TƏRCÜMƏ

TƏRCÜMƏ

Qafqaz, bolşevizm və Türkiyə – Ə. Topçubaşovun məruzəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

1921-ci ildə Parisdə Milli Sosial və Siyasi Araşdırmalar Komitəsində (CNESP) “Qafqaz, bolşevizm və Türkiyə” mövzusunda silsilə müzakirələr keçirilmişdir. İyulun 4-də keçirilən toplantıda Əlimərdan bəy Topçubaşovun məruzəsi dinlənilmişdir. Məruzəni Əlimərdan bəy Topçubaşovun adından Sülh Konfransındakı nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmov oxumuşdur. Məruzədən sonra Qafqazın digər xalqlarının nümayəndələrinin də iştirakı ilə geniş və maraqlı müzakirələr aparılmışdır. BRI həmin məruzə və müzakirələrin stenoqramını fransız dilindən tərcümə edərək oxuculara təqdim edir.

CNESP 1916-cı ildə, Birinci Dünya müharibəsinin qızğın çağında, yəhudi əsilli fransız bankir və xeyriyyəçi Albert Kahn tərəfindən yaradılmışdır. Komitə Kahnın sülh və beynəlxalq əməkdaşlıq ideyalarının praktik təzahürlərindən biri idi. Onun fikrincə, müharibələrin əsas səbəblərindən biri xalqların və dövlətlərin bir-birini kifayət qədər tanımaması, beynəlxalq münasibətlər haqqında yanlış və birtərəfli təsəvvürlərin formalaşması idi. Buna görə də Kahn pasifizmi yalnız müharibəyə qarşı mənəvi çağırış kimi deyil, bilik, dialoq, hüquq və beynəlxalq əməkdaşlıq vasitəsilə münaqişələrin qarşısının alınmasına yönəlmiş fəaliyyət kimi başa düşürdü. CNESP də beynəlxalq mübahisələrin müharibə yolu ilə deyil, hüquqi mexanizmlər, danışıqlar və arbitraj vasitəsilə həllini dəstəkləyirdi.

Komitənin məqsədi Fransanın inzibati elitasını dünyada baş verən mühüm siyasi və sosial hadisələr barədə məlumatlandırmaq, həmçinin beynəlxalq münasibətlərin mümkün qədər obyektiv öyrənilməsi üçün şərait yaratmaq idi. CNESP müxtəlif siyasi, ictimai, dini və institusional mövqeləri təmsil edən mütəxəssisləri vahid müzakirə platformasında bir araya gətirməyə çalışırdı. Komitənin əsas prinsipinə görə, iştirakçılar fikir ayrılıqlarına baxmayaraq, mümkün qədər partiya və qrup maraqlarından kənara çıxmalı, mühüm məsələlər üzrə ortaq mövqenin və ya konsensusun formalaşdırılmasına səy göstərməli idilər. Beləliklə, CNESP intellektual dialoqu və qarşılıqlı anlaşmanı davamlı beynəlxalq sülhün əsas vasitələrindən biri hesab edirdi.

QAFQAZ, BOLŞEVİZM VƏ TÜRKİYƏ

Milli Sosial və Siyasi Araşdırmalar Komitəsi

4 iyul 1921-ci il, bazar ertəsi iclası

I Hissə

Cənab TOPÇUBAŞOVUN məruzəsi

Sədr: cənab LARNOD

Cənab Sədr — Bu gün bizi məşğul edən məsələ artıq bu Komitədə müzakirə olunmuşdur. Bu gün əvvəlki iclasda başlanmış sənədləşdirməyə bir neçə əlavə material daxil edəcəyik.

İclasımızın proqramına əsasən, cənab Topçubaşov çıxış etməlidir. Azərbaycan nümayəndə heyətinin üzvü cənab Məhərrəmov, Azərbaycan nümayəndə heyətinin sədri cənab Topçubaşovu əvəz edəcəkdir. Sözü dərhal ona verirəm.

Cənab Topçubaşov — Hörmətli məclisin diqqətinə təqdim etmək şərəfinə nail olduğum bu qısa məruzə Azərbaycan Respublikasına aiddir.

Azərbaycan Qafqazın cənub-şərq hissəsində yerləşir və Xəzər dənizinin sahili boyunca təxminən 600 verst məsafədə uzanır. Paytaxtı neft mənbələri ilə bütün dünyada tanınan Bakı şəhəridir.

