Ayaz Mütəllibov müasir Azərbaycanın siyasi həyatında baş vermiş bir sıra mühüm proseslərin təşəbbüskarı, təşkilatçısı və ya icraçısı olub. Onun hakimiyyəti dövründə baş vermiş bir sıra hadisələr sonrakı siyasi proseslərə təsir göstərib. Ayaz Mütəllibov həm Azərbaycan SSR-in, həm də Azərbaycan Respublikasının ilk prezidenti olub. Onun hakimiyyəti dövründə Azərbaycan BMT-nin tam hüquqlu üzvünə çevrilib. Mütəllibov eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmasının təşəbbüskarı olub.
Azərbaycanda insanların Ayaz Mütəllibov şəxsiyyətinə və hakimiyyəti dövrünə münasibəti birmənalı deyil. Cəmiyyətin bir hissəsi Mütəllibovun səriştəsiz siyasətçi, müxtəlif siyasi qrupların əlində oyuncağa çevrilmiş iradəsiz lider olduğunu düşünür, digər qisim isə onun dövründə ilk dəfə ictimai həyatda demokratiya, siyasi plüralizm və azadfikirliliyin təmin edildiyini düşünür. Bəs Mütəllibov özü o dövrü necə xatırlayır, hakimiyyəti dövrünü necə qiymətləndirir?
Mütəllibov 1990-cı illərin əvvəllərində hakimiyyəti dövrünə həsr olunmuş iki kitab nəşr etdirib. Bu kitablardan biri Qarabağ-qara bağ,[1] digəri isə 7 ilin 70 anı[2] adlanır. Bu kitablar xatirə mənşəli hesab edilməsə də, Mütəllibovun siyasi karyerasını təhlil etmək, onun 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində baş vermiş proseslərə münasibətini aydınlaşdırmaq baxımından əhəmiyyətlidir. Bundan başqa, Mütəllibov 2000-ci illərin əvvəllərində Rusiya mətbuatına SSRİ-nin dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycanda baş vermiş hadisələrlə bağlı müsahibələr verib. Nəhayət, Bakıya qayıtdıqdan sonra Xural qəzetinə hakimiyyəti dövründə baş verən hadisələrlə bağlı geniş müsahibə verib. Mütəllibov Bakıya qayıtdıqdan sonra kitablarında əks olunan bəzi fikirlərindən imtina etdiyini bildirib. Lakin həyatının son 20 ilində verdiyi müsahibələrin təhlili göstərir ki, o, 1990-cı illərin əvvəllərində yazdığı kitablarında nəql etdiklərini olduğu kimi təkrarlayır, yəni onun həmin dövrdə baş verən proseslərə münasibəti sabit və dəyişməz qalıb. Dəyişən yalnız bir məsələ olub, bu da Mütəllibovun Heydər Əliyevə münasibətidir. Bunu da Azərbaycana qayıtmaq naminə Mütəllibovun İlham Əliyev hakimiyyətinə güzəşti kimi qəbul etmək olar. Bu yazı yuxarıda qeyd olunan materialların əsasında hazırlanıb.
Ayaz Mütəllibov: “qızıl gəncliyi”in nümayəndəsi
Kommunist partiyası və bolşeviklər insanlar arasında sosial bərabərliyi təmin etmək iddiası ilə hakimiyyətə gəlsələr də, Sovet İttifaqında həm varlı, həm də kasıb təbəqə olub. Varlılar Kommunist partiyasının, dövlət orqanlarının rəhbərlərindən, böyük istehsalat müəssisələrinin idarəçilərindən, tanınmış elm və mədəniyyət xadimlərindən, diplomatlardan, ordu rəhbərlərindən ibarət idi. Varlılar sovet dövlətinin elit təbəqəsini təşkil edirdi. Bu təbəqəyə aid olanların maliyyə imkanları o qədər də böyük deyildi, onlar yüksək maaş almırdılar, lakin tutduqları vəzifə onlara geniş imkan və imtiyazlar verirdi. Bu imtiyazlar isə sadə sovet vətəndaşları üçün əlçatan olmayan ərzaqları, geyimi xüsusi mağazalardan əldə etmək, xarici dövlətlərə səfərlərə getmək, prestijli institutlarda təhsil almaq, qanundan üstün olmaq kimi imkanlar yaradırdı. Yüksək partiya və dövlət vəzifəlilərinin uşaqları da bu imtiyazlardan yararlanırdılar və onları sovet dövrünün qızıl gəncləri adlandırırdılar. Valideynləri yüksək vəzifə tutmasa da, Ayaz Mütəllibovu sovet Azərbaycanının qızıl gəncliyinin nümayəndəsi hesab etmək olar.
