Türkiyə Prezidenti Tayyib Ərdoğan 2025-ci ilin may ayındakı çıxışlarının birində Çaldıran döyüşünü türklərin, kürdlərin və ərəblərin düşməm üzərində ortaq zəfəri adlandırmışdı. Bundan əvvəlki çıxışlarında isə vaxtilə Şah İsmayılın Osmanlı dövlətini daxildən və xaricdən sarsıtmağa çalışdığını, lakin türklərin vətənlərini qoruya bildiklərini vurğulamışdı. Qardaş dövlət hesab edilən Türkiyə başçısının tarixdən nümunə gətirərkən Səfəviləri hədəfləməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Ərdoğanın çıxışının Azərbaycan və Türkiyə daxilində fikir ayrılıqlarına səbəb olması, sözsüz ki, eyni hadisələrin bu ölkələrdə müxtəlif bucaqlardan şərh edilməsinin nəticəsidir. Eyni zamanda, bu fikir ayrılığı Türkiyə dərsliklərində Azərbaycan tarixinin, Azərbaycan dərsliklərində isə Türkiyə tarixinin necə təqdim olunmasından irəli gəlir.
Bu məqalədə müasir Azərbaycanın orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş Azərbaycan tarixi və Ümumi tarix dərsliklərində və həmçinin Ortaq türk tarixi adlı dərslikdə Türkiyənin imici araşdırılacaq. Bu təhlil tarix dərsliklərində Türkiyənin imicinin müqayisəli təhlilinə imkan verəcək. Mən bu məqalədə dərsliklərdə türk xalqları, Osmanlı imperiyası və Türkiyə ilə bağlı elmi faktların saxtalaşdırılıb-saxtalaşdırılmaması, onların doğru, yoxsa qərəzli təqdim edilməsi məsələlərinə toxunmayacağam.
İlk növbədə, qeyd etməliyəm ki, Türkiyədə də Azərbaycanda olduğu kimi tarixin tədrisinə xüsusi diqqət yetirilir. Çünki tarix müasir, milli və dünyəvi Türkiyə dövlətinin qurulmasında mühüm əhəmiyyət kəsb edib.[i] Türkiyədə respublikanın qurulması ilə həm Osmanlı imperiyasının tarixinə, həm də türklərin İslamdan əvvəlki tarixinə yeni baxış formalaşmış, tarix mövcud siyasi və mədəni dəyərlər nöqteyi-nəzərindən təqdim edilmişdir. Azərbaycan dərsliklərində olduğu kimi, Türkiyə dərsliklərində də hazırda tarixin tədrisi təkcə dövlətin tarixinin öyrənilməsi ilə məhdudlaşmır. Türkiyədəki dərsliklər Türkiyə tarixini Asiyanın ümumi vəziyyətinin təhlili, qədim türk dövlətlərinin, türk-müsəlman dövlətlərinin tarixi kontekstində təqdim edir.[ii] Azərbaycan dərslikləri kimi Türkiyənin tarix dərsliklərinin də əsas məqsədi türklərin tarixini qədimləşdirmək, dünya tarixi kontekstində çəkisini artırmaq və qürur hissi gətirəcək bir tarix yaratmaqdır. Türkiyə dərslikləri türklərin ləyaqətli xalq olduğunu, Anadolunun məhz türklər tərəfindən inşa edildiyini sübut etmək, türklərin İslam mədəniyyətinə əvəzolunmaz töhfələr verdiyini göstərmək, Türkiyə Respublikasının türk cəmiyyətinin həyatındakı əhəmiyyətini izah etmək məqsədini güdür. Türkiyənin tarix dərsliklərinin digər bir məqsədi yaxın və uzaq türk dövlətləri ilə tarixi bağların daim canlı və qarşılıqlı məhsuldar olmasını göstərməkdir.
Bu məqsəd ortaq türk tarixinin yaradılması ilə qismən reallaşdırılmışdır. Ortaq türk tarixi ideyası ilk dəfə keçən əsrin sonlarında, SSRİ dağıldıqdan sonra aktuallaşmışdır. Müstəqillik əldə etmiş türk respublikalarının rəhbərləri 30 ildən artıq davam edən müzakirələrdən sonra 2019-cu ildə bu ideyanı qismən həyata keçirməyə müvəffəq olmuşdular. Həmin il Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycanın orta məktəblərində tədris edilməsi nəzərdə tutulan dərslik dərc edilib. Dərslik Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərarı ilə 2021-2022-ci ilin tədris planına fakültətiv fənn kimi daxil edilib. Dərslik yalnız 8-ci sinif şagirdləri üçün nəzərdə tutulub və qədim dövrlərdən 15-ci əsrə qədər türk dünyasında baş vermiş hadisələrə həsr olunub.
Türkiyə Azərbaycan tarixi dərsliklərində
Azərbaycan tarixi dərsliklərində qədim türklərin tarixi ilə tanışlıq 7-ci sinifdən başlayır. “Oğuz-Səlcuq axınları və Azərbaycan” adlı bölmədə Azərbaycannın çox qədim zamanlardan “türk tayfalarının məskəni” olduğu bildirilir.[iii] Bu səbəbdən də səlcuqların Azərbaycanda peyda olması işğal, istila kimi təqdim olunmur, səlcuq axınları kimi təqdim olunur və bu axının “11-ci əsrin ortalarında Azərbaycanda ciddi etno-siyasi dəyişikliyə səbəb olduğu” vurğulanır. Səlcuqların Azərbaycan tarixində iki mühüm missiyanı yerinə yetirdiyi bildirilir: 1) Səlcuq axını ilə türk elementi Cənubi Qafqazda və Ön Asiyada aparıcı etnik və siyasi qüvvəyə çevrildi; 2) Səlcuqlar “Qafqazın müsəlman türk əhalisini Bizans, gürcü və erməni feodallarının əsarəti”ndən xilas etdi. Buna misal olaraq, “1048-ci ildə səlcuqların Arrandan keçərək Şəddadilərlə birlikdə Bizans-gürcü-erməni hərbi qüvvələrini məğlub etdikləri” bildirilir. Sultan Alp Arslanın dövründə isə Azərbaycanın fəthinin yeni mərhələsinin başlandığı qeyd olunur.[iv]
Səlcuq türklərinin Azərbaycana gəlişi türk tayfalarının bu ərazilərə 3-cü böyük axını hesab edilir, “oğuz türkləri Azərbaycanda qədimdən yaşayan türklərlə tez bir zamanda qaynayıb-qarışdılar.” Səlcuq işğallarının ümumən Azərbaycan üçün müsbət nəticələndiyi qeyd olunur, Səlcuqların vergiləri artırması mənfi hal kimi qiymətləndirilmir.[v] Səlcuq imperiyası parçalanandan sonra yaranan ən güclü dövlətlərdən biri Azərbaycan Atabəylər (Eldənizlər) dövləti hesab edilir. Şəmsəddin Eldəniz tədbirli və uzaqgörən siyasətçi kimi təqdim olunur, onun ən böyük xidməti bütün Azərbaycan torpaqlarını hakimiyyəti altında birləşdirmək olub.[vi] Onun digər xidməti isə Azərbaycan torpaqlarını gürcü hökmdarlarının hücumlarından qorumaq olub.
