fbpx

iqtisadiyyat

iqtisadiyyat

Avropanın qaz təchizatında Azərbaycanın rolu

Read this article on other language
Download article
image_pdf
image_pdf

2022-ci ilin iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Leyenin sözlərinə görə, memorandumda Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması qeyd olunub. Bu məqsədlə tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüblər. Əgər 2021-ci ildə Azərbaycanın Avropaya (burada və bundan sonra Avropa deyəndə biz Avropa İttifaqını nəzərdə tuturuq) qaz ixracatı 8 milyard kubmetr təşkil edirdisə, məqsəd “bir neçə il ərzində” bu rəqəmi 20 milyard kubmetrə çatdırmaqdır. Beləliklə Azərbaycan qarşısında Avropanın enerji təchizatında iştirakına dair maraqlı perspektivlər açılır. Hər iki tərəf də Azərbaycanın Avropanın təbii qaz təchizatı ilə bağlı ciddi gözləntiləri olduğunu ifadə edir. Bəs bu gözləntilər realdırmı? Azərbaycanın Avropa enerji təchizatında indiki rolu nədir və hətta bütün planlar yerinə yetirilsə belə, rolu nə olacaq?

Avropanın qaz təchizatı

Yuxarıda qeyd olunan suallara keçməzdən əvvəl biz Avropanın qaz təchizat strukturuna baxmalıyıq. Avropa qitəsinin təbii qaz resursları cəhətindən özünütəminatı çox da yüksək deyil. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, 2021-ci ildə Avropa qitəsi (BEA Avropa qitəsi adı altında Rusiyanı nəzərə almır) 604 milyard kubmetr (bunun 412 milyardı Aİ-nin payına düşür) qaz istehlak edib. İstehlakın əsas hissəsi idxal olunan təbii qazın payına düşür. 2021-ci ildə Avropa qitəsində 223 milyard kubmetr təbii qaz hasil olunub ki bunun da yalnız 50,5 milyardlıq hissəsi Aİ-nin payına düşüb. Avropada əsas təbii qaz istehsalçıları olan Norveç, Böyük Britaniya və Niderland arasında yalnız sonuncusu Aİ-yə daxildir. Başqa sözlə, 2021-ci ildə daxili istehlakı təmin etmək üçün Aİ 361 milyard kubmetr təbii qaz idxal etməli oldu.

Aİ-nin həmin ildə idxal etdiyi təbii qazın isə 42,4%-i Rusiyanın payına düşüb (Cədvəl 1). Lakin qeyd etmək lazımdır ki, Rusiya Aİ-yə 153 milyard kubmetr təbii qaz ixrac etmişdisə, mövcud infrastruktur bu rəqəmi 276 milyard kubmetrə qaldırmağa imkanı verirdi. Yəni mövcud infrastruktur yalnız 55% səviyyəsində istifadə olunurdu. Norveç Aİ tələbatının 24,4%-ni təmin edir, amma ixracat üçün istifadə olunan qaz boru infrastrukturu 81% istifadə olunur.

Boru vasitəsilə təbii qaz Aİ-yə, həmçinin Şimali Afrika və Azərbaycandan gəlir. Şimali Afrikada qaz borularının tam gücü 79 milyard olduğu halda, 2021-ci ildə 40 milyard kubmetr idxal olunub. Azərbaycandan isə həmin ildə cəmi 8 milyard kubmetr təbii qaz idxal olunub. Azərbaycan Avropaya təbii qazı Trans-Adriatik Boru Kəməri vasitəsilə ixrac edir və bu kəmərin maksimal gücü 13 milyard kubmetrə çatdırıla bilər (bu barədə bir qədər sonra).

Cədvəl 1. Avropa İttifaqının təbii qaz idxal coğrafiyası

İxracatçı Həcmi, mlrd kubmetr Maksimal güc, mlrd kubmetr İstifadə səviyyəsi İdxalda payı
Rusiya 153 276 55% 42,39%
Norveç 88 109 81% 24,38%
Sıxılmış təbii qaz 72 187 39% 19,94%
Şimali Afrika 40 79 51% 11,08%
Azərbaycan 8 13 62% 2,21%
CƏMİ 361 663 54% 100,00%

 

Cədvəli “Bella G.D., Flanagan M., Foda K., Maslova S., Pienkowski A., Stuermer M., Toscani F. “Natural Gas in Europe: The Potential Impact of Disruptions to Supply”. Working Paper. International Monetary Fund. July, 2022”.  məqaləsində təqdim olunan məlumatlar əsasında tərtib etmişəm.

