Cəmiyyət

Cəmiyyət

Dreyfus, Myasoyedov, Əbilov, Səmədov və yaxud dövlətə “xəyanət” etmək

Read this article on other language
Download article
image_pdf
image_pdf

2024-cü ilin yayında Azərbaycanda bir-birinin ardınca iki tədqiqatçı, Belarus Dövlət Universitetinin keçmiş müəllimi İqbal Əbilov və Çexiyanın Karlova Universitetinin doktorantı Bəhruz Səmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ittihamı ilə həbs olunublar. Məhkəmə hər iki tədqiqatçını təqsirkar bilərək Əbilovun 18 il, Səmədovun isə 15 il azadlıqdan məhrum edilməsi haqqında qərar qəbul edib. Sosial şəbəkələrdə cəmiyyətin bir hissəsi açıq şəkildə bu cür ittihamlara inanmadığını, digər hissəsi isə inandığını ifadə edir və ya ehtimal edə bilərik ki, özünü inanmış kimi göstərir. Əbilova və Səmədova qarşı irəli sürülən ittihamlar, istintaq prosesi və məhkəmə qərarının nə qədər şəffaf olduğu, cinayət-prosessual məcəlləsinə nə dərəcədə uyğun aparıldığı Bakı Araşdırmalar İnstitutu tərəfindən (Səmədov işi) təhlil edildiyi üçün bu məsələyə toxunulmayacaq.[1] Məqsəd Əbilov və Səmədov işləri kimi cəmiyyətdə fikir ayrılığı yaratmış iki məşhur tarixi məhkəmə işini – Dreyfus və Myasoyedov işləri – xatırlatmaq və dövlətə xəyanət ittihamına inananlar və inanmayanların hansı dəyərlərə söykəndiklərinə aydınlıq gətirməkdir.

Dreyfusun Fransada Üçüncü Respublika dövrünə, Myasoyedovun isə Rusiya imperiyasının Birinci Dünya müharibəsində iştirakı dövrünə təsadüf etmiş dövlətə xəyanət ittihamı ilə bağlı məhkəmə prosesləri siyasətçi və ziyalılar arasında ciddi əks-səda doğurmuşdu. Dreyfusun işi Fransa ziyalılarını və siyasətçilərini iki hissəyə parçalamışdı. Bir qrup Dreyfusun dövlətə xəyanət etdiyinin məhkəmə tərəfindən sübuta yetirilmədiyini və bu səbəbdən də onun xəyanətkar olduğuna inanmadığını bildirmişdi. Digər qrup isə məhkəmə qərarına inanmayanları milli maraqlara xəyanət edənlər adlandırmış və beləliklə də, sübut yetərsizliyinin əhəmiyyətli olmadığını, Dreyfusun xəyanətkar olmasının milli maraqlara xidmət etdiyini bildirmişdi. Rusiyada isə əksinə, bir qrup siyasətçi və hərbiçi Myasoyedova qarşı rəsmi ittiham səsləndirilməmişdən əvvəl ona qarşı qarayaxma kampaniyasına başlamış, ziyalılar isə bu məsələ ilə bağlı fikir bildirməkdən çəkinmişdilər. Hər iki dövlətdə xəyanət ittihamının saxta olduğunu bilən bir qrup siyasətçi və ziyalılar şəxsi maraqları naminə açıqlamalarında ittihama inandıqlarını bildirmişdilər.

