fbpx

TRANSLATION

TRANSLATION

Materiyanın təbiəti

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin üçüncü hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Əvvəlki fəsildə tam sübut edə bilmək üçün əsaslar tapa bilməməyimizə baxmayaraq, razılığa gəldik ki, hissi verilənlərimizin – məsələn, mənim stolumla assosiasiya olunmuş hesab etdiklərimizin – əslində, bizdən və qavrayışlarımızdan asılı olmayan bir nəsnənin mövcudluğunun nişanəsi olmasına inanmaq rasionaldır. Yəni, stolun təzahürünü təşkil edən rəng, bərklik, səs və digər duyğulardan əlavə, güman edirəm ki, bu təzahürlərin aid olduğu  başqa nəsə də var. Gözlərimi bağlasam, rəng; əlimi stoldan çəksəm, bərklik duyğusu; stolu yumruğumla taqqıldatmağı dayandırsam, səs mövcudluğunu durduracaq. Ancaq inanmıram ki, bütün bu şeylər dayandıqda stolun da mövcudluğu dayanar. Əksinə, inanıram ki, stolun davamlı mövcudluğu səbəbindəndir ki, gözlərimi açdıqda, əlimi stola yenidən toxundurduqda və onu yenidən yumruqlarımla taqqıldatmağa başladıqda bütün bu hissi verilənlər yenidən təzahür olur. Bu fəsildə nəzərdən keçirməli olduğumuz sual budur: Qavramağımdan asılı olmadan mövcudluğuna davam edən bu gerçək stolun təbiəti nədir?

Fizika elmi bu suala cavab verir. Doğrudur, cavab bir qədər natamam və hələ də qismən hipotetikdir, ancaq bununla belə diqqətəlayiqdir. Bilərəkdən və ya bilməyərəkdən, fizika elmi bu baxışa gəlib çıxıb ki, bütün təbii fenomenləri hərəkətlərə müncər etmək lazımdır. İşıq, istilik və səs dalğaların hərəkətlərinə görə baş verir; o dalğalar ki, onları buraxan cisimlərdən ayrılaraq, işığı görən, istiliyi hiss edən və ya səsi eşidən şəxslərə doğru hərəkət edir. Dalğavari hərəkət edənin özü isə ya efirdir, ya da “kobud maddə”; bununla belə, hər iki halda filosof onu materiya adlandırar. Elmin ona aid etdiyi xüsusiyyətlər yalnız məkandakı mövqe və hərəkət qanunlarına əsasən, hərəkət gücüdür. Elm onun başqa xüsusiyyətləri ola biləcəyini inkar etmir; ancaq əgər onun başqa xüsusiyyətləri də varsa, onlar elm adamına faydalı və fenomenləri izah etməkdə heç bir halda köməkçi deyil.

Bəzən deyirlər ki, “işıq dalğavari hərəkətin bir formasıdır”; ancaq bu fikir yanıldıcıdır, çünki hisslərimiz vasitəsilə birbaşa olaraq gördüyümüz işıq dalğavari hərəkət forması deyil, nəsə tam başqa, kor deyiliksə, hamımızın biləsi olduğu, bununla belə kor adama təsvir edərək çatdıra bilməyəcəyimiz bir şeydir. Bunun əksinə olaraq, dalğavari hərəkət kor insan üçün də yaxşıca izah oluna bilər, çünki o, məkan haqqında bilikləri lamisə hissi ilə əldə edə bilər; o, dalğavari hərəkəti dənizdə səyahət zamanı, demək olar, bizim qədər təcrübə edə bilər. Lakin bir kor insanın başa düşə biləcəyi bu nəsnə “işıq” dedikdə nəzərdə tutduğumuz nəsnə deyil. “İşıq” dedikdə biz sadəcə kor insanın heç vaxt başa düşə bilmədiyi və ona təsvir edilə bilməyən bir nəsnəni nəzərdə tuturuq.

