2003-cü ildə Azərbaycan televiziya məkanında siyasi rəqibləri kukla obrazlarında təqdim edən bir veriliş yayımlanmağa başladı. Lider TV-nin “Kuklalar” proqramında siyasi mübahisənin mərkəzində opponentin irəli sürdüyü arqument deyil, onun karikaturalaşdırılmış obrazı dayanırdı. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli sonralar Azərbaycan mediasında təhqirin yayılmasından danışarkən bu prosesin əsasının məhz 2003-cü ildə “Kuklalar”la qoyulduğunu, Lider TV-də yayımlanan “Sitatın sonu” proqramının isə həmin xəttin başqa nümunəsi olduğunu bildirirdi.[1]
İlk baxışda bunu sərt siyasi satira və ya bir televiziyanın uğursuz redaksiya seçimi hesab etmək olardı. Lakin kanalın siyasi və institusional mövqeyi məsələyə başqa məna verirdi. IREX-in 2004-cü il “Medianın Davamlılığı İndeksi” hesabatında Lider TV-nin prezident İlham Əliyevin əmisi oğlu Ədalət Əliyevə məxsus olduğu göstərilirdi. Eyni hesabat Space TV-ni prezidentin bacısı ilə, ATV-ni isə Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisinin ailəsi ilə əlaqələndirir, Bakıdakı əsas televiziya kanallarının hökumət üzvləri, onların ailələri və ya hakimiyyət tərəfdarlarının nəzarətində olduğunu qeyd edirdi.[2]
Bu mənada “Kuklalar” sadəcə bir televiziya proqramı deyildi. O, siyasi rəqibin dediyinə cavab vermək əvəzinə onun özünü gülüş və alçaltma obyektinə çevirməyin kütləvi auditoriyaya daşındığı ilk görünən nümunələrdən biri idi. Sonrakı hadisələr bunun epizodik redaksiya davranışı olaraq qalmadığını göstərdi. Karikaturalaşdırmanı şəxsi nüfuzun vurulması, “satqın”, “terrorçu tərəfdarı” və başqa delegitimləşdirici etiketlər, daha sonra isə şəxsi və seksual həyatın ümummilli televiziya efirinə çıxarılması izlədi. Başqa sözlə, Azərbaycan ictimai-siyasi diskursuna tərbiyəsizliyin sistemli şəkildə daxil edilməsinin başlanğıc nöqtələrindən birini məhz televiziya efirində axtarmaq lazımdır.
Bu məqalənin əsas sualı da buradan doğur: bu gün sosial şəbəkələrdə və YouTube kanallarında açıq görünən söyüş, təhqir, şəxsi alçaltma və mənşəyə görə damğalama hansı mərhələlərdən keçərək Azərbaycan siyasi ünsiyyətinin bu qədər adi elementinə çevrildi? Siyasi rəqib nə zaman opponent olmaqdan çıxıb “satqın”, “düşmən”, “beşinci kolon”, “separatçı”, “ünsür” və nəhayət, söyülməsi məqbul sayılan şəxsə çevrildi?
Bu suala cavab vermək üçün 2000–2026-cı illərdə Azərbaycan ictimai-siyasi diskursunda müşahidə olunan hadisələr təhlil edilir. Empirik bazaya televiziya materialları, dövlət rəsmilərinin çıxışları, sosial media və YouTube materialları, beynəlxalq təşkilatların hesabatları, media monitorinqləri, məhkəmə işləri və hadisələrin bilavasitə iştirakçılarının sonrakı açıqlamaları daxildir.
Məqalədə “alçaldıcı dil” söyüşün sinonimi kimi işlədilmir. Söyüş onun ən açıq və kobud formalarından biridir. Anlayış daha geniş mənada siyasi opponentin fikrini mübahisələndirmək əvəzinə onun şəxsiyyətini, ləyaqətini, mənşəyini, ailəsini və ya siyasi legitimliyini hədəfə alan kommunikasiya üsullarını əhatə edir. Birbaşa söyüş, şəxsi və seksual təhqir, “satqın”, “xain”, “düşmən”, “beşinci kolon” kimi etiketlər, etnik mənsubiyyətin siyasi şübhəyə çevrilməsi və koordinasiyalı təhqir kampaniyaları bu çərçivədə araşdırılır.