Alfred Dreyfus: Fransada dövlətə xəyanət etmək

1894-cü ildə Fransa ordusunun 35 yaşlı yəhudi mənşəli artilleriya kapitanı Alfred Dreyfus məxfi məlumatları Parisdəki Alman səfirliyinə ötürməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilir.  Cəzasını çəkmək üçün Şeytan adası kimi tanınan Bagne de Cayenne adlı adadakı həbsxanaya göndərilən Dreyfus olduqca ağır şəraitdə saxlanılır. Dreyfus məhkum ediləndən iki il sonra Fransa ordusunun zabiti, podpolkovnik Mari-Jorj Pikar əsl xəyanətkarın Fransa ordusunun mayoru Şarl Ferdinand Esterhazi olduğunu müəyyənləşdirir və bu haqda Baş Ştaba məlumat verir. Lakin ordu generalları, bir qrup siyasətçi və Baş Ştab Dreyfusa qarşı irəli sürülən ittihamın saxta olduğunu bilə-bilə geriyə çəkilmirlər, Dreyfusu ittiham etməkdə davam edirlər, əsl cəsusu isə müdafiə edirlər. İki gün davam edən məhkəmə prosesi yüksək rütbəli hərbi zabitlərin təzyiqi sayəsində Esterhaziyə bəraət verir, saxta sənədlər əsasında isə Dreyfusa əlavə ittihamlar irəli sürülür. Elə həmin il Fransanın tanınmış ədəbiyyat tənqidçisi Bernar Lazar Məhkəmə səhvi: Dreyfus işi haqqında həqiqət adlı pamflet dərc etdirir. Lazar Fransa polisinin pamfleti müsadirə edəcəyindən ehtiyat etdiyi üçün onu Fransada deyil, Belçikada dərc etdirir.  Lazar Dreyfusa qarşı irəli sürülən bütün ittihamları bir-birinin ardınca darmadağın edir və onların əsassız olduğunu sübuta yetirir. Lazar xüsusi olaraq qeyd edir ki, Dreyfusun işi sadə məhkəmə səhvi deyil, günahsız insanı zərbə altına qoymaq üçün atılmış düşünülmüş addımdır.[2]

Bu hadisədən iki il sonra Fransanın yəhudi mənşəli məşhur yazıçısı Emil Zola Fransa prezidenti Feliks Fora Günahlandırma! (J’Acuse…!) adlı açıq məktub yazır, hökuməti antisemitizmdə və Dreyfusu qanunsuz həbsə atmaqda ittiham edir. Zola məktubunda diqqəti məhkəmə prosesi zamanı yol verilən hüquq pozuntularına və dəlil yetərsizliyinə yönəldir. Məktub L’Aurore qəzetinin ön səhifəsində dərc olunur və həm Fransada, həm də xaricdə böyük əks-səda doğurur. Fransa məhkəməsi bu dəfə də Zolanı böhtan atmaqda günahkar bilərək həbsinə qərar verir. Həbsdən canını qurtarmaq üçün Zola İngiltərəyə qaçmağa məcbur olur.

Beləliklə, Dreyfus işi Fransa cəmiyyətini iki yerə parçalayır, Dreyfusu xəyanətkar hesab edənlər əsasən antisemit mövqedə duran millətçilər idi, onun günahsız olduğunu düşünənlər bu cür hisslərdən uzaq olan ziyalılar, aktyorlar, şair və yazıçılar, rəssamlar, alimlər, siyasətçilər idi. Dreyfusun günahsız olduğunu bilə-bilə ona qarşı irəli sürülən ittihamlara inandıqlarını bəyan edənlər isə şəxsi mövqelərini, vəzifələrini, siyasi nüfuzlarını itirməkdən ehtiyat edənlər idi.  1899-cu ildə Dreyfus yeni ittihamlarla daha 10 il həbs cəzasına məhkum edilir, lakin 1906-cı ildə bəraət qazanır, azadlığa çıxır, orduya bərpa olunur, Birinci Dünya müharibəsində döyüşür və podpolkovnik rütbəsi ilə ordudan tərxis olunur.

