Cəmiyyət

Cəmiyyət

Səmədov işi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ermənistan-Azərbaycan arasındakı müharibə dövründə və sonrasında bir qrup ictimai fəalın anti-müharibə mövqeyindən çıxış etməsi Azərbaycanın hakim dairələrində etirazla qarşılandı. Hakimiyyət sülh fəallarının mövqeyini düşmən mövqe kimi səciyyələndirərək onları təqib etdi. 2023-cü ilin sonunda başlayan jurnalistlərin və ictimai-siyasi fəalların həbsindən sonra bir növ özünə haqq qazandırmaq, bu şəxslərin xarici dövlətlərin təsir agenti olması hekayəsini gücləndirmək üçün hakimiyyət sülh fəallarını cəmiyyətə casus, agent kimi təqdim etməyə başladı. Belə ictimai fəllardan biri də Praqa şəhərindəki Çarlz Universitetinin doktorantura tələbəsi olan Bəhruz Səmədov idi. O, dövlətə xəyanət ittihamı ilə tutulmuş, digər şəxslər də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilmişdir. Belə bir ağır ittihamla başlanmış istintaq işi və məhkəmə prosesi Azərbaycan reallığı üçün çox sürətlə hesab edilə biləcək 10 ay müddətində yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsi 23.06.2025-ci il tarixdə 1(101)-1052/2025 nömrəli hökmlə Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü maddəsində təsbit edilmiş “Dövlətə Xəyanət”də təqsirləndirərək 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Bu məqalədə biz məhkəmə hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğunu göstərməyə çalışacağıq. Bunun üçün əvvəlcə Dövlətə Xəyanət ittihamının şərhini verəcək, sonrakı hissələrdə isə sübutların mötəbərliyi və sübutetmə ilə bağlı tələblər kontekstində hökmün problemlərini təsvir etməyə çalışacağıq.

Dövlətə Xəyanət maddəsinin şərhi

Səmədov işini düzgün anlamaq üçün Cinayət məcəlləsinin 274-cü maddəsi ilə təsbit edilmiş “Dövlətə xəyanət” maddəsinin dispozisiyasında göstərilənləri təhlil etmək lazımdır.  

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin dispozisiyasından görünür ki, bu cinayəti törətmiş şəxs qəsdən aşağıdakı hərəkətlərdən birini törətməlidir:

  1. düşmən tərəfinə keçmə,
  2. casusluq,
  3. dövlət sirrini xarici dövlətə vermə,
  4. Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə.

Və bu əməllər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olmalıdır.

Hökmə əsasən Səmədov 3 nəfər Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərlə – (1) “Frida” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb olunmuş Safaryan İrina Mikayel, (2) Tatikyan Sossi Vahram və (3) Şahverdiyan Lilit Sergey ilə X (əvvəlki adı ilə Twitter) sosial şəbəkəsində və ya xaricdə konfransda tanış olmuş və onların tapşırıqları əsasında “casusluq etməklə” və “Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməklə” dövlətə xəyanətdə təqsirləndirilmişdir.

Deməli törədilmiş əməl kimi (cinayətin obyektiv cəhəti) “casusluq” və “Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə” fəaliyyətinin şərhi vacibdir. Biz burada prof. Firudin Səməndərovun elmi redaktorluğu ilə nəşr edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası[i] kitabından yararlanacağıq.

Casusluq əməli özü Cinayət Məcəlləsinin (CM) 276-cı maddəsində təsbit edilib. Həmin  maddəyə əsasən, “Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə” casusluq kimi tövsif edilir. Göründüyü kimi burada cinayətin subyekti əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmalıdır. Əgər həmin əməlləri törətmiş şəxs Azərbaycan vətəndaşıdırsa, onda bu əməl 274-cü maddədə müəyyən edilmiş Dövlətə Xəyanət kimi tövsif edilməlidir. Göründüyü kimi, burada 2 tip məlumatların xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verilməsindən söhbət gedir.

  1. Dövlət sirri olan məlumatlar. Bunlar Dövlət Sirri haqqında qanunda təsbit edilmiş dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
  2. Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatlar.  Buraya dövlət sirri kateqoriyasına daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi əleyhinə istifadə edilə bilən məlumatlar başa düşülür. Bu məlumatların dairəsi dəqiqləşdirilməyib və qeyri-məhduddur.

Hökmdən aydın olmur ki, Səmədova casusluq ittihamı veriləndə bunların hansı nəzərdə tutulub. Çünki Səmədovun ötürdüyü məlumatlar dedikdə bu məlumatların hansı kateqoriyada olduğu şərh edilməyib. Dövlət sirri olan məlumatlar dövlət tərəfindən mühafizə edilən olduğu və Səmədovun dövlət sirrinin daşıyıcısı olmadığı, hökmdə də bunun vurğulanmadığını nəzərdə tutsaq deyə bilərik ki, söhbət ikinci kateqoriya məlumatlardan gedir. Belə olduğu halda ittiham tərəfi və məhkəmə yazışmalarda olan məlumatların Azərbaycanın təhlükəsizliyinə nə cür zərər vurduğunu və ya vura biləcəyini şərh etməli idilər.

