Ziyalı insan ictimai müzakirələr yaratmaq və mövcud müzakirəyə yön verməklə mükəlləfdir. Azərbaycan cəmiyyətində isə ziyalı çatışmazlığı var, çünki ziyalı ola biləcək adamlar ictimai fəallıqla məşğul olmurlar və nəticədə avtoritet qazana bilmirlər. Beləliklə, onlar ictimai müzakirələrin gündəmini də müəyyən edə bilmirlər. Ziyalının gündəmi müəyyən etməsi üçün sosial əhəmiyyətli məsələlər barədə öz fikirlərini aydın şəkildə insanlara izah etməsi vacibdir və bunun üçün də ən yaxşı vasitə məqalə yazmaqdır. Amma potensial ziyalılar bu vasitədən istifadə etmirlər. Aşağıda əvvəlcə ziyalı sözünə tərif verəcəyəm, sonra isə Azərbaycandakı ziyalı çatışmazlığını bir məsələyə – 44 günlük müharibə və ümumilikdə Qarabağ münaqişəsinə nəzər salaraq göstərməyə çalışacağam.

Ziyalı kimə deyilir?

Azərbaycan dilində ziyalı sözünün linqvistik təhlili əsasında belə bir nəticəyə gəlmişdim ki, bu söz bizim dildə üç mənada istifadə edilir. Birinci mənasında ziyalı oxumuş (savadlı) adama deyilir, ikinci mənasında isə ziyalı dedikdə akademik fəaliyyətlə məşğul olan, mürəkkəb ideyalar barədə düşünən insan nəzərdə tutulur. Lakin ziyalı sözünün ictimai olaraq ən əhəmiyyətli mənası bunlar deyil; bu, sözün üçüncü mənasıdır – yuxarıdakı təriflərdən ən azı birinə uyğun gələn ictimai fəal və müəyyən avtoriteti olan adam. Mən bu mətndə ziyalı dedikdə məhz bu üçüncü mənanı nəzərdə tutacağam. Beləliklə, ictimai əhəmiyyətli, yəni üçüncü mənasında ziyalı sözünün mənası aşağıdakı kimidir:

Ziyalı (a) oxumuş (savadlı) olan, yaxud da (b) akademik fəaliyyətlə məşğul olan, mürəkkəb ideyalar barədə düşünən və (c) eyni zamanda həm ictimai fəal, həm də müəyyən avtoriteti olan adama deyilir.

İndi tərifi bir qədər izah edək. Hesab edək ki, bir universitet müəllimi ikinci mənada ziyalı hesab edilir. Eyni zamanda isə bu müəllim ictimai problemlərlə bağlı düşünür, fikir yürüdür və ya bu problemlərə həll yolu təklif edir; bütün bunları isə çoxluğun oxumadığı akademik məqalələrdə yazmır, daha əlçatan yollarla fikirlərini insanlara çatdırır. Yəni ictimai fəal dedikdə bu növ fəaliyyətlə məşğul olan adam nəzərdə tutulur. Tutaq ki, bu müəllim kütləvi informasiya vasitələrindən istifadə edərək, nümayişlərdə kürsüyə çıxaraq, ictimai müzakirələrdə iştirak edərək öz fikirlərini insanlara çatdırırsa, həmin ictimai fəallıq şərtini yerinə yetmiş sayılır. Əgər bu şərti yerinə yetirməsə, hansısa akademik yuxarıda üçüncü mənada ziyalı hesab edilmir. Məsələn, ola bilər kimsə kimya üzrə dünyanın ən məşhur alimlərindəndir, Nobel mükafatı alıb (Aziz Sancar kimi) amma ictimai fəal deyil və ziyalı deyil. Digər tərəfdən, ortabab bir universitet müəllimi ictimai fəallıq şərtini yerinə yetirsə, ziyalı sayılacaq. Əsas olan ixtisasın nə olması və ya kiminsə dahiliyi yox, ictimai fəal şərtinin yerinə yetirilməsidir.

