Cəmiyyət

Cəmiyyət

Ermənistan və ermənilər sovet dövrü dərsliklərində (Üçüncü hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ermənistan və ermənilərin tarix dərsliklərində imicinə həsr olunmuş bu sonuncu hissədə sovet dövrü dərsliklərini araşdıracağam. Bunun üçün mənim ən azı üç səbəbim var. Müasir Azərbaycanda sovet dövrü tarix dərsliklərinin ifrat saxtalaşdırılması haqqında fikir mövcuddur. Bu fikrin nə dərəcədə doğru olmasını Ermənistan və ermənilərin tarix dərsliklərində necə təqdim olunması ilə aydınlaşdırmaq olar. Azərbaycan cəmiyyəti həmçinin düşünür ki, həm Rusiya imperiyası, həm də Sovet İttifaqı hər zaman ermənipərəst mövqe nümayiş etdirib. Dərsliklərdə Ermənistan və ermənilərin imicinin təhlil edilməsi bu məsələni araşdırmaq imkanı verəcək. Nəhayət, tədqiqat mövzumuz üç fərqli dövrdə yaradılmış dərsliklərin müqayisəsinə imkan yaradaraq, hansı dövrdə tarixin daha çox saxtalaşdırıldığını müəyyənləşdirmək imkanı yaradacaq. Əsas mövzuya keçməzdən əvvəl, ilk növbədə, SSRİ məktəblərində tarix fənninin tədrisi məsələsinə toxunmaq istəyirəm.

Nə qədər qəribə görünsə də, 1930-cu illərin əvvəllərinə qədər Sovet İttifaqında məktəblərdə tarix adlı fənn tədris olunmayıb. Bolşeviklər tarixin ideoloji əhəmiyyətini anlasalar da, onun klassik formada tədrisinin Sovet hakimiyyətinin maraqlarına xidmət etmədiyini düşünürdülər. Xalq Maarif Komissarlığında keçirilən müzakirələrdə tarix fənninin tədrisi ilə bağlı müxtəlif fikirlər səslənirdi. Bir qrup bolşevik ölkələrin, mədəniyyətin, texnikanın, iqtisadiyyatın inkişafına həsr olunmuş İctimaiyyətşünaslıq adlı bir fənnin tədrisini təklif edirdi. Digər təklif məktəbdə ayrı-ayrı fənlərin əvəzinə ətraf mühiti öyrənən Kompleks proqramın tədrisindən ibarət idi. Sonuncu təklifin ideoloqlarından biri Xalq Maarif Komissarının müavini, marksist-tarixçi Mixail Pokrovski idi. Tarixi “keçmişə atılmış siyasət” adlandıran Pokrovski arxiv sənədlərini, tarixi mənbələri fəhlə sinfinin siyasi düşmənlərə qarşı silahı adlandırırdı.1 Sovet Rusiyasının ilk Maarif Komissarı olmuş Anatoli Lunaçarski isə ümumiyyətlə tarixin məktəblərdə tədrisinə skeptik yanaşır, fikrini əsaslandırmaq üçün isə tarixiliyi mədəniyyətin ölümcül xüsusiyyəti adlandıran alman filosofu Fridrix Nitşeyə istinad edirdi.2

Sovet məktəblərində tarixin tədrisi ilə bağlı müzakirələr 1934-cü ildə SSRİ Xalq Komissarları Şurası və Ümumittifaq Kommunist Partiyası (ÜKP) Mərkəzi Komitəsinin (MK) qəbul etdiyi SSRİ məktəblərində mülkü tarixin tədrisi haqqında qərarla başa çatdı. Elə həmin il MK-nın Katibliyi İbtidai və natamam orta məktəblərdə elementar ümumdünya və SSRİ tarixi kursunun tədrisi haqqında qərar qəbul etdi.3 Qərara əsasən, SSRİ tarixi dərsi iki dəfə tədris olunmalı idi. 1-4-cü siniflərdə SSRİ tarixi qısaldılmış şəkildə elementar (sadə) kurs kimi tədris olunurdu, daha geniş şəkildə isə tədris 5-10-cu sinifləri əhatə edirdi. Ümumdünya tarixi kursu isə 5-9-cu siniflər üçün nəzərdə tutulmuşdu.

Ümumdünya və SSRİ tarixi üzrə dərsliklərin hazırlanmasına 1930-cu illərin əvvəllərindən başlandı. 1940-cı illərin əvvəllərində Sovetlərin bütün siniflər üzrə ilk tarix dərslikləri artıq nəşr edilmişdi. Bu dərsliklərin hazırlanması SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşlarına həvalə edilmişdi. Komandanın başında isə tanınmış tarixçi Anna Pankratova dururdu. Sovet tarix dərsliklərinin hamısı 1938-ci ildə İosif Stalinin redaktəsi ilə nəşr edilmiş “ÜKP tarixi. Qısa kurs” adlı kitabın məzmununa uyğunlaşdırılmışdı. Bu kitablarda tarix sinfi və xarici işğalçılarla mübarizə kontekstində şərh edilirdi.

