Cəmiyyət

Cəmiyyət

Ermənistan və ermənilər Azərbaycanın tarix dərsliklərində (I Hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dörd ölkə ilə qonşu olan Azərbaycanın ən uzun həmsərhədi onun qərbində yerləşən Ermənistandır, bu iki ölkə arasında sərhəd 1007 km uzunluğundadır. Azərbaycanla Ermənistanı yaxınlaşdıran  təkcə sərhədlərin uzunluğu deyil, həm də tarixi əlaqələrin dərinliyidir. Lakin 20-ci əsrdə bu iki millət arasında başlanmış münaqişələr yaxın qonşuları qatı düşmənə çevirdi. Hazırda hər iki millət bir-birinin həm tarixi mövcudluğunu danır, həm də etnik kimliyini marginallaşdırır. İki qonşu millət arasında münasibətlərin bu həddə çatmasında etnik zəmində toqquşmalar mühüm rol oynamışdır. Bu toqquşmaların əsaslandırılması və onlara haqq qazandırılmasında isə tarix dərsliklərinin və tarixçilərin xidməti olmuşdur.

Mən bu yazıda son yarım əsrdə məktəb auditoriyası üçün nəzərdə tutulmuş dərsliklərdə Ermənistan və erməni millətinin imicini təhlil edəcəyəm. Bu yazının bir hissəsində 21-ci əsrdə yazılmış Azərbaycanın tarix dərsliklərini, digər hissəsində isə 20-ci əsrin sonlarında, Dağlıq Qarabağ üzərində Ermənistan-Azərbaycan mübahisəsinin müharibəyə çevrildiyi dövrdə yazılmış dərslikləri araşdıracağam. Sonunda mən diqqəti Sovet dövrü dərsliklərində Ermənistan tarixinin necə təqdim olunmasına yönəldəcəyəm. Məqsədim müxtəlif dövrlərdə yaradılmış dərsliklərdə mövcud olan tarixi şərhlərin elmi ədəbiyyata nə dərəcədə uyğun gəldiyini və beləliklə də, hansı dövrdə daha çox faktiki səhvlərə yol verildiyini müəyyənləşdirməkdir. Bu səbəbdən də əvvəlki yazılardan fərqli olaraq, bu yazıda mən dərsliklərdəki faktiki səhvlərə, saxtalaşdırmalara, qərəzli şərhlərə diqqət yetirəcək, onları izah etməyə çalışacağam.

Ermənistanın və erməni millətinin Azərbaycanın tarixində xüsusi yeri var. Bu xüsusilik bir neçə faktorla izah olunur.  Ermənistan Azərbaycanın müstəqil bir dövlət olaraq müharibə apardığı yeganə dövlətdir. 20-ci əsrin əvvəllərində ermənilərlə silahlı toqquşmalar azərbaycanlıların etnik kimliyinin formalaşmasına təkan verib, azərbaycanlılar müsəlman kimliyinə türklük kimliyini əlavə ediblər. Ermənilərlə qarşıdurma azərbaycanlılara siyasi təşkilatlanmanı, silahlanmanı, özünümüdafiə dəstələri yaratmağı öyrədib. Həsən Zərdabi ermənilərdən mədəni-sosial təşkilatlanmanı öyrəndiyini yazırdı. Sözsüz ki, ermənilərin də azərbaycanlılardan öyrəndiyi çox şey olub. Tarixən eyni məkanı bölüşən, eyni təcrübəni yaşayan bu iki millətin qarşılıqlı təmaslarının hər iki tərəf üçün faydalı olduğu dövrlərin hekayəsi münaqişə narrativlərindən daha uzundur. Bir qayda olaraq davamlı sülhü, əmin-amanlığı təbliğ etməli olan dərsliklərdə bu qonşuluğun hansı tərəfləri və xüsusiyyətləri daha çox qabardılır? 21-ci əsrdə nəşr edilmiş Azərbaycan tarixi və Ümumi tarix dərsliklərini araşdıraraq bu suala cavab verməyə çalışacağam.

Ermənistan və ermənilər Azərbaycan tarixi kontekstində

6-cı sinif Azərbaycan tarixi dərsliyində bölgənin qədim tarixi şərh edilərkən diqqət daha çox müasir İran ərazisində baş vermiş hadisələrə yönəldilir.  Bunun əsas səbəbi dövlətçilik ənənələrinin erkən nümunələrinin İran platosunda yaranmasıdır. Azərbaycan tarixçiləri cəmiyyət deyil, dövlət-mərkəzli tarix yazdıqlarından bu yanaşma başa düşüləndir. Bu dövrdə diqqəti cəlb edən əsas məsələ Azərbaycan dövləti kimi təqdim olunan Mannanın Assuriya ilə Urartu arasında qalmasıdır. Zaman-zaman Mannanın əyanlarının bir qismi siyasi cəhətdən Urartuya, bir qismi isə Assuriyaya meyilli olub. Lakin sonunda Assuriya Urartu üzərində qalib gəlib və Manna Assuriya himayəsini qəbul etməli olub. Azərbaycan tarixi dərsliyi Assuriya haqqında geniş məlumat verməsə də, onun qüdrətli imperiya olduğunu yazır. 6-cı sinif Ümumi tarix dərsliyində isə “Assur dövləti” adlı paraqraf mövcuddur.[1] Lakin Urartu haqqında heç bir məlumat yoxdur. Zənnimcə, bunun əsas səbəbi Urartu dövlətinin ərazisi və sonrakı taleyi ilə bağlıdır. Urartunun bir hissəsi müasir Ermənistanı əhatə edirdi.[2] Adı Assuriya mənbələrində b.e.ə. 13-cü əsrin əvvəllərində qeyd olunan Urartu b.e.ə. 9-8-ci əsrlərdə Kiçik Asiyanın mühüm siyasi gücünə çevrilmişdi. Assurlar, skiflər, Midiya və Əhəmənilərlə uzun sürən müharibələrdən sonra zəifləyən Urartu b.e.ə. 6-cı əsrdə süquta uğramış, həmin ərazidə üstünlük ermənilərin əlinə keçmişdi. B.e.ə. 5-ci əsrdə bu ərazidə Əhəməni imperiyasına tabe olan və Orontidlərin idarə etdiyi Ərməniyyə satraplığı yaradılmışdı. Bu dövrdən başlayaraq qədim fars və elami yazılarında Urartu artıq Ərməniyyə (müvafiq olaraq Armina və Harmuniya)  adlandırılır.[3] Zənnimcə, Urartu dövləti haqqında məlumatların nə Azərbaycan tarixi, nə də Ümumi tarix dərsliyində yer almaması onun sonralar Ərməniyə adlandırılmasıdır.

Azərbaycan tarixinin qədim dövründən bəhs edilərkən dərslik ilk dəfə Ermənistan sözünü işlədir. Albaniyanın sərhədləri təsvir edilərkən onun indiki Ermənistan ərazisini də (mötərizədə bu ərazinin Qərbi Azərbaycan olduğu qeyd edilib) əhatə etdiyi bildirilir.[4] Beləliklə, dərslik qədim dövrdə Albaniya və Atropatenanın qonşuluğunda hər hansı erməni elementinin mövcudluğundan bəhs etmir, Albaniyanın qərb sərhədində olan sivilizasiya isə Qərbi Azərbaycan kimi təqdim edilir.

