Türk tarixi Çin tarixi ilə iç-içə olduğu kimi, qədim türk dilini də çin dili olmadan öyrənmək yarımçıqdır. Türk xalqlarının tarixinin öyrənilməsində Çin mənbələrinin əhəmiyyəti böyükdür, belə ki, antik dövr və ilkin orta əsrlərin sonuna qədər türkdilli xalqlar qonşu, indiki Çin ərazisindəki dövlətlərlə və ya dövlət qurumları ilə iqtisadi, siyasi-hərbi və mədəni münasibətlərdə olublar. Buna görə də qədim Çin yazılı mənbələri qədim türk tarixşünaslığı üçün qiymətli mənbədir.

Aşağıda müxtəlif nümunələrlə göstərəcəyim kimi türkoloqlar üçün Çin mənbələrini ikinci və ya üçüncü mənbələrdən deyil, birbaşa mənbələrdən öyrənmək vacibdir. Lakin çincə mənbələrdə mövcud olan orjinal mətnləri oxumaq həm Azərbaycan, həm də türk türkoloqları üçün mümkün olmadığı üçün (dil baryerləri, elmi əməkdaşlığın olmaması və s. kimi səbəblər) qədim türklərlə bağlı Azərbaycan dilində olan və Çin dilindən transliterasiya edilmiş şəxs adları, toponimlər və s. tez-tez ikinci və ya üçüncü mənbələrdən götürülüb ki, bu da bəzi müəlliflərin bəzən obyektiv səbəblərdən, bəzən də ideoloji aspektlərdən çıxış edərək çox yanlış nəticələrə gəlmələrinə yol verir. Son dövrdəki bəzi araşdırmaların ortaya çıxardığı nəticələr göstərir ki, Çin mənbələri türk tarixi üçün hələ çox “gizli” türk hökmdarlarının adları və müxtəlif türk tayfalarının tarixi ilə əlaqədar naməlum qalmış hadisələrin təsvirini verə bilər. Bu məqalədə Azərbaycanda Türkologiyanın Çin mənbələri ilə olan problemini tədqiq edəcək və Azərbaycan mənbəşünaslığı üçün mövcud olan maneələri araşdıracağıq.

Müasir Azərbaycan tarixşünaslığının başlanğıcı Abbasqulu ağa Bakıxanovun 1841-ci ildə farsca qələmə aldığı “Gülüstani İrəm” əsərindən götürülür[i]. Göstərilən əsərin əsas xüsusiyyəti Bakıxanovun özündən əvvəlki müəlliflərin əsərlərindən istifadə edib onları sistemləşdirməsidir. Bugün AMEA-nın Tarix İnstitutunun Bakıxanovun şərəfinə adlandırılması bu mənada təsadüf deyildir.

Türkologiya öncələr sadəcə Türk dillərinin linqvistikası, tarixi və mədəniyyəti ilə məşğul olan bir elm kimi başa düşülürdü – XI əsrdə yaşamış dilçi Mahmud Kaşqari öz “Divani Lüğət-it-Türk” kitabında türkdilli xalqların dillərini, deyimlərini, qismən də mədəniyyətlərini sistematik təhlil etmişdir. Bundan əlavə Andraş Rona-Taş Türkologiyanı “Türklərlə maraqlanan elm” kimi təqdim edir. Onun fikrincə, Türkologiya “geniş mənada türklərlə əlaqəsi olan hər bir məfhumla, dar mənada isə dil, tarix, ədəbiyyat və fərqli mədəni fəaliyyətlər ilə maraqlanmaq”dır.[ii] Türkologiyanın dar mənada türk dilçiyi kimi başa düşülməsi haqqında Əbülfəz Quliyev də qeyd edir.[iii]

Azərbaycan tarixçiliyi də Azərbaycandakı türk xalqlarının etnogenezi və tarixini tədqiq edərkən tez-tez türkologiyaya müraciət etməli olur. Azərbaycan türkologiyası və tarixçiliyinin əlaqəsini izah etmək üçün isə əvvəlcə Birinci Türkoloji qurultaydan, daha sonra isə “Sovet Türkologiyası” jurnalı haqqında bəhs etməyə dəyər.

