2026-cı ilin fevralında Almaniyanın Münhen şəhərində keçirilən 62-ci Təhlükəsizlik Konfransında iştirak edən prezident İlham Əliyev özünü müstəqil mətbuat nümayəndəsi kimi təqdim edən Emin Hüseynova “müstəqil mətbuat yoxdur dünyada” cavabını vermiş və müxbirin sualını eşitməkdən imtina etmişdi. Biz bu yazıda iki mühüm məsələyə toxunacağıq: Birincisi, müstəqil mətbuat nədir və müasir dövrümüzdə müstəqil mətbuat mövcuddurmu? İkincisi, İlham Əliyev, həqiqətən də, dünyada müstəqil mətbuatın mövcud olduğuna inanmır, yoxsa müstəqil mətbuatın mövcudluğuna dözümsüz olduğunu bildirir? İkinci məsələ ilk baxışdan spekulyativ və qeyri-elmi yanaşma kimi qəbul edilə bilər. Bir insanın nəyə inanıb-inanmadığını necə sübut etmək olar? Lakin spekulyativ və bir o qədər də çətin görünən bu suala cavab tapmaq əslində heç də mümkünsüz deyil. Çünki İlham Əliyevin hakimiyyəti dövründə yürütdüyü siyasəti, fərqli düşüncə və mövqe nümayiş etdirən insanlara və mediaya münasibəti, medianı nəzarəti altına salmaq üçün qanunvericiliyə etdiyi müdaxilə və dəyişikliklər əslində onun müstəqil mətbuatın mövcudluğuna inandığını göstərir. Bütün imkanları ilə müstəqil mətbuatı Azərbaycanın ərazisindən sıxışdırıb çıxarmağa cəhd etməsi isə onun müstəqil mətbuatın mövcudluğuna dözümsüzlüyünün göstəricisidir.
Mətbuat nə üçün yaranıb?
Mətbuat mütəmadi şəkildə (günlük, həftəlik, aylıq) dərc edilən dövri nəşriyyat növü kimi müəyyənləşdirilir. Müasir dövrümüzdə vaxtilə qəzetlərə aid edilən mətbuat sözünün əvəzinə daha çox kütləvi informasiya vasitələri (KİV) və media terminləri işlədilir. Biz bu yazıda hər iki termindən sinonim kimi istifadə edəcəyik. Media məlumatların geniş kütləyə, ictimaiyyətə ötürülməsi vasitəsi kimi yaranaraq qəzet, radio, televizor, internet və sosial şəbəkələr kimi uzun inkişaf yolu keçib. Mətbuatın müasir anlamda ilk nümunələri Avropada yaranıb, əllə yazılan ilk qəzetlər 16-cı əsrdə Venesiyada,[1] çap edilən qəzetlər isə 17-ci əsrdə indiki Almaniya ərazisində peyda olub.[2] Azərbaycanda mətbuatın tarixi bir qədər gec, 19-cu əsrin sonlarına təsadüf edir. İlk mətbuat orqanları yarandıqları ərazidə mövcud olan siyasi hakimiyyətin nəzarəti altında fəaliyyət göstərir, əsasən xarici xəbərlər və ölkə daxilindəki qiymətlərdən bəhs edirdi.
19-cu əsrə qədər geniş oxucu kütləsinin qəzetlərə çıxışı yox idi, qəzetlərin qiyməti və əhalinin savadlılıq səviyyəsi onları ictimaiyyət üçün əlçatan etmirdi. Vəziyyət 19-cu əsrdə dəyişir. Yüksək sürətli çap maşınları qəzetlərin qiymətini ucuzlaşdırır, Avropa hökumətlərinin əhalinin yoxsul təbəqəsini təhsilə cəlb etmək siyasəti isə ümumi savadlılıq səviyyəsini yüksəldir. 20-ci əsrin əvvəllərində qəzetlər sözün əsl mənasında kütləvi informasiya vasitələrinə çevrilir.