Əslən Şamaxıdan olan Ayaz Mütəllibov 1938-ci ilin mayında Bakıda həkim ailəsində anadan olub. Atası cərrah, anası ginekoloq olan Mütəllibov sovet Azərbaycanının ziyalı təbəqəsinin nümayəndəsi idi. Qızıl gənc Mütəllibov caz musiqisinin, Amerika həyat tərzi və geyiminin pərəstişkarı idi. Musiqi zövqünə və geyim tərzinə görə tez-tez tənqid edilən Mütəllibovu divar qəzetində stilyaqa (1940-1960-cı illərdə SSRİ-də gənclər arasında yayılmış submədəniyyət növü) adlandırırdılar.[3]
Ayaz Mütəllibovun uğurlu iş təcrübəsi 1962-ci ildə təkcə sovet Azərbaycanının deyil, həmçinin SSRİ-nin prestijli ali məktəblərindən sayılan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirdikdən 4 il sonra başlayır. 1966-cı ildə 28 yaşlı Mütəllibov Bakı soyuducu və məişət maşınları zavodunun direktoru təyin olunur. 8 il sonra o, artıq Bakı soyuducu və məişət maşınları istehsalat birliyinin baş direktoru idi. Mütəllibov dövlət idarəçiliyində sürətli yüksəlişindən sonra özünü partiya işində sınamaq qərarına gəlir. 1963-cü ildən Sov. İKP-nin üzvü olan Mütəllibov 1977-cü ildə Bakı şəhəri Nərimanov rayon partiya komitəsinin ikinci katibi kimi işə başlayır. Mütəllibov sonralar xatırlayır ki, partiya işi onun üçün cəlbedici olmayıb. Bacarıqlı menecer olan Mütəllibov 1979-cu ildə 41 yaşında Azərbaycan SSR yerli sənaye naziri təyin olunur. Dörd il sonra o, artıq Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, həmçinin Dövlət Plan Komitəsinin sədri idi. 1989-cu ilin fevralında Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsini tutan Mütəllibovun 23 illik davamlı karyera inkişafında təlatümlər 1990-cı ilin yanvar hadisələrindən sonra başlayır.
Vəzirov respublikada vəziyyəti sabitləşdirə bilmədiyi üçün vəzifədən uzaqlaşdırıldıqdan sonra Mütəllibov Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi təyin olunur. Mütəllibov eyni zamanda Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) Mərkəzi Komitəsi (MK) Siyasi Bürosunun (SB) üzvü seçilir və Heydər Əliyevdən sonra SSRİ ali hakimiyyət orqanında təmsil olunan ikinci azərbaycanlı olur. Mütəllibov yüksək partiya təyinatının ağır dövrə təsadüf etdiyini, bu səbəbdən də həyatına məmnunluq əvəzinə təlatümlər gətirəcəyini anladığını qeyd edir.[4] Mütəllibov peşəkar partiya işçisi olmadığı üçün onu uzun sürən partiya iclasları və plenumları cəlb etmirdi, partiya bürokratlarına xas olan karyerizm, mentorluq, işə laqeyd münasibət isə ona yad idi. Mütəllibov həmin dövrdə partiya tədbirlərinin artıq heç bir məsələni həll etmədiyini vurğulayır, onların formal xarakter daşıdığını qeyd edir.
