fbpx

Cəmiyyət

Cəmiyyət

Viken Çeteryanın Azərbaycandan müharibə sonrası mesajlar: tənqidi təfsir məqaləsinə cavab

Read this article on other language
Download article
image_pdf
image_pdf

Viken Çeteryan məqaləsində müharibə sonrası Azərbaycandan verilən siyasi mesajları təhlil edir və bu təhlilə əsasən Azərbaycanın siyasi diskursunda dəyişiklik olub olmadığını müəyyənləşdirmək istəyir. Məqalənin qoyduğu əsas sual budur: “Azərbaycan hakimiyyəti güc siyasətindən uzaqlaşıb öz iradəsini de-fakto Dağlıq Qarabağ dövləti və Ermənistana yeritməkdən əl çəkərək, 33 illik erməni-azərbaycanlı münaqişəsini həll etmək üçün diplomatiyaya üz tutur, ya yox?” Çeteryan Azərbaycanın hərbi qalib olaraq meydana çıxması və bu nəticənin siyasi və diplomatik sahələrə necə təsir etdiyini müəyyənləşdirmək, eləcə də Azərbaycanın bu istiqamətdə edəcəyi seçimlərin Ermənistanın siyasi vəziyyətinə və bunun da öz növbəsində münaqişənin sonrakı həllinə təsirini öyrənmək baxımından bu debatı vacib hesab edir. Çeteryan Azərbaycan tərəfindən verilmiş müsbət, sonra isə mənfi və qeyri-müəyyən mesajları təhlil edir və başqa cavabsız sualları müzakirə edir. Bu yazıda mən Çeteryanın Azərbaycanda siyasi tendensiyalar barədə iddiasını, həmçinin mənfi və qeyri-müəyyən kimi qeyd etdiyi mesajları təhlil edəcəyəm. Müsbət mesajları isə müzakirə etməyəcəm.

Çeteryan Azərbaycan tərəfindən verilən müsbət mesajları, xüsusilə, Əliyevin iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqa çağırış mesajını qeyd edir, ancaq Azərbaycanda siyasi təzyiqlər, müxalif fikirli şəxslərin, jurnalist və insan haqları müdafiəçilərinin həbsinin davam etməsi halında qeyd edilən dialoqun baş tutmayacağı qənaətinə gəlir. O, Azərbaycanda siyasi tendensiyaların demokratik azadlıqların hüdudlarını genişləndirmək əvəzinə gücün daha çox mərkəzləşdirilməsinə yönəldiyini iddia edir.

Əslində hər nə qədər arzusunda olduğumuz dialoq üçün erkən olsa da, onun iki cəmiyyət arasında təbii şəkildə başlamış olduğunu göstərən işartılar artıq mövcuddur. Müharibədən sonra müxtəlif müstəqilqeyri-müstəqil mənbələrdə hər iki tərəfdən intellektualları və vətəndaş cəmiyyəti üzvlərini bir araya gətirən müzakirələr keçirilməkdədir. Əlavə olaraq, bu günlərdə Ermənistan tərəfindən Əliyevə əsirlərin azad edilməsi ilə bağlı ünvanlanmış müraciətə Azərbaycan tərəfindən də insan haqları müdafiəçiləri qoşulublar. Bütün bunlar zamanla iki tərəf arasında ünsiyyətin daha geniş vüsət alacağına ümidlər doğuran faktdır.

Azərbaycanda siyasi təzyiqlər və azadlıqların məhdudlaşdırılması iddiasına gəlincə isə düşünürəm ki, bu məsələnin son 3 ildə baş verən proseslər işığında dəyərləndirilməsinə ehtiyac var. 2018-ci ildə Əliyev islahatlar elan edib və o gündən bəri həmin islahatlar çərçivəsində təqdim edilən bəzi addımlar atılıb. Prezident Aparatının rəhbəri başda olmaqla keçmiş oliqarx-nazir sistemi bütövlükdə idarəetmədən uzaqlaşdırılıb, onların yerinə gənc, Qərb təhsilli nazir – menecerlər təyin edilib. Eyni islahat çərçivəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan edilib və köhnə sistemin tərkib hissəsi olan 10-a yaxın yerli icra hakimiyyəti başçısı korrupsiya ittihamı ilə həbs edilib. Bu müddət içində həm də siyasi partiyalarla dialoq prosesi başlanıb. Son parlament seçkilərində bir yer qazanmış ReAl Partiyası daxil 7 siyasi partiya rəsmi qeydiyyata alınıb. Həmçinin siyasi təzyiqlərlə də bağlı son illərdə vəziyyət fərqlidir. 2019-cu ildə 52, 2020-ci ildə 38 nəfər siyasi məhbus həbsdən azad edilib. Əlbəttə sadalanan faktlar Azərbaycanın radikal formada dəyişdiyi mənasına gəlmir, ancaq onlar ümumi tendensiyanın hansı istiqamətdə getdiyinin göstəricisi ola bilər.

