fbpx

iqtisadiyyat

iqtisadiyyat

Uzunmüddətli perspektivdə qeyri-rəsmi məşğuliyyət dolanışığı yaxşılaşdırırmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Qeyri-bərabər gəlir bölgüsü və dolanışıq haqqında tədqiqatların əksəriyyəti hökumətlərin iş yerləri və maaşlar haqqında statistikasına əsaslanır. İnkişaf etməkdə olan ölkələrdə etibarlı məlumatların azlığı və qeyri-rəsmi iş yerlərinin çoxluğu tez-tez belə tədqiqatların nəticələrinin əsaslılığına  mane olan əsas çatışmazlıqlar kimi göstərilir. Azərbaycan da elə nümunələrdən biridir ki, burada digər faktorlarla yanaşı, bəyan olunmamış gəlirlər, aşağı səviyyələrdəki rüşvət, formal gəlirin azlığı səbəbilə qeyri-rəsmi məşğuliyyət iqtisadiyyatın yarıdan çoxunu əhatə edir və beləliklə, faktiki orta gəliri hesablamaq, demək olar, qeyri-mümkün olur.

Qeyri-formal məşğuliyyət deyəndə hökumət institutlarının rəsmi nəzarətindən kənarda baş verən və bəyan olunmamış iqtisadi fəaliyyətlər nəzərdə tutulur. Bununla belə, qeyri-rəsmi məşğuliyyət, xüsusən inkişaf etməkdə olan ölkələrdə iqtisadi imkanlar yaratdığı və iqtisadi ehtiyaclara cavab olaraq meydana gəldiyi üçün formal sektora əlavə kimi mövcud olur. Qeyri-formal məşğuliyyət real gəlirlərin hesablanmasını çətinləşdirməklə gəlir bərabərsizliyi haqqında tədqiqatlara ciddi şəkildə mane olur, çünki qeyri-formal sektorun mövcudluğu formal sektor haqqında statistikanın tam olmasına imkan vermir. Əksəriyyətdə belə qənaət olur ki, faktiki, real gəlirlər bəyan olunmuş gəlirlərdən yüksəkdir. İndi buradan belə bir sual çıxır ki, həqiqətən də qeyri-formal məşğuliyyət ev təsərrüfatının gəlirini artırmaqla və qənaətbəxş həyat tərzinin davamlılığını təmin etməklə onun uzunmüddətli perspektivdə dolanışığını yaxşılaşdırırmı?

Bu məqalə qeyri-rəsmi məşğuliyyətin və vətəndaşların müvafiq fəaliyyətlərdən əldə etdiyi bəyan olunmamış qeyri-formal gəlirlərinin uzunmüddətli perspektivdə onların dolanışığını yaxşılaşdırıb-yaxşılaşdırmadığını araşdırır. Gəlir qeyri-bərabərliyi ilə qeyri-rəsmi məşğuliyyət arasında əlaqə üç müxtəlif regiondan – Cənub-Şərqi Asiyadan, Mərkəzi Amerikadan və Afrikadan üç inkişaf etməkdə olan ölkənin müqayisəli təhlili əsasında müzakirə ediləcək. Bu inkişaf etməkdə olan ölkələrdən olan məlumatlar göstərir ki, qeyri-rəsmi gəlirlərin dolanışığa müsbət təsiri olmur. Əksinə, gəlir bərabərsizliyini daha da artırır. Belə bir təəssürat yaranır ki, nəzəriyyə və faktiki məlumatlar qeyri-formal məşğuliyyətlə gəlir qeyri-bərabərliyi arasında pozitiv korrelyasiyanın olması məsələsində üst-üstə düşür. Qeyri-rəsmi məşğuliyyət çoxalanda gəlir bərabərsizliyi də artır. Bu məqalə sonda 2020-ci ildə ev təsərrüfatına düşən gəlir statistikasına əsasən, Azərbaycanda qeyri-rəsmi məşğuliyyətin təsirlərini müzakirə edir. Müzakirədə belə bir nəticə hasil olur ki, qeyri-rəsmi məşğuliyyətlərin çoxluğu orta statistik ev təsərrüfatının dolanışığını yaxşılaşdırmır.

İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi məşğuliyyət

Dünya üzrə işləyən insanların təxminən 60%-i qeyri-rəsmi şəkildə məşğuldur və bu faiz inkişaf etməkdə olan ölkələrdə ən yüksək hədlərdədir (ILO 2018). İnkişaf etmiş ölkələrdə gəlirlərin əsas mənbəyi rəsmi məşğulluqdursa, inkişaf etməkdə olan ölkələrdə isə əksinə, qeyri-rəsmi məşğulluq bütün iqtisadi fəaliyyətlərin əksər hissəsini əhatə edir. Bu hissədə bir neçə nümunənin timsalında qeyri-rəsmi məşğulluğun insanların dolanışığına və gəlir bərabərsizliyinə necə neqativ təsir etdiyi göstərilir.

Cənub-Şərqi Asiya ölkələrində qeyri-formal məşğulluğun uzunmüddətli perspektivdə işçilərin dolanışığına təsirinin öyrənilməsi məsələsi tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Regionda işçilərin 68%-i qeyri-rəsmi məşğulluğa cəlb olunmuşdur (ILO 2018). Son iki ildə regiondakı qeyri-rəsmi məşğulluq xüsusilə diqqət mərkəzində olmuşdur, çünki qeyri-formal işçilər əsasən pandemiyanın təsiri ilə gəlirlərin əldə olunmasında baş verən dəyişikliklərdən ən çox əziyyət çəkənlər sırasında yer almışlar. Faktiki olaraq, Cənub-Şərqi Asiya işçiləri dünyada pandemiyadan ən çox əziyyət çəkmiş qrup olmuşlar. Bu qrupun COVİD-19 karantinləri zamanı daha da kasıblaşmasının riski xeyli artmışdır ki, bunun da səbəblərindən biri yığdıqları ehtiyat vəsaitin çox az miqdarda olmasıdır. Lakin bu qrupa daxil olanlar yenə də qeyri-rəsmi iş yerlərinə üz tutmuşlar ki, bu da həmin sektordan kənarda iş tapmaq imkanlarının az olması ilə əlaqədardır. Regionun təhlükəsizlik zənbilinin, sosial təhlükəsizliyinin və maliyyə əlçatımlılığının olmaması səbəbilə bu işçilər bütün dünyanı bürümüş böhrandan ilk əziyyət çəkənlər olmuşlar. Məsələn, Tailandda işçilərin 55%-i qeyri-rəsmi sektorda çalışırlar və  2016-cı ildə bu rəqəm  65% olmuşdur (WIEGO 2021). Lakin bu gəlir bərabərsizliyinə ciddi təsir göstərməmişdir, əhalinin ən varlı 10%-i ilə aşağı 50%-i arasındakı gəlir fərqi isə cüzi artmışdır. Bu müşahidə bir daha o fikri təsdiqləyir ki, qeyri-rəsmi məşğuliyyət uzunmüddətli perspektivdə dolanışığı, maliyyə təhlükəsizliyini və sektordakı işçilərin müstəqilliyini yüksəltmir.