Bəs, avtoriteti olmaq nə deməkdir? Yenə eyni misal üzərindən gedək: bu müəllim öz sahəsində hörmətli alimdir və bu səbəbdən də onun epistemik avtoriteti var (yəni sözü alimlər arasında keçir və o, nəsə söz deyəndə, yazanda digər alimlər onun fikrini bəyənməsələr belə, ciddiyə alırlar; akademiyada bu adamın dediklərinin çəkisi var). Eyni zamanda, ictimai fəallıq etdiyi üçün insanlar arasında onun müəyyən bir hörməti yaranır və insanlar ona haradasa yol göstərən adam, vicdanın səsi kimi baxdıqlarından demək olar ki, bu müəllimdə əxlaqi avtoritet də formalaşır. Ən azından cəmiyyətin müəyyən bir hissəsi həmin müəllimə yol göstərən adam və ya vicdanın səsi kimi baxırsa, bu əxlaqi avtoritet üçün kifayətdir. Mən üçüncü mənanı təsvir edəndə sadəcə “avtoritet” yazdım, çünki bəzən tək epistemik və ya əxlaqi avtoritetin mövcudluğu kifayət edir ki, müəllimi müəyyən avtoriteti olan adam adlandıraq. Bəzən isə ictimai fəallıq şərti yerinə yetəndən sonra həmin müəllimin ümumi əhali arasında həm epistemik, həm də əxlaqi avtoriteti yaranır.

Beləliklə, birinci və ya ikinci mənada ziyalı olub həm ictimai fəallıq, həm də avtoritetlilik şərtlərini yerinə yetirən adam ictimai müzakirələrdə bizə maraqlı olan mənada ziyalıdır.

Azərbaycanda ziyalı varmı?

Təbii ki, üçüncü mənada ziyalı sözü olduqca geniş tətbiqə malik ola bilər və onun məzmun hissələrini müxtəlif şəkildə təfsir etmək olar. Bəs Azərbaycanda sözün bu mənasında ziyalı varmı? Mən eləsini tanımıram. Amma ziyalı olmaq üçün ciddi potensialının olduğu bir çox insanı tanıyıram və onların sayının mən tanıdığımdan daha çox olduğuna əminəm. Onlar (a), yaxud da (b) şərtlərini yerinə yetirirlər, lakin ictimai fəallıq göstərmirlər və nəticədə insanlar arasında avtoritetləri də yaranmır. Bu yazıdakı məqsədim həmin insanları öz potensiallarından istifadə etməyə səsləməkdir, çünki Azərbaycan cəmiyyətinin ziyalılara ehtiyacı var və indiki – ziyalıların olmadığı vəziyyət qətiyyən ürəkaçan deyil. Azərbaycanda iqtisadi, sosial və mədəni məsələlər barədə nəzərəçarparcaq ciddi ictimai müzakirələr getmir. Bu məsələlər hansısa səbəbə görə cəmiyyətdə geniş müzakirə olunanda da olduqca bayağı formada müzakirə edilir və həmin müzakirələrə yön verə biləcək ziyalılar gözə görünmür.

Ziyalı çatışmazlığı problemini bir çox misal üzərindən göstərmək mümkündür lakin mən bir məsələyə – 44 günlük müharibəyə və ümumilikdə, Qarabağ münaqişəsinə fokuslanacağam. Ötən il baş verən 44 günlük müharibənin ədalətli, yaxud da ədalətsiz olması, yaxşı, yoxsa pis olmasına toxunmayacağam. Əsas olan budur ki, istər bu müharibə, istərsə də Qarabağ münaqişəsi Azərbaycanda bu və ya digər şəkildə hər kəsə təsir edib və etməyə də davam edir. Bu müharibə barədə hər kəsin mövqeyi var, cəmiyyətdə əksəriyyət müharibəni dəstəklədi, çox az sayda insan isə müxtəlif səbəblərə görə müharibəyə qarşı çıxdı. Bu iki qrupun ziyalıları var idimi? Məncə, yox. Aşağıda həm müharibəni dəstəkləyən, həm də ona qarşı olan qruplarda ziyalı çatışmazlığına nəzər salacağam.

Əvvəlcədən deyim ki, ziyalı çatışmazlığı probleminin səbəbləri məni maraqlandırmır. Potensial ziyalılar öz potensiallarını bir çox səbəbə görə reallaşdırmaya bilərlər. Məsələn, fikirləşərlər ki, Azərbaycan avtoritar ölkədir və öz fikirlərini bəyan etmək həm onların özü üçün təhlükəlidir, həm də onların gücü azdır və heç nəyi dəyişə bilməyəcəklər. Yaxud da hesab edərlər ki, Azərbaycan əlverişsiz coğrafi mühitdə yerləşir, özü də kiçik bir ölkədir və burada dəyişiklik daxildən yox, xaricdən – beynəlxalq vəziyyətin dəyişməsindən asılıdır, ona görə də ziyalılıq edib özlərini yormağa dəyməz. Məni bu fikirlər maraqlandırmır, çünki onları bəhanə hesab edirəm. Dəqiqlik xatirinə deyim ki, bu fikirlərdə tam yox, müəyyən dərəcədə həqiqət payı var, lakin nə Azərbaycanın avtoritar ölkə olması, nə onun kiçik ölkə olması, nə də başqa bir şey Azərbaycan cəmiyyətinin ziyalılara ehtiyacı olmadığını göstərmir. Buna görə də bu fikirlər əsasındakı hərəkətsizliyi bəhanə hesab edirəm və  məqsədim potensial ziyalıları hərəkət etməyə səsləməkdir.