Mətbuat yarandığı gündən müxtəlif missiyalar yerinə yetirib. Məsələn, mətbuat güclü təbliğat aləti kimi istifadə olunub. Təbliğat ictimai rəyə təsir göstərmək üçün məlumatların (faktlar, arqumentlər, şayiələr, yarı-həqiqətlər və ya yalanlar) yayılmasıdır.[3] Bu mənada Müqəddəs Roma İmperiyasının imperatoru I Maksimilian mətbəənin gücündən təbliğat məqsədi ilə istifadə edən ilk siyasətçi hesab oluna bilər. Maksimilian apardığı müharibələrdə bir tərəfin, yəni özünün mövqeyini təqdim edərək həm təbəələri arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinə, həm də şəxsi imicinin yüksəldilməsinə nail ola bilib.[4] Mətbuat həmçinin bir biznes strukturudur. Dünyada əksər mətbuat orqanları kommersiya xarakteri daşıyır. Onların mövcudluğu mətbuatın daxilindəki reklam yerindən və abunəçilərin ödədiyi məbləğdən asılıdır.
Müstəqil mətbuat nədir?
2026-cı ilin martında Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) məhkəmədə verdiyi ifadəsində bildirib ki, Meydan TV müstəqil mediadır, onun siyasi məqsədləri yoxdur. Fərdləri deyil, hakimiyyətin işini, siyasətini təftiş edir. Sabah hakimiyyət dəyişsə, yenə də dönüb iqtidar mediası olmayacaq.[5] Bəs müstəqil media nədir və müasir dövrümüzdə müstəqil media mümkündürmü?
Müstəqil media hökumətin, korporasiyaların və hakimiyyətlə bağlı olan institutların nəzarəti altında olmayan kütləvi informasiya vasitəsi kimi müəyyənləşdirilir. Dünyanın 97 ölkəsində medianın kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı aparılan araşdırmalar göstərib ki, əksər mətbuat orqanları ya hökumətin nəzarətindədir, ya da varlı ailələrə məxsusdur.[6] Çünki kütləvi informasiya texnologiyalarına nəzarət siyasi təsir vasitəsinə sahib olmaq və məşhurlaşmaq imkanı kimi böyük fürsətlər və rahatlıqlar yaradır.[7] Adətən hökumətin nəzarətində olan mediada mətbuat azadlığı boğulur, iqtisadi və siyasi hüquqlar zəif təmsil olunur, sosial problemlər, məsələn, təhsil, səhiyyə ilə bağlı məsələlər obyektiv işıqlandırılmır. Halbuki vətəndaşların obyektiv informasiyaya çıxışının təmin edilməsi müasir dünyada olduqca önəmli əhəmiyyət kəsb edir. Siyasi səhnədə informasiyaya sərbəst çıxış vətəndaşlara siyasətçilər və ictimai xadimlər haqqında məlumat əldə etmək və səsvermələr zamanı daha düşünülmüş qərarlar qəbul etmək imkanı yaradır. İqtisadi sahədə informasiya istehlakçıların gündəlik tələbatının ödənilməsi zamanı düzgün seçim etməsi və maliyyə vəsaitləri ilə əlaqədar düzgün investisiya qərarları verməsi üçün önəmlidir. İnformasiyanın əlçatan olması siyasi və iqtisadi bazarın effektivliyinin təməl daşlarından hesab olunur.[8]
Sosial, siyasi və iqtisadi əhəmiyyətli informasiyanın cəmiyyətlərin və dövlətlərin həyatında mühüm əhəmiyyət kəsb etməsi bu informasiyanın əks olunduğu müxtəlif kütləvi informasiya vasitələrinə kimin nəzarət etməsi məsələsini aktuallaşdırır. Media hökumətin, yoxsa özəl qurumların nəzarətində olmalıdır? Bu suala cavab birmənalı deyil. Bəzi tədqiqatçılar hesab edir ki, hökumət cəmiyyətin rifahını düşündüyü, sosial tələbatlarını təmin etdiyi üçün insanların maraqlarını daha yaxşı qoruya bilər və onların yanlış informasiyanın, manipulyasiyanın təsiri altına düşməsinə imkan verməz. Vladimir Lenin, məsələn, düşünürdü ki, hökumətin deyil, şəxsi şirkətlərin təsiri altında olan mətbuat hakim təbəqənin mənafeyinə xidmət edəcək.[9] Lakin müasir tədqiqatlar media üzərində hökumət monopoliyasının olduğu dövlətlərdə cəmiyyətin maraqlarının müdafiə olunduğunu təsdiqləmir. Əksinə bu tədqiqatlar göstərir ki, medianın hökumətin monopoliyasında olduğu dövlətlərdə iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil edir, iqtisadi inkişaf dövlətin tam nəzarətinə salınır. Bu dövlətlərdə avtoritar idarəçilik hökm sürür.[10] Dünyanın əksər ölkələrində mətbuatın hakimiyyətin və ya hakimiyyətə yaxın olan zəngin ailə korporasiyalarının təsiri altında olması müstəqil medianın mövcudluğunu inkar edirmi?