Orta əsrlərin erkən və klassik dövrünü əhatə edən 7-ci sinif Azərbaycan tarixi dərsliyində ermənilər ilk dəfə Sasanilərin imperiya dini olan atəşpərəstliklə xristianlığın rəqabəti ilə bağlı xatırlanılır. Lakin bu xatırlanma erkən orta əsrlər dövrünə deyil, müasir dövrə aiddir. Dərslik yazır ki, Qafqazda ilk xristian məbədi Qarabağda, qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılıb və “Xristian məbədlərimiz erməni işğalı altında olanda” işğalçılar tərəfindən erməniləşdirilib.[5] Dərslik əlavə edir ki, Ərsak adı da erməni işğalçılar tərəfindən saxtalaşdırılıb Arsax adlandırılıb. Mən sakların mübahisəli etnik mənşəyi və bölgəyə nə zaman gəlməsi məsələsinə toxunmayacağam,  amma Ərsak termini üzərində dayanacağam. Dərslik iddia edir ki, ermənilər  1990-cı illərin əvvəllərində Qarabağı işğal etdikdən sonra Qarabağ terminini işlətməkdən imtina etmiş və qədim dövrdə mövcud olmuş sak terminini, Arsaxı dövriyyəyə gətirmişdilər. Bəs Ərsak/Arsak termini elmi ədəbiyyatda necə izah olunur? Tədqiqatçılar Arsax terminini Urartu ilə bağlayırlar və bölgənin mənbələrdə müxtəlif adlarla (məsələn, Ardax) qeyd olunduğunu yazırlar. Amerikalı alim D.Roller Strabonun Coğrafiya əsərində qeyd olunmuş yer adlarını izah edərkən Orchisten adının Arsaxın yunan versiyası olduğu iddiasını irəli sürür.[6] Digər versiyaya görə isə Arsax termini b.e.ə. 2-ci əsrdə Artaşes sülaləsindən erməni çarı I Artaşesin (Artaxias) adı ilə bağlı ola bilər.[7]

Ərəb işğalları təsvir olunarkən dərslik bölgədə hər hansı erməni elementi haqqında məlumat vermir, lakin ermənilərin izini də tam itirə bilmir. Dərslik qeyd edir ki, ərəblər Qafqazı işğal etdikdən sonra Albaniya (ərəb mənbələrində Arran/Ar-Ran) ərazisinin də daxil olduğu əmirlik yaradırlar və bu əmirliyin mərkəzi Dəbil (Dəbil Dvin sözünün ərəb versiyasıdır) şəhəri olur.[8] Dəbil/Dvin (ehtimal edilir ki, farsca ( دوین  – Dovin), təpə sözündən əmələ gəlib) erkən orta əsrlər dövrü Ərməniyyəsinin mərkəzi şəhəri olub, müasir Yerevanın cənubundan 35 km aralıqda yerləşib. Amerikalı alim Helen Evans yazır ki, Dvin orta əsrlərdə Asiyada mövcud olmuş böyük şəhərlərə bənzəmirdi və olduqca kiçik idi.[9] Dvin şəhəri və ətraflarının əhalisi, dili haqqında isə ərəb müəlliflərindən əl-İstəxri, əl-Müqəddəsi, İbn-Hövqəl və digərləri məlumat verir. Məsələn, 10-cu əsr müəllifi əl-İstəxri yazır ki, Dəbil Ərdəbildən böyükdür, Ərməniyyənin paytaxtıdır, orada hökmdarın sarayı var, sarayda Aşotun oğlu Smbat oturur. Ərməniyyənin əhalisinin əksəriyyətini xristianlar təşkil edir, bura Arman padşahlığıdır, Ərməniyyə isə Rumla[10] həmsərhəddir, bölgədə Dəbil istisna olmaqla, fars və ərəb dilində danışırlar, Dəbil və ətrafındakı vilayətlərdə isə əhali erməni dilində danışır.[11]

7-ci sinif Azərbaycan tarixi dərsliyində ermənilər bölgənin sakinləri və Arran əhalisinin qonşuları kimi ilk dəfə tarix səhnəsinə İslamın milli və mədəni inkişafa təsirindən bəhs edilərkən çıxır. Dərslik yazır ki, həmin dövrdə Arranın qərb bölgələrində yaşayan xristian alban əhalini öz təsiri altına salmaq üçün erməni və gürcü kilsələrinin mübarizəsi güclənir.[12] Beləliklə, dərslik dolayısı ilə etiraf edir ki, Arranın qərbində erməni kilsəsi mövcud idi, kilsə mövcud idisə, demək, əhali də mövcud olub və bu, erməni əhalisi olub. Sonrakı cümlədən isə aydınlaşır ki, albanlar qərb qonşuları olan ermənilərin ciddi təsiri altında olublar. Çünki dərslik yazır ki,  xristian albanların bir hissəsi islamı qəbul etdi, bir hissəsi isə qriqorianlaşdı, erməniləşdi.[13] Bu, eyni zamanda albanlarla ermənilərin yaxın təmasına da işarədir.

Xilafət parçalandıqdan sonra müasir Azərbaycan ərazisində yaradılmış kiçik dövlət qurumlarından biri Şəddadilər olub. 9-10-cu əsr hadisələrini şərh edərkən dərslik Dəbili Şəddadilərin dədə-baba yurdu kimi təqdim edir.[14] Lakin nə üçünsə əvvəlki səhifələrdə Dəbil Ərəb xilafəti əmirliyinin paytaxtı kimi təqdim olunanda onun Şəddadilərlə əlaqəsindən bəhs edilmir. Bu isə o deməkdir ki, Şəddadilər bu ərazilərdə yalnız Ərəb xilafəti parçalandıqdan sonra, yəni 9-10-cu əsrlərdə möhkəmlənə biliblər.

Ermənilərin adı Səlcuq işğalları ilə bağlı daha tez-tez xatırlanır. Dərslik yazır ki, 1037-ci ildə Şəddadilər oğuzlarla birləşib Bizans-erməni qoşunlarını  məğlub etdilər.[15] 11-ci əsrə qədər bölgədə hər hansı erməni elementindən bəhs edilmədiyi halda, Səlcuq işğalları dövründə ermənilərin qoşuna malik olduğu aydınlaşır. Qoşunun olması isə, əlbəttə ki, dövlətin olması deməkdir. Lakin dərslik bu haqda susur və erməni qoşunlarının haradan peyda olması haqqında məlumat vermir. 11-ci əsrdə oğuz axınları Bizansın və erməni-gürcü feodallarının  Şirvanın  (Ərəb xilafətinin dağılması ilə mənbələrdə Arran termini Şirvan termini ilə əvəz olunur) hücumlarının qarşısının alınmasında əhəmiyyətli faktor kimi qeyd edilir. Ümumiyyətlə, Şirvan ərazisinə oğuz-səlcuq axını ermənilərin bölgədəki siyasi gücü haqqında məlumatın üzə çıxmasına səbəb olub. Dərslik yazır ki, bu axınların müsbət tərəflərindən biri “Azərbaycanın qərb torpaqlarını işğal etməyə çalışan erməni və gürcü feodallarına qarşı uğurlu mübarizə olmuşdur.”[16] Təəssüf ki,  dərslik Şirvanın qərb torpaqlarına göz dikən erməniləri lokalizə etmir.