Yazışmalarda göstərilən ən ciddi ötürülmüş məlumatlardan biri Ombudsman saytından bir linkdir. Belə çıxır kı, Ombudsman da bu məlumatı açıq yaydığı üçün məsuliyyət daşıyır? Və ya digər bir məlumat jurnalist Şəhla Kərimin kim olması və ya tarixçi Altay Göyüşovun X sosial şəbəkəsində ictimai fəal və keçmiş diplomat Emin İbrahimovun həbsi ilə bağlı postu barədədir. Bu açıq məlumatlar Azərbaycanın təhlükəsizliyinə necə zərər vurur, xarici xüsusi xidmət orqanları bundan necə istifadə edə bilər, bunların barəsində ən kiçik bir işarə belə hökmdə yoxdur.

Beləliklə casusluq ittihamı hökmdə öz təsdiqini tapmır.

İttihamın digər aspektini “Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə” təşkil edir. Burada Azərbaycan vətəndaşının xarici dövlətin, xarici təşkilatın və ya onların nümayəndələrinin tapşırığı ilə və yaxud öz təşəbbüsü ilə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunan və ya oluna bilən hərəkətlərin edilməsi başa düşülür. Həmin hərəkətlərə milli, dini və ya irqi düşmənçiliyi qızışdırma, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparan xarici dövlətin və ya təşkilatın nümayəndələrinə sığınacaq vermə, onları maddi-texniki vasitələrlə və məişət şəraiti ilə təmin etmə və s. aid edilə bilər. Hökmdən də görünür ki, Səmədov xalqlar arasında milli, dini və ya irqi düşməçiliyi qızışdırma yox, əksinə sülh və xalqların birgə yaşaması tərəfdarı olub. Konkret olaraq hansı əməlinin bu kimi kömək etmə fəaliyyətinə aid edildiyi də hökmdə göstərilməyib.

Hökmdə göstərilən sübutların təhlili

1. Yazışmalar

Məhkəmənin hazırkı hökmü hüquqi baxımdan problemli və qüsurludur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı məhkəmə hökmünün tərtibi, strukturu, əsaslandırması barədə tələbləri şərh edir. Biz burada həmin qərar kontekstində Səmədov hökmünün problemlərini analiz edəcəyik. 

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə (CPM-in 352.3-cü maddəsi) görə, hökmün növündən asılı olmayaraq hər bir hökmün giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarət olması tələb edildiyindən hökm çıxarılarkən bu tələbə əməl olunmalı, hökmün hissələri onların məzmununa dair cinayət-prosessual qanunun müddəalarına əməl olunmaqla tərtib olunmalıdır. Səmədov barəsində hökmdə, demək olar ki, əsaslandırıcı hissə yoxdur. Sadəcə sübut kimi təqdim edilmiş məlumatlar təsvir edilib və həmin məlumatlar təhlil edilərək hökmdə əsaslandırılmayıb.

Hökmün təsviri-əsaslandırıcı hissəsində yazılır:

Səmədov Bəhruz Valeh oğlu 2020-ci ildə Çex Respublikasının Praqa şəhərində olarkən Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, ‘Frida’ təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb olunmuş Safaryan İrina Mikayellə ‘X’ sosial şəbəkəsində tanış olmuş, 03 may 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək olan müddət ərzində həmin ölkə ərazisində, eləcə də yaşadığı Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi ev 90 mənzil 103 ünvanında və digər yerlərdə olarkən ‘Whatsapp’ ani mesajlaşma sistemi vasitəsilə apardığı yazışmalar zamanı sonuncu ona [1] Azərbaycan Respublikasının Qarabağ və digər regionlarında cərəyan edən proseslər; [2] birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş azərbaycanlıların ötən müddətdə yaşayış yerlərinə qayıtmalarının hansı proqram və ardıcıllıq əsasında həyata keçiriləcəyi; [3] həmin ərazilərdə aparılan tikinti quruculuq işlərinə dair və sair mövzularda məlumatlar toplayıb göndərməyi tapşırmışdır.

Bəhruz Səmədov öz növbəsində həmin tapşırıqların icrası qaydasında qeyd edilən mövzu və suallarla bağlı məlumatları toplayaraq İrina Safaryanla ‘Whatsapp’ ani mesajlaşma sistemi vasitəsilə apardığı yazışmalar zamanı bildirərək, həmçinin Azərbaycan Respublikasının ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına yönələn dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq ‘Facebook’ və ‘İnstaqram’ sosial şəbəkələrində özünə məxsus ‘Bəhruz Səmədov’ və ‘Bəhruzistan’ adlı hesabları vasitəsilə paylaşaraq casusluq etməklə və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir.

Sübutlarla bağlı cinayət prosessual qanunvericiliyin bəlli tələbləri mövcuddur. Hazırkı işdə məhkəmə adı çəkilmiş erməni əsilli şəxslərlə yazışmaları, şahid ifadələri və sosial şəbəkə paylaşımlarını sübut kimi götürüb. Məhkəmə adlarını çəkdiyi 3 şəxsin Səmədovla sosial şəbəkə yazışmalarını ötürülmüş məlumat hesab hesab edir. Hər 3 şəxslə olan yazışmalar adi, gündəlik mövzuları əhatə edir. Yazışmalarda mətbuatdan hər kəsə məlum olan publik məlumatlardır. Burada yazışmaları ixtisar edərək təqdim edirik.

İlk olaraq İrina Safaryan ilə Whatsapp vasitəsilə aparılmış aşağıdakı yazışmalar sübut kimi təqdim edilir. 13 may 2023-cü ildə baş tutmuş yazışmada Safaryan Azərbaycanda insan haqları və demokratiya barədə sənədlər soruşur və Səmədov da ona İnsan hüquqları üzrə Müvəkkilin saytında dərc edilmiş bir link göndərir. Həmçinin Azərbaycan Konstitusiyanın ingilis dilinə tərcümə edilmiş versiyasının da onlayn mövcud olduğunu bildirir.