Bununla belə, kobud siyasi polemika, nifrət nitqi və zorakılığa çağırış eyni hadisə deyil və onların hüquqi-siyasi ağırlığı fərqlidir. Avstriyalı dilçi və diskurs tədqiqatçısı Ruth Wodak ultra-sağ və sağ-populist diskursun normallaşmasını araşdırarkən əvvəllər qəbuledilməz sayılan ifadə və davranışların siyasi və media diskursunda təkrarlanaraq tədricən məqbul siyasi ünsiyyətin bir hissəsinə çevrilə bildiyini göstərir. Bu baxımdan normallaşma yalnız müəyyən sözlərin daha çox işlədilməsi deyil, siyasi ünsiyyətdə nəyin məqbul sayıldığına dair sərhədin tədricən yer dəyişməsidir.[3]
Araşdırmanın məqsədi hakimiyyətlə müxalifət arasında süni mənəvi bərabərlik yaratmaq da deyil. Eyni ifadə dövlət hakimiyyətini təmsil edən şəxsin dilində, ümummilli televiziyada və bir YouTube kanalında işlədildikdə eyni siyasi çəkiyə malik olmur. İnstitusional resursların qeyri-bərabərliyi məsuliyyətin də eyni olmadığı anlamına gəlir. Bu asimmetriya isə heç bir siyasi düşərgənin dilini empirik araşdırmadan kənarda saxlamağa əsas vermir.
Televiziyadan siyasi delegitimləşdirməyə
“Kuklalar”la görünən xətt çox keçmədən başqa televiziya formatlarında davam etdi. Lider TV burada xüsusi yer tutsa da, empirik material problemin bir kanalla məhdudlaşmadığını göstərir. 2005-ci ildə Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) hüquq müdafiəçiləri Leyla Yunus və Eldar Zeynalova qarşı Lider TV, ATV və Space TV-də gözdənsalma kampaniyası aparıldığını bildirirdi. Hər iki hüquq müdafiəçisi siyasi məhbuslarla bağlı tənqidi mövqelərindən sonra “terrorçuları dəstəkləməkdə” ittiham edilmişdi.[4]
Elə həmin ilin parlament seçkiləri üzrə ATƏT/DTİHB monitorinqi media mühitindəki qeyri-bərabərliyin kəmiyyət göstəricilərini də ortaya qoydu. Monitorinq AzTV, İTV, Lider TV, Space, ATV və ANS-i əhatə edirdi. Lider TV siyasi və seçki xarakterli “praym-taym” xəbərlərinin 78 faizini prezidentə, Prezident Administrasiyasına, hökumətə və YAP-a ayırmış, “Azadlıq” müxalifət blokuna ayrılan efir isə açıq mənfi tonla xarakterizə edilmişdi. Monitorinq Lider TV-nin müxalifət namizədlərini gözdən salan xüsusi materiallar hazırladığını, Space və ATV-də də oxşar tendensiyanın mövcudluğunu qeyd edirdi. İctimai Televiziyada vəziyyət fərqli olsa da, hakimiyyətin siyasi fəaliyyətinə ciddi üstünlük və müxalifətə münasibətdə əhəmiyyətli mənfi ton orada da qeydə alınmışdı.[5]
Lider TV-də proses daha uzağa getdi. 2008-ci ildə kanal Əli Kərimli və AXCP haqqında “İflas” filmini yayımladı, tənqidlərdən sonra isə filmi yenidən efirə verdi.[6] Həmin dövrdə “Azadlıq” qəzetinin jurnalisti Aqil Xəlilin bıçaqlanmasından sonra televiziya materiallarında hücum onun guya homoseksual münasibətləri ilə əlaqələndirildi.[7] Beləliklə, jurnalistin məruz qaldığı zorakılığın araşdırılmasından diqqət onun şəxsi və seksual həyatına yönəldildi.
