TƏRCÜMƏ

TƏRCÜMƏ

Qafqazda Fransız Hərbi Missiyasının rəhbəri Polkovnik-Leytenant Şardinyinin Azərbaycan Cümhuriyyətindəki vəziyyətlə əlaqədar hesabatı (Aprel, 1919)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Oxuculara təqdim olunan bu sənədin əsli Fransa Diplomatik Arxivində saxlanılır. Sənəd həmin dövrdə Azərbaycanda fəaliyyət göstərmiş bir Fransa rəsmisinin Parisdəki mərkəzə göndərdiyi hesabatdan ibarətdir. Hesabatda Azərbaycan Cümhuriyyətindəki hərbi, siyasi və iqtisadi vəziyyət, eləcə də ölkənin qonşu dövlətlərlə münasibətləri təhlil edilir.

Sənədin oxucular və tədqiqatçılar üçün maraq doğuracağını nəzərə alaraq, Bakı Araşdırmalar İnstitutu onun Azərbaycan dilinə tərcüməsini təqdim edir.

Tiflis 15 aprel 1919

Polkovnik-Leytenant Şardinyi,
Qafqazda Fransız Hərbi Missiyasının rəhbəri

Cənab Hərbi Nazirə
Ordu Baş Qərargahı
(İkinci büro)

(Surəti Konstantinopoldakı Ali Komissara ünvanlanır)

Məlumat/
Azərbaycan Respublikasındakı vəziyyət, aprelin əvvəlindən etibarən

Burada Azərbaycan Respublikasının hazırkı vəziyyətini Sizə təqdim etməkdən şərəf duyuram. Daha aydın olması üçün son iki ayın mühüm hadisələrini ardıcıl olaraq müxtəlif başlıqlar altında nəzərdən keçirəcəyəm.

I – HƏRBİ DONANMA

Altı kiçik gəmidən[i] ibarət olan Xəzər hərbi donanması martın ilk günlərində İngilis komandanlığı tərəfindən heç bir əlahiddə hadisə yaşanmadan tərksilah edildi. General Tomson Könüllü (Ağ-tərcüməçi) Ordunun Bakıda formalaşdırılan bir dəstəsinin qərargah rəisi olan rus generalı Prjevaleskiyə tərksilahı həyata keçirməyi tapşırmışdı. Sərəncamında olan qüvvə ilə bu əmrin icrasını təmin edə bilməyəcəyini hiss edən general Prjevalski bu işi üzərinə götürməkdən imtina etdi. Bu imtinadan sonra İngilis komandanlığı Prjevalskinin dəstəsini Bakıdan uzaqlaşdırdı və onun bir hissəsi Petrovska, digər hissəsi isə Transxəzər (hazırkı Türkmənistan-tərcüməçi) vilayətinə göndərildi. Hazırda hərbi donanma limanda toplanmış və tərksilah edilmiş vəziyyətdədir; hər gəmidə 5 və ya 6 nəfər mühafizəni təmin edir. Topların çaxmaqları ingilislər tərəfindən çıxarılmışdır. Novorossiyskə göndərilməli olan, bu və yaxud digər dərəcədə bolşevik meylli 500-600 rus dənizçisi isə Bakıda, donanmanın kazarmalarında saxlanılır; onlar general Prjevalskiyə tabe olan gəmi kapitanı Qriqoryevin əmri altındadırlar.

Ekipajların maaşını ödəmək və onları ərzaqla təmin etmək üçün kifayət qədər vəsait olmadığından, gəmi kapitanı Qriqoryev bu vəsaiti əldə etmək məqsədilə general Prjevalskidən bir komissiya yaratmaq əmri almışdır. Həmin komissiyaya arsenal ehtiyatlarından götürülüb yerindəcə satıla biləcək materialların növünü və miqdarını müəyyən etmək tapşırılmışdır.

II-HƏRBİLƏŞDİRİLMİŞ TİCARƏT DONANMASI

Keçən ilin sentyabrında Bakıdan təxliyə edilərkən, İngilis hərbi hakimiyyəti ticarət donanmasının ən yaxşı gəmilərini silahlandırmağa başlamışdı.

Hazırda səkkiz gəmi silahlandırılmış və güclü ingilis dənizçi heyəti ilə təmin edilmişdir. Onlardan biri hidroplanların, digəri isə sürətli katerlərin daşınması üçün uyğunlaşdırılmışdır. Bu flotiliya sərəncamında təxminən iyirmi zabit və 300-ə yaxın dənizçi olan bir ingilis kommodorun əmri altındadır. Hər gəmidə bir və ya iki rus zabiti, həmçinin bir neçə rus dənizçisi saxlanılmışdır. Lakin bütün gəmilərdə rəhbərlər ingilislərdir.