İrina Safaryan: Sənin köməyinə ehtiyacım var. HRD-da Azərbaycana dair bəzi rəsmi sənədləri tapmaq lazımdı. 

Bəhruz Səmədov: HRD? 

İrina Safaryan: Human Rights and Democracy. (İnsan hüquqları və demokratiya)

[…]

Bəhruz Səmədov: https://ombudsman.az/en/view/pages/59  

İrina Safaryan: Bəli, bu məndə artıq var. Mənim konstitusiya kimi sənədə ehtiyacım var. Haradaki insan hüquqları və demokratiya öz əksini tapmışdır (və ya bəyan edilmişdir).

Bəhruz Səmədov: Məndə sadəcə bu var. Başqa nəsə olduğunu düşünmürəm.

İrina Safaryan: Gülüş işarəsi. Başqa heç nə yoxdur? 

Bəhruz Səmədov: Konstitusiya? 

İrina Safaryan: İctimaiyyət üçün açıq olan?

Bəhruz Səmədov: [özünün “Konstitusiya?” mesajına cavab olaraq] Bu yalnız onlayn formatda ingilis dilində mövcuddur.

İrina Safaryan 20 dekabr 2023-cü ildə Səmədova bir link göndərərək yazıya başlayır. Qeyd edilməlidir ki, bu, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına yönəlmiş proqramlarından birinin linkidir. Burada Safaryan Səmədovdan həmin proqram haqqında soruşur və həmin proqrama müraciət etmək istədiyini deyir. Daha sonra qeyd edir ki, müraciət zamanı üç nəfərdən tövsiyyə məktubu almalıdır və Səmədovdan ona tövsiyyə məktubu yazmasını xahiş edib, ondan şəxsi məlumatlarını istəyir. Səmədov bu proqramdan məlumatlı olduğunu və ona tövsiyyə məktubu yaza biləcəyini bildirir və referans göstərməsi üçün ona şəxsi məlumatlarını göndərir.

İrina Safaryan: Bəhruz, bununla bağlı nə düşünürsən? 

Bəhruz Səmədov: Mən bu problemi bilirəm. Burada qeydiyyatdan keç. Bununla bağlı hər hansı bir məsləhətə ehtiyacın olarsa mənə bildir. Mənim onlarla əlaqəm var. Mən onlara məlumat verə bilərəm. Sadəcə qeydiyyatdan keçəndə mənə bildir.

[…]

İrina Safaryan: Mən bu gecə tələb olunan bütün məlumatları əldə edib dolduracam … Onlar məndən [tövsiyyə məktubu üçün] bir şəxsi, iki profesional əlaqə məlumatını istəyirlər. Burada nə qeyd etsəm yaxşı olar? Onlardan birini mən universitetimdən verəcəyəm. Digərini isə səni fikirləşirəm və bir nəfər başqa adam. Mən Ermənistandan və ya Avropa İttifaqından dostlarımı qoya bilərəmmi? Səncə hansı daha yaxşı olar? 

Bəhruz Səmədov: Sən necə arzulayırsansa elə də et. Sadəcə mənə bu barədə məlumat ver. Mən bunu sənin üçün yaza bilərəm.

İrina Safaryan: 

Reference1 

Name 

Position 

Organisation 

Phone 

Mən səndən bu məlumatları istəyirəm. 

[…]

Bəhruz Səmədov: 

Bəhruz Samadov 

Phd Candidate 

Charles University, Institute of Political Studies 

Bəhruz.samadov@fsv.cuni.cz 

+420602237283 

İrina Safaryan: Mənə uğurlar arzula. 

Bəhruz Səmədov: Uğur olsun. Sadəcə mənim tövsiyyəmə ehtiyac olanda bir qədər əvvəl mənə məlumat ver. 

2024-cü ilin 2 fevralında olan yazışmada Safaryan Strasburqda keçirilmiş azərbaycanlı siyasi miqrantların görüşü və onların ideologiyası haqqında maraqlanır. Səmədov da onların ümumilikdə demokratiya tərəfdarı olduqlarını, amma həm də milliyyətçi olduqlarını yazır.

İrina Safaryan: 27 yanvar Strasburq Azərbaycanın siyasi miqrantları. Mən bu barədə oxumuşam və səndən soruşmaq istədim ki, hər hansı bir məlumatın varmı? Görüş necə keçib? Orada kimlər iştirak edib. Sənə məlum olan hər hansı bir məlumat. 

Bəhruz Səmədov: Strasburqdakı görüş barədə məhz nə istəyirsən? Təşkilatçı barədə? 

İrina Safaryan: Deyirlər ki, orada məhz siyasi miqrantlar toplaşıb. Dərhal sən və Sevinc barəsində düşündüm. Sən orada həmin görüşün kim tərəfindən təşkil olunduğunu bilirsənmi?

Bəhruz Səmədov: Bəli, mən ona baxdım. Bu bizim nəyimizə lazımdı. Bu bizə nifrət edən patriotların görüşüdür. Orada Çingiz Sultansoy və digər adekvat olmayan insanlar var. 

İrina Safaryan: Onlar kimi müdafiə edir və məqsədləri nədir? 

Bəhruz Səmədov: Azərbacanın klassik mövqeyini dəstəkləyirlər. Qeyri-adi heç nə yoxdur. 