Yerin təkində olan qazların bolluğuna görə bu ölkə qədim zamanlarda Azərbaycan (Azəristan) adlanırdı. Bu ad qədim fars sözü olan «Azərpatiqan»dan yaranmışdır və «Əbədi odlar ölkəsi» və ya «Od mənbələri diyarı» deməkdir («azər» sözü «od» mənasını verir). Bu ölkə Qafqaz dağ silsiləsi və Xəzər dənizindən Urmiya gölünə qədər uzanırdı.

Lakin bütün ölkəyə ad vermiş mərkəz Bakı və onun bölgəsi olmuş və bu gün də olaraq qalır. Bu bölgə bir neçə mahalı əhatə edirdi və həmin mahallar birlikdə Bakı xanlığını təşkil edirdi.

Feodalizm bütün Qafqazda yayıldığı dövrdə Azərbaycan bir sıra müstəqil xanlıqlardan — Şirvan, Gəncə, Şəki, Qarabağ və daha onlarla başqa xanlıqdan ibarət idi. XVII əsrdə bu xanlıqların hamısı tamamilə müstəqil idi. Onlardan yalnız bəziləri müharibə şəraitinin təzyiqi altında, heç olmasa formal şəkildə, İran şahlarının ali hakimiyyətini tanımağa məcbur olmuşdular. Bununla yanaşı, həmin xanlıqlar öz müstəqilliklərini müdafiə etmək məqsədilə müxtəlif nəticələrlə İranın özünə, Türkiyəyə və nəhayət Rusiyaya qarşı müharibələr aparırdılar.

Müstəqillik uğrunda mübarizə xüsusilə XIX əsrin əvvəllərində, Rusiya tərəfindən ölkəni ölümcül təhlükə hədələməyə başladığı zaman daha da şiddətləndi. Rusiya fasiləsiz müharibələr vasitəsilə Türkiyəni, xüsusilə də İranı zəiflədərək gücsüz vəziyyətə salmağa və Gürcüstan çarlığını ilhaq etməyə nail oldu.

Bundan sonra bütün Qafqazın taleyi sanki həll edilmişdi və Rusiyanın işğalçılıq niyyəti açıq-aşkar görünməyə başladı.

Davam edən qanlı mübarizədə ruslar xüsusilə Azərbaycanın müsəlman əhalisinə qarşı düşmən münasibət göstərirdilər. Bu mübarizənin tarixi özünü müdafiə edən xanlıqların qəhrəmanlıq nümunələri ilə zəngin olsa da, onlar böyük bir hərbi dövlətə qarşı bu nəhəng mübarizəni uzun müddət davam etdirə bilmədilər. Azərbaycan xanlıqları bir-birinin ardınca süqut etdi və 1813–1828-ci illər arasında Rusiyaya ilhaq olundu.

Müstəqilliklərini itirdikdən sonra, Rusiyanın hakimiyyəti möhkəmləndikcə və Moskva hökumətinin ruslaşdırma siyasəti nəticəsində bu xanlıqlar «Əbədi odlar ölkəsi»nin digər hissələri ilə bütün əlaqələrini tədricən itirməyə başladılar. Azərbaycan adı isə yalnız paytaxtı Təbriz olan qonşu İran vilayətinə aid edilməyə başlandı.

Beləliklə, bir əsr davam edən Rusiya hökmranlığı dövrü başlandı.

Keçmiş xanlıqların əraziləri quberniyalara çevrildi və sonradan Qafqaz canişinliyinin idarəsi altında olan torpaqlara daxil edildi. Şəhər və qəsəbələrin qədim adları rus adları ilə əvəz olundu. Belə ki, keçmiş Gəncə xanlığının paytaxtı imperatriça Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı. Keçmiş siyasi müstəqilliyin bütün əlamətlərini silmək üçün hər şey edildi.

Ölkədə hərbi idarəçilik rejimi tətbiq edildi və bu rejim yalnız yarım əsrdən sonra mülki idarəetmə sistemi ilə əvəz olundu. Lakin həm inzibati üsullar, həm də qüvvədə olan qanunlar xalq kütlələrinin adət və ənənələrinə tamamilə zidd idi.

