Azərbaycanın böyük resurs gəlirləri qazanmasının tarixi çox qısa (10 ildən bir az çox) olsa da, bu zaman kəsiyi iqtisadiyyatın “resurs lənəti” riski ilə üzləşməsinə kifayət elədi: qısa müddətdə resurs iqtisadiyyatının büdcədə payı 70%-dək, ixracatda xüsusi çəkisi 90%-dək yüksəldi, təbii resursların 98%-dən çoxunun təmərküzləşdiyi Bakı aqlomerasiyasının iqtisadiyyatda payı 80%-i ötdü.
2014-cü ilin sonlarından başlayaraq dünya bazarlarında xam neftin sürətlə ucuzlaşması, 2015-2016-cı illərdə Azərbaycanın əvvəlki 5 illə müqayisədə resurs gəlirlərini orta hesabla 3-4 dəfə itirməsi böhrandan dərs çıxarmaq üçün bir siqnal oldu. Görünür, “Yüz eşitməkdən bir dəfə görmək faydalıdır” kimi ibrətamiz məsəllər tarixin heç bir dönəmində qüvvədən düşmür. Son 50 ildə dünyada “resurs lənəti” ilə bağlı saysız-hesabsız akademik araşdırmalar aparılıb, onun fəsadlarını əks etdirən canlı nümunələr paylaşılıb, lakin təhlükə öz qapısını döyməyənə qədər heç bir hökumət yanlış yolda olduğu haqda mülahizələri yaxına buraxmaq istəməyib.
Bu baxımdan Azərbaycan ixracatının diversifikasiyası, qeyri-resurs valyuta gəlirlərinin artırılması son dərəcə önəmlidir. 2015-ci ildə Azərbaycan manatının qısa müddətdə dəyərini 2 dəfədən çox itirməsi göstərdi ki, milli valyutanın məzənnəsini təbii resurs gəlirlərinin asılılığından qurtarmadıqca iqtisadiyyatda uzunmüddətli dayanıqlı inkişafı, həmçinin makroiqtisadi sabiltliyi təmin etmək mümkün olmayacaq.
Bəs böhrandan sonrakı 3 ildə Azərbaycanın ixrac potensialında hansı dəyişikliklər baş verib? Qeyri-resurs məhsullarının həcmində və strukturunda müşahidə edilən əsas trendlər hansılardır? Bu suallara cavab tapmağa çalışaq.
1-ci problem: çeşid məhdudluğu
Xarici ticarət statistikasını nəzərdən keçirdikdə ixrac olunan məhsulların çeşid sayı ilk baxışda çox görünür: 2017-ci ildə 6 ticarət kodu bazasında ölkədən xaricə 13.812 mlrd. dollar dəyərində 1180 adda məhsul ixrac edilib (hesablamaya yalnız ixrac dəyəri 1000 dollardan çox olan məhsullar salınıb). Lakin həmin il üzrə ixracın ümumi həcminin 96.5%-i və ya 13.334 mlrd. dolları 30 adda məhsulun payına düşüb. Həmin məhsulların 5-i neft, 25-i isə qeyri-neft sektoru ilə bağlıdır. Başqa sözlə, ixrac səbətinə daxil olan 2.6% növdə məhsul az qala bütün ixracın 97%-ni təmin edir.
Azərbaycanın ixrac səbətini təşkil edən əsas məhsul çeşidi
İxrac olunan məhsulların adı | məhsulun kodu | İxrac dəyəri, min. USD |
Kartof, təzə və ya soyudulmuş | 070190 | 25822 |
Tomat, təzə və ya soyudulmuş | 070200 | 151595 |
Şalğamaoxşar soğan | 070310 | 15672 |
Xiyar və kornişonlar, təzə və ya soyudulmuş | 070700 | 10716 |
Qabığı təmizlənmiş meşə fındığı | 080222 | 114532 |
Alma, təzə | 080810 | 30873 |
Albalı və gilas | 080929 | 23155 |
Xurma, təzə | 081070 | 90981 |
Ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza | 170199 | 39443 |
Üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər (konyak, qrappa, brendi və digərləri) | 220820 | 14058 |
Mis filizləri və konsentratları | 260300 | 19494 |
Daş kömür qatranından alınan digər yağları | 270799 | 34596 |
Xam neft | 270900 | 10706818 |
Reaktiv mühərriklər üçün kerosin yanacağı | 271051 | 82187 |
Ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar | 271061 | 241872 |
Təbii qaz, qaz halında | 271121 | 1193712.4 |
Neft koksu, susuzlaşdırılmamış | 271311 | 15468.47 |
Elektrik enerjisi | 271600 | 50569 |
Metanol (metil spirti) | 290511 | 42779 |
Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen | 390110 | 75353 |
Polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr | 391190 | 21596 |
Birsaplı pambıq iplik | 520512 | 32548 |
Qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), qızıl (sikkə kəsilməsi üçün istifadə olunanlar) | 710812,
710820 | 139015.7 |
Tərkibində 0,25 kütlə %-dən çox karbon olan polad yarımfabrikatlar | 720720 | 22733 |
Qara metallardan xarici diametri 406,4 mm-dən çox olan digər qaynaq edilmiş borular | 730539 | 9543 |
Saflaşdırılmış misdən katodlar və katod biçmələri | 740311 | 12003 |
Emal olunmamış aşqarlanmamış alüminium | 760110 | 22666 |
Emal olunmamış alüminium ərintiləri | 760120 | 28563 |
Aşqarlanmamış alüminiumdan qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar | 760611 | 22616 |
Alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar | 760612 | 42889 |
Qeyd olunan məhsullar üzrə ixracın dəyəri | 13334000.0 |
Cədvəldə əks olunmuş məhsul çeşidinə diqqət yetirdikdə görünür ki, ixracda ən yüksək paya malik 31 adda məhsulun 10-u metallurgiya sənayesi, 8-i kənd təsərrüfatı, 5-i neft sənayesi, 3-ü kimya sənayesi, 2-si qida sənayesi ilə bağlıdır.
