Avtoritar sistemlər sadəcə repressiyalar, kütləvi həbslər və zor gücü ilə fəaliyyət göstərmir. Onlar eyni zamanda hansı düşüncə formalarının məqbul olduğunu müəyyənləşdirməyə və qəbuledilməz hesab edilən davranış formalarını məhdudlaşdırmağa çalışırlar. Bu baxımdan, fərqli davranışların (siyasi sistemin nəzarətində olmayan; etiraz, sosial kodlara uyğun olmayan və s.) idarə olunması yalnız hüquqi və siyasi mexanizmlərlə deyil, həm də tibbi, psixoloji və sosial kateqoriyalar vasitəsilə həyata keçirilə bilər. Müəyyən davranış formalarının normal və ya anormal kimi təqdim edilməsi özü də güc və iqtidar münasibətlərinin bir hissəsinə çevrilə bilər. Bu məqalə Azərbaycanda son dövrdə ortaya çıxan psixiatrik nəzarət mexanizmlərini məhz bu perspektivdən təhlil edir. Dövlət tərəfindən şəxsin razılığı olmadan psixiatrik müayinəyə yönləndirilməsi imkanını genişləndirən yeni hüquqi çərçivə fərqli davranışların hansı hallarda tibbi problem kimi təqdim edildiyi sualını ortaya çıxarır. Burada əsas məsələ konkret şəxslərin psixi sağlamlıq vəziyyətini qiymətləndirmək deyil. Əsas sual ondan ibarətdir ki, hansı davranışlar tibbi nəzarət obyekti kimi yenidən çərçivələnir?[i]
Məqalədə nəzəri çərçivə kimi Jil Delöz və Feliks Qatarinin Anti-Edip: Kapitalizm və Şizofreniya[ii] əsərində inkişaf etdirdikləri arzu istehsalı (desiring-production) konsepsiyasına müraciət edəcəyəm. Müəlliflər Froydun psixoanalizində mərkəzi yer tutan Edip modelini tənqid edərək iddia edirlər ki, arzu yalnız ailə münasibətlərindən; ata, ana və uşaq üçbucağından yaranmır. Əksinə arzu sosial, iqtisadi və siyasi münasibətlər daxilində istehsal olunan yaradıcı qüvvədir. Lakin hər bir sosial sistem bu axıcı arzuları müəyyən kodlar vasitəsilə təşkil edir, onları idarə olunan formaya salır və mövcud nizama uyğunlaşdırmağa çalışır. Onların yenidən əraziləşdirilmə (reterritorialization) adlandırdığı proses vasitəsilə sərbəst və çoxistiqamətli arzu axınları yenidən tanış sosial kateqoriyalara, ailə, dövlət, norma və identiklik formalarına daxil edilir. Bu baxımdan, fərqli həyat formaları və davranışlar mövcud sosial kodlara uyğun gəlmədikdə, onlar yalnız siyasi və ya mədəni fərqlilik kimi deyil, bəzən normal olmayan, problematik və ya patoloji kimi təqdim edilə bilir.
Avtoritar sistemlərdə fərqli sosial və siyasi ifadə formalarının patologiyalaşdırılması arzu və davranışların idarə olunmasının bir mexanizmi kimi fəaliyyət göstərir. Burada məsələ yalnız fərdi psixoloji vəziyyət deyil, daha geniş mənada hansı subyektlərin danışa, hansı arzuların legitim sayıla və hansı həyat formalarının qəbul edilə biləcəyini müəyyən edən hakimiyyət münasibətləridir.