Birinci Türkoloji Qurultay 26.02.1926-06.03.1926-cı il tarixlərində Bakıda keçirilib. “Sovet Türkologiyası” ilk dəfə 1970-ci ildə məhz Bakıda çap olunmağa başlayıb. Hazırda həmin jurnal hələ də “Türkologiya” adı altında yayımlanır.[iv]

Aşağıda Azərbaycan tarixçiliyi və onun birbaşa təsiri olaraq da Azərbaycan türkologiyasının sırf elmi deyil, elmi ideoloji istiqamətdə inkişaf etməsinin səbəblərini görəcəyik: qonşu erməni tarixşünaslığı (məs., Qafqaz Albaniyasının mirası uğrunda mübarizə[v]), Sovet dövrünün milliyətçi intellektuallarının tarix elmindən geniş, subyektiv istifadəsi (aşağıda görüləcək) və s. kimi faktorlar Azərbaycan türkologiyasında sərbəst müzakirə platforması formalaşmasına maneə yaradır.

Dr. Zaur Qasımov[vi] Azərbaycan tarixçiliyi barədə müfəssəl araşdırma aparıb. “Azərbaycanda tarix-yazarlığı və tarix-quruculuğu”[vii] adlı məqaləsində Sovet dövründə marksizm paradiqmaları çərçivəsində yaradılmış Azərbaycan tarixşünaslığı qurumunun qeyri-obyektiv təməllərdə yüksəldiyini qeyd edir. Püstəxanım Əzizbəyovanın[viii] Sovet tarixçiliyinə meyli, həmçinin İsa Qəmbər və Ziya Bünyadovun erməni tarixçiləri ilə debatlarda aktivliyindən bəhs edərək, Azərbaycan tarixçiliyinin qısa xronologiyasını tərtib edən müəllif BDU Tarix fakültəsinin AMEA Dilçilik İnstitutundan sonra ikinci ən önəmli elmi qurum səviyyəsinə qalxdığını da qeyd edir. Z. Qasımov Azərbaycan tarixçiliyindəki Sovetdən sonrakı revizionizmi də xatırladır. İqrar Əliyevin Midiya, Manna və Atropatena haqqındakı yayımları Elçibəy dövründəki tarixçilər tərəfindən sərt tənqid olunur, həmin xalqlar və dövlətlərə ideoloji – türkçü aspektdən mənalar qatılır. Bu “Elçibəyçi” məktəbin əsas nümayəndələrindən biri olaraq Yusif Yusifov (1929-1998) göstərilir. Qeyd edək ki, Millətçilik qəzetinin baş redaktoru Sevda Ələsgərova “Tariximizin Yusif Yusifov dövrü” məqaləsində İqrar Əliyevin “Gördünüz, mən sizə deyirdim ki, Yusifov pantürkistdir?” sitatını Yusif Yusifova istinadla yayımlayıb.[ix]

Həqiqətən də, Yusif Yusifov və Ziya Bünyadovun birlikdə yayımladığı “Azərbaycan Tarixi – ən qədim zamanlardan XX əsrədək” kitabı[x] Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə tövsiyə edilmiş ali məktəblər üçün dərslikdir. Yəni, bu kitabda qeyd edilən tarixi konsepsiyanı Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi qəbul edə bilərik.

Qasımov adı çəkilən məqaləsində müasir Azərbaycan tarixçiliyinin fokuslandığı əsas istiqamətləri Qarabağ tarixçiliyi, regional tarixçilik (məsələn Naxçıvan, Bakı və s. şəhərlərin tarixinin tədqiqi), rus-sovet müstəmləkəçiliyinin tədqiqi və hərbi tarixçilik olaraq ayırır. Qasımov “turançı müəlliflər” olaraq qeyd etdiyi Ziya Gökalp, Yusuf Akçura və Əli bəy Hüseynzadənin məqalələrinin tərcümələrinin olduğunu, amma geniş aspektdə artıq Azərbaycan tarixçiliyində turanizmə yer verilmədiyini, türk tarixçiliyinin Azərbaycanla sərhədləndiyini deyir.[xi] Son olaraq Qasımov Azərbaycanlı müəlliflərin əksərinin rus dili və türk dilindən başqa heç bir dili bilmədiyi üçün beynəlxalq elmi çevrədən qopduğunu qeyd edir.

