Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.
Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir. Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.
Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşımasa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mülkü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.
Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb. Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.
Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.
Şəlalə Məmmədova
Kitab 2
Fəsil 81. Selkunilərin Zenenli Mamqon tərəfindən öldürülməsi
Həmin dövrdə Sapur müharibələrdən sonra rahatlamışdı. Tiridatın Romaya, müqəddəs Konstantinin yanına yollandığını öyrəndikdə o, bizim ölkəmizə qarşı pis şeylər fikirləşməyə başladı və bütün şimal xalqlarına Ərməniyəyə soxulmaq əmrini verdi. O, özü də arilərin başında başqa bir istiqamətdən bizim ölkəmizə hücum etdi. Selkunlu knyazı Sluk onun təhrikləri ilə kürəkəni, qoca Otu öldürür. Ot Amatuni nəslindən idi və Xosroyduxtun bacısının tərbiyəçisi idi. Tezliklə qərbdən gələn qüdrətli Tiridat baş verənlərdən xəbər tutur və Sapurun təyin edilən gündə gəlib yetişmədiyini öyrənən kimi şimal xalqlarının üzərinə yürüyür. Lakin Selkun knyazı Slakan adlanan qalada möhkəmlənmişdi. Sima dağının xalqları arasında özünə dayaq tapan knyaz şaha müqavimət göstərir və həmin dağın yaxınlığında yerləşən vilayəti təlatümə gətirir, ətrafdakı ərazidə hər hansı bir işlə məşğul olmağa imkan vermir. Belə olduqda şah bütün erməni məmurlarına deyir: “Kim mənə Selkun knyazını təslim etsə, Selkun nəslinə aid olan bütün mülkləri ona verəcəyəm.” Zenendən olan Mamqon bu işi öhdəliyinə götürür. Şah Alban sərhədlərinə doğru şimal xalqlarına qarşı gedəndə Mamqon bütün dəstəsi ilə, guya ki, şahın dəstəsindən ayrılır və Taron ölkəsi üzərinə yürüş edir. Yolda olarkən o, gizli şəkildə Selkun knyazına şahın Alban sərhədlərinə getməsi haqqında xəbər göndərir. O deyir ki, şah Tiridat böyük təhlükə ilə üz-üzədir və bu səbəbdən də Alban sərhədlərinə gedərək dağların sakinləri ilə döyüşə girəcək. İndi öz xeyrimiz haqqında düşünüb iradəmizə tabe olmalıyıq. Şah mənə nifrət etdiyi üçün səninlə ittifaqa girməliyəm. Bu sözlərdən qürrələnən Selkun knyazı onu qəbul etdi, ona and içdirdi, lakin onun içdiyi anda və bağlanan ittifaqa nə qədər sədaqətli olduğunu yoxlamayana qədər qalaya girməsinə imkan vermədi. Mamqon var gücü ilə bu satqına sədaqət nümayiş etdirir və nəhayət, onu əmin edir ki, onunla müttəfiqi kimi rəftar edir. Bundan sonra knyaz onun azad şəkildə qalaya giriş çıxışına icazə verir. Mamqon bir çox şəraitdə ona sədaqətini sübut edir və bir gün onu ov məqsədi ilə qalanı tərk etməyə inandıra bilir. Ovda Mamqon onu çiynindən oxla vurur və yerə yıxır. Sonra isə əyanlar ilə birgə qalaya doğru gedir və oradakıların hamısını öldürür və Selkun xalqını məhv etmək qərarına gəlir. Orada hamını məhv edir və yalnız bir neçə nəfər Zofen1 vilayətinə qaça bilir. Mamqon bu haqda şaha məlumat verir, xəbərdən sevinən şah vəd etdiyi kimi, bütün knyazlığı ona verir və onu üsyankar knyazın yerinə təyin edir, bu knyazlığı Mamqon2 knyazlığı adlandırır. Sağ qalan Selkunları təqib etməyi isə qadağan edir.
