fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycana zubrların qayıdışı: Faydaları nələrdir?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda hazırda icra olunan iri büdcəli ekoloji layihələrdən biri də zubrların təbiətə reintroduksiyasıdır. Reintroduksiya və ya növlərin yenidən məskunlaşdırılması heyvan və ya bitki növünün əraziyə qaytarılması prosesidir (AƏMMŞ).  Zubr (lat. Bos bonasus) boşbuynuzlular fəsiləsindən bədəninin uzunluğu 3,3 m, hündürlüyü 2,1 m, kütləsi 1 tona qədər olan, rəngi tünd-qəhvəyi məməli növüdür (ETSN 2023). O, Avropa bizonu və meşə kəli kimi adlarla da tanınır.

İlk dəfə 2012-ci ildə Azərbaycanda zubrların potensial bərpa oluna biləcəyi ərazilərin müəyyənləşdirilməsi məqsədiylə Ümumdünya Təbiəti Fondunun (ÜTF) Azərbaycan bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihə irəli sürülüb (WWF 2013). İlkin mərhələdə 11-i dağlıq, 2-si düzənlik olmaqla 13 əraziyə baxış keçirilib. Nəticədə, Azərbaycanda zubr populyasiyasının yaşaya biləcəyi ərazilərin olduğuna qərar verilib (WWF 2013).

ÜTF-yə görə, Azərbaycanda zubrların reintroduksiya məqsədiylə seçilməsi 3 əsas məqsəd daşıyır: 1) onlar vəhşi təbiətin güclü simbolu olmaqla yanaşı, təbiət üçün vacib növdür, 2) yerli təbiət ekoturizminin inkişafı baxımından potensialı yüksəkdir və 3) dünyada sayı təhlükədə olan növlərdən biridir. ÜTF-nin ölkəmizdə qısa müddətli hədəfi zubrların çoxala biləcəyi 2 akkimilitizasiya zonasının yaradılması, uzunmüddətli hədəfi (25 ildən sonra) isə mühafizə olunan təbiət əraziləri şəbəkəsi vasitəsilə Böyük Qafqazın Azərbaycan hissəsində və qonşu ölkələrdəki mövcud zubr populyasiyalarını əlaqələndirməkdir (WWF Azerbaijan 2024).

Zubrların Qafqazda tarixi və son qalmış fərd

Avropa ədəbiyyatlarında zubrların adı ilk dəfə 17-ci əsrin əvvəllərində Çərkəziyaya səfər edən səyyah Con de Luka tərəfindən çəkilir (Vereshchagin 1967). O, Noqay tatarları, çərkəzlər, minqrelilər və gürcü xalqlarının adətlərindən bəhs edərkən çərkəzlərin çaxırı şüşə əvəzinə “vəhşi kəllərin” buynuzundan içdiyini qeyd edir (John de Luca 1879). Başqa bir maraqlı tarixi qeyd isə öz əksini 1649-cu ildən Rusiya İmperiyasının Qanunlarının Tam Toplusunun X cildində 7994 nömrəli, 1738-ci il tarixli, hər il müxtəlif diri heyvanların tutulması və Moskvaya göndərilməsi haqqında sərəncamda tapır (Rusiya Milli Kitabxanası 2024, 993). Qərarda Kabardadan zubrların tutularaq Dağıstandakı Qızılyar qalasına gətirilib saxlanılması, daha sonra Həştərxana, Həştərxandan başqa heyvanlarla birlikdə Moskvaya göndərilməsi əmr edilir.

Azərbaycan ərazisinə gəldikdə isə zubrların mövcudluğu ilə bağlı tarixi faktlar, demək olar ki, mövcud deyil. Tarix salnaməçisi Rəşidəddin 1301-1302-ci illərdə Talış dağlarında Qazan xanın ovunu təsvir edərkən, qeyd edirdi: “Bundan sonra döyüşçülər toplaşaraq dağ kəlləri, cüyürləri, çöl keçisi və eşşəkləri, çaqqal, tülkü, canavar kimi ov heyvanlarını qovdular” (Vereshchagin 1967). Burda adı çəkilən dağ kəlinin zubr olduğu qeyd olunur (Sultan-Məcid Qənizadə 1909). Rus zooloq Vereşaqinin fikrincə, Elbrus və Talış meşələrində zubrların nəsli 18-19-cu əsrlərdə tükənib və onlar yalnız Şimali Qafqazda sağ qala bilib, 1890-cu ildə sayları 500-700 baş olmuşdur  (Vereshchagin 1967). 1919-cu ildə, ehtimal ki, inəklərdən keçən bir xəstəlik nəticəsində, demək olar, Qafqazda bütün zubrlar tələf olmuş və 1920-ci ildə cəmi 50 baş zubr qalmışdı. 1926-cı ildə Alous dağı ətrafında (Krasnodar diyarı) 3 zubrun ovlanması ilə onların təbiətdə nəsli tükənir (Vereshchagin 1967).

