iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda “həssas məşğulluq” göstəricisi son illər necə artıb?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan kimi qapalı siyasi rejimlərin mövcud olduğu ölkələrdə hökumətlər mümkün olduğu qədər gerçək statistik göstəriciləri qapalı saxlamağa, rəsmi açıqlanan məlumatların isə maksimum az etibarlı olmasına çalışır. Belə şəraitdə iqtisadi artım, məşğulluğun ümumi səviyyəsinin genişlənməsi, büdcə və ya xarici ticarətə dair ümumiləşdirilmiş ənənəvi göstəricilər əsasında təhlillər aparmağa çalışmaq faydasız işdir. Belə göstəricilər hər kəs üçün əlçatandır. Amma bir tərəfdən, onların etibarlılığının yoxlanması müşküldür, digər tərəfdən isə iqtisadiyyatın cari real mənzərəsini və perspektiv risklərini dəyərləndirmək üçün yetərsizdirlər.

Bu cür şərtlərdə bəzən beynəlxalq iqtisadi institutların və araşdırma mərkəzlərinin istifadə etdiyi çox spesifik sosial-iqtisadi göstəricilər gerçək şəraitin qiymətləndirilməsində mühüm rol oynayır. Təqdim olunan bu yazıda məhz Beynəlxalq Əmək Təşkilatının (BƏT) istifadə elədiyi “həssas məşğulluq” göstəricisi əsasında Azərbaycanda əhalinin məşğulluq statusu və əmək bazarının məşğulluğa görə strukturu analiz edilir.

“Həssas məşğulluq” nədir?

BƏT-in metodologiyasına[1] görə, həssas məşğulluq (vulnerable employment) məşğulluğun statusuna əsasən müəyyən edilir və iki kateqoriyadan olan məşğul əhalini əhatə edir: (1)  ailə biznesində ödənişsiz çalışan işçilər; (2) fərdi qaydada və ya öz hesabına çalışanlar (own-account workers).

Qeyd olunan sənəddə BƏT-in ekspertləri bu qəbildən olan məşğulluğu niyə “həssas” adlandırdıqlarını bir sıra arqumentlərlə əsaslandırırlar. Yanaşmaya görə, “həssas məşğulluq” nisbətən qeyri-sabit və iş şərtlərinin etibarlılıq səviyyəsinin aşağı olduğu şəraitdə çalışan şəxsləri əhatə edir. Hər iki kateqoriya üzrə məşğul olan şəxslərin formal əmək münasibətlərinə, müxtəlif müavinətlərə və sosial müdafiə proqramlarına çıxış imkanları daha məhduddur. Onlar iqtisadi tsikllərin təsirlərinə də daha çox məruz qalırlar. Bu göstərici gender baxımından çox yüksək həssaslığa malikdir. Çünki tarixən ailə biznesində ödənişsiz əmək fəaliyyətində qadınlar üstünlük təşkil edib. BƏT ekspertləri iddia edir ki, həssas məşğulluq göstəricisi ilə yoxsulluq arasında da qarşılıqlı əlaqə mövcuddur və onun ümumi məşğulluqda payının yüksək olması genişmiqyaslı yoxsulluğun miqyasının da artması üçün potensial zəmin yaradır. 

Bu əlaqə onunla izah olunur ki, həssas məşğulluq statusunda çalışan şəxslər iqtisadi böhran dövrlərində onları qoruyacaq sosial müdafiə və təminat mexanizmlərindən məhrum olurlar, belə iqtisadi şərtlərin mənfi təsirlərini kompensasiya etmək üçün özlərinə və ailələrinə zəruri həcmdə yığım formalaşdırmaq imkanına malik olmurlar.

Ekspertlərin başqa bir qənaəti budur ki, yaradıcı fəaliyyətlər (məsələn, sərbəst İKT xidməti göstərənlər) istisna olmaqla, “həssas məşğulluq” kateqoriyasına düşən fəaliyyətlərin böyük əksəriyyəti yüksək əlavə dəyər yaratmayan və aşağı məhsuldarlıqlı işlər olur. Nəhayət, “həssas məşğulluq” göstəricisinin yüksək olması ölkədə qeyri-formal iqtisadiyyatın da miqyasının yüksək olmasına işarədir.

BƏT-in digər bir metodologiyasına[2] görə, ailə biznesində ödənişsiz çalışanlara öz ailələri tərəfindən yaradılan və idarə edilən gəlir gətirən sahibkarlıq fəaliyyətində müqavilə bağlamadan, eləcə də maaş almadan işləyən şəxslər daxildir. Bu cür məşğulluğa, məsələn, ailə biznesində (ailəyə məxsus restoran, mağaza, emalatxana və s.) və ailə fermer təsərrüfatında valideynlərinə kömək edən, lakin əməkhaqqı almayan istənilən ailə üzvünün fəaliyyəti daxildir. Lakin belə  məşğulluq üçün mühüm bir şərt var: həmin şəxs ailə biznesinin fəaliyyəti ilə bağlı  müəssisənin əsas qərarlarının qəbulunda iştirak etməməli və hər hansı rəsmi məsuliyyəti olmamalı, yalnız  əldə edilən mənfəətdən və ya ailədaxili gəlir bölgüsündən fayda əldə etməlidir. Əks halda bu cür məşğulluq başqa bir kateqoriyaya – öz hesabına çalışan məşğul şəxs statusu kateqoriyasına keçmiş olur.