Hesab edirəm ki, bu yeni tendensiya iki əsas məqsədə xidmət etdiyi üçün onun qeyd edilməsi vacibdir. Birincisi, ölkədə tıxanmış və getdikcə daha çox etiraz doğuran siyasi sistemi yeniləmək ehtiyacıdır. İkinci məqsəd isə güman edirəm ki, sırf Dağlıq Qarabağ konflikti ilə əlaqəlidir. Son 3 ildəki siyasi tendensiya beynəlxalq aləm və Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi insan haqları problemləri və avtoritarizm arqumentlərini neytrallaşdırmaq və ya zəiflətmək məqsədi daşıyır. Başqa sözlə, Azərbaycan indiyə qədər Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasına qarşı qoyulan arqumentləri onları irəli sürənlərin əlindən almaq istəyir. Bunun üçün hakimiyyət son illərdə imicini yaxşılaşdırmaq məqsədilə siyasətində dəyişikliklər aparır. Düşünürəm ki, xüsusilə Dağlıq Qarabağ probleminin həllindən sonra Azərbaycanda siyasi açılımın daha da genişlənəcəyini gözləmək olar.

Çeteryan daha sonra mənfi mesajları qeyd edir və onların təhlilini aparır. O, təhlükəsizlik, kimlik siyasəti və 1915-ci il soyqırımına aid 3 əsas mənfi mesajı göstərir.

Çeteryan təhlükəsizlik məsələsində mənfi mesaj kimi ilk olaraq, Azərbaycanda olan erməni əsirlərin qaytarılmamasını və Azərbaycanın hərbi büdcəsini artırmasını qeyd edir və bunun Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtması ilə nəticələnə biləcəyini güman edir. Daha sonra o, Azərbaycanın Dağlıq Qarabağın statusu məsələsini müzakirə etməməsini və bu siyasətin ölkənin beynəlxalq səviyyədə təcrid olunması ilə nəticələnə biləcəyini vurğulayır.

Azərbaycanda olan erməni əsirlərin qaytarılması doğrudan da sülh üçün ən ideal zəmin ola bilər. Onun mümkün qədər tez baş tutması arzuolunandır. Bununla belə düşünürəm ki, məsələnin həllini tapması birtərəfli qaydada Azərbaycandan asılı deyil. Belə ki, Ermənistanın hərbi əsir, Azərbaycanın isə bir qismini terrorçu kimi qiymətləndirdiyi əsirlərin qaytarılması üçün qarşılıqlı etimad və xoş niyyət mühiti olmalıdır. Lakin bəzi iddialara görə, Ermənistan öz hərbçilərini Laçın koridoru vasitəsilə Azərbaycan ərazisinə – separatçı Dağlıq Qarabağ Respublikasına göndərir. Ən əsası isə Ermənistan minalanmış ərazilərin mina xəritələrini Azərbaycana verməməkdə israr edir. (İstisna hal kimi qeyd etmək lazımdır ki, 30 erməni əsir Ağdam, Füzuli və Zəngilandakı mina xəritələri qarşılığında Ermənistana təhvil verilib. Əsirlərin qaytarılması Çeteryanın məqaləsinin dərcindən sonra baş verib və bu səbəbdən də onun məqaləsində bu faktlar qeyd edilməyib) Bu mənada hesab edirəm ki, Ermənistan əsirlərin qaytarılması üçün lazım olan konstruktiv atmosferin yaranmasına imkan verməyən hazırkı siyasətini dəyişməlidir.

Növbəti mənfi mesaj kimi Çeteryan Azərbaycanın hərbi xərclərini artırmasını görür və bunun Ermənistanı da silahlanmaya təhrik etdiyini bildirir. Müharibə edən tərəflər kimi Ermənistan və Azərbaycan illərdir ÜDM ilə müqayisədə hərbi sahəyə ən çox pul xərcləyən ölkələr onluğundadır. Azərbaycanın hərbi xərcləri hər il ardıcıl olaraq artır. Bu il xərclərin artırılması isə müharibədə istifadə olunan silahların yerini doldurmaq və Azərbaycanın geri aldığı ərazilərdə yeni yaranan sərhədlərin (İran və Ermənistanla) qurulması ilə əlaqəlidir. Ona görə hesab edirəm ki, bu faktı birbaşa Ermənistana qarşı təhdid kimi təqdim etmək düzgün deyil.

