fbpx

Cəmiyyət

Cəmiyyət

Ağ durna

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ağ durna və ya Sibir durnası (Leucogeranus leucogeranus) Azərbaycan ornitofaunasının ən nadir növlərindən biridir. 3.500 ilə 4.000 fərd arasında təxmin edilən populyasiyası ilə bu növ “kritik təhlükə altında olan” quşlar siyahısına daxil edilmişdir (Birdlife International 2023). Onun çoxalma arealı Rusiya Sibirinə səpələnmişdir və tarixən üç qışlama ərazisini əhatə edir: Çindəki orta Yantze çayı (Şərqi Asiya populyasiyası), Hindistan (2003-cü ildən nəsli kəsilib) və İran (Qərbi Asiya populyasiyası) (Archibald et al., 2020). Növün 99 faizi Çindəki Pyonq gölündə qışlayan Şərq populyasiyasına aiddir (Birdlife International 2023). Lakin Azərbaycanda qeydə alınan quşlar isə kiçik Qərbi Asiya populyasiyasına aiddir və 2000-ci illərin əvvəllərindən etibarən Ümid adlı bir erkəyə qədər azalmışdır. Beləcə, bu növ Azərbaycan üçün çox nadir köçəri növlərdən hesab olunub (Patrikeev 2004). Nəhayət, Ümidin 2023-cü ildə qışlama yerinə (İran) gəlməməsi populyasiyanın sağ qalması və gələcək mühafizəsi səyləri ilə bağlı narahatlıqları daha da artırıb.

Növün Azərbaycanda tarixən mövcudluğu barədə məlumatlar

Bu növ Azərbaycanda tarixən miqrasiya və qış dövründə müşahidə edilmişdir. Təəssüf ki, onun ölkədə olması barədə etibarlı məlumatların miqdarı azdır. 19-cu əsrdə səyyah Qustav Radde 4/16 mart 1880 tarixində Astara yaxınlığında, İran sərhədinə yaxın ərazidə ağ durnalar dəstəsinin müşahidəsini sənədləşdirmişdir (Radde 1884). 20-ci əsrin əvvəllərinə aid müşahidələr azdır və Satunin 1907-ci ildə işıq üzü görmüş yazısında qeyd edir ki, Azərbaycan təbiətində bu quşu şəxsən müşahidə edə bilməməsinə baxmayaraq, o, Abşeron yarımadasından ovlanmış nümunələrdən xəbərdardır. 1914-cü ilin fevralında isə Sibir durnalarının kiçik sürüsü rus tələbələri tərəfindən Salyan rayonu yaxınlığındakı süni göllərdə müşahidə edilib (Stançinski 1914). Daha sonra, 1925-ci ildə Lənkəranın cənubunda yerləşən Vel kəndində dörd fərd müşahidə edilmişdir (Богачев 1951). Bu müşahidələrə görə, Azərbaycan ərazisindən bu durnanın iki uçuş yolu olub: birincisi Xəzər sahili boyunca (şərq hava yolu), digəri isə ölkənin qərb hissəsində.

1996-cı ildə İranda tutulduqdan sonra GPS ötürücü taxılmış erkək ağ durna populyasiyanın miqrasiyası haqqında mühüm məlumatları ortaya qoydu. Müəyyən edildi ki, o, martın 10-da Şirvan Milli Parkında istirahət etmək üçün dayanaraq Xəzər sahili ilə miqrasiya edir (Kanai və b., 2002). Sonradan 2003-cü ildə Böyük Britaniyadan olan quş müşahidəçisi də Şirvan Milli Parkı üzərində üç ağ durndan ibarət ailəni qeydə almışdır (Султанов Э., Т.А. Керимов 2008).

Mühafizəçilərin və yerli sakinlərin verdiyi məlumata görə, 2001-2006-cı illər arasında Qızılağac Təbiət Qoruğu (indiki milli park) və Lənkəran şəhərində miqrasiya zamanı təxminən 2-6 fərd müşahidə edilmişdir (Султанов Э., Т.А.Керимов 2008). 2005-ci ildən bəri Ümid adlı erkək fərd miqrasiya zamanı şərq uçuş yolundan ardıcıl olaraq istifadə edir. Qeyd edək ki, 2010-cu ilin yanvarın 29-da Ümid Qızılağac Qoruğunda müşahidə edilib ki, bu da əsrimizdə növün ilk qışlama hadisəsini ehtiva edir (Rozenfeld 2012). 2020-ci ildə bir qrup quş müşahidəçisi də Ümidin tipik miqrasiya vərdişinə uyğun olaraq martın 1-də Şirvan Milli Parkında dincəldiyini gördülər.