Dreyfusun işi Fransanın Almaniyaya qarşı hərbi uğursuzluqları, millətçilik və antisemitizmin ən yüksək həddə çatdığı bir dövrə təsadüf etmişdi. Dreyfusun məhkəmə prosesi zamanı Fransa mətbuatı yəhudilərə nifrəti əks etdirən materiallar, illüstrasiyalar dərc etdirir, ictimaiyyətin antisemit  hisslərini alovlandırırdı.[3] Belə bir şəraitdə Dreyfusu açıq şəkildə müdafiə etmək, Fransa məhkəməsini ədalətsiz qərarlar qəbul etməkdə günahlandırmaq cəmiyyətdə böyük nüfuza malik insanlar üçün də asan deyildi. Lakin Pikarın əsl xəyanətkarı müəyyən etməsindən sonra bir qrup ziyalı  Dreyfus işinə yenidən baxılması üçün tələblər səsləndirməyə başladı. Lazar və Zolanın ardınca siyasətçi Jorj  Klemanso sahibi və baş redaktoru olduğu L’Aurore qəzetində bir məqalə dərc etdirir. Məqalədə Klemanso mayor Esterhazinin kimlər tərəfindən himayə edildiyinə aydınlıq gətirməyə çalışır. Buna cavab olaraq millətçilər Klemanso və Dreyfusu müdafiə edən  ziyalıları hədəfləyən yazılar dərc etdirirlər. Dreyfus işi təkcə Fransa cəmiyyətini deyil, Fransa ziyalılarını da parçalayır. Sağçı mövqedə olan ziyalılar Dreyfusu müdafiə edən ziyalıları milli maraqlara xəyanətdə ittiham edirlər. Dreyfus işi azad mətbuatın səyləri nəticəsində Fransa sərhədlərini aşaraq bir çox Avropa dövlətlərində anti-Fransa nümayişlərinin keçirilməsinə səbəb olur. Fransa ziyalılarının təzyiqlərinə dözə bilməyən Esterhazi Fransa hökuməti tərəfindən dəstəklənməsinə baxmayaraq, həbsdən yaxa qurtara bilməyəcəyini anlayır və İngiltərəyə qaçır. Esterhazi İngiltərədə The ObserverThe Sunday Times qəzetlərinin baş redaktoru Reyçel Birə iki müsahibəsində günahkar olduğunu etiraf edir, lakin buna görə heç bir cəza almır, ömrünün sonuna qədər İngiltərədə yaşayır.

Dreyfus işi Fransa cəmiyyətinin bütün sosial təbəqələrinə təsir etdi, ölkənin siyasi həyatını ciddi şəkildə silkələdi, Dreyfusa qarşı olan və Dreyfusu dəstəkləyən bir çox siyasətçilər və intellektualların həyatında dönüş yaratdı. Dreyfusu müdafiə edən qrupun başında duranlardan biri,  Klemanso 1906-cı ildə Fransanın Baş naziri postunu tutur, Fransanın bir sıra respublikaçı siyasətçiləri siyasi səhnəni tərk etməli olur. Dreyfusun işi millətçiliyin ən yüksək nöqtəyə çatdığı, antisemitizmin tüğyan etdiyi, məhkəmə qərarlarının hakimiyyətin təzyiqi altında alındığı bir dövrdə bir qrup Fransa ziyalılarının və müstəqil mətbuatın ədalət, şəffaflıq və qanunun aliliyi uğrunda mübarizəsinə nümunədir. Dreyfus işi eyni zamanda ictimai debatın aparılması, hakim təbəqənin ədalətsiz siyasətinə qarşı dinc, mülki etirazın bir nümunəsidir. Dreyfus işi haqsız olduqları halda haqlı olduqlarını ifadə etməkdən çəkinməyən, haqlı görünmək üçün istənilən saxtakarlığa əl atmağa hazır olan siyasətçilərin, təbliğatçıların necə mübarizə apardıqlarının bir nümunəsidir.

Myasoyedovun işi və ya Rusiya imperiyasında dövlətə xəyanət

1915-ci il martın 18-də Varşavada təşkil olunmuş hərbi-səhra məhkəməsi Rusiya ordusu polkovniki Sergey Myasoyedovu dövlətə xəyanətdə, düşmən dövlətin xeyrinə cəsusluqda təqsirli bilərək edam edilməsi haqqında hökm çıxardı. Hökm iki saatdan sonra yerinə yetirildi, hökmün icrasından sonra isə məhkəmə qərarı elan olundu.