Müharibəni dəstəkləməyənlər

Başlayaq müharibəyə qarşı olan azsaylı qrupdan. Çoxlarını təəccübləndirsə də, bu qrup qətiyyən monolit deyildi. Həmin qrupdakıların bir qismi ideoloji səbəblərə görə müharibəyə qarşı olan liberallar, sosialistləranarxistlər[1] idisə, digər bir qismi Azərbaycanın uğur qazanacağına inanmadığından, praktiki səbəbləri əsas gətirərək müharibəyə qarşı olan praqmatistlər idi (onların da bir qismi müharibənin gedişində Azərbaycanın uğurları artdıqca öz fikrini dəyişdirdi). Ən çox müzakirə olunan və söyülən üçüncü bir qism isə istənilən müharibəyə qarşı olan pasifistlərlə yanaşı, torpaqları geri qaytarmaq üçün insanların, ələlxüsus da gənclərin ölməsinin doğru olmadığını hesab edən humanistlər idi. Təbii ki bəzi insanlar burada sadalağımın üç mövqedən təkcə birinə yox, ikisinə və ya üçünə də əsaslanaraq müharibəyə qarşı çıxırdılar.[2]

Müharibəyə qarşı olan qrup öz fikirlərini geniş auditoriya qarşısında əsasən ya tvit ataraq, ya da Feysbukda post yazaraq izah etməyə çalışdı. Amma tvit və post həm qısadır, həm də qısaömürlüdür, yəni tez itir, unudulur. Müharibə dövründə gündəmi izləyən biri kimi deyə bilərəm ki, müharibə əleyhinə olanlardan heç birinin tam mövqeyi mənə ətraflı şəkildə məlum deyil; onların konkret nə istədiyini bilmirəm. Səbəbi isə sadədir – heç biri öz mövqeyini izah edən məqalə yazmadı. Ya n qədər tvit atdılar, ya post paylaşdılar, ya da həmin postların altında çoxlu şərhlər yazaraq kimləsə dalaşdılar. Amma heç biri, istisnasız olaraq heç biri məqalə yazıb öz fikrini, nə istədiyini izah etmədi. Müharibənin üstündən 7 ay keçib, hələ də müharibəyə qarşı olan qrupdan bir nəfər çıxıb öz mövqeyini izah edən məqalə yazmayıb. Dəqiqlik xatirinə deyim ki, bəlkə də kimsə akademik jurnala və ya əcnəbi mətbuat orqanına bir məqalə yazıb, amma bu məni maraqlandırmır, çünki həmin məqalələr həmin müəllifi ziyalı sözünün üçüncü mənasında ziyalı etmir. Burada məqalə yazmayıblar deyəndə ictimaiyyətin müzakirəsi üçün Azərbaycan dilində yazılmış və müəllifin mövqeyini aydın şəkildə əks etdirən məqalə nəzərdə tuturam. Məsələn, liberallar, sosialistləranarxistlər nə istəyir? Müaribəyə niyə qarşıdırlar? Bunun müqabilində nə təklif edirlər? Bəs praqmatistlər nə istəyirdi, niyə Azərbaycanın uğursuz olacağına inanırdılar? Yaxşı bəs pasifitlərhumanistlərin iddiaları nədir, müharibə olmadan Qarabağ münaqişəsinin həllini nədə görürlər? Bu sulların cavablarını bilmirik, çünki heç biri öz fikrini məqalə formasında izah etməyib. Onların bütün fikirləri n qədər tvitdə, postda və şərhdə itib-batdı. Bəlkə heç özləri də nə istədiklərini bilmirlər, ona görə də heç nə yazmadılar.