1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində SSRİ məktəblərində 3 tarix fənni tədris olunurdu: Ümumdünya tarixi, SSRİ tarixi və Respublikaların tarixi. Bu fənnlərin içərisində, sözsüz ki, SSRİ tarixi aparıcı idi. 1963-cü ildən SSRİ dağılana qədər məktəblərdə 5-ci sinifdə Qədim dünya tarixi, 6-ci sinifdə Orta əsrlər tarixi, 7-8-ci siniflərdə iki hissədən ibarət SSRİ tarixi (ibtidai icma quruluşundan 19-ci əsrin sonuna qədər), 9-cu sinifdə Yeni tarix 1-ci hissə, SSRİ tarixi (1900-1938), və nəhayət, 10-cu sinifdə Yeni tarix 2-ci hissə, SSRİ tarixi (1938-1980-ci illər) tədris olunub. Mən bu məqalədə sovet məktəblərində son dövrdə tədris edilən SSRİ tarixiAzərbaycan tarixi dərsliklərində Ermənistan və ermənilərin imicini araşdıracaq, sonda üç dövrün (sovet, 1990-cı illər və 21-ci əsrin əvvəlləri) tarix dərsliklərində Ermənistan və ermənilərin imicini müqayisəli təhlil edəcəyəm.

Qeyd edim ki, Sovet dərslikləri terminologiyaları sərbəst işlədir, tarixilik prinsipinə əhəmiyyət vermirdilər. Məsələn, Sovet dərsliklərində Gürcüstandan bəhs edilərkən həm antik dövr, həm də müasir dövr üçün Gürcüstan termini işlədilib. Halbuki müasir Gürcüstan ərazisində mövcud olmuş ən qədim dövlət İberiya adlanırdı. Və yaxud azərbaycanlı termini 19-cu əsrin məhsulu olmasına baxmayaraq, dərsliklər müasir Azərbaycan ərazisinin qədim sakinlərini azərbaycanlı, onların dilini isə Azərbaycan dili adlandırıblar.

Ermənistan və ermənilər SSRİ tarixi dərsliyində

SSRİ tarixi üzrə geniş kurs 7-ci sinifdən başlayır. Dərsliyin müəllifləri şagirdlərə ünvanlanan müraciətdə yazırlar ki, “vətənin uzun, həyəcanlandırıcı, fasiləsiz əmək, xarici düşmənlərlə mübarizə ilə dolu” bir tarixi vardır və bu keşməkeşli tarixi mərhələlərdə bütün xalqlar ümumi düşmənlərə qarşı birgə mübarizə aparıblar.4 Bu mübarizədə slavyanların əsas düşmənlərinin “türkdilli xəzərlər, peçeneqlər və qıpçaqlar” olduğu bildirilir.

Dərslik ibtidai icma quruluşu ilə başlayır, 18-ci əsrin ortalarında təhkimçiliyə qarşı mübarizə ilə başa çatır. Qafqaz xalqları və Ermənistan haqqında ilk məlumata ibtidai icma quruluşu və SSRİ ərazisində ilk insan məskənləri ilə bağlı hissədə rast gəlinir.5 Dərslik yazır ki, Ermənistanda təpələrin birində yerli sakinlər qara daşlar tapırdılar və bu daşlar onlara “şeytanın barmaqları”nı xatırladırdı. Bu yeri elə “Şeytan təpəsi” də adlandırıblar. “Hazırda həmin yeri bütün dünya arxeoloqları tanıyır. Burada yerin, demək olar ki, üzərində ən qədim daş alətləri aşkar edilib.”6 İkinci dəfə Ermənistan adına erkən əkinçilik məskənləri haqqında məlumatla bağlı toxunulur, Yerevan ətrafında alimlərin SSRİ ərazisində ən qədim əkinçilik mərkəzlərindən birini aşkar etdiyi bildirilir.7