Myasoyedov Vilnonun (müasir Vilnyus) qədim köklərə malik zadəgan ailələrinin birində dünyaya gəlmişdi. 19-cu əsrin sonlarına doğru Myasoyedovlar nəsli kasıblaşsa da, ailənin Rusiya elitası ilə güclü bağları var idi. Myasoyedov bu bağlardan istifadə edərək 1892-ci ildə xidmət etdiyi Orenburq süvari polkundan istefa edib, Verjbolovo (müasir Virbalis, Litva) sərhəd şəhərində jandarmeriya rəisi vəzifəsinə təyin olunur. Var-dövlət, sərvət və gözəl həyat hərisi olan Myasoyedov vəzifəsindən varlanmaq üçün istifadə edir, eyni zamanda şəxsi əlaqələrini də inkişaf etdirirdi. Sərhəd-keçid məntəqəsinin rəisi kimi imperatorlardan II Nikolay, II Vilhelmlə, sərhəd məntəqəsindən istifadə edən digər yüksək rütbəli məmurlarla şəxsən tanış idi. Myasoyedov eyni zamanda tutduğu vəzifəsinə uyğun olaraq imperiya ərazisinə inqilabi xarakterli materialların daxil olmasına, qeyri-rəsmi emiqrasiyaya, hakimiyyətə qarşı təşkil edilə biləcək hər hansı aksiyaya qarşı da aktiv mübarizə aparırdı.

Lakin  var-dövlət hərisliyi onun fəaliyyətinin Daxili İşlər Nazirliyinin Polis Departamenti (qısa olaraq, Oxranka kimi tanınırdı) tərəfindən yoxlanılmasına səbəb oldu. Yoxlamalar heç bir nəticə vermədikdə Polis Departamenti rəhbərliyi ona qarşı bir neçə təxribat hazırlayır. Bu təxribatlar da bir nəticə vermədikdə Polis Departamenti Myasoyedovu qaçaqmalçılıqda ittiham olunan bir qrup şəxsin məhkəməsinə şahid qismində çağırır. Məqsəd Myasoyedovu vəzifə səhlənkarlığında günahlandırmaq idi: başı şəxsi kommersiya işlərinə qarışmış Myasoyedovun dövlət sərhədinə lazımi diqqət yetirmədiyi və nəticədə ölkə ərazisinə qaçaq yolla silah-sursat keçirildiyi sübut olunmalı idi. Məhkəmə zamanı Myasoyedov Polis Departamentinin ona qarşı təşkil etdiyi təxribatlar haqqında məlumat verir və tam bəraət qazanır. Məhkəmə də öz növbəsində Daxili İşlər nazirinə əməkdaşlarının təxribatları haqqında məlumat verir və  bununla da, Myasoyedov nazir Pyotr Stolıpinin qəzəbinə düçar olur, rəhbərliyin təkidi ilə istefa verməli olur.

Myasoyedov yenidən hərbi xidmətə 1910-cu ildə Hərbi nazir Vladimir Suxomlinovla təsadüfi tanışlıqdan sonra qayıda bilir, lakin var-dövlət hərisliyindən, şəxsi biznesindən imtina etmir. Myasoyedovun dövlət vəzifəsi tuta-tuta şəxsi bizneslə məşğul olması onunla şəxsi münaqişədə olan Oxranka rəhbərliyinin diqqətindən yayınmır və tezliklə onun adı ilk dəfə olaraq şirkətinin səhmdarlarının birinin tanışı vasitəsilə alman əks-kəşfiyyatı ilə əlaqələndirilir və o, cəsusluqda ittiham olunur. Bu ittihamdan həm hökumətin, həm də Hərbi nazir Suxomlinovun tənqidçisi olan 17 Oktyabr İttifaqı Partiyasının (qısa olaraq, Oktyabristlər partiyası, sonralar Liberal Respublika Partiyası) lideri Aleksandr Quçkov məharətlə istifadə edir. Quçkov Suxomlinovu cəsusluqda ittiham olunan şəxsə himayədarlıq etməkdə günahlandırır. İttihamlara cavab olaraq, Myasoyedov Hərbi Nazirin adına iki məktub yazır. Birinci məktubda Myasoyedov istefasını xahiş edir, ikinci məktubda isə ona qarşı səsləndirilən əsassız cəsusluq ittihamlarına son qoymaq üçün həbs edilməsini və dərhal istintaqa cəlb olunmasını tələb edir.[4]