İnformasiya texnologiyalarında son dövrlərdə baş verən inkişaf, informasiya materiallarının təkcə peşəkar jurnalistlər tərəfindən deyil, həmçinin adi insanlar, ictimai aktivistlər, analitik mərkəzlər tərəfindən yaradılması və yayılması kütləvi informasiya vasitələrinin nə dərəcədə müstəqil olması, eyni zamanda informasiya məkanının şəffaflığı, müxtəlifliyi, hüquqi normativlərə uyğunluğu kimi məsələlərlə bağlı ciddi suallar doğurur.[11] Lakin “müstəqil olmaq” ifadəsinin müxtəlif izahları mövcuddur və sosial nəzəriyyə çərçivəsindən çıxış etdikdə müstəqil mətbuatın mövcudluğu ilə bağlı şübhələrin yanlış olduğunu izah etmək mümkündür. Ümumən “müstəqil olmaq” ilk növbədə başqalarının təsirindən azad olmaq, hər hansı fərdin və ya hər hansı bir təşkilatın şəxsi mövqeyindən irəli gələrək çıxış etmək, şəxsi fikri ifadə etmək kimi başa düşülür. Sosial nəzəriyyə kontekstində müstəqillik muxtariyyət, özünüidarə, yəni öz qaydalarını müəyyənləşdirərək işini həmin qaydalara uyğun nizamlamaq imkanı deməkdir.[12] Demokratik nəzəriyyə bucağından yanaşıldıqda isə müstəqillik ictimai məkanın dövlətin sistemli gücündən azad olması kimi başa düşülür.[13] Bu prinsipi əsas götürən alman filosofu Yürgen Habermas, məsələn, iddia edir ki, mürəkkəb cəmiyyətlərdə özünü idarə edən media sistemləri mövcud sosial mühitdən müstəqil olduqda məşvərətçi siyasi kommunikasiya üçün imkan yaranır.[14] Bəs bu cür media sistemləri, yəni mövcud sosial mühitin təsirindən azad olan medianı mümkün edən nədir?
İlk növbədə qeyd olunmalıdır ki, mətbuatın müstəqillik konsepsiyası kütləvi informasiya vasitəsinin növündən asılıdır. Özəl media qurumlarının müstəqilliyi onların dövlətdən maliyyə cəhətdən asılı olmaması və bu səbəbdən də hökumət tərəfindən təzyiqə məruz qalmaması ilə izah olunur. İctimai medianın müstəqilliyi onun reklamdan, KİV-in sahiblərindən və digər xarici mənbələrdən asılı olmaması deməkdir.[15] Medianın müstəqilliyi və eyni zamanda düşüncə, fikir ifadə etmək azadlığı adətən ölkə daxilində qeyri-hökumət təşkilatları (QHT) tərəfindən dəstəklənir və təşviq edilir.[16] QHT termini 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə daxil edilib və ictimai rifah naminə çalışan qruplar kimi müəyyənləşdirilib[17]. QHT qlobal olaraq və ölkə daxilində humanitar, sosial çağırışlara cavab olaraq yaradılan, hökumətin nəzarətində olmayan, müxtəlif maliyyə mənbələrinə malik, hakimiyyətlə cəmiyyət arasında körpü rolunu oynayan qurumdur. QHT kommersiya məqsədli və qeyri-kommersiya məqsədli ola bilir. Əksər QHT-lər hökumətdən asılı olmasalar da, onların maliyyə mənbəyinin bir hissəsini dövlətdən alınan qrantlar təşkil edə bilir. Ümumən isə bu təşkilatların əsas maliyyə mənbəyi özəl ianələrdən, beynəlxalq institutlardan ayrılan