Fərdi qaydada və ya öz hesabına çalışanlara (own-account workers) gəldikdə, BƏT-in mövzu ilə bağlı metodologiyasına[3] əsasən, öz hesabına çalışanlara muzdlu işçi cəlb etmədən, fərdin müstəqil şəkildə məşğulluğunu təmin edənlər daxildir. Fərdi qaydada məşğulluğa öz emalatxanasında işləyən dərzi, öz avtomobili ilə müstəqil taksi xidməti göstərən şəxs, fərdi xidmətlər (mühasib, hüquqi yardım, auditor və s.) göstərən digər şəxslər də daxildir.

Azərbaycanda “həssas məşğulluq” göstəricisi hansı səviyyədədir?

Dünya Bankının 2025-ci il üzrə açıqladığı statistikaya[4] görə, Azərbaycanda “həssas məşğul” əhalinin ümumi məşğulluqda xüsusi çəkisi 54% təşkil edib. Bu göstəricini Dövlət Statistika Komitəsinin məşğulluq statusuna dair rəsmi məlumatları[5] da təsdiq edir. Həmin statistikaya görə, 2025-ci ildə ümumi məşğulların sayının 5,105 mln. nəfərə çatdığı şəraitdə fərdi əmək fəaliyyəti ilə məşğul olanların sayı 1,154 mln. nəfər, ailə kəndli təsərrüfatında və ya ailə biznesində haqqı ödənilmədən çalışanların sayı isə 1,611 mln. nəfər olub. Başqa sözlə, BƏT-in “həssas məşğulluq” kateqoriyasına düşən iki qrup üzrə ümumi məşğul əhalinin sayı 2,765 mln. nəfər olub. Rəsmi məlumatlar göstərir ki, son 5 ildə (2020-2025-ci illərdə) Azərbaycanda “həssas məşğulluq” göstəricisinin səviyyəsi yüksəlməkdə davam edib və aşağıdakı diaqramdan bunu görmək mümkündür:

2020-2025-ci illərdə Azərbaycanda “həssas məşğulluq” göstəricisinin dinamikası

Rəsmi statistikanın açıqladığı məlumatlardan göründüyü kimi, son 5 ildə Azərbaycanda həssas, yəni sosial risklərdən daha məhdud sığortalanmış, dayanıqlı olmayan və aşağı əlavə dəyər yaradan məşğulluq göstəricisinin səviyyəsi 51,9%-dən 54,2%-ə yüksəlmişdir. Başqa sözlə, hər 100 işləyəndən 54 nəfəri “həssas məşğul” kateqoriyasına aiddir. Bu rəqəmin nə qədər yüksək olduğunu Dünya Bankının təqdim etdiyi məlumatlar əsasında dünya ölkələrinin müqayisəsindən görmək olar:

Bəzi yüksək və aşağı inkişafa malik ölkələrdə “həssas məşğulluq” göstəricisi, ümumi məşğulluğa nisbətən %-lə

Ölkələrarası müqayisə göstərir ki, “həssas məşğulluq” göstəricisi ilə ölkələrin iqtisadi inkişaf və şəffaflıq səviyyəsi arasında birbaşa əlaqə mövcuddur. Norveç, Danimarka və Fransa kimi yüksək iqtisadi inkişafa və aşağı “kölgə iqtisadiyyatı”na malik ölkələrdə həmin göstəricinin səviyyəsi 4-10% intervalında olmaqla kifayət qədər aşağıdır. Əksinə, iqtisadi cəhətdən geri qalmış, “qara iqtisadiyyat”ın miqyasının böyük olduğu Əfqanıstan və Anqola kimi ölkələrdə isə “həssas məşğulluq”un səviyyəsi 60-85% intervalında olmaqla çox yüksəkdir. Göründüyü kimi, Azərbaycan 54%-lik göstərici ilə aşağı iqtisadi inkişafa malik ölkələrin sırasında yer alır.

2020-2025-ci illərdə Azərbaycanda “həssas məşğulluq” kateqoriyası üzrə çalışanların sayı 316 min nəfər və ya 13% artaraq 2,765 mln. nəfərə çatıb. Öz növbəsində, fərdi əmək fəaliyyəti ilə məşğul olanların sayı 141 min nəfər artımla 1,154 mln. nəfərə, ailə biznesində ödənişsiz çalışanların sayı isə 175 min nəfər artaraq 1,611 mln. nəfərə yüksəlib.

