İkinci Qarabağ müharibəsi azərbaycanlıların hərbi yolla ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnmiş silahlı münaqişədir və bu müharibənin başlanmasına əsas zəmin kimi Azərbaycan ordusunun Tovuz rayonu ərazisində yerləşən hərbi qüvvələri ilə erməni silahlı birləşmələri arasında baş vermiş, bir general və bir polkovnik də daxil olmaqla 12 hərbçinin həlak olması ilə yekunlaşan 2020-ci il Tovuz döyüşləri hesab edilir[i].General Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbçilərin öldürülməsi ilə nəticələnən Tovuz hadisələri Bakıda gecə saatlarında minlərlə insanın müharibə tələbi ilə küçələrə axışmasına və qisas şüarları altında Şəhidlər xiyabanına doğru yürüş etməsinə səbəb olmuşdu. Həmin yürüşdə səsləndirilən əsas şüarlar Qarabağın işğaldan azad olunması tələbi ilə bağlı idi.[ii]
Azərbaycanda qərarların mərkəzi hökumət tərəfindən verildiyi və vətəndaşların siyasi iştirak imkanlarının məhdud olduğu bir siyasi sistem hakimdir. Bakıda yüzlərlə insanın küçələrə axışması və yürüşdə iştirak etməsi həm dünya, həm də ölkə ictimaiyyətində bir neçə sual doğururdu: necə ola bilər ki, Azərbaycan hökuməti hətta ən kiçik etiraz aksiyasını belə zorakı yolla yatırdığı, yüzlərlə müstəqil jurnalisti, vətəndaş cəmiyyəti nümayəndəsini və aktivisti həbs etdirib təqib etdiyi halda, bu qədər insanın meydana axışmasına və şüarlar səsləndirməsinə heç bir maneçilik törətmədi?
Yuxarıdakı suala cavab olaraq belə bir iddia irəli sürmək olar: illərlə Qarabağ kartından istifadə edən Yeni Azərbaycan Partiyası (YAP) hökuməti bu aksiyanın baş tutmasında özü maraqlı olub və bir növ yaranmış münbit şəraitdən öz xeyrinə istifadə edib. Hətta prezident İlham Əliyev öz çıxışında baş tutan yürüşü “xalq–iqtidar birliyini göstərən bir mənzərə” adlandırıb.[iii]
İrəli sürülən iddia ilə bağlı bir neçə nüansı qeyd etmək olar. Birincisi, hökumət baş tutan yürüş vasitəsilə dünya ictimaiyyətinə Azərbaycanın beynəlxalq sənədlərə əsasən ölkənin ərazi bütövlüyü çərçivəsində haqqı olan torpaqları hər nə yolla olursa-olsun geri almaq istədiyini, yəni işğal olunmuş torpaqların azad edilməsi məqsədilə müharibənin labüd olduğunu göstərə bildi. Baş tutan yürüş vasitəsilə dünya və ölkə ictimaiyyətinə “xalq müharibə istəyir” mesajı çatdırıldı və münaqişənin həllində hərbi gücdən istifadənin labüdlüyü nümayiş etdirildi.
Medianın da dəstəyi ilə 15–16 iyul yürüşündən sonra kütlə arasında vətənpərvərlik hissinin pik həddə çatması illərdir Qarabağ kartı ilə hakimiyyətini qoruyub saxlayan YAP hökuməti, daha doğrusu, prezident İlham Əliyevin Heydər Əliyevdən təhvil aldığı xilaskar obrazının ölkə daxilində nüfuzunun artması üçün əsl fürsət idi. Çünki hökumət yaxşı anlayırdı ki, kütlə arasında “İlham Əliyev Qarabağı qaytarsın, lap istəyir ömürlük prezident olsun” diskursu mövcuddur. Necə deyərlər, hökumətə legitimliyini möhkəmləndirmək lazım idisə, xalqa da Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpası və qələbə lazım idi.