Xəzər sahilinin ənənəvi olaraq əsrlər boyu İranda Sibir durnaları üçün əsas miqrasiya yolu və qışlama yeri kimi xidmət etməsinə baxmayaraq, Azərbaycanın qərb bölgələrində növün alternativ miqrasiya yolunun mümkünlüyünə işarə edən məhdud sayda müşahidələr aparılmışdır. 20 oktyabr 2005-ci ildə Samux rayonunda boz durnalar (Grus grus) arasında bir cüt ağ durnanın görünməsi (Султанов Э., Т.А. Керимов 2008) və Culfada iki fərdin 2008-ci ilin noyabrında İran sərhədi yaxınlığında müşahidəsi diqqətəlayiq qeydlərdir (Sorokin 2012).

Növün mühafizə məsələləri

Təəssüf ki, Sibir durnası növünün azalması sürətlə baş vermiş və nəticədə bunun səbəblərinin dəqiq müəyyənləşdirilməsi çətinləşmişdir. Birdlife Internationala (2023) görə, Sibir durnası üçün əsas təhlükələrə ov və yaşayış areallarının məhv edilməsi daxildir. Təəssüf ki, Qərbi Asiya populyasiyasından sağ qalan sonuncu fərd olan Ümid 2023-cü ildə İrandakı ənənəvi qışlama yerində müşahidə edilmədi və bu, onun sağ qalması ilə bağlı narahatlıqlara səbəb oldu. Barəsində əldə olunan ən son məlumat 5 mart 2022-ci il tarixinə, onun Feruydunkənar bataqlıqlarındakı (qışladığı yer) Röya adlı dişi ilə birlikdə köçə başladığı vaxta aiddir. 2023-cü il yanvarın son günündə Ümidə qoşulmaq məqsədilə İranda təbiətə sərbəst buraxılan Röya daha sonra martın 11-də Feruydunkənardan Xəzər sahili boyunca 150 km şimalda yerləşən Tonekabanda tənha tapıldı. Bir sözlə, 2022-23 qış mövsümündə Ümid İranda 130 gün keçirsə də, Röya cəmi 34 gün ona qoşulub.

Bu vəziyyət İran da daxil olmaqla, Qərbi Palearktikada Sibir durnalarının nəslinin kəsilməsi təhlükəsi ilə bağlı ciddi narahatlıq doğurur və Azərbaycanda məhv olmuş quş növlərinin sayının artmasına səbəb ola bilər. Bu populyasiyanın taleyi əvvəllər də qaranlıq olmuş, hələ 1977-ci ildə onların sayı 11-14 fərddən 2000-2001-ci ilin qışında cəmi 6 quşa düşmüşdür. 2007-ci ilin yanvar ayından yalnız Ümidin İranın Feruydunkənar bölgəsindəki tarixi qışlama yerinə köç etdiyi məlumdur. Süni şəraitdə yetişdirilmiş fərdlərin təbiətə buraxılması cəhdlərinə baxmayaraq, indiyə qədər bu sahədə heç biri uğur qazanılmayıb. İranda qışlama ərazisinə indiyədək cəmi 11 süni şəraitdə yetişdirilmiş Sibir durnası buraxılıb, lakin, təəssüf ki, onlardan üçü ölüb, səkkiz quş isə digər çöl quşları və durnalarla birlikdə köç etməyə başlasalar da, təəssüf ki, sonrakı illərdə onların heç biri qışlama ərazisinə geri dönməyib (CMS Siberian Crane Reintroduction). Eynilə, 1999-2013-cü illər arasında Oka Durna Yetişdirmə Mərkəzindən (OQÇM) Volqa deltasına 37 gənc ağ durna buraxılsa da, yenə, təəssüf ki, onların heç biri Ümiddən fərqli olaraq İrana çata bilməyib.