Xalq öz narazılığını şairlərinin, dramaturqlarının və publisistlərinin dili ilə ifadə edirdi. Xalqın ruhuna yad olan hakimiyyətin zülmündən, ölkənin dilinin tədrisinə, ədəbiyyatın, məktəblərin və mətbuatın inkişafına qoyulan məhdudiyyət və maneələrdən danışan şairlər, yazıçılar və bütün qabaqcıl qüvvələr azərbaycanlılara keçmiş azadlıqlarını və sağlam həyatın, tərəqqinin etibarlı təminatı kimi itirilmiş bu neməti yenidən əldə etməyin zəruriliyini xatırlatmaq üçün heç bir fürsəti əldən vermirdilər.

Xalqın bütün arzuları bu şüar ətrafında birləşirdi. Bu proqram naminə xalq yad hakimiyyətin boyunduruğuna səbrlə dözürdü. Hökumətin ona bəslədiyi etimadsızlıq isə xüsusilə onda açıq şəkildə özünü göstərirdi ki, Rusiya hökuməti azərbaycanlıları orduya qəbul etmir, hərbi xidmət əvəzinə onlardan xüsusi hərbi vergi alırdı.

Azərbaycanlılar həmin şüar naminə şəhər şuralarında iştirak etmək, daşınmaz əmlak əldə etmək, dövlət vəzifələrində çalışmaq, hətta sərbəst vəkil peşəsi ilə məşğul olmaq hüququ sahəsində onlara tətbiq edilən hər cür məhdudiyyət və ayrı-seçkiliyə dözürdülər.

1905-ci il Rusiya inqilabı və xüsusilə 1917-ci il inqilabı çar Rusiyasının xalqlarına, o cümlədən azərbaycanlılara öz müqəddəratını təyin etmək və azadlığa qovuşmaq tələblərində güclü təkan verdi.

Mərkəzi hakimiyyətin süqutundan, milyonlarla əsgərdən ibarət ordunun dağılmasından və bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra azərbaycanlılar, ermənilər və gürcülər öz talelərini öz əllərinə aldılar. Onlar Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar, ümumi hökumət və nümayəndəlik orqanı — Zaqafqaziya Seymini təşkil etdilər.

1918-ci il aprelin 9-da Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi.

Təəssüf ki, Almaniyanın, Türkiyənin və digər dövlətlərin təzyiqindən irəli gələn bir sıra daxili, xüsusilə də xarici amillər Seymin və hökumətin fəaliyyətini iflic etdi və nəticədə Seym süquta uğradı.

Eyni zamanda Tiflisdə əvvəlcə Gürcüstanın, sonra isə Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edildi.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanı müstəqil demokratik respublika elan etdi.

Müstəqillik bəyannaməsində, digər müddəalarla yanaşı, deyilirdi:

«Azərbaycan Demokratik Respublikası bütün millətlərlə, xüsusilə də qonşu dövlətlərin xalqları ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışır.

«Respublika öz ərazisində milliyyətindən, dinindən, sosial mövqeyindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların mülki və siyasi hüquqlarını təmin edir.

«Respublika öz ərazisində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün hər cür imkan yaradır.»

Bu prinsiplər əsas qanunlar kimi Azərbaycan Respublikasının parlamentinin, hökumətinin, bütün orqan və müəssisələrinin fəaliyyətinin təməlini təşkil edirdi.

Bütün vətəndaşlar eyni hüquqlardan istifadə edir və ümumi seçki hüququna malik idilər. Xüsusilə qeyd olunmalı cəhət budur ki, Azərbaycan müsəlman qadınların parlament seçkilərində iştirak etdiyi ilk ölkə olmuşdur.

Azərbaycan Parlamentində bütün millətlərin nümayəndələri — azərbaycanlılar, ermənilər, ruslar, gürcülər, yəhudilər, almanlar və polyaklar təmsil olunurdular. Nazirlər Kabinetində hətta rus və erməni nazirlər də var idi.

Lakin müstəqilliyin elanından dərhal sonra Gəncə şəhərində təşkil edilmiş Azərbaycan hökuməti yuxarıda göstərilən prinsiplər əsasında dövlət quruculuğu işlərinə başlamazdan əvvəl, 1918-ci ilin martında Bakını və neft bölgəsini ələ keçirmiş, hətta Gəncəyə hücum etməyə hazırlaşan bolşeviklərdən Respublikanın paytaxtı Bakını azad etmək üçün şiddətli mübarizə aparmalı oldu.