Mərkəzi Amerika da gəlir bərabərsizliyi və qeyri-rəsmi sektorun həcmi arasında pozitiv əlaqə nöqteyi-nəzərindən fərqli durumda deyil. 2000-ci illərin əvvəllərində milli valyuta – pesonun devalvasiya böhranından sonrakı dövrdə Meksika nümunəsi tədqiqatçıların diqqətini xüsusilə cəlb etmişdir (Binelli 2016, Villareal 2010). Makroiqtisadi böhran nəticəsində işsizlik səviyyəsi sürətlə artmış və işsizlik müavinətlərinin yoxluğu şəraitində çoxları yeganə mümkün alternativ kimi qeyri-rəsmi sektora üz tutmuşlar. Məqalənin əvvəlində müzakirə edilən Cənub-Şərqi Asiya nümunəsində göstərildiyi kimi qeyri-rəsmi sektora üz tutmaq məcburiyyət qarşısında baş verən seçimdir. Bundan əlavə, formal sektordan qeyri-rəsmi sektora bu keçid göstərir ki, işçi kütlənin böyük faizi ailəsini dolandırmaq üçün daha aşağı gəlirləri qəbul etmişlər.  Bu situasiya həmçinin onu göstərir ki, həmin işçilər ciddi şəkildə həyat tərzinin adi minimum şərtlərini belə qeyri-rəsmi məşğulluqda hüquqları qoruyan qanunvericiliyin olmaması səbəbilə itirmək təhlükəsi ilə üzləşmişlər. Beləliklə, qeyri-rəsmi sektorda artım daha yüksək gəlir bərabərsizliyinə yol açmışdır (Binelli 2016).

2014-cü il göstəricilərinə görə, Meksikada işçilərin 60%-i qeyri-rəsmi sektorda çalışır. Bu 2000-ci illərin əvvəllərinə aid göstəricilərdən iki dəfə çoxdur, hərçənd ümumi işsizlik faizi nisbətən aşağı, 2008-ci ilin maliyyə böhranından sonrakı dövrdə 5% həndəvərində olmuşdur. Bu onu göstərir ki, 2000-ci illərin əvvəllərindən qeyri-formal iş yerləri ağır ehtiyac zərurətindən daha çox rəsmi iş yerlərinə alternativə çevrilmişdir. İşçilər qeyri-rəsmi sektora heç də yalnız sırf maddi ehtiyac zərurətinin tələbi ilə deyil, daha çox təşəbbüskarlıq şəraitinin daha əlverişli olması səbəbi ilə üz tutmuşlar. Bəzi dövlət proqramları bu iş yerlərinin rəsmiləşdirilməsi məqsədilə universal təqaüd sisteminin, yaxud işsizlik sığortasının tətbiqinə əl atmışlar. Lakin bu səylər, xüsusən COVİD-19 pandemiyası dövründə rəsmi gəlirlərin itirilməsindən sonra qeyri-rəsmi məşğulluğa keçidin asanlaşmasına birbaşa təsir göstərməmişdir (Reuters 2020).

Uqanda qeyri-rəsmi sektorun iqtisadiyyatın 50 faizindən daha artığını təşkil etdiyi nümunələrdən biridir. 2020-ci ilə aid biznes sahiblərinin sorğusunun təhlili göstərir ki, qeyri-rəsmi məşğulluq arxasında başlıca səbəb qeyri-qanuni fəaliyyətlərlə əlaqəli deyil. Realda belə bizneslər rəsmi sektora inteqrasiya oluna bilməyənlər, yaxud sadəcə özləri üçün biznes imkanları qurmaq motivasiyası olanlar tərəfindən yaradılmışdır (Mugoda et al. 2020). Bu onu göstərir ki, əksərən qeyri-rəsmi məşğulluğa ehtiyacdan qurtulmaq vasitəsi kimi müraciətlər yalnız digər imkanlar tamamən tükənən hallarda baş verir. Qeyri-rəsmi məşğulluğun əsas məqsədi iqtisadi imkanların olmadığı şəraitdə çıxış yolu tapmaq olsa da, Uqandanın qeyri-rəsmi məşğulluğu gəlir bərabərsizliyini azaltmağa yardım etmir. Həqiqətən də 2000-2016-cı illər arasında gəlir bərabərsizliyi artaraq 0.428 Gini əmsalına çatmışdır (World Bank 2016). Qeyri-rəsmi məşğulluq əksər hallarda işçinin əsas tələbatlarını belə ödəmək gücündə olmayan gəlir mənbəyi kimi mövcud olur.