Səlcuqların Azərbaycan dərsliyində işğalçı deyil, müdafiəçi imicinə malik olması iki səbəblə şərtlənir. Əvvəla, dərslik qeyd edir ki, səlcuqlar yad element deyillər, onlar Azərbaycanda yaşayan türklərlə qardaşdırlar; ikincisi, səlcuqlar gələcəkdə qüdrətli imperiya quracaq osmanlıların əcdadlarıdırlar.
İkinci dəfə türklərə münasibət Qaraqoyunlu və Ağqoyunlu (Bayandurlu) dövlətləri ilə bağlı əks olunur. Qədim oğuz tayfaları kimi təqdim olunan Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Şərqi Anadoluya məhz Azərbaycandan köç etdikləri bildirilir.[vii] Qaraqoyunluların Azərbaycanda hakimiyyəti möhkəmləndirməsi müsbət qiymətləndirilir və işğal kimi dəyərləndirilmir, Cahan şah Baharlının Osmanlı dövləti ilə normal münasibətlər yaratmağı alqışlanır.[viii] Normal münasibətlərin təşviq edilməsinin əsas səbəbi isə Azərbaycan ərazilərində mövcud olmuş türk dövlətlərinin osmanlılarla davamlı müharibə şəraitində olmasıdır.
Bayandurlu sülaləsinin başçısı Həsən padşahın dövründə osmanlılarla münasibətlərin kəskinləşməsi Osmanlının Trabzonu işğalının nəticəsi kimi təqdim olunur. Bu gərginliyi həll etmək missiyasını üzərinə Həsən padşahın anası götürür. Lakin eyni kökdən olmaları iki hökmdarı siyasi ambisiyalarından çəkindirmir və Beyşəhr döyüşündə Bayandurlular Osmanlılara məğlub olur.[ix] Bir neçə döyüşdən sonra hər iki tərəfin məqsədinə çatmadığı və bu qarşıdurmalardan Bayandurlu (Ağqoyunlu) dövlətinin zəiflədiyi aydın olur.
“Səfəvi-Osmanlı müharibələri” iki türk dövləti arasında münasibətlərin qardaş və dost xarakteri daşımadığını göstərir.[x] Dərslik 16-cı əsrin əvəllərində yaranmış və Azərbaycanda, Cənubi Qafqazda və Şərqi Anadoluda mövqelərini möhkəmləndirmiş Səfəvilərin Osmanlı dövləti üçün ciddi təhdid olduğunu qeyd edir. Bu səbəbdən də Osmanlı ilə Səfəvilər arasında Azərbaycan və bütövlükdə Qafqaz uğrunda 100 ildən çox davam edən qanlı müharibələr baş vermişdi. Dərslikdə bu müharibələrin məhz Azərbaycan üçün mənfi nəticələrə səbəb olduğu qeyd olunur.[xi] Lakin tərəflər arasında qanlı toqquşmalardan olan Çaldıran döyüşü təsvir edilərkən sərt cümlələrdən, kəskin ifadələrdən qaçılır. Bununla yanaşı, dərslik Sultan Süleymanın Azərbaycana hərbi yürüşlərini təsvir edərkən bu yürüşlərin qarşısını almaq üçün tətbiq edilən “yandırılmış torpaq taktikası”nın ciddi iqtisadi dağıntılara səbəb olduğunu bildirir.[xii]
8-ci sinif Azərbaycan tarixi dərsliyində Osmanlını işğalçı kimi təqdim edən bir neçə bölmə mövcuddur. Bu bölmələr əsasən Səfəvilərlə Osmanlı arasında müharibələrə həsr olunub. “Azərbaycan ərazilərinin Osmanlılar tərəfindən işğalı” və “Şah I Abbasın hərbi uğurları” adlı hissədə iki türk dövləti arasında bağlanan Amasiya sülhünün uzun sürmədiyi, Səfəvi dövləti zəifləyən zaman Osmanlının bu fürsətdən istifadə etdiyi, Amasiya müqaviləsinin şərtlərini pozduqları bildirilir.[xiii] Səfəvi hökmdarı Şah Abbasın xarici siyasətinin məqsədlərindən biri kimi Osmanlının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması göstərilir.