Təbii ki mən liberalizm, sosializm, anarxizm, praqmatizm, pasifizm, humanizm barədə öyrənə, tarixə nəzər salıb başqa ölkələrdə müharibə olan zaman orada müharibə əleyhinə olan oxşar qrupların yazılarını oxuyaraq Azərbaycandakılar barədə təxmini fikir sahibi ola bilərəm. Lakin əsas olan bu deyil. Əsas olan odur ki, Azərbaycandakı həmin qruplar öz mövqelərini məhz Qarabağ münaqişəsi kontekstində izah edib əsaslandırır və bunu ictimai müzakirə üçün cəmiyyətə təqdim edir. Digər ziyalılar və insanlar da bu qrupların mövqelərinə bələd olub müzakirəyə qoşulurlar, nəticədə isə debat yaranır və ən azından hər bir tərəf (müharibəyə qarşı olan qruplar da, müharibəni dəstəkləyən qruplar da) bir-birinin mövqeyini bilir.

Müharibəni dəstəkləyənlər

İndi isə gələk müharibəni dəstəkləyən qrupa – yəni azərbaycanlıların mütləq əksəriyyətinə. Bu qrup olduqca böyük olduğundan onu təsnifatlandırmaq çətindir, lakin icazə verin buna cəhd edim. Bir qrup insan müharibəni o əsasla dəstəkləyirdi ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının ərazisidir və uzun illər davam edən danışıqların fayda vermədiyi bir vəziyyətdə Azərbaycanın müharibə ilə öz haqqını alması – torpaqları qaytarması ədalətlidir. Mən şərti olaraq bu qrupu BMT-çilər adlandırıram. İkinci bir qrup hesab edirdi ki, Birinci Qarabağ Müharibəsində ermənilər azərbaycanlıların torpaqlarını alıb, onları qovub və təhqir ediblər. Buna görə də azərbaycanlılar bir xalq olaraq özlərinə inanmaq, ruh yüksəkliyi qazanmaq üçün torpaqları müharibə yolu ilə geri qaytarmalıdır. Bu qrupa daxil olanlar inanırdı ki, əgər Azərbaycan işğal olunmuş torpaqları qaytarsa, azərbaycanlılar özərini qalib xalq hesab edəcək və ölkə daxilində də öz haqlarını hökumətdən tələb etməyə başlayacaqlar. Qısası, qalibxalqçılar fikirləşirdi ki, Azərbaycanın demokratikləşməsi üçün torpaqları geri almaq lazımdır. Üçüncü bir qrup isə deyirdi ki, Qarabağ münaqişəsi ilk növbədə torpaq uğurda münaqişə deyil; bu, şərəf məsələdir. Torpaqları işğal etməklə ermənilər bizim şərəfimizi ləkələyib, indi də biz öz qisasımızı ermənilərdən almalıyıq. Bu qrupa da qisasçılar deyirəm. Təbii ki, müharibəni dəstəkləyənlərin çoxu burada sadaladığım qrupların təkcə birnin yox, iki və ya üçünün də fikirlərinə qoşulurdular.[3]

BMT-çilərin mövqeyi qismən aydındır, lakin onlar arasında məqalə yazıb öz fikirlərini ətraflı izah edən olmadı deyə, mövqeləri ilə bağlı bir çox məsələlər aydın deyil. Məsələn, BMT-çilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində yaşayan yerli, qarabağlı ermənilərə Azərbaycan daxilində nəsə bir status verilməsini dəstəkləyirlər? Bu status nə formada olmalıdır? Azərbaycan müharibə yolu ilə keçmiş DQMV ərazisi də daxil olmaqla bütün işğal edilmiş torpaqları geri alsaydı (ala bilmədi), qarabağlı erməniləri Qarabağda qalıb yaşamağa inandırmaq üçün BMT-çilər nə təklif edirdilər? Keçək qalibxalqçılara – müharibədə uğur qazandığı təqdirdə niyə azərbaycanlıların hökumətdən öz haqlarını tələb edəcəklərinə inanırdılar? Müharibədə Azərbaycan qalib gəlsə, insanlar indiki hökumətin bir çox qüsurlarını bağışlayacaq və hökumət daha da güclənib repressiv olacaq deyənlərə qarşı qalibxalqçıların əks-arqumentləri nələr idi? Müharibə bitdi, amma onların gözlədikləri reallaşmadı, qalib xalqın müharibə veteranları dövlətin onlara baxmamasından şikayətlənir və qalib xalq öz veteranlarının haqlarını tələb edə bilmir. Niyə bu belə oldu, qalibxalqçılar bunu necə izah edir? Onlar qarabağlı ermənilərə nəsə status verilməsini təklif edirdilərmi və onlarla birgəyaşayışın mümkünlüyünü nədə görürlər? Eyni zamanda, qisasçıların mövqeyi konkret olaraq nə idi – məsələn, nə vaxta qədər azərbaycanlılar qisas almağa davam etməli idi? Siyasi elmlər üzrə alim olan və xarici bir universitetdə dərs deyən bir azərbaycalı Tvitterdə yazmışdı ki, bütün ermənilər Qafqazdan çıxıb getməsə, problem həll olunmayacaq. Qisasçılar da belə fikirləşirdi? Qarabağda ermənilər yaşaya bilərdi müharibədən sonra, yoxsa Azərbaycan hökuməti onların hamısını qovmalı idi?