Təbii qazın idxalında Aİ-nin Rusiyadan yüksək asılılığının səbəbləri enerji bazarının strukturu ilə bağlıdır. Əvvəla, Rusiya dünya üzrə ən iri qaz ehtiyatlarına malik olan ölkədir. ABŞ Enerji Administrasiyasının məlumatına görə, Rusiyanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 47,8 trilyon kubmetrdir. Sonrakı yerlərdə İran (34 trilyon), Qətər (23,9 trilyon), Səudiyyə Ərəbistanı (15,9 trilyon), ABŞ (13,2 trilyon) və Türkmənistan (11,3 trilyon) qərarlaşıblar. Siyahıdakı digər ölkələrdə təbii qaz ehtiyatları 10 trilyondan azdır. Misal üçün, Azərbaycanın təbii qaz ehtiyatları müxtəlif mənbələrin məlumatlarına görə, 1,7 trilyon (ABŞ Enerji Administrasiyası) və ya 2,5 trilyon (BP) kubmetr təşkil edir. Qaz ehtiyatlarının həcminə görə Azərbaycan dünyada 15-20-ci yerlərdə qərarlaşıb.

Ehtiyatların həcmi hələ iri istehsal demək deyil. Belə ki, 5-ci yerdə qərarlaşan ABŞ dünya üzrə ən iri təbii qaz hasilatçısıdır. 2021-ci ildə ABŞ 965 milyard kubmetr təbii qaz hasil edib. Bu da dünya üzrə təbii qaz istehsalının 23,1%-dir. İkinci yerdə yerləşmiş Rusiya 762,3 milyard kubmetr təbii qaz istehsal edib (17%). Üçüncü yerdə olan İran 2021-ci ildə 256,3 milyard kubmetr qaz hasil edib. Yəni təbii qaz ehtiyatları cəhətdən Rusiya və İran arasında ciddi fərq olmamasına baxmayaraq, hasilat cəhətdən bu iki ölkə arasındakı fərq 3 dəfədir. Dünya üzrə təbii qaz hasilatının 40%-i iki ölkənin payına düşür.

İri hasilat sənayesinə malik olan ABŞ eyni zamanda dünyada ən iri təbii qaz istehlakçısıdır. İstehsal etdiyi təbii qazın 88%-i elə ABŞ-ın özündə istehlak olunur. Dünya üzrə təbii qaz istehlakının 20,5%-i ABŞ-ın payına düşür. İstehlaka görə də ikinci yerdə Rusiya qərarlaşıb. Onun istehlakı dünya istehlakının 11,8% və özünün hasil etdiyi təbii qazın 67,6%-ni təşkil edir. Göründüyü kimi, Rusiyada ABŞ-dan fərqli olaraq hasilatın 32%-i ixracat üçün qalır. Belə olduğu halda Rusiya dünya üzrə ən iri qaz tədarükçüsünə çevrilir. 2021-ci ildə Rusiya 251 milyard kubmetr (yəni İranın cəmi hasilatına bərabər) təbii qaz ixrac edib. Onun da 165 milyardlıq hissəsi Avropa qitəsinin payına düşür. Rusiya həmçinin 172 min kilometrlik qaz boru sisteminə malikdir. Bu da dünya üzrə ABŞ-dan sonra ikinci göstəricidir. Zəruri infrastrukturun mövcudluğu və coğrafi yaxınlıq Aİ ölkələrinin Rusiyadan təbii qaz və digər enerji məhsullarından (neft və daş kömür də həmçinin) asılılığını izah edir.