2010-cu ildə bu praktika ən açıq formalarından birini aldı. Parlament seçkilərinə iki həftə qalmış Lider TV “Azadlıq” qəzetinin texniki redaktoru Azər Əhmədovun qadınla intim münasibətini əks etdirən, gizli çəkildiyi bildirilən videonu “Müxalifətin çılpaq həqiqəti” adı altında yayımladı. RFE/RL-in məlumatına görə, görüntülər bundan əvvəl internetdə yayılmış və bəzi media qurumlarına DVD şəklində göndərilmişdi. Lakin 25 oktyabr 2010-cu ildə Lider TV həmin görüntüləri efirə çıxarmaqla onları ilk dəfə ümumrespublika televiziya auditoriyasına təqdim etdi.[8]
ATƏT/DTİHB-nin 2010-cu il hesabatında həmin intim görüntülərin adi xəbər proqramında dörd dəqiqə yarımlıq süjet kimi nümayiş etdirilməsi ayrıca qeyd edildi. Hesabat Space, ATV və Xəzər TV-nin AzTV-yə bənzər siyasi yanaşma nümayiş etdirdiyini, Lider TV, Space və ATV-nin isə müxalifət namizədlərini və jurnalistləri gözdən salan materiallar hazırladığını göstərirdi.[9] Beləliklə, 2005 və 2010-cu illərin iki ayrı monitorinqində müxtəlif seçki dövrlərində bənzər tendensiyanın qeydə alınması problemin ayrı-ayrı jurnalistlərin etik həddi aşması ilə izahını çətinləşdirir.
Azər Əhmədov hadisəsinin başqa mühüm tərəfi illər sonra sistemin daxilindən gələn açıqlamalardır. Süjeti səsləndirən Lider TV əməkdaşı Emin Əhmədov başqasının şəxsi həyatına müdaxilə etmək istəmədiyini və oxuduğu mətnin həmin görüntülərin üzərinə veriləcəyini bilmədiyini bildirmişdi.[10] Mətn müəlliflərindən Vüsal Məmmədov isə sonradan belə material yazmaq istəmədiyini, lakin redaksiya tapşırığını yerinə yetirdiyini demişdi.[11] Bu ifadələr kənar müşahidəçinin media qərəzi haqqında qiymətləndirməsindən fərqli olaraq, kommunikasiya mexanizminin daxilində çalışmış şəxslərin öz təsvirləridir.
Televiziyada gedən bu proseslə paralel olaraq rəsmi siyasi leksikonda da opponentin statusu dəyişirdi. Prezident İlham Əliyev 2017-ci il çıxışlarından birində müxalifət haqqında “beşinci kolon”, “antimilli satqın ünsürlər” və “Azərbaycan dövlətinin düşmənləri” ifadələrindən istifadə etmişdi.[12] 2020-ci ilin martında COVID-19 pandemiyası ilə bağlı çıxışında isə bəzi siyasi və media opponentlərini “beşinci kolon” və “içimizdə oturan düşmənlər” kimi təqdim etmişdi.[13]
Burada əsas məsələ ayrı-ayrı sözlərin sərtliyindən daha çox onların yaratdığı siyasi konstruksiyadır. “Müxalifət”, “satqın”, “beşinci kolon” və “dövlətin düşməni” eyni semantik sahədə birləşdirildikdə mübahisə “sənin siyasətin yanlışdır” müstəvisindən “sən dövlətə qarşısan” müstəvisinə keçir. Bunu sonrakı söyüş ritorikasının birbaşa səbəbi elan etmək olmaz. Lakin dövlətin ən yüksək siyasi tribunasından opponentin legitim rəqib deyil, düşmən və satqın kimi təqdim edilməsi siyasi ünsiyyətin sərhədlərinə təsirsiz də qalmır.
Alçaltmanın başqa bir istiqaməti şəxsi həyatın siyasi mübarizəyə daxil edilməsidir. Xədicə İsmayılovaya qarşı gizli çəkilmiş intim görüntülərdən istifadə olunması bunun ən çox sənədləşdirilmiş nümunələrindəndir. Amnesty International 2021-ci ildə Azərbaycanda qadın hüquq müdafiəçiləri, fəallar və fəalların yaxınlarına qarşı son iki ildə ən azı 15 belə hadisə sənədləşdirmiş, qadınların “pis arvad”, “pis ana”, “psixi cəhətdən qeyri-sabit” kimi təqdim edildiyini, şəxsi yazışma və seksual xarakterli materiallarının yayıldığını bildirmişdi.[14] Bu hadisələrin ayrıca hüquqi tərəfi olsa da, bu məqalə baxımından əsas məqam şəxsi və seksual həyatın opponentin ləyaqətini sındırmaq üçün siyasi materiala çevrilməsidir.
Sosial media və alçaldıcı dilin kütləviləşməsi
Sosial media bu siyasi dili yaratmadı, onun istehsal və yayılma texnologiyasını dəyişdirdi. Televiziyada alçaldıcı siyasi materialın kütləvi auditoriyaya çatdırılması üçün redaksiya, efir və texniki infrastruktur lazım idisə, sosial mediada yüzlərlə hesab eyni mesajı qısa müddətdə minlərlə şərhə çevirə bilirdi.