Bu faktlar Azərbaycan ixracatının məhsul çeşidi baxımından diversifikasiya potensialının hələlik son dərəcə məhdud olduğunu göstərir.
2-ci problem: həcm məhdudluğu
2017-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1.538 mlrd. dollar təşkil edib ki, bu da ölkənin ümumi ixracatının vur-tut 11%-nə bərabərdir.
Qeyri-neft ixracının ölkənin ümumi ixracatında payının dinamikası,
ümumi ixraca nisbətən%-lə
Diaqramdan göründüyü kimi, 2014-2017-ci illərdə qeyri-neft ixracının ümumi ixracatdakı payında əhəmiyyətli dəyişiklik baş verməyib. Əgər 2014-cü ildə neft-qaz sektorundan kənar sahələrə aid məhsulların məcmu ixracda payı 10% idisə, 2017-ci ildə həmin göstərici 11% təşkil edib.
2017-ci ildə qeyri-neft ixracatının məbləği 2015-ci ilə nisbətən 150 mln. dollar (11%), 2016-cı illə müqayisədə 300 mln. dollar (22%) artsa da, 2014-cü ilin göstəricisindən 170 mln. dollar (10%) azdır. Qəribə burasıdır ki, dünya bazarında xam neftin ucuzlaşması səbəbindən neft-qaz məhsullarının ixracatından daxilolmaların azalması ilə paralel qeyri-neft ixracatının də dəyərində azalma baş verib və buna iqtisadi cəhətdən əsaslandırılmış cavab tapmaq çox çətindir.
Başqa maraqlı nüans: ixracatın zəif diversifikasiyası özünü onda göstərir ki, ixrac həcminin əsas hissəsi (təxminən 90%-i) bir sektorda (neft-qaz) təmərküzləşib. Digər tərəfdən, qeyri-neft ixracatında 1150 çeşiddən artıq məhsul iştirak etsə də, 2017-ci ildə bu sektordan ixracın 71%-dən bir qədər çoxu (1.094 mlrd. dollar) cəmi 25 adda qeyri-neft məhsulunun hesabına formalaşıb.
2017-ci ildə qeyri-neft ixracatında ən yüksək paya malik 10 məhsul üzrə ixracın dəyəri, mln. dollarla
Öz növbəsində, qeyri-neft ixracatında ən yüksək paya malik 10 məhsul (təzə pomidor, qızıl, fındıq, xurma, ilkin formalı polietilen, elektrik enerjisi, metanol spirti, şəkər, qatran yağı, alüminium plitələr) sektor üzrə ixracatın 51%-ni təmin edib (781.7 mln. dollar).
Diaqramdan göründüyü kimi, ilk beşlikdə olan məhsulları çıxmaq şərtilə qeyri-neft sektorunda ayrı-ayrı məhsullar üzrə ixrac dəyəri elə də böyük deyil. Bu sektorda ixracatın bir məhsuldan asılılığının ən yüksək göstəricisi 10% təşkil edib (151.6 mln. dollar ixrac dəyəri ilə təzə pomidor).
Qeyri-neft ixracını formalaşdıran məhsulların təxminən 95%-i (1100-dən bir qədər artıq məhsul növü) üzrə ixracın orta dəyəri 500 min dollar və ya daha az olub.
3-cü problem: coğrafi məhdudluq
Azərbaycan üçün qeyri-resurs məhsul üzrə ixracın təkcə həcminin artırılması deyil, ixrac coğrafiyasının şaxələndirilməsi də strateji əhəmiyyətə malikdir. Ölkələr böhran və fəlakətlərdən sığortalanmayıb. Bu baxımdan ixracatın daha geniş coğrafiyaya paylanması ixracatçı ölkəni idxalatçı ölkənin üzləşə biləcəyi potensial risk və təhlükələrdən sığortalayır.
2017-ci ildə Azərbaycanın 187 ölkə ilə xarici ticarət əlaqələri olub, lakin ölkənin qeyri-neft ixracının təxminən 77%-i 5 ölkə – Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və İtaliya hesabına təmin edilib.