İrina Safaryan: Onlar da Qarabağı istəyirlər? 

Bəhruz Səmədov: Qarabağın nəyini istəyəcəklər ki. 

İrina Safaryan: Mən bilmək istəyirəm ki, onlar da Qarabağın onların olduğunu və burada ermənilərin yaşamalı olmadığını düşünürlərmi. Ya onlar daha liberaldırlar? Mənim ümumiyyətlə klassik Azərbaycan mövqeyi ilə bağlı hər hansı bir məlumatım yoxdur. Mən bilmək istəyirəm onların məqsədləri nədir. Onlar hər şeyi öz əllərinə almaq istəyirlər. Yoxsa sadə vətəndaşlar üçün həyatın daha yaxşı olmağına çalışırlar. 

Bəhruz Səmədov: Onlar da belədir. Sadəcə açıq danışmırlar. Onların arasında mənə nifrət edənlər çoxdur. Onlar ümumiyyətlə demokratiya tərəfdarıdırlar. Lakin aralarında milliyətçilər çoxdur. Azərbaycan itirilmiş [ümidsiz] bir haldır. 

Məhkəmənin hökmündə 2 fevral 2024-cü il tarixli yuxarıdakı dialoqdan sonra heç bir izah verilmədən dərhal aşağıdakı iki cümləlik dialoq qeyd edilir. Lakin aşağıda dialoq hökmdə də qeyd edildiyi kimi, üç ay sonra, 10 may 2024-cü ildə baş tutub.

İrina Safaryan: Azərbaycan itirilmiş bir hal olsaydı biz öz torpaqlarımızı geri alardıq. Bəhruz Səmədov: Dəyişikliyə ümid edirəm. 

Hökmdə yuxarıdakı dialoqla bağlı heç bir konteskt verilmədiyindən onu təfsir etmək olduqca çətindir. 2 fevral tarixindəki yazışmada Səmədov Azərbaycanın klassik müxalifətini millətçi adlandıraraq Azərbaycanın ümidsiz hal olduğunu yazır. Konkret nə nəzərdə tutduğunu demək çətindir. Güman ki, yazışmanın orijinal dili olan ingilis dilində o, “lost cause” ifadəsini işlədir ki, bu da daha düzgün şəkildə “ümidsiz hal” kimi tərcümə edilə bilər. Lakin görünür, Səmədov hesab edir ki, klassik müxalifət yetərincə demokratik deyil və hökumətdən ideoloji olaraq elə də fərqlənmir. Buna görə də o, Azərbaycanı ümidsiz hal adlandıraraq demək istəyir ki, yaxın gələcəkdə siyasi vəziyyət müsbətə doğru dəyişməyəcək və Azərbaycandan bütün ümidləri üzmək lazımdır. Heç bir konteskt verilmədən təqdim edilən 10 may 2024-cü il tarixli dialoqda isə Safaryan Azərbaycanın ümidsiz hal olmadığını, əgər belə olsaydı onda ermənilərin Qarabağı ala biləcəyini yazır. Bu fikri təfsir etmək çətindir, çünki iki fikir arasında nə əlaqə var məlum deyil. Səmədov isə bu fikrə cavab olaraq Azərbaycanda dəyişikliyə ümid etdiyini yazır. Nəzərə alsaq ki, bunlar Whatsapp üzərindən aparılmış qeyri-formal, dostyana yazışmalardır, orada hansısa fikrin ətraflı izah edilməsini və ya ardıcıl müdafiəsini gözləmək ağlabatan deyil. Eyni zamanda yazışmaların konteksti verilmədiyindən biz onu təfsir edə bilmirik. Lakin istənilən halda burada Səmədov hansısa cinayət əməli törətməyib və onun dəyişikliyə ümid etməsini dövlətə xəyanət kimi yox, hakimiyyətə müxalif olması kimi qiymətləndirmək lazımdır. 

Növbəti yazışmada onlar Ermənistandakı prosesləri müzakirə edirlər. Daha sonra Safaryan Azərbaycanın Qarabağa köçürmə planları, azərbaycanlıların Qarabağa dönməsi barədə soruşur. Səmədov da mətbuatdan hər kəsin bildiyi məskunlaşmadan, Şuşa və Xankəndi barədə planların olmasından, Hadrut və Kərkicahan barəsində heç bir şey bilməməsindən danışır. 

Bəhruz Səmədov: Necəsən? 

İrina Safaryan: Hər şey çox çətindir. Ermənistandakı vəziyyət. Artsaxdakı [Qarabağdakı] kadrlar və ev üçün darıxmaq. 

Bəhruz Səmədov: Sən Ermənistandakı etirazlara necə baxırsan? 

İrina Safaryan: Nəzərə alsaq ki, mənim bütün dostlarım oradadır çox müsbət. Bu “eybəcərləri” çoxdan qovmaq lazım idi. 

Bəhruz Səmədov: Bəli, Paşinyan ölkəni dağıdır. 

İrina Safaryan: Müharibənin olmasına baxmayaraq Paşinyan olmasa idi biz hər şeyi itirməyə bilərdik. Sən mənə cavab ver. Ora nə qədər Azərbaycanlı könüllü yaşamağa gedəcəkdir? Onu nəzərə almıram ki, hamını ora avtobusla aparsınlar. 

Bəhruz Səmədov: O, çox səhvlərə yol verdi. Koçaryan daha ağıllı idi. Mənə elə gəlir ki, qaçqınların 60%-i. Dəqiq demək mümkün deyil. 