Fəsil 82. Bazil hökmdarının öldürüldüyü Alban müharibəsində Tiridatın məşhur əməlləri haqqında
Beləliklə, şah Tiridat Ərməniyədən çıxaraq Qarçaren3 çölünə gəldi, qoşunlarını şimal xalqlarına qarşı düzdü, hər iki tərəfdən döyüş başlandı, Tiridat düşmən qoşunlarını iki hissəyə parçaladı, o, nəhəng kimi qorxmaz idi. Mən onun əlinin çevikliyini təsvir edə bilmirəm, onun əli ilə öldürülənlər o qədər çox idilər ki, onlar mahir balıqçının ovladığı balıq kimi dolu tordan tullanaraq torpağa çırpılırdılar. Bunları görən Bazil hökmdarı Tiridata yaxınlaşır və oxunu çıxararaq onun onurğasını nişan alır. Ox onun sol çiynindən və sağ çənəsindən keçir. Çünki həmin an o, qolunu qaldıraraq qılıncla kimi isə öldürməyə cəhd edirdi. Özü isə zirehli geyimdə olduğu üçün ox onun bədənini dələ bilməzdi. Bazil şahı nəhəng əli ilə yerindən tərpədə bilmədiyi üçün ipi atın sinəsinə doladı, lakin ata qamçı vurmağa fürsət tapa bilmədi. Nəhəng sol əli ilə ipdən yapışaraq bütün gücünü topladı və qılıncı ilə Bazil şahını öldürdü, onunla birlikdə atının da başını kəsdi. Qoşun şahın ölümünü görüb qaçmağa üz tutdu, Tiridat onları Hun çöllərinə qədər təqib etdi. Bu döyüşdə Tiridat çoxlu itki verdi, əyanlarının çoxu, o cümlədən bütün erməni qoşunlarının başçısı Mandakunlu Artavazd öldü. Tiridat isə qaydaya uyğun olaraq girovlarla geri döndü, bütün şimal alaylarını topladı və onlardan böyük ordu düzəltdi. Bundan sonra o, Fars ölkəsinə Artasirin oğlu Saporun üzərinə yürüyür. O, özü ilə dörd sərkərdə götürür. Bunlar xristian olduğu üçün etibar etdiyi İberiya hökmdarı Miran, Baqaratın hökmdarı, Restunlu Manazariya və Amatunlu Vahan idi. Burada biz Miran və iberlərin dini haqqında məlumat verməliyik.
Fəsil 83. İberlərin xilasının səbəbi olan mübarək Nuniya haqqında
Müqəddəs Ripsime və məsləkdaşları təqibdən qaçaraq müxtəlif yerlərə səpələnmişdilər. Onun məsləkdaşlarından olan Nuniya4 adlı bir qadın iberlərin paytaxtı Mitsxetiyə gəldi. O, Allaha olan itaətkarlığı sayəsində müalicə etmək qabiliyyəti əldə etmişdi. O, bir çoxlarının dərdinə əlac olmuşdu, İber çarı Miranın arvadı onlardan biri idi. Miran onun bu qabiliyyətə necə sahib olduğunu soruşduqda isə o, Məsihin dinini təbliğ etməklə belə bir qabiliyyət qazandığını söyləmişdi. Miran onun sözlərini eşitdikdən sonra onu satraplarına tərifləyir. Tezliklə onun qulağına Ərməniyədə şah və əyanları ilə bağlı baş vermiş möcüzələr haqqında xəbərlər çatır. Bu möcüzələr Nuniyanın mübarək bacılarının əməlləri idi. Miran bu xəbərlərdən çox təəccüblənir və bu haqda Nuniyaya da məlumat verir. Nuniya da ona baş verən möcüzələri təfərrüatı ilə danışır. Həmin vaxtlarda Miran ova getməli olur. O, qayaların üzərinə çıxanda hava qaranlığa bürünür, gündüz gecəyə çevrilir. Miran özü də qaranlığa qərq olur. Bu qaranlıq onun əbədi işığına çevrilir. Qaranlıqdan dəhşətə gələn Miran Tiridatın başına gələn dəhşəti xatırlayır. Onun başna ov zamanı Allah tərəfindən bir zərbə dəymişdi. Miran onun da başına belə bir şeyin gəlməsindən qorxur. Qorxu altında olan Miran Allahdan havanı işıqlandırmağı xahiş edir və sağ-salamat geri döndüyü halda Nuniyanın Allahına səcdə edəcəyini əhd edir. O, əhdinə çatdığı üçün verdiyi sözü tutur. Bu zaman mübarək Nuniya etibar etdiyi kişiləri müqəddəs Qriqorinin yanına göndərərək, nə etmək lazım olduğunu soruşur. Çünki iberlər ürəkdən Məsihin dinini qəbul etmişdilər. Müqəddəs Qriqoriy özü etdiyi kimi, bütləri yıxmağı, onların yerinə isə hörmətli xaçı ucaltmağı əmr edir və Allahın onlara yol göstərən və rəhbər göndərənə qədər gözləməyi tapşırır. Nuniya həmin an Aramazdın5 ildırım kimi çaxan bütünü dağıdır və onu sürətlə axan çaya atırlar. Onun bütü şəhərdən kənarda xüsusi bir yerdə idi və şəhərin sakinləri hər səhər evlərindən ona səcdə edirdilər. Çünki büt onların evlərinin qarşısına baxırdı. Ona qurban vermək istəyənlər isə çayı keçərək qurbangaha gəlir və qurbanı bütün yanında kəsirdilər. Şəhərlərin rəhbərləri “bundan sonra kimə sitayiş edəcəyik?” deyə qiyam qaldırdılar. Onlara bundan sonra xaça