Digər tərəfdən, vətənpərvərlik və milli kimlik hissləri Azərbaycan cəmiyyətində çox güclü olub və 1990-cı illərin əvvəllərindən davam edən Qarabağ münaqişəsinin bu milli kimliyi alçaltması ilə bağlı təsəvvürlər azərbaycanlılar üçün ciddi travma mənbəyi idi. Demokratik dəyərlərin tamamilə sıradan çıxarılmasına baxmayaraq, azərbaycanlıların həssas yanaşdığı Qarabağ məsələsində hökumət və xalq arasında güclü həmrəyliyin mövcud olduğunu demək olar. Əlbəttə, bu həmrəyliyin kökündə əsasən emosionallıq, milli kimlik hissi, eləcə də xüsusilə media və təhsil vasitəsilə illərlə formalaşdırılan düşmən obrazı dayanır.
Müstəqil medianın tamamilə sıradan çıxarılması, Azərbaycandakı müxalifətin nüfuzunu itirməsi, müxalif fəaliyyətin qeyri-funksional vəziyyətə salınması, siyasi aktivistlərə və müxaliflərə qarşı həyata keçirilən həbs, təqib və linç kampaniyaları, həmçinin polis və digər güc strukturları vasitəsilə vətəndaşlarda formalaşdırılan qorxu və təhlükə mühiti bu həmrəyliyi gücləndirən əsas amillərdən idi. Bundan başqa, müharibə şəraitində yaşamaq və bütün sosial problemlərin üzərini örtən “bizim Qarabağ boyda dərdimiz var” ritorikası insanlarda ciddi bezginlik yaratmışdı və cəmiyyətdə belə bir düşüncə formalaşmışdı ki, müharibə nəticəsində Qarabağ problemi birdəfəlik həll olunacaq. İnsanların küçələrə axışması və m
Qustav Le Bon deyir ki, fərd bir kütləyə daxil olduqda həyat tərzi, peşəsi, xarakteri və ya intellektual xüsusiyyətləri bir-birinə nə qədər bənzər və ya fərqli olsa da, artıq kütlənin iradəsi ilə hərəkət etməyə başlayır.[iv] Məsələn, II Qarabağ müharibəsi zamanı sosial şəbəkələrdə də göründüyü kimi, hətta təhsilli çevrə hesab olunan, müharibənin əleyhinə çıxan, dəfələrlə ermənilərlə birlikdə sülh quruculuğu tədbirlərində iştirak edərək münaqişənin müharibə ilə deyil, sülh yolu ilə həllini müdafiə edən şəxslərin əksəriyyəti belə arxa cəbhədə canfəşanlıq etməyə başlamışdı.
Ola bilsin ki, bunun bir çox səbəbi olub. Bunlardan biri illərlə, xüsusilə xarici təşkilatlar tərəfindən, Azərbaycan və Ermənistan cəmiyyətlərini bir araya gətirərək xalq diplomatiyasının formalaşdırılması istiqamətində göstərilən səylərin səmərəli olmaması idi. Belə ki, uzun illər davam edən sülh danışıqlarının müsbət nəticə verməməsi və bir güllənin açılması ilə sülh təşəbbüslərinin iflasa uğraması həm Ermənistan, həm də Azərbaycan tərəfində sülhpərvər insanların mövqeyini dəyişdirərək onların müharibə tərəfdarına çevrilməsinə səbəb olmuşdu. Bu vəziyyət, Le Bonun qeyd etdiyi kimi, kütlə psixologiyasının təzahür formalarından biri hesab oluna bilər.
Digər bir səbəb isə sülh tərəfdarlarının ölkə miqyasında aparılan linç kampaniyalarına qarşı müqavimət göstərə bilməyəcəklərini dərk etməsi və hadisələrin gedişində sadəcə müşahidəçi rolunu qəbul edərək susmağa üstünlük verməsi ola bilər.
Lakin müharibə müddətində müharibənin əleyhinə olan şəxslər də var idi ki, onlar xüsusilə sosial şəbəkələrdə “No War”çılar kimi tanınırdı. Konservativ bir cəmiyyətdə kütlənin mövqeyinə qarşı çıxmaq və “No War” kampaniyası aparmaq heç də asan başa gəlmədi; həmin şəxslərə qarşı aparılan linç kampaniyaları, eləcə də kampaniyanın təşkilatçı və iştirakçılarının hökumət tərəfindən təqib, təhqir və həbslərə məruz qalması bunun bariz nümunəsidir.
