Dayanqlı inkişafın vacib şərtlərindən biri də regionlararası iqtisadi tarazlığın təmin edilməsidir. Azərbaycan reallığında isə vəziyyət daha mürəkkəbdir: problem təkcə müxtəlif tarixi, sosial-mədəni, təbii-coğrafi və siyasi səbəblər üzündən ayrı-ayrı regionlar arasında iqtisadi tarazlığın pozulması ilə məhdudlaşmır. Ölkə sosial-iqtisadi inkişaf səviyyəsinə görə bir-birindən tamamən fərqli iki qütbə bölünüb. Bir qütbdə coğrafi baxımdan ölkə ərazisinin cəmi 5%-ni təşkil edən, lakin ölkənin iqtisadi potensialının ən azı 75-80%-nə sahib olan Bakı və Abşeron yarımadası, digər qütbdə isə ölkə coğrafiyasının 95%-ni əhatə edən, amma ölkə iqtisadiyyatında cəmi 20-25% payı olan əyalətlər dayanır.

Paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqlər 2000-ci illərin əvvəllərindən böyük neft pullarının ölkəyə axması ilə daha da artdı. Halbuki bu dövrdə hökumət regionların inkişafını özünün əsas prioritetlərindən biri elan etmiş, 2004-2018-ci illərdə bu istiqamətdə üç dövlət proqramı qəbul olunmuşdu. Bu dövrdə regionların sosial, kommunal, rabitə və nəqliyyat infrastrukturu ilə təminatı xeyli yaxşılaşdırılsa da, iqtisadi inkişafdakı fərqləri (xüsusilə milli gəlirin yaranması, dövlət büdcəsinin formalaşması, ixrac gəlirlərinin əldə olunması və s.) aradan qaldırmaq hələ də mümkün olmayıb. Səbəb odur ki, infrastrukturu böyük sərmayələr hesabına yaxşılaşdırmaq mümkündür. Müxtəlif qiymətləndirmələrə görə, son 15 ildə regionlara yönəldilmiş sərmayələrin ümumi həcmi 60 milyard manatı ötüb ki, bu məbləğin də əhəmiyyətli hissəsi məhz infrastruktur layihələri vasitəsilə xərclənib. Doğrudur, keyfiyyətli infrastruktur regionlarda baza əmtəə və xidmətlərə bütün əhalinin bərabər çıxışına şərait yaradır. Lakin iqtisadi inkişaf üçün ərazinin tələbatına uyğun investisiya imkanlarının mövcudluğu kafi şərt deyil. Uğurlu bölgə inkişafı təcrübələri göstərir ki, tarazlı regional inkişafın təmin edilməsi, paytaxt və əyalətlər arasında kəskin iqtisadi fərqlərin aradan qaldırılması üçün əlverişli biznes mühitinin mövcudluğu vacibdir. Səmərəli idarəetmə, ilk növbədə bölgə səviyyəsində çevik iqtisadi qərarlar qəbul edə bilən yerli özünüidarəetmə sistemi olmadıqca əlverişli biznes mühitinin formalaşdırılması da çətindir.

Azərbaycan hökuməti ildə bir dəfə ictimaiyyətə regionların inkişaf proqramının icrasına dair hesabat təqdim edir. Lakin həmin hesabatlarda regionlar arasında, regionlarla paytaxt arasında sosial-iqtisadi inkişaf fərqləri, bu fərqlərin azalmasının dinamikası barədə informasiyalar ümumiyyətlə yer almır. Reallıqda bu fərqlər hansı səviyyədədir? Mövcud statistika bu sualı hərtərəfli cavablandırmağa imkan vermir. Məsələn, ayrı-ayrı regionlar üzrə ixracın həcmi, yoxsulluq səviyyəsi, istifadə olunan kommunal xidmətlərin həcmi kimi vacib məlumatlar açıq informasiya mənbələrində yoxdur. Bununla belə, təqdim edilən analizdə əldə olan məlumatlara əsasən regionlar və paytaxt arasında sosial-iqtisadi fərqlərin miqyası araşdırılıb.

