fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın xarici turizmdən qazancları: 2018-ci il niyə uğursuz oldu?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Turizm Azərbaycan hökumətinin qeyri-resurs sahələri sırasında seçdiyi prioritet sektorlar sırasında öndə gedir. Son 10 ildə müxtəlif beynəlxalq səviyyəli idman yarışlarının və mədəniyyət-incəsənət tədbirlərinin (məsələn, Avrovizion mahnı yarışması, Avropa idman oyunları, Formula 1 Grand Prix və s.) Azərbaycanda keçirilməsi ölkənin turistik imkanlarının dünyaya təqdim edilməsi üçün fürsətlər kimi dəyərləndirilirdi. Hər halda Mərkəzi Bankın ödəmə balansı ilə bağlı statistikasına baxdıqda 2010-cu ildən başlayaraq Azərbaycanın xarici turizmdən əldə etdiyi gəlirlərin əhəmiyyətli dərəcədə artdığını görürük və rəsmi şəxslər də imkan düşdükcə bu artım dinamikasını həyata keçirilən siyasətin nəticəsi kimi təqdim etmək fürsətini qaçırmırlar.

Diaqram: 2010-2018-ci illərdə Azərbaycanın xarici turizm gəlirləri, mln. dollarla

Dövlət Statistika Komitəsinin əsaslı kapital qoyuluşu ilə bağlı statistikası da göstərir ki, 2009-cu ildən etibarən turizm sektoruna investisiyalar artmağa başlayıb və son ildə bu sektora yönəldilən sərmayənin ümumi həcmi 2 mlrd. dollara yaxınlaşıb. Həmin vəsaitlər xüsusilə də ölkədə dağ-xizək komplekslərinin (Qusar və Qəbələ ərazisində), müxtəlif ərazilərdə mehmanxana, otel və restoran şəbəkəsinin tikintisinə sərf olunub. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 10 ildə mehmanxana və otellərin sayı 25%-dək, həmin müəssisələrdəki yerlərin sayı isə 35%-dək artmışdır.

Yeri gəlmişkən, turizm sektorunun hökumət üçün əsas prioritetlərdən biri olmasını 2016-cı ildə bu sahənin inkişafına dair ayrıca yol xəritəsi hazırlanması da təsdiqləyir. Sənədin təhlil hissəsində qeyd edilir ki, hazırda Azərbaycanda turizm sektorunun ÜDM-də payı (2.8%) region ölkələri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, həmin göstərici Gürcüstanda 7%, Türkiyədə isə 5% təşkil edir.

Amma atılan bütün addımlara baxmayaraq, yuxarıda təqdim edilən diaqramdan da göründüyü kimi,  bir öncəki illə müqayisədə 2018-ci ildə Azərbaycanın xarici turizm gəlirlərində birdən-birə 13%-ə yaxın kəskin azalma qeydə alınıb. Əgər 2017-ci ildə beynəlxalq turizm xidmətlərindən ölkəyə daxilolma 3 mlrd. dollardan bir qədər də çox olmuşdusa, ötən il həmin göstərici 2.63 mlrd. dollara qədər azalıb.

Problemin çox vacib tərəfi var: Azərbaycan turizm üçün əlverişli potensialı olan ölkələrlə əhatə olunub. Yəni yaxın trayektoriyamızda güclü rəqiblərimiz var və onlarla rəqabət apara bilmək çox önəmlidir. Xüsusilə də region ölkəsi kimi Gürcüstan Azərbaycan üçün ciddi rəqibdir. Bu baxımdan ötən il üçün Gürcüstanın da turizm sektoru üzrə göstəricilərini Azərbaycanla müqayisə etmək maraqlıdır. Gürcüstan Mərkəzi Bankının məlumatına görə, 2018-ci ildə bu ölkənin xarici turizmdən gəlirləri 3.3 mlrd. dollara yaxın olub ki, bu Azərbaycanın göstəricisindən təxminən 600 mln dollar və ya 23% çoxdur. Əgər 2018-ci ildə xarici turizmdən gəlirlər Azərbaycanda 350 mln. dollara yaxın azalıbsa, Gürcüstanda isə əksinə 500 mln. dollardan çox artıb.