Səlcuq-oğuz dövrü proseslərinin şərhi zamanı dərslik həmçinin bölgədə xristian əhalinin olmasını da etiraf edir. Xristian əhalinin etnik mənşəyi qeyd olunmasa da, dərsliyin müəllifləri Şəmsəddin Eldənizin onların əmin-amanlıqda yaşaması üçün tədbirlər gördüyünü bildirir.[17] Əbu-Bəkrin dövründə Atabəylər dövləti zəiflədikdən sonra gürcü-erməni basqınları cavabsız qalır.

“9-11-ci əsr Azərbaycan mədəniyyəti” adlı bölmədə Kitabi-Dədə-Qorqud dastanından bəhs edilərkən oğuzların Göycə gölü ətrafında, Alagöz yaylaqlarında yaşaması haqqında məlumatların əks olunduğu bildirilir.[18] Burada ermənilərlə bağlı daha bir problem yaranır və bu problem Göycə və Alagöz coğrafi terminləri ilə bağlıdır. Məlumdur ki, Göycə termini 11-ci əsrdə mövcud olmayıb və mənbələrdə bu terminə ən erkən monqol, sonralar isə Qaraqoyunlu dövründən rast gəlinir.[19] Qədim dövrün mənbələrində göl Gelam/Geqam, orta əsr mənbələrində isə Sevan adlandırılıb.[20] Eyni izah Alagöz termininə də aiddir. Alagöz bölgənin türkləşməsi ilə yaranan termindir və 15-ci əsrdən əvvəl işlənməyib. Dağ qədim və orta əsr mənbələrində Araqats kimi qeyd olunub və bu, erməni sözüdür. Araqatsın etimologiyası haqqında səhih məlumat yoxdur, lakin tədqiqatçıların bir qismi onu Urartu çarı I Argiştinin adı ilə əlaqələndirirlər.[21] Argişti həmçinin sonralar Armavir adlandırılacaq Argitihinili şəhərinin əsasını qoyub, onun dövründə Urartunun sərhədlərinin Araqats dağına çatdığı ehtimal olunur.

Qaraqoyunlu və Ağqoyunlu (müvafiq olaraq, Baharlı və Bayandurlu) dövlətinin tarixi şərh edilərkən ərazidə xristian əhalinin, erməni və gürcülərin yaşadığı, müsəlman hakimlərin onlara qarşı dözümlü siyasət yürütdükləri vurğulanır.[22] Bu zaman ilk dəfə müasir Yerevan şəhərinin adı “İrəvan” olaraq çəkilir və qeyd olunur ki, erməni qriqorian kilsəsinin başçısı katolikosluğun mərkəzini Kilikiyanın Sis şəhərindən İrəvan bölgəsinə köçürür, buna Baharlı hökmdarı Cahan şah icazə verir.[23] Dərslik 15-ci əsrə qədərki dövrü şərh edərkən tarixi Azərbaycan şəhərləri içərisində İrəvan adlı şəhərdən bəhs etmir. Şəhərin adına məhz Qaraqoyunluların tarixi ilə bağlı rast gəlinir. Bu isə onu söyləməyə əsas verir ki, şəhər məhz bu dövrdən türkləşib-müsəlmanlaşıb. Lakin dərslik tamamilə fərqli versiya irəli sürür və qeyd edir ki, məhz katolikosluğun köçürülməsindən sonra şəhərdə erməni təsiri artır. Dərslik qeyd edir ki, sonradan ermənilər əvvəllər həmin ərazilərdə yaşamış xristian alban abidələrinierməniləşdiriblər. Bu şərh əslində 15-ci əsrə qədər İrəvan adlanan şəhərdə əsas əhalinin xristian-albanlardan ibarət olmasını iddia edir.

Son feodalizm dövrü hadisələrindən bəhs edən 8-ci sinif Azərbaycan tarixi dərsliyi Səfəvi-Osmanlı müharibələrinin təsviri və nəticələri ilə başlayır. Səfəvilərin müasir Azərbaycan ərazisini Osmanlı işğallarından azad etməsi nəticəsində 17-ci əsrin əvvəllərində Loru və Tiflis qalası ələ keçirilir. Dərslik Lorunu 14-cü əsrdə dağıdılmış və “Azərbaycana məxsus” yaşayış məskənlərindən biri kimi təqdim edir.[24] Loru kimi təqdim edilən Lori Ermənistanın tarixi-coğrafi bölgələrindən biridir. Qədim və orta əsr mənbələrində Taşir kimi qeyd olunub. Lori sözünün erməni lor, bildirçin sözündən əmələ gəldiyi ehtimal olunur. Orta əsr gürcü mənbələri Lorini Somxiti[25] , yəni Ərməniyyə kimi qeyd edir.[26] Lori zaman-zaman İberiya hakimiyyəti altına düşsə də, 11-ci əsrin ortalarına qədər erməni hökmdarlarının nəzarətində olub, Səlcuq yürüşləri zamanı Alp Arslandan asılılığı qəbul edib, lakin 12-ci əsrin əvvəllərində müstəqilliyini tamamilə itirib.

Dərslik Səfəvi dövlətinin hakimiyyəti altında yaşayan qeyri-müsəlmanların sosial vəziyyətini şərh edərkən Səfəvi hökmdarlarının xristian əhaliyə  qənaətbəxş münasibəti haqqında yazır.[27] Erməni kilsəsi və iri erməni tacirləri şah sarayından böyük imtiyaz və güzəştlər almağa müvəffəq olmuşdular. Erməni tacirlər şahın himayəsindən yararlanaraq Osmanlı və digər  ölkələrə karvanlar göndərir və böyük sərvət qazanırdılar. Bu məlumatlar bir daha təsdiqləyir ki, ermənilər Səfəvilər dövləti ərazisinin sakinləri olub, onların bir hissəsi iqtisadi cəhətdən varlı tacir təbəqəsini təşkil edib. Bu dövrdən tarixi Azərbaycan şəhərləri içərisində İrəvanın adına da rast gəlinir.