SSRİ ərazisində ən qədim quldar dövləti kimi Urartu təsvir edilir. Dərslik yazır ki, b.e.ə. 1-ci minillikdə “Zaqafqaziyada8, Ararat dağı və yüksəkdağlı Van gölü ətrafında” yaranmış bu dövlətin adı ilə Ararat dağının adı eyni kökdəndir. Urartu dövlətində inşaat mədəniyyətinin yüksək inkişaf etdiyi, qul əməyi nəticəsində dövlətin ərazisində möhtəşəm qalalar və sarayların tikildiyi bildirilir, bu tikililərin qalıqlarının müasir insanı heyrətə gətirdiyi vurğulanır.9 Sarayların divarları mərmərlə bəzədilmiş, rəngli daşlarla üzlənmişdi. Yerevanın kənarında aşkarlanmış sarayların birində 120 otaq, çoxlu sayda zirzəmilər aşkarlanmışdı. Zirzəmilərdə taxıl və şərabın saxlanıldığı hündür qablar tapılmışdı. Urartunun mədəniyyətindən bəhs edilərkən inşaat işləri ilə yanaşı yazıdan da bəhs edilir. Bizim dövrümüzə qədər gəlib çatmış, “gil və daş lövhələr üzərindəki mixi yazılarda təsərrüfat və çarların hərbi yürüşləri” haqqında məlumatlar əks olunub. Yazıların biri “b.e.ə.8-ci əsrin ortalarında Urartu hökmdarı olmuş I Argiştinin hərbi yürüşləri” haqqındadır. Dərslik yazır ki, qonşularla qəddar müharibələr Urartu dövlətini zəiflətdi və “b.e.ə. 6-cı əsrin əvvəllərində Urartu üç yüz il mövcud olduqdan sonra qonşu tayfalar tərəfindən darmadağın edildi.” Dərslik “erməni və gürcü xalqlarını Urartu mədəniyyətinin varisləri” hesab edir.10

Növbəti dəfə Ermənistan ərəb işğalları ilə bağlı xatırlanır. Zaqafqaziyanın tarixən müxtəlif düşmənlərin, romalıların, İran, Bizans və ərəblərin işğalına məruz qaldığını qeyd edən dərslik bölgədə yaşayan xalqların, azərbaycanlı, erməni və gürcülərin işğalçılara qarşı birgə mübarizəsindən danışır.11 Bu “xalqlar xarici işğalçılara qarşı bir-birlərinə yardım etmişdilər.” Belə mübarizələrdən biri kimi ərəb işğalçılarına qarşı əvvəl Azərbaycanda başlamış, sonra isə bütün bölgəni bürümüş Babəkin başçılığı altında üsyan göstərilir. Monqol işğallarına qarşı mübarizədə də dərslik “azərbaycanlı, erməni və gürcülər”in birgə mübarizəsindən bəhs edir, bu xalqların mədəniyyətinin onları işğal etmiş “monqolların mədəniyyətindən üstün və inkişaf etmiş” olduğunu bildirir.12 Dərslik yazır ki, “böyük dağıntılar törətmiş, bacarıqlı usta və alimləri qul kimi aparmış monqol işğalçıları Zaqafqaziya xalqlarının mədəniyyətinə ağır zərbə vurmuşdular.”

12-13-cü əsr feodal dağınıqlığı dövründən bəhs edən dərslik qeyd edir ki, Gürcüstan və Ermənistan dünyanın mədəni cəhətdən “ən çox inkişaf etmiş zəngin mərkəzlərindən” idilər.13 Dərslikdə Gürcüstan 11-13-ci əsrlərdə adlı yarımparaqraf olsa da, bu dövr Ermənistanı haqqında heç bir məlumat yoxdur.

8-ci sinif SSRİ tarixi dərsliyində Qafqaz xalqlarına həsr olunmuş bir fəsil var: “Qafqaz xalqları 19-cu əsrin 1-ci yarısında.” Bu fəsil Qafqazın Rusiya tərəfindən işğalına həsr olunub. Dərslik işğal ərəfəsində Qafqaz xalqlarının “İran və türk feodallarının zülmü altında yaşadığı”nı qeyd edir və əlavə edir ki, “İran və türklərin nəzarətindən kənarda qalmış ərazilərdə xırda dövlətlər mövcud idi və bu dövlətlər arasında ara müharibələri gedirdi, Kiçik Asiyanın qul bazarları Azərbaycan, Gürcüstan və Ermənistandan gətirilmiş əsirlərlə dolu idi.”14 Dərslik 1828-ci il müharibəsi nəticəsində “Şərqi Ermənistan və Şimali Azərbaycanın” Rusiyaya birləşdirildiyini qeyd edir, birləşmənin “könüllü” olduğunu, “gürcülər və ermənilərin dəstələr yaradaraq ruslara yardım etdiyi”ni bildirir. Dərslik həmçinin yazır ki, “ermənilər farslara qarşı fədakarlıqla vuruşur”dular. “Rusların hücumları ermənilərin azadlıq hərəkatını canlandırmışdı, onlar dağlarda partizan dəstələri yaradıb düşmənin arxasında qəhrəmancasına döyüşürdülər.”15 Dərslik həmçinin vurğulayır ki, “Ermənistanın rus qoşunları tərəfindən azad olunması bütün dünya ermənilərinin sevincinə səbəb oldu. Uzaq Hindistandan ermənilər yazırdılar.” “Yandırıcı günəş Ararat ölkəsi üzərində doğdu. … Bunun üçün bizim millətimiz aralarında hər zaman təhlükəsizlikdə və müdafiə olunaraq yaşaya biləcəyimiz insansevər Moskva millətinə borcludur.”16