“Azərbaycan torpaqları Rusiya və Osmanlı dövlətlərinin hakimiyyəti altında” adlı hissədə Rusiya idarə üsulundan fərqli olaraq, Osmanlı idarəçiliyi daha müsbət çalarlarla təqdim olunur.[xiv] Qeyd edilir ki, Osmanlı humanist vergi siyasəti tətbiq etmiş, əhalinin iqtisadi cəhətdən az təminatlı hissəsini vergilərdən azad etmişlər. Lakin bununla yanaşı, yeniçərlərin əhalini qarət etdiyi də bildirilir, Qarabağda Osmanlı əleyhinə 1727-ci ildə güclü üsyanın baş verdiyi göstərilir.[xv] “Azərbaycan torpaqlarının azad edilməsi” adlı hissədə Səfəvilərin Rusiya ilə Osmanlıya qarşı birgə mübarizə aparmaq üçün danışıqlara girdiyi yazılır, 1735-ci ildəki hərbi əməliyyatlardan sonra isə Osmanlılar “zəbt etdikləri bütün Səfəvi torpaqlarından” çıxarılır.[xvi]
Səfəvilərin süqutu, Cənubi Qafqazın isə Rusiya tərəfindən işğalı ilə Osmanlı dövlətinin bölgədə yeri, rolu və missiyası dəyişmiş olur. Yeni dövrə həsr olunmuş 9-cu sinif dərsliyinin “Azərbaycan 1918-1920-ci illərdə Birinci Respublika” adlı hissəsində bir sıra mühüm məsələlərə toxunulur və bu məsələlərdə Osmanlının müsbət rolu qeyd olunur.[xvii] Bakı Sovetinin azərbaycanlılara qarşı soyqırım siyasəti yürütdüyü və bunun səbəbinin isə Bakıdakı bolşevik hakimiyyətinin erməni-daşnak rəhbərlərinin türklərə nifrəti olduğu vurğulanır. 1918-ci ilin mayında Batumda Cənubi Qafqaz nümayəndələri ilə Osmanlı dövləti arasında sülh danışıqları zamanı ən böyük ziddiyyəti azərbaycanlı nümayəndələrinin Osmanlı dövlətinə meyllənməsi yaradır. Azərbaycanda müstəqil dövlət elan edildikdən sonra diplomatik münasibətlər qurulan ilk dövlət Osmanlı dövləti oldu. 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalandı. Bununla da, Osmanlı Azərbaycan Xalq Cümhuriyyətini (AXC) tanıyan ilk dövlət oldu. Batum müqaviləsinə görə, Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduğu təqdirdə Azərbaycan hökumətinə silahlı qüvvələrlə yardım etməyi öz öhdəsinə götürürdü. Dərslik Bakının azad olunmasında Qafqaz İslam ordusunun müstəsna rolunu qeyd edir.[xviii]
1918-ci ilin iyununda AXC-nın qəbul etdiyi qərara əsasən yaradılan bayraq “cüzi fərqlə Osmanlı imperaiyasının bayrağına bənzəyirdi.”[xix] Dərslik bildirir ki, Azərbaycanda ordu quruculuğu Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Osmanlı ordusu Azərbaycanı tərk etdikdən sonra erməni dəstələrinin fəaliyyəti gücləndi və bölgənin bir çox yerlərində türk əhalinin qırğınlarına başlandı. Beləliklə də, 20-ci əsrin əvvəllərində Osmanlı dövləti həm Azərbaycan türklərinin müdafiəçisi, həm də dövlətin kritik infrastrukturlarının qurucusu kimi təqdim olunur.[xx] AXC xarici siyasətində Osmanlı dövləti mühüm yer tuturdu. Bununla bağlı dərslik qeyd edir ki, “Osmanlı dövləti ilə münasibətlər tarixi ənənələrə və qardaşlıq bağlarına söykənirdi. AXC hökumətinin Osmanlımeyilli siyasəti səbəbsiz deyildi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında Osmanlı dövlətinin böyük rolu olmuşdu.”[xxi]
10 və 11-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan tarixi dərsliklərində qədim dövrdən müasir dövrə qədərki tarix daha ətraflı şərh olunur. Bu dərsliklərdə də türklər və Osmanlı əsasən müsbət imicdə təqdim olunurlar. Qaraqoyunlu dövlətini yaradan oğuz-türkmən boyları 7-ci əsrdən Azərbaycanda məskunlaşmağa başlayıblar, bu dövlətin qurucularından olan Qara Yusif və oğlu Cahanşah isə Osmanlılarla dostluq münasibətləri qurmuşdular.[xxii] “Ağqoyunlu dövləti”ni yaradanlar da erkən orta əsrlərdən Azərbaycanda məskunlaşamış, sonradan Şərqi Anadoluya yayılmışlar. Ağqoyunlu dövlətinin güclənməsi və Osmanlının işğalçı siyasət yürütməsi ilə iki türk dövləti arasında münasibətlər korlanmışdır. Osmanlı sultanı İldırım Bəyazid Ağqoyunlu bəyliyinin banisi Qara Osmana rəqib kimi baxmışdı. Həsən bəy Bayandurun dövründə II Mehmetin işğalçılıq siyasəti iki dövləti qarşı-qarşıya qoymuş, Qoyluhisarda qalib gəlsə də, Həsən bəy müharibəni bitirmək qərarı vermişdir.[xxiii] 1473-cü ildə baş verən döyüşlərdə Həsən Bayandur “hərbi hiylə” ilə Osmanlıların 12 minə yaxın qüvvəsini “tamamilə məhv etmişdi”, Uzun Həsənin ömrünün sonuna qədər “Osmanlı-Ağqoyunlu münasibətləri kəskin olaraq qalmışdı.”[xxiv]
Dərslik yazır ki, Şah İsmayılın Osmanlı sultanı II Bəyazidlə münasibətləri normal idi, lakin I Sultan Səlimin işğalçı siyasəti iki dövlət arasında mehriban münasibətləri pozdu. Üləmalar sultanın göstərişi ilə qızılbaşlara qarşı cihad elan etdilər, iki türk dövləti arasında 200 il davam edən müharibələr başlandı. 1514-cü il Çaldıran döyüşündə İsmayılın şəxsi şücaətlərinə baxmayaraq, “say çoxluğuna görə və odlu silahların hesabına Osmanlı ordusu qələbə qazandı.”[xxv]