Bunun ən mühüm empirik nümunələrindən biri Facebook şirkətinin 2020-ci ildə açıqladığı koordinasiyalı qeyri-autentik davranış araşdırmasıdır. Şirkət Azərbaycandan idarə olunan 589 Facebook hesabını, 7 665 səhifəni və 437 Instagram hesabını silmiş, araşdırma nəticəsində şəbəkəni Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələndirmişdi.[15] Şəbəkə istifadəçi profili kimi görünən səhifələr yaradır, hökumətyönlü məzmunun populyarlığını artırır, media, ictimai şəxslər və siyasi səhifələrdə kütləvi şərhlər yerləşdirirdi. Müxalifət liderlərinin “xəyanət”də ittiham edilməsi həmin şərhlərdə geniş yayılmış mövzulardan biri idi.
Bu fakt siyasi dilin normallaşmasına yeni ölçü əlavə edir. Süni şəkildə çoxaldılmış auditoriya reaksiyası hansı dilin və mövqenin “ictimai norma” olduğu barədə yanlış təsəvvür yarada bilər. İstifadəçi yüzlərlə oxşar şərhin koordinasiyalı fəaliyyətin nəticəsi olduğunu bilmədikdə onu cəmiyyətin spontan reaksiyası kimi qəbul edir. Beləliklə, auditoriya artıq siyasi diskursun yalnız istehlakçısı deyil, onun istehsalçısı və çoxaldıcısına çevrilir.
Mühacir siyasi diskursu və “söyüş müxalifəti”
Sosial medianın genişlənməsi hakimiyyətin televiziya üzərindəki üstünlüyünü də qismən sındırdı. Xaricdə yaşayan azərbaycanlı siyasi fəallar, xüsusilə YouTube vasitəsilə, ölkə daxilində böyük auditoriyaya birbaşa çıxış əldə etdilər. Bu mühitdə hakimiyyət nümayəndələrinə və bəzi hallarda onların ailə üzvlərinə yönəlmiş açıq vulqar söyüş də meydana çıxdı. Ayrı-ayrı çıxışlarda siyasi tənqidlə şəxsi təhqir arasındakı sərhəd itir, seksual və ailə münasibətlərinə toxunan ifadələr işlədilirdi.
Bu fenomeni siyasi repressiyaya reaksiya olması ilə etik baxımdan legitimləşdirmək olmaz. Mənim fikrimcə, hakimiyyətin opponentə “satqın” deməsi müxalif fəala həmin şəxsin ailəsini söymək hüququ vermir. Lakin bu leksikonu bütövlükdə mühacir siyasi mühitinə aid etmək də empirik baxımdan yanlışdır. Eyni siyasi mövqedə dayanıb belə dildən istifadə etməyən şəxslər və media qurumları var.
Buna baxmayaraq, hökumətyönlü mediada “Azad söz”, “Osmanqızı TV”, “Azərbaycan saatı” və “AzerFreedom TV” kimi mühacirətdə fəaliyyət göstərən YouTube kanalları müxtəlif vaxtlarda “söyüş müxalifəti” anlayışı altında və ya ona yaxın siyasi çərçivədə təqdim olunub.[16] Halbuki kanalın siyasi mövqeyi, aparıcının leksikonu, qonağın efirdə işlətdiyi ifadə və auditoriyanın şərh bölməsində yazdığı söyüş eyni empirik göstərici deyil. Buna görə media platformasının “söyüş müxalifəti”nə aid edilməsi ona siyasi mediada verilmiş etiketlə deyil, redaksiya xəttinin və aparıcı leksikonunun ayrıca təhlili ilə əsaslandırılmalıdır.
“Söyüş müxalifəti” ifadəsinə hökumətyönlü mediada ən azı 2018-ci ilin mayında rast gəlinir.[17] 2019-cu ildə “Sosial şəbəkə müxalifətçiliyindən söyüş müxalifətçiliyinə transformasiya” başlıqlı yazılarda müxtəlif siyasi mühacirlər və müxalif media platformaları fərqli kommunikasiya üslublarına malik olmalarına baxmayaraq, eyni kateqoriyada təqdim edilirdi. Maraqlıdır ki, söyüşü tənqid edən həmin mətnlərin özündə opponentlər “feyktuberlər”, “fərari”, “satqın”, “qorxaq” kimi ifadələrlə xarakterizə olunur, fəaliyyətləri “xəyanət” anlayışı ilə əlaqələndirilirdi.[18] Beləliklə, söyüşün siyasi diskursu kobudlaşdırdığı iddia edilərkən, onun tənqidi də opponentin arqumentindən çox şəxsiyyətini və siyasi legitimliyini hədəfə alan dillə aparılırdı.