Rusiyanın Ukraynaya son hücumundan əvvəl Avropanın atdığı addımlar əsasən gələcək dövrlərdə təbii qazdan asılılığın azaldılması istiqamətində atılırdı. Misal üçün, Avropa Komissiyasının 2021-ci ildə qəbul etdiyi Bərpaolunan Enerji Direktivi (Renewable Energy Directive) adlı sənədi göstərə bilərik. Həmin ildə edilən dəyişikliklərə görə, Avropa 2030-cu ilə elektrik enerjisinin 40%-ni artıq bərpa olunan enerji mənbələrinin hesabına istehsal etməli idi. Müharibə isə bu yanaşmanı dəyişdirməyə məcbur etdi. Artıq qısa müddətdə ən vacib məsələyə alternativ və bərpa olunan enerji mənbələrinə keçid yox, təbii qaz idxalatında Rusiyadan asılılığın minimallaşdırılması çıxış edir. Nəticədə Aİ ölkələri bu asılılıqdan azad olmaq imkanlarını axtarmağa başladılar. Məsələn, əgər aprel ayında Almaniya istifadə etdiyi təbii qazın 34%-ni Rusiyadan alırdısa, avqust ayında bu göstərici 9%-ə kimi azaldı. Digər Aİ ölkələri də bu istiqamətdə addımlar atır.

Rusiyaya hansı alternativlər mövcuddur?

Bəs Aİ Rusiyanı hansı mənbə hesabına əvəz edir? Burada hər bir üzv ölkə öz variantını seçir. Məsələn, Almaniya təbii qaz idxalında Norveçin payını 27%-dən 38%-ə kimi, Niderlandın payını isə 19%-dən 24%-ə kimi artırıb. Norveç hazırda bütün istehsal gücünü səfərbər edib Avropanı qazla təchiz etməyə çalışır. Buna baxmayaraq onun imkanları indikindən sadəcə 21 milyard kubmetr daha çox təbii qaz ixrac etməyə imkan verir. Bu isə Aİ-nin Rusiyadan idxal etdiyi qazın cəmi 13%-ə bərabərdir. Əlavə imkan oktyabr ayında istifadəyə verilmiş Norveçlə Polşa arasındakı Baltic Pipe qaz baz borusu hesabına yarana bilər. Polşa Rusiyadan ildə 10-11 milyard kubmetr qaz idxal edirdi. Bu boru isə illik 6-10 milyard (2023-cü ildə 6,5, 2024-cü ildə 7,7) kubmetr təbii qaz nəql edərək ölkənin Rusiya qazından asılılığını azalda bilər.

Aİ daxili mənbələrə də müraciət edir. Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) hesablamalarına görə, Niderland qaz ixracatını maksimallaşdırmağa çalışır. Belə ki, Almaniyaya adətən illik 11 milyard kubmetr ixrac etdiyi halda, 2022-ci ilin yalnız II və III rüblərində Almaniyaya ixracat 11 milyard kubmetr təşkil edib. Niderland ixracatını daha çox artırmaq imkanına malikdir. Bunun üçün Qroninqendə yerləşən mədəndə hasilat həcmlərini artırmaq lazımdır (bu mədən indi 2,8 milyard istehsal etdiyi halda, illik 40 milyard kubmetr qaz hasil etmək imkanına malikdir). Yerli əhali hasilatın nəticəsində baş verən zəlzələlərə görə hasilatın artırılmasına qarşı çıxış edir. Nəticədə mədənin bağlanması barədə qərar verilmişdi və bu qərarı tezləşdirib, hətta 2022-ci ildə bağlamaq niyyətində idilər. Lakin Rusiyanın Ukraynanı işğalından sonra Niderland hökuməti mədənin istismar lisenziyasını 2023-cü ilin oktyabrına kimi uzatdı. Amma Niderlandın Baş naziri Mark Ruttun dediyinə görə, vəziyyətin gərgin olmasına baxmayaraq müvafiq mədənin istifadəsi dayandırılacaq.