İrina Safaryan: Orada hansısa proqram var ki, insanlar qeydiyyatdan keçsin?

Bəhruz Səmədov: Belə bir şey eşitməmişəm. 

İrina Safaryan: Onda öyrən ki, onların bu torpaqlarla bağlı planı nədir. Mənim ürəyim parçalanır ki, biz hər şeyi həmişəlik itirmişik. 

Bəhruz Səmədov: Planlar belədir ki, onlar insanları məskunlaşdırmaq istəyirlər. Sən məhz Dağlıq Qarabağı nəzərdə tutursan, ya ətraf əraziləri? Əgər sən Stepanakerti nəzərdə tutursansa orada və Şuşadan başqa Dağlıq Qarabağda hər hansı bir plan yoxdur. 

İrina Safaryan: Bəs Hadrut? Kərkicahan? Nəyə görə onlar Hadrutda məscid tikirlər?

Bəhruz Səmədov: Mən bilmirəm. Orada heç kim yaşamır. 

Hökmdə Səmədovun yazışdığı ikinci şəxslə — Sossi Tatikyan adlı istifadəçi ilə X sosial şəbəkəsində 25 iyul 2024-cü il tarixdə yazışmaları ingilis dilindən tərcümə edilərək aşağıdakı kimi təqdim edilib. Burada yalnız bir yazışma var ki, o da tarixçi Altay Göyüşovun X sosial şəbəkəsində Emin İbrahimovun həbsi barədə postu haqqındadır. Belə ki, Tatikyan Göyüşovun paylaşımından sonra İbrahimovun X sosial şəbəkəsində post paylaşmağa davam etdiyini düşünür və bunun necə olduğunu anlamır. Amma sonda başa düşür ki, İbrahimov öncə post paylaşıb və daha sonra həbs edilib. Hökmdə qeyd edilir ki, Altay Göyüşov özünün X sosial media hesabında yazıb ki, “Keçmiş Azərbaycan diplomatı Emin İbrahimov barəsində 4 aylıq həbs seçilmişdir. Ona qarşı olan təqib tamamilə yanlışdır. O, məhkəmə zalında bildirmişdir ki, aclıq elan edəcəkdir.” Bu postun linkini Sossi Tatikyan Səmədova göndərərək ondan soruşur: 

Sossi Tatikyan: Mən başa düşə bilmirəm ona görə ki, o, [Emin İbrahimov] Tvitterdə postlar paylaşmağa davam edir. 

[…]

Bəhruz Səmədov: Kim? Mümkünsüzdür. 

Sossi Tatikyan Bəhruz Səmədova “x.com/eminibrahimov8” hesablı linki göndərərək soruşur: 

Sossi Tatikyan: Bu eyni şəxs deyil? 

Bəhruz Səmədov: Bəli, amma bu iki gün əvvəl olub. Onun tutulduğu gün.

Sossi Tatikyan: Amma o, paylaşımı Altayın əvvəlki mesajından sonra etmişdir.

Bəhruz Səmədov: Yox, mən belə düşünmürəm… Bunu görmürəm. 

Daha sonra Bəhruz Səmədov Sossi Tatikyana https://t.co/XCg6zZ6YcX linkini paylaşaraq yazır: 

Bəhruz Səmədov: Emin 2 gün əvvəl saxlanılmışdır. O, bu paylaşımı günorta edib və daha sonra saxlanılıb. 

Sossi Tatikyan: Hmm. Mən Altayın onun tutulması ilə bağlı birinci mesajını bundan əvvəl görmüşdüm. 

Hökmün təsvir hissəsində fakt adı altında təqdim edilmiş 3-cü iddia ondan ibarətdir ki, Bəhruz Səmədov 2023-cü ildə Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Şahverdiyan Lilit Sergeylə ‘X’ sosial şəbəkəsində tanış olmuş, Çex Respublikasının Praqa şəhəri və Gürcüstanın Tiflis şəhərində sonuncu ilə müxtəlif vaxtlarda görüşmüş, Lilit Şahverdiyan özünə məxsus “Lilit Stepanakert” adlı teleqram səhifəsi üzərindən Bəhruz Səmədovla 13 oktyabr 2023-cü il tarixdən 12 may 2024-cü il tarixədək olan müddət ərzində Çex Respublikasının Praqa şəhərində, eləcə də yaşadığı Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi ev 90 mənzil 103 ünvanında və digər yerlərdə apardığı yazışmalar zamanı sonuncuya Azərbaycan Respublikasına qarşı istifadə edilməsi məqsədilə müxtəlif mövzularda məqalələr yazmağı tapşırmış, eləcə də fotoşəklini göndərdiyi Azərbaycan Respublikası vətəndaşı barədə məlumatlar toplayıb Lilit Şahverdiyana göndərərək casusluq etməklə və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir.

Səmədovun Şahverdiyan Lilit Sergeylə rus və ingilis dilində apardığı yazışmaları hökmdə aşağıdakı qaydada tərcümə edilib. 13 oktyabr 2023-cü il tarixli yazışmada Lilit Səmədova yazır:

Lilith Stepanakert: Sən qızların dalınca qaçmaqdansa, Azərbaycana qarşı məqalələr yaz. Kişi ol. 

Bəhruz Səmədov: Yaxşı. 

