların əvəzinə maarifləndirici verilişlərin artırılmasını vacib hesab etmişdir. “Televiziya kanallarında axşama kimi evləndirmə verilişləri, seriallar verilir, əhalini maarifləndirmək əvəzinə, gənclərin, qızların, gəlinlərin tərbiyəsini pozur belə verilişlər. Yaxşı olardı ki, bu kimi verilişlər əvəzinə, daha faydalı və maarifləndirici verilişlər hazırlansın və insanlar da görüb götürsün, uşaqlarını tez ərə verməsinlər” (iştirakçı 8, 2024).

İkinci təklif iqtisadi dəstək proqramlarının genişləndirilməsidir. Ailələrə uşaq müavinəti verilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması və sosial rifahın yaxşılaşdırılması təklif olunmuşdur. “Ailədə qız uşaqları çox olanda valideynlər də onlardan tez ‘canını qurtarmağa’ çalışır” (iştirakçı 9, 2024). Belə addımlar valideynlərin erkən nikahı alternativ çıxış yolu kimi görməsinə imkan yarada bilər.

Üçüncü təklif qanunvericiliyin tətbiqinin gücləndirilməsidir. Cəza tədbirlərinin sərtləşdirilməsi ilə yanaşı, onların real şəkildə tətbiq edilməsi və korrupsiyanın qarşısının alınması üçün mexanizmlərin qurulması vacib sayılmışdır. Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə 3000 manatdan 4000 manatadək miqdarda cərimə ilə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Respondentlər düşünür ki, rüşvətin kökü kəsilmədikcə, erkən nikahlarla mübarizə yalnız kağız üzərində qalacaq. “Əgər rüşvət aradan qalxarsa və cəza tədbirləri sərtləşdirilərsə, böyüklər öz uşaqlarını erkən evləndirməkdən çəkinər” (iştirakçı 10, 2024). Başqa bir respondent qeyd edir ki, “Valideyni başa salmaq olmur, deyəndə ki, bəs qanunla qadağandır, cəzası var. Sənə cavabı o olur ki, həll eləmişəm. Soruşursan necə həll etmisən, deyir ki, pulu çatıb. Belə olanda bizim də əlimiz – qolumuz bağlanır. Polisdən və ya digər instansiyalardan icazə alan, heç bizə qulaq asarmı?” (iştirakçı 14, 2024). Bundan əlavə, vətəndaşları narahat edən digər məsələ, 18 yaşı tamam olmamış qızlarını evləndirən valideynlərin həkimlərə rüşvət verərək, “uyğunluq” məktubu alması olur. “Saxta hamiləlik kağızı yazdırırlar ki, ərə getməsində heç bir maneə olmasın” (iştirakçı 15, 2024).

Dördüncü təklif təhsilin keyfiyyətinin artırılmasıdır. Qızların məktəbdə qalmasını təşviq etmək və valideynlərə onların təhsilinin vacibliyini izah etmək mühüm hesab edilir. Daha savadlı qızlar gələcəkdə daha müstəqil və güclü fərdlərə çevrilə bilər və bu, bütövlükdə cəmiyyətin inkişafına töhfə verər.

Beşinci təklif ictimai qınağın formalaşdırılmasıdır. Erkən nikaha səbəb olan ailələrin cəmiyyət tərəfindən qəbul olunmaması, bu praktikaya qarşı ictimai etirazın gücləndirilməsi və gənclərin hüquqlarını müdafiə edən təşəbbüslərin dəstəklənməsi tövsiyə olunmuşdur. “Qızını 16 yaşında nişanlayan bir adama yaxınlaşıb başa salmağa çalışırdım ki, olmaz belə, qadağandır, üstəlik də o qız uşaqdır, nə yaşı var ki, indidən ərə verirsən? Gözlə, yaşı tamam olsun, sonra ver də. Mənə cavabı o oldu ki, sənin qızına elçi düşmür deyə paxıllıq edirsən” (iştirakçı, 12, 2024). Başqa bir respondent qeyd edir: “kənddə qızını tez ərə verən biri haqqında icra nümayəndəliyinə getdim ki, şikayət edim, uşağın ailəsinə qarşı tədbir görsünlər, ancaq məni qınadılar ki, sənin nə işinə qalıb, camaat özü bilər qızını neçə yaşda ərə verir” (iştirakçı 13, 2024).