Kor olmayan hər kəsin bildiyi bu nəsnə elmə görə, əslində, xarici dünyada tapılası deyil. Bu, müəyyən dalğaların fəaliyyətinin işığı görən insanın gözlərinə, sinirlərinə və beyninə təsiri səbəbindən yaranan bir şeydir. “İşıq dalğalardır” deyildikdə, əslində, nəzərdə tutulan dalğaların işıq duyğularımızın fiziki səbəbləri olmasıdır. Amma görmə qabiliyyəti olan insanların yaşadığı və kor insanların yaşaya bilmədiyi şeyin özü, yəni işıq barədə elm güman etmir ki, o, dünyanın bizdən və hisslərimizdən müstəqil olan hər hansı bir hissəsini təşkil edir. Çox oxşar qeydləri digər növ duyğular haqqında da etmək olar.

Elmin maddi dünyasında yeri olmayan tək rənglər, səslər və s. deyil, həm də görmə və ya toxunma vasitəsilə əldə etdiyimiz məkandır. Elm üçün mühümdür ki, materiya məkanda olsun, ancaq onun yer aldığı məkan tam olaraq bizim gördüyümüz və ya hiss etdiyimiz məkan ola bilməz. Ondan başlayaq ki, bizim gördüyümüz məkan toxunma hissi ilə əldə etdiyimiz məkanla eyni deyil. Yalnız uşaq yaşlarındakı təcrübə əsasında öyrənirik ki, gördüyümüz şeylərə necə toxunmaq və ya bizə toxunduğunu hiss etdiyimiz şeyləri necə görmək olar. Ancaq məkan haqqındakı elm toxunma və görmə baxımından neytraldır; deməli, o, nə toxunmanın məkanı, nə də  görmənin məkanı ola bilməz.

Yuxarıda qeyd edildiyi kimi, müxtəlif insanlar nəzər nöqtələrinə əsasən eyni obyekti müxtəlif formalarda görürlər. Məsələn, dəyirmi qəpik, baxmayaraq ki, biz həmişə onun dəyirmi olduğunu düşünməliyik, bizim düz qarşımızda olmayınca oval görsənəcək. Qəpiyin dəyirmi olduğunu düşündükdə onun təzahür olmayan, ancaq təzahüründən fərqli, daxilən ona xas gerçək bir forması olduğunu düşünürük. Lakin elmin maraqlandığı bu gerçək forma kiməsə təzahür olan məkanla eyni olmayan gerçək bir məkanda olmalıdır. Gerçək məkan publikdir, təzahür olan məkan isə qavrayana görə fərdidir. Müxtəlif insanların fərdi məkanlarında eyni obyekt müxtəlif formalara malik kimi görünür; deməli, obyektin gerçək formaya malik olduğu gerçək məkan fərdi məkanlardan fərqli olmalıdır. Ona görə də məkan haqqında elm, gördüyümüz və hiss etdiyimiz məkanlarla əlaqəli olmasına baxmayaraq, onlarla eyni deyil; bu əlaqə üsulu araşdırma tələb edir.

İlkin olaraq razılığa gəldik ki, fiziki obyektlər hissi verilənlərimizlə tam oxşar ola bilməz, lakin onları duyğularımızın səbəbi kimi nəzərdən keçirmək mümkündür. Bu fiziki obyektlər elmin məkanına aiddir və bu məkanı “fiziki” məkan adlandırmaq olar. Qeyd etmək vacibdir ki, əgər duyğularımıza səbəb fiziki obyektlər olmalıdırsa, bu obyektləri və bizim hiss orqanlarımızı, sinirlərimizi və beynimizi saxlayan fiziki məkan da olmalıdır. Biz obyektdən toxunma duyğusunu onunla kontaktda olduqda, yəni fiziki məkanda bədənimizin bir hissəsi obyektin tutduğu məkana lap yaxın yerləşdikdə əldə edirik. Obyekti biz (kobud desək)  onunla gözümüz arasındakı fiziki məkanda işıq keçirməyən cisim olmadıqda görürük. Oxşar olaraq, yalnız obyekti o zaman eşidir, iyləyir və ya dadırıq ki, biz ona kifayət qədər yaxınıq və ya o, dilə dəyir, yaxud da fiziki məkanda bədənimizə uyğun bir vəziyyətə malikdir. Obyekt və bədənimizin hər ikisini bir fiziki məkanda nəzərdən keçirməyincə, biz deyə bilmərik ki, müxtəlif şərtlər altında müəyyən bir obyektdən hansı duyğuları əldə edəcəyik, çünki obyektdən hansı duyğuları əldə edəcəyimizi əsasən obyekt və bədənimizin bir-birinə münasibətdə mövqeləri müəyyən edir.