Məhsul və xidmət istehsalının səviyyəsindəki fərqlər

Rəsmi statistika Bakı şəhəri istisna olunmaqla heç bir bölgə və iqtisadi rayon üzrə Ümumi Daxili Məhsul (ÜDM) göstəricisini hesablamır. Əvəzində bütün inzibati və iqtisadi rayonlar üzrə ümumi məhsul buraxılışına dair informasiyalar açıqlanır. Əslində, məhsul buraxılışının coğrafi ərazilər üzrə həcmi bölgələrin iqtisadi potensialı arasında fərqləri görmək üçün kifayət qədər mühüm göstəricidir. 2017-ci ilin nəticələrinə görə, iqtisadiyyat üzrə ümumi məhsul buraxılışnın həcmi 77.6 milyard manat təşkil edib ki, bunun da 55.4 milyard manatı və ya 71.4%-i Bakı şəhərinin payına düşür. “Böyük Bakı” adlandırılan coğrafi ərazi (Sumqayıt şəhəri və Abşeron rayonu daxil) üzrə ümumi məhsul buraxılışının həcmi 57.7 milyard manat (iqtisadiyyat üzrə ümumi göstəricinin 74.4%-i) təşkil edib.

 

İqtisadiyyat üzrə ümumi məhsul buraxılışında Bakı və regionların payı (2017-ci il), %-lə

İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə məhsul istehsalında paytaxt və paytaxtətrafı ərazilərin payı daha yüksəkdir. Məsələn, Bakı və Abşeron yarımadasının payına sənaye üzrə ümumi məhsul buraxılışının 90.4%-i, nəqliyyat sektoru üzrə buraxılışın 94.1%-i, rabitə sektoru üzrə buraxılışın 94.4%-i, ticarət sektoru üzrə dövriyyənin 55.2%-i düşüb. Yalnız aqrar sektor üzrə ümumi buraxılışda paytaxtdankənar bölgələr dominant mövqeyə malikdir və bu göstəricidə Bakı və Abşeron yarımadasının xüsusi çəkisi cəmi 3.7% təşkil edib.    

Statistika qurumu digər regionlardan fərqli olaraq Bakı şəhəri üzrə ÜDM göstəricisini hesabladığı üçün paytaxt və yerdə qalan bölgələrin ÜDM-də payını görmək mümkündür. 2016-cı ildə ölkə iqtisadiyyatı üzrə yaranan ÜDM-nin həcmi 60.4 milyard manat olub ki, bunun da 76.8%-i təkcə Bakı şəhərində formalaşıb. Sumqayıt şəhəri və Abşeron rayonunda yaranan ÜDM-i də nəzərə alsaq, ölkə üzrə ÜDM-nin ən yaxşı halda 20%-i Abşeron yarımadasından kənar ərazilərin payına düşür. ÜDM-nin formalaşmasında paytaxt və bölgələr arasında kəskin disproporsiya özünü ərazilər üzrə adambaşına düşən ÜDM-də daha aydın göstərir.

ÜDM-nin Bakı və regionlar üzrə adambaşına məbləği (2016-cı il), min manatla

Diaqramdan göründüyü kimi, adambaşına düşən ÜDM-nin məbləğinə görə Bakı və regionlar arasında fərq 11.5 dəfəyə yaxındır.

İqtisadiyyatın bəzi sahələri üzrə yaranan ÜDM-də Bakı şəhərinin payı daha yüksəkdir. Bura xüsusilə sənayə, rabitə və nəqliyyat sektoru aiddir.

İqtisadiyyatın sektorları üzrə Bakı və regionların ÜDM-də payı (2016-cı il), %-lə

Rəsmi statistik informasiyalardan göründüyü kimi, ayrı-ayrı sektorlar üzrə yaranan əlavə dəyərdə paytaxtın payı ÜDM-də xüsisi çəkisini ifadə edən orta göstəricidən xeyli yüksəkdir. Məsələn, ÜDM-nin sənaye üzrə 92.4%-i, nəqliyyat və rabitə üzrə 93.8%-i, ticarət və ictimai iaşə üzrə (turizm də daxil) 74%-i, tikiniti üzrə 67.4%-i Bakı şəhərində formalaşıb. Yalnız kənd təsərrüfatında üstünlük regionlara məxsusdur və bu sektorda yaranan ÜDM-nin cəmi 0.5%-i Bakı şəhərində istehsal edilib. Kənd təsərrüfatını nəzərə almasaq, qeyri-aqrar sektor üzrə iqtisadiyyatda yaranan ÜDM-nin 81%-i Bakı şəhərinin hesabına formalaşır. Sumqayıt şəhəri və Abşeron rayonu nəzərə alınmazsa, regionların qeyri-aqrar ÜDM-də xüsusi çəkisi 15%-i ötmür. Bu fakt Azərbaycanın bölgələrində sənaye və xidmət sektorunun son dərəcə zəif inkişaf etdiyinin göstəricisidir.    