Müasir Azərbaycan tarixçiliyinin problemlərindən biri də “ümumtürk qədim vətən” məsələsidir. Filologiya elmləri doktoru və Ə. Elçibəy dövrü Təhsil naziri Firudin (Ağasıoğlu) Cəlilovun ən qızğın tərəfdarlarından biri olduğu, “Urmu teoriyası” olaraq adlandırdığı hipotezisin əsas təklifinə görə türki xalqlar Urmiya gölü hövzəsində yaşayan proto-türklərin dünyaya köçləri nəticəsində yaranmışdır.[xii] Bundan əlavə Cəlilov Türkiyədə şumerlər və etruskların türk olduğunu isbatlamağa çalışan müəlliflərlə də sıx əlaqədədir. Burada Firudin Cəlilovun psevdoelmi təkliflərini büsbütün tənqid etmədən birbaşa mövzumuza keçmək daha doğru olardı.

Çin Mənbəşünaslığı

Azərbaycanda birbaşa Çin mənbələrinin tədqiq olunması ənənəsi yoxdur və ya ikinci, üçüncü mənbələrdən sadəcə ümumi Türk xalqlarının tarixçiliyi kontekstində tədqiq olunub. Bunu tarix elmləri doktoru Kərim Şükürov da APA İnformasiya Agentliyinin “Azərbaycanın dövlətçilik tarixi: açılmayan mənbələr” mövzusunda keçirdiyi dəyirmi masada, 6 sentyabr 2010-cu ildə etiraf edib.[xiii] Bəzi nümunələr gətirək:

Məsələn, Tarix üzrə Fəlsəfə doktoru, BDU Kitabxanaşünaslıq kafedrasının müəllimi[xiv]  P.F.Kazımi öz monoqrafiyalarından birində[xv] Talas döyüşündən (751-ci il) sonra çinlilərin Türküstandakı nüfuzunu itirməsindən bəhs edir. O, bunu uyğurların və tibetlilərin Tan sülaləsinə müdaxiləsi ilə əlaqələndirir. Kazımi həmçinin IX-XI əsrlərdə Çinin Türküstandakı hadisələri yaxından izləmə şansını itirməsindən bəhs edir. Yazısında heç bir ciddi mənbədə görmədiyimiz “Sungnamə” (daha sonra Sunginamə), “Tangnamə“, “Beşdevir tarixi“ adlı kitablardan da bəhs edir. [xvi] Halbuki bu kitablar elmi ədəbiyyatda “Sunq tarixi”, “Tanq tarixi” və ya “Beş sülalənin tarixi” adlanmalıdır. Kitablara bu adı verən yeganə şəxs uyğur tarixçi Abliz Muhammet Sayramidir. Kazıminin niyə kitablara bu adlarla istinad etməsini onun 2004-cü ildə çap olunmuş “Türklər” ensiklopediyasına müraciət etməsi ilə izah etmək olar.[xvii] Buna əlavə olaraq demək lazımdır ki, Çinin Türküstandakı hadisələri izləməməsi isə sadəcə olaraq məlumatsızlıqdan irəli gələn mülahizədir. Məsələn, Sefu Yuankui[xviii] kitabında göstərilir ki, 651-798-ci illər arasında Ərəb Xilafətindən 39 səfirlik Tan sülaləsini ziyarət edib. Onlar hökmdarın sarayına ancaq Türküstan yolu ilə gələ bilərdilər.[xix] Bundan başqa, Mişu Çyenşi[xx] adlı əsərdə 1273-cü ildə tərtib edilmiş müsəlman kitablarının siyahısını “Uyğur kitabları” adı altında qeyd edilib[xxi]. Yəni, burada söhbət Qaraxanilərdən gedir.[xxii] Bu da onu deməyə əsas verir ki, Çində Qaraxanilərin kitablarının siyahısını tutacaq, hətta ərəb əlifbasını Çin transkripsiyasına çevirməyi biləcək kifayət qədər mütəxəssis olub.

Transkripsiya problemi

Türkologiyanın əsas problemlərindən biri də Çin dilini, transkripsiyasını bilmədən qədim Türk tarixi ilə bağlı mülahizələr irəli sürməkdir. Belə ki, bu mülahizələr irəli sürülərkən iddiaların kökünü araşdırmaq da olmur və ya çətin olur. Yuxarıda Kazımi nümunəsində göstərdiyimiz kimi, Çin yazısının səhv transkripsiyası işi çətinləşdirir.