vəsaitlərdən ibarətdir. QHT çox zaman konkret sosial məqsədlər naminə vətəndaşlar tərəfindən yaradılan vətəndaş cəmiyyəti təşkilatları (VCT) ilə eyniləşdirilir. Bu təşkilatlar xeyriyyəçiliklə məşğul olur, əhalinin ictimai məkanda zəif təmsil olunan hissəsinə müxtəlif xidmətlər göstərir, sosial problemlərin həlli üçün layihələr icra edir, əhalinin maarifləndirilməsinə, həyatına təsir edən amilləri anlamasına, onların aradan qaldırılması üçün tədbirlər görülməsinə dəstək olurlar.[18]
Bundan başqa, azad medianı dəstəkləyən bir çox beynəlxalq təşkilatlar da mövcuddur, lakin onların müstəqil media üçün maliyyə xərcləri o qədər də yüksək deyil. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT – təmsilçi demokratiya və azad bazar iqtisadiyyatının prinsiplərini tanıyan inkişaf etmiş dövlətlər birliyi) son illər yaxşı idarəçiliyin inkişafına ayırdığı ümumi vəsaitin yalnız 8%-i müstəqil medianın dəstəklənməsinə sərf edilib.[19]
Azərbaycan mediası Əliyevlərin hakimiyyəti altında
1993-cü ilin noyabrında prezident seçildikdən təxminən bir ay sonra Azərbaycanın siyasi partiyaları və ictimai hərəkatlarının rəhbərləri ilə görüşdə iştirak edən Heydər Əliyev Azərbaycan mətbuatı haqqında deyib:
Qəzetlər nə ilə çıxır? Bu yaxınlarda mən Ali Sovetdə işləyəndə Azərbaycan qəzetini çıxarmaq mümkün olmurdu, dayanmışdı, dövlətin pulu yox idi. Amma Cümhuriyyət qəzeti həftədə üç dəfə çıxır. Azadlıq qəzeti ondan da yaxşı çıxır. Müsavat qəzeti Azərbaycandan da böyük çıxır. Onlar bu pulları hardan alırlar? Bunlar qan-tərlə qazanılmış pullardırmı? Bu pullar haradan gəlir? Bu qəzetlər hansı vəsaitlə çıxır? Bu, mafioz qrupların vəsaiti deyilmi? Bəlkə, bu qəzetləri babalarından qalmış pullarla çıxarırlar?[20]
Əliyevə görə, onu tənqid edən mətbuat abunəçilər və oxucular tərəfindən deyil, yalnız “mafioz qruplar” tərəfindən maliyyələşdirilə bilər. Əliyevin adını qeyd etdiyi və özünə müxalif hesab etdiyi 3 qəzetdən ikisi sonradan hakimiyyətin xidmətinə keçdi, mövqeyini dəyişməyən Azadlıq qəzeti isə İlham Əliyevin hakimiyyəti dövründə, 2016-cı ildə çap fəaliyyətini dayandırdı. 2017-ci ildə isə Ali Məhkəmənin qərarı ilə qəzetin onlayn versiyası, Azadlıq.info saytı bloklandı.
1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ifadə azadlığı və ictimai məkanın tədricən daralması, müstəqil mediaya qarşı qadağalar məhdudlaşdırıcı qanunvericiliyin mərhələli şəkildə tətbiqi, müstəqil medianı mümkün edən maliyyə qaynaqlarının məhv edilməsi, azad bazar iqtisadiyyatının boğulması, iqtisadiyyatda hakimiyyətə bağlı olan və ya onun yardımı ilə formalaşan ayrı-ayrı biznes strukturlarının monopoliyasının bərqərar olması hesabına mümkün oldu. Bu proses məhdudlaşdırıcı qanunvericiliyin formalaşmasında özünü daha aydın büruzə verir.