Deməli, “söyüş müxalifəti” anlayışının iki tərəfini ayırmaq lazımdır. Bir tərəfdə bəzi mühacir fəalların siyasi ünsiyyətində real və davamlı vulqar söyüş fenomeni, digər tərəfdə isə həmin fenomenin sərhədlərinin genişləndirilməsi yolu ilə daha böyük siyasi və media qrupunun eyni etiket altında təqdim olunması dayanır. Birincini inkar etmək də, ikincini elmi təsnifat kimi qəbul etmək də eyni dərəcədə problemli olardı.
Bu kontekstdə sözlə fiziki zorakılığın sərhədi də aydın saxlanmalıdır. Xaricdə sərt hökumət tənqidçiləri kimi tanınan Məhəmməd Mirzəli və Vidadi İsgəndərli fiziki hücumların hədəfinə çevriliblər.[19] Onların öz siyasi nitqi bu araşdırmanın predmeti ola bilər, lakin vulqar danışmaq heç kəsə həmin şəxsi döymək, bıçaqlamaq və ya öldürmək hüququ vermir. Sözün etik məsuliyyəti ilə insanın həyat və fiziki toxunulmazlıq hüququ eyni müstəvidə deyil.
Kimlik, siyasi şübhə və dözümsüzlük
Alçaldıcı siyasi dil daha təhlükəli həddə opponentin etnik mənsubiyyəti siyasi mübahisənin arqumentinə çevrildikdə çatır. Bu zaman yalnız fərdin ləyaqəti deyil, onun mənsub olduğu qrupun siyasi legitimliyi də sorğulana bilir.
2022-ci ildə siyasi fəal Leyla Ariflə keçmiş deputat Gültəkin Hacıbəyli arasında yaranmış mübahisə bunun nümunələrindən biridir. Leyla Arif Hacıbəylinin onu “separatçı” adlandırdığını bildirərək məhkəməyə müraciət etmişdi. Arif daha geniş problemdən danışaraq talış kimliyini müdafiə etdikdə ona “separatçı” və “İran agenti” deyildiyini bildirmişdi.[20] Burada konkret məhkəmə mübahisəsindən daha əhəmiyyətli olan “separatçı” etiketinin funksiyasıdır: azlıq kimliyinin və ya dilinin müdafiəsi siyasi sədaqət şübhəsinə çevrilir.
2025-ci ilin “Lankon/Ostoro” polemikası həmin problemi başqa formada üzə çıxardı. Ümid Partiyasının sədri İqbal Ağazadə Lənkəranın talış dilində “Lankon”, Astaranın isə “Ostoro” adlandırılmasını sual altına alaraq bu toponimlərin istifadəsinin məqsədli təbliğat ola biləcəyini və bəzi hallarda separatizmlə əlaqələndirilə biləcəyini irəli sürdü.[21] Beləliklə, zahirən toponimlərin yazılışı haqqında olan mübahisə daha fundamental məsələyə toxunurdu: vətəndaşın yaşadığı şəhərin adını öz ana dilində işlətməsi hansı nöqtədə dil hadisəsi olmaqdan çıxıb siyasi sədaqət məsələsinə çevrilir?
2026-cı ilin sentyabrında sosial mediada baş vermiş polemika bu tendensiyanın daha sərt formasını göstərdi.[22] Başlanğıcda dövlət, etnos və vətəndaş münasibətlərinə dair siyasi fikir ayrılığı olan müzakirə tezliklə arqumentdən onu irəli sürən şəxsin etnik mənsubiyyətinə keçdi. Polemikanın materiallarında talış mənsubiyyəti mənfi siyasi və əqli keyfiyyətlərlə əlaqələndirildi, hətta bütöv etnik qrup haqqında “Siyasət talış üçün deyil! Olmayıb! Olmayacaq da!” fikri ifadə edildi. Başqa bir mərhələdə isə separatizmlə mübarizə kontekstində “təcavüz, zorlama” və “genetika pozularaq assimilyasiya” kimi kollektiv zorakılıq təsəvvürləri dilə gətirildi.[23]
Burada mexanizm fərdi mübahisədən daha əhəmiyyətlidir: əvvəl siyasi fikir mübahisələndirilir, sonra fikir müəllifinin mənşəyinə keçilir, mənşə siyasi şübhəyə çevrilir və nəhayət, həmin mənsubiyyətə kollektiv xüsusiyyət aid edilir. Bu artıq adi siyasi kobudluğun sərhədini keçir.