Azərbaycanda Çin dilindəki adları yazmaq üçün 3 sistemə müraciət edilir – Pinyin, Palladiya və Ueyd-Caylz (Wade-Giles). Bu transkripsiya sistemləri haqqında ötəri də olsa məlumat verək, çünki mövzunun anlaşılması üçün zəruridir:

  1. Pinyin – 1950-ci illərdə yaradılıb və hazırda Çin transkripsiyası üçün rəsmi sistemdir.[xxiii]
  2. Palladiya – Çində missioner kimi işləmiş Biçurinin tələbəsi Palladiy adı ilə tanınan Pyotr Kafarov hazırlayıb. Çin dilinin kirilə transkripsiyası üçün istifadə edilir.
  3. Ueyd-Cayls – 1892-ci ildə Tomas Ueyd və Erbert Cayls tərəfindən hazırlanmış sistemdir. Çin dilindən türk dilinə transkripsiya üçün ən çox bu sistemdən istifadə edilir.

Bu siyahıya paralel olaraq Azərbaycan türkoloqlarının Çin mənbələri ilə tanışlığının üç xətlə baş verdiyini deyə bilərik: Yeni dövr Avropa və Amerika türkoloji tədqiqatları (Pinyin), Rusiya və keçmiş SSRİ türkoloqlarının tədqiqatları (Palladiya) və Türkiyədəki tədqiqatlar (Ueyd-Cayls).

Hazırda Azərbaycan ali təhsil mərkəzlərində Pinyin sistemi istifadə olunur. Çin dili dərslikləri bu sistemlə tədris edilir.[xxiv] Akademiyanın rəsmi olaraq qəbul etdiyi Pinyin sistemindən isə görünür türkoloqlarımız nədənsə istifadə etmirlər. Bunun bir çox səbəbləri ola bilər – bu sahəyə investisiyanın (təqaüd və s. formasında) qoyulmaması, marağın yaradılmaması kimi bir çox faktorun məsələdə rolu ola bilər. Məsələn, AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçi olan Bəxtiyar Tuncay deyir ki, “Digər mənbələrdən fərqli olaraq Çin mənbələri heç vaxt siyasi məqsədlər naminə tarixi təhrif etməyə çalışmayıblar.”[xxv] Daha sonra qeyd edir: “Tan-xuey-yao” adlı Çin mənbəsində bir uyğur bəstəkarının adı var. Po Mink Ta. Bu Çin səsləniş formasıdır. Çox güman ki, onun adı Alp Menqu Ata olub.”

“Tan-xuey-yao” hansı kitabdır? Bir az araşdıran kimi görürük ki, bu kitabın əsl adı belədir – “唐会要[xxvi]”(Pinyində: Táng Huìyāo). Elə isə Bəxtiyar Tuncay niyə belə yazıb? Palladiya sisteminə nəzər saldıqda isə işin sirrini çözürük – bu ad Palladiya sistemində yazılmış “тан хуэй яо” kiril transkripsiyasının Azərbaycan latınına çevrilmiş variantıdır.[xxvii] “Po Mink Ta” kimi oxuduğu şəxsin adı isə “白明达” (Pinyində: Bai Mingda) olmalıdır. Bununla belə biz həmin kitabda bu musiqiçinin uyğur olub-olmaması ilə bağlı hər hansı qeyd görə bilmirik. Bundan əlavə onun əsl adı “Alp Menqu Ata” ola bilməz:

  1. “Alp” sözünün Çin oxunuşundakı qarşılığı “合” (pinyində: Hé) idi. Məsələn, Uyğur xaqanlarından birinin “爱登里啰汩没蜜施合毗伽可汗” (pinyində: ài dēnglǐluō gǔ mòmìshī hé píjiā kèhán) yəni “Ay Tenqridə Qut Bolmış Alp Bilgə Xaqan” adlı titulunda və ya elə həmin xaqanın xatirə daşının yazılarının müəllifi olan Alp İnançu Bağa Tarxan (çincə: 合伊難主莫賀達干, pinyində: Hé yīnánzhǔ mòhè dágān) imzasında görmək olar.[xxviii]
  2. Menqu sözünün qarşılığı “明” (pinyində: míng) yox, “蒙客” (pinyində: Méng kè) kimi yazılır.[xxix]
  3. Ata sözünün qarşılığı “达” (pinyində: Dá) kimi yox, “阿多” (pinyində: Āduō) kimi yazılır.[xxx]