Göründüyü kimi, boru qazı hesabına Avropa Rusiyadan əldə etdiyi həcmləri əvəz etmək iqtidarında deyil. Ona görə Avropa sıxılmış qaz idxalatına üz tutdu. Sıxılmış qaz tankerlər vasitəsilə limanlara çatdırılır. 2022-ci ilin yanvar-avqust ayları ərzində Avropa sıxılmış qazın idxalatını 43 milyard kubmetr və ya 65% artırıb. BEA hesab edir ki, ilin sonuna Avropanın sıxılmış qaz idxalatı 2021-ci il ilə müqayisədə 82,8 milyard kubmetr artacaq. Bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 80% artım deməkdir. Başqa tərəfdən, yuxarıda (cədvəl 1) qeyd etmişik ki, Avropanın 2021-ci ilin göstəriciləri ilə müqayisədə daha da əlavə 115 milyard kubmetr sıxılmış təbii qaz idxal etmək imkanı mövcuddur. Buna baxmayaraq Aİ bu gücləri tam istifadə edə bilmir. Bunun əsas səbəbi Aİ-nin qaz bazarında vaxtilə heç də iri istehlakçı kimi tanınmamasıdır. Bu ilə qədər bazarda satılan sıxılmış qazın 73%-i Şərqi Asiya ölkələrinin payına düşürdü. Həmçinin dünya üzrə satılan sıxılmış təbii qazın 64%-i uzunmüddətli müqavilələr əsasında təchiz olunurdu. Yəni sıxılmış qazın cəmi 36%-i birdəfəlik (spot) müqavilələr əsasında satılırdı. Bu da Aİ-yə birdən-birə sıxılmış qaz idxalatını kəskin artırmaq imkanlarını azaldır. Əlavə olaraq, qiymətlərin (boru qazı ilə müqayisədə) yüksək olması bu imkanları məhdudlaşdırır, çünki yüksək təbii qaz qiymətləri sənaye və enerji istehsalçılarını da öz məhsullarının qiymətlərini kəskin artırmağa məcbur edir, bu da bazarı daraldır.

Cədvəl 2. Avropa İttifaqının təbii qaz istehlakı, min kubmetr

Ay 2021 2022 Fərq
Yanvar 54 016 156 50 314 431 -6,85%
Fevral 44 660 672 40 383 079 -9,58%
Mart 43 186 988 40 092 891 -7,16%
Aprel 36 253 399 29 321 944 -19,12%
May 26 845 736 21 777 969 -18,88%
İyun 21 939 172 20 200 404 -7,93%
İyul 21 612 107 20 471 277 -5,28%
Avqust 20 125 701 18 474 015 -8,21%
CƏMİ 268 639 931 241 036 010 -10,28%

 

Cədvəl Eurostatın məlumatları əsasında tərtib olunub.

Təbii qaz idxalının azalması, həmçinin qaz istehlakının azalması hesabına da baş verə bilər. BEA məlumat verir ki, 2022-ci ilin sonuna Aİ-də qaz istehlakı 548 milyard kubmetrə kimi azala bilər. Cədvəl 2-dən də göründüyü kimi, 2022-ci ilin ilk səkkiz ayı ərzində Aİ-də qaz istehlakı 10,3% azalıb. Bu azalma hətta Ukrayna-Rusiya müharibəsindən əvvəl də müşahidə olunurdu. Belə ki, yanvar ayında istehlak 6,8%, fevral ayında isə 9,6% azalmışdı. İstehlakın azalmasının əsas səbəbi qiymətlərin yüksək olmasıdır. Qiymət artımı isə göründüyü kimi hələ müharibədən əvvəl başlamışdı. Müharibə bunu sadəcə kəskinləşdirdi.

Qrafik 1. Niderland TTF[1] habında fyuçers müqavilələrin dəyəri

 (qiymət 1 MV*s üçün hesablanır. 1 min kubmetr hesabına 10,55 MV*s elektrik enerji istehsal etmək olar)

Azərbaycan Aİ-yə nə təklif edə bilər?

2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə ümumi qaz ixracatını 61% artıraraq 20 milyard kubmetr qaz ixrac etmişdi ki, onun da təxmini 1/3-i Aİ ölkələrinin payına düşür (Cədvəl 3). Bunun əsas səbəbi 2020-ci ilin oktyabrın 13-də Trans-Adriatik boru kəmərinin tikintisinin bitməsi idi. Bundan əvvəl kəmər artıq test rejimində fəaliyyət göstərməyə başlamışdı, amma bütün inşaat işləri oktyabrda bitdi və artıq 2021-ci ilin əvvəlindən boru üzrə Avropaya təbii qaz ixracatı başlanıldı (Qrafik 2).