Bəzi tədqiqatçılar və siyasətçilər Mütəllibovun hakimiyyətə təsadüfən gəldiyini düşünür.[5] Bu fikrə qarşı ən azı iki arqument gətirmək olar. Mütəllibov Vəzirovdan sonra respublikada ən yüksək vəzifəli azərbaycanlı idi. Mütəllibovun Heydər Əliyevlə heç bir qohumluq əlaqəsi yox idi, onun yerlisi də deyildi, yəni Əliyev klanına aid deyildi. Bu təyinatla Moskva Vəzirovdan sonra ikinci dəfə Azərbaycanı Əliyevin təsir dairəsindən çıxarmağa cəhd göstərirdi. Mütəllibov bir neçə ay sonra, 1990-cı ilin mayında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in prezidenti seçilir. 1992-ci ildə Xocalı faciəsindən sonra AXC-nin təzyiqləri altında prezident postundan istefa verən Mütəllibov təqribən 2 ay sonra Ali Sovetin qərarı ilə yenidən prezident vəzifəsinə qayıdır. Bir gün sonra isə Bakını tərk edir. Mütəllibov vətəninə 20 il sonra 2012-ci ildə qayıda bilir.
Mütəllibovun karyera yüksəlişi Vəli Axundovun dövründə başlasa da, ən böyük uğurları Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edib, bu səbəbdən də onu Heydər Əliyevin kadrı hesab etmək olar. Əliyevin kadrı olmasına baxmayaraq, Mütəllibov onun yerlisi olmadığı üçün onun qarşısında hər hansı bir öhdəliyi yox idi. Mütəllibov sələfi Əbdülrəhman Vəzirov haqqında müsbət fikirdə olub, lakin Heydər Əliyevə münasibəti birmənalı deyildi.
Mütəllibov: sonuncu birinci katib, istefaya gedən ilk prezident
1990-cı il yanvarın 18-də Moskva Vəzirovu birinci katib vəzifəsindən azad edir. Mütəllibov müsahibələrində Vəzirovun Bakıya sovet qoşunlarının yeridilməsi ehtimalını müzakirə etdiyini, lakin bunun mümkünlüyünə inanmaq istəmədiyini söyləyir və təsdiq etmiş olur ki, 1990-cı ilin yanvarında Bakıya qoşun yeridilməsi Vəzirovun təşəbbüsü olmayıb. Vəzirovdan sonra respublikada hakimiyyət boşluğu yaranır. Qərarları Moskvadan gələn SSRİ Ali Sovetinin sədri Yevgeniy Primakovun başçılıq etdiyi nümayəndə heyəti verirdi. Formal olaraq isə respublika rəhbərliyini ikinci katib Viktor Polyaniçko ilə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov təmsil edirdi. Faktiki hakimiyyət isə AXC-nin əlində idi.
Yanvar hadisələrindən 5 gün sonra Moskva respublika rəhbərliyi haqqında qərar qəbul edir və Mütəllibov Azərbaycan SSR KP-nin birinci katibi təyin edilir. 1990-cı ilin mayında Azərbaycan SSR Ali Sovetinin sessiyasında prezident seçilən Mütəllibov bir il sonra respublikada prezident seçkiləri təşkil edir. Mütəllibov bu qərarını müxalifətin onun legitimliyini şübhə altına alması ilə izah edir. Mütəllibov qeyd edir ki, uşaqlıqdan avtoritarizmin nə demək olduğunu anlayıb və heç bir zaman avtoritar lider olmaq istəməyib, hər zaman demokratik prinsiplərin tərəfdarı olub.[6] Mütəllibov Sov.İKP-nin 1990-cı ilin iyulunda keçirilən 28-ci qurultayındakı çıxışında da demokratiya məsələsinə toxunub, partiyanın elan etdiyi yenidənqurmanın sovet xalqına illərlə gözlənilən demokratiya əvəzinə xaos, qeyri-müəyyənlik gətirdiyini vurğulayıb. Çıxışında SSRİ rəhbərliyini kəskin tənqid edən Mütəllibov deyir ki, ölkə boyunca nizam-intizamı demokratiyaya uyğun olaraq qanunlar deyil, ordu təmin edir. Ölkədə demokratik islahatların başlandığını elan edən Kommunist Partiyasının bu islahatları reallaşdırmaq üçün nə strategiyası, nə də planı mövcuddur. Mütəllibov eyni zamanda deyir ki, sovet cəmiyyəti bu dəyişikliklərdə demokratiya görmür.[7] SSRİ dağıldıqdan 20 il sonra yazdığı məqalələrin birində Mütəllibov Qorbaçovun başlatdığı yenidənqurmanın “reklam xarakterli təbliğatdan” başqa bir şey olmadığını bildirir.[8]