18-ci əsrin əvvəlləri Qafqazın, o cümlədən müasir Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalı ilə başlanır. Dərslik I Pyotrun 1724-cü ildə verdiyi fərmanların ermənilərin müasir Azərbaycanın Xəzər dənizi sahillərində, xüsusilə də Bakı və Dərbənddə məskunlaşmasına təkan verdiyini yazır.[28] 18-ci əsr həmçinin müasir Azərbaycan ərazisində müstəqil xanlıqların yaradılması və onlar arasında mübarizə və müharibələrin tarixidir. Qarabağ xanlığının tarixindən bəhs edilərkən bu ərazinin əhalisinin əsasən altı türk tayfasından ibarət olduğu, az sayda xristian albanların yaşadığı qeyd olunur. Xanlığın başçısı Pənahəli xan Cavanşir tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri kimi təqdim olunur.[29] Növbəti səhifələrdə qeyd edilir ki, az saylı xristian albanlar Qarabağda beş məliklikdə məskunlaşmışdılar.[30] Məlikliklər Pənahəli xanın hakimiyyətini tanısalar da, məkirli siyasət yürüdür, Rusiyanı Qarabağa yürüşə təhrik edirdilər.

Dərsliyin 109-cu səhifəsində İrəvan “Qərbi Azərbaycan xanlığı”, “Azərbaycan türkləri” isə İrəvanın ən qədim əhalisi kimi təqdim olunur. Xristianların bu əraziyə köçürülməsi 15-ci əsrə, yəni Qaraqoyunlular dövrünə aid edilir və qeyd olunur ki, o vaxta qədər həmin ərazidə ermənilərə məxsus heç bir yaşayış məntəqəsi olmayıb.[31] Dərsliyin müəllifləri bununla 7-ci sinifdə erməni katolikosluğunun Qaraqoyunlu Cahan şahın dövründə Kilikiyadan Yerevana köçürülməsi ilə bağlı məlumatı təkrarlayırlar, lakin başqa bir məlumatı unutduqlarından ziddiyyətli fikirlər formalaşdırırlar. 7-ci sinif Azərbaycan tarixi dərsliyində İrəvanda katolikosluq köçürülməmişdən öncə də xristian əhalinin yaşadığı qeyd olunmuşdu, lakin bu əhali xristian albanlar kimi təqdim edilmişdi.[32] Beləliklə, hər iki dərsliyin verdiyi məlumatları müqayisə etsək, məlum olur ki, 15-ci əsrdə katolikosluq Kilikiyadan İrəvana köçürülənə qədər şəhərdə “Azərbaycan türkləri” ilə yanaşı xristian albanlar yaşamış, sonra isə onlara xristian ermənilər də əlavə olunmuşdur.

Dərsliyin 126-cı səhifəsindən Qarabağ xanlığının beş məlikliyi haqqında məlumat verilir və bu məliklər separatçılıqda ittiham edilir.[33] Qarabağın xristian alban məlikləri haqqında məlumat verən dərslik Xaçın məlikliyi istisna olmaqla, yerdə qalan dörd məlikliyin əhalisinin Qarabağa başqa yerlərdən köçdüyünü iddia edir. Məsələn, dərslik yazır ki, Çiləbörd məlikliyinin əhalisi Qarabağa Mağavizdən gəlib, Mağavizin əhalisi isə 18-ci əsrdə Makudan İrəvan əyalətinə köçüb. Bu izah iki sual doğurur: 1) Makudan Mağavizə köçənlər kimlərdir? 2) Mağaviz harada yerləşir? Dərslik məlikliklərin əhalisini xristian albanlar kimi təqdim etdiyindən belə bir nəticə çıxara bilərik ki, Makudan İrəvana köçənlər albanlar olub. Lakin indiyə qədər İranın ərazisində hər hansı xristian alban izi haqqında heç bir mənbə məlum deyil. Lakin dərslik əvvəlki səhifələrdə Səfəvilər dövlətinin xristian erməni əhalisindən bəhs edir. Bu səbəbdən də Makudan İrəvana  köçənlərin xristian erməni olduqlarını ehtimal edə bilərik. Mağavisin harada yerləşməsi haqqında çoxlu sayda tarixi mənbələr mövcuddur. Mən Osmanlı mənbələrinə müraciət etməyi məqsədəuyğun saydım. 16-cı əsrdə  Osmanlılar işğal altında olan Şirvan torpaqlarını idarə etmək üçün imperiya idarə üsuluna uyğun inzibati bölgü (sancaqlıqlar) yaradır, vergi sistemini nizamlamaq üçün xüsusi dəftərlər tərtib edirlər. Belə dəftərlərdən biri də Gəncə-Qarabağ bölgəsi üzrə tərtib olunub. Sancaqlığın mərkəzi Xaçın idi, sancaqlığa daxil olan nahiyələrdən biri isə Məğavuz idi. Osmanlı mənbələrinə görə, Məğavuz Qarabağ sancaqlığının bir bölgəsidir.[34]

Dizaq məlikliyi əhalisinin Lorudan gəldiyi bildirilir. Lori ilə bağlı yuxarıda verilən izah buranın əhalisinin xristian albanlardan deyil, ermənilərdən ibarət olduğunu söyləməyə əsas verir.  Loridən əhalinin köçməsinə icazə verənin isə Nadir şah olduğu bildirilir.[35] Vərəndə məlikliyinin Göyçədən köçdüyü bildirilir. Göyçədən köçənlər də alban deyil, ermənilər idilər. Dərslik yazır ki, Talış məliyi Şirvandan qaçaraq Qarabağa gəlmişdir. 18-ci əsr müəllifi Yesai Həsən Cəlalyan “Aluank bölgəsinin qısa tarixi” adlı kitabında Şirvanın Qarasu adlanan ərazisində ermənilərin kompakt şəkildə yaşadığını yazır və ermənilərin oraya Qarabağ adlanan yerdən köçdüyünü qeyd edir.[36] Feodal və işğalçı müharibələrin daimi olduğu orta əsrlərdə əhalinin tez-tez yerdəyişməsi adi hal idi.

Dərsliyin 148-ci səhifəsində Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən bəhs edilir və bağlanan müqavilə nəticəsində bir sıra tarixi Azərbaycan torpaqlarının Rusiya tərəfindən ilhaq edildiyi yazılır. Bu torpaqlar içərisində müasir Azərbaycan dövlətinin sərhədlərindən kənarda yerləşən Borçalı, Loru və Pəmbəkin adları çəkilir. Bu yerlərin ikisi Ermənistanla bilavasitə əlaqədardır. Lori (Loru) haqqında yuxarıda məlumat verildiyi üçün mən Pəmbək üzərində dayanacağam. Pəmbək Lori vilayətində axan çayın adıdır, onun ətrafındakı yaşayış məskəni də Pəmbək adlanır. Rusiya imperiyasının mənbələri 15-ci əsrin sonlarına qədər bu ərazinin əsas əhalisinin ermənilərdən ibarət olduğunu yazır. Uzun Həsən Gürcüstanı asılı vəziyyətə salandan sonra onun cənub sərhədlərində türk tayfalarını yerləşdirir, bu, yerli ermənilərin Pəmbəkdən Gürcüstan ərazisinə köçməsi ilə nəticələnir. Debed çayı ətrafında məskunlaşmış türkləri (rus dilli mənbələrdə tatarlar adlandırılır) pəmbəklilər  adlandırırdılar. Həmin dövrdə Pəmbəklə yanaşı  Qazax, Şuragel və Şəmşəddilin də türkləşməsi başlanır.[37] Türkoloq Faruk Sümər də adları çəkilən ərazilərin tamamilə türkləşməsini 15-ci əsrə aid edir.[38] Dərslik Rusiyanın bölgədə aktivləşməsi dövründə erməniləri işğalçıların xeyrinə cəsusluqda ittiham edir.[39]

