fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan-Çin əlaqələri

Read this article on other language
Download article
image_pdf
image_pdf

1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Prezident İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər edib və 3 dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedib. Çindən xarici işlər naziri səviyyəsində Azərbaycana 4 dəfə (1996, 2004, 2010 və 2019) səfər olub.

Bu yazıda Azərbaycanın müstəqilliyi dövründə onun Çin Xalq Respublikası ilə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrinin hansı səviyyədə inkişaf etdiyini araşdırmağa çalışmışıq.   

İqtisadi əlaqələr

Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Çin özünə aid konflikt situasiyaları (Tayvan boğazı, Cənubi Çin dənizi) istisna olmaqla, dünyadakı münaqişələrə adətən müdaxilə etmir, onların həllində rol almır və öz nüfuzunu iqtisadi alətlərlə, “yumşaq güc” üsulları ilə yaymağa çalışır. 2013-cü ildə Çin lideri Si Tszinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan Çinin bu meqa-layihəsini dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətlər müəyyən edib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. 2015-ci ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatarla yük daşınıb.

Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsinin son 5 ildə dinamikasına diqqət yetirəndə ciddi inkişaf gözə dəyir. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon ABŞ dolları təşkil etdiyi halda, 2016-cı ildə bu rəqəm 975 milyona, 2017-ci ildə 1 milyard 298 milyona, 2018-ci ildə 1 milyard 310 milyona, 2019-cu ildə isə 2 milyard 184 milyona yüksəlib. Ötən il ticarət dövriyyəsi 2018-ci il ilə müqayisədə 66,7% artıb. Bu, Azərbaycanın ümumi xarici ticarətinin 6,56%-nə bərabərdir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 43% təşkil edir. Amma qarşılıqlı ticarətdə Çinin xeyrinə müsbət saldo var. Ötən il Azərbaycanın Çinə ixracında indiyə qədər olan ən yüksək rəqəm (752 milyon dollar) qeydə alınsa da, Çindən idxalat da kəskin artaraq 1 milyard 432 milyon dolları ötüb. Azərbaycanın ixracı əsasən xam neft və neft-kimya sənayesi məhsullarıdır, Çindən isə çox geniş çeşiddə məhsullar (elektrotexnikadan ətriyyata qədər) gətirilir. Qarşılıqlı yatırımlarda da disbalans var: Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırdıqları halda, kiçik Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir. Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. Azərbaycan və Çin arasında Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mövcuddur və ötən il komissiyanın 7-ci iclası keçirilib.

Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektoruna Çin şirkətləri də maraq göstərir. 2018-ci ildə SOCAR-la Çin Milli Neft Şirkətinin (CNPC) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir. SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində inşa etdiyi Neft-qaz emalı və Neft-kimya Kompleksi (OGPC) layihəsində CNPC-nin iştirakı və payçı kimi qoşulması da gözlənilir. SOCAR və CNPC arasında 2016-cı ildə bu sahədə Anlaşma Memorandumu imzalanıb.

2019-cu ilin 24-27 aprel tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə səfər edib. Bu beynəlxalq forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair sənədlərdir. Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi, Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Luo Veydon bildirib ki, ölkəsi Azərbaycandan kənd təsərrüfatı, kimya və sənaye məhsullarının idxalını daha da artırmaq, İnternet İpək Yolunun yaradılması, İpək Yolu elektron ticarətinin inkişafı məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyir.

Azərbaycan Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçisi olub. Bankın yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Azərbaycanın Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. 

Siyasi əlaqələr

Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bunu prezident İlham Əliyevin 17 illik  prezidentliyi dövründə 5 dəfə (rəsmi və qeyri-rəsmi səviyyədə) bu ölkəyə səfər etməsi faktı da təsdiqləyir. Azərbaycan öz xarici siyasətini qurarkən tərəfdaş dövlətlərin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə və mövcud sərhədlərin toxunulmazlığına nə dərəcədə dəstək verdiyinə xüsusi diqqət yetirir. Çin hökuməti də öz növbəsində Sintszyan Uyğur (Şərqi Türküstan) və Tibet muxtar bölgələrindəki problemlər və Tayvan məsələsi ilə əlaqədar çox ciddi həssaslıq nümayiş etdirir, tərəfdaşlarından bu məsələlərdə onun maraqlarına uyğun mövqe tutmalarını istəyir. Bu səbəbdən ərazi bütövlüyü məsələsində Çin və Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü söyləmək mümkündür. 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri zamanı onunla Çin lideri Xu Tzsintao arasında imzalanmış birgə Bəyannamədə hər iki tərəfin qeyd olunan məsələlərdə həssaslığı əksini tapıb. Bəyannamənin 9-cu maddəsində bildirilir:

“Azərbaycan tərəfi təsdiq edir ki, dünyada yalnız bir Çin var, Çin Xalq Respublikasının hökuməti Çini təmsil edən yeganə qanuni dövlətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir. Azərbaycan tərəfi Tayvanla hər hansı formada rəsmi münasibətlər qurmamağa, onunla hər hansı rəsmi xarakterli təmaslarda olmamağa sadiq olduğunu təsdiq edir, “iki Çin” və ya “bir Çin, bir Tayvan”ın yaradılması səylərinə, “müstəqil Tayvan”a qarşı çıxış edir. Azərbaycan tərəfi Tayvan boğazı rayonunda və ümumilikdə Asiya-Sakit Okean regionunda sülh və sabitliyin təmin edilməsində və möhkəmlənməsində Çinin səylərini dərk edir və dəstəkləyir.” 