Hökumət bolşeviklərin öz saxta kommunist prinsiplərini kütlələrin şüuruna yeritmək məqsədilə Bakı əhalisinə verdikləri dəhşətli əzablardan xəbər tutmuşdu.

Altı ay ərzində əhali Qırmızı Ordunun süngülərinə arxalanan bolşeviklər tərəfindən ağır işgəncələrə məruz qaldı.

Yeni yaradılmış Respublikanın hökuməti işğalçıların dağıdıcı əməlləri qarşısında aciz idi. Doğrudur, o, qısa müddətdə bir neçə atıcı batalyonu təşkil etmişdi, lakin onları təchiz etmək, xüsusilə silahlandırmaq və sursatla təmin etmək mümkün deyildi. Hökumətin hətta artilleriyası belə yox idi. Qonşu respublikalar da ona yardım göstərə bilmirdilər, çünki öz ölkələrində iğtişaşları yatırmaqla məşğul idilər. Halbuki, nəhəng sərvətə malik sənayesi və əhalisi ilə birlikdə Bakı talan edilir, viran qoyulur və təcili yardım tələb edirdi.

Bu çıxılmaz vəziyyətdə Azərbaycan Müvəqqəti hökuməti Bakını bolşeviklərdən azad etmək üçün hərbi yardım göstərilməsi xahişi ilə Türkiyə Ali Komandanlığına müraciət etdi. Türklər 7–8 min nəfərlik qoşun göndərdilər. Bu qüvvələrə azərbaycanlı atıcı dəstələri də qoşuldu və iki aylıq mühasirədən sonra Bakı və onun ətraf rayonları bolşeviklərdən təmizləndi. 1918-ci ilin sentyabrında Müvəqqəti hökumət Gəncədən paytaxta köçürülə bildi.

Bundan az sonra Azərbaycan hökuməti İrandakı Müttəfiq qoşunlarının komandanı, ingilis generalı Tomsondan belə bir məlumat aldı: onun komandanlığı altında olan müttəfiq dəstəsinin Bakıya daxil olması qərara alınmışdı; Bakı Müttəfiqlərin bölgədə asayişi bərpa etmək üçün həyata keçirəcəkləri tədbirlərin bazası kimi seçilmişdi.

Hökumət bu teleqramı alan kimi Xəzər dənizi sahilində yerləşən İran limanı Ənzəliyə generalın yanına xüsusi nümayəndə heyəti göndərməyə tələsdi. Bir neçə gün sonra general öz qərargahı ilə birlikdə Bakıya gəldi və burada təntənəli şəkildə qarşılandı.

General Tomson dərhal əhaliyə müraciət yayaraq bildirdi ki, Azərbaycan Respublikasının ərazisində yalnız bir hakimiyyət — ölkənin bütün sakinlərinin tabe olmalı olduğu Azərbaycan hökumətinin hakimiyyəti mövcuddur.

Bu bəyanat asayişin və əmin-amanlığın bərqərar edilməsi məqsədilə hökumətlə Müttəfiqlərin Ali Komandanlığı arasında birgə fəaliyyətə şərait yaratdı. Bundan az sonra türk qoşunları bağlanmış atəşkəsin şərtlərinə uyğun olaraq Azərbaycanı tərk edib vətənlərinə qayıtdılar.

Bolşeviklərin timsalında yaranmış təhlükə ölkənin müdafiəsinin təşkil edilməsi zərurətini gündəmə gətirdi. Həlli böyük fədakarlıqlar tələb edən bu məsələ uğurla həll olundu və Azərbaycanın kiçik bir ordusu yaradıldı. Bu ordunun başında əslən Azərbaycandan olan təcrübəli generallar dayanırdılar. Onların sırasında hərbi nazir, Riqada almanlara qarşı döyüşən Rusiya ordusu korpusunun keçmiş komandanı general Mehmandarov, eləcə də general Mehmandarovun müavini, Rusiya ordularının baş komandanının Baş Qərargahında xidmət etmiş və 9-cu Orduya komandanlıq etmiş general Şıxlinski var idi.