9-cu sinif SSRİ tarixi dərsliyi 20-ci əsrin əvvəllərində Rusiyada inqilabi hərəkatla başlayır, 1930-cu illərin sonunda “sosializmin yenidənqurması” ilə başa çatır. Bu dərslikdə ermənilər ilk dəfə 1918-ci il hadisələri zamanı xatırlanır. Dərslik qeyd edir ki, inqilab dövründə Zaqafqaziyada gürcü menşeviklərin, erməni daşnakların və azərbaycanlı Müsavatın burjua-millətçi diktaturası bərqərar olur.17 1920-ci ilin noyabrında daşnak diktaturasına qarşı erməni fəhlə və kəndlilərin yeni üsyanı başladı və üsyan daşnak hökumətinin devrilməsi və Ermənistan Sovet Sosialist Respublikasının elan edilməsi ilə başa çatdı.18 Dərslik Zaqafqaziyada Sovet hakimiyyətinin qurulmasında dörd nəfərin, “Semyon Kirovun, Sergo Orconikidzenin, Anastas Mikoyanın və Nəriman Nərimanov”un xidmətlərini qeyd edir.

1938-ci ildən baş vermiş hadisələri əhatə edən 10-cu sinif SSRİ tarixi dərsliyində Ermənistan və ermənilərə həsr olunmuş hər hansı paraqraf yoxdur. Dərslik bütövlükdə sovet xalqının sosializm quruculuğundakı fədakarlığına həsr olunub.19

Ümumən, SSRİ tarixi kursunda Ermənistan və ermənilər haqqında qismən geniş məlumata qədim dövrlə bağlı hissədə rast gəlinir. Lakin müəlliflər elmi tədqiqatlara əsaslanaraq Urartu əhalisini müasir erməni milləti ilə eyniləşdirmirlər, müasir Ermənistan ərazisinin Urartu dövlətinin bir hissəsini əhatə etdiyini yazırlar. Tarixin digər mərhələlərində Ermənistan və ermənilər Qafqaz xalqlarının yadelli işğalçılara qarşı mübarizəsi zamanı xatırlanır və bu mübarizədə üç Cənubi Qafqaz xalqının birgə mübarizəsi ideyası təşviq edilir. Bu ideya tarixin bütün mərhələləri üçün keçərli deyil və Sovet dövlətinin “xalqların dostluğu” prinsipinə uyğunlaşdırılır. Sovet dərslikləri Cənubi Qafqazın Rusiya imperiyasına könüllü birləşdiyini yazmaqla tarixi qismən saxtalaşdırıblar. Çünki həmin dövrdə bölgədə mövcud olan xırda dövlətlərin bir qismi Rusiya imperiyasının işğallarına qarşı mübarizə aparsa da, bir qismi Rusiya təbəəliyini könüllü qəbul etmişdi.

Ermənistan və ermənilər sovet dövrü Azərbaycan tarixi dərsliklərində

7-8-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan tarixi dərsliyi ibtidai icma quruluşundan başlayır və 19-cu əsrin 2-ci yarısına qədər davam edir. Azərbaycan ərazisində erkən dövlət kimi təqdim olunan Mannanın güclü quldar dövlətləri Assuriya və Urartunun işğalçı hücumlarına məruz qaldığı, lakin hər iki dövlətin b.e.ə. 6-cı əsrdə fars tayfalarının əsarəti altına düşdüyü qeyd olunur.20 B.e.ə. 1-ci əsrdə romalıların Zaqafqaziyaya hücumu təsvir olunur, Ermənistan üzərinə hücumların Albaniya, Atropatena və İberiya üçün də ciddi təhlükə yaratdığı bildirilir. Dərslik yazır ki, romalılara qarşı mübarizədə Zaqafqaziyanın üç xalqı güclərini birləşdirmiş, Ermənistan paytaxtını müdafiə edən qoşunların sağ cinahını albanlarla atropatenalılar təşkil etmişdi.21 B.e.ə 66-cı ildə romalıların yenidən Zaqafqaziyaya hücum etdiyi, Pompeyin Ermənistanı ələ keçirdiyi, sonradan İberiya və Albaniya üzərinə yürüdüyü təsvir olunur.

Dərslik Azərbaycanda xristianlığın yayılması ilə bağlı yazır ki, “Albaniyada xristianlıq Ermənistan və Gürcüstanda olduğu kimi dərin iz buraxa bilmədi, insanlar uzun zaman günəşə, aya, oda və s. sitayiş edirdilər.”22 “Albaniya ilə Ermənistan arasında əlaqə yaradan Artsax vilayətində xristian kilsəsinin təsiri daha güclü idi. Bu vilayət erməni hökmdarlarının hakimiyyəti altına düşərkən erməni əhalisinin buraya axını gücləndi.”23 Dərslik Artsax vilayətinin “Dağlıq Qarabağ və Mil düzününü bir hissəsini əhatə etdiyi”ni yazır və qeyd edir ki, erməni əhalisinin bu əraziyə köçürülməsi nəticəsində “tədricən erməni əhalisinin dili yerli alban əhalisinin dili ilə qaynayıb qarışmış” və “erməni dilinin Qarabağ ləhcəsi meydana çıxmışdı.”24 Artsaxla bağlı bu şərh erkən orta əsr yazılı mənbələrinin təhlilinə söykənir. Bu mənbələr Artsax vilayətinin uzun müddət erməni hökmdarlarının təsiri altında olduğu və hökmdarların vilayətdə sosial dayaq yaratmaq üçün köçürmə siyasətindən istifadə etdiyi haqqında məlumat verir.