Qeyd edilən daha bir mənfi mesaj isə Azərbaycan tərəfinin Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsidir. Çeteryanın fikrincə, bu siyasət ölkənin beynəlxalq səviyyədə təcrid olunmasına gətirib çıxara bilər.

Müharibədən sonra hər iki ölkənin statusla bağlı mövqeyi yenidən ən uclarda dayanıb. Ermənistan rəsmi səviyyədə hələ də Dağlıq Qarabağın müstəqilliyi fikrini səsləndirir, Azərbaycan isə cavabında statusu müzakirə etməyəcəyini deyir. Azərbaycanın müharibəyə qədərki danışıqlarda Ermənistana təklif etdiyi,  Ermənistanın isə qəbul etmədiyi status variantlarının müharibədən sonra Azərbaycan tərəfindən müzakirə edilməyəcəyi gözlənilən idi. Ancaq düşünürəm ki, bu heç bir statusun olmayacağı demək deyil. Ölkələr aqressiv ritorikanı azaldıb, ünsiyyət və sülhə doğru getdikcə bir çox digər məsələlər kimi status mövzusu da aydınlaşacaq. Görünən odur ki, Azərbaycan qarabağlı ermənilərin gələcək real statusunu (ölkə qanunvericiliyi tələbi çərçivəsində) Gürcüstan ermənilərinin sahib olduğu bələdiyyə formasında idarəetməyə oxşar şəkildə görür.

Daha sonra Çeteryan Azərbaycanda yaşayan udinlərin işğaldan azad edilmiş ərazilərdə yerləşən xristian kilsələrinə səfərlərini qeyd edir və bunu udi mədəniyyətinin ermənilərə qarşı “silahlandırılması” kimi qiymətləndirir. Üstəlik, o, bunun udin icmasını məhv etmək təhlükəsi yaratdığını iddia edir. Həmçinin o, Bakıda açılan Hərbi Qənimətlər Parkının “böyük bir problem” olduğunu və onun Azərbaycanın “27 sentyabrda hərbi əməliyyatlara başlamağa haqq qazandırmaq üçün istifadə” etdiyi beynəlxalq hüquq arqumentlərini boşa çıxardığını bildirir.

Əvvəla düşünürəm ki, Azərbaycanda yaşayan udinlərin qeyd olunan dini və mədəniyyət abidələrinə danılmaz haqlarının bərpa edilməsini onların mədəniyyətinin ermənilərə qarşı silahlandırılması kimi təqdim edilməsi düzgün deyil. Bu daha çox Ermənistan tərəfindən dini və mədəniyyət abidələrinin ərazi iddiaları və işğalçılıq siyasəti üçün əsas kimi istifadəsi siyasətinə qarşı qorunma mexanizmidir. Həm də Kəlbəcərdəki Xudavəng kilsəsinin həm ermənilər, həm də udinlərin dini ibadət yerinə çevrilməsi Çeteryanın da qeyd etdiyi kimi Qafqaz xalqlarının tarixi və mədəni simbiotik əlaqələrinə çağdaş nümunə ola bilər. Çeteryanın xüsusilə bu kontektsdə udin icmasının məhv edilməsi təhlükəsini nədə görməsi anlaşılan deyil. Bu ilin mayın 15-də Qəbələyə səfəri zamanı Əliyev udinlərin yaşadığı kənddə iki məktəbin təmir edilməsi, Alban əlifbasının öyrənilməsi və o əlifbada kitabların çap olunması ilə bağlı göstərişlər verib. Dolayısı ilə udilərin hər hansı məhv edilməsi təhlükəsi iddiasının heç bir əsası yoxdur.

Hərbi Qənimətlər Parkına gəlincə, bu park Azərbaycanda da birmənalı qarşılanmadı. Xüsusilə, orada sərgilənən manikenlər və dəbilqələr tənqid olundu. Bununla belə demək lazımdır ki, Hərbi Qənimətlər Parkı təkcə bu iki komponentdən ibarət deyil və o daha çox 30 illik işğal üzərindəki qələbə muzeyidir. Həmçinin park iki ölkə arasındakı münasibətlərə təsir göstərən əsas faktor deyil, əgər hər iki tərəfdən siyasi iradə olarsa, ölkələr arasında gələcək normal münasibətlərin qurulması mümkündür. Onun gənc nəsillərə təsirinə gəlincə, təəssüf ki artıq 3-cü onillikdir ki, hər iki ölkədə yeni nəsillər Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə başlayan bu müharibənin dəhşətli reallığı ilə böyüyür və onların həyatları bu faktdan təsirlənir. Bu reallıqla müqayisədə Hərbi Qənimətlər Parkı və onun mümkün pis təsiri olduqca şişirdilir.