Lakin 1907-ci ilin mayında Abaqo otlaqları yaxınlığında (Adıge Respublikası) tutulmuş bir zubr buzovu Kuban Ov İdarəsinə, oradan isə tezliklə hazırda Polşa və Belarus sərhəddində yerləşən Belovejskaya Puşça Milli Parkına aparılır. Qafqaz adı verilən bu erkək (orjinal adı: Kaukasus, Avropa Bizonun Şəcərə Kitabında 100 №-li heyvan) bilinən son Qafqaz zubru olub, məşhur vəhşi heyvan alverçisi Karl Haqenbek tərəfindən alınaraq, Hamburqa aparılır və 1925-ci ilə qədər orda yaşayır. Ömrünün 17 ili ərzində Qafqaz adlı bu erkək az sayda qalmış Belovejsk və ya düzənlik zubru adlanan yarımnövlə cütləşdirilərək yeni genetik xətt yaradılmasında istifadə olunmuşdur (Трепет 2016).

Hazırda Avropanın müxtəlif yerlərində reintroduksiya olunan zubrlar cəmi 12 fərddən (11 düzənlik zubru və 1 Qafqaz zubru) əldə olunmuş bu 2 genetik xəttin davamçılardır: saf düzənlik yarımnövü (Düzənlik xətti, 7 fərd) ilə Qafqaz və düzənlik yarımnövlərinin hibridi (Düzənlik-Qafqaz xətti, 5 fərd) (Raczyński and Bolbot 2009). Maraqlıdır ki, çoxalmanın aşağı düşməsində özünü təzahür edən qohumluğun mənfi təsirləri iki yarımnövün qarışığı olan Düzənlik-Qafqaz xəttində daha güclü şəkildə özünü göstərir (Mammal Research Institute, Polish Academy of Science 2002). Ümumiyyətlə, Avropa zubrunun genetik müxtəlifliyinin zəif olması onu xəstəliklər qarşısında daha az dayanıqlı edir (Olech and Perzanowski 2020).

Bu genetik xətlərdən əldə olunan fərdlər ilk dəfə 1954-cü ildə Polşada təbiətə buraxılmışdır. Ölkəmizdə reintroduksiya olunanlar ikinci hibrid xətdən olan fərdlərdir. Hazırda Avropa təbiətində 6200-7000 baş zubr olduğu qeyd olunur (Olech and Perzanowski 2020; Rewilding Europe 2024).

Azərbaycana zubrların qayıdışı

Azərbaycana Berlin Zooparkı və WWF Alamaniyanın əməkdaşlığı ilə zubrların gətirilməsinə 2019-cu ildən başlanılıb. Şahdağ Milli Parkının ərazisinə buraxılan bu zubrlar yerli təbiətə yaxşı uyğunlaşmış və çoxalmağa başlamışlar. Ötən ildə 10 balanın dünyaya gəlməsi ilə hazırda Şahdağ Milli Parkında onların sayı 58 fərdə çatmışdır (Rewilding Europe 2023). Reintroduksiya təşəbbüsünün ümumi məqsədi Azərbaycanda ən azı 100 heyvandan ibarət təsisçi populyasiyasını yaratmaq və gələcəkdə Qafqazdakı müxtəlif populyasiyalar arasında əlaqəni təmin etməkdir (Rewilding Europe 2023). Avropa zubru  Azərbaycan Respublikasının Qırmızı Kitabının üçüncü nəşrinə əlavə edilmiş, mühafizəsi üçün məhdudlaşdırıcı addımlar kimi brakonyerlik və qara maldan keçən xəstəliklər qeyd olunmuşdur (ETSN 2023).

Maraqlıdır ki, 1940-cı illərdə Rusiyada Qafqaz Təbiət Qoruğu ərazisinə genetik müxtəlifliyi artırmaq məqsədiylə Amerika bizonu ilə hibridləşdirilmiş zubrlardan ibarət dəstə buraxılmış və onlar elmi əsası olmasa belə, ayrıca yarımnöv (dağ zubru) kimi təvir edilmişdir. Sonrakı illərdə əraziyə Avropa zubrlarının buraxılması ilə Amerika bizonu genlərinin azalaraq cəmi 5% olduğu qeyd olunur (Sipko et al. 2008). Gələcəkdə ölkəmiz də daxil olmaqla, Qafqaz dağlarındakı zubrların populyasiyaları arasında əlaqə yaradılarkən genetik bütövlüyünün qorunması üçün hazırda izolyasiya olunmuş bu Amerika bizonu hibridlərinə (dağ zubrları) qarışmadıqlarına əmin olmaq lazımdır. Bənzər şəkildə Azərbaycana gətirilmiş bəzi zubrlar arasında mal-qara genlərinin olduğu müəyyənləşdirilmiş və onlar reintroduksiya prosesində istifadə olunmamışdır (Olech and Perzanowski 2020).