Sasani dövrünü şərh edən dərslik yazır ki, Zaqafqaziyanı işğal etmək uğrunda sasanilərlə romalılar arasında uzun sürən müharibələr olmuşdu. Bu müharibələrdə hər iki imperiya “albanlarla köçəri hun tayfalarını” öz tərəfinə çəkməyə çalışmışdı. Hunlar artıq o zamanlar tez-tez Albaniyaya hücum edir və oradan Atropatenaya qədər gəlib çıxa bilirdilər.25 Dərslik yazır ki, uzun sürən müharibələr “387-ci ildə Ermənistanın bölüşdürülməsi ilə nəticələndi. Albaniya və Şərqi Gürcüstan Sasanilərin hakimiyyəti altında qaldı.” 6-cı əsrin əvvəllərində hunlar Albaniyada hakimiyyəti ələ keçirdilər və 2 il onun ərazisində qaldılar, yalnız iki ildən sonra Sasanilər Albaniyada hakimiyyətlərini bərpa edə bildilər.26

Dərslik diqqəti Sasanilər dövründə köçürmə siyasətinə çəkərək bölgənin etnik tərkibinə aydınlıq gətirməyə çalışır. Dərslik yazır ki, “Zaqafqaziyada hakimiyyəti gücləndirmək üçün Sasanilər bu ərazilərdən albanları, iberləri, erməniləri qovur, onların yerinə fars dilli tayfaları yerləşdirirdilər. Nəticədə Orta Asiyada albanlardan, ermənilərdən, iberlərdən ibarət ayrı-ayrı məskənlər əmələ gəldi, Abşeronda və Azərbaycanın indiki bəzi şimal-şərq rayonlarında isə fars dilində danışan əhali məskən saldı.”27 Sasanilərin işğal olunmuş ərazilərdə dini siyasətindən bəhs edən dərslik yazır ki, hakimiyyət xristian dinini sıxışdırdığı üçün “450-ci ildə Albaniya, İberiya və Ermənistanda güclü üsyan baş verdi. Üsyançılar öz aralarında əlaqə yaradıb Şimali Qafqazın köçəri tayfalarına və Bizansa müraciət etdilər. Üsyançı dəstələrə erməni knyazı Vardan Mamikonyan başçılıq edirdi.”28 Maku şəhərinin cənubunda Avaray çölündə baş verən həlledici döyüşdə üsyançılar məğlub oldu.

Ərəb işğalları dövrü təsvir olunarkən Albaniya, Gürcüstan və Ermənistan tarixi əlaqəli bölgələr kimi təqdim olunur, Babəkin başçılığı altında üsyanın tezliklə “Ermənistan, Gürcüstan və Orta Asiya”ya da sıçradığı qeyd olunur.29 Cənubi Qafqaz xalqlarının işğalçılara qarşı birgə mübarizəsi haqqında sonrakı dövrlərdə də bəhs edilir. Monqol və Teymurun işğalları dövründə Cənubi Qafqazın hər üç xalqının əsarət altında əziyyət çəkdiyi, “Səfəvi dövləti ilə sultan Türkiyəsinin müharibələri” nəticəsində isə Zaqafqaziyanın yenidən bölüşdürüldüyü qeyd olunur.30

Cənubi Qafqaz xalqlarının qarşılıqlı əlaqələri klassik feodalizm dövrü mədəniyyətindən bəhs edilərkən də qeyd olunur. Dərslik yazır ki, “Azərbaycanın Gürcüstan, Ermənistan, Orta Asiya, İran və Ərəb Şərqindəki ölkələri ilə qarşılıqlı mədəni əlaqələri genişlənirdi. Xaqaninin əsərlərində Azərbaycan xalqının gürcü və erməni xalqı ilə dostluğundan dəfələrlə bəhs edilib.”31 18-ci əsr Azərbaycan mədəniyyətindən bəhs edilərkən Zaqafqaziya xalqlarının dostluq münasibətlərinə toxunulur, Təbrizdə yaşayan erməni aşıq Miranın “Azərbaycan dilində” mahnılar qoşduğundan, Sayat-Novanın 3 dildə gözəl şeirlərindən bəhs edilir.32