Kommodor Norris, bundan əlavə, bu yaxınlarda Batumdan dəmir yolu ilə gətirilmiş səkkiz sürətli torpedo katerinə malikdir.

Hazırda Volqa çayında naviqasiya mövsümü başladığı üçün (hər il təxminən aprelin 1-dən etibarən başlayır) kommodor məhz bu flotiliya ilə bolşeviklərin dəniz qüvvələri ilə üz-üzə gəlməli olacaq.

Həştərxanda bolşeviklərin sərəncamında bunlar vardır:

1) Kronştadtdan gəlmiş, təxminən 1000 tonluq, çox sürətli Novik tipli 2 torpedo kreyseri;

2) 5 və ya 6 torpedo gəmisi;

3) Keçən yay Novorossiyskdən Tsaritsına daşındığını gördüyüm 11 sürətli kater (onların hər birində 2 ədəd 47 mm-lik top və 2 pulemyot var idi);

4) Həştərxanda silahlandırılmış çoxsaylı kiçik ticarət gəmiləri.

Ciddi məlumatlara görə, bu bolşevik flotiliyasının başında iki dəyərli texniki mütəxəssis dayanır: Petroqrad Dəniz Akademiyasında keçmiş dəniz strategiyası professoru general Kladо və öz işini bilən dənizçi kimi tanınan kontr-admiral Altfater.

Xoşbəxtlikdən İngilis Admirallığı Xəzərin bütün dəniz bazalarına, xüsusən də Petrovskdakı iki hind rotası tərəfindən qorunan hidroplan bazasına nəzarət edir.

III – TİCARƏT DONANMASI

Bakıya qayıtdığım andan təxminən 250 gəmidən ibarət buxarlı ticarət donanması[ii] ingilis komandanlığının nəzarətinə verilmişdir. İngilis komandanlığı bütün gəmi hərəkətlərini tənzimləyir, gəlirləri toplayır, heyətlərə maaş verir, təmir və saxlanma xərclərini ödəyir. İngilis komandanlığı rus dənizçilərinin bütün həmkarlar təşkilatlarını tanıyaraq, əmək şərtlərini onlarla tənzimləyir; üstəgəl, onların güzəştlərlə bağlı bütün tələblərini də yerinə yetirmişdir.

Bu donanmanın saxlanma xərcləri ayda təxminən 4-5 milyon edir.

Hazırda İngilis komandanlığı, xüsusən bolşevizmin güclü təsiri altında olan gəmi heyətlərində intizamı qorumaq məqsədilə üzərinə götürdüyü bu ağır yükdən yaxa qurtarmaq istəyərdi. İngilislər, bununla əlaqədar, gəmi sahiblərinə gəmilərini geri qaytarmaq barədə təkliflər etmişlər. Lakin gəmi sahibləri imtina ediblər. Çünki İngilis komandanlığının dənizçilərə verdiyi maaş artımı ilə bağlı böyük xərcləri daşımaq istəmirlər. Üstəlik, son aylarda gəmilərin şəxsi heyəti üçdə bir qədər artırılmışdır, Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi isə gəmilərin böyük hissəsini labüd şəkildə hərəkətsiz saxlayır.

Beləliklə, artıq altı aydır, gəmi sahibləri öz gəmilərindən istifadə edə bilmirlər və heç bir təzminat almamışlar. İndiyədək əldə edilmiş iki milyon rubl kimi əhəmiyyətsiz bir gəlir belə onlara ödənilməmişdir.

IV – FƏHLƏ HƏRƏKATI

Bakıda, Azərbaycanın yeganə sənaye mərkəzində fəhlə sinfi donanma dənizçilərindən, neft zavodlarının və neft mədənlərinin fəhlələrindən ibarətdir. Onlar, xüsusilə donanmada, əksəriyyət etibarilə ruslardır və tərkiblərində xeyli bolşeviklər vardır. İngilis hərbi hakimiyyəti gözləri qarşısında böyüyən bu bolşevik hərəkatının qarşısını almaq üçün ciddi səy göstərmir. Bakıda olduğum zaman, aprelin 2-də Həştərxandan bir bolşevik nümayəndə heyəti Azərbaycan hökuməti ilə yazda Rusiya ilə ticarət əlaqələrinin bərpası və xüsusilə Volqada gəmiçilik üçün lazım olan neftin ixracı barədə danışıqlar aparmaq üçün gəlmişdi.