11-ci maddədə isə Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl edilməsinə çağırır, bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu, beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəklədiyini bildirir.

2015-ci ildə İ.Əliyevin Pekinə səfəri zamanı onunla Çin lideri Si Tszinpin arasında imzalanmış birgə Bəyannamədə də tərəflərin bir-birinin problemlərinə ortaq yanaşması əksini tapıb. Bəyannamənin 2-ci maddəsində qeyd olunub:

“Tərəflər dövlət müstəqilliyi, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəlmiş səylərlə bağlı məsələlərə dair mövqeləri qarşılıqlı dəstəkləməyə davam edəcəklər. Azərbaycan tərəfi vahid Çin prinsipinin tərəfdarı olduğunu bir daha təsdiq edir, Tayvan məsələsinin tamamilə və bütövlükdə Çinin daxili işi olduğunu hesab edərək, “Tayvanın müstəqilliyi”nin hər hansı formasına qarşı çıxır, Tayvan ilə hər hansı rəsmi əlaqələrin qurulmasından imtinanı təsdiqləyir, Çin hökumətinin ölkənin birləşdirilməsi səylərini dəstəkləyir. Çin tərəfi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə riayət olunmasına çağırır, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, həmçinin, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir. Tərəflər onlardan birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, üçüncü tərəflə bu kimi müqavilələrin bağlanması istiqamətində addımlar atmadıqlarını, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər.”

Altıncı maddədə bildirilir ki, “tərəflər insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinin bütün ölkələrin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmama kimi sarsılmaz prinsiplərə əsaslanmalı olduğunu hesab edir, insan hüquqları məsələləri üzrə ikili standartların tətbiq olunmasına, həmçinin bu məsələlərin siyasiləşdirilməsinə, insan hüquqlarının müdafiəsi pərdəsi altında digər dövlətlərin daxili işlərinə qarışmağa qarşı çıxırlar.”

2015-ci ildə imzalanmış bəyannamədə 10 il əvvəlki ilə müqayisədə fərqli məqamlar var. Tərəflər bir-birinə qarşı hər hansı ittifaq və ya blokda iştirak etməmək, ərazilərində digər tərəfin təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol verməmək və öz ərazilərində onların fəaliyyətinə qadağa qoymaq barədə öhdəlik götürüb. Bu öhdəliyin daha çox Azərbaycana aid olduğunu qeyd edə bilərik. Çin dövləti uyğur mühacirətinin dünya miqyasında fəaliyyətindən və Çin əleyhinə apardıqları təbliğatdan ciddi narahatdır. Bu səbəblə Çin hökuməti digər dövlətlərdən uyğur təşkilatlarının fəaliyyətinə nəinki mane olmağı, hətta uyğur mühacirlərə sığınacaq verməməyi və onları tutub, Çinə təhvil verməyi də tələb edir. Təsadüfi deyil ki, türkdilli etnos olan uyğurların Çini leqal və ya illeqal yollarla tərk edən hər hansı nümayəndəsinin indiyədək Azərbaycana gəldiyinə dair fakt yoxdur. Amma bununla yanaşı, Azərbaycan bu ilin iyulunda BMT-də Çinin uyğur muxtar bölgəsində “terrorçuluğa və separatizmə qarşı mübarizəsinə” dəstək ifadə olunan bəyanata imza atmayıb. Ehtimal etmək olar ki, uyğurların azərbaycanlılarla tarixi-mədəni yaxınlığı səbəbindən, yaxud da Çini insan haqları ilə bağlı tənqid edən Qərb dünyasından özünü təcrid etməmək niyyəti ilə Azərbaycan hökuməti bu məsələdə Çinin yanında yer almaq, ona aktiv dəstək verən 46 ölkənin sırasına adını yazdırmaq istəməyib – baxmayaraq ki, ikitərəfli formatda Çinə dəstək verir.

Çinin yumşaq gücü: Konfutsi institutları

Mədəniyyət və təhsil sahəsində Azərbaycan-Çin əlaqələri də ötən müddətdə inkişaf edib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 1997-ci ildən Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması ÇXR-in Azərbaycandakı səfirliyinin kadr və texniki dəstəyi nəticəsində mümkün olub. 2002-ci ildə ÇXR Təhsil Nazirliyinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən ikitərəfli tələbə mübadiləsi başlayıb.  Hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Çin super güc olmaq üçün təkcə güclü iqtisadiyyat və güclü silahlı qüvvələrə malik olmağın kifayət etmədiyini anladığı üçün ABŞ-ın təcrübəsinə bənzər şəkildə “yumşaq gücü”nü də inkişaf etdirməyə, özünün mədəni cazibəsini artırmağa çalışır. Bu ölkənin əsas “yumşaq güc” aləti Konfutsi institutlarıdır. Dövlət tərəfindən yaradılmış bu qeyri-kommersiya təşkilatının əsas vəzifəsi dünyada Çin dilini və mədəniyyətini yaymaq və populyarlaşdırmaqdır. İlk Konfutsi İnstitutunu 2004-cü ildə Cənubi Koreyada açan Çin o tarixdən bəri bütün dünya üzrə bu institutların şəbəkəsini formalaşdırmağa başlayıb. Azərbaycan da bu baxımdan istisna deyil.