Bu üç ölkədən empirik sübutlar göstərir ki, qeyri-rəsmi məşğuliyyət uzunmüddətli perspektivdə dolanışığa və gəlir səviyyəsinə pozitiv təsir göstərmir. Hər üç halda qeyri-rəsmi məşğuliyyət ümumi işçi qüvvəsinin çox hissəsini təşkil edir, yəni işləyən əhalinin böyük bir hissəsi qeyri-rəsmi olaraq işləyir. Əsas məsələ isə odur ki, bir çox halda qeyri-rəsmi işləyənlərin bu sektorda gəlirinin aşağı olmasına baxmayaraq, başqa məqbul seçimi olmur. Qeyri-rəsmi məşğuliyyət ya rəsmi gəlirə əlavə, yaxud yeganə gəlir mənbəyi kimi mövcud olur. Qeyri-formal məşğuliyyətin mənfi tərəfləri, ələlxüsus pandemiya dövründə, qeyri-rəsmi işləyənlərin sosial zənbilinin olmaması səbəbilə daha həssas duruma düşdüyü zaman xüsusən qabarıq şəkildə özünü büruzə vermişdir.

Qeyri-rəsmi məşğuliyyət və onun Azərbaycana təsiri

Əgər qeyri-rəsmi məşğulluq digər inkişaf etməkdə olan ölkələrdə işçiyə və onun ailəsinə dolanışıq üçün uzunmüddətli xeyir gətirmirsə, Azərbaycanda da vəziyyət belədirmi? Yüksək qeyri-rəsmi məşğulluq səviyyəsinin mövcudluğu Azərbaycanda real dolanışıq səviyyəsinin hökumətin rəsmi statistikasının bəyan etdiyindən daha yüksək olduğunu sübut edirmi? Bu suallara cavab axtarmaq məqsədilə biz aşağıda bir neçə hipotezisi test edəcəyik:

HİPOTEZİS: Əgər ölkədə rəsmi iş yerindən orta ev təsərrüfatının gəliri 707, aylıq orta xərcləri isə 923.8 manatdırsa, orta ev təsərrüfatı aylıq xərclərini ödəmək gücündə deyil. Lakin biz bu gəlirlərə qeyri-formal məşğulluqdan gələn qeyri-formal gəlirləri də əlavə etsək, aşağıdakı qənaətlərə gələ bilərik:

Ev təsərrüfatı bütün aylıq xərclərini ödəyə bilər.
• Ev təsərrüfatı gələcək üçün vəsait yığa bilər.
Qeyri-rəsmi məşğuliyyət uzunmüddətli perspektivdə ev təsərrüfatının dolanışığını yaxşılaşdıra bilər.

Son bir neçə ildə orta ev təsərrüfatının gəlir və xərclər statistikasına səthi baxış göstərir ki, orta statistik fərdin rəsmi gəliri ev təsərrüfatının aylıq xərclərini ödəmək üçün kifayət deyil (Dövlət Statistika Komitəsi 2020). Yəni ev təsərrüfatı gəlirini artırmaq üçün qeyri-rəsmi işə təşviq olunur.

Ev təsərrüfatının adambaşına düşən orta büdcəsi (aylıq/AZN) 2019 2020
Xərclər 298.41 297.78
Ümumi gəlir 292.64 291.36
Balans -5.77 -6.42

 

Ev təsərrüfatı böyüdükcə, tutaq ki, ora valideynlər və bir uşaq daxildirsə, vəziyyət daha da pisləşir. Rəsmi statistikaya görə, 2020-ci ildə orta ev təsərrüfatı 4.12 nəfərdən ibarət olub. Deməli, ev təsərrüfatının orta xərcləri də aylıq 1230 manatı keçir, halbuki təsərrüfatın orta gəliri 707 manat olaraq qalır. Müqayisə etdikdə uşaqlı ev təsərrüfatlarının adambaşına düşən aylıq gəliri də uşaqsız ev təsərrüfatlarınkından xeyli aşağı olur- 260 manat 351 manata qarşı.