Cədvəl 3. Azərbaycan qazının 2020-2022-ci ilərdə ixracat coğrafiyası (min kubmetr ilə)

Ölkələr 2020 2021 2022-ci ilin yanvar-avqust ayları
Türkiyə 9 890 255,95 9 849 813,69 5 657 952,53
İtaliya 6 111 680,99 6 377 720,10
Gürcüstan 2 174 700,53 2 881 701,51 1 972 808,99
Yunanıstan 70 305,50 732 017,40 621 482,84
İran 289 228,45 239 010,57 169 805,94
Bolqarıstan 232 426,06 254 217,50
CƏMİ 12 424 490,43 20 046 650,22 15 053 987,90

 

Burada və sonra əgər əksi qeyd olunmayıbsa, Azərbaycana aid bütün rəqəmlər Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytından əldə olunub.

Azərbaycanın 2021-ci ildə Aİ-yə dəqiq nə qədər qaz ixrac etməsi ilə bağlı rəsmi qurumların verdiyi məlumatlar üst-üstə düşmür. Belə ki, həm Azərbaycan hökuməti, həm Aİ nümayəndələri, həm də Avropa İttifaqı Statistika İdarəsinə görə, Azərbaycan 2021-ci ildə Aİ ölkələrinə 8 milyard kubmetr qaz ixrac edib. Amma Dövlət Gömrük Komitəsinə (DGK) istinadən Dövlət Statistika Komitəsi bu göstəricinin 7 milyard kubmetr olduğunu deyir. Bəs əlavə 1 milyard haradan yarandı? Bu sualın cavabını Türkiyə Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EBTQ) aylıq dərc etdiyi Təbii qaz bazarının sektor hesabatında tapırıq. Belə ki, DGK-nın məlumatına görə, Azərbaycan ötən il Türkiyəyə 9,8 milyard kubmetr qaz ixrac edib (Cədvəl 3). Amma EBTQ-nin məlumatına görə, 2021-ci ildə Türkiyə Azərbaycandan 8,8 milyard kubmetr təbii qaz idxal edib. Yəni ilkin olaraq Türkiyəyə yönəlmiş təbii qaz sonradan Avropaya ixrac olunub (Azərbaycan Energetika Nazirliyi də bunu təsdiqləyir. Onun məlumatına görə, Türkiyəyə, ümumiyyətlə, 8,5 milyard kubmetr, yəni daha da az qaz ixrac olunub). Beləliklə, bu iki göstərici arasında fərqi (1 milyard) və DSK-nın 7 milyardını toplasaq bizdə 8,1 milyard kubmetr alınır.

2022-ci ildə təbii qaz ixracatında isə ciddi bir artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yalnız yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 6,1, Yunanıstana 0,7 və Bolqarıstana 0,2 milyard kubmetr təbii qaz tədarük edib. Bu isə 2021-ci ilin ilk 8 ayı ilə müqayisədə müvafiq olaraq 109,3%, 46,5% və 68,8% çoxdur. Buna baxmayaraq ümumi təbii qaz ixracatı 2021-ci ilin eyni dövrü ilə müqayisədə yalnız 13,7% artıb. Başlıca səbəb isə Azərbaycanın əsas ixracat istiqamətləri olan Türkiyə və Gürcüstana təbii qaz ixracatını azaltmasıdır. Türkiyəyə ixracat 22,6%, Gürcüstana isə 8,6% azalıb. Yəni Azərbaycan iki istiqamət üzrə qaz ixracatını azaldıb və bu azalan həcmi Avropaya yönləndirib. Bunun da əsas səbəbi Türkiyədə idxalatın azalmasıdır.