Çeteryanın qeyd etdiyi daha bir məqam isə 1915-ci il Osmanlı ermənilərinin soyqırımı məsələsidir. O, Azərbaycanın Erməni soyqırımı məsələsində Türkiyədən də çox, ən qatı inkarçı dövlət hesab edir və müqayisə üçün Ərdoğanın mövqeyini – onun Osmanlı ermənilərinin törəmələrinə başsağlığı verməsini və İstanbul Erməni Patriarxına məktub göndərməsini –  daha nüanslı və diplomatik hesab edir. Ancaq hesab edirəm ki, qeyd olunan məsələdə Azərbaycanın mövqeyi ilə Türkiyə mövqeyi əslində fərqlənmir və onlar, demək olar, eynidir. Hər iki dövlət rəsmi səviyyədə 1915-ci il hadisələrini Birinci Dünya Müharibəsi dövründə baş verən proseslər kontekstində görür,  Erməni soyqırımı ittihamlarını birmənalı inkar edir. Burada qeyd olunan Ərdoğanın Osmanlı ermənilərinin törəmələrinə başsağlığı verməsi və onun İstanbul Erməni Patriarxına məktub göndərməsi Türkiyənin daxili siyasətinin gərəkdirdiyi mövqedir, ancaq heç bir halda soyqırımı ittihamlarını hansısa dərəcədə qəbullanma demək deyil.

Nəticəyə gəlməzdən əvvəl Çeteryan qeyri-müəyyənliklə bağlı bir məsələni də qeyd edir. O, bildirir ki, Azərbaycan rəsmiləri qarabağlı erməniləri Azərbaycan vətəndaşı hesab etdiklərini deyirlər, lakin müharibədən sonra Hadrut və Şuşanın erməni sakinlərinin evlərinə qayıtmaları barədə Azərbaycan tərəfindən bir şey deyilməyib.

Əvvəla maraqlıdır ki, Çeteryan keçən ilki müharibə nəticəsində qaçqın düşmüş ermənilərlə bərabər 1991-94-cü illər müharibəsi nəticəsində yaşayış yerlərini tərk etmiş ermənilərin evlərinə qayıtmasını qeyd etsə də, Xocalı, Xankəndi və digər ərazilərdən olan azərbaycanlı məcburi köçkünləri xatırlamır. 10 Noyabr razılaşmasında da qeyd edilən kimi hər iki tərəfdən qarabağlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təmin edilməsi əsas vacib məsələlərdən biridir. Bununla belə, məsələnin yenə də birtərəfli qaydada Azərbaycandan asılı olduğunu düşünmürəm. Azərbaycan hətta birtərəfli qaydada erməni qaçqınları geri çağırsa belə, onların indiki vəziyyətdə orada Azərbaycanın yurisdiksiyası altında yaşamağa razı olacaqları inandırıcı deyil. Eyni zamanda azərbaycanlılar da qeyd olunan keçmiş yaşayış yerlərinə qayıda bilməlidirlər, amma o ərazilər də indi Azərbaycanın nəzarətində deyil. Nəticə odur ki, digər bütün məsələlər kimi hər iki tərəfdən qarabağlı qaçqınların və məcburi köçkünlərin geri qayıtması üçün də zamana və sülh sazişinə ehtiyac var.

Nəticə olaraq, Çeteryan müharibədən keçən 6 aylıq müddət ərzində Azərbaycanın rəsmi diskursunda bir qədər dəyişiklik görsə də, onun əsasən dəyişmədiyi, davamlılıq göstərdiyi qənaətinə gəlir. Çeteryan bu qənaətində haqlıdır, Azərbaycan rəsmi ritorikasında bir tərəfdən ardıcıl sülh çağırışı etsə də, digər tərəfdən əvvəlki aqressiv tonunu da saxlayır. Bu isə təsadüfi yox, Azərbaycan tərəfinin məqsədyönlü siyasətidir. Belə ki, Azərbaycanın ritorikasındakı dəyişiklik – sülhə çağırış həqiqətən də ölkənin müharibədən sonra sülh və Ermənistanla əlaqələrin bərpa edilməsində maraqlı olmasının göstəricisidir. Dəyişməyən, aqressiv ritorika isə Ermənistan tərəfindən hələ də müəyyən məsələlərdə davam etdirilən düşmənçilik siyasətinə (Dağlıq Qarabağın müstəqilliyi çağırışları, mina xəritələrinin verilməməsi)  adekvat cavabdır. İnanıram ki, iki ölkə arasında əlaqələr və qarşılıqlı anlaşma əldə edildikcə, rəsmi ritorika bütövlükdə dəyişəcək. Bunun üçünsə qeyd olunan düşmənçilik fəaliyyətinin dayandırılması, ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması və nəticə olaraq sülh anlaşmasının imzalanmasına ehtiyac var.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.