Arzunun məhsuldar əlaqələr vasitəsilə necə fəaliyyət göstərdiyini izah etmək üçün Delöz və Qatari arzu maşınları anlayışından istifadə edirlər. İnsan bədəni və onun ağız, əl, göz kimi orqanları yalnız bioloji funksiyalar yerinə yetirmir; onlar həm də müxtəlif axınları bir-birinə bağlayan, kəsən və yönləndirən məhsuldar maşınlar kimi fəaliyyət göstərirlər. Müəlliflər bu prosesi döş və ağız nümunəsi ilə izah edirlər. Döş süd axını yaradan orqan-maşın kimi fəaliyyət göstərir, ağız isə bu axına qoşulur, onu kəsir və qəbul edir. Beləliklə, iki ayrı orqan-maşın bir-birinə qoşulur və onların arasında müəyyən bir istehsal əlaqəsi yaranır. Delöz və Qatari üçün arzu məhz bu cür axınların və maşınların bir-birinə qoşulması ilə işləyən və istehsal edən bir prosesdir.[iii] Eyni zamanda məktəb, ailə, dövlət, media kimi institutlar da sosial maşınlardır. Bu maşınlar insanların arzularının necə formalaşmasına təsir göstərir və mövcud ictimai münasibətləri davamlı şəkildə yenidən istehsal edirlər. Buna görə də sosial sistemlər arzunu yalnız məhdudlaşdırmır; onlar eyni zamanda müəyyən arzu formalarını istehsal edir, təşkil edir və istiqamətləndirir. İnsanlar müəyyən sosial sistemlər daxilində yaşadıqları üçün onların reallıq haqqında təsəvvürləri, eləcə də ehtiyac və arzuları həmin sistemlərin yaratdığı münasibətlər və kodlar vasitəsilə formalaşır. Məsələn, müxtəlif siyasi-iqtisadi rejimlərdə yaşayan insanların siyasi arzuları yalnız onların şəxsi seçimlərinin nəticəsi olmur. Avtoritar sistemi nümunə götürsək, belə bir sistemin azad mətbuatı və alternativ informasiya kanallarını məhdudlaşdırmaqla yanaşı, özünə xidmət edən media, təhsil və simvolik strukturlar vasitəsilə müəyyən bir reallıq təsəvvürü də istehsal etdiyini görə bilərik. Bu “maşınlar” vasitəsilə sistem cəmiyyətin nəyi mümkün, nəyi arzuolunan və nəyi mənasız hesab etdiyini də formalaşdırır. Belə bir şəraitdə insanlar demokratik ictimai iştirakçılıq, azad seçki və siyasi hesabatlılıq tələb etmək əvəzinə, mövcud sistemin təqdim etdiyi siyasi formaları normal və təbii qəbul edə bilərlər. Məsələn, əgər Delöz və Qatarinin arzu maşınları konsepsiyasına istinad etsək, onda xalq arasında bəzən siyasi sistemlə bağlı istifadə edilən “onsuz da bu təzə seçilən (yəni rəqabətli seçim mənasında) nə edəcəkdi ki?” və ya siyasətçilərdən bəhs edərkən “hamısı eynidir (müxalifət və iqtidarı nəzərdə tutaraq)” kimi fikirlər sadəcə fərdi apatiyanın ifadəsi deyil, onlar müəyyən sosial və siyasi istehsal mexanizmləri vasitəsilə formalaşan arzu və təsəvvür formalarıdır. Bu baxımdan hakimiyyət yalnız insanları müəyyən fikirlərə məcbur edən repressiv güc deyil, o, eyni zamanda insanların nəyi təsəvvür edə biləcəyini, nəyi arzulaya biləcəyini və hansı gələcəyi mümkün hesab edə biləcəyini formalaşdıran arzu istehsalı mexanizmi kimi fəaliyyət göstərir.
Avtoritar sistemlərdə hakimiyyət subyektlərin daxili arzularını və narazılıqlarını əvvəlcə mövcud çərçivələrdən çıxarır, daha sonra isə onları rejimin maraqlarına uyğun yeni kodlar daxilində yenidən əraziləşdirir (yəni arzunu dövlətin müəyyən etdiyi sabit çərçivələrə, kimliklərə və rəmzlərə bağlayaraq yenidən təşkil edir). Beləliklə, avtoritar mərkəzli sistemə bağlılıq və itaətkar insan modeli formalaşır. Bəs bu arzu istehsalı və yenidən əraziləşdirmə mexanizmi Azərbaycanın sosial-iqtisadi maşınlarında necə işləyir? Hakim sistemə xidmət edən media orqanları, təyin edilmiş millət vəkilləri, rəsmi institutlar, bağça, ali və orta təhsil sistemləri cəmiyyət üçün hansı arzuları istehsal edir? Azərbaycan kontekstində hökumətyönümlü media və təhsil aparatı vətəndaşın siyasi-iqtisadi narazılıqlarını arxa plana keçirərək, arzunu xarici siyasətdəki uğurlar və “qalib xalq” ritorikası ətrafında yenidən əraziləşdirir və sabitləşdirir. Bu arzu yenidən əraziləşdirilməsinin və ictimai rəyin idarə olunmasının bariz nümunəsini siyasi sistemin seçki proseslərinə və beynəlxalq tənqidlərə verdiyi reaksiyalarda da görmək mümkündür.
Seçkilərin rəqabətliliyi ilə bağlı beynəlxalq təşkilatların tənqidlərinə baxmayaraq, prezident İlham Əliyevə etimadın yüksək olması haqqında sorğunun nəticələri mediada geniş yer alır. Xarici səfərlərin birində İlham Əliyev özünə ünvanlanan azad media haqqında suala “dünyada azad media yoxdur” cavabını[iv] verməklə, əslində ölkə daxilində azad mediaya qarşı repressiv davranışının legitim olduğunu bir daha ictimaiyyətə nümayiş etdirir.