Hissi verilənlərimiz fərdi məkanlarımızda – ya görmə məkanında, ya da toxunma məkanında, ya da ki, başqa hisslərin bizə verə biləcəyi daha qeyri-müəyyən məkanlarda yerləşir. Elm və sağlam düşüncənin güman etdiyi kimi, fiziki obyektlərin yerləşdiyi hər şeyi əhatə edən bir publik məkan varsa, fiziki obyektlərin fiziki məkandakı nisbi mövqeləri fərdi məkanlarımızdakı hissi verilənlərin nisbi mövqelərinə az və ya çox dərəcədə uyğun gəlməlidir. Belə halın olmasını güman etməkdə çətinlik yoxdur. Əgər yolda bir evi digərinə münasibətdə bizə daha yaxın görsək, bizim digər hisslərimiz də bunu təsdiqləyəcək; məsələn, əgər yol boyu irəliləsək, həmin evə daha tez çatarıq. Digər insanlar razılaşar ki, bizə daha yaxın görünən ev daha yaxındır; xəritə də bunu təsdiqləyər. Deməli, hər şey bu fikrə gəlməyə əsas verir ki, evlər arasındakı məkan əlaqəsi onlara baxdıqda gördüyümüz hissi verilənlər arasındakı əlaqəyə uyğundur. Deməli, güman edə bilərik ki, fiziki məkan vardır və orada fiziki obyektlər fərdi məkanlarımızdakı müvafiq hissi verilənlərin məkan əlaqələrinə uyğun gələn məkan əlaqələrinə malikdir. Həndəsənin məşğul olduğu, fizika və astronomiyada nəzərdən keçirilən fiziki məkan məhz budur.

Bəs, güman etsək ki, fiziki məkan var və fərdi məkanlarımıza göstərilən şəkildə uyğundur, biz onun haqqında nə bilə bilərik? Biz yalnız uyğunluğu təmin etmək üçün nə tələb olunur, onu bilə bilərik. Yəni biz onun özlüyündə necə olduğu haqqında heç nə bilə bilmərik, amma fiziki obyektlərin öz aralarındakı məkan əlaqələrinə əsasən onların necə yerləşdiklərini bilə bilərik. Məsələn, biz bilə bilərik ki, gün tutulması zamanı Yer, Ay və Günəş bir xətdə yerləşir;  baxmayaraq ki, düz xəttin vizual məkanımızdakı görünüşünü bildiyimiz kimi fiziki düzün özlüyündə nə olduğunu bilə bilmərik. Beləliklə, fiziki məkandakı məsafələrin əlaqələri haqqında daha çox bilmiş oluruq, nəinki məsafələrin özləri haqqında; biz bilə bilərik ki, bir məsafə digərindən uzundur və ya o da digəri kimi düz xətt boyuncadır, ancaq fərdi məkanlarımızdakı məsafələrlə və ya rəng, səslər və digər hissi verilənlərlə olduğu kimi fiziki məsafələrlə birbaşa tanışlığımız ola bilməz. Biz fiziki məkan haqqında olan bütün bu şeyləri anadan kor doğulmuş insanın görmə məkanı haqqında digər insanlar vasitəsilə bilə bildiyi kimi bilə bilərik; ancaq anadan kor doğulmuş insanın görmə məkanı haqqında heç vaxt bilə bilmədiyi şeyləri biz də fiziki məkan haqqında bilə bilmərik. Biz hissi verilənlərlə uyğunluğu saxlamaq üçün gərəkli olan əlaqələrin xüsusiyyətlərini bilə bilərik, ancaq əlaqədə olan tərəflərin təbiətini bilə bilmərik.