İndi isə türkoloq, filologiya elmləri doktoru Əbülfəz Rəcəblinin “Qədim Türk yazılı abidələrinin dili” kitabına nəzər salaq.[xxxi] Kitabda “Kül Tigin” abidəsinin çincə mətninin orjinalı ilə yanaşı, həmin mətnin Hadiye Ertürkan tərəfindən türk dilinə tərcümə edilmiş versiyası və bir də türkcədən Azərbaycan dilinə edilmiş tərcüməsi verilir. Mətndən sitat:

“Bu geniş göylərin əhatə və sirayət etmədiyi heç bir şey yoxdur. Göy və insan həmahəng olduqlarından, bütün kainat bir küll halındadır: bu küllün əsası ali və adi olaraq iki hissəyə ayrıldığı kimi, insanlar da bu səbəbdən görkəmli şahzadələrə və ya hökmdarlara (və ya biz onları bu cür özlərinə məxsus mövqelərdə görürük) ayrılır. Həqiqətdə də bu görkəmli şahzadələr yuxarıda qeyd edilən iki ünsürdən irsən ortaya çıxan nəticələrdir.

İndi çinlilərin şimal çölləri tərəfdən qüvvətli axınlar etdiyi və Hiunq-nu xanı Khuqanyanın Çin imperatoruna Kan-tsüanda (Si-an-Fu yaxınlığındakı saray) təzim etməyə və Kvan-luh sərhədlərini Çin uğrunda mühafizə məqsədilə icazə verməyə gəldiyi tarixdən geriyə getsək, görərik ki, bizim dostluq və lütfkarlığımız çox uzaq keçmişlərə gedib çıxır”.

İndi isə həmin sitatın çincəsinə nəzər yetirək:

彼蒼者天,網不覆燾。天人相合,寰寓大同,以其氣隔陰陽,是用別為君長。彼君長者,本□□□裔也,首自中國,雄飛北荒,來朝甘泉,願保光祿,則恩好之深舊矣。[xxxii]

Pekin Universitetində doktorantura tələbəsi olan Tuba Yalınkılıç həmin mətni öz məqaləsində türk dilinə tərcümə edib və qeyd edib ki, türkoloqlar təəssüf ki, Çin dilində bilgisiz olduğu üçün Göytürk tarixinin əsas mənbəsi olan Çin tarix kitablarını oxuya bilmir, ancaq Orxon yazılarını oxuyub keçir və işin ancaq dil tərəfinə önəm verirlər.[xxxiii] Tərcümə belədir:

O mavi gök, yeryüzünü kaplayıp, her şeyi koruyup kollamıştır. Gök ve yer bir olup hayallerdeki güzel toplumu meydana getirmiştir. Farklı diyarlarda yaşayan toplulukların, farklı hükümdarları olmuştur, her topluluğun kendi kağanı mevcuttur. Türklerin hükümdarı, aslında dört bir yana ……Çin’den gelip kahramanca kuzey çoraklarına vardı. Gan quan’deki saraya gelip selam durdu. Guanglu’yu koruma şerefine nail olmayı diledi. Böyle olursa dostane ilişkilerimiz doğal olarak uzun soluklu olur.

Gördüyünüz kimi, Əbülfəz Rəcəbli mətnin orjinalını tədqiq etməmiş, Eduard Parkerin təqdim etdiyi ingiliscə mətnin Hadiye Ertürkan tərəfindən türkcəyə tərcümə edilmiş versiyasını bir də bizim dilə tərcümə etmişdir. Qeyd edək ki, Eduard Parkerin mətni də sırf tərcümə mətni deyil, öz rəylərinin əlavə edilmiş versiyasıdır.[xxxiv] Əsas mətndə nə “Çin imperatoru” ifadəsi var, nə “Hiunq-nu xanı” ifadəsi, nə də o xanın adı.

Bu mətnin orjinalındakı səhvlərə nə 1994-cü ildəki türkcə tərcümədə fikir verilib, nə də 2006-cı ildəki Azərbaycan dilinə tərcümədə:

  • Belə ki, öncələr “匈奴”(pinyin: Xiōngnú) dövlətinin adının “Hiunq-nu” kimi transliterasiyasına 1911-ci ildəki Encyclopedia Britannica-da və daha sonra Türkiyə türkologiyasında rast gəlinir. Düzü bu adın qədimdə necə səsləndiyindən xəbərdar deyilik. Amma müasir elmi ədəbiyyatın Pinyin sistemindən istifadə edildiyi nəzərə alınmalı və “Hsiunq-nu” yazılmalı idi. Nə türkcə, nə də Azərbaycan dilindəki versiyada müəlliflər buna fikir verib.
  • Hsiunq-nu dövlətinin başçıları “xan” titulu daşımırdılar. Onlar “şanyü” (單于) adlanırdılar.[xxxv]
  • Khuqanya[xxxvi] və ya Khuganja[xxxvii] ikisi də yanlış transkripsiyalardır. Nəinki Pinyin, heç Ueyd-Caylz sistemi ilə belə doğru yazılmayan bu adın əsl versiyası “Huhanye” (呼韓邪) olmalıdır. Pinyində “Huhanhşie” kimi səslənsə də bu ad qədim çincə olduğu üçün qədim səslənişi əsas alınmalıdır.[xxxviii]
  • “Kantsüan” və “Kvan-luh” transkripsiyaları da yanlış olub, əslində “甘泉” və “光祿” işarələri “Gānquán” və “Guānglù” kimi istifadə olunmalı, Pinyində yazılmalıdır.

Nəticə

Azərbaycan türkoloqları və tədqiqatçılarının mövcud Çin mənbələri ilə birbaşa işləyə bilməmələri bu sahədəki yeni araşdırmalarla tanışlığın gecikməsinə və yaxud heç olmamasına gətirib çıxarıb. Mövcud olan tədqiqatlarda da artıq aktuallığını itirmiş Ueyd-Caylz sistemi və ya kirilə hesablanmış Palladiya sistemindən istifadəni dayandırmalıyıq. Onsuz da birbaşa Çin mənbəsi ilə işləyən heç bir azərbaycanlı türkoloq və ya tədqiqatçını tapa bilmədik. Özümüz də Çin dilini tarixi mətndən tərcümə edəcək səviyyədə dil biliyinə sahib olmadığımız üçün Çin dilində tədqiqat aparan müəlliflərə istinad etməyə məcbur olduq. Bu yazıdakı əsas hədəfimiz türkologiyanın sinologiya ilə bağlı olduğu, türk tarixini Çin dilini öyrənmədikcə tam öyrənə bilməcəyimiz, daim ikinci və ya üçüncü dillərdən asılı qalacağımız həqiqətini qəbul etdirməkdir. Gəlin dünyayla ayaqlaşaq və şüarçı türkologiyadan araşdırmaçı türkologiyaya keçək.

Bunun üçün Təhsil Nazirliyi və ya aidiyyatı qurumlar Çində təhsil üçün xüsusi qrantlar ayıra, proqramlar yarada bilər. Həmçinin Çin və Azərbaycan ali təhsil qurumları arasında münasibətlər yaradıb mütəmadi görüşlər təşkil edilərək, təhsil proqramları tərtib oluna bilər. Bundan əlavə Çin dilində olan bu mənbələrin tədqiq olunmasından sonra Çin tarixi salnamələri Azərbaycan dilinə tərcümə edilərək çap edilə və akademik auditoriyaya təqdim oluna bilər.

[i] http://www.anl.az/down/meqale/ses/2014/iyul/382324.htm

[ii] A. Róna-Tas – An Introduction to Turkology, Szeged, JATEPress, 1991 – səh.9

[iii] Osman Mert. Ötüken uygur dönemi yazıtlarından: Tes, Tariat, Şine Us (Resenziya: Əbülfəz Quliyev) “Türkologiya”, Sayı 2, 2018, Səh. 118

[iv] http://turkologiya.org/2.htm

[v] Nora Dudwick – The case of the Caucasian Albanians : Ethnohistory and ethnic politics, Cahiers du Monde Russe Year 1990 31-2-3 pp. 377-383

[vi] Zaur Qasımov – Bakı, Berlin və Eichstättda Beynəlxalq əlaqələr, Beynəlxalq hüquq və Tarix ixtisaslarından təhsil almışdır. 2009-cu ildə Eichstätt-Ingolstadt Katolik universitetində Tarix elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Hal-hazırda Almaniyanın Maks Veber vəqfinin İstanbuldakı Şərqşünaslıq institutunun (Orient-Institut)  əməkdaşıdır.

[vii] Orijinal adı “History-Writing and History-Making in Azerbaijan / Some Reflections on the Past Two Decades of Independence” olan bu məqalə üçün bax: “Historiography and nation-building among Turkic populations” Stockholm: Swedish Research Institute in Istanbul, 2014 (ISBN 9789197881333). Səh.69-90

[viii] Məşədi Əzizbəyovun nəvəsi, müəllif nədənsə onun adını Pistə Əzizbəyova kimi qeyd edir – C.A.

