Bakı Araşdırmalar İnstitutu nəzəri mövzular və Azərbaycanla bağlı məsələlər üzrə orijinal tədqiqatları dərc edir. Biz Azərbaycan və ya ingilis dilində dörd kateqoriya üzrə yazıları qəbul edirik: Tədqiqat Məqalələri, Mövqe Yazıları, Cavab Yazıları və Tərcümələr. Məqalənizi təqdim etməzdən əvvəl, xahiş edirik aşağıdakı təlimatlarla tanış olasınız.
- MƏQALƏ KATEQORİYALARI
Tədqiqat Məqalələri
Həcm: Maksimum 4,000 söz (ədəbiyyat siyahısı daxil olmaqla)
Tədqiqat məqalələri orijinal təhlil təqdim etməli və aydın akademik struktura malik olmalıdır.
1. Yazılarda Giriş, Əsas Hissə (müxtəlif yarımbaşlıqlar şəklində) və Nəticə hissələri fərqləndirilə bilməlidir. Giriş və Nəticə hissələri hər biri bütün məqalənin təxmini 10 faizini əhatə edə bilər. Əsas Hissə isə müəllifin öz istəyindən asılı olaraq bir və ya bir neçə yarımbaşlığa bölünə bilər.
2. Giriş hissədə müəllif detallara varmadan problemi ortaya qoymalı və öz iddiasını aydın formada irəli sürməlidir. Giriş hissəsində müəllifin cavab verməli olduğu suallar bunlardır:
- Mövzu nədir? Və bu mövzuda problem nədir?
- Bu problem oxucu üçün niyə əhəmiyyətlidir? Həmçinin, müəllif özünün oxucusu kimi kimləri görür, kimlərə xitab edir: ekspertlərə, tələbələrə, ümumi oxucuya və s.?
- Bu mövzuda elmi ədəbiyyatda nəzərə alınmalı olan nə yazılıb? Mövcud akademik debatın tərəfləri hansılardır? Və həmin debat tərəflərinin iddiaları nələrdir?
- Müəllifin öz iddiası nədir və elmi ədəbiyyatdakı hansı boşluğu doldurmağa yönəlib? Müəllif özü mövcud akademik debat tərəflərinin hansınasa yaxındırmı? Hansısa tərəfi müdafiə edir, onun iddialarını gücləndirirmi?
- Müəllifin gəldiyi qənaət, nəticə, tapıntı nədir? Gəldiyiniz nəticəni məhz Giriş hissəsində qeyd edin.
3.Əsas Hissədə müəllif Girişdəki nəzəri məsələlərə aydınlıq gətirməli, onları izah etməli və öz iddiasını, gəldiyi nəticəni müvafiq arqumentlərlə əsaslandırmalıdır.
4. Nəticə hissəsində müəllif mövzunu ümumiləşdirib oxucuya təqdim etməli, əlavə heç bir yeni fikir, dəlil və ya iddia irəli sürməməlidir. Nəticə hissəsi Giriş hissəsinin parafrazıdır. Əgər müəllif istəyərsə, Nəticədə gələcək təqdiqat(çı)lar və ya yazılar üçün tövsiyyələr də verə bilər
Mövqe Yazıları
Həcm: 2,000-3,000 söz (ədəbiyyat siyahısı daxil olmaqla)
Mövqe yazıları ictimai əhəmiyyətli, hazırda müzakirə edilən və müəllifin müzakirə edilməli olduğunu hesab etdiyi məsələlər barədə ola bilər. Ehtiyac olarsa, məqalə yarımbaşlıqlara bölünə bilər. Məqalə aşağıdakı suallara cavab verməlidir.
- Mövzu nədir? Və bu mövzuda problem nədir?
- Bu problem oxucu üçün niyə əhəmiyyətlidir? Həmçinin, müəllif özünün oxucusu kimi kimləri görür, kimlərə xitab edir: ekspertlərə, tələbələrə, ümumi oxucuya və s.?
- Bu mövzuda ictimai müzakirədə (və ya müvafiq sahədə, məsələn, analitik jurnallarda, publisistik yazılarda və s.) nəzərə alınmalı olan nə yazılıb? Mövcud debatın tərəfləri hansılardır? Və həmin debat tərəflərinin iddiaları nələrdir?
- Müəllifin öz iddiası nədir və mövcud debatda hansı boşluğu doldurmağa yönəlib? Müəllif özü mövcud debat tərəflərinin hansınasa yaxındırmı? Hansısa tərəfi müdafiə edir, onun iddialarını gücləndirirmi?
- Müəllifin gəldiyi qənaət, nəticə, tapıntı nədir? Gəldiyiniz nəticəni məhz Giriş hissəsində qeyd edin.