Zubrların müsbət və mənfi təsirləri

Avropa zubrlarının reintroduksiyası zamanı ən çox qeyd olunan faktor onların vacib növ olmaqla yanaşı, ekosistem mühəndisləri olmaları, yəni müxtəlif bitki və heyvan növlərini dəstəkləyən yaşayış yerlərinin mozaikasını yaratmalarıdır.

Danimarkada aparılmış  bir araşdırmada zubrların biomüxtəlifliyə necə təsir etdiyi test edilmişdir. Nəticədə, müşahidələrin aparıldığı 8 il ərzində palıd və küknar meşələrində 100-dən çox bitki növü arasında növ müxtəlifliyini artırdığı, digər tərəfdən fıstıq meşəsində növ müxtəlifliyinə təsir edə bilmədiyi ortaya çıxmışdır. Zubrlar qidalanaraq dominant bitkilərin və onların torpaq qatında toplanan qalıqlarının miqdarını azaldır və nəticədə  quru yosunlarını artıraraq biomüxtəlifliyə müsbət təsir edir (Gottlieb et al. 2021). Nəticədə, zubrlar qida dövriyyəsinə və torpağın havalandırılmasına, onların kürkləri toxumları uzun məsafələrə daşımağa və nəticədə bitkilərin yayılmasına kömək edir.

Rumıniyada Yale Universiteti tərəfindən aparılmış bir araşdırmada reintroduksiya olunmuş 170 baş zubrun təqribən 50 km2 ərazidə otlaması nəticəsində hər il əlavə 54 min ton karbon qazının torpağa həbs olunduğu aşkarlanmışdır. Müqayisə üçün bu 40 mindən çox avtomobilin illik karbon emisiyasına bərabərdir (Yale Environment 360 2021). Beləcə zubrlar və digər vəhşi otyeyənlər biomüxtəlifliyin bərpası ilə yanaşı iqlim böhranı ilə mübarizədə də əhəmiyyətlidir.

Zubrların digər ekosistem xidməti isə onların yaratdığı turizm potensialı ilə bağlıdır. Məsələn, Rumıniyada zubrların reintroduksiyadan sonra yerli iqtisadiyyata fayda artmış,  100-dən çox ailənin ekoturizm paketlərindən faydalandığı və hər il 700-dən çox turistin əraziyə səfər etdiyi qeyd olunur (WWF 2020).

Zubrların reintroduksiyası zamanı yerli əhalinin təsərrüfatına dəyəcək zərərləri minimallaşdırmaq üçün onlarla daimi əməkdaşlıq aparılması vacidir. Məsələn, Polşada zubrların kənd təsərrüfatı məhsullarına vurduqları zərər üçün fermerlərə ödənən kompensasiyaların miqdarı dəymiş zərərə paralel olaraq 10 il ərzində 20 dəfə artmış, ümumilikdə 2000-2010-cu illər ərzində 200 min avroya yaxın kompensasiya ödənilmişdir (Czyżowski et al. 2012). Bənzər şəkildə zubrlarla mal-qaranın hibridləşmə potensialının nəzarətdə saxlanılması həm zubrların genetik müxtəlifliyi, həm də kənd təsərrüfatına əlavə dəyə biləcək zərərlərin qarşısının alınması üçün olduqca vacibdir.

Əlavə olaraq, insan-vəhşi təbiət konfliktini azaltmaq üçün ölkəmiz də daxil olmaqla, zubrların yeni reintroduksiya olunduqları ərazidə onların hərəkətlərini nəzarətdə saxlamaq məqsədilə GPS ötürücülərdən istifadə olunmalıdır. Azərbaycanda 5 zubrun bu cür GPS ötürücülərlə izləndiyi qeyd olunur (WWF 2024). Məsələn, Polşada 2020-ci ildə yollarda qəza nəticəsində öldürülən Avropa bizonu ümumi bizon populyasiyasının 3,3%-ni təşkil edib (Hilsberg et al. 2014). Təbiətdə insanların təhlükəsizliyinin təmin olunması üçün zubrlara 100 metrdən çox yaxınlaşmamaları, onları yemləməyə çalışmamaları vacibdir (WWF 2020). Azərbaycanda da zubrların reintroduksiya olunduğu ərazilərdə məlumat lövhələrinin qurlaşdırılması vacib amildir.