Sözsüz ki, bu kiçik ordu yalnız müdafiə məqsədləri baxımından əhəmiyyət daşıya bilərdi və tezliklə yaranmış şərait onun zəruriliyini sübut etdi. Bütün Qafqaz kimi Azərbaycan da general Denikinin Könüllü Ordusunun təhdidi ilə üzləşdi. Respublika hökuməti ölkə daxilində, eləcə də Parisdə Sülh Konfransındakı Azərbaycan nümayəndə heyəti vasitəsilə Müttəfiqlərə müraciət edərək həmin ordunun açıq-aşkar təcavüzkar planlarına qarşı tədbirlər görülməsini xahiş etdi.

Bu zaman Azərbaycanla Gürcüstan arasında müdafiə ittifaqı bağlandı. Lakin Könüllü Ordu, hansı ki, təəssüflər olsun ki, Şimali Qafqaz Respublikasının ərazisinin bir hissəsini ələ keçirməyə, onun Parlamentini buraxmağa və hökumətini qovmağa müvəffəq olmuşdu, şimaldan irəliləyən bolşeviklərin təzyiqi altında cənuba, yəni Azərbaycana doğru hərəkətini dayandırmağa məcbur oldu.

Fırtına bir daha sovuşmuşdu. Lakin Azərbaycanı ən böyük sınaq hələ qarşıda gözləyirdi.

1920-ci il yanvarın 12-də Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan respublikaları ilə birlikdə Fransa, İngiltərə, İtaliya, Polşa və digər dövlətlər tərəfindən de-fakto tanındı.

Beynəlxalq əhəmiyyət daşıyan bu akt, təbii olaraq, xalqı dövlət quruculuğu naminə bütün qüvvə və vasitələrini səfərbər etməyə daha da ruhlandırdı. Həqiqətən də, bütün dövlət orqanları və ictimai qüvvələr öz səylərini əsirgəmədən bu faydalı işə başladılar.

Lakin təəssüf ki, bütün ölkənin üzərində yeni bir Damokl qılıncı — daha dəhşətli təhlükə, rus bolşevikləri asılmışdı. Onlar 1918-ci ildə məğlubiyyətlərini və Bakıdan qovulmalarını unuda bilmirdilər. Bundan əlavə, onların yeni bir bəhanəsi də var idi: guya Azərbaycan Respublikası Müttəfiqlərin göstərişlərinə əməl edərək Rusiyanın ehtiyacları üçün zəruri olan Bakı neftini vermək istəməmişdi. Nəhayət, üçüncü bir səbəb də Azərbaycanın və onun qonşusu Gürcüstanın Könüllü Orduya qarşı Sovet Rusiyası ilə ittifaqa girməkdən imtina etməsi idi.

Hər halda, artıq bir dəfə yaşanmış təhlükə yenidən yaxınlaşırdı. Respublika hökuməti ölkəni yeni dağıdıcı zərbəyə məruz qoymaq istəmədiyindən, müəyyən miqdarda neftin bəzi mallar — dəri, mismar və sairə — müqabilində bolşeviklərə verilməsi barədə danışıqlara başlamağa məcbur oldu. Danışıqlar Petrovsk şəhərində aparıldı və saziş aprelin 18-dən 20-dək olan müddətdə imzalanmalı idi.

Lakin bunun əvəzinə bolşeviklər işğal etdikləri Şimali Qafqaz ərazisindən Qırmızı Ordunun bir hissəsini Azərbaycana qarşı irəlilətdilər. Bu qüvvələr 1920-ci il aprelin 27-də Bakını və Bakı neft bölgəsini ələ keçirdilər. Onların məharətlə təşkil edilmiş təbliğatı ölkə əhalisini inandırmağa çalışırdı ki, Azərbaycana dost bir dövlətin ordusu daxil olmuşdur, bu ordu burada qalmayacaq, sadəcə ölkədən keçərək Şərqin məzlum xalqlarına yardım göstərmək üçün daha irəli gedəcəkdir.

Sözsüz ki, Azərbaycan hökuməti bu iddiaya inana bilməzdi. Qırmızı Ordu yaxınlaşarkən Azərbaycan ordusunun bir dəstəsi şimal sərhədinə doğru hərəkət etdi. Yalama stansiyasında Qırmızı Ordu ilə Azərbaycan qoşunları arasında toqquşma baş verdi; bu döyüşdə hər iki tərəfdən ölənlər və yaralananlar oldu.