Dərslik Osmanlının işğalı altında olan Azərbaycan ərazilərində vəziyyəti ağır olaraq təsvir edir. Vergi yükü, özbaşınalıqlar bir sıra yerlərdə üsyanlara səbəb olmuş, Osmanlı hakimiyyəti altında yaşamaq istəməyən əhalinin xeyli hissəsi isə ölkədən köçmüşdü. Dərslik digər bir türk sərkərdəsi Nadirin hərbi uğurlarını təsvir edir və 1735-ci ildə onun hərbi əməliyyatlar nəticəsində Osmanlı əsgərlərini Azərbaycandan tamamilə çıxarmağa müvəffəq olduğunu qeyd edir.[xxvi]
11-ci sinfin Azərbaycan tarixi dərsliyinin “Müsəlman Şərqinin ilk respublikası – Azərbaycan Xalq Cümhuriyyəti” adlı fəslində Azərbaycan-Osmanlı münasibətlərinə toxunulur.[xxvii] Azərbaycan-Osmanlı qüvvələrinin (Qafqaz İslam Ordusu) sovet qoşunlarını Göyçay yaxınlığında darmadağın etdiyi, bu ordunun uğurları nəticəsində ölkə ərazisinin böyük bir hissəsində AXC hakimiyyətinin bərqərar olduğu bildirilir. Dərslik qeyd edir ki, Osmanlı dövlətinin AXC-nin təşəkkülünə, Azərbaycanın müsəlman əhalisinin fiziki cəhətdən məhv edilməsinin qarşısının alınmasına və ölkə ərazisini erməni qəsbkarlardan qorumasına töhfələri misilsizdir. “Konstitusiyalı monarxiya olan Osmanlı dövlətinin respublika quruluşuna üstünlük vermiş Azərbaycan xalqına yardımı dünya tarixində nadir hadisələrdən biri” kimi qiymətləndirilir.[xxviii] Maraqlıdır ki, dərsliyin 11-ci fəslində müasir Azərbaycan Respublikasının xarici siyasəti şərh edilərkən Türkiyə Cümhuriyyəti ilə münasibətlərə xüsusi yer ayrılmır, üstünlük Qərb dövlətləri, xüsusilə də ABŞ ilə münasibətlərin şərhinə verilir.[xxix] Buna baxmayaraq, “Vətən müharibəsi” adlı hissədə 44 günlük müharibədə Türkiyədən alınan silahlardan istifadə edildiyi qeyd olunur.[xxx]
Beləliklə, Azərbaycan tarixi dərsliklərində Türkiyə tarixi mərhələ və şəraitdən asılı olaraq bir neçə imicdə çıxış edir. Dərsliklər qədim türk dövlətlərinin, xüsusilə də Səlcuq və Oğuz türklərinin qədim zamanlardan Azərbaycan ərazisində məskunlaşdığını, Şərqi Anadoluda məskən salmış türklərin isə məhz Azərbaycandan həmin bölgəyə köç etdiklərini vurğulamaqla iki millətin eyni kökdən gəldiyini və qardaş olduğunu göstərmiş olur. Bu hissədə dərsliklər təkcə türk deyil, müsəlman həmrəyliyinə də xüsusi diqqət yetirir, səlcuqların yerli türkləri Bizans-erməni-gürcü istilalarından qoruduğunu diqqətə çatdırırlar. Bu dostluq münasibətləri, səlcuq türklərinin müdafiəçi obrazı Azərbaycan ərazisində güclü dövlətlərin yaradılmasına qədər davam edir. Dərsliklər qeyd edir ki, Azərbaycan dövlətlərindən heç biri Osmanlıya qarşı işğalçı siyasət yürütməmiş, münaqişə və müharibələr Osmanlı hökmdarlarının işğalçı siyasəti nəticəsində baş vermişdi. Bu müharibələr təsvir olunarkən “iki qardaş”, “iki türk dövləti” kimi terminlər işlədilir, münaqişələrdə türk dünyasının uduzduğu qeyd olunur. Dərsliklər siyasi ambisiyalara görə Azərbaycan türklərinin Osmanlıya qarşı xristian dövlətləri ilə ittifaqa cəhd etdiklərini, Osmanlı hakimiyyəti altında yaşamaq istəməyən azərbaycanlıların (türklərin) olduğunu, Osmanlıya qarşı üsyanlardan da yazırlar. Orta əsrlərin son dövrlərində Osmanlı ümumən işğalçı, zülümkar, dağıdıcı qüvvə kimi təqdim olunur.
20-ci əsrin inqilabları və imperiyaların dağılması dövründə Osmanlı yenidən qan qardaşı, müdafiəçi və qurucu obrazı əldə edir. Bu imic Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində baş vermiş erməni-müsəlman qırğınları və bolşevik siyasətinin fonunda daha da güclənir. Osmanlı azərbaycanlılara həm dövlət, həm də ordu quruculuğunda yardım edir. Osmanlının yardımı Cənubi Qafqazda azərbaycanlı siyasi liderlərlə qonşu xalqların siyasi liderləri arasında ziddiyyətlərə səbəb olur. Bu ziddiyyətlər təsvir edilərkən dərsliklər Osmanlı-Azərbaycanlı ziddiyyətləri haqqında danışmağı lazım bilmirlər.
Türkiyə Dünya tarixi dərsliklərində
Qədim türklərin tarixi Azərbaycan və Türkiyə dərsliklərində oxşar təqdim olunur. 6-cı sinif üçün nəzərdə tutulmuş Ümumi tarix dərsliyində “Qədim türklər” adlı hissədə qədim türklərin ilk məskənlərininBöyük Türküstan adlandığı vəbu torpaqların qərbdə Anadoluya qədər uzandığı bildirilir.[xxxi] Qədim türklərin yaratdığı ən qüdrətli dövlətlər kimi İskit dövlətləri və Böyük Hun dövləti haqqında məlumat verilir.[xxxii] Hunların Mərkəzi Asiyanın ilk türk dövlətini yaratdığı bildirilir.