23 oktyabr 2023-cü il tarixli yazışmada Lilit azərbaycanlı məcburi köçkünlərin memuarlarının olub-olmaması barədə soruşur. Səmədov da Günel Mövludun Düşərgə romanını misal çəkir. (Görünür, tərcüməçinin roman barədə məlumatı olmadığı üçün hökmdə əsərin adını Lager yazıb.)

Lilith Stepanakert: Bəhruz, sən 90-cı illərdə köçürülən azərbaycanlıların memuarlarını görmüsən? Nəsə elmi, bədii ədəbiyyat. 

Bəhruz Səmədov: Məncə Günel Mövlud yazmışdı. Lager romanı. 

Lilith Stepanakert: Lager həyatı barədə? 

Bəhruz Səmədov: Oxumamışam. 90-larda qaçqınlar lagerdə və Avropada lager.

Lilith Stepanakert: Təşəkkür. 

Bu yazışmada (15 noyabr 2023-cü il) isə Lilit bir məqalə haqqında Səmədovun fikrini soruşur, lakin daha sonra imtina edir. Səmədovdan teleqram tətbiqində şahid ifadələrində də göstərilmiş qrup və yazışmaları barədə soruşur. Səmədov da 2 qrupun olduğunu və orada siyasəti müzakirə etdiklərini bildirib.

Lilith Stepanakert: Bu məqaləni oxu və nə düşündüyünü mənə de. 

Bəhruz Səmədov: Tezliklə oxuyaram. 

Lilith Stepanakert: Lazım deyil daha. 

Bəhruz Səmədov: Niyə? 

Lilith Stepanakert: Mən aftora pis bir tekst yazdım. O, ayın əvvəlində Qarabağda olmuşdu. Press turla və bütün məqalələr Əliyevin möhtəşəm qələbəsi ilə bağlı. Çox istəyərdim ki, Sizin yazışmaları oxuya bilim. 

Bəhruz Səmədov: Azərbaycan dilindədir. 2 çatımız vardır. Birində 20 nəfərdən ibarət. Orada siyasəti müzakirə edirik və azəriləri söyürük. Digərində isə 7-8 nəfər. Eyni mövzuda danışırıq. 

Lilith Stepanakert: Gülür. Orda kim var? Ayxançik? 

Bəhruz Səmədov: Rüstəm, Atuf, Səməd, Samir. 

11 may 2024-cü il tarixli mesajlaşmada Lilit növbəti gün Parisdə keçirilməli olan konfransda Qarabağdan və Ermənistandan heç kimin iştirak etmədiyini düzgün saymadığını, Səmədov da həmin konfransın sırf akademik konfrans olduğunu yazır.

Lilith Stepanakert: Sabah Parisdəki konfransda bu mövzular olacaq. Belə tədbirlərdə Artsaxın iştirak etməməsini düzgün saymıram. Hətta Ermənistandan belə heç kim yoxdur.

Bəhruz Səmədov: Bu sırf akademik konfransdır. 

12 may 2024-cü il tarixli yazışmada Lilit Şəhla Kərimli adlı jurnalistin Facebook səhifəsini Səmədova göndərərək onu tanıyıb-tanımadığını soruşur. Səmədov da tanıdığını bildirir və onun Şuşaya köçməsi barədə danışırlar.

Lilith Stepanakert: Sən onu tanıyırsan? 

Bəhruz Səmədov: Bəli. Normal biri deyil. 

Lilith Stepanakert: Heydər dedi ki, o, çox da normal biridir. 

Bəhruz Səmədov: Xeyr. 

Lilith Stepanakert: Mən ona yazdım. O, baxdı. Lakin cavab vermədi. Niyə normal biri deyil ki? Onun Şuşaya köçməsini saymasaq. Gülür. 

Bəhruz Səmədov: Elə buna görə.

Lilith Stepanakert: Ağılsız. Cavan qızdır orada nə edəcək ki? Heç nə olmaz. Bir neçə aya eyforiyası keçər və Bakıya qayıdar. 

Göründüyü kimi, yazışmalar adi mesajlaşmalardır və içərisində heç bir əhəmiyyətli, mətbuatda olmayan, xalqlar arasında nifaq salan, dövlət sirri sayılan məlumat yoxdur.

Əsas diqqət yetirilməli məsələlərdən biri də Səmədovun “casusluq etdiyi” və “kömək etdiyi” deyilən bu şəxslərin düşmən dövlət, təşkilat və ya onların nümayəndəsi olub-olmamasıdır. Belə ki, ittiham tərəfi hesab edir ki, adları çəkilən erməni əsilli şəxslər Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşılıq edib və ya xüsusi xidmət orqanlarının əməkdaşıdırlar. Amma hökmdə bununla bağlı hər heç bir sübut təqdim edilməyib. Hökmdə hər hansı bir kəşfiyyat və əks-kəşfiyyat nəticəsində əldə edilmiş məlumata və ya sənədə də istinad yoxdur. Yeganə meyar onların erməni əsilli olması və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi ehtimalıdır. Hüquq isə ehtimallara deyil, faktlara və sübutlara əsaslanmalıdır.

İş materiallarına sübut kimi Bəhruz Səmədovun adına verilmiş elektron aviabilet də əlavə edilib. Bəhruz Səmədov 23 avqust 2024-cü il tarixdə Praqa şəhərinə uçuş planlayıb. Bu faktın işlə hansı əlaqəsinin olması açıqlanmayıb. Məlumdur ki, Səmədov Praqada təhsil alır və buna görə də yayın sonunda, dərs ilinin başlamasından bir qədər əvvəl Praqaya getməsi olduqca təbiidir.