Mütəllibov yazır ki, demokratik prinsiplərin tərəfdarı olduğu üçün 1991-ci ilin sentyabrında prezident seçkilərinin keçirilməsinə razılıq verib. Bu seçkilər alternativ namizədsiz keçirilsə də, Mütəllibov onu demokratik proses hesab edir. Mütəllibov eyni zamanda qeyd edir ki, onu belə bir addım atmağa vadar edən həmçinin beynəlxalq nüfuz məsələsi idi, seçkilər olmadan dünya onu legitim prezident kimi tanımayacaqdı. Mütəllibov özünü demokrat adlandırsa da, SSRİ-nin dağılmasını müsbət proses hesab etmir və qeyd edir ki, Sovet İttifaqının dağılması ABŞ və Qərb dövlətlərinə dünyanın təbii sərvətlərinə qeyri-məhdud çıxış əldə etmək imkanı verdi. Bu dövlətlərin milli maraqları SSRİ xalqlarının demokratiya istəyi ilə üst-üstə düşmədiyi üçün postsovet məkanında demokratiyanın səviyyəsi bu dövlətlərin ABŞ-a loyallıq dərəcəsi ilə ölçüldü.[9]
1991-ci ilin sentyabrında prezident seçkilərindən bir neçə gün sonra Azərbaycan Kommunist Partiyasının birinci katibi Ayaz Mütəllibov partiyanın 33-cü qurultayını topladı. Bu qurultayda Kommunist Partiyasının buraxılması haqqında qərar qəbul edildi. Mütəllibov Kommunist Partiyasının Azərbaycanın siyasi səhnəsindən silinməsinin təşəbbüskarı olsa da, partiyaya münasibəti birmənalı olmayıb. Mütəllibov Qorbaçovun başlatdığı islahatların uğursuzluğunun siyasi sistem ilə əlaqəli olduğunu anlasa da, siyasi liberallaşmanın tərəfdarı olmayıb. Mütəllibov siyasi liberallaşmanın Sov.İKP-nin hakimiyyət monopoliyasını məhv edəcəyini anlayır və bunu təhlükəli hesab edirdi. O düşünürdü ki, partiya sovet dövlətinin sütunudur və bu sütunun qırılması ölkənin məhv olması deməkdir. Mütəllibov Kommunist Partiyasını ölkədə islahatlar aparmağa qadir olan yeganə siyasi güc hesab edirdi. Qəlbən demokrat olduğunu iddia edən Mütəllibov siyasi liberallaşmaya qarşı olmasının səbəbini belə izah edir: “mən SSRİ-də dövlət xadimi kimi formalaşmışam, həyatımın ən xoşbəxt illəri də bu dövlətlə bağlı olub.”[10]
Mütəllibov Kommunist Partiyasının nüfuzuna ən ağır zərbəni milli münaqişələrin vurduğunu hesab edir. Azərbaycanda bu zərbə Dağlıq Qarabağ problemi və 1990-cı ilin yanvarında baş verənlər oldu. Kommunistlər partiya biletlərini tonqallarda yandırırdılar. Kommunist Partiyasının bir qərarla tarix səhnəsindən silinməsini isə Mütəllibov partiyadaxili həyatın avtoritar xarakteri ilə izah edirdi: “Demokratik prinsiplərə hörmət edilməyən siyasi partiyanın taleyi onun liderinin əlindədir.” Lider partiyanı buraxmaq qərarına gəldi və heç kim buna etiraz etmədi. Mütəllibov SSRİ-nin dağılması prosesini sürətləndirən milli münaqişələrin mərkəzdən idarə olunduğunu iddia edir və müsahibələrində bildirirdi ki, bu haqda fikrini SSRİ rəhbərliyinə də bildirib:
Bir dəfə Mixail Qorbaçova dedim ki, DTK-nin Lefortova istintaq təcridxanasında müttəfiq respublikalar üçün prezident kurslarının açıldığını ehtimal etməyə əsasım var. Zaqafqaziya respublikalarından iki dissident, Levon Ter-Petrosyan və Zviad Qamsaxurdiya 6 aylıq kurs keçiblər. Biri Ermənistanın, digəri isə Gürcüstanın prezidenti olub. Azərbaycandan Lefortovoda iki nəfər var: Etibar Məmmədov və Rəhim Qazıyev, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri. Mən bilmirəm, siz onlardan hansını prezident roluna hazırlayırsınız. [11]
Mütəllibov Vəzirovun vəzifədən azad edilməsindən sonra respublikada hakimiyyətə faktiki olaraq AXC-nin nəzarət etdiyini deyir və əlavə edir ki, Yevgeniy Primakovun rəhbərliyi ilə mərkəzdən gələn heyət AXC rəhbərləri ilə görüşlərdə problemlərin həlli ilə bağlı heç bir razılığa gələ bilmədi. Primakov mitinqlər dayandırılmadığı halda şəhərə qoşun yeridiləcəyi haqqında ölkə rəhbərliyinin qəti qərarının olduğunu bildirsə də, Xalq Cəbhəsi nə mitinqlərin dayandırılmasına, nə də hökumət binalarının (MK, Nazirlər Soveti, şəhər partiya komitəsi) blokadasının qaldırılmasına razı oldu.
Mütəllibov Qorbaçovu müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Xalq Cəbhəsinin yaradılmasının təşəbbüskarı hesab edir. Mütəllibov xatırlayır ki, baş katib (Qorbaçov) respublika rəhbərlərinə zəng edərək yenidənqurmanı dəstəkləyəcək kütləvi milli-demokratik təşkilatların yaradılmasını tələb edirdi. “Kreml tərəfindən leqallaşdırılan və Xalq Cəbhəsi adlandırılan bu qeyri-formal ictimai hərəkatları mərkəz Sov.İKP-yə müxalif təşkilat olaraq görürdü.” Mütəllibov fikrini sübuta yetirmək üçün Qorbaçovun Baltikyanı respublikalara səfəri zamanı verdiyi müsahibəni xatırladır. Səfər zamanı jurnalistlərdən biri Qorbaçova müttəfiq respublikalarda yaradılan xalq cəbhələrinə olan münasibətini soruşmuş, Qorbaçov onlara yaxşı münasibət bəslədiyini bildirmişdi: “aşağıdan xalq cəbhəsi, yuxarıdan isə mən yenidənqurmanı sürətləndirəcəyik.”[12] Mütəllibov ehtimal edir ki, bu sürətləndirmədə ortada qalanlar müttəfiq respublikaların partiya təşkilatlarının rəhbərləri olmalı idi. Mütəllibovun bu fikirlərini həmin dövrdə respublika DTK-nın sədri olmuş Vaqif Hüseynov da təsdiqləyir. 1990-cı ilin yanvarında Azərbaycan SSR KP MK-nın plenumunda çıxışında Hüseynov deyir ki, son aylarda AXC rəhbərliyində ciddi dəyişikliklər baş vermiş, hərəkatı yaradan Azərbaycan ziyalıları rəhbərlikdən uzaqlaşdırılmış, onların yerinə isə ifrat radikal qüvvələr gəlmişdir ki, onların da fəaliyyəti bizim prinsiplərimizə tamamilə ziddir.[13]
Mütəllibov müxalifət haqqında ümumən müsbət tonda danışır, AXC liderləri ilə tez-tez görüşdüyünü, hakimiyyəti dövründə müxalifətin nümayəndələrini vəzifələrə təyin etdiyini vurğulayır. Mütəllibov hakkimiyyəti dövründə demokratik parlament seçkilərinin keçirildiyini və müxalifət nümayəndələrinin 20 mandat əldə etdiyini söyləyir.[14] Mütəllibov müxalifəti küçələrdən yığışdırıb parlamentə gətirməyin, bütün dialoqların parlamentdə aparılmasının tərəfdarı olduğunu bildirir. Mütəllibov 1990-cı illərin əvvəllərində respublikada zəif iqtidarın və güclü müxalifətin olduğunu etiraf edir və əlavə edir ki, AXC hakimiyyətə can atmasaydı, onlar birlikdə işləyib problemləri aradan qaldıra bilərdilər. Lakin AXC liderləri hakimiyyətdən başqa bir şey istəmirdilər. Mütəllibov eyni zamanda deyir ki, müxalifətin