sitayiş edəcəkləri deyildi. Onlar buna razı olduqları anda çox gözəl bir təpədə xaç ucaltdılar. Bu təpə şəhərin şərqində yerləşirdi, onu şəhərlə bir çay ayırırdı. Hər kəs səhər tezdən adət etdiyi kimi evindən bu xaça səcdə edirdi. Lakin onlar təpənin başına çıxanda bu xaçın o qədər də məharətli olmayan insan əli ilə yonulmuş ağacdan düzəldiyini görürlər, onlarda ikrah hissi yaranır və onlar evlərinə dağılışırlar, çünki onların bütün meşələri belə ağaclarla dolu idi. Lakin mərhəmətli Allah onların hörmətsizliyinə əhəmiyyət verməyərək, onların üzərinə buluddan bir sütun göndərdi, həmin təpəyə gözəl ətir iyi yağdırdı, məzmur oxuyan xorun şirin səsi eşidildi və taxta xaçı təsvir edən bir işıq parladı. Onların başı üzərində olan xaçın üstündə 12 ulduz parlayırdı. Bu mənzərədən heyrətə gələn iberlər xaça təzim etdilər və bu xaç sonralar onların dərdlərinə çarə oldu. Mübarək Nuniya İberlərin digər vilayətlərini dinə gətirmək üçün yola çıxdı. Onun səyahəti sadə, dəb-dəbədən, dünya nemətlərindən uzaq idi. Daha dəqiq desək, çarmıxa çəkilərək həyatını ölümlə sınağa çəkən mübarək insan Allahın sözlərini təbliğ edirdi, sanki xoş niyyətini qanı ilə qəbul edirdi. Mən onu həvari ilə müqayisə edərdim, çünki o, Alan və Xəzər sərhədlərindəki Knyarzadan başlayaraq, Massagetlərin sərhədlərinə qədər İncili təbliğ edib. Bu haqda bizə Aqanfangel məlumat verir. Buradan biz Tiridatın Farsa səfəri haqqında hekayəyə qayıdacağıq.
Fəsil 84. Saporun məğlub olması və məcburən Böyük Konstantinə tabe olması. Tiridat Yekbatananı tutur. Qohumlarının onun yanına gəlməsi və qurtuluş xaçını tapması
Tiridat qalib gəlsə də, qoşunlarına dəyən ağır zərbələrdən və satraplarının çoxunun məğlub olması üzündən öz qüvvələrinə arxalanaraq Saporla mübarizə edə bilmədi və Roma qoşunlarının Assuriya üzərinə hücumunu gözlədi. Onlar Saporu qaçmağa məcbur etdilər, ölkəsini isə talan etdilər. Belə olduqda Tiridat müttəfiqlərin qoşunlarına birləşərək Fars dövlətinin şimal ölkələri üzərinə hücum etdi. Bu hücum bir il davam etmişdi. Bu zaman onun yanına qan qohumu olan Kamsar gəldi. Kamsar Perozun böyük oğlu idi. Bu, həmin Peroz idi ki, körpə vaxtı Balqavenli Karen Artasir tərəfindən darmadağın edildikdə Burzi tərəfindən qaçırılaraq xilas edilmişdi. Yetkinlik yaşına çatanda Artasir onun atasının vəzifəsini və ordu komandanlığını ona həvalə etmişdi. Artasir onu barbar xalqların üzərinə göndərmişdi ki, döyüşdə öldürülsün. Lakin Peroz cəsur insan olduğundan möcüzəvi şəkildə müharibəni qələbə ilə bitirmiş və xaqan6 adlandırılan Vezerkə7 qalib gəlmişdi. Vezerkin qızı ilə isə evlənmişdi. Onun başqa arvadları da var idi və onlar vasitəsilə o, Artasirlə qohum olmuşdu. Bu izdivaclardan çoxlu uşaq dünyaya gəlmişdi. Həddən artıq güclənən Peroz başqa ölkələri də hakimiyyətinə keçirə bilmişdi. Artasir bu işlərə dəstək versə də, Peroz onun ziyarətinə getmirdi. Buna görə də Artasir öldükdən sonra oğlu Sapora tabe olmaq istəmir. Bu səbəbdən də bir sıra qələbə qazandıqdan sonra Saporun dostlarını zəhərləyir. O zamanlar Vezerk xaqan adlı başqa bir xaqan da var idi və oğlu Kamsarla yola getmirdi. Kamsar iki böyük düşmən arasında qalmaqdan və qardaşlarının ona düşmən münasibətindən bezərək bütün ailəsini topladı və bizim şahımız Tiridatın yanına köçdü. Qardaşları isə Sapora pənah apardı. Həmin Kamsar atasının yanında heç bir şeydən qorxmayaraq cəsarətlə döyüşürdü, başından balta ilə yaralanmışdı. Kəllə sümüyünün bir hissəsini itirsə də, dərmanlarla sağala bilmişdi. Lakin onun başı əvvəlki kimi yumru deyildi və ona görə də ona Kamsar deyirdilər.8 Tiridat Ekbatananı yeddi divarla möhkəmləndirir, oraya özünün canişinlərini təyin edir, Kamsar və bütün əyanları ilə birgə Ərməniyəyə qayıdır. Sapor qalib Konstantindən dostluq və əbədi sülh xahiş etdiyi üçün müqəddəs Konstantin ona bunları verir. Bundan sonra Konstantin anası Yelenanı Yerusəlimə hörmətli xaçı tapmağa göndərir. Yelena həqiqətən də İudeyadan olan İudanın vasitəsilə beş mıxlı xaçı tapır. Sonralar, o, Yerusəlimin yepiskopu olur.