Ədəbiyyatlar Sibir durnalarının köç zamanı dincəlmə yerlərində xüsusi yaşayış mühiti tələbləri olduğunu vurğulayır. Bu habitatlar quşun torpağı qazmasına imkan verməli və suyun səviyyəsi qidalanma üçün bentik zonaya daxil olmanın qarşısını alacaq qədər yüksək olmamalıdır. Sibir durnaları 25-68 santimetr dərinlikdə olan su bitkilərinin kökləri ilə qidalanır (Wu 2022). Nəzərə alsaq ki, ağ durna durnalar arasında ən çox suda vaxt keçirən növdür, bu həyati əhəmiyyətli habitatların qorunması onların Azərbaycanda və digər dövlətlərdə mühafizəsi və gələcəkdə potensial reintroduksiyası üçün çox vacibdir.

Ovçuluq və yaşayış arealının dəyişməsi kimi problemlərlə yanaşı, iqlim dəyişikliyi də ağ durnaların qlobal və yerli mühafizəsi üçün əhəmiyyətli bir əngəl olaraq ortaya çıxır. Tədqiqatlar göstərir ki, Sibir durnalarının Sibirdə çoxalma müvəffəqiyyəti iqlim şəraitinin sabitliyindən asılıdır. Çoxalma uğuru hava şəraitinə görə 4,3% ilə 83,3% arasında dəyişir (Germogenov et al. 2013). Başqa bir araşdırmaya görə, Qərbi Asiya populyasiyası (Ümid) 2050-ci ilə qədər RCP8.5 iqlim dəyişikliyi ssenarisi altında qışlama sahəsinin 25%-nin itkisi ilə üzləşə bilər (RCP8.5 iqlim dəyişikliyi ssenarisi yüksək emissiya ssenarisidir. İqlim dəyişikliyi ssenariləri haqqında daha ətraflı məlumat üçün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına baxın) (Ansari 2023). Beləcə Sibir durnasının sağ qalması və reproduktiv uğurunun təmin edilməsində əsas amil kimi iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi vurğulanır.

Sibir durnalarının mühafizəsi səylərində, kritik dərəcədə nəsli kəsilməkdə olan bu növün davamlı gələcəyini təmin etmək üçün yaşayış mühitinin qorunması, ovdan mühaifizə və iqlim dəyişikliyinin təsirlərinin azaldılması kimi bir-biri ilə əlaqəli problemlər nəzərə alınmalıdır. Bizim kontekstimizdə Xəzərin və çayların səviyyəsindəki dəyişikliklər növün miqrasiyasına və qışlama müvəffəqiyyətinə təsir göstərə bilər.

Azərbaycanda və digər ölkələrdə Sibir durnalarının bərpa edilməsi

Köç zamanı xüsusi geyimli insanlar tərəfindən yetişdirilmiş ağ durnalara rəhbərlik etmək üçün yavaş uçan, yüngül “mikrotəyyarələrdən” istifadə konsepsiyası funksional olaraq nəsli kəsilmiş Qərbi Asiya populyasiyasının üzləşdiyi problemləri həll etmək məqsədilə innovativ bir yanaşma kimi meydana qoyulmuşdur. Bu metodla yetkinlik yaşına çatmayan durnalar, quşların insanlara həddən artıq alışmasının qarşısını almaq və təbii mühitə uğurla uyğunlaşması şanslarını artırmaq məqsədilə, növün özünə bənzəyən quş paltarı geymiş insanlar tərəfindən yetişdirilir. Bu üsul, Sibir Durnasının Mühafizəsi Tədbirlərinə dair Anlaşma Memorandumunda təsvir olunduğu kimi, quşların reintroduksiyası üçün standart üsul kimi tətbiq edilmişdir.

Proses xüsusi kostyum vasitəsilə yetişdirilmiş durnalara uçmağı və miqrasiya yolunu öyrətməyi nəzərdə tutur. Təcrübəsiz durnaların miqrasiya zamanı çox vaxt böyüklərin təcrübəsinə güvəndiyini nəzərə alsaq, bu müdaxilə onlara rəhbərlik etmək və onların sağ qalma şanslarını artırmaq məqsədi daşıyır. Bununla belə, bu metodun uğuru güclü siyasi iradədən və iştirakçı ölkələr, yəni Rusiya, Qazaxıstan, Azərbaycan və İran arasında transsərhəd əməkdaşlığından asılıdır.