Bütün bu və bu kimi tədbirlərin avtoritar sistemin davamlılığını saxlamaq və onun ömrünü uzatmaq üçün atılan addımlar kimi nəzərə alsaq, onda medianın və digər rəsmi orqanların niyə cəmiyyət üçün daimi arzu formalaşdırdığını anlamaq da daha asan olar. Delöz və Qatarinin də qeyd etdiyi arzu maşınları, avtoritarizmin ömrünü uzatmaq naminə cəmiyyət üçün konkret bir axın yaradır. Bu nümunədə axın cəmiyyətin şüurundan və gündəlik həyatından keçən ideoloji, emosional və informasiya enerjisinin davamlı hərəkətidir. Sosial-siyasi maşın rolu oynayan media və dövlət aparatı bu axını kodlaşdıraraq və yönləndirərək məqsədini həyata keçirir; burada məqsəd yalnız itaəti təmin etmək deyil, hakimiyyət münasibətlərini təbii, normal və alternativsiz kimi təqdim etməkdir. Yəni hakimiyyət yalnız fərdlərin davranışlarını məhdudlaşdırmır, həm də müəyyən siyasi reallıqları arzuolunan, digərlərini isə qeyri-real və təhlükəli göstərən arzu rejimi yaradır. Məsələn, medianın yaratdığı fikir axınından formalaşan, cəmiyyətin “Əliyev diktatordur” deməsi əvəzinə, “Prezidentimiz qalib xalqın prezidentidir” deməsi rejim üçün qəbul edilən formalardan biridir . Yaxud “saxta deputat” əvəzinə, “onsuz da guya demokratik seçilib nə edəcəkdi?!” düşüncəsinin cəmiyyətə proyeksiya edilməsidir. Bununla bağlı tez-tez qarşılaşdığımız narrativ, hər hansı bir vətəndaşın sistemi tənqid etməsinə cavab olaraq, medianın yaxud dövlət rəsmilərinin “Qarabağı xilas edən prezident İlham Əliyevdir” cavabını verməsi olur. Yəni sistemin ictimai maşını olan medianın təqdim etdiyi narrativ olan “xilaskar” obrazı bütün tənqidi səslərin susdurulması üçün qalxan rolunu oynayır. Burada hakimiyyətin məqsədi yalnız müəyyən fikirləri qadağan etmək deyil, eyni zamanda müəyyən fikirlərin təsəvvür edilə bilməyəcəyi sosial və emosional mühit yaratmaqdır.
Bütün bunların fonunda son zamanlar polis tərəfindən saxlanılan şəxsin icazəsi olmadan psixiatrik testdən keçirilməsi qərarının qüvvəyə mindiyinin şahidi oluruq. Burada arzunun dövlət və kapital tərəfindən yenidən əraziləşdirilməsinin baş verdiyini deyə bilərik. Sistemin rasional saydığı, sərhədləri aşan, onun intizam dilinə sığmayan şəxslər psixiatrik çərçivəyə salınır. Şəxs sistemin anladığı və idarə edə bildiyi xəstə kateqoriyasına geri qaytarılır. Əgər bir fərdin arzusu və ya özünüifadə forması sistemin müəyyən etdiyi çərçivədən kənara çıxırsa, bu mövcud sosial struktur üçün təhlükəyə çevrilir. Yaradılan və ya nümayiş etdirilən yeni arzu forması (məsələn, sosial mediada normadan xaric, gözlənilməz və ya xaotik davranışlar) sistemin sosial kodlaşdırmasına tabe olmursa, bu davranışlar etibarsızlaşdırılır və psix adı altında cəmiyyətə təqdim edilir. Belə hallarda psixiatrik kateqoriyalar yalnız müalicə məqsədi ilə deyil, eyni zamanda müəyyən davranış formalarını sosial və siyasi baxımdan etibarsızlaşdıran diskursiv vasitə kimi də işləyə bilər. Bu nəzəri mexanizmin empirik təzahürünü son nümunələrdən biri olan sosial şəbəkələrdə İlanlı qız kimi tanınan TikToker-müğənni Günəşin nümunəsində və Azərbaycanda hüquq-mühafizə sisteminin fərdləri “psixiatrik etiketlə” etibarsızlaşdırmaq təcrübəsində konkret görmək mümkündür. 2 avqust 2026-cı ildə Baku.ws tərəfindən yayılan məlumata görə, Günəş polis əməkdaşları tərəfindən saxlanılıb və onun sosial şəbəkələrdə nümayiş etdirdiyi “qeyri-adekvat davranışlar”, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülərlə bağlı araşdırma aparılıb. Xəbərdə bildirilib ki, o, müayinə və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.