Fəsil 85. Litsininin məğlubiyyəti, çar taxtı Romadan ayrılır və Konstantinopolun əsası qoyulur
Allah Konstantinin ətrafından bütün müxalifləri qovduqdan sonra o, Litsiniyə böyük şərəflər yağdırdı, başqa qadından dünyaya gəlmiş bacısını ona ərə verdi, onun başını porfiri9 və şah diademi ilə bəzədi, onu özündən sonra ikinci adam etdi və bütün Şərqin kralı elan etdi. Amma Allahın yəhudilərə aid edilən kəlamı, pisliyi dəyişməyin mümkün olmadığı burada da özünü göstərdi: “vaşaq xallı rəngini, efiopiyalı dərisini dəyişə bilmədiyi kimi, pis adam da əxlaqını dəyişə bilməz.” O, əvvəl dinindən döndü, sonra da xeyirxah adam nüfuzunu itirdi. O, kilsəni təqib etməyə başladı, gizli şəkildə Konstantinə qarşı xəyanət planı qurdu və hakimiyyəti altında olan hər kəsə qarşı pis rəftar etdi. O, şəhvətpərəst və rəzil qoca saçlarını rəngləyib Qlafiranı sevdiyi üçün arvadına da böyük iztirablar verdi və buna görə də Pont Amasiyasından10 olan yepiskop müqəddəs Vasilini öldürdü. Onun xəyanətinin üstü açılanda və Konstantinin onun bəhanələrini qəbul etməyəcəyini anlayanda ona müqavimət göstərmək üçün qoşun topladı. Onun bizim hökmdarımız Tiridata olan məhəbbəti də azaldı. Tiridat ona düşmən kimi baxırdı, çünki bilirdi ki, saleh adamlar pislərə nifrət edir. Qalib Konstantinin gəlişi ilə Allah Litsinini onun əlinə verdi. Konstantin onun yaşına hörmət etdiyi üçün, həm də onun qohumu olduğu üçün onu qandallayıb Qalliyadakı11 mədənlərə göndərdi ki, Allahdan günahlarının bağışlanmasını diləsin. Özü isə oğulları ilə birgə hökmranlıq edəcəyini bəyan etdi və Nikomediyada hakimiyyətinin 20 illiyini qeyd etdi. Çünki o, təqiblərin başladığı 4-cü ildən sülhün bərqərar olduğu 30-cu ilə qədər hakimiyyətdə olmuşdu. Dünya hələ də bu tarixi bayram edir. Konstantin Romaya qayıtmağı lazım bilmədi və Bizansa yollandı, orada yuxusunda gördüyü kimi özünə paytaxt saldı, məşhur binalar tikdirdi, şəhəri əvvəlkindən beş dəfə böyütdü, çünki şəhərdə Makedoniyalı İsgəndər Dara ilə döyüşə hazırlaşarkən inşa edilən bir neçə kiçik tikilidən başqa qüdrətli hökmdara yaraşan başqa tikililər yox idi. O, öz xatirəsinə Statiqionu inşa etdirdi, orada o, hərbi hazırlıqlarını həyata keçirirdi. Ondan sonra Roma imperatoru Sever bu tikiliyə əlavələr etdi, günəşin mistik adının trakiya hərfləri ilə yazılmış olduğu yerdə istixanalar tikdirdi. İstixanalar da elə həmin adla Zevkeipp adlandırılırdı. Bundan sonra Konstantin teatr, amfiteatr və atların yarışı üçün meydan tikdirməyə başladı, lakin sonuncunu bitirə bilmədi. Şəhəri nəfis tikililərlə bəzəyən Konstantin onu Yeni Roma adlandırdı, lakin başqaları onu Konstantinopol adlandırırdı. Deyilənə görə, o, Romadan gizli yolla Palladionu da gətizdirmiş və onu meydanda yüksələn sütunun üzərinə qoydurmuşdu. Bu bizə inandırıcı gəlmir, başqaları bunu istədikləri kimi anlaya bilərlər.