Cavab Yazıları
Həcm: 1,000-1,500 söz (ədəbiyyat siyahısı daxil olmaqla)
Bizim nəşr etdiyimiz istənilən növ məqaləyə dair yazılmış tənqid xarakterli Cavab məqalələrini də qəbul edirik. Müəlliflərdən xahiş edirik ki, bu növ məqalələrinin aşağıdakı şərtlərə cavab verməsindən əmin olsunlar:
- Qısa olduğu üçün Cavab məqalələri digər məqalələrdən fərqli olaraq başlıqlara bölünmür. Şərti olaraq ilk paraqraf giriş, sonuncu paraqraf isə nəticə rolunu oynayır.
- İlk paraqrafda müəllifin hansı məqaləni tənqid etdiyi aydın şəkildə qeyd edilməli, məqalənin qalan hissəsində isə müəllif tənqid etdiyi məqalədə nəyə etiraz etdiyini bildirərək öz fikirlərini müdafiə etməlidir.
- Tənqid edilən məqalədə yazılmayan və/və ya iddia edilməyən fikirlər müzakirə edilməməlidir. Belə ki, tənqid mövcud mətnə və onun xətalarına fokuslanmalıdır.
Tərcümələr
Həcm: Konkret limit yoxdur
Tərcüməçidən hansı mətni tərcümə etmək istədiyini əvvəlcə bizə bildirməsini və bu mətnin əhəmiyyətini izah etməsini xahiş edirik. Əgər mətnin tərcüməsi üçün təlif haqqı tələb edilirsə, onu almaq tərcüməçinin öhdəliyindədir.
2. FORMAT VƏ ÜSLUB QAYDALARI
İstinadlar: Müəlliflər aşağıdakı üslublardan birini seçə bilərlər:
- Chicago Author-Date üslubu (mətn daxilində istinadlar)
- Chicago Notes and Bibliography üslubu (səhifəaltı qeydlər)
Seçdiyiniz üslubu bütün məqalə boyu ardıcıl tətbiq edin. Chicago Author-Date təlimatları üçün baxın: https://www.tandf.co.uk/journals/authors/style/reference/tf_ChicagoAD.pdf
Söz limiti: Söz limitini aşan məqalələr müstəsna hallarda dərc üçün nəzərdən keçirilə bilər.
Formatlaşdırma:
- Mətn Times New Roman, xarakterlər 12 punkt ölçüsündə, sətirlər arasında 1.5 interval olmalıdır.
- Bütün səhifələr nömrələnməlidir.
- Cədvəllər və şəkillər mətnin içərisində yerləşdirilməli və nömrələnməlidir.
- Bölmə və alt bölmə başlıqları qalın şriftlə yazılmalıdır.
Dil və üslub tövsiyələri:
- Aydın və anlaşılan bir dildən istifadə edin.
- Uzun və mürəkkəb cümlələrdən çəkinin.
- Akademik jarqondan mümkün qədər az istifadə edin və ya istifadə etdikdə izah edin.
- Abzasların bir-biri ilə əlaqəli olmasına diqqət yetirin.
3.TƏQDİMAT PROSESİ
Tamamlanmış əlyazmalar: Tamamlanmış məqalənizi briadmin@bakuresearchinstitute.org ünvanına göndərin.
Məqalə təklifləri: Məqalə təklifi üçün bir səhifəlik abstrakt təqdim edin, aşağıdakıları əhatə etməlidir:
- Aydın və anlaşılan bir dildən istifadə edin.
- Uzun və mürəkkəb cümlələrdən çəkinin.
- Akademik jarqondan mümkün qədər az istifadə edin və ya istifadə etdikdə izah edin.
- Abzasların bir-biri ilə əlaqəli olmasına diqqət yetirin.
4.REDAKTƏ PROSESİ
Redaksiya baxışı bir aya qədər davam edir. Baxışdan sonra təqdim olunan məqalələr:
- Redaktə edilmədən qəbul edilir: Təqdim edildiyi kimi dərcə hazırdır
- Kiçik redaktələrlə qəbul edilir: Dərcdən əvvəl məhdud dəyişikliklər tələb olunur
- Əhəmiyyətli redaktələrlə qəbul edilir: Yenidən baxılmazdan əvvəl əhəmiyyətli dəyişikliklər tələb olunur
- Rədd edilir: Platformamızda dərc üçün uyğun deyil
Qəbul edilmiş əlyazmaların müəllifləri redaktorlarımızdan ətraflı rəy alacaqlar. Qəbul edilməyən məqalələrin müəllifləri ətraflı rəy olmadan bildiriş alacaqlar.
Əlavə suallarınız varsa, zəhmət olmasa əlaqə saxlayın: briadmin@bakuresearchinstitute.org