Xanlıqlar dövrü ilə bağlı hissədə Qarabağ məlikləri, erməni əhalinin Rusiyanı bölgəyə dəvət etməsi haqqında heç bir məlumat yoxdur. Lakin “Ağa Məhəmməd Qacarın Qarabağa hücumu zamanı xanlığın bütün əhalisinin işğalçılara qarşı vuruşduğu” yazılır, Qarabağ tarixçisi Mirzə Camala istinadən, “azərbaycanlılar və ermənilərin vahid bir qoşun düzəldib düşmənə qarşı çiyin-çiyinə çıxış etdiyi” bildirilir.33

9-10-cu sinif Azərbaycan tarixi dərsliyi bütövlükdə 20-ci əsrin hadisələrinə həsr edilib. Bu dərsliyin əsas mövzusu inqilabi hərəkat, sosializm quruculuğu və Sovet İttifaqı dövlətinin tədbirləridir. 9-cu sinif dərsliyi inqilabi hərəkatla başlayıb 1938-ci ilə qədər olan, 10-cu sinif isə 1980-ci illərin əvvəllərinə qədər olan hadisələri əhatə edir.34 Ermənistan və ermənilərlə bağlı yeganə məlumat 20-ci əsrin əvvəllərində Bakıda inqilabi hərəkatla bağlıdır. Dərslik yazır ki, çarizm Bakıda “diqqəti inqilabdan yayındırmaq üçün qırğınlar və talanlardan istifadə edir, bu işdə çarizmə erməni və azərbaycanlı burjuaziya yardım edirdi, Yelizavetpol və Şuşada da belə qırğınlar təşkil etməyə cəhd göstərilmişdi.”35 1918-ci il mart hadisələrini dərslik Sovet dəstələri ilə Müsavat dəstələrinin toqquşması kimi təqdim edir və bu proseslərdə Müsavatı günahlandırır: “Müsavatçılar Bakıda Sovet hakimiyyətinə qarşı qiyam hazırlayırdılar.” Toqquşmada hər iki tərəfdən 20 min nəfərin iştirak etdiyi iddia olunur. Dərslik daşnakların sinfi döyüşləri millətlər arasındakı toqquşmalara çevirməyə cəhd göstərdiyini yazır və əlavə edir ki, daşnaklar Azərbaycan əhalisini öldürməyə və talan etməyə başladılar, lakin “Sovet qoşunları daşnakların fitnəsini dəf etdi.”36 Qafqaz İslam ordusu və AXC hərbi hissələrinin Bakıya daxil olması “Zaqafqaziyaya türk-alman müdaxiləsi” kimi təqdim olunur, may ayında türk qoşunlarının Ermənistanı, alman qoşunlarının isə Gürcüstanı işğal etdiyi bildirilir.37 1918-ci ilin avqustunda isə eserlər, menşeviklər və daşnakların ingilislərin göstərişi ilə əksinqilabi Sentrokaspi diktaturası təşkil etdiyi qeyd olunur.

Beləliklə, sovet dövrü dərslikləri 1918-1920-ci illər hadisələrinin interpretasiyasını tamamilə sovet ideologiyasına tabe ediblər. Bu hadisələrin əsas günahkarı Müsavat, onun əsas siyasi rəqibi daşnaklar elan olunub, bolşeviklər isə bu hadisələrdə sülhməramlı qüvvə kimi təqdim edilib. Halbuki mənbələr tamamilə fərqli tarixi təqdim edir. Münaqişənin siyasi xarakter daşıması şübhəsizdir, lakin bu siyasi mübarizədə əsas tərəflər daşnaklarla müsavatçılar deyil, müsavatçılarla bolşeviklər olub, daşnaklar isə bolşeviklərin tərəfində döyüşüblər.

20-ci əsrin ikinci yarısında baş verən proseslərə həsr olunmuş 10-cu sinif dərsliyində Ermənistan haqqında yeganə məlumat sosializm quruculuğu ilə bağlı nailiyyətlər zamanı təqdim olunur. Dərslik yazır ki, müharibə bitdikdən sonra xalq təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilib, “Azərbaycan, Ermənistan və Gürcüstan kolxozçularının ənənəvi sosializm yarışı yeni yüksəkliklərə qalxıb.”38

Nəticə

Üç hissədən ibarət olan bu yazıda mən keçən əsrin sonlarından başlayaraq günümüzə qədər Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərində Ermənistan və ermənilərin imicinin transformasiyasını araşdırmağa cəhd etdim. Bu müqayisəli təhlil Azərbaycanın yaxın qonşusu, həmçinin bölgədə əsas rəqibi hesab edilən Ermənistan və ermənilərə olan münasibəti təhlil etməklə yanaşı, hakimiyyətin xarakter və məzmunundan asılı olaraq cəmiyyətə necə bir tarixin təqdim olunduğunu da anlamağa yardım edir.