Fəsil 86. Bidətçi Arius12 və onunla bağlı Nikeyada çağrılmış kilsə məclisi haqqında, Qriqorun xaç suyuna salınması zamanı baş vermiş möcüzəli görüntülər haqqında
O zaman İsgəndəriyyədə Arius peyda olmuşdu və böyük pisliyi, yəni oğulun Ataya bərabər olmadığını, oğulun Atanın təbiətindən və mahiyyətindən olmadığını, Atadan doğulmadığını təbliğ edirdi. O, oğulun sonradan yaranan bir qərib olduğunu, daha gənc olduğunu iddia edirdi. O, pis Arius, layiq olduğu cəzanı aldı. Belə ki, hökmdar Konstantin bütün yepiskopların Vifiniyada13 yerləşən Nikeya kilsə məclisinə toplanmasını əmr etdi. Bu məclisə Romadan müqəddəs Silvesterin göndərdiyi presviterlərdən Viton və Vinkentin, İsgəndəriyyədən Aleksandr, Antioxiyadan Yevstafiy, Yerusəlimdən Makariy və Konstantinopolun yepiskopu Aleksandr gəldi. İmperator bizim Tiridata da fərman göndərdi ki, müqəddəs Qriqoru götürüb kilsə məclisinə gəlsin. Lakin Tiridat gələ bilmədi, çünki Saporun Hindistan şahı və Şərqin Xaqanı ilə qohum olduğu xəbərini almışdı. Bundan başqa, Tiridat (sonradan 9 il hökmdarlıq edəcək) Nersex və (3 il hökmdarlıq edəcək) Hörmüzdün14 məşhur işləri haqqında məlumat almışdı. Tiridat Saporun bütpərəst adətlərinə uyğun olaraq bağlanılan ittifaqı pozaraq onun ölkəsinə hücum edəcəyindən qorxurdu. O, müqəddəs Qriqorinin israrla dəvət edilməsinə baxmayaraq, ona da məclisə getməyi məsləhət görmədi, çünki dini təbliğ etdiyi üçün ona daha çox hörmət və şöhrət veriləcəyini bilirdi. O, özünün yerinə Aristakı göndərdi, ürək sözlərini isə kağıza yazdı. Aristak yolda böyük Leontiusla rastlaşır. Leontius həmin vaxt vəftiz Qriqorinin atası Qriqorini xaç suyuna salırdı. Qriqorini sudan çıxaranda üzərinə işıq parlayır və o işığı Leontiusdan, bizim Aristakdan, Edesli Aftaliusdan, Nisibinli Yakovdan və Fars yepiskopu Yakovdan başqa heç kim görə bilmir. Onların hamısı kilsə məclisinə eyni yolla gedirdilər.
Fəsil 87. Aristak Nikeyadan qayıdır, qohumları dini qəbul edirlər, Qarnidəki tikililər haqqında
Aristak qüdrətli Leontius ilə yolunu davam etdirərək, nəhayət ki, Nikeyaya çatdı. 380 ata arianları kilsədən uzaqlaşdırmaq üçün oraya toplaşmışdı. Onlar arianları lənətləyərək kilsədən uzaqlaşdırdılar, imperator isə onları mədənlərə sürgün etdi. Nəhayət, Aristak geriyə qayıtdı, gələrkən özü ilə həmin kilsə məclisinin əsl qaydalarını da gətirdi. Bu qaydalar 20 fəsildən ibarət idi. O, Valarsapatda atası və şah ilə görüşür. Müqəddəs Qriqori bu hadisədən çox məmnun qalmışdı və Kilsə Məclisi qaydalarına özünün də bir neçə qaydasını əlavə etdi ki, xalqını yanlış yoldan qoruya bilsin. Həmin dövrdə qohumu Kamsar ailəsi ilə birlikdə böyük Qriqori tərəfindən xaç suyuna salındı. Sudan çıxanda onu qarşılayan şahın özü oldu. O, yaxın qohumu və səmimi dostu olan Kamsara indi Dasonikert15 adlanan böyük Artasav şəhərini və Siran vilayətini verdi. Lakin o, xaç suyuna salınandan 7 gün sonra dünyasını dəyişdi və şah təsəlli olarq Kamsarın böyük oğlu Arsaviri atasının yerinə qoydu, onun nəslini atasının adı ilə adlandırdı, onu satrapların siyahısına daxil etdi və ona böyük vadinin sərhədlərinə qədər uzanan vilayətlə birgə Yeruandın şəhərini bağışladı. Çünki əsl vətəni olan qədim Balqaven16 vilayəti haqqında xatirələri onun yadından silməyə çalışırdı. Arsavir bundan çox məmnun oldu və ona bağışlanan vilayəti öz adına uyğun olaraq Arsarun adlandırdı. Əvvəl bu vilayət Yeraşazor adlanırdı. Parfiya və Balqaven17 xalqının yaranmasının səbəbi bax budur! Həmin dövrdə Tiridat Qarni18 qalasının tikilişini başa çatdırdı. Bu qala dördkünc şəkildə yonulmuş daşlardan tikilmişdi, daşlar bir-birinə dəmir və qurğuşunla birləşdirilmişdi. O həmçinin oraya bacısı Xosroyuduxtun şərəfinə çadır və olduqca gözəl bəzədilmiş heykəl qoydurdu, üzərinə isə yunan dilində öz adını yazdırdı. Əvvəllər yaşadığı dağlara çəkilmiş müqəddəs Qriqorini isə bundan sonra bir daha görən olmadı.