Müzakirə və nəticə

Bu tədqiqatın nəticələri göstərdi ki, erkən nikahlar təkcə hüquqi və inzibati məsələ deyil, dərin köklərə malik kompleks sosial, iqtisadi, mədəni və institusional prosesin nəticəsidir. Əldə olunan məlumatlar bu problemin müxtəlif səviyyələrdə — fərdi, ailəvi, icma və dövlət səviyyəsində — necə təzahür etdiyini və nə üçün davamlı xarakter daşıdığını göstərdi.

İştirakçıların fikirlərindən aydın olur ki, erkən nikahların əsas səbəbi iqtisadi çətinliklərdir. Valideynlər üçün qız övladını erkən yaşda ailə qurmağa təşviq etmək, bir növ ailə yükünü azaltmaq və maddi məsuliyyətdən qurtulmaq vasitəsi kimi görülür. Bəzi hallarda isə qız övladının gələcəyini təhlükədən qorumaq, yəni sosial və əxlaqi baxımdan uyğun olmayan davranışlardan uzaq tutmaq məqsədi ilə erkən nikah qərarı verilir. Bu praktika, xüsusilə gəliri sabit olmayan kənd ailələri arasında yayılmışdır.

Əldə edilən məlumatlar, həmçinin sübut edir ki, erkən nikahların arxasında mədəni və dini səbəblər də dayanır. Qızların ailə daxilində passiv, itaətkar və ailə başçısına tabe fərd kimi yetişdirilməsi onların öz hüquqlarından və seçim azadlığından xəbərsiz qalmasına gətirib çıxarır. Bu yanaşma, patriarxal sosial strukturun möhkəmləndirilməsinə və qız uşaqlarının gələcəkdə sosial və iqtisadi asılı vəziyyətdə yaşamasına zəmin yaradır.

Təhsilin keyfiyyətsizliyi və savadsızlıq da erkən nikahları stimullaşdıran mühüm amillərdəndir. Valideynlərin və bəzən müəllimlərin də qızların təhsilinə laqeyd yanaşması, onların ailədənkənar bir gələcək qurma imkanlarını məhdudlaşdırır. Bəzi məktəblərdə erkən nikah halları bilinsə də, bu hallar ya gizlədilir, ya da sosial norma olaraq qəbul edilir. Bu isə məktəbin təhsil verici və maarifləndirici funksiyasının zəifləməsinə və prosesə passiv müşahidəçi kimi yanaşmasına səbəb olur.

Bütün bunların fonunda institusional problemlər də diqqətdən yayınmır. Qanunvericilikdə erkən nikaha qarşı müəyyən cəza tədbirləri nəzərdə tutulsa da, bu cəzaların real həyatda tətbiqi çox vaxt mümkün olmur. Fokus qrup iştirakçılarının fikirlərindən belə nəticəyə gəlmək olar ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti əksər hallarda rüşvət və qeyri-rəsmi razılaşmalarla əngəllənir. Beləliklə, erkən nikaha qarşı nəzərdə tutulmuş hüquqi mexanizmlər faktiki olaraq işləmir və prosesin qarşısı alına bilmir.