Bəzi ev təsərrüfatlarına yaşlı valideynlər də daxil olur ki, onların aldığı təqaüdlər xərclərini ödəmir, beləliklə, təsərrüfat üçün əlavə yükə çevrilir. Nəticədə, fərqli tərkibə malik ev təsərrüfatlarını müqayisə etdikdə gəlir və xərclər arasında neqativ balans artır.

Tərkibi 4.12 nəfərdən ibarət olan uşaqlı orta ev təsərrüfatı Hazırkı vəziyyət
Xərclər 1119
Ümumi gəlir 1071
Balans -48

 

Əgər hətta ev təsərrüfatı ümumi xərclərindəki çatışmayan 48 manatı ödəmək üçün qeyri-rəsmi gəlir əldə edirsə belə, qeyri-rəsmilik qeyri-stabilliklə əlaqədar başqa problemlərin yaranmasına gətirib çıxarır. Rəsmi məşğulluqdan fərqli olaraq qeyri-rəsmi məşğulluq içində qeyri-müəyyənlik elementi olan gəlir gətirir. Hər ay qeyri-müəyyən qeyri-rəsmi gəliri olmaq şəxsin, yaxud ev təsərrüfatının uzunmüddətli dolanışığını həqiqətən təmin edirmi? Daimi olaraq hər ay eyni miqdarda gəlir əldə edə bilməmək riski olur ki, bu da ev təsərrüfatını mikrokredit kimi əlavə gəlir mənbəyi axtarmağa vadar edir. (Mehralizadeh 2020).

Bundan əlavə, əgər ev təsərrüfatının qeyri-rəsmi aylıq gəliri aylıq xərclərindən çoxdursa belə, artıq qalan hissə heç də həmişə əlavə davamlı mallara xərclənməyə bilər. Çünki növbəti ayın qeyri-rəsmi gəliri aşağı ola bilər, buna görə də artıq qalan hissənin istirahətə, yaxud digər mallara xərclənməsindənsə, gələn aya saxlanması stimulu daha böyük olur. Yəni qeyri-rəsmi, yaxud qarışıq məşğuliyyətə xas qeyri-müəyyənlik səbəbilə xərcə ayrılmış gəlir artmadığından bu, dolanışığın uzun müddətli perspektiv üçün yaxşılaşdırılmasına rəvac vermir. İşçilərin qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçə bilməməsi uzunmüddətli perspektivdə dolanışıqlarının yaxşılaşmasına mənfi təsir edir.

Azərbaycanda orta gəlirlə orta xərc arasında neqativ balans yarandığından müzakirə edilməli olan üçüncü məsələ qeyri-rəsmi gəlirlə kasıblıq arasında əlaqədir. Tədqiqatlar göstərir ki, iqtisadiyyatda qeyri-rəsmi məşğulluğun yüksək payının kasıblığın yüksək səviyyəsi ilə əlaqəsi vardır (OECD/ILO 2019). Bu korrelyasiyada səbəb-nəticə əlaqəsi olmasa da, hər halda bir şey aydındır ki, qeyri-rəsmi gəlir kasıb ev təsərrüfatlarının uzun müddət üçün dolanışığının yaxşılaşmasına kömək etmir.

Azərbaycanda kasıblıq səviyyəsi ilə qeyri-rəsmi iqtisadiyyat statistikalarını müqayisə etdikdə rəqəmlərdə uyğunsuzluq nəzərə çarpır. Təxmini hesablamalar Azərbaycanda qeyri-rəsmi məşğulluğun miqyasının 2017-ci ildə 50% ətrafında olduğunu göstərirdi ki  (Medina & Schneider 2019), bu da  ÜDM-in yarısının bəyan edilməməsi və qeyri-rəsmi məşğulluq nəticəsində formalaşması deməkdir.  Yəni 2020-ci ildə rəsmi ÜDM-in üstünə daha 20 milyard ABŞ dolları əlavə oluna bilərdi ki, bu da qeyri-rəsmi iqtisadiyyatda paylanmanın qeyri-bərabərliyini (yəni yüksək səviyyəli korrupsiya və rüşvətxorluğu) hesaba almadan adambaşına hər ay daha 300 manat demək olardı.