2. Şahid ifadələri

Gəlin şahid ifadələrinə baxaq. 7 şahid ifadəsi hökmdə öz əksini tapıb. Bunlardan yalnız ikisinin məhkəmədə ifadəsi alınıb, digər 5 nəfərin isə ibtidai istintaq dövründə alınmış ifadələri məhkəmədə elan edilib. İbtidai istintaq dövründə alınmış ifadələr isə mötəbər sayılmır, çünki həmin ifadələr təzyiq altında alınmış ola bilər. Hökmdə qeyd edilmiş hallardan və sosial mediada dərc edilmiş paylaşımlardan da belə təzyiqlərin olduğu məlumdur. Məsələn şahidlərdən Cavidan Ağayev xaricdə təhsil almaq üçün gedərkən DTX tərəfindən saxlanılmış, ifadəsi alınmış, ölkədən çıxışına qadağa qoymaqla təhsil almaq imkanını əlindən almışlar. 2024-cü ilin avqustunda ifadəsi alınmasına baxmayaraq 2025-ci ilin yanvarına qədər ölkədən çıxış qadağası götürülməmişdi.

Hökmdə olmasa da mətbuatdan bəllidir ki, bu iş üzrə Səməd Şıxı da dindirilmiş, 1 gün DTX-də saxlanılmış və ondan 1 gün ərzində xəbər alına bilməmişdir.

Məhkəmədə ifadə vermiş şahid Əliheydər Əliyevin hökmdə olan ifadəsindən məlum olur ki, o, ailəsi ilə birlikdə Vyana şəhərinə gedərkən sərhəd xidmətində ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib. Təxminən iki həftə sonra DTX-yə çağırılıb və ilkin olaraq onunla profilaktik söhbət aparılıb. Ondan DTX-də niyə Səmədovun paylaşımlarına etiraz etmədiyi barədə soruşulub.

Məhkəmədə ifadə vermiş ikinci şahid Rəşid Qurbanəliyev də bildirib ki, Mobil telefonunun şifrəsini o, özü DTX-yə təqdim edib. Düşünüb ki, mobil telefonunun şifrəsini verməsə ona fiziki təzyiq göstəriləcək və ona görə də şifrəni verib. Bununla bağlı ona DTX-də heç bir hədə və ya fiziki təzyiq olunmayıb.

Görünür ki, şahidlər DTX-nin müxtəlif formalarda təzyiqi ilə üzləşib və bu formada alınmış şahid ifadələri təbii ki, ciddi sübut ola bilməzdi. Burada şahid ifadələrinin məzmununa ehtiyac yoxdur, hərçənd orada cinayət sayıla biləcək hər hansı bir məlumat da yoxdur. Şahidlərin ən çox vurğuladıqları Səmədovun “solçu” olması, teleqram şəbəkəsində “Siyasi Analiz və monitorinq qrupu” adlı qrup yaratması və siyasi məsələlərə dair aktiv müzakirələr aparması, “Bright Garden Voices” adlı platformaya qoşulması və s. kimi məsələlər olub. Bunların dövlətə xəyanət maddəsi ilə necə əlaqələndirilməsi məhkəmənin hökmündə əksini tapmır. Ona görə də məhkəmə sadəcə ifadələri olduğu kimi hökmə daxil etmiş, heç bir əsaslandırma apara bilməmişdir. Halbuki məhkəmə həmin ifadələrin törədildiyi iddia edilən cinayətlə əlaqəsini aydınlaşdırmalı idi.  

Qeyd etdiyim Məhkəmə hökmü haqqında Plenum qərarında qeyd edilir ki, Cinayət Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

AİHM-in mövqeyinə görə, məhkəmə qərarlarında məhkəmədə iştirak etməyən şahidin məhkəmədə iştirakının təmin edilməsi üçün məhkəmənin gördüyü tədbirlər öz əksini tapmalıdır. Amma belə bir fakt məhkəmənin qərarında olmadığı üçün düşünmək olar ki, məhkəmə həmin şahidlərin işdə iştirakını təmin etmək üçün heç bir əməli addım atmayıb və ibtidai istintaqda alınmış ifadələrlə kifayətlənib. Bu da Səmədovun müdafiə hüququnun pozuntusudur.

3. Sosial Şəbəkə paylaşımları

Hökmdə Səmədovun X sosial şəbəkəsində yazmış olduğu 4 paylaşım öz əksini tapıb. Bunlardan biri Səmədovun 24 aprel 2023-cü ildə Türkiyədə fəaliyyət göstərən Agos qəzetinin erməni soyqırımının 108-ci ildönümü barədə postunu paylaşmasıdır. Hökmdə deyilir ki:

Bəhruz Səmədov ‘X’ sosial şəbəkəsində özünə məxsus ‘bahruz_samad’ adlı hesabda 24 aprel 2023-cü il tarixdə aşağıdakı materialı paylaşmışdır. Həmin paylaşımda saxta erməni genosidinin qurbanlarının keçmişə və indiki dövrə aid olmadığı vurğulanmaqla onların ruhlarının bugünkü ədalətsizlik içində o zamankı dəhşətləri xatırlatmaq üçün qayıtdığı qeyd edilmişdir. Bəhruz Səmədov həmin paylaşıma “Necə yəni Azərbaycanlılar da erməni mülki əhaliyə qarşı cinayətlər törədiblər?, Tarixən Azərbaycanlılar da ermənilərə qarşı cinayətlər törədiblər. Bakıda erməni qırğınları (1918), Şuşa qırğınları (1920)” kimi fikirlər bildirmişdir. Bəhruz Səmədov həmin paylaşımında vəziyyətin daha da pisləşəcəyi kimi fikirləri görünür.