Fəsil 88. Qriqori və Aristakın ölümü haqqında, o dağın Mani mağarası adlandırılmasının səbəbi haqqında
Tiridatın hakimiyyətinin 17-ci ilində atamız müqəddəs həvari Fadeusun taxtına çıxdı, o, bütün Ərməniyəni İncildə əks olunan Allahın elminin nuru ilə işıqlandırdı, bütpərəstliyin qaranlığını dağıtdı və hər yeri yepiskop və müəllimlərlə doldurdu, dağları və təpələri sevimli yerə çevirdi ki, tənhalıqda vaxt keçirə bilsin və Allahla daha rahat söhbət etsin. O, yerinə oğlu Aristakı qoydu, özü isə Daranal vilayətindəki dağda Manteka adlanan mağaraya çəkildi. İndi biz bu dağın nə üçün Manteka adlandırıldığını izah edəcəyik. Müqəddəs Repsimlər bizim ölkəyə gələrkən bacılardan Maniya adlı birisi geridə qalır. Məlumdur ki, onlardan Nuniya adlı birisi də iberləri işıqlandırmağa getmişdi. Maniya buralarda bütün müqəddəs yerləri tanıdığı üçün həmin dağdakı mağaralardan birində məskən salır. O vaxtdan da bu dağ Mani dağı adlandırılır. Ondan sonra orada müqəddəs Qriqori yaşamışdı. Qriqori həmin mağarada yaşasa da, öz dinindən olanlar arasında inamı möhkəmləndirmək üçün tez-tez vilayətə gəlirdi. Amma oğlu Aristak Nikeyadakı kilsə məclisindən qayıtdıqdan sonra o, bir daha heç kimə görünmədi. O, müqəddəsliyinin başladığı dövrdən, yəni Tiridatın hakimiyyətinin 17-ci ilindən 46-cı ilinə qədər, 30 il ətraf aləmə görünməmişdir. Ondan sonra kilsəni 7 il Aristak idarə etmişdi, yəni Tiridatın hakimiyyətinin 47-ci ilindən 53-cü ilinə qədər. Rəhbərliyinin 7-ci ilində Aristak öldü, o, həqiqətən də, dinin qılıncı idi. Dördüncü Ərməniyənin19 hökmdarı Arxelay əməlləri Aristak tərəfindən ifşa olunduğu üçün ondan qisas almaq qərarına gəlir və əlinə uyğun fürsət düşəndə bunu edir. Arxelay Aristakla Zofor vilayətinə gedən yolda rastlaşır və onu qılıncı ilə öldürərək Kilikiyadakı Tavra qaçır. Aristakın cənazəsi dəfn üçün Fil şəhərinə gətirilir. Ondan sonra kilsənin idarəsi böyük qardaşı Vertana keçir. Bu hadisə Tiridatın hakimiyyətinin 54-cü ilində baş verib. Müqəddəs Qriqori Mani mağarasında uzun illər gizli yaşadıqdan sonra, nəhayət, öz ölümü ilə müqəddəslər sırasına girdi. Çobanlar onu ölü tapdıqda kim olduğunu bilmədikləri üçün öldüyü yerdə də dəfn etmişdilər. Əlbəttə ki, bizim xilaskarımızın məsləhətçilərinin onun şagirdinin xidmətçiləri olmasını istərdik. O, uzun illər Musanın qədimdə etdiyi kimi, Allahın qüdrəti ilə gizli yaşamışdı, çünki dində hələ çox gənc olan kobud xalqların onu ilahiləşdirməsini istəməmişdi. Lakin həmin yerlədə din yayılıb möhkəmləndikdən sonra onun nəşi həmin yerdən Tordan şəhərinə gətirilir və orada dəfn edilir. Bilindiyi kimi, o, Balqaven vilayətindən olan parfiyalı idi və Arsakidlərin şah nəslinə, Anakın oğlu Surenin ailəsinə mənsub idi. Ərməniyənin şərq hissəsində o, səadət və dünyəvi ehtirasların səbəbi olan dərin bütpərəstlik çirkabına doğan mənəvi günəşin və işığın həqiqi Şərqi idi. O, Rəbbin evində əkilmiş və çiçək açan həqiqətən ilahi olan üzüm ağacının başlanğıcı idi. O, xalqları dinlə işıqlandıraraq onları Allahın izzət və həmdinə çevirdi.