Yerli medianın məlumatına görə, 2018-ci ildə Gürcüstana 4.8 mln. nəfər turist gəlib.  Azərbaycana gələn turistlərin sayı isə 2.9 mln. nəfər olub ki, bu qonşu ölkə ilə müqayisədə az qala 50% azdır. Əgər yuxarıda təqdim edilən 2 göstərici – ölkəyə gələn turistlərin sayı və onların xərclədiyi vəsaitlər əsasında hesablama aparsaq, məlum olur ki, Gürcüstanda hər turist orta hesabla 700, Azərbaycanda isə 900 dollar xərcləyir.

Maraqlı məqamlardan biri budur ki, 2018-ci ildə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilə nisbətən 6%-ə yaxın artsa da, turizm gəlirlərində 13%-lik azalma qeydə alınıb. Lakin həmin dövrdə Gürcüstana gələnlərin 10%-lik artımı turizm gəlirlərinin 18%-lik artımı ilə müşaiyət olunub.

Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycana gələn turistlərin 63%-i 3 ölkənin- Rusiya, Gürcüstan və Türkiyənin payına düşüb. Öz növbəsində, 20%-ə qədər turist İrandan və ərəb ölkələrindən gələnlərin payına düşür. Yəni faktiki olaraq Azərbaycana inkişaf etmiş, ödəmə qabiliyyətliliyi yüksək olduğu ölkələrdən gələn turistlərin sayı çox azdır. Məsələn, Almaniya, Niderland, Fransa və İtaliyadan Azərbaycana 2018-ci ildə gələn turistlərin sayı birlikdə 40 min nəfər ətrafında olub. Lakin Gürcüstana həmin dövrdə təkcə Polşa, İsrail və Almaniyadan 150 min nəfərə yaxın turist səfər edib. Gürcüstana turist axınlarında ilk 3-lükdə olan ölkənin payı Azərbaycanın göstəricindən xeyli aşağıdır və 2018-ci ildə 45% ətrafında olub. İlk 3–lüyə Azərbaycan, Ermənistan və Rusiya daxildir. Yəni rəqəmlərdən Gürcüstanın turist axınlarını coğrafi baxımdan daha yaxşı diversifikasiya etdiyi görünür.

Təqdim olunan statistika əsasında turizmin inkişafını əks etdirən bir vacib indikatora diqqət yetirmək lazım gəlir: Azərbaycana gələn turistlərin ölkə əhalisinə nisbəti 25% ətrafında olduğu halda, Gürcüstanda 120%-i ötür.

2019-cu ilin 1-ci rübünün rəqəmlərini analiz etdikdə oxşar prosesin davam etdiyi görünür –  Azərbaycana gələnlərin sayı azalır, Gürcüstana gedənlərin sayı artır. Rəsmi statistikanın məlumatına görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında 2.9% azalma qeydə alınıb. Ən çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb. Halbuki həmin dövrdə Gürcüstana gedən əcnəbi turistlərin sayı 2.2% artmışdır. Ən çox artım Çin (59%) Səudiyyə Ərəbistanı (53%) və İsrail (11.5%) vətəndaşları hesabına olub.

Hər halda Azərbaycan turistik potensialı hesabına pul qazanacağını düşünürsə, regiondakı əsas rəqibini yaxından izləməli, onun hansı addımlarla önə çıxdığını nəzərə almalıdır. Məsələn, Gürcüstan hökuməti artıq bu qənaətə gəlib ki, birbaşa təyyarə reysləri olmasa, inkişaf etmiş ölkələrdən kütləvi turist cəlb etmək çətindir. Çünki insanlar Münxendən İstanbula uçub, təyyarəni dəyişib son məntəqəyə çatmağa çox da həvəsli görünmür. Yaxud Qərb ölkələri üçün viza rejiminin qaldırılması həddən artıq önəmli ola bilər. Qısası, bazarlar dəqiqə-dəqiqə izlənməlidir. Əks halda rəqabətdə yalnız uduzmaq var.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.