İndiki 50% 2000-ci illərin əvvəllərindəki 61%-dən daha aşağı rəqəm olsa da (Guliyev 2015), hər halda əhalinin uzunmüddətli dolanışığına ciddi mənfi təsir göstərə biləcək kifayət qədər böyük paydır. Bu böyük faiz göstərir ki, əhalinin böyük bir hissəsi ya özünün yeganə məşğuliyyəti, yaxud özünün aşağı rəsmi gəlirlərinə əlavə kimi qeyri-rəsmi məşğuliyyətə üz tutur. Nəticədə gəlir-xərclər statistikasına baxmadan da belə bir məntiqi qənaətə gəlmək mümkündür ki, həmin əhali hər ay özünün əsas gündəlik tələblərini ödəmək üçün əziyyət çəkir. Halbuki rəsmi rəqəmlərə görə, 2005-ci ilin 29%-i ilə müqayisədə cəmi 6% rəsmi kasıblıq həddindən (2020-ci ildə 194.9 AZN) aşağı gəlirlə yaşayır. 6% kiçik rəqəm olmasa da, hər halda 15 il əvvəlkindən 30% aşağıdır.

Sual: Əgər qeyri-rəsmi məşğuliyyət uzun müddətli perspektivdə dolanışığa mənfi təsir göstərirsə, kasıblıq necə azala bilər?

Bir mümkün cavab rəqəmlərlə manipulyasiyadır. Əgər biz Azərbaycanda rəsmi gəlir statistikasının şişirdildiyini qəbul etsək, onda bu statistikanı sadəcə etibarsız hesab etmək olar. Belə olan halda inandırıcıdır ki, gəlir və xərclər arasındakı real fərqlər rəsmi statistikanın göstərdiyindən daha çoxdur. Bu, sözsüz ki, ən rahat gəlinə biləcək qənaətdir. Lakin bu, uyğunsuzluğun yeganə izahı deyil.

Kasıblıq həddi, yaxud yaşayış üçün minimum gəlir iqtisadiyyatın necə inkişaf etdiyini, həmçinin uzunmüddətli dolanışığın əhalinin əksəriyyəti üçün necə əlverişli olduğunu ölçməyə yararlı olan qənaətbəxş bir vasitədir. Kasıblıq həddindən aşağı yaşayan əhalinin sayı azaldıqca ölkədə gəlir bərabərsizliyi də azalır.  Ancaq bu ölçü vasitəsi mənzərəni tam göstərmir. Azərbaycanda yuxarıda verilmiş orta ümumi xərclərlə gəlirlər arasındakı fərqləri nümayiş etdirən cədvəldən də göründüyü kimi, ev təsərrüfatlarının böyük faizinin kasıblığa yaxın həddə yaşadığını iddia etmək daha doğru olar. Orta ev təsərrüfatı aylıq xərclərini ödəyə bilmir və gəlirini artırmaq üçün güman ki, qeyri-rəsmi məşğuliyyətə üz tutur. Buradan əldə olunan əlavə gəlir əksər hallarda xərcləri ödəməyə kifayət etsə də, ona xas qeyri-müəyyənlik orta ev təsərrüfatını kasıblığın sərhədlərində saxlayır.  Gəlirlərinin xərclərini ödəyəcəyinə əmin olmayan ev təsərrüfatı hər an kasıblıqla üzləşə bilər.