Sovet dövrü dərslikləri professional tarixçilər tərəfindən yazılır, ciddi senzuradan keçdikdən sonra Maarif Nazirliyi tərəfindən təsdiqlənərək dövriyyəyə buraxılırdı. Bu, o deməkdir ki, sovet dövründə bütün məktəblər eyni dərslikdən istifadə edirdi və tarixə alternativ baxış formalaşdıran dərsliklər mövcud deyildi. Bu dərsliklər həm SSRİ, həm də dünya tarixini sinfi mübarizə bucağından təqdim edirdi, bu mübarizə daxildən quldarlıq dövründən başlayaraq sovet hakimiyyətinin qurulmasına, xaricdən isə SSRİ-nin mövcudluğuna qədər (imperializmə qarşı mübarizə) davam etmişdi. Qədim və klassik feodalizm dövrü təsvir olunarkən müəlliflər tarixi mənbələrə istinad edir və dərsliklərdəki şərhlər müxtəlif dövrlər üzrə sovet və dünya mütəxəssislərinin elmi araşdırmalarına uyğunlaşdırılırdı. Lakin kapitalizm dövrünün şərhi fərqli idi və marksist nəzəriyyəyə əsaslandığından ifrat dərəcədə siyasiləşdirilmişdi. Marksizm nəzəriyyəsi sovet tarixçilərini siyasi tarixi təhrif etməyə, onu kommunist partiyasının göstərişinə uyğun şərh etməyə vadar edirdi.

Sovet dövrü dərsliklərinin digər xüsusiyyəti oxucunu qədim zamanlardan SSRİ xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcudluğuna inandırmaq cəhdi idi. Müəyyən dövrlər üçün bu prinsip doğru olsa da, davamlı tarixi proses olmamışdı. Çünki işğallar, ara müharibələri, sürgünlər, köçürülmə və yerdəyişmələrlə müşayiət olunan qədim və orta əsrlərdə dostluq və qonşuluq sabit və stabil xarakter daşımamış, dini və siyasi faktorlardan asılı olmuşdu.

Sovet dövrü tarix dərsliklərinin digər xüsusiyyəti sovet xalqı tarixinin Rusiya və rus xalqı tarixi kontekstində təqdim olunması idi. Sovet dövründə respublikaların milli tarixi səthi təqdim olunur, sovet ideologiyasına, marksist nəzəriyyəsinə uyğunlaşdırılması çətin olan proseslər inkar edilir, ziddiyyətli məqamlar təhrif olunurdu. SSRİ dərsliklərində bütövlükdə Ermənistan və ermənilərin tarixinə cəmi bir neçə səhifə həsr olunub, ermənilərin bu dərsliklərdə hər hansı xüsusi çəkisi yoxdur. Rusiya işğalları nəzərə alınmazsa, Ermənistan tarixinin sovet dərsliklərində saxtalaşdırıldığını söyləmək çətindir, ermənilərlə bağlı bir çox məsələlər sadəcə olaraq dərsliklərə daxil edilməyib. 20-ci əsrin əvvəllərində bütün imperiya ərazisində aktual olan millətlərarası münaqişələr, qırğınlar bu məsələlərdən biridir.

SSRİ dağıldıqdan sonra müstəqilliyin ilk dövründə mövcud olan demokratik şərait Azərbaycan tarixçilərinə tarixi müxtəlif rakurslardan araşdırmaq və təqdim etmək imkanı verdi. İlk dəfə məktəblərdə alternativ dərsliklərdən istifadə etmək imkanı yarandı. Bu dövrdə də dərslikləri professional tarixçilər yazırdılar və onlar təqdim etdikləri tarixin ilkin mənbələrə və elmi araşdırmaların nəticələrinə söykənməsinə çalışırdılar. Məhz bu dövrdə yazılan tarixi dərsliklərdə qədim və erkən orta əsrlər şərh edilərkən ilk dəfə erməni mənbələrinə istinadlara rast gəlinir. Qeyd etməliyəm ki, sovet dövründə də Azərbaycanın erkən orta əsrlər tarixi üçün əsas mənbə rolunu erməni narrativlərinin məlumatları oynayıb, lakin həmin dərsliklərdə bu mənbələrə birbaşa istinadlar olmayıb. Bu istinadlara ilk dəfə 1990-cı illərin əvvəllərində yazılan dərsliklərdə rast gəlinir. Lakin bu dərsliklər erməni-azərbaycanlı münasibətlərinin kəskinləşməsi və millətçiliyin yüksək həddə çatması fonunda yazıldığı üçün bir sıra məsələlər, xüsusilə azərbaycanlıların etnogenezi, türkləşməsi, dini tolerantlıq kimi məsələlər elmi əsası olmayan və ya ziddiyyətli iddialara söykənmişdi. Sovet dövrü dərsliklərinin toxunmadığı, yan keçdiyi və ya təhrif etdiyi bir çox məsələlərə bu dərsliklərdə aydınlıq gətirilsə də, onların dəlillərə, istinadlara ehtiyacı vardı. Bu dərsliklərin digər ciddi problemi müasir dövrün azərbaycanlı-erməni münaqişəsini süni şəkildə qədimləşdirməsi və erkən orta əsrlərə köçürməsi cəhdi idi. Bu cəhdləri reallaşdırmaq üçün Azərbaycan tarixçiləri dərsliklərdə istifadə olunan mənbələri təhrif etmişdilər.