Büdcənin formalaşdırılmasındakı fərqlər

Dövlət büdcəsinin formalaşmasında regionların payı çox azdır. 2016-cı ilin büdcə icrasına dair hesabatdan aydın görünür ki, 17.5 milyard manat məbləğində dövlət büdcəsi gəlirlərinin cəmi 3.2%-i və ya 562.9 milyon manatı Bakı şəhərindən kənarda toplanan vergilərdir. Dövlət Neft Fondunun transfertlərini nəzərə almasaq, büdcənin formalaşmasında Bakının 94.5%, bütün bölgələrinsə üst-üstə cəmi 5.5% payı var.

İnvestisiya qoyuluşlarında fərqlər

Rəsmi statistika ümumi investisiya qoyuluşlarının regionlar üzrə göstəricilərini açıqlamır. Lakin əsas kapitala investisiya qoyuluşlarının son illər bir qayda olaraq iqtisadiyyat üzrə məcmu sərmayələrin 75-80%-ni təşkil etdiyini nəzərə alsaq, bu göstəriciyə əsasən investisiya qoyuluşlarında Bakı və regionlar arasında fərqləri ayırd etmək mümkün olar.  

2016-cı ildə iqtisadiyyat üzrə əsas kapitala yönəldilən investisiyaların (cəmi 15.7 milyard manat) 11.8 milyard manatı və ya 75%-i Bakı şəhərinin payına düşüb.

Bakı və regionların iqtisadiyyat üzrə əsas kapitala investisiyalarda payı (2016-ci il), %-lə

Sumqayıt və Abşeron da nəzərə alındıqda, Böyük Bakıdan kənar regionlara əsaslı kapitala investisiyaların cəmi 23%-ə çatır. Ərazinin fiziki ölçüsünə əsasən müqayisə edilərsə, Bakı aqlomerasiyasının hər kvadrat kilometrinə 4.9 milyon manat, regionların (işğal edilmiş ərazilər nəzərə alınmadan) isə hər kvadrat kilometrinə 60 min manata yaxın əsaslı kapitala investisiya düşür.     

İxracata regionların töhfəsi

İxracatın həcminin regionlar üzrə bölgüsünə dair rəsmi statistikada məlumat yoxdur. Lakin xarici ticarətin əmtəə strukturuna diqqət yetirməklə kiçik kənarlaşma ilə ixracda paytaxt və regionların payını ayırd etmək olar. Məsələn, 2017-ci ildə ümumi ixrac 13.8 milyard dollar olub. Bilavasitə Bakı və Abşeron yarımadasında istehsal olunan neft və neft məhsullarının ixrac həcmi 12.3 milyard dollara, neft-kimya və metallurgiya sənayesi məhsullarının ümumi ixrac həcmi isə 400 milyon dollara yaxındır. Təkcə elə sadalanan bu əmtəə mövqeləri üzrə məhsulların ümumi ixracının ölkənin ümumi ixracındakı payı 92%-dir. İstehsal müəssisələri əsasən Bakı şəhərində yerləşən iri qida şirkətlərinin də xaricə çıxardığı məhsulların dəyərini nəzərə alsaq, Abşeron yarımadasından kənar bütün ölkə regionlarının ümumi ixracda payı 5-6%-dən çox deyil. Bu məhsullar da əsasən kənd təsərrüfatı sektoruna aiddir.        

Kredit təminatında fərqlər

2017-ci ilin yekunlarına görə, iqtisadiyyat üzrə ümumi kredit qoyluşlarının həcmi 11.6 milyard manat təşkil edib. Həmin məbləğin 9.7 milyard manatı və ya 83.6%-i Bakı şəhərinin, 449.5 milyon manatı, yaxud 3.9%-i Abşeron iqtisadi rayonunun payına düşür. Göründüyü kimi, paytaxt və paytaxtətrafı coğrafiyadan kənar bütün ölkə ərazisinin ümumi kreditləşmədə xüsusi çəkisi cəmi 12.5%-dir.  