Zamana gəldikdə, bizim müddət və ya zaman axını hissimiz saatda ifadə olunan zamanla bağlı aşkar şəkildə uyğunsuz təsəvvür yaradır. Darıxdıqda və ya ağrıdan əziyyət çəkdikdə zaman yavaş keçir, xoşagələn yaşantılar yaşadıqda sürətli; yatdıqda isə zaman elə keçir ki, elə bil o, heç mövcud olmayıb. Beləliklə, nə qədər ki, zaman müddətdən təşkil olunub, məkan halında olduğu kimi, burada da publik və fərdi zamanı fərqləndirmək zərurəti vardır. Ancaq nə qədər ki, zaman əvvəl və sonra nizamında şərtlənir, belə bir fərqləndirmə aparmağa ehtiyac yoxdur; hadisələrin təzahür olunan zaman nizamı, görə bildiyimiz qədəri ilə, onların malik olduğu zaman nizamı ilə eynidir. Hər halda, bu iki nizamın eyni olmamasını güman etməyə heç bir əsas təqdim edilə bilməz. Eynisi adətən məkan haqqında da doğrudur. Əgər bir alay əsgər yol boyu hərəkət edirsə, alayın forması müxtəlif baxış bucaqlarından müxtəlif cür görünəcək, ancaq əsgərlər bütün baxış bucaqlarından eyni nizamda düzülmüş kimi təzahür olacaq. Ona görə biz nizamı fiziki məkan üçün də keçərli hesab edirik; formanın isə fiziki məkana uyğun olması yalnız  o zaman güman edilir ki, nizamın saxlanması tələb olunur.

Hadisələrin görünən zaman nizamı onların gerçək zaman nizamı ilə eynidir – dedikdə, mümkün anlaşılmazlığı nəzərə almaq zəruridir. Güman edilməməlidir ki, fərqli fiziki obyektlərin müxtəlif vəziyyətləri həmin obyektlərin qavranılmasını təşkil edən hissi verilənlərlə eyni zaman nizamına malikdir. Fiziki obyektlər kimi nəzərdən keçirildikdə göy gurultusu və ildırım eyni vaxtda baş verir; bu, o deməkdir ki, ildırım havanın tərəddüdü ilə tərəddüdün başlandığı yerdə, yəni ildırımın olduğu yerdə, eyni anda baş verir. Ancaq havanın tərəddüdü biz olduğumuz yerə gəlib çatmayınca, göy gurultusunu eşitmə adlandırdığımız hissi verilən yaşanmır. Oxşar olaraq, Günəş işığının bizə gəlib çatması təqribən səkkiz dəqiqə vaxt alır. Deməli, Günəşi gördükdə səkkiz dəqiqə əvvəlin Günəşini görmüş oluruq. Hissi verilənlərimiz fiziki Günəşlə bağlı şəhadət verdiyi qədəri ilə, səkkiz dəqiqə əvvəlki Günəşlə bağlı da şəhadət verir; əgər Günəş son səkkiz dəqiqə içində mövcudluğunu dayandırmış olsaydı, bunun “Günəşi görmə” adlandırdığımız hissi verilənlər üçün heç bir fərqi olmazdı. Bu, fiziki obyektləri hissi verilənlərdən fərqləndirmək zərurətini bir daha nümayiş etdirir.

Məkanla bağlı aşkarladığımız hissi verilənlərlə onların fiziki obyektlərinə uyğunluğu ilə bağlı aşkarladıqlarımızla xeyli dərəcədə eynidir. Əgər bir obyekt mavi, digəri isə qırmızı görünürsə, biz əsaslı olaraq güman edə bilərik ki, bu fiziki obyektlər arasında hansısa müvafiq fərq vardır; yox, əgər hər iki obyekt mavi görünürsə, onda biz müvafiq oxşarlığın olduğunu güman edə bilərik. Lakin biz fiziki obyektin mavi və ya qırmızı görünməsini mümkün edən keyfiyyət ilə birbaşa tanış olmağa ümid edə bilmərik. Elm bizə deyir ki, bu keyfiyyət müəyyən növ dalğavari hərəkətdir. Və bu, tanış səslənir, ona görə ki, biz dalğavari hərəkəti gördüyümüz məkanda təsəvvür edirik. Lakin dalğavari hərəkətlər əslində, birbaşa tanışlığa malik olmadığımız fiziki məkanda olmalıdır; ona görə, gerçək dalğavari hərəkətlər onları təsəvvür etdiyimiz kimi deyil. Rənglərlə bağlı deyilənlər digər hissi verilənlərlə bağlı deyilənlərə çox oxşardır. Beləliklə, biz o nəticəyə gəlirik ki, fiziki obyektlərin əlaqələrinin bilinən bütün növ hissi verilənlərin əlaqələri ilə uyğunluqlarından çıxarılan xüsusiyyətlərinin olmasına baxmayaraq, onların özlərinin daxili təbiətləri, ən azı hisslər vasitəsilə aşkarlana bildiyi qədərilə, bilinməz qalır. Onların daxili təbiətinin aşkarlanması üçün fərqli bir metodun olub-olmaması ilə bağlı sual açıq qalmaqdadır.