Dərsliyin müəllifləri yazır ki, Rusiya imperiyası Cənubi Qafqazı işğal etdikdən sonra bu ərazilərə ermənilərin köçürülməsi üçün Türkmənçay müqaviləsinə xüsusi maddə əlavə edilir. Çox güman ki, müəlliflər Türkmənçay müqaviləsinin 15-ci maddəsini nəzərdə tuturlar. Lakin bu maddədə ermənilərin İran ərazisindən Qafqaza və xüsusilə də, Şirvana köçürülməsi ilə bağlı heç bir şərt yoxdur. Maddə bir il ərzində İranın Azərbaycan vilayətindəki təbəələrinin heç bir maneə olmadan Rusiya təbəəliyinə keçməsinə imkan yaradırdı.[40]

9-cu sinif Azərbaycan tarixi dərsliyində ermənilər ilk olaraq Rusiya imperiyasının köçürmə siyasəti ilə əlaqədar xatırlanılır: imperiya müsəlman əhaliyə etibar etmədiyi üçün xristian əhalini  bölgəyə köçürürdü, bunların içərisində ermənilər də var idi.[41] Dərslik erməniləri “vətəni olmayan və dünyanın müxtəlif ölkələrinə səpələnmiş xalq” kimi təqdim edir və əlavə edir ki, Rusiyanın ermənilərə xüsusi qayğı göstərməsinin və onları tarixi Azərbaycan torpaqlarına köçürməsinin əsas səbəbi ermənilərin təbəələri olduqları Qacarlar dövləti və Osmanlı imperiyasına xəyanətidir. Bu şərh ilə bağlı iki problem yaranır. Birincisi, dərsliyin müəllifləri iddia edirlər ki, ermənilər nə Osmanlı imperiyası, nə də Qacarlar dövlətinin yerli sakinləridirlər və bu ərazilərə haradansa köçüblər. Lakin həm tarixi mənbələr, həm də müasir Türkiyə və İran tarixşünaslığı bu iddianı rədd edir.[42] İkinci problem köçürmə siyasəti ilə bağlı İran ərazisində yaşayan xristian əhalinin etnik mənşəcə erməni olması ilə bağlıdır. 8-ci sinif Azərbaycan tarixi dərsliyində müəlliflər iddia edirdilər ki, Mağavizdə yaşayanlar xristian albanlardır və onlar bu ərazilərə İrəvandan, İrəvana isə Makudan köçüblər. İndi isə məlum olur ki, İran ərazisində yaşayan xristian əhali alban deyil, ermənidir, çünki çarizmin köçürmə siyasəti ilə bağlı İrandan köçürülən xristian əhali arasında alban elementi qeyd edilmir. Müəlliflərin “erməni xəyanəti” adlandırdığı ermənilərin Osmanlı imperiyasında milli azadlıq, İranda isə 20-ci əsrin əvvəllərində demokratiya uğrunda mübarizəsi idi. Dərslik qeyd edir ki, Azərbaycana köçürülən ermənilər üçün Qarabağ, Naxçıvan, İrəvan və Borçalı ərazilərinin daxil olduğu Erməni vilayəti yaradılır. Bu vilayət 1840-cı il inzibati-ərazi islahatları nəticəsində iki yerə bölünür və onun yerində Naxçıvan və İrəvan qəzaları yaradılır. 1849-cu ildə isə bu iki qəzanın əsasında İrəvan quberniyası təşkil olunur.[43]

Dərsliyin 54-cü səhifəsində milli-demokratik hərəkatdan bəhs edilərkən milli partiyalar haqqında məlumat verilir, Difai partiyasının kütləvi qırğınlar törədən “erməni terrorçuları və onları himayə edən çar məmurlarını cəzalandırdığı” bildirilir. Erməni-müsəlman davasının səbəbləri erməni Daşnaksutyun partiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq istəyi ilə izah olunur. Dərslik yazır ki, “bölgənin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil etdiyi”ndən bu istəyi reallaşdırmaq üçün “İrəvanı, Gəncə və Qarabağı azərbaycanlı əhalidən təmizləmək” lazım idi. Bu səbəbdən daşnaklar bu əraziləri müsəlmanlardan təmizləmək əmri vermişdilər. Erməni hərbi dəstələri müxtəlif bölgələrdə azərbaycanlı müsəlman əhalini qıraraq sayca üstünlüyə nail olmağa çalışırdılar.[44] Dərslik həmçinin qeyd edir ki, erməni-müsəlman qarşıdurması azərbaycanlıların milli birliyini gücləndirib.

Çarizm devrildikdən sonra bölgədə gedən prosesləri şərh edən dərslik yazır ki, Bakı və ətraf rayonlarda Bakı Soveti, regionun qalan hissəsində isə gürcü, azərbaycanlı və ermənilərin təşkil etdiyi Cənubi Qafqaz Komissarlığının hakimiyyəti bərqərar olmuşdu.[45] Bu, azərbaycanlılarla ermənilərin əməkdaşlığı haqqında Azərbaycan tarixi dərsliyində qeyd olunan ilk məlumatdır.  1918-ci ilin mart-sentyabr aylarında Bakı quberniyasında silahlı toqquşmalar Bakı Soveti sədri Şaumyan tərəfindən Azərbaycan türklərinə qarşı təşkil edilmiş soyqırım kimi qiymətləndirilir. Lakin dərslik bu soyqırımın siyasi motivini də qeyd edir:  soyqırımın məqsədi Müsavat partiyasını sosial bazası ilə birgə məhv etmək idi.[46]

1918-1920-ci illərin siyasi prosesləri şərh edilərkən ermənilərin Naxçıvan, Zəngəzur və Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlər, bu cinayətlərin qarşısını almaq üçün azərbaycanlıların silahlı müqavimət təşkil etməsi, Naxçıvanda Araz-Türk Respublikası yaratması qeyd olunur.[47] Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu müddətdə daima qonşu Ermənistanın ərazi iddiaları ilə qarşılaşmalı oldu. Dərslik qeyd edir ki, dövlət yarada bilmək üçün ermənilərin siyasi-inzibati mərkəzə ehtiyacı var idi və erməni nümayəndələri Azərbaycan Milli Şurasına müraciət edərək İrəvanın onlara mərkəz kimi verilməsini istədilər. Milli Şuranın 29 may 1918-ci ildə keçirilən iclasında İrəvanın ermənilərə güzəştə gedilməsi barədə qərar qəbul edildi. Əvəzində, ermənilər “Azərbaycan torpaqları olan Zəngəzur, Naxçıvan, Şərur-Dərələyəz və Qarabağın dağlıq hissəsinə” olan ərazi iddialarından əl çəkəcəklərinə söz verdilər. Dərslik bildirir ki, ermənilər vədlərinə əməl etmədilər. Ermənilər “tarixi Azərbaycan torpaqlarında dövlət yaratdılar”, “iddia etdikləri torpaqlarımızda şəhər və kəndlərimizi dağıdaraq yerli əhaliyə qarşı soyqırımı törətməkdən belə çəkinmədilər”.[48]