AŞPA-nın 2023-cü ildə qəbul etdiyi 2511 saylı “Ultra-sağ ideologiyanın Avropada demokratiya və insan hüquqlarına yaratdığı təhlükə” qətnaməsi ksenofobiya, irqçilik və digər dözümsüzlük formalarını ultra-sağ radikallaşmanın əsas elementləri sırasında göstərir, plüralizm, tolerantlıq və müxtəlifliyə hörməti demokratik cəmiyyətin fundamental dəyərləri kimi təqdim edir.[24] Qətnamənin əsasını təşkil edən 15826 saylı məruzənin müəllifinin Azərbaycan nümayəndə heyətinin üzvü Səməd Seyidov olması Azərbaycan kontekstində ayrıca diqqət çəkir.[25] ECRI-nin 2023-cü il Azərbaycan hesabatında da ən yüksək siyasi səviyyə daxil olmaqla qızışdırıcı ritorika, ənənəvi və sosial mediada nifrət məzmunu və bu sahədə sistemli məlumatların olmaması problem kimi göstərilirdi.[26]
“Ultra-sağ” anlayışını konkret şəxslərə asanlıqla yapışdırılan siyasi etiket kimi deyil, diskursun müəyyən xüsusiyyətlərini təhlil edən anlayış kimi işlətmək daha düzgündür. Müəyyən etnik qrup dövlətin “təbii sahibi”, başqaları isə onun siyasi məkanında şərti iştirakçı kimi təqdim edilirsə, vətəndaşlıq prinsipinin yerini mənşəyə əsaslanan siyasi iyerarxiya tutur. Azlıq kimliyinin ifadəsi separatizm ehtimalına, fərdin mənşəyi isə siyasi etibarlılıq meyarına çevrilirsə, artıq söhbət sadəcə kobud siyasi polemikadan getmir.
Nəticə
Araşdırılan material alçaldıcı siyasi dilin Azərbaycanda sosial şəbəkələrlə başlamadığını göstərir. Onun görünən institusional tarixini ən azı 2000-ci illərin əvvəllərinə aparmaq mümkündür. “Kuklalar”la görünən karikaturalaşdırmanı televiziya gözdənsalma kampaniyaları, şəxsi və seksual həyatın siyasi mübarizəyə daxil edilməsi, rəsmi siyasi leksikonda opponentin “satqın”, “beşinci kolon” və “düşmən” kimi təqdim olunması izlədi. Sosial media isə artıq mövcud olan bu davranışı mərkəzsizləşdirdi, kütləviləşdirdi və auditoriyanın özünü onun istehsalçısına çevirdi.
Bu yeni kommunikasiya mühitində hakimiyyətin bəzi mühacir opponentlərinin dilində son dərəcə vulqar söyüşün meydana çıxması da empirik reallıqdır. Lakin bu faktdan bütöv müxalifəti əhatə edən “söyüş müxalifəti” kateqoriyası yaratmaq eyni dərəcədə yanlışdır. Üstəlik, söyüşü pisləyən diskursun özünün “satqın”, “fərari”, “xain” kimi alçaldıcı anlayışlardan istifadə etməsi göstərir ki, problem yalnız ədəbsiz sözlərin lüğətindən ibarət deyil.
Alçaldıcı dil müxtəlif siyasi düşərgələrdə reproduksiya olunsa da, tərəflərin məsuliyyəti simmetrik deyil. 2000-ci illərin əvvəllərində müxalifətin sərəncamında hakimiyyətin televiziya imkanları ilə müqayisə edilə biləcək elektron media infrastrukturu yox idi. Sosial media bu fərqi müəyyən qədər azaltsa da, institusional asimmetriyanı aradan qaldırmadı. Dövlət hakimiyyəti siyasi diskursun sadəcə iştirakçısı deyil, eyni zamanda onun hüquqi, media və institusional mühitinin formalaşdırıcısıdır. Buna görə onun məsuliyyəti fərdi fəalın və ya YouTube kanalının məsuliyyəti ilə eyniləşdirilə bilməz.