Azərbaycan hökuməti də tənqidi düşüncəyə qarşı dözümsüz mövqe sərgiləyir və onun əleyhinə səsləndirilən fikirlərə qarşı yalnız dözümsüzlük nümayiş etdirməklə kifayətlənməyərək, ən sərt addımları atmağa hər zaman hazır olduğunu göstərir. Nəzərə alsaq ki, ölkənin bütün güc strukturları hökumətin əlində cəmləşib, bunu həyata keçirmək hakimiyyət üçün o qədər də çətin deyil.
Bakıda baş tutan yürüş ölkənin digər bölgələrində yaşayan və hadisələri media vasitəsilə izləyən insanlarda da böyük rezonans doğurmuş, cəmiyyətdə ruh yüksəkliyi yaratmışdı. Le Bon iddia edir ki, kütlə impulsiv və dəyişkəndir, eyni zamanda təhriklərə meyllidir. Buna görə də kütləni istənilən istiqamətə yönləndirmək üçün kiçik bir qığılcım kifayət edə bilər.[v]
Bununla yanaşı, məlum olduğu kimi, İslam dinində şəhidlik və şəhadətə yüksəlmək müqəddəs anlayışlar hesab olunur. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanda yüzlərlə insanın könüllü şəkildə döyüşlərə qatılmağa can atması buna görə qeyri-adi qarşılanmamalıdır. Əlbəttə, insanlarda illərlə aparılan vətənpərvərlik təbliğatı, əsas təbliğat vasitələrindən biri olan media, hətta təhsil sistemi vasitəsilə formalaşdırılan düşmən obrazı da bu prosesdə mühüm rol oynayıb və öz təsirini göstərib.
Bununla yanaşı, Azərbaycanda kütləvi işsizlik səbəbindən, xüsusilə gənclər arasında hərbi xidmətə və peşəkar hərbçiliyə yönəlmək geniş yayılmışdı. Bir çox insan üçün ailəni dolandırmağın əsas gəlir mənbələrindən biri hərbi sahə idi. Döyüşlərdə həlak olanların əhəmiyyətli hissəsinin işsizliyin yüksək olduğu rayonlardan olması da bu fikri müəyyən mənada təsdiqləyir.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, müharibə müddətində prezident Əliyev həm sosial media üzərindən, həm də televiziya və digər media kanalları vasitəsilə ictimaiyyəti şəxsən və aktiv şəkildə məlumatlandırırdı. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan haqqında səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinin əksəriyyəti tərəfindən coşğu ilə qarşılansa da, dünya mediasında bu çıxışlar birmənalı şəkildə qarşılanmayıb.[vi] Le Bon qeyd edir ki, kütlə rasionallıqdan daha çox emosional düşüncələrə, təhriklərə və coşğulu çıxışlara əsaslanır. Kütlə müəyyən bir liderin təsiri altına düşür və hətta fərqli siyasi baxışlara malik insanlar belə həmin lideri dəstəkləməyə və müdafiə etməyə meyilli olurlar. Məsələn, 44 günlük müharibə zamanı bir çox müxalif düşüncəli şəxsin hökuməti, xüsusilə də prezidenti müdafiə etməsi buna nümunə kimi göstərilə bilər.
Hökumət müharibə vaxtı informasiya təhlükəsizliyi və döyüş sirrlərinin yayılmamasını əsas gətirərək internetə, xüsusilə sosial mediaya çıxışı məhdudlaşdırmışdı və sosial media istifadəçilərinin bir çoxu VPN vasitəsilə çətinliklə öz hesablarına daxil ola bilirdilər. Həmçinin 44 günlük müharibə müddətində Azərbaycan ordusunun nə qədər itki verdiyi açıqlanmamışdı, bu isə hökumət tərəfindən onunla əsaslandırılmışdı ki, cəmiyyətdə ajiotaj yaradılmasının qarşısı alınıb və qisas hissi ilə müharibəyə dəstək olan cəmiyyətin qələbə əzminin və ruh yüksəkliyinin zəifləməməsi məqsədi daşıyırdı.