Xalqların böyük köçü ilə başlayan 7-ci sinif dərsliyində Avropa Hun və Ağ Hun dövlətləri haqqında məlumat verilir, “Böyük Hun dövləti” dağıldıqdan sonra türklərin bir qisminin Qərbi Türküstana köç etdiyi və burada Ağ Hun dövlətini yaratdığı bildirilir.[xxxiii] Bu “dövlətin sərhədi Monqolustanın qərbindən Xəzər dənizinə qədər” uzanırdı. Mərkəzi Asiyanın türk mənşəli dövlətlərinə həsr olunmuş hissədə Oğuzların 24 boydan ibarət tayfa olduqları, əsasən “Mərkəzi Asiyada Seyhun çayı ilə Xəzər dənizi arasında” məskunlaşdıqları qeyd olunur.[xxxiv] Klassik feodalizm dövrünün ən qüdrətli türk dövləti kimi Səlcuq dövləti təqdim olunur. “Böyük Səlcuq dövləti” adlı hissədə səlcuqların siyasi təzyiqlərdən, yer darlığından, otlaq çatışmazlığından əziyyət çəkdikləri üçün Anadoluya axın etdikləri, Qəznəvi dövlətini süquta uğratdıqdan sonra Böyük Səlcuq dövləti yaratdıqları qeyd edilir.[xxxv] Səlcuq dövlətinin başçısının xristianlarla mübarizəsi təsvir edilir, Alp Arslanın “Bizansla əlaqə saxlayan erməni, gürcü və abxazları məğlub” etdiyi yazılır. Alp Arslanın “əsas məqsədi Anadolunu türk torpağına çevirmək idi.”[xxxvi] Bu məqsəd “Malazgird döyüşündən sonra” reallaşır, “Anadolu həmişəlik türk torpağı” olur.[xxxvii]
“Osmanlı İmperiyası” başlıqlı hissədə Anadolu Səlcuq sultanlığının Böyük Səlcuq dövlətinin parçalanması nəticəsində yarandığı qeyd edilir.[xxxviii] Monqol işğallarından sonra bölgədə ciddi dəyişikliklər baş vermiş, Mərkəzi Asiya və Azərbaycanda yaşayan bəzi türk tayfaları monqolların təzyiqi altında Anadolu Səlcuq sultanlığına sığınmışlar.” Buna görə Orxan Qazinin hakimiyyəti dövründə həyata keçirilən işğallarda Azərbaycandan olan türklər də iştirak etmişdilər. Dərslik yazır ki, sonradan Osmanlının paytaxtı olmuş Bursa şəhərinin mühasirəsi və fəthi zamanı Azərbaycanın Xoy şəhərində yaşayan Geyikli (Marallı) Baba da öz tərəfdarları ilə Osmanlı ordusuna köməyə gəlmişdi.”[xxxix]
Sultan Səlimin dövründə digər türk dövlətlərinə münasibət dəyişir. Dərslik bu dəyişmənin səbəbini izah etmir, lakin Səlimin əsas hücum hədəfinin şərqdəki türk-müsəlman dövlətləri – Azərbaycan Səfəvi dövləti və Misir Məmlük sultanlığı olduğunu vurğulayır. Bununla da, qədim dövrlərdən mövcud olmuş birlik və həmrəylik pozulmağa başlayır. Azərbaycanda möhkəmlənə bilməyən I Səlim Misiri Osmanlı dövlətinin hakimiyyəti altına salır. Dərslikdə Osmanlı-Səfəvi müharibələri haqqında əlavə heç bir məlumat verilmir. Şərq xalqlarının mədəniyyəti hissəsində Osmanlı dövlətində elm və mədəniyyət haqqında geniş məlumat təqdim olunur.[xl]
8-ci sinfin Ümumi tarix dərsliyində Osmanlı imperiyasının 16-18-ci əsrlər tarixi təqdim olunur. Osmanlı imperiyası “16-cı yüzilliyin sonunda geniş ərazilərə malik qüdrətli bir dövlət idi. Səfəvilərlə müharibələrdə qalib gəlmiş Osmanlılar Xəzər dənizinə qədər uzanan geniş əraziləri tutmuşdu.”[xli] Lakin 17-ci əsrin əvvəllərində Osmanlı imperiyası “durğunluq, sonra isə geriləmə dönəminə” daxil oldu. Bundan sonra Osmanlı dövlətinin zəifləməsinin sosial-iqtisadi, siyasi və beynəlxalq səbəbləri təhlil edilir. Qərb/Xristian dövlətləri Osmanlıya qarşı ittifaqa Səfəvi dövlətini qoşmaq üçün cəhdlər ediblər, lakin Səfəvi hökmdarı Süleyman şah bu cəhdlərə belə cavab verib: “Biz zor günündə qan və din qardaşlarımızı arxadan vurmayacağıq.”[xlii]
Osmanlı imperiyasının Avropada “xeyli torpaq itirməsi” ilə “durğunluq dövründən geriləmə dövrünə qədəm qoydu”ğu bildirilir. Osmanlılar müharibə meydanlarında ağır məğlubiyyətə uğradıqdan, çoxlu sayda ərazilər itirdikdən sonra ordu quruculuğunda, elmi və texniki inkişafda geridə qaldıqlarını anlayır və Avropa saraylarına üz tuturlar. Dərsliyin bu bölümündə Osmanlının Nadirlə müharibə aparmasından və uğursuz döyüşlərindən bəhs edilmir, sadəcə olaraq I Mahmudun Nadir Əfşarla sülh müqaviləsindən sonra gücünü Avstriyaya qarşı yönəltdiyi qeyd olunur.[xliii] Dərslik 1789-1791-ci illər Rusiya-Osmanlı müharibəsinin səbəbi kimi Rusiyanın Krımı işğla etməsini və yerli əhaliyə divan tutmasını göstərir və beləliklə də, Osmanlını türk xalqlarının müdafiəçisinə çevirirlər.[xliv] Bu müharibənin sonu və Yassı sülh müqaviləsi “Osmanlı dövlətinin dağılma dövrünün başlanğıcı” kimi xarakterizə olunur. Dərsliyin 41-ci səhifəsində Napoleonun Osmanlı ordusu tərəfindən məğlub edilməsini əks etdirən ingilis karikaturu verilib, lakin bunun hansı hadisə ilə bağlı olduğu bildirilməyib. Mədəniyyətə aid hissədə Osmanlı dövlətində əldə edilmiş elmi nailiyyətlərdən bəhs edilir, 1727-ci ildə ilk mətbəənin yaradıldığı, imperiyada ilk kitabın çap edildiyi bildirilir.