Azərbaycanda ilk Konfutsi İnstitutu 2011-ci ilin aprelində Bakı Dövlət Universitetində, Çin səfirliyinin müvəqqəti işlər vəkilinin iştirakı ilə açılıb. İnstitut Çinin Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında yaradılıb. Sazişə əsasən Anhoy Universiteti bu instituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərir, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edir. BDU-nun Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçirlər. 2013-cü ilin aprelində Xəzər Universitetində BDU nəzdindəki Konfutsi İnstitutunun filialının açılışı keçirilib. Tədbirdə Çinin Azərbaycandakı səfiri Xun Tşyuin də iştirak edib. Azərbaycanda növbəti Konfutsi İnstitutu 2016-cı ilin iyununda Azərbaycan Dillər Universitetində (ADU) yaradılıb. İnstitut Çin Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) ADU ilə əməkdaşlığı çərçivəsində təsis edilib. Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ADU-da Konfutsi İnstitutunun açılmasını Azərbaycan-Çin əməkdaşlığının inkişafında, xüsusilə təhsil sahəsində mühüm hadisə kimi qiymətləndirib. 2018-ci ilin martında isə Azərbaycan Universitetində Konfutsi Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb.

Hərbi əməkdaşlıq: Çin Azərbaycan və Ermənistan arasında pariteti gözləyirmi?

Azərbaycan – Çin əməkdaşlığı hərbi sahəni də əhatə edir. İki ölkə arasında vaxtaşırı olaraq “Çin tərəfindən Azərbaycana təmənnasız hərbi yardım göstərilməsi haqqında” sazişlər imzalanır. İlk belə anlaşma 2009-cu ilin dekabrında Pekin şəhərində imzalanıb. Üç maddədən ibarət sənəddə Çinin Azərbaycana 3 milyon yuan məbləğində təmənnasız hərbi əmlak yardımı göstərməsi əksini tapıb. Növbəti bu cür saziş 2013-cü ilin yanvarında Pekində imzalanıb. Yenə Çin tərəfindən Azərbaycana 3 milyon yuan məbləğində təmənnasız hərbi əmlak yardımı göstərilməsi qeyd olunub. Nəhayət, eyni məzmunlu sonuncu anlaşma 2018-ci ilin aprelində Pekində imzalanıb.

Bəs, Çinin Azərbaycana hədiyyə etdiyi hərbi əmlak konkret nədən ibarətdir? Azeridefence portalının məlumatına görə, 2013-cü ildə imzalanmış sazişdən sonra Çindən Azərbaycan ordusuna manqa üçün müxtəlif növ qış və yay çadırları, tibbi çadırlar, 10 ədəd rezin qayıq və 24 ədəd RAFT-A-10 xilasetmə salları göndərilib.

2015-ci ildə iki ölkə liderinin imzaladığı birgə Bəyannamədə qeyd olunur ki, tərəflər hərbi nümayəndə heyətlərinin mübadiləsini, hərbi kadrların hazırlanmasını, hərbi yardım göstərilməsini və digər formalarda əməli əməkdaşlığı davam etdirməyə hazırdırlar. Hərbi təhsil sahəsində əldə olunan razılaşmaya əsasən Azərbaycan Ordusunun nümayəndələri Çində “Yüksək strateji komandanlıq” kursunda rusdilli qrupun tərkibində təhsil alır.

Müqayisə üçün qeyd edək ki, Ermənistan-Çin hərbi əməkdaşlığı da ötən müddətdə inkişaf edib və bəzən Azərbaycanın narahatlığına da səbəb olub. Məsələn, 1999-cu ildə Çin tərəfindən Ermənistan Respublikasına 8 ədəd “Tayfun” tipli raket kompleksinin, 2013-cü ildə isə AR1A raket komplekslərinin satılması faktı var. 2017-ci ildə Ermənistan müdafiə nazirinin Çinə səfəri zamanı bu ölkə tərəfindən Ermənistana 10 milyon yuan məbləğində təmənnasız hərbi yardım göstərilməsi haqqında saziş imzalanıb.

Hərbi əməkdaşlığa birbaşa aidiyyəti olmasa da, Ermənistan və Çin arasında 2019-cu ilin mayında viza rejiminin ləğvi barədə müqavilənin imzalanmasını da qeyd etmək lazımdır. Bu fakt iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. (Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.)

Yəni Çin Azərbaycanın ərazi bütövlüyünə dəstək versə də, Ermənistanla da əlaqələrini inkişaf etdirir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.