İstinadlar:

AƏMMŞ (Avropa Ətraf Mühit Məlumat və Müşahidə Şəbəkəsi). 2024.  ”Reintroduksiya”. ÜÇƏMT (GEMET) – Ümumi Çoxdilli Ətraf Mühit Tezaurusu. Arxivləşdirilib 02.06.2024. https://www.eionet.europa.eu/gemet/en-US/concept/7986

ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutu, Milli Elmlər Akedemiyası. 2023. Azərbaycan Respublikasinin Qırmızı Kitabı – Fauna. III cild.

Czyżowski, P., Cichocki, J., Kowalczyk, R., Biaduń, W., & Gryz, J. (2012). Farm Crops Depredation by European Bison (Bison bonasus) in the Vicinity of Forest Habitats in Northeastern Poland. Polish Journal of Ecology, 60(3), 529–534. Retrieved from https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3439609/

Gottlieb, L., Schäfer, B. A., & Buttenschøn, R. M. (2021). European bison (Bison bonasus) increase plant species richness in forest habitats. Forest Ecology and Management, 479, 118616. https://doi.org/10.1016/j.foreco.2020.118616

Hilsberg, S., Ryszkowski, L., Grygoruk, M., & Selva, N. (2014). The European bison’s proboscis: The one that doesn’t fit the rule? Mammalian Biology, 79(4), 254–257. https://doi.org/10.1016/j.mambio.2013.12.005

John de Luca. 1879.  Description of the Perekop and Nogai Tartars, Circassians, Mingrelians, and Iberians (Georgians, Gruzins). In the Zapiski of the Odessa Society of History and Antiquities, vol.xi, 473-493.

Трепет, С.А. 2008. Status of Bison population (Bison bonasus montanus) in the Caucasian Biosphere Reserve

Трепет, С.А. 2016.Зубр в Кавказском заповеднике / С.А. Трепет. Майкоп: Качество. – 152 с. ISBN 978-5-9703-0526-3

Mammal Research Institute, Polish Academy of Science. 2002. European Bison Bison bonasus: Current state of the species and an action plan for its conservation.

Raczyński J and Bolbot M. 2009. The European bison pedigree book: in history and today. Białowieski Park Narodowy.

Rewilding Europe. 2023. European bison continue their recovery in Azerbaijan.  Arxivləşdirilib 02.06.2024. https://rewildingeurope.com/news/european-bison-continue-their-recovery-in-azerbaijan/

Rewilding Europe.2024. Back from the Brink. Arxivləşdirilib 02.06.2024. https://rewildingeurope.com/impact-stories/european-bison/

Rusiya Milli Kitabxanası. 2007-2022. Полное собрание законов Российской Империи [Rusiya Imperiyasının Qanunlarının Tam Toplusu] . Cild X (1737-1739) – Sankt-Peterburq. Arxivləşdirilib 02.06.2024. https://nlr.ru/e-res/law_r/search.php?part=46&regim=3.

Sultan-Məcid Qənizadə. 1909. Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), Bakı, s.123

Sipko, T., Okunev, A., & Zabelin, S. (2008). Bringing wisents back to the Caucasus mountains. European Bison Conservation Newsletter, 1, 35-42.

Olech, W. and K. Perzanowski (eds.). 2022. European Bison (Bison bonasus) Strategic Species Status Bison bonasus Review 2020. IUCN SSC Bison Specialist Group and European Bison Conservation Center . Pp: 1-1 , Warsaw 38 Available at: http://ebcc.wisent.org/science-papers/

Vereshchagin N.K. The Mammals of the Caucasus; A History of the Evolution of the Fauna. (Mlekopitayushchie Kavkaza; Istoriya Formirovaniya Fauny) Academy of Sciences of the USSR. Zoological Institute. Academy of Sciences of the Azerbaidzhan SSR.;Jerusalem, Israel Program for Scientific Translations [available from the U.S. Dept. of Commerce, Clearinghouse for Federal Scientific and Technical Information, Springfield, Va.], 1967

WWF Azerbaijan. 2024. “Bison Project.” WWF Azerbaijan, https://wwf.az/about_us22/bison_project/. Accessed 2 June 2024.

WWF. 2013. CAUCASUS ECOREGION NEWSLETTER – News from the Caucasus – Issue 1

WWF. 2020. Proper Etiquette in the Presence of Bison. Arxivləşdirilib 02.06.2024. https://www.wwf.mg/?358956/Bison-animation

Yale Environment 360. 2021. “In Romania, Reintroduced Bison Are Helping to Capture Carbon.” Yale E360, February 18, 2021. https://e360.yale.edu/digest/romania-bison-carbon.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.