Sosialist liderlərinin rəhbərlik etdiyi Bakı fəhlə dairələri ingilislərə qarşı düşməndirlər; onları imperialist hesab edir və ən kiçik bəhanə ilə iqtisadi xarakterdən daha çox siyasi xarakter daşıyan etiraz tətilləri təşkil edirlər. Qeyd etmək lazımdır ki, müsəlman fəhlələr, həmçinin şəhərin bələdiyyə qulluqçuları bu tətillərdə iştirak etmirlər. Tətillər yalnız rus fəhlələr tərəfindən edilir.

Sərt üsula əl atmağa çalışan və fevralın sonunda tətil rəhbərlərini həbs edən İngilis komandanlığı sonda fəhlələrin təzyiqi altında onları azad etməyə məcbur oldu. O vaxtdan bəri komandanlıq güzəştlər yolu ilə gedir və bu kifayət qədər çəkingən mövqe yalnız fəhlələrin tələblərinin daha da artmasına səbəb olur.

V – DAĞLILAR RESPUBLİKASI VƏ KÖNÜLLÜ ORDU İLƏ MÜNASİBƏTLƏR

Keçən ilin dekabr ayında, türk qoşunları Petrovsk bölgəsini boşaltdıqdan sonra, fəaliyyəti Dağıstanla məhdudlaşan Dağlılar hökuməti, orada da hakimiyyəti çox zəif olduğundan, Teymurxanşuradan daha çox Bakıda yerləşirdi. Dağlılar hökumətinin burada əsas məşğuliyyəti ölkənin daxili idarəçilik xərclərini ödəmək üçün Azərbaycan hökuməti ilə 10 milyon rubl məbləğində borc barədə danışıqlar aparmaqdan ibarət idi. Bunun müqabilində Azərbaycan hökumətinə Dağıstanda buğda alışı aparmaq üçün icazə verməyi vəd edirdilər. Dekabrın sonunda Dağlılar hökuməti 10 milyon rubl borcu Azərbaycan hökumətindən alsa da, Bakı üçün buğda alınmasına icazə vermədi.

Dekabr və yanvar aylarında Azərbaycan hökuməti hələ çox uzaqda olan və uğuru şübhəli görünən Könüllü Ordu ilə ciddi maraqlanmırdı. Lakin general Lyaxovun qoşunlarının sürətli hərbi müvəffəqiyyətlə Qroznını tutmasından və onun Terek-Dağıstanın hərbi komandanı təyin edilməsindən sonra vəziyyət birdən-birə dəyişdi. Bir tərəfdən Dağlılar Respublikasının Azərbaycandakı nümayəndəsi cənab Kantemirin, digər tərəfdən isə parlamentin sosialist üzvlərinin apardıqları fəal kampaniya nəticəsində Azərbaycan hökuməti Dağlılar hökumətini Könüllü Orduya qarşı mübarizəsində dəstəkləmək qərarına gəldi. Parlamentdəki sosialistlər, 110 üzvdən 12 nəfər, Lyaxovu monarxist meyilli irticaçı general hesab edirdilər. Könüllü Ordu artıq Azərbaycan hökumətinin gözündə də Respublikanın müstəqilliyi üçün təhlükə halına gəlmişdi.

Martın 6-da Könüllü Ordunun Çeçenistandakı hücumuna qarşı general Tomsona ünvanlanmış hökumət etirazı[iii] parlamentdə oxundu və hökumət başçısının Dağlıların xeyrinə müdaxilə barədə bəyanatı alqışlarla qarşılandı. Bir neçə gün sonra Nazirlər Şurası Dağlılara 40 milyon məbləğində borc verilməsi barədə qərar qəbul etdi. Bunu sadə maliyyə əməliyyatı kimi deyil, təminatsız və şərtsiz verilmiş müharibə borcu kimi qiymətləndirmək olar. Martın 25-də ilk 10 milyon Dağlılara ödənildi. Hərbi yardım göstərilməməsinin səbəbi isə Azərbaycan Respublikası ordusunun hələ layihə vəziyyətində olması idi: demək olar ki, zabitləri və kadrları yox idi və yalnız daxili asayişi təmin etmək üçün lazım olan bir neçə min əsgərdən ibarət idi.