Lakin öz qüvvələrinin köməyinə tələsən, sayı bir neçə min nəfərə çatan, ağır artilleriya və təyyarələrlə təchiz olunmuş bolşevik dəstələri, təbii ki, bir ovuc azərbaycanlı əsgərin müqavimətini qırdılar. Onların bir ovuc olmasının səbəbi ordunun qalan hissəsinin ölkənin başqa bölgəsində — Qarabağda cəmləşməsi idi; burada ermənilərin yaşadığı hissədə Respublikanın ərazi bütövlüyünü təhdid edən üsyan baş vermişdi.

Bakının düçar olduğu fəlakətdən xəbər tutan ordunun bir hissəsi Gəncəyə yollandı. Burada əhali bolşevik komissarlarını məhv etdi və Qırmızı Orduya qarşı şiddətli döyüşə girdi. Azərbaycanlılar bu qeyri-bərabər mübarizəni davam etdirməkdə aciz qaldılar; on mindən çox insan həlak oldu, Gəncə şəhərinin üçdə ikisi dağıdıldı. Bu şəhərin kədərli faciəsi qısaca belədir!

Beləliklə, Azərbaycanın iki ən mühüm məntəqəsini — Bakı və Gəncəni ələ keçirən bolşeviklər üçün Bakı–Poylu əsas dəmir yolu xəttini (Gürcüstan sərhədinədək) nəzarətə götürmək çətin olmadı. Bundan sonra onlar ölkənin hər yerində vəhşiliklər törətməyə, məşhur ÇK-nı — inkvizisiya tribunalını — bütün atributları ilə birlikdə tətbiq etməyə başladılar: kütləvi güllələnmələr, talanlar, insanların Rusiyanın mərkəzi quberniyalarına sürgün edilməsi, həbslər və müsadirələr.

Təəssüf ki, kiçik Azərbaycan xalqı çoxlu əzab çəkmiş, böyük qurbanlar vermiş, saysız-hesabsız insan itirmiş və azadlığının əvəzini çox baha ödəmişdir. Onun qanı hələ də axır, lakin o təslim olmamışdır və olmayacaqdır. Artıq on dörd aydır ki, bolşeviklər ölkədə hakimiyyəti qəsb etmişlər; onlar milli sərvətləri talayır və dağıdıcı fəaliyyətlərinin bütün zərbələrini xalqın üzərinə yönəldirlər.

Doğrudur, bolşeviklər Azərbaycanın müstəqilliyini tanımışlar və onların Londondakı nümayəndəsi Azərbaycan Respublikasının azad dövlət olduğunu bəyan edir. Lakin bu cür bəyanatla dəhşətli reallıq arasındakı tam uyğunsuzluğu görən azərbaycanlılar işğalçılara qarşı mübarizəni dayandırmırlar. Xüsusilə Lənkəran, Quba, Cavad, Gəncə, Qazax və Qarabağ bölgələrində üsyanlar bir-birinin ardınca baş verir. Xalq öz zülmkarlarından azad edilənədək bu mübarizə davam edəcəkdir.

Bu nəticəyə iki müddəadan çıxış edərək gəlirik: birincisi, xalq müstəqillik ideyasına o qədər dərindən bağlıdır və azadlığı uğrunda o qədər ağır bədəl ödəmişdir ki, ondan yalnız son həddə çatdıqda imtina edər; ikincisi isə, azərbaycanlılar heç vaxt və heç bir şəraitdə bolşeviklərlə, xüsusilə də onların azərbaycanlıların düşüncələrinə, dünyagörüşünə, dininə və daim başqasının hüquq və əmlakına hörmətə əsaslanan adət-ənənələrinə tamamilə yad, hətta düşmən olan təlimləri ilə barışmayacaqlar.

Məhz bununla onların gələcək müstəqil mövcudluqlarına olan inamı və həyati, siyasi, sosial və iqtisadi maraqlarını bütün vasitələrlə müdafiə etmək barədə sarsılmaz qərarlılığı izah olunur.

Azərbaycan Respublikası öz səlahiyyətli orqanları vasitəsilə maraqlarının hər hansı şəkildə pozulmasına qarşı heç vaxt reaksiyasız qalmamışdır. O, Bakı neft sənayesi məhsullarının dörddə birini almanlara verən Brest-Litovsk müqaviləsinə qəti etiraz etmişdir. Azərbaycan nümayəndə heyəti Sülh Konfransında, həmçinin Rusiya sovetlərinin nümayəndəsi Krasinin Londonda Bakıdakı neft sahələrinə dair konsessiyalar vermək cəhdlərinə qarşı etiraz etmişdir.