Beləliklə, 2022-ci ildə Azərbaycan artıq 7,2 milyard kubmetr qaz ixrac edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard kubmetrə çatması planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu planlar daimi olaraq dəyişikliyə məruz qalır. Məsələn, 2022-ci ilin mart ayında  Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır. Eyni zamanda 2021-ci ilin oktyabr ayında qeyd olunmuşdu ki, Azərbaycan il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana 5-5,5 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Statistikadan gördüyümüz də odur ki, elə bu bəyanatın səsləndirildiyi dövrdə bizim ixrac göstəricimiz bu rəqəmə yaxın idi. Amma noyabr ayında Avropaya ixrac olunan təbii qazın həcmində rekord göstərici – 1 566 milyon kubmetr – qeydə alınıb (ondan sonrakı rekord göstərici 2022-ci ilin avqust ayına aiddir). Böyük ehtimal bunun əsas səbəbi o dövrdə müşahidə olunan qiymət artımı idi (Qrafik 1).

Qrafik 2. Azərbaycan qazının Avropaya aylara görə ixracatı (2020-2022) (milyon kubmetr ilə)

İndi Azərbaycan təbii qazı əsasən Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edir. Bu Dəhliz bir neçə boru kəmərindən ibarətdir. TANAP boru kəməri 2018-ci ildə istifadəyə verilib və ilkin 16 milyard kubmetr qaz buraxılışı gücünə malikdir. TAP boru kəməri isə 2020-ci ildə istifadəyə verilib və gücü 10 milyard kubmetr olaraq hesablanır. 2022-ci ildə TAP kəmərinə həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) də qoşulub. IGB işə salındıqdan sonra bu qoşulma əvvəlcə Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm 3 milyard kubmetrə qədər artacaq.

Bəs potensial necədir? Prezident İlham Əliyevin sözlərinə əsasən, Avropa İttifaqı ilə imzalanmış memoranduma görə Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə (20 milyard kubmetr) artırmağı planlaşdırır. Buna Azərbaycanda hər hansı imkan varmı? Bunu başa düşmək üçün biz mövcud vəziyyəti üç rakursdan (mövcud resurslar, öhdəliklər və infrastruktur) araşdırmağa çalışacağıq.

Azərbaycanın qaz ehtiyatları və hasilatı

Hələ 2003-cü ilin martın 4-də Prezident Heydər Əliyev deyib ki, Xəzər dənizinin Azərbaycan sektorunda “4 milyard ton neft və 5 trilyon kubmetr qaz” ehtiyatları var və “bu, 50-100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir.” 2015-ci ildə Prezident İlham Əliyev iddia etmişdi ki, “Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.”

Azərbaycanın qaz ehtiyatlarına dair müxtəlif rəqəmlərin olmasını biz məqaləmizin əvvəlində də qeyd etmişdik. Belə ki, 2021-ci ildə aparılmış hesablamalara görə, OPEC iddia edir ki, Azərbaycanın qaz ehtiyatları 1,917 trilyon kubmetrdir. ABŞ Enerji Məlumat Administrasiyası hesab edir ki, Azərbaycanın qaz ehtiyatları 1,7 trilyon kubmetrə bərabərdir. Beynəlxalq Enerji Agentliyinin saytında 2018-ci ilin məlumatlarına istinadən qeyd olunur ki, ölkə ehtiyatları 1,3 trilyon kubmetr civarındadır. BP isə 2021-ci ildə dərc etdiyi məlumatda (2022-ci ildə yenidən hesablama aparmayıb) qeyd edir ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz resurslarının həcmi 2,5 trilyon kubmetrdir. Göründüyü kimi, göstəricilər bir-birindən fərqlənir (bunun səbəbləri tətbiq olunan uçot metodikaları ola bilər).

Hasilata gəldikdə isə 2021-ci ildə Azərbaycan 43,9 milyard kubmetr təbii qaz hasil edib. Bu 2020-ci ilin göstəriciləri ilə müqayisədə 6,6 milyard kubmetr çoxdur. Ümumən 2016-cı ildən bu yana qaz hasilatı 1,5 dəfə artıb. Eyni zamanda hökumət tərəfindən təsdiq olunan 2026-cı ilə qədər neft və qaz hasilatı üzrə ortamüddətli proqnoza görə, 2026-cı ilədək Azərbaycanda qaz hasilatında illik artım gözlənilir. Həmin il ölkədə qaz hasilatı strateji hədəfə – illik 50 milyard kubmetrə çatacaq.