Vizual hissi verilənlərə bağlı fundamental, əsaslandırılmış olmasa belə, ilk baxışdan ən təbii görünən fərziyyə bu olardı ki, nəzərdən keçirməkdə olduğumuz səbəblərə görə fiziki obyektlərin hissi verilənlərlə tam oxşar ola bilməməsinə baxmayaraq, onlar arasında az və ya çox dərəcədə oxşarlıq ola bilər. Bu baxışa görə, məsələn, fiziki obyektlərin həqiqətən rəngləri var və xoşbəxtlikdən biz obyektin rəngini olduğu kimi görə bilərik. İstənilən an üçün obyektlərin görünən rəngi müxtəlif baxış bucaqlarından, tam eyni olmasa da, ümumilikdə çox oxşar olacaq; demək, biz “gerçək” rəngi müxtəlif baxış bucaqlarından təzahür edən fərqli rəng tonları arasında orta rəng tonu hesab edə bilərik.

Belə bir nəzəriyyəni, yəqin ki, tam olaraq inkar etmək mümkün deyil; lakin onun əsassız olduğu göstərilə bilər. Aydın olandan başlayaq ki, gördüyümüz rəng yalnız gözlərimizə düşən işıq dalğalarının təbiətindən asılıdır və buna görə də o, bizimlə obyekt arasındakı mühit tərəfindən, həmçinin işığın obyekt tərəfindən göz istiqamətində əks olunması üsuluna görə, dəyişikliyə məruz qalır. Aradakı hava tam aydın olmadıqda rəngləri dəyişdirir və istənilən güclü əksolunma rəngləri tamamilə dəyişdirəcək. Beləliklə, gördüyümüz rəng sadəcə şüanın əks olunduğu obyektin xüsusiyyəti deyil, gözlərimizə düşən şüaların nəticəsidir. Beləliklə, dalğaların başlanğıcını aldığı obyektin rəngi olub-olmamasından asılı olmayaraq, gözlərimizə müəyyən dalğalar düşürsə, biz müəyyən bir rəng görəcəyik. Deməli, fiziki obyektlərin rəngi olduğunu güman etmək olduqca əbəsdir və belə bir güman etməyə əsas yoxdur. Tamamilə oxşar arqumentləri digər hissi verilənlərə də aid etmək olar.

Sual etməyə bir o qalır ki, materiya gerçəkdirsə, onun təbiətinin filan cür olmalı olduğunu iddia etmək üçün ümumi fəlsəfi arqumentlər varmı? Yuxarıda izah edildiyi kimi, filosofların çox böyük əksəriyyəti, yəqin ki, ən çoxları, hesab ediblər ki, gerçək olan hər nədirsə, yaxud da, istənilən halda, haqqında nəsə bilə bildiyimiz hər nəsə müəyyən mənada zehni olmalıdır. Belə filosofları “idealistlər” adlandırırlar. İdealistlər bizə deyirlər ki, materiya kimi görünən, əslində, nəsə zehni bir şeydir; yəni o, ya (Laybnisin qeyd etdiyi kimi) az və ya çox dərəcədə ibtidai zehinlərdir, ya da (Berklinin iddia etdiyi kimi) zehindəki ideyalardır – o zehin ki, materiyanı, adətən ifadə etdiyimiz kimi desək, “qavrayır”.  Beləliklə, idealistlər materiyanın zehindən daxilən fərqli nəsnə olaraq mövcudluğunu inkar edirlər; hərçənd, onlar inkar etmirlər ki, bizim hissi verilənlərimiz fərdi duyğularımızdan müstəqil mövcud olan nəyinsə nişanələridir. Növbəti fəsildə biz idealistlərin öz nəzəriyyələrinin xeyrinə inkişaf etdirdikləri, mənim fikrimcə qüsurlu olan arqumentlərini qısaca nəzərdən keçirəcəyik.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.