1995-cü ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində vətəndaşların qanuni yolla istədikləri məlumatı əldə etmək hüququ təsbit edilib.[21] 1998-ci ildə Heydər Əliyev Məlumat azadlığı haqqında qanun imzalayıb.[22] 2000-ci ildə həmçinin Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun qüvvəyə minib.[23] Heydər Əliyevin qəbul etdiyi bu qanunlar Azərbaycana böyük məbləğdə kredit ayıran beynəlxalq təşkilatların, məsələn, Dünya Bankının, həmçinin təmsilçi demokratiyanı və liberal hüquqları dəstəkləyən və Azərbaycana böyük investisiya yatıran dövlətlərin, məsələn, Avropa İttifaqının tövsiyələri əsasında mümkün olub. Lakin bu qanunların Azərbaycanda reallaşdırılmadığı, onlara əməl edilmədiyi sıravi Azərbaycan vətəndaşlarına sirr deyil.
Azərbaycanın təbii sərvətlərinin satışı nəticəsində əldə edilən maliyyə gəlirləri İlham Əliyevin beynəlxalq təşkilatlar və xarici investorlardan asılılığını tədricən azaltdı və bu, ölkə daxilində demokratiya, söz, ifadə və mətbuat azadlığı üçün ayrılan məkanın daralmasına səbəb oldu. Heydər Əliyevin dövründə qəbul olunan və media və ictimai təşkilatların fəaliyyət azadlığını təmin etməli olan qanunlara dəyişikliklər edilməyə başlandı. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna 2014-cü ildə edilən dəyişikliklər bu cür təşkilatların icra orqanlarının təsiri altına salınması, fəaliyyətlərinin məhdudlaşdırılması, qəbul edilmiş qanun pozuntuları ilə əlaqədar yüksək cərimələrin təyin edilməsi ilə nəticələndi. Qanun eyni zamanda qeydiyyata alınmamış xarici maliyyə mənbəyi tərəfindən maliyyələşdirilən xidmət və işlər ilə bağlı yaranmış öhdəliklər/müqavilələr üzrə maliyyə və bank əməliyyatlarına məhdudiyyətlər qoydu.[24] Xarici donorların Azərbaycan ərazisində fəaliyyətinə qanunvericiliklə məhdudiyyətlər qoyan Azərbaycan hökuməti yerli QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə onların müstəqilliyini əlindən aldı. 2024-cü ilin dekabrında Rusiyanın Rossiya Seqodnya media qurumuna müsahibəsində İlham Əliyev QHT-lərlə bağlı məhdudlaşdırıcı qanunvericiliyin səbəbini izah edir, demokratiyaya qarşı necə mübarizə aparmaqla bağlı məsləhətlər verir.[25] Müsahibəsində Əliyev Azərbaycanda vaxtilə çoxlu QHT olduğunu, bu təşkilatlarda çalışanların dövlət büdcəsindən maaş almadıqlarını və bu səbəbdən də müstəqil səsə sahib olduqlarını vurğulayır.
2005-ci ildə İlham Əliyev İnformasiya əldə etmək haqqında qanun imzaladı.[26] 58 maddədən ibarət bu qanuna indiyə qədər 32 dəyişiklik edilib. Bu qanunun 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında informasiya əldə etmək azaddır. Qanunun 37-ci maddəsində isə hansı informasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməməsinə aydınlıq gətirilir. Lakin siyahıda qeyd olunan informasiyanın əksəriyyətinə Azərbaycan vətəndaşlarının çıxışı təmin edilmir.[27] Nəhayət, 2021-ci ildə medianın müstəqilliyinə birbaşa təsir göstərən qanun qəbul edilib.[28] Bu qanun Azərbaycan vətəndaşlarının ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə və ratifikasiya etdiyi sənədlərə (Azərbaycan 1992-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı,[29] 2002-ci ildə isə Avropa İnsan hüquqları Konvensiyasını[30] ratifikasiya edib) etinasız yanaşdığının və onlara əməl etmədiyinin sübutudur. Bu qanun KİV-də dərc olunan və yayımlanan məlumatların məzmunu ilə bağlı (maddə 14.1) çoxlu sayda hüquqi cəhətdən qeyri-müəyyən olan qadağalar qoyur. Əlavə olaraq, qanun hökumət tərəfindən yaradılan Şuranın (maddə 14.2) media orqanlarının fəaliyyətinə müdaxilə üçün imkan və şərait yaradır. Qanun tənzimləyici orqan olan Şuranın fəaliyyətində müstəqillik, qərəzsizlik və obyektivlik kimi prinsipləri (maddə 44) qeyd etsə də, dövlət büdcəsindən maliyyələşən qurumun (maddə 43.2) müstəqil və qərəzsiz olacağı ciddi şübhələr doğurur. Beləliklə, Heydər Əliyevin hakimiyyəti dövründə qəbul olunan və əməl edilməyən, İlham Əliyevin hakimiyyəti dövründə isə ciddi şəkildə təftiş edilən, dəyişdirilən qanunvericilik mətbuatı müstəqil maliyyə qaynaqlarından məhrum edən və beləliklə də, onun mövcudluğunu mümkünsüz edən cəza mexanizminə çevrilir.