Təbii ki, hasil edilən qazın bir hissəsi daxili istehlaka yönləndirilir. Azərbaycanın daxili istehlakı illik təxmini 12-13 milyard kubmetr təşkil edir və hökumət ixrac ilə bağlı planlar qurduqda bunu da nəzərə almalıdır. Ümumən artım tendensiyalarını nəzərə alsaq, daxili istehlakın 2023-cü ildə 14, 2026-cı ildə artıq 15 milyard kubmetr civarında olacağını təxmin etmək olar. Hesablamalarıma görə, bu il ixrac üçün yalnız 22 milyard kubmetr təbii qaz qalacaq. Bu rəqəm Azərbaycan hökumət nümayəndələri tərəfindən də təsdiqlənir. Həmçinin hökumətin verdiyi proqnozlara görə, 2023-2026-cı illərdə təbii qaz hasilatı 3 milyard kubmetr artmalıdır. Yəni hətta daxili istehlakda cüzi artım baş versə, bu ixracat üçün əlavə yalnız 2,5 milyard kubmetrin olması deməkdir. Beləliklə, Aİ-yə bu ilin ixrac göstəricisini (11,5 milyard) biz yalnız 2,5 milyard artırmaq iqtidarında olacağıq. Bu da o deməkdir ki, Aİ-yə olan ixracatımız cəmi 14 milyard kubmetr təşkil edə bilər.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu 11,5 milyardlıq proqnozu yerinə yetirmək üçün Cənub Qaz Dəhlizi maksimum güclə işləməlidir. TAP AG konsorsiumun Baş icraçı direktoru Luka Şieppati bildirib ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) maksimum ötürmə gücündə, yəni sutkada 33 milyon kubmetr həcmində təbii qaz ötürür. Bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Yəni indiki məqamda 12 milyarddan artıq təbii qazın ixrac edilməsi mümkün görünmür. Bunu nəzərə alaraq TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər. Bundan başqa TANAP-ın da gücü illik 16 milyard kubmetrdən 31 milyard kubmetrə artırılmalıdır. Bu planlara dair hər hansı konkret razılığa gəlinməyib. Sentyabrda İ.Əliyev verdiyi müsahibədə qeyd edir ki, müvafiq artıma nail olmaq üçün “kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir.” Sərmayə də göründüyü kimi Avropadan tələb olunur. Planlara dair tam razılığa (memorandum hələ öhdəlik yaratmır) gəlinməyib, amma işlərin yerinə yetirilməsi 2026-cı ilin sonuna proqnozlaşdırılır.

Hansı variantlar var?

Azərbaycanın Aİ-yə qaz ixracına dair planlarını reallaşdırmaq üçün nə resurs, nə də infrastruktur mövcuddur. Digər tərəfdən, indi hətta infrastruktur mövcud olsa idi, Azərbaycanın Aİ-yə birdən-birə qaz tədarükünü illik 20 milyard kubmetrə çatdırma imkanı olmayacaqdı. Hətta hökumətin mövcud şəraitə uyğun olaraq qurduğu ssenaridə qeyd edilir ki, Azərbaycan 2026-cı ildə illik 50 milyard kubmetr təbii qaz hasilatına çatacaq. Bu isə maksimum 14 milyard kubmetr ixrac deməkdir. Azərbaycan memorandumun məqsədlərini yerinə yetirmək istəyirsə, o zaman aşağıda qeyd olunan 2 hadisə baş verməlidir.