Azərbaycan və Ermənistanın sovetləşməsindən sonra baş verən proseslər şərh edilərkən sovet hakimiyyəti dövründə Azərbaycanın ərazisinin 12 min. kv.km-ni  itirdiyi vurğulanır. İkinci dünya müharibəsindən sonra Ermənistan rəhbərliyi növbəti dəfə Moskva qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin – Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı məsələ qaldırır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edilir. Beləliklə, dərslik iddia edir ki, sovet rəhbərliyinin və Ermənistanın anti-Azərbaycan siyasəti nəticəsində Ermənistan SSR-də yaşayan azərbaycanlıların sayı xeyli azalır.  Azərbaycanda isə əks proses gedirdi.  Kəndlərdən şəhərlərə işləməyə gələn ermənilərin hesabına iri şəhərlərdə “erməni əhalisinin sayı süni surətdə” artırılırdı.[49] 1947-ci il qərarı ilə bağlı qeyd etməliyəm ki, köçürülmə könüllülük prinsipi əsasında aparılıb, Ermənistanda yaşayan azərbaycanlılar məcburi şəkildə Azərbaycana köçürülməyib. Lakin onlar təklif olunan ərazilərə gəldikdən sonra buradakı iqlim şəraiti, pambıqçılıq təsərrüfatında iş onları təmin etməmiş, azərbaycanlıların əksəriyyəti yenidən geri, Ermənistana qayıtmışdır. Sovet dövründə daxili miqrasiyalar isə ümumən iqtisadi faktorlarla bağlı idi. Sovet dövrünün son statistik göstəriciləri sübut edir ki, bölgələrdən şəhərlərə köçənlər içərisində ermənilər deyil, məhz azərbaycanlılar üstünlük təşkil ediblər.[50]

SSRİ-nin dağılması ərəfəsində baş verən hadisələr şərh edilərkən erməni millətçilərinin ərazi iddiaları və bunun nəticələri haqqında yazılır: İrəvan və Xankəndidə oturan erməni millətçiləri əvvəlcə öz soydaşlarının qanını tökmək, buna görə azərbaycanlıları günahlandırmaq və sonradan bunun ətrafında bir təbliğat kampaniyası təşkil etmək istəyirdilər. “Bu, yüzilliklər boyu sınaqdan çıxmış erməni üsulu idi”. Məhz bu amil 28–29 fevral tarixlərində Sumqayıtda iğtişaş və zorakılığın başlanması üçün əsas təkan oldu.[51] Sumqayıt hadisələrində yalnız bir tərəfi, erməniləri günahlandıran dərsliyin müəllifləri Bakıda ermənilərə qarşı baş vermiş zorakılıqları xatırlatmaq istəməmişdilər.

Ermənistan və ermənilər dünya tarixi kontekstində

Qədim dünya tarixinə həsr olunmuş 6-cı sinif dərsliyində müasir Ermənistanın da ərazisinin daxil olduğu Urartu dövləti haqqında məlumat verilmir. Urartu yalnız Assuriya və Midiya ilə qarşıdurmalar zamanı xatırlanılır.[52] İran platosunda mövcud olmuş qədim dövlətlərdən (Əhəməni, Parfiya, Sasani) bəhs edilərkən ermənilər haqqında məlumata rast gəlinmir. Elmi ədəbiyyatdan məlumdur ki, fars mənşəli Orontid sülaləsi Əhəmənilərin nəzarətində olan Ərməniyyə satraplığını idarə edib.[53] Parfiya dövlətinin ən qüdrətli hökmdarlarından biri hesab edilən II Mitridat isə Ərməniyyəni tabe etdikdən sonra  çarın oğlu (və ya qardaşı oğlu) Tiqranı girov götürüb. Tiqran II Mitridat tərəfindən sonradan Ərməniyyə çarı təyin olunur və II Tiqran adı ilə ölkəni idarə edir.[54] Sasani Şapur 3-ci əsrin ortalarında Ərməniyyəni işğal edərək imperiyaya qatır və vəliəhd olan oğlu Hörmüz-Ərdəşiri Ərməniyyə taxtına oturdur.[55] Lakin dərslik bu hadisələr haqqında susmağı üstün tutur və beləliklə də, bölgənin qədim tarixindən erməni izlərini silmiş olur.

Ermənilərin tarixinə dərslik ilk dəfə dolayısı ilə “Qafqaz 7-9-cu yüzilliklərdə” adlı hissədə toxunur. Dərslik erməni terminini işlətmir və yazır ki, “Azərbaycan ərazisində feodal dağınıqlığından istifadə edən yəhudi mənşəli Baqratlı sülaləsinin hakimləri  şərqə doğru hücumları artırdılar.” Bu sülalə isə Abxaz-Kartli  (gürcü) dövlətini idarə edirdi.[56] Dərslik Baqratlı sülaləsinin digər qolunun Van ətrafında möhkəmlənməyə çalışdığını yazır. 11-ci yüzildə Bizansın himayə etdiyi Baqratlı sülaləsinin işğalçı planları Oğuz-Səlcuq türklərinin bölgəyə axınları nəticəsində tamamilə puça çıxdı. Kim idi “yəhudi mənşəli” Baqratlı sülaləsi?

Dərsliyin Baqratlı kimi təqdim etdiyi əslində Baqratunilər idi və bu sülalənin  yəhudi mənşəli olması haqqında iddialar mövcuddur. Bu iddianı ilk səsləndirənlərdən biri erməni salnaməçisi Movses Xorenatsi olub. Lakin müasir tədqiqatçılar bunun həqiqətə uyğun olduğunu düşünmürlər və Baqratuniləri Urartu, Atropatena-Midiya  və ya fars-erməni elementinə daha yaxın hesab edirlər.[57] Ərəb işğalları dövründə işxan ləqəbini daşıyan Baqratuni sülaləsinin nümayəndələri təqribən həmin dövrlərdə müstəqil padşahlıq yaratmağa müvəffəq olublar. Bunun əsas səbəblərindən biri isə ərəblərin güclü Mamikonyan ailəsini deyil, Baqratuniləri dəstəkləməsi olub.[58]

Orta əsrlərdə erməni izinə ən çox rast gəlinən dövlətlərdən biri də Bizans imperiyasıdır. Dərslikdə  Bizans imperiyasına həsr olunan hissədə bu imperiyanın çoxmillətli olduğu, əhalisinin əksəriyyətinin yunanlardan təşkil olunduğu bildirilir, lakin ermənilər haqqında heç bir məlumat verilmir.[59] Halbuki ermənilər nəinki Bizans imperiyasının ərazisində yaşayırdılar, Bizans imperatorlarından bəzisi yarı-erməni mənşəli olub. Buna misal olaraq, 610-641-ci illərdə hakimiyyətdə olmuş I Heraklusu göstərmək olar.[60]  387-ci ildə Ərməniyyə iki imperiya, Sasani və Bizans imperiyası arasında bölüşdürüldükdən sonra isə Qərbi Ərməniyyə və ya Bizans Ərməniyyəsi termini meydana gəlir. Dərslik Sasanilərlə Romalılar arasında müharibələrdən bəhs edərkən Ərməniyə sözünü işlətməmək üçün bu hadisələri unudur.