Toplanmış material alçaldıcı dilin başqa bir sərhədi də keçə bildiyini göstərir. Siyasi opponentin şəxsiyyətinin alçaldılması onun etnik mənsubiyyətinin siyasi arqumentə çevrilməsinə qədər gedib çıxdıqda məsələ artıq yalnız siyasi ünsiyyətin kobudluğu deyil, bərabər vətəndaşlıq prinsipinin özüdür.
Bu proses davam etdikcə təhlükə daha çox insanın daha ağır söyüş işlətməsi ilə məhdudlaşmır. Arqumentin siyasi dəyəri azalır, alçaltmanın auditoriya dəyəri artır. Opponent əvvəlcə fikrinə görə deyil, şəxsiyyətinə görə qiymətləndirilir, sonra onun ailəsi, şəxsi həyatı və mənşəyi siyasi mübarizənin legitim hədəfinə çevrilir. Siyasi rəqibin ləyaqətinə hörmət norma olmaqdan çıxanda onun bərabər siyasi hüquqlarını şübhə altına almaq üçün də psixoloji və kommunikativ məsafə qısalır.
Araşdırılan materiallar göstərir ki, bu prosesdə siyasi aktorların məsuliyyəti eyni deyil. Alçaldıcı və delegitimləşdirici dilin ümummilli televiziya efirində, rəsmi siyasi ritorikada və hakimiyyətlə əlaqələndirilən kommunikasiya şəbəkələrində uzun müddət təkrarlanması nəzərə alındıqda, onun siyasi ünsiyyət normasına çevrilməsində əsas institusional məsuliyyət hakimiyyətin üzərindədir.
Bu vəziyyətdən çıxış yalnız insanları “mədəni danışmağa” çağırmaqdan ibarət ola bilməz. Problem siyasi institutlarda özünü göstərib, media vasitəsilə yayılıb və sosial şəbəkələrdə kütləviləşibsə, onun həllini də yalnız fərdi davranışda axtarmaq olmaz. Bunun üçün dövlət rəsmiləri opponentləri düşmən və satqın kimi təqdim edən dildən çəkinməli, media şəxsi və ailə həyatını siyasi gözdənsalma vasitəsinə çevirməməli, koordinasiyalı təhqir kampaniyaları ifşa olunmalı, siyasi qüvvələr isə öz tərəfdarlarının söyüşünə siyasi mənsubiyyətə görə haqq qazandırmamalıdır. Etnik və dil kimliyinin siyasi sədaqət testinə çevrilməməsi isə bu yanaşmanın konstitusion sərhədidir.
Ona görə bu araşdırmanın sonunda əsas sual “kim daha çox söyür?” deyil. Əsas məsələ siyasi rəqibin arqumentinə cavab vermək əvəzinə onun şəxsiyyətini, ailəsini, mənşəyini və ləyaqətini hədəfə almağın nə vaxt və necə qəbul edilən siyasi davranışa çevrilməsidir. Bugünkü söyüş bu prosesin başlanğıcı deyil, uzun müddət ərzində normallaşan alçaldıcı siyasi dilin ən kobud təzahürlərindən biridir.
Qeydlər və istinadlar:
[1] Pressklub.az, Söyüş – Azərbaycan jurnalistikasının son dayanacağı. https://pressklub.az/az/analitika/soyus-azerbaycan-jurnalistikasinin-son-dayanacagi
[2] IREX, Media Sustainability Index 2004: Azerbaijan. https://www.irex.org/sites/default/files/pdf/media-sustainability-index-europe-eurasia-2004-azerbaijan.pdf
[3] R. Wodak. The Politics of Fear: The Shameless Normalization of Far-Right Discourse, 2nd ed., London, SAGE Publications, 2021, səh. 1–20.