Hər üç qrupa aid olan müharibə dəstəkçilərinin bir çoxu deyir ki, müharibədən əvvəl ermənilərə siyasi status vermək olardı, amma müharibədən sonra ermənilər status haqqını itirdilər. Təklif kimi onu irəli sürürlər ki, qarabağlı ermənilərə təkcə Azərbaycan vətəndaşlığı veriləcək, istəsələr qalarlar, istəsələr ölkəni tərk edərlər. Azərbaycanlı-erməni münaqişəsindən xəbərdar olan hamıya məlumdur ki, belə bir seçim qarşısında demək olar bütün ermənilər Qarabağı tərk edəcək. Bu seçimi müdafiə edənlərin həqiqi məqsədi budurmu? Status vermirəm, vətəndaşlıq verirəm, xoşun gəlir qal, gəlmir get demək texniki olaraq, seçim təklif etməkdir. Amma bu seçimin reallıqda bir mənası var, yoxsa cavab əvvəldən məlumdur?

Bu sualların heç birinin cavabı məlum deyil, çünki müharibəni dəstəkləyənlər də ancaq tvit atmaq, post yazmaq və şərhlərdə dalaşmaqla kifayətləndi və öz fikirlərini izah edən məqalələr yazmadılar.[4] Müharibəni dəstəkləyənlər açıq şəkildə status məsələsi barədə də fikirlərini izah etmədilər. Ən yüksək dərəcəli muxtariyyət deyiləndə konkret nə nəzərdə tutulur? Qarabağlı ermənilərə necə status verilməlidir – siyasi, yoxsa ancaq mədəni? Siyasi muxtariyyət və ya mədəni muxtariyyət deyiləndə konkret nə nəzərdə tutulur? Şuşa şəhəri həmin muxtariyyətə daxil olmalıdırmı? Bu kimi suallar cavabsız qaldı və hələ də cavabsız qalır.

Nəticə əvəzi

Müharibədən sonra Azərbaycan hökumətinin verdiyi mesajları təhlil edən Viken Çeteryan hökumətin 1915-ci il erməni soyqırımı məsələsinə münasibətini tənqid edərək yazır ki, Azərbaycan hökumətinin hazırkı inkarçı mövqeyi “məğlubiyyətə məhkumdur”, çünki ölkədə “mövcud hegemon diskurslara radikal və tənqidi münasibət göstərən yeni Azərbaycan intellektual [ziyalı] nəsli yetişir.” Əvvəlcə deyim ki, Çeteryanın ziyalı (orijinalda intellectual) sözünü hansı mənasında istifadə etdiyini bilmirəm, lakin həm Azərbaycan dilindəki ziyalı, həm də ingilis dilindəki intellectual sözlərinin mənaları çox oxşardır və məncə, ziyalı sözü üçün müəyyən etdiyim üç mənanı intellectual sözündə də görmək olar. Konteksti nəzərə alaraq, güman edirəm Çeteryan intellectual sözünü bu məqalədə istifadə etdiyim ziyalı sözünün üçüncü mənasında nəzərdə tutur. Bu baxımdan mən Çeteryanın bu fikirlərinə qoşulmuram. Məncə, onun nikbinliyi əsassızdır. Belə ki, Azərbaycan ictimai səhnəsində mənim gördüyüm budur ki, ölkədə ziyalı ola biləcək potensiallı insanlar var, amma onlar hələ də yuxarıda verdiyim tərifin (c) bəndini yerinə yetirə bilmirlər. Ona görə də Çeteryanı parafraz etsəm, Azərbaycanda hazırda ziyalı nəsil ortada deyil, amma yetişə bilər və yetişə biləcək bu ziyalı nəslin heç də bütün nümayəndələri hökumətin diktə etdiyi mövcud diskursa qarşı gəlməyəcək, bəziləri məhz həmin diskursu müdafiə edib ona haqq qazandırmağa çalışacaq.