İlham Əliyevin hakimiyyəti dövründə medianın müstəqilliyinə qarşı yönəlmiş hüquqi-normativ təzyiqlər hakimiyyətin narrativlərini təftiş edən jurnalistlərə qarşı təhdid və zorakılıqlarla müşayiət olunub. Bunun ən parlaq nümunəsi 2005-ci ildə öldürülən həftəlik Monitor qəzetinin baş redaktoru Elmar Hüseynovdur. Bu dövr ərzində Azərbaycanda müstəqil fikir ifadə edən ictimai fəal və jurnalistlər daim təzyiq, təhdid, zorakı hücum altında olublar. 2024-cü ildən başlayaraq Azərbaycan cəmiyyəti ayrı-ayrı jurnalistlərlə yanaşı, həmçinin Abzas Media (6 nəfər), Toplum TV (10 nəfər), Meydan TV (11 nəfər) kimi media qurumların əməkdaşlarının Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə mühakiməsinin şahidi olub.
Nəticə
İstənilən dövlətdə müstəqil medianı mümkün edən bir sıra şərtlər mövcuddur. Bunlara azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı, təməl azadlıqları mümkün edən qanunvericilik və müstəqil məhkəmə daxildir. Bazar iqtisadiyyatı müstəqil medianın maliyyə qaynaqlarının formalaşmasına imkan yaradır. Təməl azadlıqları (fikir, ifadə, söz azadlığı) mümkün edən qanunvericilik müstəqil medianın mövcudluğunun hüquqi əsasını təşkil edir. Müstəqil məhkəmələr isə bu hüquqların təminatçısı kimi çıxış edir. Tarixən demokratik ənənələrə malik olan dövlətlərdə qeyd edilən şərtlər təmin olunduğundan müstəqil medianın mövcudluğu şübhə altına alınmır. Azərbaycan kimi totalitar sistemdən qopmuş dövlətlərdə demokratik ənənələr zəif olduğundan və yaxud da heç olmadığından müstəqil medianın mümkünlüyü hakimiyyətin birbaşa iradəsindən asılıdır. Hakimiyyətin bu şərtləri təmin etməməsi müstəqil medianın mövcudluğunu inkar etmir, hakimiyyətin ona dözümsüzlüyündən xəbər verir.
Qeydlər və istinadlar:
[1] Jerilyn McIntyre, “The ‘Avvisi’ of Venice: Toward an Archaeology of Media Forms. Journalism history, Vol.14, İssue 2-3, 1987, 68-77.
[2] Johannes Weber. Strassburg, 1605: The Origins of the Newspaper in Europe. German History, 2006, Vol.24, İssue 3, 391.
[3] Smith, Bruce L. “Propaganda”. Encyclopedia Britannica, 2016, https://www.britannica.com/topic/propaganda.
Əldə edilib 19 mart 2026
[4] Silver, Larry. Marketing Maximilian: the visual ideology of a Holy Roman Emperor. Princeton University Press, 2008.
[5] Aynur Elgünəş:”Kəfənin cibi yoxdur”. Azadlıq qəzeti, 14 mart 2026, https://www.facebook.com/azadliqqazeti
[6] Djankov, S., Caralee, M., Nenova, T., and Shleifer, A. (2003). Who owns the media? Journal of Law and Economics, 46(2): 341–381.