Kommunal xidmətlərlə təminatda fərqlər

Rəsmi statistikaya görə, Bakı şəhərində bütün yaşayış sahələrinin 99%-i su şəbəkəsinə, 96.4%-i kanalizasiya şəbəkəsinə, 96.4%-i təbii qaz şəbəkəsinə qoşulub. Ölkənin Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan kimi şəhərlərində də kommunal xidmətlərlə təminat səviyyəsi Bakının göstəricilərinə yaxındır.

Bir neçə rayonun timsalında rəsmi məlumatlardan da göründüyü kimi, kənd ərazilərinin üstünlük təşkil etdiyi bölgələrin bir çoxunda kommunal xidmətlərlə təminat səviyyəsi paytaxtın uyğun göstəricilərindən kəskin şəkildə aşağıdır. Son 10 ildə dövlət büdcəsinin investisiya xərclərindən əhalinin qaz təminatının yaxşılaşdırılmasına 1 milyard manatdan artıq vəsaitin xərclənməsinin nəticələri qazla təminat səviyyəsində özünü göstərir. Ayrı-ayrı bölgələrin qazla təminat göstəriciləri 45-95% ətrafında dəyişir. Mərkəzləşdirilmiş şəbəkə vasitəsilə içməli su təminatı müxtəlif bölgələrdə çox fərqlidir. Bu xidmət üzrə ən aşağı göstərici 2-10% intervalındadır (Gədəbəy, Ağcabədi, Cəlilabad və s. rayonlarda). Mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat isə regionlarda daha pis vəziyyətdədir. Rəsmi rəqəmlərdən görünür ki, 60-dan artıq kənd rayonundan 18-də mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat səviyyəsi 20%-dən, öz növbəsində 32 bölgədə 40%-dən aşağıdır.    

Sosial xidmətlərlə bağlı fərqlər

Sosial xidmətlərlə təminat səviyyəsinə görə paytaxt və bölgələr arasında fərq ilk növbədə özünü əhalinin həkim kadrlarla təminatında göstərir. Əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı Bakıda 89 nəfər, Lerik, Yardımlı, Masallı, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Şabran, Ucar, Zərdab, Kürdəmir və Hacıqabul kimi rayonlarda isə 6-10 nəfərdir. Ümumilikdə 60-dan artıq kənd rayonunun 48-də əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı 20 nəfərdən azdır ki, bu da Bakı şəhəri üzrə göstəricidən orta hesabla 5 dəfə aşağıdır.

Məktəbəqədər təhsillə əhatə səviyyəsi Bakı şəhəri üzrə 20% ətrafındadır. Burada 6 yaşdan aşağı təxminən 200 min uşağın 40 mini məktəbəqədər təhsilə cəlb olunur. Regionlar üzrə isə 6 yaşdan aşağı təxminən 900 min uşağın cəmi 80 mini və ya 9%-i məktəbəqədər təhsil müəssisələrinə gedir. Göründüyü kimi, məktəbəqədər təhsillə əhatə səviyyəsi regionlarda Bakı şəhərində olduğundan təxminən 2 dəfə aşağıdır.         

Rabitə xidmətləri ilə təminatda fərqlər

Hazırkı şəraitdə əhalinin davamlı informasiyaya çıxışının təmin edilməsində internetin rolu əvəzsizdir. Hələlik mobil rabitə vasitəsilə internetin əhalinin əhəmiyyətli hissəsi üçün iqtisadi baxımdan sərfəli olmadığı nəzərə alınarsa, mənzillərin telefonla təminat səviyyəsi mühüm göstərici sayılır. Rəsmi statistikaya görə, hazırda hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı Bakı şəhərində 120, ölkənin ayrı-ayrı regionlrarında 20-60 intervalında dəyişir. Rəsmi statistika bölgələr üzrə əhalinin genişzolaqlı internetlə əhatə səviyyəsinə dair məlumat açıqlamır. Lakin hər 100 ailəyə düşən telefonların sayına görə Bakı şəhəri və regionlar arasındakı mövcud fərqlər onu göstərir ki, əyalələtlərdə əhalinin genişzolaqlı internetə çıxış üçün potensial imkanları paytaxtla müqayisədə orta hesabla 3-4 dəfə aşağıdır. Bundan əlavə, ölkə üzrə rabitə xidmətlərinə görə rabitə müəssisələrinə ödənən xidmət haqlarının 93%-i Bakı şəhərinin payına düşür. Bu fakt da rabitə xidmətlərindən istifadə səviyyəsinə görə regionlarla paytaxt arasında fərqin böyük olduğunu göstərir.