Müasir dövrün hadisələrini əhatə edən 9-cu sinif dərsliyində “XIX yüzilliyin əvvəllərində üç qitədə ərazilərə malik olan Osmanlı imperiyasının siyasi və iqtisadi cəhətdən”Avropa ölkələrindən geridə qalmasının “özünü açıq şəkildə büruzə” verməsi qeyd edilir.[xlv] Dövlətin hərbi qüdrətinin artırılması məqsədilə aparılan islahatlar uğursuzluğa düçar olmuş, Balkan müharibələri nəticəsində Osmanlının Avropadakı hakimiyyəti başa” çatmışdı.[xlvi] Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində Rusiya və Osmanlı ordusu döyüşürdü. “Osmanlı imperiyası müharibədə” adlı hissədə göstərilir ki, “Qafqaz cəbhəsində Osmanlı imperiyasının hərbi vəziyyəti ağır idi. 1915-ci ilin əvvəlində Sarıqamış döyüşündə ağır məğlubiyyət rus qoşunlarının şərqi Anadoluda “hücum əməliyyatlarına başlamasına əlverişli şərait yaratdı.” Dərslik rusların qalibiyyətində könüllü erməni hərbi birliklərinin rolunu qeyd edir və erməni dəstələrinin “bölgənin türk-müsəlman əhalisinə qarşı soyqırımı” həyata keçirdiyini, “dəhşətli dağıntılar” törətdiyini göstərir. “Onlar rus ordusuna hərtərəfli yardım edir, Osmanlı dövlətinə xəyanət edirdilər.” Lakin “1915–1916-cı illərdə baş verən Çanaqqala döyüşündə böyük qəhrəmanlıq göstərən Osmanlı ordusu qalib gəldi,” – deyə qeyd edilir. Dərslik bu qələbənin qazanılmasında Azərbaycandan gələn könüllülərin rolunu da vurğulayır.[xlvii]
Birinci Dünya müharibəsi və iki dünya müharibəsi arasında Türkiyədə baş vermiş hadisələrə həsr olunmuş paraqrafda Mustafa Kamalın qurtuluş hərəkatına rəhbərliyi və sonrakı fəaliyyətinin nəticələri şərh edilir, 1920-ci ilin dekabrında türklərin “daşnak-erməni dövlətini” məğlubiyyətə uğratdığı və onları Gümrü müqaviləsini bağlamağa məcbur etdirdikləri bildirilir.[xlviii] Bununla da, “Erməni hökuməti Anadoluya ərazi iddialarından əl çəkir.” 1921-ci ildə Sakarya döyüşündə yunan ordusu məğlubiyyətə uğradıldı. “1923-cü ildə Lozanna sülh müqaviləsi ilə Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü tanındı.” Dərslik vurğulayır ki, “Türkiyə Birinci Dünya müharibəsində məğlub olmuş dövlətlər içərisində yeganə olaraq qaliblərin diktə etdiyi müqaviləni qəbul etmədi”.[xlix] “Mustafa Kamalın islahatları” adlı hissədə mədəniyyət sahəsində keçirilən islahatlara toxunulur və latın əlifbasının qəbul edilməsinin Sovet Azərbaycanında da eyni addımın atılmasına səbəb olduğu bildirilir.[l]
İkinci Dünya müharibəsindən sonra yaranmış yeni beynəlxalq münasibətlər sistemində Türkiyənin yeri və rolu məsələsi araşdırılarkən SSRİ-nin Türkiyəyə ərazi iddiaları ön plana çəkilir. Bu vəziyyət “Türkiyəni ABŞ ilə yaxınlaşmağa məcbur etdi. ABŞ Türkiyəyə hərbi-iqtisadi yardım göstərdi.”[li] Dərslik Türkiyənin həmvətənlərini Kiprdə müdafiə etdiyini, 1974-cü ildə Yunanıstan Kipri ilhaq etmək istədikdə bütün Qərb dövlətlərinə qarşı gəldiyini və adaya qoşun çıxardığını yazır. “Siyasi təzyiq və iqtisadi embarqo tətbiq edilməsinə baxmayaraq, Türkiyə qətiyyət göstərərək geri addım atmadı.” Türkiyənin qətiyyətli mövqeyi adanın iki hissəyə bölünməsi və Kiprin şimalında türk dövlətinin yaradılması ilə nəticələndi.[lii] Dərslik eyni zamanda Türkiyənin uzun müddətdir ki, erməni və kürd terrorizmindən əziyyət çəkdiyini qeyd edir. 2000-ci illərin iqtisadi böhranı dövründə hakimiyyətə gələn və Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının uğurlarından yazılır, yeni liderin ölkəyə siyasi sabitlik və iqtisadi inkişaf gətirdiyi bildirilir.[liii]
Beləliklə, qədim və orta əsrlərin tarixi prosesləri təhlil edilərkən Ümumi tarix dərslikləri Azərbaycan türkləri ilə Anadolu türkləri arasında dərin bağın olduğunu, onların bir kökdən gəldiklərini göstərməyə çalışmış, onları ümumi düşmənə qarşı bir cəbhədə birləşdirmişdir. Klassik feodalizm dövründə baş verən uzun və qanlı müharibələr isə Osmanlı sultanlarının işğalçı siyasəti ilə izah edilmişdir. Yeni dövrdə zəifləməkdə olan və elmi-texniki cəhətdən Qərb dövlətlərindən geridə qalmış Osmanlı imperiyası türk soydaşlarının müdafiəçisi, qoruyucusu kimi çıxış edir. Türkiyənin Birinci Dünya müharibəsindən sonra Sovet Rusiyasına, İkinci Dünya müharibəsindən sonra isə ABŞ-a meyil etməsi dövlətin maraqları ilə izah olunur. Türkiyənin daxilindəki ziddiyyətlər isə milli azlıqların (ermənilər və kürdlər) terror siyasəti ilə əlaqələndirilir.