[7] Demsetz, Harold, 1989, “The Amenity Potential of Newspapers and the Reporting of Presidential
Campaigns,” in Demsetz, H., Efficiency, Competition and Policy, Basil Blackwell, London.
[8] Stiglitz, Joseph E., 2000, “The Contributions of the Economics of Information to Twentieth Century Economics,” Quarterly Journal of Economics, 115, 4: 1441-1478.
[9] Ленин, В. И. Как обеспечить успех Учредительного собрания. Полное собрание сочинений. 5-е изд. Политиздат, 1969. Т. 34. Июль — октябрь 1917, 208—213.
[10] Djankov, 372-3.
[11] McBride, Kelly, and Tom Rosenstiel. “Introduction: New Guiding Principles for a New Era of Journalism.” In The New Ethics of Journalism. Principles for the 21st Century, edited by Kelly McBride and Tom Rosenstiel, 1–6. Sage, 2013
[12] Weber, Max. “The Nature of Social Action”. In Runciman, Garry (ed.). Max Weber: Selections in Translation. Translated by Matthews, Eric. Cambridge University Press, 2011 pp. 7–32; Bourdieu, Pierre. Politics and Sociology: General Sociology, Volume 5: Lectures at the Collège de France 1985–1986, Polity Press, 2023.
[13] Bohman, James. “The Coming of Age of Deliberative Democracy.” The Journal of Political Philosophy, 1998, 6 (4): 400–425.
[14]Habermas, Jürgen. “Political Communication in Media Society: Does Democracy Still Enjoy an Epistemic Dimension? The Impact of Normative Theory on Empirical Research.” Communication Theory, 2006, 16 (4): 411–426.
[15] Kari Karppinen & Hallvard Moe (2016) What We Talk About When Talk About “Media Independence”, Javnost – The Public, 23:2, 109,
[16] Kalathil, Shanthi A Slowly Shifting Field: Understanding Donor Priorities in Media Development. Center for International media Assistant, April 2017, https://www.cima.ned.org/publication/slowly-shifting-field/.
[17] United Nations Charter. Chapter X, Article 71, https://www.un.org/en/about-us/un-charter/full-text. Əldə edilib 19 mart 2026.
[18] Willetts, Peter. “What is a Non-Governmental Organization?”. UNESCO Encyclopaedia of Life Support Systems. City University London. https://www.staff.city.ac.uk/p.willetts/CS-NTWKS/NGO-ART.HTM. Əldə edilib 19 mart 2026.
[19] Mapping ODA to media and information environment integrity. DAC Network on Governance. 2023, .57. https://one.oecd.org/document/DCD/DAC/GOVNET(2023)13/en/pdf
[20] Heydər Əliyev. Azərbaycanın siyasi partiyalarının və istimai hərəkatlarının rəhbərləri ilə görüşdə çıxışı. 17 noyabr 1993, Heydər Əliyev Müstəqilliyimiz əbədidir, Kitab 1, Azərnəşr, 1997, 255.
[21]Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 50. https://e-qanun.az/framework/897. Əldə edilib 20 mart 2026.
[22] Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının qanunu. https://e-qanun.az/framework/3420. Əldə edilib 20 mart 2026.
[23] Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanunu. https://e-qanun.az/framework/511. Əldə edilib 20 mart 2026.
[24] “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. https://e-qanun.az/framework/31255. Əldə edilib 19 mart 2026.
[25] Интервью Ильхама Алиева Дмитрию Киселеву, https://ru.sputnik.kz/20241218/intervyu-aliev-video-49351834.html
[26] İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunu. https://e-qanun.az/framework/11142. Əldə edilib 19 mart 2026.
[27]Vətəndaşların informasiya növünə uyğun olaraq müvafiq dövlət strukturlarına müraciəti ya cavablandırılmır, ya da həmin strukturlar vətəndaşların sorğuları üçün əlçatan deyil.
[28] Media haqqında Azərbaycan Respublikasının qanunu. https://e-qanun.az/framework/49124.
[29] International Covenant on Civil and Political Rights. United Nations Human Rights. https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/international-covenant-civil-and-political-rights.
[30] European Convention on Human Rights (ECHR). Euro-Lex. https://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=LEGISSUM:eu_human_rights_convention.