Hüquqlarını bu cür dərk edərək və müdafiə edərək Azərbaycan düzgün və onun həyatı üçün zəruri olan bir yol tutur.

Bu yol Qafqaz xalqlarının yoludur; Azərbaycanın öz istiqaməti — Qafqaz yönümüdür. Bu istiqamət hər şeydən əvvəl ölkə daxilində və Qafqazdakı qonşuları ilə sülhə, səmimi dostluğa və ümumi tərəqqiyə əsaslanır. Azərbaycanlılar bu istiqamətdən kənarda nə özlərinin, nə də qonşuları olan dağlıların, gürcülərin və ermənilərin intellektual və iqtisadi qüvvələrinin inkişafını mümkün hesab edirlər.

Qafqaz xalqlarının dinc birliyi və sıx dostluğu şəraitində bolşevizm və hər hansı başqa təhlükə yalnız müvəqqəti xarakter daşıyan hadisələrdir; bunlar, doğrudur, faciəli mərhələlərdir, lakin həyatın gedişində taleyin qaçılmaz sınaqlarından başqa bir şey deyildir.

Bu şəraitdə Azərbaycanın və bütün Qafqazın gələcək rifahına olan inam xalqların birliyinin qızğın tərəfdarları olan azərbaycanlıların ümidlərinə daim dayaq olmuşdur.

Atəşkəsdən dərhal sonra Azərbaycanın Konstantinopoldakı nümayəndəsi Müttəfiq dövlətlərin ali komissarlarına təqdim etdiyi memorandumda Qafqazın belə bir siyasi və iqtisadi birliyinin zəruriliyinə diqqət çəkmişdi.

Eyni zərurəti 1919-cu ildə Tiflisdə və Bakıda Azərbaycan hökumətinin üzvləri də əsaslandırırdılar. Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyəti də Konfransa təqdim etdiyi memorandumda həmin zərurətdən bəhs etmişdir. İki ildən artıqdır ki, Parisdə Konfrans yanında fəaliyyət göstərən bu nümayəndə heyəti həmin birliyin yaradılmasını təklif etməkdən heç vaxt vaz keçməmişdir. O, bu barədə Millətlər Cəmiyyətinə də müraciət etmişdi; lakin təəssüf ki, Millətlər Cəmiyyəti Qafqaz respublikalarının təşkilata qəbul edilməsi haqqında müraciətə mənfi cavab vermişdir.

Dörd Qafqaz Respublikasının nümayəndələri tərəfindən bu yaxınlarda imzalanmış sıx ittifaq haqqında müqavilə artıq mövcud bir gerçəklikdir. Qonşularımız kimi, azərbaycanlılar da əmindirlər ki, Qafqaz xalqları bu birlikdə öz ölkələrinin azad edilməsi və bərpası üçün qüvvə tapmışlar və bundan sonra da tapacaqlar.

Qafqaz xalqlarının birliyindən doğacaq bu yeni qüvvələr onlara təkcə Divide et impera — «Parçala və hökm sür» — şüarına möhkəm bağlı olan çar rejiminin tamamilə qeyri-normal şəraitində yaranmış qarşılıqlı inciklikləri və anlaşılmazlıqları unutmaq deyil, həm də demokratik prinsiplər əsasında sağlam siyasi və iqtisadi həyat qurmaq və inkişaf etdirmək imkanı verəcəkdir.

Biz əminik ki, Qafqaz respublikaları bu məsələdə ilk növbədə öz ən yaxın qonşuları — Rusiya, Türkiyə və İran tərəfindən rəğbət və dəstək görəcəklər. Artıq müstəqilliyə malik olan, lakin öz ölkələrinin azadlığına və bərpasına çalışan Rusiya, Türkiyə və İran xalqları bizə — Qafqaz xalqlarına — bu meyl və arzularımızı həyata keçirmək hüququnu rədd edə bilməzlər.