Fəsil 89. Şah Böyük Tiridatın ölümü və erməni xalqının acınacaqlı şəkildə təhqir edilməsi
Başqa bir müqəddəs və böyük Qəhrəman haqqında, maariflənməyimizin səmavi bələdçisi və əsl xristian Padşahı haqqında hekayəyə başlayarkən, biz parlaq ifadələrdən istifadə etməliyik, çünki bizi həqiqətə aparan yolun ilk göstəricisindən bəhs edirik. Müqəddəs ruhun şəhadəti ilə birincilik və həvarilik zəhmət və qəhrəmanlıqlarına görə bizi maarifləndirənə verilmişdir. Onlar digər sahələrdə həm işlərinə, həm də əməllərinə görə bərabər olsalar da, mən Şahın üstünlüyünü göstərmək istərdim. Düşüncələri ilə hər ikisi Allaha bağlı idi, hər ikisi dindar və sadə həyat sürmüşdü, lakin etiqadı və natiqlik qabiliyyətinə görə şah Qriqoridən üstün idi. Çünki dinlə bağlı məsələləri heç zaman sonraya qoymurdu, ona görə də mən onu din yolunda gedən birinci adam, bizi dinə gətirənlərin isə ikincisi hesab edirəm. Mən onun haqqında tərif yox, tarixi yazmaq istəyirəm, çünki onu tərifləyən çoxlu əsərlər artıq yazılıb, onu tərifləmək mənim vəzifəm deyil, mənim vəzifəm onun tarixini yazmaqdır.
Tiridat Xristian dininə keçdikdən sonra xeyirxah əməllər edir, Məsihi təbliğ edir və əməlləri, həmçinin şəfqət və məsləhətləri ilə bu təbliğata haqq qazandırırdı. Satrap və sadə insanları Xristian dininə elə yönəltdi ki, onların bütün əməlləri dinlə bağlandı. Amma indi mən qədim zamanlardan doğru yoldan azmış, həqiqətdən uzaq düşmüş xalqımızın azğınlığını, qəddarlığını təsvir etmək istərdim. Qürurlu və inadkar olan xalq Xristian dini ilə bağlı şahın iradəsinə tabe olmaqdan imtina etdi, arvadları və kənizlərinə tabe olmağı seçdi. Buna dözmək istəməyən şah başından dünyəvi hökmranlıq tacını götürdü və səmavi hökmranlıq tacını axtarmağa çıxdı və Məsihin sayıq döyüşçüsünün yaşadığı dağdakı mağaraya çıxdı. Mən burada həqiqəti, xalqımızın pisliyini, qanunsuzluğunu söyləməkdən utanıram, bu əməllər kədərli matəm və göz yaşlarına layiqdir. Düzdür, xalq elçiləri vasitəsilə onu yenidən taxta sahib çıxmağa çağırdı, öz mülahizələrinə uyuğun olaraq ona müqəddəslik verdi. Lakin bir müqəddəs olaraq o, bununla razılaşmadı, ona görə də ona qədimdə Sokrata edilən kimi, ya da daha doğrusunu desək, qudurğan yəhudilərin Xilaskarımıza ödlə sirkə verdiyi kimi, öldürücü içki gətirdilər və beləliklə də, dindarlığının parlaq şüasını söndürdülər. Mən göz yaşları ilə həmvətənlərim haqqında Pavelin xaçın düşmənləri haqqında danışdığı kimi danışıram və öz sözlərini deyil, Müqəddəs Ruhun sözlərini deyirəm. Bu dil inadkar və sərtdir, ürəyin istəyinə uyğun deyil, ruhu Allaha sadiq deyil. Ey Ərməniyənin kişiləri! Nə vaxta qədər ruhunuz donmuş qalacaq? Nə vaxta qədər pisliyi və günahı sevəcəksiniz? Məgər Rəbbimizin necə gözəlliklər yaratdığını görməyirsiniz? Siz çağırdığınız zaman Rəbbim sizi eşitməyəcək, çünki qəzəblənərək günah işlətmişsiniz və gecələr tövbə etməmişsiniz, çünki siz həqiqi olmayana qurban kəsmişsiniz, Rəbbə iman gətirəni isə rədd etmişsiniz.