Belə bir strategiyanın həyata keçirilməsi logistik və diplomatik problemlərin öhdəsindən gəlməyi tələb edir, çünki bu süni yetişdirilən quşlar müxtəlif dövlətlərin hava məkanını keçməli və bir çox ölkədə istirahət etməlidirlər. Bu cür reintroduksiya səylərinin uğuru üçün bu ölkələrin koordinasiyası və əməkdaşlığı vacibdir. Qərb uçuş yolunda ağ durna populyasiyasını qoruyub saxlaya bilmək məqsədi daşıyan bu innovativ yanaşmanı işlək çıxış yolu etmək üçün siyasi iradə və əməkdaşlıq əsas şərtlərdir.

Sibir durnasının mühafizəsinin davamlı uğurunun təmin edilməsi onlar üçün həyati əhəmiyyətli yaşayış yerlərinin, xüsusilə Qızılağac və Şirvan Milli Parklarının qorunmasından asılıdır. Bunun üçün müntəzəm habitat monitorinqi vasitəsilə həmin parkların effektiv idarə edilməsi, yaranan təhlükələrin operativ şəkildə həll edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi və gücləndirilməsi lazımdır. Eyni zamanda, yerli icmalar arasında sahiblik və məsuliyyət hissini aşılamaq üçün icmaların fəal şəkildə bu prosesə cəlb edilməsi də çox vacibdir.

 

İstinadlar: 

1. Archibald, G.W., C.D. Meine, C. J. Sharpe, and E. F. J. Garcia .2020. Siberian Crane (Leucogeranus leucogeranus), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA.
2. Ansari, A. 2023. Prediction of Climate Change Effects on Siberian Crane (Grus leucogeranus) Habitat Suitability by Using Ensemble Modeling in Asia Wetlands. Wetlands 43, 4.
3. BirdLife International. 2023. Species factsheet: Leucogeranus leucogeranus. Downloaded from http://datazone.birdlife.org/species/factsheet/siberian-crane-leucogeranus-leucogeranus on 25/12/2023.
4. Богачев A.V. 1951. Животный мир Азербайджана. Насекомые. Баку: АН АзССР.
5. Germogenov, N., N. Solomonov, A. Pshennikov, A. Degtyarev, S. Sleptsov, N. Egorov, I. Bysykatova, M. Vladimirtseva, and V. Okoneshnikov. 2013. The ecology of the habitats, nesting, and migration of the eastern population of the Siberian crane (Grus leucogeranus Pallas, 1773). Contemporary Problems of Ecology 6 (1), 65–76.
6. Э.Г. Султанов, Т.А. Керимов. 2008. О миграции журавлей в Азербайджане. Журавли Евразии (биология , распространение, миграции). Вып.3., Москва, с. 394-399 (рез. англ.).. Журавли Евразии (биология , распространение, миграции).. 394-300.
7. Kanai, Y, Nagendran, M, Ueta, M, Markin, Y, Rinne, J, Sorokin, A G, Higuchi, H & Archibald, G W. 2002. Discovery of breeding grounds of a Siberian Crane Grus leucogeranus flock that winters in Iran, via satellite telemetry. Bird Conserv Int 12: 327-333.
8. Patrikeev M. 2004. The Birds of Azerbaijan. Pensoft Series Faunistica No 38, Sofia/Moscow.
9. Radde, G. 1884. Ornis Caucasica: die Vogelwelt des Kaukasus. Verlag von Theodor Fischer, Kassel.
10. Rozenfeld, S. 2012. A Siberian Crane sighting in Azerbaijan in January 2010. Siberian Crane Flyway News 11: 10.
11. Satunin K.A. 1907. Guide to the birds of the Caucasus, Tiflis.
12. Sorokin, A. 2012. A sighting of Siberian Cranes in Azerbaijan in 2008. Siberian Crane Flyway News 11: 6.
13. Stanchinsky, V. V. (1914). Ornithological excursion in Eastern Transcaucasia Ornithological News, 4, 245‒259. (In Russian).
14. Wu Xiurou. 2022. Modeling Ecosystem Service Conflicts in China’s Lake Poyang. UC Davis Electronic Theses and Dissertations.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.