Buna əmin olan Qafqaz Respublikaları İttifaqı, Qafqaz respublikalarının tam müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsi şərtilə, yuxarıda göstərilən dövlətlərlə ən səmimi mehriban qonşuluq münasibətləri qurmaq arzusundadır. Buna görə də həmin respublikalar, təbii olaraq, hər bir tərəfin maraqlarına qarşılıqlı təminat verməyə hazırdırlar.

Burada, sözsüz ki, indiki Rusiyanı deyil, gələcəyin həqiqətən demokratik Rusiyasını nəzərdə tuturuq.

İndi isə Türkiyədən danışaq. Türkiyə yalnız Qafqazın milyonlarla müsəlmanı ilə eyni dinə mənsub deyil, həm də Azərbaycan əhalisi ilə eyni soydandır; onları dil, ədəbiyyat və adət-ənənələr bir-birinə bağlayır.

Siyasi və iqtisadi həyatını milli-demokratik prinsiplər əsasında qurmağa çalışan bu gənc və yeni Türkiyə, əminik ki, Qafqaz Respublikaları İttifaqına rəğbətlə yanaşır və hər bir respublikanın siyasi və iqtisadi müstəqilliyini qoruyan bu sıx birliyi dəstəkləməkdən geri qalmayacaqdır.

Bu dəstəyin Qafqaz respublikaları üçün böyük əhəmiyyətini inkar etmək olmaz. Çünki bütün Yaxın Şərqdə yeni Türkiyə real qüvvə və son dərəcə mühüm amildir; bütün Yaxın Şərq məsələsinin, o cümlədən Qafqaz məsələsinin qənaətbəxş həlli də bundan asılıdır.

Biz hesab edirik ki, belə bir dəstək və ümumiyyətlə, bu qüvvədən istifadə edilməsi bütün Qafqaz respublikalarının, eləcə də bütövlükdə Yaxın Şərqin maraqlarına uyğundur.

Ankara ilə bolşeviklər arasındakı ittifaq bizi o qədər də narahat etmir. Çünki yalnız müəyyən bir məqsədə xidmət edən bu ad hoc yaxınlaşma, icazə verin deyim ki, Türkiyənin maraqlarını tamamilə gözardı etmiş və bununla da onu bolşeviklərin ağuşuna atmış dövlətlərin kor siyasətinin birbaşa nəticəsidir.

Azərbaycanlılar və Qafqazın digər xalqları kimi, türklər də kommunist prinsiplərinə və ümumiyyətlə, əsrlər boyu formalaşmış ictimai həyatın mənəvi və maddi əsaslarını sarsıdan bolşevik təlimlərinə yaddırlar. Müsəlman olaraq onlar xüsusi mülkiyyətə və seçkili idarəçilik prinsipinə dərin hörmət bəsləyirlər.

Məhz buna görə də bolşevik təbliğatının türk xalqı arasında uğur qazanmayacağını söyləmək olar; çünki bu təlim Şərq xalqlarının təbiətinə və dünyagörüşünə tamamilə yaddır.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək çətin deyildir ki, türk xalqı arasında kök sala bilməyən bolşeviklərlə ittifaq uzunömürlü ola bilməz və türk xalqının tələblərinə ədalətlə yanaşıldığı təqdirdə bu ittifaq dağılacaqdır.

Burada Fransanın hazırkı hökumətinin müstəqil və yaşama qabiliyyətli Türkiyə yaratmağa yönəlmiş sağlam siyasətini qeyd etməliyik. Belə bir yanaşma Yaxın Şərqdə sülhün və əmin-amanlığın bərpa olunmasının etibarlı təminatıdır. Bu bərpa nə qədər tez həyata keçirilərsə, Qafqaz respublikaları üçün bir o qədər faydalı olar və onların ittifaqı bir o qədər möhkəmlənər. O zaman onlar bütün qüvvələrini dinc inkişafa və ədalət, mədəniyyət və tərəqqi prinsipləri əsasında sivil xalqlarla yaxınlaşmağa yönəldə bilərlər. (Alqışlar.)

Cənab Sədr. — Cənab Topçubaşovun çox aydın, son dərəcə təmkinli və siyasi baxımdan dolğun məruzəsi bizə Azərbaycan haqqında çox şey öyrətdi. Bu məsələ ilə bağlı faydalı qeydləri olan şəxsləri məmnuniyyətlə dinləyəcəyik.

Söz cənab Şevalleyə verilir…

Paylaş
FacebookTwitter

Facebook Comment
bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.