Suxomlinovun göstərişi ilə həm Hərbi Nazirlik, həm də Daxili İşlər Nazirliyi Myasoyedova qarşı səsləndirilən ittihamlarla bağlı istintaqa başlayırlar. Lakin heç bir istintaq Myasoyedova qarşı səsləndirilən ittihamları təsdiq edəcək bir sübut tapa bilmir. 1912-ci il mayın 16-da (yeni tarixlə 29-u) Novoye vremya qəzetində Hərbi Nazirliyin istintaqla bağlı məlumatı dərc olunur.[5] Məlumatda bildirilir ki, Myasoyedov Hərbi Nazirlikdə əks-kəşfiyyata rəhbərlik etməyib, aparılan təhqiqat nəticəsində Myasoyedova qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayıb. Myasoyedov bu qərarla kifayətlənmir, ona qarşı əsassız ittihamlarla Rusiya mətbuatında çıxış edən Quçkova qarşı böhtan atmaq ittihamı ilə məhkəməyə müraciət edir. Quçkov günahkar olduğunu boynuna alır və qəzetdə təkzib yazısı dərc etdirməyə hazır olduğunu bildirir. Quçkovun asanlıqla mövqeyindən imtina etməsi, haqsız olduğunu etiraf etməyə hazır olduğunu bildirməsi onun Myasoyedova qarşı irəli sürülən ittihamın əslində saxta olduğuna inandığına dəlalət edirdi. Lakin Quçkov bu vəziyyətdən şəxsi mənafeyi üçün, yəni hakimiyyəti qaralamaq üçün istifadə etmiş, dəfələrlə mətbuatda Myasoyedovu cəsusluqda ittiham etmişdi.

Birinci Dünya müharibəsi ərəfəsində Rusiya imperiyasında antisemitizmlə yanaşı, almanofobiya yayılmağa başlayır. Müharibə başladıqdan sonra isə həm cəbhədə, həm də ölkə ərazisində mövcud olan bütün problemlər və böhranların səbəbkarı almanlar elan olunur, alman imperatriçanın oturduğu imperator sarayının vətənpərvərliyi şübhə altına alınır. Rusiya cəmiyyətinin, demək olar ki, bütün təbəqələri arasında imperatorun həyat yoldaşı, əslən yarım alman olan Aleksandra Fyodorovnanın (əsl adı Alisa Gessen-Darmştadskaya) almanların himayədarı olması haqqında şayiələr yayılırdı. İmperator II Nikolayın Rusiya ordusunun Ali Baş komandanı təyin etdiyi əmisi oğlu Nikolay Nikolayeviçin xəyanətkar olması haqqında ilk şayiələr isə Birinci Dünya müharibəsi başlandıqdan bir ay sonraya təsadüf edir. Bu şayiələr əsassız deyildi.  Rusiya imperiyasının həm iqtisadiyyatında və dövlət idarəçiliyində, həm də ordusunda almanlar nəzərəçarpacaq çoxluğa malik idilər. Gennadiy Sobolev Gizli müttəfiq. Rus inqilabı və Almaniya kitabında bununla əlaqədar yazırdı ki, “alman üstünlüyü” o qədər cəlbedici mövzu idi ki, hamı ölkənin bütün bəlalarını dünənki müttəfiqlərin üstünə yıxaraq özünün gündəlik problemlərini həll etməyi fürsət bilirdi.[6] Almanofobiya hesabına “gündəlik” problemlərini həll etmək istəyənlərin arasında hakimiyyətə gəlmək istəyən siyasətçilər,  yüksək vəzifə əldə etmək istəyən məmurlar, yeni imtiyazlar əldə etmək istəyən elita var idi. Myasoyedova qarşı cəsusluq ittihamını dəstəkləmək bu mənada çar hakimiyyətinə qarşı döyüşən siyasətçi Quçkov, Hərbi nazir kürsüsünə oturmaq istəyən nazir müavini Aleksey Polivanov, hərbi bacarıqsızlığını ört-basdır etməyə can atan böyük knyaz Nikolay Nikolayeviç üçün əlverişli səbəb idi.