Bu səbəbdən Allahın qəzəbi üzərinizə gələcək, lakin siz bunu anlamayacaqsınız, yaxalansanız da, xudbinliyinizin bağlarında məhv olacaqsınız. Lakin onun ruhu Allahla sevinəcək, onunla rahatlıq tapacaq, hər kəs öz-özünə sual verəcək: Allahım sənə bərabər varmı? Bütün bunlar həqiqət olduğu üçün etdiyimiz pisliklərlə özümüzə təskinlik verək. Çünki Xilaskarımız deyib ki, “bunu çiçəklənən ağacla edənlər qurumuş ağacla niyə etməsinlər.” Allaha yaxın olan və Allah uğrunda şahlığından keçənə bunu edirlərsə, qədərində sıxıntı və yoxsulluq olanlara hansı dualar göndərilməlidir? Ancaq mən burda bircə şey soruşacağam: “Sizlərdən hansınız bizlərə sədəqə verib? Müəllimlərinizdən hansı bizim üçün dua edib? Sizlərə kim nəsihət və məsləhət verib? Bizlər səyahət edərkən yükümüzü kim daşıyıb? Bizim səyahətimiz bitəndən sonra kim bizə yer, ev və ya bir daxma hazırlayıb?” Daha başqa bir şey soruşmuram, çünki siz böhtanlarınızın və cəhalətinizin, xudbinliyinizin və boşboğazlığınızın qarşısını almadınız, çılğın əxlaqınızı ülgücdən də iti etdiniz. Beləliklə, Müqəddəs Yazıda deyildiyi kimi, hər kəs, həm dindar, həm də Allah özü üçündür. Bu kəlmələr indiki dövrə çox uyğundur. Çünki indiki zamanda Allahın işlərindən danışan çoxdur, amma onun gücünü anlayan yoxdur. Və onlar Müqəddəs Ruhun iradəsi ilə deyil, hansısa sadə bir insanın iradəsi ilə danışırlar. Ona görə də onların söylədikləri ağıl sahibi olanlara qorxu-hürkü gətirir. Çünki bu cür dindar Allah və onun işlərindən danışsa da, fikirləri başqa yerə yönəlir; ona görə də dediklərinə əhəmiyyət vermir, qapı arxasından səsini eşitməsinlər deyə mülayim və təvazökar səslə danışmır, qışqırığı ilə qulaqları deşir və qışqırığı ilə özünə şöhrət axtarır. Bu cür təbliğatçının dilindən bir qədim insanın dediyi kimi, sözlər çay kimi axır və səsi ilə sərxoşları və sadə xalqı oyada bilir. Sağlam ağlı olan hansı insan buna ağlamaz? Deyim ki, bu cür təbliğatçılar saleh Habilin qanından məbədin və qurbangahın arasında olan Zəkəriyyənin qanına qədər edam olunacaqlar. Ancaq mən sözümü burada dayandırıram, çünki ölülərin sümüklərinə toxunmaq ağrılıdır. Ancaq Müqəddəs Tiridatla bağlı bu hekayə doğrudur; çünki ona ölümcül zəhər verdilər və bununla da onun şüalarının xoş parlaqlığını məhv etdilər. Tiridat əlli altı il padşahlıq etdi.
Qeydlər:
- Ermənistan dağlarının cənub-qərbində vilayət.
- Mamikonyan knyazları nəzərdə tutulur.
- Qarqar çölü nəzərdə tutulur.
- Nuniya və ya Nune IV əsrdə iberlər arasında xristianlığı yayanlardan biridir. O, müqəddəs Ripsimenin tərəfdarlarından idi. Roma imperiyasında təqiblərlə üzləşən qadın xristian icmasının üzvləri Ərməniyənin paytaxtı Valarşapatda məskunlaşmışdılar. Rəvayətə görə, Ripsime Tiridatın evlənmə təklifini rədd etdikdən sonra şahın əmri ilə daş-qalaq edilərək öldürülmüşdü.
- Aramazd qədim erməni rəvayətlərində baş Allahdır.
- Güman etmək olar ki, söhbət Skif hökmdarından gedir.
- Güman edilir ki, fars sözü Bozorq (böyük) mənasındadır.
- Xorenatsi Kamsar adını iki fars sözü ilə izah edir, “kəm” (az) və “sər” (baş), yəni “başı çatışmayan”.
- Porfiri bənövşəyi rəngli parçadır.
- Kiçik Asiyanın şimalında şəhər.
- Fransa nəzərdə tutulur.
- Xristianlıqda arianlıq təriqətinin banisi, İsa Məsihin, yəni Allahın oğlunun Allah olmadığını, Atadan, yəni Allahdan törəmə olduğunu iddia edirdi.
- Kiçik Asiyanın şimal-qərbində Roma imperiyasının əyaləti.
- Nersex və Hörmüzd İran şahlarıdırlar, III-IV əsrlərdə hakimiyyətdə olublar.
- Dasonikert (Drasxanakert) Şirak nəzərdə tutulur.
- Pəhləv nəzərdə tutulur.
- Pəhləv.
- Qarni qalasının tikintisi I Trdatın dövrünə aiddir, Xorenatsi onu səhvən III Trdata aid edir.
- Ərməniyə yaylasının 4 Ərməniyəyə bölünməsi (I Ərməniyə, II Ərməniyə, III Ərməniyə, IV Ərməniyə) Bizans imperatoru I Yustinianın dövründə, yəni VI əsrdə baş vermiş inzibati islahatın nəticəsi idi. Xorenatsinin IV Ərməniyə terminini işlətməsi mənbənin əsas anaxronizmlərindəndir. Tədqiqatçılar bu anaxranizmin mənbəyə sonradan əlavə edildiyini düşünürlər.