[v] Psixiatriya xəstəxanasına yatırıldığı deyilən TikTokerin davranışlarında birbaşa siyasi etiraz olmasa da, o, cəmiyyət, yaxud dövlətin (avtoritarın) yaratdığı davranış nizamını pozmuş sayılır. Sosial mediada özünüifadəni mövcud əxlaq normalarından kənarda qurmaq, açıq geyimlərdə görünmək, ilanı boynuna dolayıb videolar çəkmək, mahnı oxumaq və özünü cəmiyyətin gözləntilərinə (normalara) uyğunlaşdırmadan təqdim etmək bunlara misaldır. Bu nümunəni Delöz və Qatarinin arzu və kodlaşdırma haqqında fikirləri ilə izah etsək, qadının özünüifadəsi əvvəlcə mövcud sosial-əxlaqi kodlardan müəyyən mənada dekodlaşır; yəni onun geyimi, bədənini nümayiş etdirməsi və davranışları cəmiyyətin müəyyən etdiyi normal qadın davranışı çərçivəsinə uyğun gəlmir. Lakin bu dekodlaşma uzun müddət nəzarətsiz buraxılmır. Sistem onu psixi pozuntu, qeyri-adekvat davranış və tibbi-psixiatrik müdaxilə kimi yeni kodlar vasitəsilə yenidən müəyyənləşdirir. Beləliklə, fərqli özünüifadə forması əvvəlcə normadan kənara çıxır, sonra isə psixiatrik kateqoriya vasitəsilə yenidən sistemin nəzarət etdiyi sahəyə daxil edilir. Bu qərarın ilk tətbiq olunduğu nümunənin qadın olması da diqqət edilməli məsələdir. Bu hadisə yalnız fərdi bir hadisə kimi deyil, qadın bədəni üzərində sosial normanın necə qurulduğunu göstərən nümunə kimi nəzərdən keçirmək mümkündür. Qadın normal qadın davranışının sərhədlərindən kənara çıxdıqda, mövcud sistem onu yalnız fərdi şəkildə cəzalandırmır; eyni zamanda digər qadınlar üçün də nəyin məqbul, nəyin isə anormal olduğunu göstərən bir sərhəd yaradır. Bu psixiatrik cəza mexanizmi gender yönümlü sosial intizam vasitəsi kimi çıxış edir. Nəticədə qadının özünüifadəsinin psixiatrik nəzarət altına alınması daha geniş sosial intizam mexanizminə çevrilir. Cəmiyyətin necə davranmalı olduğu deyil, hansı arzuların ifadə edilə bilən, hansılarının isə susdurulmalı olduğu da öyrədilir. Bu diskursiv intizam mexanizminin müstəqil media tərəfindən necə işıqlandırıldığına diqqət yetirdikdə də oxşar mənzərə ortaya çıxır. Meydan TV-nin psixiatriya haqqında qanunvericilik və onun tətbiqi ilə bağlı təhlillərində də vurğulandığı kimi[vi], avtoritar maşın üçün əsas hədəf real tibbi müalicə deyil, məqsəd tənqidi və ya xaotik etiraz davranışını ideoloji müstəvidən çıxararaq patologiyalaşdırmaq və cəmiyyət gözündə anormallıq kimi kodlaşdırmaqdır.
Beləliklə, mövcud siyasi sistem nəzarət altına ala bilmədiyi müxtəlif növ davranışları psixi adı altında kodlayaraq özünü müəyyən təhlükələrdən qoruyur, həm də yeni bir arzu münasibəti yaradaraq, insanlarda daxili nəzarət sistemini gücləndirmək arzusunu ortaya qoyur. Nəticədə, nizamın xaricindəki, yəni avtoritarın və ya avtoritar sistemin kodlaşdırdığı arzudan kənarda yaradılan arzu və istəklər və bu istəklərdən doğan davranış növləri anormal hesab edilərək, psixi etiket altında cəmiyyətə yenidən təqdim edilir.
İstinadlar:
[i] AZƏRTAC. (2026, 13 iyul). Parlament psixiatriya yardımı ilə bağlı qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.
[ii] Deleuze, G., & Guattari, F. (1983). Anti-Oedipus: Capitalism and schizophrenia (R. Hurley, M. Seem, & H. R. Lane, Trans.). University of Minnesota Press. (Original work published 1972).
[iii] Yenə orada, s. 1-5.
[iv]Obyektiv TV. (2026, 14 fevral). Obyektiv TV-nin rəhbəri Emin Hüseynov Münxendə prezident İlham Əliyevə sual verməyə çalışıb. https://www.instagram.com/reel/DUvMf0wiHKi/
[v] Baku.ws. (2026, 2 avqust). Tiktoker- müğənni paylaşımlarına görə psixiatriya xəstəxanasına göndərildi.
https://baku.ws/social/tiktoker-mugenni-paylasimlarina-gore-psixiatriya-xestexanasina-gonderildi
[vi] Meydan TV. (2026, 18 iyun). Azərbaycanda prokurorlara və polislərə vətəndaşları psixiatriya müayinəsinə göndərmək səlahiyyəti verilə bilər.