1912-ci ildə ilk dəfə dövlətə xəyanətdə ittiham olunan və bəraət alan Myasoyedov Birinci Dünya müharibəsi başlanandan qısa müddət sonra yenidən Hərbi Nazirə məktub yazaraq vətənə xidmət etmək istəyini bildirir və alman dilini mükəmməl bildiyi üçün 1914-cü ilin oktyabrında əvvəllər işlədiyi Verjbolovoda tərcüməçi kimi xidmətə başlayır. Xidmət etdiyi müddətdə Myasoyedov həm vəzifəsini layiqincə yerinə yetirir, alman qoşunlarının arxa cəbhəsinə kəşfiyyatçı kimi gedərək qiymətli məlumatlar toplayır, həm də alman qoşunlarının geri çəkildiyi ərazilərdə boş qalmış evləri qarətlə məşğul olurdu. Xidmətə başladıqdan 3 ay sonra Rusiya ordusu zabitlərindən biri, Yakov Kolakovskiy Myasoyedovun alman cəsusu olması haqqında Petroqrad polis departamentinə məlumat verir və əlavə edir ki, almanlar ali baş komandan böyük knyaz Nikolay Nikolayeviçi öldürməyi planlaşdırırlar və bu məqsədlə onun başına bir milyon rubl mükafat təyin ediblər.

Myasoyedovun cəsusluqla bağlı istintaqının aparılması böyük knyazın himayə etdiyi general Arseniy Quleviçin rəhbərliyi altında general Mixail Bonç-Bruyeviçə tapşırılır. Məhkəmələr nə qədər çar ailəsinin təsiri altında olsalar da, böyük knyaz istədiyi qərarı ala bilməyəcəyindən ehtiyat edir və işə Varşava məhkəməsində deyil, xüsusi yaradılmış hərbi-səhra məhkəməsində baxılmasına təkid edir.  Məhkəmə heç bir sübut olmadan, yalnız bir nəfərin, Kolakovskinin sözlərinə istinad edərək Myasoyedova yaxın və ona qohum olan 30 nəfəri həbs edir, həbs olunanların əksəriyyəti sürgünə göndərilir, Myasoyedov da daxil olmaqla, 4 nəfər edam olunur.[7] Növbəti il saxta ittihamlarla edam olunan Myasoyedovu sübut gətirərək Hərbi Nazir postundan kənarlaşdırılmış Suxomlinov həbs edilir.

Rusiya cəmiyyətinin müxtəlif təbəqələri –  mətbuat xadimləri, siyasətçilər, ziyalılar Myasoyedovun həbsi və edamını alqışla qarşılayır.[8] Rusiya mətbuatı Myasoyedova qarşı irəli sürülən ittihamı şübhə altına almır, Rusiya ziyalılarından heç biri ədalətli və şəffaf məhkəmə tələb etmir. Tarixçi Georgiy Katkov bununla əlaqədar yazır ki, Rusiya ictimai rəyi ilk dəfə olaraq bir məsələdə yekdil fikir formalaşdıra bilmiş, hakimiyyətin yuxarı dairələrində alman təsirinin olması rəsmi təsdiqini tapmışdı.[9] Myasoyedovun edamı ilə bağlı Rusiya cəmiyyətinin müxtəlif təbəqələrinin mövqeyini təhlil edən tarixçi Uilyam Fuller Daxildəki düşmən adlı tədqiqatında yazır ki, bəzi siyasətçilərin, həm liberal, həm də mühafizəkarların, eyni zamanda generallardan bəzilərinin Myasoyedov-Suxomlinov işində davranışı o qədər dəhşətli idi ki, diksinməmək mümkün deyildi. Günahsız bir insanın həyatını siyasi məqsədlərə qurban vermək alçaqlıqdır.[10] Birinci Dünya müharibəsi dövründə alman hərbi kəşfiyyatının rəhbəri olmuş Valter Nikolai də Myasoyedovun alman kəşfiyyatı ilə əlaqəsinin olduğunu təsdiqləmir.[11]