Yekun olaraq demək istəyirəm ki, Azərbaycan cəmiyyətinin ziyalılara ehtiyacı var. Buna görə də ziyalılıq potensialı olan şəxslər öz problemlərini həll etməli, düşdükləri ümidsizlik çuxurundan çıxmalı və öz mövqelərini əsaslandıraraq, cəmiyyətin müzakirəsinə təqdim etməlidirlər. Bu, məncə, potensialı olan insanların mənəvi borcudur (bu mənəvi borcu indiki yazıda əsaslandıra bilməyəcəyəm, yoxsa mövzu çox uzanacaq). Potensial ziyalılar tvit də ata bilər, post da yaza bilər, ümidsizliyə düşüb oturub ağlaya da bilər, amma unutmamalıdırlar ki, müxtəlif ictimai çəkili məsələlər üzrə öz fikirlərini Azərbaycan dilində və hər kəsin başa düşəcəyi şəkildə məqalələr yazaraq ictimai müzakirə yaratmağa cəhd etməsələr, onların tvit və post kimi səsləndirdiyi yarımçıq fikirləri unudulub gedəcək və demək olar təsirsiz olacaq. Tvit və post söz kimidir, tez unudulur, məqalə isə adətən itmir və unudulmur – bir növü söz uçar, yazı qalar. Potensial ziyalılar, yazın.

[1] Mən libertarian anarxist olduğumdan həm anarxist, həm də liberal qrupa aidəm. Müharibəyə məhz ideoloji səbəbdən qarşı idim; burada təsnifatlandırılan şəkildə nə praqmatist, nə pasifist, nə də humanistəm. 2020-ci il iyul ayında Tovuz hadisələrindən sonra Azərbaycanda bir çox insan müharibə tələb etməyə başladı və həmin vaxtı Müharibə istəməyənlər nə istəyirlər? adlı məqalə yazaraq məhz həmin dövrdə nəyə görə müharibə istəmədiyimi izah etməyə çalışdım. Lakin həmin yazıda məhz öz fikirlərimi yox, müharibəyə qarşı olanların hamısının fikirlərini izah etməyə cəhd göstərdim. Müharibənin bitməsindən təxmini iki həftə sonra isə Əxlaq və ermənilərə münasibət adlı məqalə yazaraq iddia etdim ki, kimsə X olmaz (məsələn, günahsız insanları öldürmək olmaz) “fikrini şəxsi əxlaqi normativ inam kimi qəbul edib sonradan erməniləri istisna hesab edirsinizsə,’ deməli, o, əxlaqsızdır, çünki X olmaz “fikrini əslində sosial normativ inam olaraq qəbul” edib. Buradakı məqsədim şəxsi əxlaqi normativ inamların ermənilərə də şamil edilməli olduğunu vurğulamaq idi. Həmin ilin sentyabrında başlayan müharibə ilə bağlı isə öz mövqeyimi ifadə edən məqalə yazmadım, amma yazmalı idim. Ümid edirəm qısa zaman ərzində belə bir məqaləni yazacağam.

[2] Müharibəyə qarşı olan qrupun burada təqdim olunan primitiv təsnifatını Səməd Rəhimli ilə söhbətlərim əsasında müəyyənləşdirmişəm. Buradakı adlar şərtidir; məsələn, humanist və ya praqmatist sözünün tək mənası burada istifadə etdiyim kimi deyil təbii ki. Lakin yenə də bu primitiv təsnifatın müharibəyə qarşı olan qrupun monolit olmadığını göstərmək baxımından faydalı olduğunu hesab edirəm.

[3] Müharibəni dəstəkləyənləri daha çox qruplara bölmək olar, lakin hazırkı primitiv təsnifat bu məqalənin məqsədləri üçün kifayətdir.

[4] Müharibəni dəstəkləyənlərdən bir neçəsi müharibə əleyhinə olanların iddialarını səhv çıxartmaq, bəzənsə onları söymək məqsədilə bəzi mətnlər qələmə aldılar. Həmin mətnlərin heç birində isə öz mövqelərini tam olaraq izah etmədilər. Ona görə də həmin yazıları kafi hesab etmirəm. Onlar ancaq bir neçə fikri inkar edirdi, müəlliflərin öz fikirlərini və yuxarıda səsləndirdiyim suallara cavabları qeyd etmirdi.