arxasında xalq dururdu, xalq meydanda olanlara yardım edir, onları yeməklə, su ilə təmin edirdi. Mütəllibov xalqın AXC-ni dəstəkləməsini respublikanın sosial-iqtisadi problemlərinin dərinləşməsində görürdü. O, müxalifətlə iqtidarın əməkdaşlığının mümkünlüyünə inandığını, koalisiya hökuməti haqqında düşündüyünü söyləyir. Lakin 1990-cı ilin sentyabr ayında Ali Sovetə keçirilən seçkilərin nəticələri bunun əksini sübut edir. Bu seçkilərdə uğur qazananların 94%-i yüksək partiya və dövlət vəzifələri tutanlar idi. Deputat mandatı əldə etmiş siyahıda ilk 50 nəfərdən yalnız 3 nəfəri vəzifə sahibi deyildi. Bu üç nəfərdən biri ittifaq əhəmiyyətli fərdi təqaüdçü Heydər Əliyev idi.[15]
Mütəllibov AXC-nin iqtidarı Moskvaya tabe olmaqda, Moskvadan qərarlar gözləməkdə günahlandırmaqla səhv etdiyini hesab edirdi, çünki inanırdı ki, Dağlıq Qarabağ probleminin həlli Moskvadan asılıdır, nə Azərbaycan iqtidarının, nə də müxalifətinin bu problemi həll etmək imkanı və gücü yoxdur. Mütəllibov Azərbaycanda müxalifətin formalaşmasını və yaxşı təşkilatlanmasını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirir və deyir ki, mütəşəkkil mitinqləri mümkün edən Moskvanın Azərbaycanın ərazi bütövlüyünü qorumaq istəməməsi idi. Dağlıq Qarabağ münaqişəsi AXC-yə elektoratı genişləndirmək və siyasi nüfuz qazanmaq imkanı verirdi.
Mütəllibov 1990-cı ilin yanvarında baş verənləri AXC-nin dövlət çevrilişi cəhdinə cavab kimi qiymətləndirir və Bakıya sovet qoşunlarının yeridilməsində bütün məsuliyyəti müxalifətin üzərinə atır. Mütəllibov eyni zamanda qeyd edir ki, Moskva ordu hesabına sakitliyi bərpa etsə də, etirazların əsas səbəbini, Dağlıq Qarabağ problemini həll etmədi. Azərbaycanda dövlət çevrilişinə yeni cəhdin olacağı şübhə doğurmurdu. Müxalifət belə bir fikir formalaşdırırdı ki, Bakıya qoşun yeridilməsi respublika partiya rəhbərliyinin təşəbbüsüdür, kommunistlər hakimiyyəti əldə saxlamaq üçün belə bir addım atıb, halbuki bu, həqiqəti əks etdirmirdi.[16] Azərbaycanda yerləşən 4-cü sovet ordusu respublika rəhbərliyinə tabe deyildi. Respublika rəhbərliyi Moskvaya vəziyyət haqqında gündəlik məlumat verirdi, eyni zamanda Bakıda təxribatın hazırlanması haqqında informasiya alınmışdı. Bakıda çoxlu sayda erməni əhali yaşayırdı, paytaxtda eyni zamanda Ermənistandan qovulmuş insanlar var idi, onlar arasında münaqişənin olması gözlənilən idi. Bu səbəbdən də respublika rəhbərliyi SSRİ DİN-dən asayişi qorumaq üçün yardım istəyirdi. Mütəllibov deyir ki, “ona da məlum olmayan səbəblərdən ordu yanvarın 20-nə qədər kazarmalardan çıxmadı, qoşun kazarmalardan çıxanda isə Bakıda erməni qalmamışdı.” Mütəllibov respublika rəhbərliyinin son ana qədər paytaxta qoşun yeridilməməsi ilə əlaqədar mərkəzlə danışıqlar apardığını, həmin vaxt Bakıda olan SSRİ müdafiə naziri Dmitriy Yazovu ordudan istifadənin vəziyyəti daha da ağırlaşdıracağı ilə bağlı xəbərdar etdiyini xatırlayır: “Azərbaycanda sovet ordusu rus xalqı ilə assosiasiya olunur, respublikada yarım milyon rus əhalisi yaşayır, qoşun yeridilərsə, rus əhalinin vəziyyəti ağırlaşacaq.” Lakin Yazov Mütəllibovun arqumentlərinə əhəmiyyət verməyib.[17]
Qeydlər və istinadlar:
[1]Муталлибов А. Карабах-черный сад. Современник, 1994.