Ümumiyyətlə, YAP hökuməti 1993-cü ildən etibarən Azərbaycanda Qarabağ kartından istifadə etməklə öz legitimliyini qoruyub saxlayıb və gücləndirib. Xüsusilə sosial siyasətin tənqid olunduğu dövrlərdə hökumətin əsas arqumentlərindən biri “bizim Qarabağ boyda dərdimiz var” və “müharibə şəraitində yaşayırıq” ritorikası olurdu.
Prezident Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi cəmiyyətdə onun siyasətinə qarşı tənqidi mövqe tutan bir çox şəxsin düşüncəsində belə müəyyən dönüş yaratmışdı. Lakin Qarabağ müharibəsindən sonra ölkədə sosial siyasətin daha da geriləməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın türk şirkətlərinin, eləcə də Əliyev və onun ailəsinə məxsus şirkətlərin cəlb olunması xalq arasında formalaşmış qələbə eyforiyasının tədricən zəifləməsinə səbəb oldu.
Bununla yanaşı, əhalinin Qarabağa səfərinin hələ də icazə sistemi ilə tənzimlənməsi və həmin ərazilərin ciddi nəzarət altında saxlanılması onu deməyə əsas verir ki, hökumət təkcə Qarabağa deyil, bütövlükdə Azərbaycana tam nəzarət edir. Vətəndaş cəmiyyətinin, müstəqil medianın və siyasi tənqidçilərin sıxışdırılması, eləcə də davam edən təqiblər ölkənin getdikcə daha çox Əliyev rejiminin mərkəzləşdirilmiş nəzarəti altına keçdiyini göstərir.
Qarabağ qələbəsi azərbaycanlılara əsasən milli qürur hissinin bərpasını bəxş edə bildi. Lakin qələbə eyforiyası ölkədə mövcud olan sosial problemlər və müharibədən sonra ortaya çıxan yeni məsələlər fonunda tədricən sona çatdı. Belə ki, “Qarabağ boyda dərdimiz var” ritorikası ərazi bütövlüyünün bərpası ilə formal olaraq aradan qalxsa da, həlli vəd edilən digər sosial problemlər həll olunmamış qaldı. Hətta demək olar ki, vəziyyət daha da kəskinləşdi.
Müharibədən psixoloji travma və fiziki yaralar alan yeni bir nəslin formalaşması, müharibə iştirakçılarına dövlət tərəfindən yetərsiz və laqeyd münasibətin göstərilməsi, eləcə də müharibənin yaratdığı psixo-sosial problemlər bunu deməyə əsas verir. Bununla yanaşı, gündən-günə artan qiymətlər, müstəqil mediaya və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı güclənən təqib və həbslər, artan işsizlik və digər sosial-iqtisadi problemlər vəziyyətin həllindən daha çox dərinləşməsi ilə nəticələndi.[vii]. Qısacası, görünən odur ki, Qarabağ müharibəsindən əsas qazanan tərəf Əliyev rejimi oldu və kütlənin bu prosesdəki başlıca qazancı I Qarabağ müharibəsində itirdiyini düşündüyü ləyaqət hissinin II Qarabağ müharibəsində müəyyən mənada bərpa olunması idi.
Qeyd və istinadlar
[i] Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir. https://mod.gov.az/az/pre/36745.html
[ii] 2020-ci il Azərbaycanda İkinci Qarabağ Müharibəsi ili kimi yadda qaldı. https://www.bbc.com/azeri/azerbaijan-55474903
[iii] Bakıda, meydanda onminlərlə insanın qarşısına niyə çıxan olmadı?. https://www.bbc.com/azeri/azerbaijan-53416684
[iv] Gustave Le Bon – The Crowd: A Study of the Popular Mind, 25-31.
[v] Yenə orada, 39-66.
[vi] İlham Əliyev: “Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək…”.https://www.youtube.com/watch?v=I6YM3ks33WM
[vii] Qarabağ müharibəsində qalibiyyət Azərbaycana nə verdi? 5 əsas məqam.https://www.bbc.com/azeri/articles/ce9dmzvp81ro