[4] FIDH, Threats and defamation against several human rights defenders. https://www.fidh.org/en/region/europe-central-asia/azerbaijan/Threats-and-defamation-against
[5] ATƏT/DTİHB, Azerbaijan, Parliamentary Elections, 6 November 2005: Final Report. https://www.osce.org/sites/default/files/f/documents/4/f/17945.pdf
[6] RATİ, “Lider” nümayiş etdirdiyi “İflas” filmini müdafiə edib. https://www.irfs.org/az/news-feed/lider-tv-defends-iflas-film/
[7] RATİ, Agil Khalil’s lawsuit not fulfilled. https://www.irfs.org/news-feed/agil-khalils-lawsuit-not-fulfilled/
[8] RFE/RL, Azerbaijani State TV Airs Sex Video Of Opposition Editor. https://www.rferl.org/a/Azerbaijani_State_TV_Airs_Sex_Video_Of_Opposition_Editor/2202050.html
[9] ATƏT/DTİHB, Azerbaijan, Parliamentary Elections, 7 November 2010: Final Report. https://odihr.osce.org/sites/default/files/f/documents/6/5/75073.pdf
[10] Azadlıq Radiosu, “Lider TV”nin əməkdaşı işdən niyə çıxarılıb? https://www.azadliq.org/a/2208676.html
[11] Pressklub.az, Söyüş – Azərbaycan jurnalistikasının son dayanacağı. https://pressklub.az/az/analitika/soyus-azerbaycan-jurnalistikasinin-son-dayanacagi
[12] Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi, Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə İlham Əliyevin nitqi. https://president.az/az/articles/view/23618
[13] Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi, İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. https://president.az/az/articles/view/36212
[14] Amnesty International, Azerbaijan: Gender-based reprisals against women must stop. https://www.amnesty.org/en/documents/eur55/4103/2021/en/
[15] Facebook, October 2020 Coordinated Inauthentic Behavior Report. https://about.fb.com/news/2020/11/october-2020-cib-report/
[16] İki sahil, “Sosial şəbəkə müxalifətçiliyi”ndən “söyüş müxalifətçiliyi”nə transformasiya. https://ikisahil.az/post/sosial-shebeke-muxalifetchiliyinden-soyush-muxalifetchiliyine-transformasiya-foto
[17] Aktual.az, Hüseyn Abdullayevin həbsi “söyüş müxalifəti”ni bitirdimi… https://aktual.az/huseyn-abdullayevin-hebsi-syus-muxalifetini-bitirdimi/
[18] İki sahil, “Sosial şəbəkə müxalifətçiliyi”ndən “söyüş müxalifətçiliyi”nə transformasiya. https://ikisahil.az/post/sosial-shebeke-muxalifetchiliyinden-soyush-muxalifetchiliyine-transformasiya-foto
[19] Amnesty International, France/Azerbaijan: Killing of President Aliyev’s critic exposes failures to protect exiled activists. https://www.amnesty.org/en/latest/news/2024/10/france-azerbaijan-killing-of-president-aliyevs-critic-exposes-failures-to-protect-exiled-activists/
[20] AzadlıqRadiosu, “Gültəkin Hacıbəylini məhkəməyə verirəm, deyirlər…” https://www.azadliq.org/a/gultekin-hacibeyli-saxlanma/32155038.html
[21] JAMnews, Elməddin Şamilzadə, Talışlara qarşı separatçılıq iddiaları: “Lankon” kimə mane olur? https://jam-news.net/az/azerbaycanda-talislarin-uzlesdiyi-cetinlikler/
[22] 2026-cı ilin sentyabr polemikasına aid sosial media materialları müəllif tərəfindən arxivləşdirilmiş, təhlildə iştirakçıların adları göstərilməmişdir.
[23] Müəllifin şəxsi arxivi, 2026-cı ilin sentyabrında Facebook-da dövlət, etnik kimlik və vətəndaşlıq məsələləri ətrafında aparılmış açıq polemikanın materialları, skrinşotlar və elektron qeydlər.
[24] Avropa Şurası Parlament Assambleyası (AŞPA), The challenge of far-right ideology to democracy and human rights in Europe, Resolution 2511 (2023). https://pace.coe.int/en/files/33076/html
[25] Avropa Şurası Parlament Assambleyası (AŞPA), The challenge of far-right ideology to democracy and human rights in Europe, Report, Doc. 15826, 20 September 2023, Rapporteur: Samad Seyidov (Azerbaijan). https://pace.coe.int/en/files/33019/html
[26] European Commission against Racism and Intolerance (ECRI), ECRI Report on Azerbaijan (sixth monitoring cycle), adopted on 29 March 2023, published on 21 June 2023. https://rm.coe.int/sixth-report-on-azerbaijan/1680ab9e35