[2]Муталлибов А. 70 мгновений 7 лет. Современник, 2000.
[3] Мой внук говорит по-русски с рязанским акцентом. Экспресс газета, 1 июль, 2004, https://www.eg.ru/politics/5760/. Əldə edilib 7 may 2026.
[4] Муталибов А. Распад СССР: историческая неизбежность или геополитическая катастрофа? Часть вторая, Национальные интересы, №3, 2011. https://vsezaros.ru/news/stati/item/372-raspad-sssr-istoricheskaya-neizbezhnost-ili-geopoliticheskaya-katastrofa.html. Əldə edilib 13 may 2026.
[5] Bax: Waal, Thomas de. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. NYU Press, 2003; Ализаде З., Агаев Р. Азербайджан: конец второй республики (1988-1993). Граница, 2006.
[6] Ayaz Mütəllibovun Xural qəzetinə müsahibəsi (I hissə), 6 noyabr 2018, https://www.xural.org/qaynar-qazanda-az%c9%99rbaycanin-birinci-prezidenti-ayaz-mut%c9%99llibov-cingiz-mustafayevi-arxadan-vurub-oldurdul%c9%99r-video/
[7] XXVIII съезд Коммунистической Партии Советского Союза. 2–13 июль 1990, Стенографический отчет. Политическая литература, 1991, 402. http://www.uaio.ru/5/85/xxviii_1.htm
[8] Муталибов А. Распад СССР: историческая неизбежность или геополитическая катастрофа? Часть первая, Национальные интересы, №3, 2011. https://web.archive.org/web/20110823070134/http://ni-journal.ru/archive/2f64ca2c/n3_2011/2c8f4eb0/76e32ee5/. Əldə edilib 12 may 2026.
[9] Yenə orada.
[10] Yenə orada.
[11] Yenə orada.
[12] Муталибов А. Распад СССР: историческая неизбежность или геополитическая катастрофа? Часть вторая, Национальные интересы, №3, 2011. https://vsezaros.ru/news/stati/item/372-raspad-sssr-istoricheskaya-neizbezhnost-ili-geopoliticheskaya-katastrofa.html. Əldə edilib 13 may 2026.
[13] Выдержки из стенограммы заседание пленума ЦК компартии Азербайджана состоявшегося 24–25 января 1990 года. Стенограмма выступления председатель КГБ Вагиф Гусейнова. Бакинский Рабочий, 1994, 18 января. №3. 2–4.
[14] Həmin seçkilərdə AXC 30 mandat əldə edib. Bax: Гаджи-заде Х. Прощание с парламентом. Свобода. 1992. 12 марта. № 11(27).
[15] Сообщение Центральной Избирательной Комиссии по выборам народных депутатов Азербайджанской ССР. Бакинский рабочий, 9 октября 1990 г. с.2.
[16] Yenə orada.
[17] Выдержка из стенограммы заседание пленума ЦК компартии Азербайджана состоявшегося 24–25 января 1990 года. Выдержка из стенограммы выступления Председателя Совета Министров Республики А. Н. Муталибова. Бакинский Рабочий, 1994.18 января. №3. 2–4.