Türkiyə Ortaq türk tarixində
Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan Ortaq türk tarixi dərsliyi yeddi bölmədən ibarətdir. Dərsliyin birinci bölməsi türk xalqlarının dünya tarixində yerinə, sonuncu bölməsi isə türk xalqlarının mənəvi və mədəni irsinə həsr olunub. Yerdə qalan beş bölmə bilavasitə tarixi proseslərə həsr olunub. Bu məqalənin məqsədi dərsliklərdə Türkiyənin imicinin təhlili olduğundan mən bilavasitətTürkiyənin ərazisi ilə əlaqəsi olan dövlətlərin, Böyük Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlı imperiyası tarixinin şərhinə diqqət edəcəyəm.
Dərsliyin müəllifləri Səlcuqluların türk xalqları tarixindəki əvəzedilməz rolunu Malazgird döyüşündə qazanılan qələbə ilə əlaqələndirirlər: “Bu qələbə türklərə Anadoluda yeni vətən qazandırdı.”[liv] Bu dövlət öz üzərinə iki tarixi missiyanı götürmüş, həm İslamın yayılmasında, həm də İslamın səlibçilərdən qorunmasında mühüm rol oynamışdı. Azərbaycan dərsliklərindən fərqli olaraq, Ortaq türk tarixi dərsliyi Anadolunun türk tarixini qədimləşdirməyə cəhd göstərmir. İlk türk tayfalarının bölgədə 4-cü əsrdən peyda olduğunu, əsasən hunlar və sabarlardan (Azərbaycan dərsliklərində sabir termini işlədilir) ibarət olduğunu vurğulayır. Bununla yanaşı, dərslik coğrafi adları (İznik, Konya, İstanbul və s.) türkləşdirməkdən çəkinmir. Dərslik eyni zamanda Səlcuqlu işğallarını müsbət çalarlarla təqdim edir, işğal olunmuş ərazilərdə iqtisadiyyatın və mədəni həyatın canlandığını iddia edir.[lv]
Əsası 14-cü əsrin əvvəllərində qoyulmuş Osmanlı dövləti türk dünyasının ən uzunömürlü dövlətidir. Dövlətin əsasını Oğuz türklərinin Qayı boyunun nümayəndəsi qoymuşdur. Bu sülalənin əcdadları 13-cü əsrdə Mərkəzi Asiyadan Azərbaycana, oradan isə Anadoluya köç ediblər. Osmanlıların işğalçı siyasətini dini faktorla izah edən müəlliflər iddia edirlər ki, “Osmanlıların məqsədi Anadoludakı türk-müsəlman bəylikləri ilə mücadilə deyil, İslam dinini yaymaq” olub.[lvi] Bizans imperiyası və digər xristian dövlətlərinə hücumlar isə həmin əraziləri müsəlmanlaşdırmaq məqsədi daşıyıb. Dərsliyin digər cəsarətli iddiası İstanbulun fəthinin Avropa üçün nəticələri ilə bağlıdır. Müəlliflər iddia edirlər ki, İstanbulun fəthi bütün Avropa tarixini dəyişdirmişdir. Çünki İstanbulun fəthi güclü toplarla şəhəri əhatə edən qala divarlarını dağıtmağın mümkünlüyünü göstərmiş, bu isə Avropada feodal dağınıqlığına son qoymuş və nəticədə Avropada mərkəzləşdirilmiş dövlətlərin yaradılmasına təkan vermişdi.[lvii] Dərslik eyni zamanda Osmanlı dövlətinin işğal olunmuş ərazilərdə etnik və dini tolerant siyasət yürütdüyünü vurğulayır. Maddi-mənəvi məsələlər şərh edilərkən Osmanlı dövlətinin ondan “çox-çox əvvəl mövcud olmuş ərəb və fars müsəlman mədəniyyətlərinin təsirinə məruz” qaldığı qeyd edilir.[lviii]
Azərbaycan dərsliklərindən fərqli olaraq, Ortaq türk tarixi dərsliyində Qaraqoyunluların ilk dövlət strukturunun müasir Türkiyə ərazisində yarandığı qeyd olunmur. Qara Yusifin ölkə iqtisadiyyatını dirçəltmək üçün təmiz, vicdanlı və bacarıqlı məmurlarla işlədiyi bildirilir.[lix] Qaraqoyunluların müasir Türkiyə ərazisi ilə əlaqələsinə yeganə işarə isə onların Vanda inşa etdirdikləri Ulu Camidir. Dərslik Ağqoyunlu dövlətinin banisinin oğuz tayfasından olduğunu, onların paytaxtının Diyarbəkirdə yerləşdiyini qeyd edir. Mehmet Fatehin dövründə Trabzon uğrunda Osmanlı-Ağqoyunlu müharibələri və bu müharibələrin nəticəsində Ağqoyunluların siyasi və hərbi nüfuzlarını xeyli itirdikləri vurğulanır. Ortaq türk tarixi dərsliyində Osmanlı imperiyasına digər dövlətlərlə müqayisədə daha geniş yer ayrılıb.
Nəticə
Azərbaycan ərazisində mövcud olan dövlətlər ən uzunmüddətli müharibələri Osmanlı dövləti ilə aparıblar. Bu müharibələrə bəraət qazandırmaq üçün dini faktordan istifadə edilib. Osmanlı sultanları şiələrə qarşı cihad müharibəsi elan edib, bununla da müsəlman dövlətin üzərinə hücum etməyi dinin təmizlənməsi adı altında aparıblar. Buna baxmayaraq, tarix dərsliklərində Türkiyə qısa tarixi dövrü çıxmaq şərtilə ümumən müsbət imicə malikdir. Dərsliklər Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni kökdən və eyni bölgədən gəldiyinə istinad edərək onların sosial-siyasi ambisiyalarını da eyniləşdirirlər. Tarixin gərgin mərhələlərində türklərin bir-birinə yardım etdikləri, bir-birlərinə rəqib olmadıqları iddia olunur. Bu konsepsiya Azərbaycan ərazisində güclü siyasi hakimiyyətin formalaşmasına qədər məntiqli görünür, lakin Ağqoyunlu və Səfəvi dövlətlərinin osmanlılarla uzun müddətli müharibələrinə zidd gəlir. Bu ziddiyyətləri yumşaltmaq üçün Azərbaycan dərslikləri iki türk dövləti arasında qardaş müharibəsi kimi gördükləri müharibəni xrsitian dünyasının fitnəsi ilə izah etməyə çalışırlar. Dərsliklər işğal nəticəsində Osmanlı dövlətinin idarəsinə keçmiş torpaqlarda işğalçıların imicini yaxşılaşdırmaq üçün onların ədalətli vergi siyasəti tətbiq etdiklərini, əhalinin müdafiəsiz olan hissəsinin (qocalar, dul qadınlar, uşaqlar və s.) ağır vergi yükündən azad edildiyini yazırlar. Ortaq türk tarixi dərsliyi isə diqqəti işğal olunmuş ərazilərdə mövcud olmuş etnik və dini dözümlülük siyasətinə yönəldir, lakin bu dözümlülüyün nə üçün şiə müsəlmanlara tətbiq edilmədiyini şərh etmir. Dərsliklər mədəniyyətə həsr olunmuş hissələri də Anadolu türkləri və Osmanlı dövlətinin imicinin ağardılması üçün istifadə etmiş, əldə edilən bir çox uğurları türkləşdirmiş, elmi-texniki geriliyin səbəblərini qabartmamağa çalışmışlar.