2017-ci ildə qeyri-neft ixracatında ən yüksək paya malik 10 ölkə, mln. dollarla
İxracatda ən yüksək paya malik olan 10 ölkə isə 2017-ci ildə Azərbaycanın ümumi ixracının təxminən 85%-ni təmin edib. Bu fakt ölkə ixracatının coğrafi baxımdan çox aşağı səviyyədə diversifikasiya olunmasının göstəricidir.
Qeyri-neft sektorunun elə məhsulları var ki, həmin məhsullar ixracatın ilk 10-luğuna daxil olan bir və ya iki ölkə tərəfindən alınır. Məsələn, 2017-ci ildə təzə pomidorun 99.7%-i Rusiyaya, qızılın bütün kütləsi İsveçrəyə, fındığın 73%-i İtaliya və Rusiyaya, xurmanın 94%-i Rusiyaya, elektrik enerjisinin 89%-i Gürcüstan və Rusiyaya ixrac edilib.
Azərbaycanın qeyri-neft ixracatının bir ölkədən (Rusiya) asılılıq səviyyəsi 35%-ə, üç ölkədən (Rusiya, Türkiyə və İsveçrə) asılılıq səviyyəsi 65%-ə yaxındır ki, bunlar da kifayət qədər yüksək (diversifikasiya baxımından yüksək riskli) göstəricilərdir.
4-cü problem: texnoloji məhdudluq
Beynəlxalq təcrübədə məhsulların texnoloji səviyyəsinə və mürəkkəbliyinə görə tətbiq olunan təsnifat (aşağı, orta aşağı, orta yüksək və yüksək texnoloji səviyyə) nəzərə alınsa, Azərbaycanın ümumi ixracatının (neft-qaz məhsulları da daxil), demək olar, hamısı 3-cü və 4-cü səviyyəli (aşağı və orta aşağı) texnoloji qrupa aiddir. Bu təsnifata əsasən, aşağı texnoloji səviyyəyə qida məhsullarının (içkilər də daxil), tütün məmulatlarının, toxuculuq sənayesinin, geyim əşyalarının, dəri və dəri məmulatlarının, kağız və kağız məmulatlarının, mebelin, emal mərhələsindən keçməyən hər cür xammalın istehsalı daxildir. Xarici ticarət statistikası əsasında apardığımız qiymətləndirmələr göstərir ki, 2017-ci ildə Azərbaycanın ümumi ixracatının orta hesabla 94-95%-i, qeyri-neft ixracatının isə 50-55%-i məhz aşağı texnoloji qrupa aid məhsullardan ibarət olub.
Orta aşağı texnoloji səviyyəyə emal olunmuş neft məhsulları, kauçuk və plastik məmulatları, metallurgiya sənayesi məhsulları daxildir. Bu səviyyəli məhsulların Azərbaycanın ümumi ixracatında payı 4-5%-dən, qeyri-neft ixracatında isə 35-40-%-dən çox deyil.
Orta yüksək və yüksək səviyyəli texnoloji qrupa kimya sənayesi məhsulları, maşın və avadanlıqlar, tibbi və stomatoloji avadanlıqlar, avtomobillər, elektrik cihazları, silah və digər hərbi məmulatlar, kosmik sənaye və hava nəqliyyatı ilə bağlı avadanlıq və cihazlar, dərman sənayesi ilə bağlı məhsullar aid olunur. Kimya sənayesi və silahlarla bağlı məhsulların müəyyən həcmdə ixracını nəzərə alsaq, bu təsnifat qrupları üzrə məhsulların Azərbaycanın ümumi ixracatında payı ən yaxşı halda 1-2% intervalında dəyişə bilər.
5-ci problem: ixracatçı məhdudluğu
Rəsmi statistika xarici ticarət əlaqələrində minlərlə təsərrüfat subyektinin iştirak etdiyini deyir. Lakin açıqlanan məlumatlardan görünür ki, 2017-ci ildə ölkənin bütün qeyri-neft ixracının 54%-ə yaxını (822 mln. dollar) 20 şirkət tərəfindən formalaşdırılıb. Üstəlik, ilk 10 şirkətin ümumi ixracda payı 30%-dən bir qədər çox olub. Bu vəziyyət ixrac gəlirlərindən çox az sayda biznes subyektinin bəhrələndiyini, bu gəlirlərin sahibkarlar arasında qeyri-bərabər bölündüyünü bariz şəkildə göstərir.
6-cı problem: özəl sektorun məhdud potensialı
Azərbaycanın neft-qaz sektorunun ixrac gəlirləri dövlətin tam inhisarındadır. Bu azmış kimi, həcmi onsuz da kiçik olan qeyri-neft ixracatında da dövlət sektorunun xeyli payı var. Məsələn, 2017-ci ildə ümumi qeyri-neft ixracatının təxminən üçdə biri (500 mln. dollara yaxın) dövlət sektoruna məxsus olub. Özəl sektorun burada payı təqribən 65% ətrafında (1 mlrd. dollardan bir qədər çox) dövr eləyib. Üstəlik, özəl sektora aid qeyri-neft ixracının 33%-i (353 mln. dollar) ixrac dövriyyəsinə görə ilk onluqdakı şirkətlərin payına düşüb.