BƏT ekspertləri başqa bir analizdə[6] ixtiyari ölkədə məşğulluğun keyfiyyətinin bilavasitə əhalinin məşğulluq statusuna əsasən müəyən edilə biləcəyini vurğalayırlar. Bu arqumentdən çıxış edərək bildirirlər ki, bir qayda olaraq, daha yüksək iş sabitliyinə, eləcə də əlverişli əmək şəraitinə zəmanət verən standart məşğulluq formasının, yəni müqaviləli əmək münasibətlərinin (muzdlu məşğulluq) üstün paya malik olduqları əmək bazarları daha şəffafdır və keyfiyyətcə daha yüksək hesab edilir. Onların arqumenti həm də bununla təsdiqlənir ki, bazar iqtisadiyyatının, deməli, həm də biznesin yüksək inkişafının təmin edildiyi qabaqcıl ölkələrin hamısında istisnasız olaraq muzdlu məşğulluğun ümumi məşğulluqda payı çox yüksək, “həssas məşğulluq” göstəricisinin xüsusi çəkisi isə çox aşağıdır.

Bu yanaşmadan çıxış edərək analizin növbəti hissəsində BƏT-in məlumat bazası əsasında Azərbaycanda və bir sıra ölkələrdə müqaviləli (muzdlu) məşğulluğun ümumi işləyənlərə nisbəti müqayisə edilir.

Dünyada və Azərbaycanda zəmanətli məşğulluğun nisbəti

Təhlilin bura qədərki hissəsində təqdim olunan məlumatlardan anlamaq olur ki, Azərbaycanda zəmanətli məşğulluqla əhatə səviyyəsi həssas məşğulluq sektorunda işlə təminatdan əhəmiyyətli dərəcədə geri qalır. Rəsmi statistikanın 2025-ci il üzrə məlumatına[7] əsasən,  ümumi məşğul əhalinin (5,105 mln. nəfər) cəmi 35%-i (1,812 mln. nəfəri) muzdla, yəni əmək müqaviləsi imzalayıb etibarlı sosial zəmanətlər (pensiya, tibbi və işsizlik sığortası, həmçinin sağlamlığın itirilməsinə görə kompensasiya, uşağın anadan olmasına və ona qulluğa görə müavinət  və s.) əsasında çalışan şəxslərdir.

Diqqəti cəlb edən ən mühüm məqam budur ki, məşğulluq statusuna dair rəsmi statistikaya görə, son 5 ildə muzdlu məşğulluq və “həssas məşğulluq” kateqoriyaları üzrə çalışanların ümumi sayı 429 min nəfər artıb. Bu artımın cəmi 113 min nəfəri, yaxud 26,3%-i muzdlu məşğulluğun hesabına təmin edilib. Başqa sözlə, bu iki kateqoriya üzrə məşğulluqdakı hər 100 nəfərlik xalis artımın təxminən 74 nəfəri “həssas məşğulluq” kateqoriyasının payına düşüb. Həmin dövrdə “həssas məşğulluq” kateqoriyasında çalışanların sayı 316 min nəfər artıb.

BƏT-in məlumat bazası[8] əsasında bir sıra ölkələrdə muzdlu məşğulluğun ümumi çalışanlara nisbətini əks etdirən diaqrama diqqət yetirdikdə, ölkələrarası müqayisə əmək bazarının keyfiyyəti haqda daha dolğun təsəvvür yaradır.

Müxtəlif ölkələrdə muzdlu məşğulluğun payı, ümumi çalışanlara nisbətən %

Təqdim olunan rəqəmlərdən göründüyü kimi, müqaviləli məşğulluğun payı daha yüksək olan ölkələr iqtisadi cəhətdən də yüksək inkişafa malik ölkələrdir. Ən aşağı göstəricilər isə məhz ya iqtisadiyyatı inkişafdan qalan, ya da  qeydiyyatsız iqtisadiyyatın payının kifayət qədər yüksək olduğu ölkələrdir. Azərbaycanın sonuncu kateqoriyada yer alması göstərir ki, rəsmi təbliğata baxmayaraq, əmək bazarının göstəriciləri ölkənin iqtisadi baxımdan zəif inkişaf etdiyini, “qara iqtisadiyyat”ın isə payının yüksək olduğunu aydın nümayiş etdirir.


Qeydlər və istinadlar:

[1] “Guide to the new Millennium Development Goals Employment Indicators. Vulnerable employment”.  International Labor Organization   

https://www.ilo.org/publications/guide-millennium-development-goals-employment-indicators-second-edition

[2] “Conceptual Framework for Statistics on the Informal Economy”. International Labour Organization 

https://www.ilo.org/sites/default/files/wcmsp5/groups/public/@dgreports/@stat/documents/meetingdocument/wcms_867429.pdf  

[3] “International Classification of Status in Employment (ICSE-18) Manual”. International Labor Organization.  https://webapps.ilo.org/ilostat-files/Documents/ICSE-18_manual.pdf

[4] “Vulnerable employment, total (% of total employment) (modeled ILO estimate)”.  https://data.worldbank.org/indicator/SL.EMP.VULN.ZS

[5] https://www.stat.gov.az/source/labour/

[6] “Paid employment vs vulnerable employment”. International Labor Organization.  https://www.ilo.org/media/416321/download

[7] https://www.stat.gov.az/source/labour/

[8] https://ilostat.ilo.org/data/?utm_source=chatgpt.com&cat_mode=subject

Paylaş
FacebookTwitter

Facebook Comment
bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.