Nəticə

Dövlətə (vətənə) xəyanət istənilən ölkə vətəndaşı üçün ən ağır ittiham sayılır. Dövlətə xəyanət vətəndaşın qorumalı olduğu hakimiyyəti hədəfə alması, onu təhdid etməsi deməkdir. Erkən orta əsrlərdə dövlətə xəyanətin sinonimi hakimiyyətə qarşı çıxmaq, ona etibarsızlıq nümayiş etdirmək, ona qarşı üsyan qaldırmaq, ona qarşı döyüşmək idi. Dövlətə xəyanət eyni zamanda mütləq hakimiyyətə, hökmdara qarşı çıxmaq kimi şərh olunurdu. Dövlətə xəyanətin bu cür interpretasiyası 17-ci əsr İngiltərə və 18-ci əsr Fransa inqilablarına qədər davam etmiş, bu hadisələr zamanı müəyyən olmuşdur ki, yalnız xalqın nümayəndəsi deyil, hökmdarlar da xəyanətkar ola bilər. Bu inqilablar xalqının maraqlarını nəzərə almayan hökmdarı xəyanətkar elan etmişdi. Bu şərait təkcə aşağıların deyil, yuxarıların da xəyanətkar ola biləcəyi ehtimalını doğurmuşdu.

Bu yazı iki fərqli siyasi sistemə malik iki dövlətdə – Fransa Respublikasında və Çar Rusiyasında dövlətə xəyanət ittihamının kimə qarşı qaldırıldığını, hansı səbəbdən mümkün olduğunu, bu ittihamlara cəmiyyətin müxtəlif qruplarının reaksiyasını və onların nə ilə nəticələndiyini göstərmək  cəhdidir. 20-ci əsrin əvvəllərində Fransada respublika idarə-üsulu mövcud olsa da, məhkəmələr tam azad deyildi. Lakin mətbuat kifayət qədər azad idi və geniş kütlələrə fərqli fikirlərin səsləndirilməsi imkanını vermişdi. Fransa cəmiyyətinin Dreyfusun tərəfində olan hissəsi onu müdafiə etmirdi, məhkəmə prosesinin ictimaiyyətə açıq şəkildə və şəffaf keçirilməsini tələb edirdi. Ziyalıların və siyasətçilərin bir qrupu yaxşı anlayırdı ki, ədalətsiz məhkəmə və qeyri-şəffaf istintaq bir presedent olaraq gələcəkdə istənilən insanı dövlətə, vətənə xəyanətdə ittiham edərək təcrid etməyə imkan verəcək. Dreyfusun tərəfində olan hissə həqiqətin üzə çıxmasını tələb edirdi. Dreyfusa qarşı olan hissəni ədalətli məhkəmə, həqiqət maraqlandırmırdı; onlar Dreyfusun günahkar olduğuna hakimiyyətin sözü ilə inanırdılar. Dreyfusa qarşı ittihamın saxta olduğunu bilə-bilə özlərini inanan kimi göstərən hərbiçilər səriştəsizliklərini, vəzifə səlahiyyətlərini  aşdıqlarını ört-basdır edir, riyakarlıq edən siyasətçilər etibarlarını qoruyur, millətçi ziyalılar isə haqsız olduqlarını etiraf etmək istəmirdilər. Hakimiyyət isə etnik mənsubiyyətinə görə hədəflədiyi, məhkəmədə müdafiə olunmaq haqqını tanımadığı vətəndaşından  özünə sədaqət tələb edirdi.