Ədəbiyyat siyahısı
Azərbaycan tarixi. 7-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, (History of Azerbaijan).
Azərbaycan tarixi. 8-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya. (History of Azerbaijan).
Azərbaycan tarixi. 9-cu sinif. 2024. Bakı: Şərq-Qərb (History of Azerbaijan).
Azərbaycan tarixi. 11-ci sinif. 2023. Bakı: Şərq-Qərb (History of Azerbaijan).
Demircioglu, Ismail H. 2014. “History Teacher Education and History Education in Turkey” In History Teacher Education: Global Interrelations (History Education international) Elisabeth Erdmann, Wolfgang Hasberg (Eds.). Wochenschau Verlag.
Ortaq türk tarixi. Ən qədim dövrlərdən 15-ci əsrə qədər. 8-ci sinif. 2023. Bakı:Azpoliqraf LTD (Common Turkish History).
Tarih 9 sinif ders kitapi. 2024. Devlet Kitaplari (History Textbook for 9 grade).
Ümumi tarix. 6-cı sinif. 2021. Bakı:Azpoliqraf LTD (World history)
Ümumi tarix. 7-ci sinif. 2022. Bakı: Şərq-Qərb (World history)
Ümumi tarix. 8-ci sinif. 2023. Bakı: Şərq-Qərb (World history)
Ümumi tarix. 9-cu sinif. 2024. Bakı: Şərq-Qərb (World history)
Qeyd və istinadlar
[i] Ismail H. Demircioglu “History Teacher Education and History Education in Turkey” In History Teacher Education: Global Interrelations (History Education international) Elisabeth Erdmann, Wolfgang Hasberg (Eds.). Wochenschau Verlag: 2014, 130
[ii] Tarih 9 sinif ders kitapi. Devlet Kitaplari 2024, https://tymm.meb.gov.tr/upload/kitap/tarih_9.pdf
[iii] Azərbaycan tarixi. 7-ci sinif. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, 2023, 54.
[iv] Yenə orada, 55.
[v] Yenə orada, 57.
[vi] Yenə orada, 60.
[vii] Yenə orada, 93.
[viii] Yenə orada, 97.
[ix] Yenə orada,100.
[x] Yenə orada, 117-122.
[xi] Yenə orada,117.
[xii] Yenə orada, 120.
[xiii] Azərbaycan tarixi. 8-ci sinif. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, 2023, 10, 20.
[xiv] Yenə orada, 58.
[xv] Yenə orada, 60-1.
[xvi] Yenə orada, 62, 64-5.
[xvii] Azərbaycan tarixi. 9-cu sinif. Bakı: Şərq-Qərb, 2024, 82-100.
[xviii] Yenə orada, 89.
[xix] Yenə orada, 92.
[xx] Yenə orada, 98.
[xxi] Yenə orada, 99.
[xxii] Yenə orada, 105, 108.
[xxiii] Yenə orada, 109-10.
[xxiv] Yenə orada, 111.
[xxv] Yenə orada, 127-29.
[xxvi] Yenə orada, 159.
[xxvii] Azərbaycan tarixi. 11-ci sinif. Bakı: Şərq-Qərb, 2023, 87-8.
[xxviii] Yenə orada, 96.
[xxix] Yenə orada, 187.
[xxx] Yenə orada, 206.
[xxxi]Ümumi tarix. 6-cı sinif. Bakı:Azpoliqraf LTD, 2021, 68.
[xxxii] Yenə orada, 73, 77.
[xxxiii] Ümumi tarix. 7-ci sinif Bakı: Şərq-Qərb, 2022, 10
[xxxiv] Yenə orada, 40.
[xxxv] Yenə orada, 62, 64.
[xxxvi]Yenə orada, 65.
[xxxvii] Yenə orada, 66.
[xxxviii] Yenə orada, 80.
[xxxix] Yenə orada, 81.
[xl] Yenə orada, 124.
[xli] Ümumi tarix. 8-ci sinif Bakı: Şərq-Qərb, 2023, 28.
[xlii] Yenə orada, 32.
[xliii] Yenə orada, 35.
[xliv] Yenə orada, 38.
[xlv] Ümumi tarix. 9-cu sinif Bakı: Şərq-Qərb, 2024, 30.
[xlvi] Yenə orada, 32.
[xlvii] Yenə orada, 44.
[xlviii] Yenə orada, 72-3.
[xlix] Yenə orada, 73.
[l] Yenə orada, 80.
[li] Yenə orada, 118.
[lii] Yenə orada, 119.
[liii] Yenə orada, 120.
[liv]Ortaq türk tarixi. Ən qədim dövrlərdən 15-ci əsrə qədər. 8-ci sinif. Azpoliqraf LTD, 2023, 75.
[lv] Yenə orada, 77.
[lvi] Yenə orada, 107.
[lvii] Yenə orada, 108.
[lviii] Yenə orada, 113.
[lix] Yenə orada, 124.