Nəticə əvəzi

Qeyri-rəsmi məşğuliyyət orta ev təsərrüfatının dolanışığının yaxşılaşmasını təmin etmir. Adambaşına düşən gəlir və xərclər arasında neqativ balansdan, həmçinin qeyri-formal gəlirə xas qeyri-stabillikdən belə bir qənaətə gəlmək mümkündür ki, qeyri-rəsmi məşğuliyyət ev təsərrüfatının maliyyə vəsaitinin artmasına və rifahına heç bir pozitiv təsir göstərmir. Əksinə, o, ev təsərrüfatını daha problemli situasiyaya sala və beləliklə, işçinin həyatına daha çox qeyri-stabillik gətirə bilər.

Ədəbiyyat:

Aghayev, R. (2020). The Threat of an Economic Crisis: Risks for Households. Baku Research Institute. https://bakuresearchinstitute.org/en/iqtisadi-bohran-t%C9%99hluk%C9%99si-ev-t%C9%99s%C9%99rrufatlari-ucun-riskl%C9%99r/

Aghayev, R. (2018) Statistics that can’t hide the reality. Baku Research Institute. https://bakuresearchinstitute.org/en/azerbaijan-gercəkləri-gizlədə-bilməyən-statistikamiz

Binelli, C. (2016) Wage inequality and informality: evidence from Mexico. IZA Journal of Labor & Development, Issue 5:5.

Friedrich-Ebert-Stiftung Uganda, Akina Mama wa Afrika Kampala. (2020) From the Margins to the Centre: Discourses on the Impact of the COVID-19 Pandemic on Women in Uganda. Edited by Maria Alesi and Leah Eryenyu. http://library.fes.de/pdf-files/bueros/uganda/17364.pdf

Guliyev, F. (2015) The Informal Economy in Azerbaijan. Caucasus Analytical Digest, n.7. https://www.files.ethz.ch/isn/192445/CaucasusAnalyticalDigest75.pdf

ILO. (2018) Women and men in the informal economy: A statistical picture. https://www.ilo.org/global/publications/books/WCMS_626831/lang–en/index.htm

Medina, L., Schneider, F. (2019) Shedding Light on the Shadow Economy: A Global Database and the Interaction with the Official One. CESifo Working Papers.

Mehralizadeh, F. (2020) Why Are Consumer Loans on the Rise? Baku Research Institute. https://bakuresearchinstitute.org/en/why-are-consumer-loans-on-the-rise/

Mugoda, S., Esakun S., Nakimu, R. K., Bbaale, E. (2020) The portrait of Uganda’s informal sector: What main obstacles do the sector face? Cogent Economics & Finance, 8:1.

Nahmadova, F. (2020) Housing and Wealth Inequality in Azerbaijan: A Statistical Analysis of Real Estate Prices in Baku. Baku Research Institute. https://bakuresearchinstitute.org/en/housing-and-wealth-inequality-in-azerbaijan-a-statistical-analysis-of-real-estate-prices-in-baku/

OECD/ILO. (2019) Chapter 3. Risks and vulnerabilities in the informal economy. Tackling vulnerability in the informal economy. https://www.oecd-ilibrary.org/docserver/2cfd8904-en.pdf?expires=1633465504&id=id&accname=guest&checksum=453B71455549172E50E3FDB905300BDC

Reuters. (2020) Mexico loses 12 million jobs, workers in informal sector grow. https://www.reuters.com/article/us-mexico-unemployment-idUSKBN24137C

State Statistical Committee of Azerbaijan. (2020) Labour Market. https://www.stat.gov.az/source/labour/?lang=en

Villareal, A. M. (2010). The Mexican Economy After the Global Financial Crisis. CRS Report for Congress. https://sgp.fas.org/crs/row/R41402.pdf

WIEGO. (2021) COVID-19 Crisis and the Informal Economy: Informal Workers in Bangkok, Thailand. https://www.wiego.org/publications/covid-19-crisis-and-informal-economy-informal-workers-bangkok-thailand

World Bank. (2016) Gini index (World Bank estimate) – Uganda. https://data.worldbank.org/indicator/SI.POV.GINI?end=2016&locations=UG&start=2015

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.