20-ci əsrin əvvəllərində Rusiya imperiyasında mütləq monarxiya mövcud olsa da, parlament (Duma) fəaliyyətdə idi, siyasi partiyalar və müxalif mətbuat mövcud idi. Məhkəmə azadlığına çarın mütləq hakimiyyəti kölgə salsa da, Rusiya hakimləri peşəkar nüfuzlarına dəyər verir, ictimai rəyi nəzərə alırdılar. Məhz bu vəziyyət imperatorun yaxın qohumu Nikolay Nikolayeviçi günah keçisi elan etdiyi Myasiyedovu mühakimə etdirmək üçün xüsusi hərbi məhkəmə qurmağa məcbur etmişdi. Xalqına xidmət etməli olan Rusiya imperatoru və ailəsi şəxsi manəfeyi üçün, bacarıqsız idarəçi olduğunu ört-basdır etmək üçün günahsız vətəndaşlarını qurban seçmiş, saxta ittihamlarla onları dar ağacına göndərmişdi. Fransadan fərqli olaraq, Rusiya ziyalılarından, siyasətçilərindən Myasoyedovun müdafiəsinə qalxan olmamışdır, əksinə Rusiya mətbuatında Myasoyedovun cəsus və xain olması ilə bağlı fikirlər səsləndirilmişdi. Həm Fransa Respublikasında, həm də Rusiya imperiyasında dövlətə xəyanət ittihamına inanan və inanmayanların  mövqelərini əsaslandıracaq səbəbləri var idi. Vətənə xəyanət ittihamına inanan və inanmayanların  etik-mənəvi dəyərlərini məhz bu səbəblər müəyyənləşdirirdi.

İstinadlar və qeydlər:

[1] “Səmədov işi,” Baku Research Institute. 22 İyul, 2025. https://bakuresearchinstitute.org/samadov-isi/

[2]Lockshin, L.G. The Dreyfus Affair’s Forgotten Hero: Bernard Lazare and the First Modern Fight against Antisemitism. JEW HIST 34, 305–330 (2021). https://doi.org/10.1007/s10835-021-09389-0.

[3]Musee des Horreurs,. Digital Collections. Duke Digital Repository.   https://repository.duke.edu/dc/museedeshorreurs,

[4] Корнелий, Шацилло. “”Дело” полковника Мясоедова”, Вопросы истории. 1967. №2. s.103-116.

[5]“От военного министерства”, Новое время, 16 мая 1912 года.

[6]Геннадий, Соболев. Тайный союзник. Русская революция и Германия, 1914–1918, СПб.: Санкт-Петербургский университет, 2009, 63.

[7] Myasoyedova qarşı ittihamla bağlı bax: Геннадий, Соболев. Тайный союзник. Русская революция и Германия. 1914–1918. Санкт-Петербург: Санкт-Петербургский университет, 2009; Douglas, Smith. Rasputin: Faith, Power, and the Twilight of the Romanovs. Farrar, Straus and Girou, 2016.

[8] Bununla əlaqədar bax: Антон, Деникин Путь русского офицера.  Современник, 1991; Георгий, Катков. Февральская революция. YMCA-Press, 1984.

[9] Катков, 143.

[10] William, Fuller. “The Eastern Front”. The Great War and the Twentieth Centure. Ed. by Jay Winter, Geoffrey Parker, and Mary Habeck. New Haven: Yale University Press, 2000. p. 30–68; William, Fuller. The Foe within. Fantasies of Treason and the End of Imperial Russian. Cornell University Press, 2006.

[11]Николаи, Вальтер.Тайные силы: Интернациональный шпионаж и борьба с ним во время мировой войны и в настоящее время. Сочинение полковника В. Николаи Перевод с немемецкого под ред. К. К. Звонарева. Разведывательное управление штаба рабоче-крестьянской красной армии, 1925.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.