[ix] “Millətçilik” qəzeti, 28 may – 3 iyun 2011 tarixli sayı

[x] Azərbaycan tarixi – Ən qədim zamanlardan XX əsrədək / red.: Z. M. Bünyadov, Y. B. Yusifov. – Bakı : Çıraq, 2005. – 720 s. ISBN 5-552-01386-7

[xi]Müəllifin həmin məqaləsi, səh 80

[xii] Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014

[xiii] Sitat: “Məsələn, informasiyaların çoxu Çin mənbələrində olur, amma Çin mənbələrinin öyrənilməsi üzrə bizdə mütəxəssislər azdır” APA, 6 Sentyabr 2010

[xiv] BDU-dakı şəxsi səhifəsi

http://libinfo.bsu.edu.az/PROFESSOR,%20M%C3%9C%C6%8FLL%C4%B0M%20HEY%C6%8FT%C4%B0/content/prvz_frdun__olu_kazim

[xv] Kazımi P.F. Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin mənbəşünaslığı. (monoqrafiya)  Bakı. Mütərcim,  2014. Səh 103.

[xvi] Yenə orada, səh. 106

[xvii] “Türkler”, Ankara, 2002, Cild 4, səh 69.

[xviii] 册府元龟 (Kitab departamentinin əsas tısbağası) – 1013-cü ildə yazılmış Çin ensiklopediyasıdır.

[xix] Bu səfirliklərdən birinə 696-cı ildə baş tutmuş bir diplomatik missiyanı nümunə gətirə bilərik. 696-cı ildə Əməvi xəlifəsi Əbdülmalik Çin imperatriçası U-ya qəfəsdə bir şir hədiyyə edir. İmperatriça ərəblərdən gələn bu hədiyyəni qəbul edib-etməmək barədə məşvərət aparır. Yao Şu (姚璹) adlı bir əyan deyir:

“Şirlər ancaq ət yeyən vəhşi heyvanlardır. Onu Suyabdan (indiki Qırğızıstan) paytaxta daşımaq ətin az tapıldığı regionlardan keçirmək deməkdir və baha başa gələcək. Siz, Əlahəzrət isə insanlar qədər heyvanlara zərər verməməyi də düşünürsünüz. Məhz buna görə siz ov qartalları və itləri saxlamırsınız. Məhz buna görə balıq tutmağı və ovlamağı qadağan etmisiniz. Siz öldürməyi bir şöhrət saymırsınız, yaşatmağı isə kəramət sayırsınız. Bütün uçanlar və sürünənlər sizə minnətdar olmalıdır. Elə isə özünüzə necə tərs ola bilərsiniz? Bu heyvanı bir hədiyyə kimi necə qəbul edərsiniz?” İmperatriça U razı olur və xəlifənin göndərdiyi hədiyyə geri çevrilir. Bioqrafiyası üçün bax: Qədim Tan kitabı, cild 89 və ya Yeni Tan kitabı, cild 102

http://www.guoxue.com/shibu/24shi/oldtangsu/jts_093.htm

[xx] 秘书监志 – “Gizli kitabların yenilənmiş qeydiyyatı”, XIV əsrdə yazılıb

[xxi] Wang Shidian & Shang Qiweng, Mi Shu Jian Zhi, Zhejiang Guji Chubanshe (王士点, 商启翁 : “秘书监志”, 浙汪吉籍出版社), 1992, səh. 128-129

[xxii] Çin tarixçiləri Qərb tarixçilərindən fərqli olaraq Qaraxaniləri Çığıl və ya Yağma yox, Uyğurköklü qəbul edirdilər. Qaraxanilərin Uyğur kökləri tezisi haqqında əlavə məlumat üçün bax: Vey Lianqtao, “Qaraxanilərin Uyğur kökləri haqqında hipotezə əlavələr” – “Tarixi Araşdırmalar” jurnalı, Pekin, 1983, Sayı 3 (魏良韬: « 喀喇汗王朝起源回鹘说补正 », 刊干 « 历史研究 », 1983年, 第3期), səh. 112-119.