Hökmdə deyilir ki, 23 aprel 2023-cü il tarixli paylaşımında isə Səmədov Azərbaycanın Qarabağda etnik təmizləmə siyasətini həyata keçirəcəyini yazır:

23 aprel 2023-cü ildə Bəhruz Səmədov ‘X’ sosial şəbəkəsində özünə məxsus ‘bahruz_samad’ adlı hesabda yazdığı məqalədə Azərbaycanın şər siyasətini həyata keçirdiyini və Dağlıq Qarabağın tamamilə ermənisizləşdirilməsi prosesinin olacağını bildirir. Bununla yanaşı o, ABŞ-ın söz deməsinə ehtiyac duyulduğunu, əks təqdirdə etnik təmizləmənin qaçılmaz olduğunu bildirir.

Digər bir paylaşımında Bəhruz Səmədov X sosial şəbəkəsində özünə məxsus “bahruz_samad” adlı hesabda “Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərini ‘inteqrasiya’ etmək üçün heç bir planı, proqramı yoxdur və ola da bilməz. Ermənifobiya siyasətə qarışmamağın, sabitliyin, yumruq kimi bir olmağın, başqa sözlə, hakimiyyətin sütunudur” fikrini yazıb. Burada cəmiyyətdə ermənifobiyanın olması və bunun hakimiyyətə faydası vurğulanır.

Hökmdə olan sonuncu paylaşım Səmədovun X sosial şəbəkəsində Azərtacın paylaşdığı Hadrut sən azadsan! filmini “Hadrut, sən yerli əhalidən azadsan!” başlığı ilə paylaşmasıdır. 

Bu postlardan anlaşılır ki, Səmədovun erməni soyqırımı iddiasını qəbul etməsi, 1918 və 1920-ci illərdə qırğınlar zamanı azərbaycanlıların da ermənilərə qarşı cinayətlər törətməsi iddiası cinayət əməli kimi tövsif edilib. Halbuki bu tarixi bir müzakirə kontekstində, ifadə azadlığı çərçivəsində görülməlidir. Azərbaycanda erməni soyqırımı olub və ya olmayıb deyənlərin cəzalandırılması barədə hər hansı bir qanun yoxdur. Əlavə olaraq, məsələn, Avropa İnsan Haqları Məhkəməsi Perinçek İsveçrəyə qarşı işində “erməni soyqırımı olmayıb” deməyin cinayət olmadığını, bunun ifadə azadlığı çərçivəsində qiymətləndirilməli olduğunu təsbit edib. Oxşar mövqe Səmədovun işində də sərgilənməli idi. Fikir və söz azadlığı konstitusion hüquqdur və Konstitusiyanın 47-ci maddəsində öz əksini tapıb.

Hökmdə Səmədovun özünə məxsus instagramFacebook sosial şəbəkə hesablarından da paylaşım etdiyi yazılsa da, həmin sosial şəbəkələrdə paylaşılmış heç bir post təqdim edilməyib.

Göründüyü kimi, Səmədovun sosial şəbəkə paylaşımları Azərbaycan hakimiyyətinin Qarabağ siyasətinin tənqidi barədədir. Bu paylaşımların Dövlətə Xəyanət cinayət əməli kimi tövsif edilməsi ifadə azadlığının ciddi pozuntusudur. Məhkəmə hökmdə sosial şəbəkə paylaşımlarının cinayət əməli olmasını əsaslandırmayıb.

Nəticə

Hökmdə Səmədovun yazışdığı şəxslərin Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər olması, onlara ötürüldüyü deyilən məlumatların dövlət sirrini təşkil edən məlumatlar və ya Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatlar olması iddiası sübut edilmir. Həmçinin hökmdə şahid ifadələrində dövlətə xəyanət üçün əsas götürülə biləcək hər hansı məlumat aşkar edilmir. Əlavə olaraq, həmin şahid ifadələri əksərən ibtidai istintaq dövründə təzyiq vasitəsilə əldə edilib. Şahidlərin əksəriyyəti məhkəmədə dindirilməyib, məhkəmədə iştiraklarının təmin edilməsi üçün hansı cəhdlərin edilməsi barədə hökmdə məlumat verilməyib. Sosial şəbəkə postlarının dövlətə xəyanət kateqoriyasına daxil edilməsi ifadə azadlığının kobud pozuntusudur.

Məhkəmənin hökmü bütünlüklə Cinayət Prosessual Məcəllənin tələblərinə ziddir. Hökmdə əsaslandırıcı hissə ümumiyyətlə yoxdur, şahid ifadələri prosessual normalara uyğun alınmayıb və ifadələr, yazışmalar əməlin cinayət əməli olmasını istisna edir. Məhkəmə qəbul etdiyi hökmü əsaslandırmayıb. Sübutların hökmdə gəlinən nəticə ilə bağlılığı müəyyən edilməyib. Hökm ədalətli hüquqi sənəddən çox, siyasi hakimiyyətin diskursuna zidd olan, hakimiyyətə müxalif olan şəxsin cəzalandırılması xarakteri daşıyır.


[i] Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası, elmi red. Səməndərov F. Bakı, Digesta 2002.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.