VI – MALİYYƏ VƏZİYYƏTİ VƏ NEFT BAZARI

Keçən yanvarın 3-də, uzun danışıqlardan sonra, rus dövlət bankı polkovnik Biçeraxov tərəfindən ingilislərin ixtiyarına verilmiş 52 milyon rubl nağd vəsaitlə açıldı. Bu bank ingilis nəzarəti altında, ingilis direktorla fəaliyyət göstərir.

Azərbaycan hökuməti tərəfindən çap edilmiş bütün bonlar, yəni Bakı bonları, Azərbaycanın cari hesabına bu dövlət bankına təhvil verilir.

Hökumət maliyyə məsələsi ilə bağlı İngilis komandanlığı ilə münaqişədədir. O, ingilis qəyyumluğundan azad olmaq, öz dövlət bankına malik olmaq və maliyyəsini tamamilə milliləşdirmək istəyir.

Azərbaycan hökuməti Qafqazın digər respublikaları ilə pul ittifaqına qarşıdır və ayrıca, müstəqil maliyyə siyasəti aparmaq istəyir, çünki neft məhsullarının satışından gözlədiyi vergi gəlirləri sayəsində özünü zəngin hesab edir.

Zaqafqaziya hələ vahid olduğu dövrdə Bakı 160 milyon məbləğində Zaqafqaziya bonlarının buraxılışında iştirak etmişdi. İndi isə hökumət bu borcu öz bonlarının buraxılışı yolu ilə ləğv etmək istəyir.

Bakı bonları əvvəlcə yalnız şəhərin özünün buraxdığı və şəhər tərəfindən təmin edilən bir emissiya idi. Keçən ilin yayı ərzində bolşevik hökuməti bu buraxılışları davam etdirdi və bu gün Bakı bonları Azərbaycanın dövlət puluna çevrilmişdir.

Artıq 400 milyon rubl buraxılmışdır. Hökumət bu yaxınlarda təminatsız daha 510 milyon yeni bon buraxılışına icazə vermişdir. Buna görə də onların dəyəri hər gün azalır: Bakı bonları ilə 200 rubl, Nikolay rublu ilə 100 rubla bərabərdir.

Bakı rublunun, eləcə də Zaqafqaziya rublunun belə dəyərdən düşməsi Azərbaycanın və digər respublikaların maliyyəsinin real vəziyyəti ilə izah olunur.

Keçən yanvar ayında Azərbaycanın büdcəsi 18 milyon xərcə qarşı cəmi 4 milyon gəlirdən ibarət idi.

Xərclərini ödəmək üçün hökumət bütün neft məhsullarına xeyli vergilər qoymuşdur:

Mazut üçün hər puda 3 rubl;
neft üçün 5 rubl;
yağlar və benzin üçün 7 rubl.

Təəssüf ki, neft sənayesi tezliklə hasilatın tam dayanması ilə nəticələnə biləcək bir böhran keçirir və hələlik gözlənilən gəlirləri gətirmir.

Bakı rayonu üzrə ölkədəki neft məhsullarının hazırkı ehtiyatı 140 milyon puda çatır, aylıq istehsal isə 12-14 milyon pud arasında dəyişir. Halbuki aylıq tələbat 5 milyon puddan artıq deyil: təxminən 3 milyon pud Bakı-Batum neft kəməri ilə Batuma nəql olunur, əlavə 1 milyon pud Batuma dəmir yolu ilə göndərilir və 1 milyon pud da yerli istehlak üçündür. Belə gözlənilir ki, təxminən iki ay ərzində bütün çənlər dolacaq və bütün istehsal dayandırılmalı olacaq. Bakı məhsullarının demək olar ki, yeganə istehlakçısı olmuş Rusiya bazarının açılması bu böhranı həll edə bilərdi. Lakin indiki siyasi vəziyyət bolşevik Rusiyası ilə ticarət əlaqələrinin bərpasına mane olur. Əgər nəzərə alsaq ki, Azərbaycan hökuməti hər ay Bakı bölgəsinin müxtəlif neft şirkətlərinə fəhlələrin maaşları və hər cür saxlanma xərcləri üçün 50-60 milyon rubl ödəməlidir, Bakının başı üzərindəki təhlükənin ciddiliyini təsəvvür etmək olar.

VII – MÜSƏLMAN HƏRƏKATI

Azərbaycan hökuməti Qafqazda müsəlman siyasətini idarə etməyə davam edir; onun türkofil meyilləri dəyişməmişdir.