Texnoloji inkişaf və rəqəmsal medianın təsiri isə bu məsələdə müasir bir kontekstdə yenidən nəzərdən keçirilməlidir. Sosial şəbəkələrdə valideynlərin qeyri-münasib hesab etdikləri məzmunun yayılması onları narahat edir. Bu narahatlıq yeniyetmə qızların psixososial inkişafına sübut edilmiş zərərlərdən daha çox, valideynlərin qızlarının cinsi həyatı və davranışı üzərində nəzarəti itirmək qorxusundan irəli gəlir. Valideynlərin narahatlıqları sosial şəbəkələrdən də əvvəl mövcud olan bir növ əxlaqi təlaşı təmsil edir. Qızlarının bakirəliyinə nəzarət etməklə bağlı belə narahatlıqların tarixi kökləri var, sosial şəbəkələr isə bu narahatlığı daha da gücləndirir. Ailələr qız övladlarını risklərdən qorumaq üçün onları evlənməyə sövq edir, halbuki bu qərar qızların gələcəyini daha da çətinləşdirir.

Təhlil göstərir ki, iştirakçılar erkən nikahlarla bağlı narahatlıqlarını dilə gətirsələr də, əksəriyyəti bu praktikanın hələ də davam etməsinin səbəblərindən biri kimi ictimai konformizmi və qınaq qorxusunu qeyd ediblər. Bəzi valideynlər erkən nikahların zərərlərini başa düşsələr də, cəmiyyətin təzyiqi, ənənələrin gücü və dəyişiklikdən çəkinmə onları susmağa və razılaşmağa məcbur edir. Bu vəziyyət ictimai və şəxsi mövqelər arasında uyğunsuzluğun mövcudluğunu nümayiş etdirir.

Beləliklə, erkən nikah probleminin həlli yalnız hüquqi və inzibati tədbirlərlə mümkün deyil. Bu məsələni aradan qaldırmaq üçün kompleks yanaşma, yəni sosial, iqtisadi, mədəni və institusional səviyyədə paralel tədbirlərin görülməsi zəruridir. Təhsil, iqtisadi rifah, ictimai şüurun formalaşdırılması və korrupsiyaya qarşı effektiv mexanizmlər bu problemin dayanıqlı həllində əsas istiqamətlər kimi ön plana çıxmalıdır.

İstinadlar

Ağaşahqızı, Y. (2021). Erkən nikahları yaradan əsas amil savadsızlıqdan doğan cəhalətdir: Psixoloq. İki Sahil. https://ikisahil.az/post/196662-erken-nikahlari-yaradan-esas-amil-savadsizliqdan-dogan-cehaletdir-psixoloq

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. (n.d.). Erkən nikahlar (təhlil)https://family.gov.az/store/media/Erk%C9%99n%20nikahlar%20(t%C9%99hlil)..pdf

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. (2021). Erkən nikah – günümüzün aktual problemihttps://family.gov.az/az/post/2277/erken-nikah-gunumuzun-aktual-problemi

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. (2024). Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunuhttps://e-qanun.az/framework/57541

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. (n.d.). Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilərhttps://frameworks.e-qanun.az/46/f_46947.html

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (n.d.). Official websitehttps://www.stat.gov.az

Girls Not Brides. (n.d.). Azerbaijanhttps://www.girlsnotbrides.org/learning-resources/child-marriage-atlas/regions-and-countries/azerbaijan/

Girls Not Brides. (n.d.). Child Marriage Atlashttps://www.girlsnotbrides.org/learning-resources/child-marriage-atlas/atlas/

Qarayeva, S. (2022). Qızların erkən yaşda zorən ərə verilməsinə görə valideynlər hüquqi məsuliyyət daşıyacaqlar. 525-ci qəzet. https://www.anl.az/down/meqale/525/2022/oktyabr/818989.htm

Məmmədov, R. (2018). Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları. Bakı: Servis AZ MMC.

Mehralı, L. (2021). Erkən evlilik: səbəbləri və nəticələri. SİA. https://sia.az/az/news/social/856230.html

UNFPA. (2023). Legislating and enforcing the minimum age of marriage: A comparative study of experiences and lessons learned in ending the legalization of child marriage. United Nations Population Fund.

UNICEF USA. (n.d.). Ending child marriagehttps://www.unicefusa.org/what-unicef-does/child-protection/end-child-marriage

United Nations Children’s Fund. (n.d.). Child marriage. UNICEF. https://www.unicef.org/protection/child-marriage

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.