Birincisi, təbii qaz hasilatı artırılmalıdır. Azərbaycanın qaz ehtiyatı təxmini 2,5 trilyon kubmetr olaraq qiymətləndirilir. Bu həcmin böyük hissəsi, 1,2 trilyon kubmetr, Şahdənizin payına düşür. Hazırda Şahdəniz yatağı üzrə hasilatın demək olar ki, maksimumuna nail olunub. Yalnız Şahdəniz layihəsinin üçüncü mərhələsi 2030-cu ilə kimi əlavə 15 milyard kubmetr verə bilər. Amma, hətta 2014-cü ildə qeyd olunan planlara görə, hasilat yalnız 2025-ci ildən sonra başlanacaq. İndi yalnız ehtiyatların qiymətləndirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda Azəri, ÇıraqGünəşli yataqlarının dərinlikdə yerləşən hissəsindən də gözləntilər var. Bu layihələr yalnız BP-yə aiddir. Bununla bərabər Total şirkəti tərəfindən işlənilən Abşeron yatağı də mövcuddur. Proqnozlara görə, bu yataq birinci mərhələdə 1,5 milyard kubmetr qaz vermək imkanına malikdir. Bu yataqlar üzrə aktiv işlər hələ ya başlanılmayıb, ya da passiv olaraq gedir. Bu yataqların işlənməsi BP və Totaldan asılıdır. Onların işlənməsi üçün kifayət qədər investisiya tələb olunur. Bu investisiya müqabilində şirkətlər ən azı növbəti 25 il üçün hər hansı satış təminatına malik olmalıdırlar. Bu isə indi Aİ-nin siyasəti ilə uyğunlaşmır. Aİ-nin indi təbii qaz bazarında atdığı addımlar yalnız 2030-cu ilə qədərki dövrü əhatə edir. Bu da adı çəkilən yataqların işlənməsinə yatırımların edilməsi üçün kifayət edən dövr deyil.

Daha real görünən isə tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutan ikinci yoldur. Azərbaycan 2022-ci ilin ilk 8 ayı ərzində Türkmənistandan 495,8 milyon kubmetr qaz idxal edib. Əlbəttə ki, həcm çox da böyük deyil, amma artıq 2021-ci ilin sonunda iki ölkə arasında razılaşma imzalanıb. Razılaşmaya görə, illik alış 1,5-2 milyard kubmetr civarında olacaq. Bu isə ciddi olmasa da, müəyyən qədər ixracatın artımına səbəb ola bilər. Azərbaycan bu qazı da Avropa bazarlarına (ya da bu qazın hesabına öz təbii qazını) yönəldə bilsə, ölkəmizin Aİ-nin təchizatında payı maksimum 16 milyard kubmetrə çata bilər.

Bəs ümumi olaraq rolumuz dəyişəcəkmi? Məsələ ondan ibarətdir ki, Aİ üçün Rusiyadan əldə etdiyi 155 milyard kubmetr təbii qazı əvəz etmək lazımdır. 2022-ci ildə Aİ ölkələri üzrə təbii qaz istehlakı 40,5 milyard azalacaq. Təxmin etmək olar ki, dünya bazarında təbii qazın qiyməti eyni səviyyədə qalsa, 2023-cü ildə də tələbat 2022-ci ilə bərabər və ya bir qədər çox olacaq. Qeyd edildiyi kimi, Norveç əlavə 27,5 milyard kubmetr qaz ilə təmin edə bilər. Qalan hissədən də 82,8 milyard tankerlər hesabına təmin olunacaq. Faktiki olaraq 155 milyard kubmetr ehtiyacdan geriyə 4,2 milyard kubmetr qalır. Əlbəttə, boru qazın alınması daha sərfəlidir və qiymətlər sabitləşdiyi halda təbii qazın idxalatı artacaq. Amma belə olan vəziyyətdə də Azərbaycan qazı ən yaxşı halda Aİ idxalının 5%-i edəcək. Eyni zamanda Əlcəzair (bu il artıq İtaliyaya 4 milyard kubmetr daha çox təbii qaz tədarük edəcək) və Liviyanı da nəzərə almaq lazımdır. Yəni, başqa sözlə, Rusiyanın bazardan çıxması da Azərbaycan üçün rəqabəti azaltmayacaq. Bu fonda ixracatı artırmaq yalnız bahalı qiymətlər dövründə, yəni qısa müddət ərzində sərfəlidir. Ondan sonra bu daha çox itkilər gətirəcək. Başqa sözlə Azərbaycanın mövcud qaz və infrastruktur potensialı maksimum Aİ-nin 5-6% civarında istehlakını təmin etməyə kifayət edər və əslinə qalsa, bunun artırılması heç də maraqlarımıza uyğun deyil.

İstinadlar

[1] TTF və ya Title Transfer Facility (Mülkiyyət hüququn keçirilmə mexanizmi) Niderlandda virtual təbii qaz ticarət nöqtəsidir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.