Yuxarıda göstərdiyim kimi, o, etiraf edilməyən, lakin real olan bir ümidlə, yəni Dağıstan əhalisini özünə bağlamaq ümidi ilə Dağlılar hökumətinin tələblərini dəstəkləyirdi.

Mübahisəli Qarabağ zonası məsələsində Azərbaycan hökuməti nəhayət istədiyinə nail oldu. Əvvəlcə general Tomson doktor Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsinə qarşı idi; o, bir ingilis qubernator təyin etmək istəyirdi. Hökumət isə Sultanovdan yaxa qurtarmaq üçün onun təyin olunmasında israr etdi, çünki parlamentdə Sultanov bitərəf deputatlar qrupunun başında dayanırdı və onların səsi çoxluğu dəyişə bilirdi. Uzun tərəddüdlərdən və uzun danışıqlardan sonra general Tomson nəhayət razılıq verdi.

Şübhəsiz ki, Qarabağ bölgəsinin Azərbaycana verilməsi bir ildən bəri Qafqazın qalan hissəsindən ayrılmış Zəngəzur bölgəsinə rabitənin açılmasını asanlaşdırırdı. Bu bölgə qışda çətin keçilən dağlarla Ermənistandan ayrılmışdı. Əlbəttə ki, Andronikin və yerli erməni komitələrinin tatarlara qarşı davranışı da qüsursuz deyildi. Lakin bununla belə, bir neçə həll yolu arasında seçim etməli olan general Tomsonun ermənilərə qarşı tatarları razı salan yolu üstün tutduğu da bir həqiqətdir.

Azərbaycan hökumətinin fəaliyyəti yalnız bu bölgə ilə məhdudlaşmır; o, həmçinin iddia etdiyi və dəstəklədiyi Naxçıvan bölgəsinə də nəzarətini yaymaq istəyir. Müsəlman təbliğatı və qoşunların saxlanması üçün Naxçıvanın yerli hökumətinə 2 milyon rubl verilmişdir.

Keçən fevralın 19-da bir tatar polkovniki və daha 10 zabit yerli qoşunların təşkili üçün Bakıdan Naxçıvana gəlmişdi.

Aprelin 10-da öyrəndim ki, Bakıdan gəlmiş üç tatar məmur Tiflisdə Naxçıvana onlarla birlikdə gedib ölkənin idarəçiliyini təşkil etmək üçün hakimlər və mühasiblərdən ibarət heyət toplamağa çalışır. Mən bu faktı İngilis komandanlığına bildirdim. Bununla belə, bu məsələ bu gün az əhəmiyyət daşıyır, çünki Naxçıvan hökumətinin, eləcə də Kars hökumətinin[iv] ləğvi qərara alınmışdır.

Azərbaycan hökumətinin bütün müsəlman məsələlərində fəal iştirakının başqa bir sübutu onun Axalsıx qəzasının müsəlman əhalisinin üsyanının gürcü qoşunları tərəfindən yatırılmasına qarşı Gürcüstan hökumətinə yaxınlarda etdiyi etirazdır.

Azərbaycan hökumətinin Kars “Şurası” ilə, eləcə də Batum və Ərdəhandakı müsəlman hərəkatının rəhbərləri ilə də əlaqələri vardır.

Bu bölgələrdə o, əslində müsəlman təbliğatı orqanı olan və fəaliyyəti bütün müsəlman ölkələrinə yayılan “Müsəlman Xeyriyyə Cəmiyyəti” vasitəsilə hərəkət edir. Bu cəmiyyət müharibə müddəti boyunca yuxarıda adı çəkilən və guya indi Müttəfiqlərin tərəfinə keçmiş doktor Sultanovun rəhbərliyi altında fəaliyyət göstərmişdir.

VIII – GÜRCÜSTANLA MÜNASİBƏTLƏR

Azərbaycanın Gürcüstanla münasibətləri iki ay əvvəlkindən daha pisdir. Müsəlman hərəkatının inkişaf etməsi qorxusu Gürcüstanı dörd ay əvvəl müharibə etdiyi Ermənistana yaxınlaşdırmışdır və bu, Azərbaycanın Gürcüstanla indiyədək səmimi olan münasibətlərinə təsir etmişdir.