21-ci əsrdə yaradılan tarix dərslikləri Elm və Təhsil Nazirliyinin sifarişi ilə yazılır, senzuradan keçdikdən sonra təsdiqlənir və dövriyyəyə buraxılır. 1990-cı illərdən fərqli olaraq, hazırda Azərbaycan məktəblərində alternativ tarix dərsliklərinə yer yoxdur. Sovet dövründə olduğu kimi, müasir Azərbaycanda da yalnız hakimiyyət yönümlü tarix mövcuddur. Bu dərsliklər də professional tarixçilər tərəfindən yazılır. Lakin sovet dövründən fərqli olaraq, onlarda vahid konsepsiya olmadığı üçün tarix ziddiyyətlidir, dərsliklərdəki iddialar çox zaman bir-birini inkar edir, şərhlər isə bir-birinə uyğun gəlmir. Azərbaycanda son yarım əsrdə istifadə olunan tarix dərsliklərinin hamısı ifrat dərəcədə siyasiləşmiş, saxtalaşdırılmış, istinad edilən mənbələrin məlumatları isə təhrif edilmişdir. Sovet dövrü dərslikləri antik və orta əsrlər dövrünü elmi ədəbiyyata uyğunlaşdırsalar da, sinfi mübarizə kontekstindən çıxmamış, tarixilik prinsipini pozmuşdular.

Milli tarixin daha ətraflı və ardıcıl təqdim edilməsini müstəqillik dövrünün ilk illərində yazılmış dərsliklərdə görürük. Lakin bu dərsliklərin də ən ciddi qüsuru tarixilik prinsipinin pozulması, müasir dövrün problemlərinin, xüsusilə də, azərbaycanlı-erməni gərginliyinin qədim dövrə transfer edilməsidir. Hər üç dövrün müqayisəli təhlili 21-ci əsrdə yazılmış dərsliklərdəki tarixin daha çox saxtalaşdırıldığını göstərir. Bu dərsliklər həm uzaq, həm də yaxın keçmişi təhrif edir, tarix elminin nailiyyətlərini inkar edir, elmi ədəbiyyatdan çox populist yazılara söykənir. Bu dərsliklərdə istinad edilən mənbələrin əksəriyyəti ya təhrif olunur, ya da qərəzli təqdim edilir. Bu isə milli dövlətlərdə tarixin daha obyektiv yazıla biləcəyi iddiasını inkar edir.

Qeyd və istinadlar

  1. Покровский М. Н. Политическое значение архивов. Известия Центрального бюро краеведения. 1925. № 1. s. 23
  2. Луначарский А. В. О преподавании истории в коммунистической школе. «Проблемы народного образования», 2-е издание, М., 1925, s. 101–124.
  3. Постановление Совета Народных Комиссаров Союза ССР и Центрального Комитета ВКП(б). О преподавании гражданской истории в школах СССР. 15 мая 1934 г. Известий ЦИК Союза ССР и ВЦИК от 16 мая 1934 г., № 113.
  4. SSRİ tarixi 7 sinif. Bakı: Maarif, 1971, 1.
  5. Yenə orada, 9.
  6. Yenə orada.
  7. Yenə orada, 13.
  8. SSRİ dövründə hazırda Cənubi Qafqaz adlandırılan bölgə Zaqafqaziya adlandırılırdı.
  9. Yenə orada, 16.
  10. Yenə orada, 17.
  11. Yenə orada, 65.
  12. Yenə orada, 73.
  13. Yenə orada, 87.
  14. SSRİ tarixi. 8-ci sinif. Bakı: Maarif 1982, 73-74.
  15. Yenə orada, 74.
  16. Yenə orada, 75.
  17. SSRİ tarixi. 9-cu sinif. Bakı: Maarif 1982, 167.
  18. Yenə orada, 241.
  19. SSRİ tarixi. 10-cu sinif. Bakı: Maarif 1982.
  20. Azərbaycan tarixi. 7-8-ci siniflər üçün dərslik. Bakı: Maarif, 1978, 11-12.
  21. Yenə orada, 15.
  22. Yenə orada, 21.
  23. Yenə orada.
  24. Yenə orada.
  25. Yenə orada.
  26. Yenə orada.
  27. Yenə orada, 23.
  28. Yenə orada, 24.
  29. Yenə orada, 32.
  30. Yenə orada, 51-52, 56, 66.
  31. Yenə orada, 45.
  32. Yenə orada, 98.
  33. Yenə orada, 100.
  34. Azərbaycan tarixi. 9-10-cu siniflər üçün dərslik. Bakı: Maarif, 1981.
  35. Yenə orada, 20.
  36. Yenə orada, 80.
  37. Yenə orada, 82-4.
  38. Yenə orada, 204.

Birinci hissəyə keçid:

İkinci hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.