8-ci sinif Ümumi tarix dərsliyində “Şərq ölkələri 17-18-ci yüzilliklərdə” adlı bölmənin  “Qafqaz” hissəsində 16-cı əsrdə Osmanlılarla Səfəvilərin Qafqaz uğrunda mübarizəsindən bəhs edilir. Bu hissədə gürcülər haqqında məlumat verilsə də, ermənilərin adına rast gəlinmir.[61] Buna baxmayaraq, tarixin bu dövründə də bölgədə erməni izini görmək mümküdür. Dərslik yazır ki, Cənubi Qafqazın Osmanlı hakimiyyəti altına keçməsi ilə barışmayan Borçalı-Pəmbək (Pambak müasir Ermənistan ərazisidir) və Qazax əhalisi özlərinin müstəqil xanlıqlarını yaradırlar.

Digər maraqlı məqam Lori ilə bağlıdır. Azərbaycan tarixi dərsliyində “Azərbaycan torpağı Loru” kimi təqdim olunan Lorinin adı Ümumi tarix dərsliyində təhrif edilmir, onun qədim Azərbaycan torpağı olduğu da iddia olunmur.  Qeyd edildiyi kimi, Lori qədim və erkən orta əsr mənbələrində Taşir kimi qeyd olunub. 11-ci əsrdə Taşir-Dzoraget çarlığının hakimi I David bu ərazidə Lori adlı qala tikdirdikdən sonra ərazi Lori adlanmağa başlayıb.

18-ci əsrin hadisələri  haqqında məlumat verərkən dərslik bölgənin xristian əhalisinin müsəlman dövlətlərin işğalçı yürüşlərindən yaxa qurtarmaq üçün Rus çarı I Pyotra pənah apardığını yazır. Erməni əhalinin mövcudluğundan bəhs edilməsə də, erməni keşişindən bəhs edilir və bu isə dolayısı ilə bölgədə erməni əhalinin olmasından xəbər verir.[62]

Yeni və müasir dövrə həsr olunmuş 9-cu sinif Ümumi tarix dərsliyində  Qafqaz adlı bölmə və ya hissə yoxdur. “Dünya ölkələri 19-20-ci yüzilliyin əvvəllərində” başlıqlı hissədə Rusiyaya həsr olunmuş paraqraf var. Bu paraqrafda Qafqazın Rusiya tərəfindən işğalından bəhs olunur. Osmanlı imperiyasından və Qacarlar dövlətindən ermənilərin kütləvi şəkildə köçürülüb “Azərbaycan torpaqlarında” yerləşdirilməsi çarizmin bölgədə həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi təqdim edilir.[63] Bununla dərslik müasir Azərbaycanın sərhədlərində yerləşmiş iki dövlətin, Osmanlı imperiyası və Qacarlar dövlətinin tərkibində böyük erməni icmasının yaşadığını qəbul edir.

Osmanlı imperiyasına həsr olunan hissədə imperiya tərkibində yaşayan qeyri-müsəlman millətlərə qarşı diskriminasiyadan bəhs edilməsə də, 1839-cu ildə elan olunan “Gülhanə xətti-şərifi” fərmanı bunu təsdiq edir. Fərmanda bütün təbəələrin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmin olunması, vergilərin düzgün toplanılması, iltizam sisteminin ləğv edilməsi və orduya çağırışın qaydaya salınması nəzərdə tutulurdu. Dərslik yazır ki, bu fərman dini etiqadından asılı olmayaraq, imperiyanın bütün təbəələrinə hüquq və vəzifə cəhətdən bərabərlik vəd edilirdi.

Rusiya-Osmanlı müharibələrindən bəhs edilərkən ərazi dəyişikliyi məsələlərinə toxunulur, lakin bu zaman da erməni məsələsinə toxunulmur. Məsələn, 1877-ci ildə bağlanan San-Stefan sülh müqaviləsi Ərdəhan, Batum və Qarsın Rusiya tərəfindən ilhaqı ilə nəticələnir. Bu ərazilərdən Qars Azərbaycan üçün əhəmiyyət kəsb edir, çünki AXC dövründə mübahisəli ərazilərdən sayılırdı, əraziyə həm ermənilər, həm gürcülər, həm də azərbaycanlılar iddialı idi. Qars haqqında erkən məlumatlara 9-cu əsrdən erməni və Bizans salnamələrində rast gəlinir.[64] 929-961-ci illərdə Qars erməni Baqratuni padşahlığının, 963-1065-ci illərdə isə erməni Qars və ya Vanand  padşahlığının paytaxtı olub. 961-ci ildə erməni çarı III Aşot paytaxtı Ani şəhərinə köçürür. Qars 1065-ci ildə Bizans, sonra isə Səlcuqlar tərəfindən işğal edilib. Ermənilər Səlcuq hökmranlığı dövrünə qədər  əhalinin əsas hissəsini təşkil ediblər.

Dərslik Osmanlı imperiyasında dərin böhrandan və imperiyanın tənəzzülündən  bəhs edərkən 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində azlıqların milli-azadlıq hərəkatı haqqında heç bir məlumat vermir.  Birinci dünya müharibəsinə həsr olunan hissədə də Osmanlı imperiyası ərazisində milli azlıqlara qarşı qırğınlar haqqında danışılmır, lakin erməni xəyanətindən bəhs edilir.[65] Dərslik vurğulayır ki, Osmanlı ordusunun 1915-ci ilin əvvəlində Sarıqamış döyüşündə məğlub olması Anadolunun şərqində rus qoşunlarının hücum əməliyyatlarına başlamasına əlverişli şərait yaratdı. Bu əməliyyatlarda ruslar tərəfindən silahlandırılan könüllü erməni hərbi birlikləri aktiv iştirak etmiş, bölgənin türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirmiş və dəhşətli dağıntılar törətmişdilər. Dərslik eyni zamanda erməni əhalinin rus ordusuna hərtərəfli yardım göstərdiyini qeyd edir, lakin ermənilərin öz dövlətlərinə bu cür mənfi münasibətinin səbəblərini izah etmir. 


Qeyd və istinadlar

[1] Ümumi tarix. 6-cı sinif. (Azpoliqraf LTD, 2021), 49.

[2] Zimansky, Paul E. “Urartu”. The Oxford Encyclopedia of Archaeology in the Near East. (Oxford University Press, 2011).

[3] Robert Rollinger “The Median ‘Empire’, the End of Urartu and Cyrus the Great’s Campaign in 547 BC (Nabonidus Chronicle II 16) “. Ancient West & East 7, 2008, 61 (pp.51-66).