Azərbaycanın Gürcüstana qarşı iradları bir neçə növdür:

a) Gürcüstan Qafqazda rus mirasının demək olar ki, hamısını ələ keçirmişdir, çünki Qafqaz ordusunun bütün anbarları Tiflisdə yerləşirdi. Azərbaycan öz payını tələb edir, lakin Gürcüstan onu vermir.

b) Azərbaycan Gürcüstanın nəzarətində olan ərazilərə iddia edir: Sığnaq qəzasının tatar İoro-Muğanlı dairəsinə, Borçalı qəzasının tatar bölgəsinə və Tiflisin şərq düzənliyinə.

c) Nəhayət, Gürcüstan üç respublikanın pul sistemini öz baxışına uyğun şəkildə birləşdirmək istəyir. Azərbaycan isə öz maliyyə siyasətinə və öz pul vahidinə malik olmaq istəyir. Tiflisdə çap edilən keçmiş Zaqafqaziya bonunun Azərbaycan tərəfindən qəbul etdirilməsi üçün aparılan bütün danışıqlar uğursuz olmuşdur.

IX – İNGİLİS KOMANDANLIĞININ AZƏRBAYCANLA BAĞLI MÖVQEYİ

Deməliyəm ki, bu baxımdan mən tam bir dəyişiklik müşahidə etdim.

Noyabrın 10-da Azərbaycan nümayəndə heyəti Bakının təhvil verilməsi şərtlərini müzakirə etmək üçün Ənzəliyə gəldikdə, onun əsas qayğılarından biri Müttəfiq komandanlığın hökumətin Bakıda qalmasına icazə verib-verməyəcəyini öyrənmək idi. Buna müsbət cavab verildi. Bununla belə, Azərbaycana qoyulan şərtlər qaliblərin şərtləri idi: bütün tatar qoşunlarının Bakıdan uzaqlaşdırılması, şəhərdə ingilis polisinin təyin edilməsi, bələdiyyə komissiyası üzvlərinin ingilis komandanlığı tərəfindən seçilməsi və s.

Ölkənin idarə olunması üçün mövcud hökumət aparatından istifadə etmək zərurəti nəzərə alınaraq, İngilis komandanlığı tezliklə öz mövqeyini dəyişdi.

Tədricən hökumətlə İngilis komandanlığı arasındakı münasibətlər yaxşılaşdı. Sonuncu hökumət hakimiyyətini gücləndirməyə yönəlmiş bir sıra tədbirləri ardıcıl olaraq həyata keçirdi: ingilis polisinin ləğvi, tatar qoşunlarının Bakı şəhərinə buraxılması, mətbuat üzərində nəzarətin hökumətə verilməsi və s.

Aydın görünür ki, komandanlıq müsəlman ictimai rəyinin rəğbətini qazanmaq üçün hökuməti narazı sala biləcək hər hansı tədbirdən çəkinir. İstər ruslarla, istərsə də ermənilərlə yaranan münaqişələrin hər dəfəsində general Tomsonun qərarı həmişə hökumətin xeyrinə olmuşdur.

Burada da, Qafqazın başqa yerlərində olduğu kimi, İngilis siyasətinin, demək olar ki, artıq adət halına keçmiş iki rəhbər prinsipi görünür:

  1. millətçiləri dəstəkləməklə ölkəni Rusiyadan ayırmaq;
  2. müsəlman əhalinin açıq-aydın anti-ingilis əhval-ruhiyyəsini, mümkün qədər onların tələblərini qəbul etməklə yumşaltmaq.

İngilislərin bu siyasətinin mənbəyi Hindistandır. Bir tərəfdən İngiltərənin Hindistandakı çoxsaylı müsəlman təbəələrinin milli hisslərini narazı salmamaqda maraqlı olduğunu, digər tərəfdən isə Rusiyanın bu bölgələrdən geri çəkilməsi ilə İran və Şərqi Qafqazın böyük bir hissəsi kimi sırf müsəlman ölkələrinin İngiltərənin təsir zonasına düşdüyünü nəzərə alsaq, bu siyasət daha yaxşı başa düşülür.

İmzalamışdır: P. de Şardinyi

Polkovnik-Leytenant Şardinyinin qeydləri


[i] Astrabad, Göytəpə, Sentrokaspiya, Orlyonok, Leytenant Sohmiat, Kars və Ərdəhan; sonuncu iki gəmi ən böyükləridir və təxminən 1000 tonluqdur.

[ii] Həştərxanla əlaqələrin kəsilməsi səbəbilə hazırda yalnız 80-i istifadə olunur.

[iii] Keçən martın 23-dəki 24 nömrəli hesabatımın 11 nömrəli əlavəsi

[iv] Kars “Şurası” həbs edilmişdir; onun 14 üzvü Tiflisə gəlmiş və Konstantinopola göndərilmişdir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.