[4] Azərbaycan tarixi. 6-cı sinif. (Təhsil Nəşriyyat-Poliqrafiya, 2022), 103.

[5] Azərbaycan tarixi. 7-ci sinif. (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023), 11.

[6] Roller, Duane W. A historical and topographical guide to the geography of Strabo. (Cambridge University Press, 2018). Book 12, Central and Northern Anatolia, 678.

[7] Lang David M. The Armenians: A People in Exile. (Routledge, 1981), Introduction, p. x.

[8] Azərbaycan tarixi. 7-ci sinif. (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023),16.

[9] Armenia: Art, Religion, and Trade in the Middle Ages. Helen C. Evans, ed. Exhibition Catalogue (New York: Metropolitan Museum of Art, 2018), Chapter 1, 31.

[10] Orta əsr şərq mənbələrində Rum Bizans imperiyasının adıdır. Səlcuqların dövründə isə yalnız Kiçik Asiya torpaqları Rum adlandırılırdı.

[11] Караулов Н. А. Сведения арабских писателей X и XI веков по Р. Хр. о Кавказе, Армении и Адербейджане. Выпуск 1, Ал-Истахрий. (Типография Канцелярии главного начальника гражданской части на Кавказе, 1901–1902). 2 т., 185, 192.

[12] Azərbaycan tarixi. 7-ci sinif, 25.

[13]Yenə orada.

[14] Yenə orada, 36.

[15] Yenə orada, 38.

[16] Yenə orada, 56.

[17] Yenə orada, 61.

[18] Yenə orada, 50.

[19] Bax: Woods J. The Aqquyunlu: Clans, Confederation, Empire. (University of Utah Press, 1999), 78.

[20] Robert H. Hewsen, “The Primary History of Armenia: An Examination of the Validity of an Immemorially Transmitted Historical Tradition”, In History in Africa Vol. 2, (Cambridge University Press, 1975), 93.

[21] Yenə orada.

[22] Azərbaycan tarixi. 7-ci sinif, 109.

[23] Yenə orada.

[24] Azərbaycan tarixi. 8-ci sinif. (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023), 23.

[25] Gürcülər qonşuları erməniləri somxi, ölkələrini isə Somxeti adlandırırlar.

[26] Toumanoff C. Studies in Christian Caucasian history. (Georgetown University Press, 1963), 474-75.

[27] Azərbaycan tarixi. 8-ci sinif, 27.

[28] Yenə orada, 58.

[29] Yenə orada, 103.

[30] Yenə orada, 105.

[30] Yenə orada.

[31] Yenə orada, 110.

[32] Bax: Azərbaycan tarixi. 7-ci sinif, 109.

[33] Azərbaycan tarixi. 8-ci sinif,, 127.

[34] “Gence-Karabağ eyaleti icmal defteri”.-lstanbul, Başbakanlık Arşivi, Tapu- Tahrir defteri, N: 699.

[35] Azərbaycan tarixi. 8-ci sinif, 127.

[36]  A Brief History of the Aghuank Region (Patmufiwn Hamaröt Aghuanits‘ Erkri) A History of Karabagh and Ganje from 1702-1723, Introduction and Annotated Translation by George A. Boumoutian, (Mazda Publishers Inc. Costa Mesa, 2009) 56.

[37] Утверждение русского владычества на Кавказе том 12, (Типография Канцелярии Главноначальствующаго гражданскою частью на Кавказѣ, Лорисъ -Меликовская улица, доліъ казенный, 1901), 26–7.

[38]Sümer, F. (1957). “Azerbaycan’ın Türkleşmesi Tarihine Umumi Bir Bakış.” Belleten, 21(83), 445–7..

[39] Azərbaycan tarixi. 8-ci sinif, 149.

[40]Россия. Законы и постановления. Полное собрание законов Российской империи. Собрание 2-е. (Тип. 2-го Отделения cобственно ее императорского величества канцелярии, 1830–1885), т.3, 130.

[41]Azərbaycan tarixi. 9-cu sinif. Bakı: Şərq-Qərb, 2024, 10.

[42]Əhəməni, Parfiya, Sasani və Bizans imperiyasında erməni izi ilə bağlı problemə Ümumi tarix dərsliyinin təhlili zamanı toxunacağıq. Osmanlı dövlətinin qurulduğu ilk dövrlərdə Bizans ərazisindəki ermənilərlə bağlı bax: Halaçoğlu, Yusuf. Ermeni Tehciri (20. bas.). (Babıali Kültür Yayıncılığı, 2011); Qədim İranda erməni izi ilə bağlı bax: Pourshariati P. Decline and Fall of the Sasanina Empire. (IB-Tauris, 2017).

[43] Azərbaycan tarixi. 9-cu sinif. Bakı: Şərq-Qərb, 2024, 16

[44] Yenə orada, 63.

[45] Yenə orada, 76.

[46] Yenə orada, 82.

[47] Yenə orada, 98.

[48] Yenə orada, 102.

[49] Yenə orada, 132.

[50] Козлов, В.И. Национальности СССР: этно-демографический обзор. (Финансы и Статистика,

1982), 91, 93, 97, 120.

[51] Yenə orada, 139.

[52] Ümumi tarix. 6-cı sinif. Bakı:Azpoliqraf LTD, 2021, 52, 55.

[53] Toumanoff, Studies in Christian Caucasian history, 278.

[54] Olbrycht, Marek Jan. “Mithridates VI Eupator and Iran”. In Højte, Jakob Munk (ed.). Mithridates VI and the Pontic Kingdom. Black Sea Studies. Vol. 9. (Aarhus University Press, 2009), 164–166.

[55] Chaumont, M. L. “Armenia and Iran ii. The pre-Islamic period”. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica. Vol. II/4: Architecture IV–Armenia and Iran IV. (Routledge & Kegan Paul, 1986). 418–438.

[56] Yenə orada, 33.

[57]Периханян А. Г. “Арамейская надпись из Зангезура”, Историко-филологический журнал. N 4, 1965, 110.

[58] Bax: Garsoïan Nina G., “The Arab Invasions and the Rise of the Bagratuni (640–884)”. In Hovannisian, Richard G. (ed.). The Armenian People from Ancient to Modern Times. Vol. 1. (St. Martin’s Press, 1997), 117-142.

[59] Ümumi tarix. 7-ci sinif, 54.

[60]Armenia: Art, Religion, and Trade, 34.

[61] Ümumi tarix. 8-ci sinif  (Şərq-Qərb, 2023), 52.

[62]Ümumi tarix. 8-ci sinif, 57.

[63] Ümumi tarix. 9-cu sinif, (Şərq-Qərb, 2024), 27.

[64] Constantine Porphyrogenitus. De Administrando Imperio [On Administering the Empire]. Moravcsik, Gyula, ed. English Translation by Jenkins R.J.H. (Washington D.C. 1993), 199-204.

[65] Ümumi tarix. 9-cu sinif, 44.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.