Bu hipotezə əks fikirlər üçün bax: Kyan Baykuan “Qaraxanilər sülaləsi Panq Təkin tərəfindən qurulub? – Uyğurların və Panq Təkinin qərbə hərəkətinin problemləri” (Şimal-qərbi Etnik Azlıqlar Araşdırmaları jurnalı), Lan Çjou, 1982, sayı 2. (钱伯泉 : « 喀喇汗王朝是庞特勤创建的吗 ? 回鹘西迁和庞特勤问题 », 刊于 « 西北民族文丛 », 第3辑, 1983年)

Qaraxanilərin Karluk kökü hipotezi üçün bax: Omeljan Pritsak, “Karachanidische Streitfragen” 1-4, Oriens 3, 1950, səh. 209-28.

Qaraxanilərin Yağma kökü hipotezi üçün bax: Vasili Bartold, Four Studies I, səh. 93
Qaraxanilərin Çığıl kökü hipotezi üçün bax: Akira Haneda “Introduction: Problems of Turkicization, Problems of Islamization,” Acta Asiatica 34, 1978, səh. 1-21.

[xxiii] http://www.china.org.cn/books&magazines/2009-03/26/content_17504026.htm

[xxiv] Məsələn, bax: Rafiq İldırım oğlu Abbasov, İmamuaci Aiguli, Könül Əhliman qızı Abbasova. ÇİN DİLİ. – Bakı: Meqaprint, 2014 – 110 səh.

[xxv] “Çinə atı, arabanı, metalı, geyim mədəniyyətini ilk dəfə uyğurlar gətirib” – Bəxtiyar Tuncayın Elman Cəfərli ilə müsahibəsi (dgtyb.az, 02.01.2015)

[xxvi] “Tan Qurumlaşdırılmış Tarixi” kitabı

[xxvii] Bəs niyə “xuy” (会) səsi “xuey” kimi qeyd edilib? Səbəb sadədir, Palladiy rus din xadimi idi, ona görə də elmi cəhətdən absurd olsa da, məsələyə əxlaqi cəhətdən yanaşıb “penis” mənasına gələn “xuy” səsini “xuey” kimi qeyd edib. Beləliklə görürük ki, Bəxtiyar Tuncay bu məlumatı hansısa rus mənbəsindən oxuyub, birbaşa mənbəyə müraciət etməyib.

[xxviii] Bu və digər türk titullarının çincə qarşılıqları üçün bax: Hayrettin İhsan Erkoç, Eski Türklerde Devlet Teşkilatı, Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı, Yüksek Lisans Tezi – Ankara, 2008

[xxix] Monqolların gizli tarixi, fəsil 270

[xxx] Məsələn, Türkeş xaqanı Ata Boyla xaqanın adı “阿多裴罗” (Āduō Péiluō) kimi transkripsiya olunur. Mənbə: Ouyan Hsiu, Yeni Tan kitabı, fəsil 255

[xxxi] Ə.Rəcəbli. Qədim türk yazılı abidələrinin dili. II hissə. Bakı, Nurlan, 2006, səh 297-299

[xxxii] Tuba Yalınkılıç, BİR DÖNEMİN İKİ FARKLI ANLATIMI – KÜLTİGİN YAZITININ ÇİNCE VE TÜRKÇE METİNLERİNİN KARŞILAŞTIRMASI-Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 2/4 2013 s.27-47, TÜRKİYE

[xxxiii] Müəllifin həmin məqaləsi, səh. 30

[xxxiv] Eduard Parkerin bu məqaləsi Vilhelm Tomsen tərəfindən yayımlanmışdır. Tomsenin kitabı üçün bax: Thomsen, Vilhelm Ludvig Peter – Inscriptions de l’Orkhon déchiffrées, 1896, Helsingfors, Impr. de la Société de littérature finnoise, səh 212

Hadiye Ertürkanın tərcüməsi üçün bax: ERTURKAN, Hadiye, “Kültegin Yazıtının Çince Kısmının Tercümesi”, Hüseyin Namık ORKUN, Eski Türk Yazıtları, Ankara, 1994, səh 81-84

[xxxv] Xan tarixi kitabı 漢書 (94A: 3751; Çonqua Şucu 中華書局 nəşri)

[xxxvi] Rəcəbli 2006

[xxxvii] Edward Harper Parker, 1896

[xxxviii] Çin işarələrinin keçmiş səslənişləri üçün bax: Baxter, William H., and Laurent Sagart. 2014. Old Chinese: a new reconstruction. New York: Oxford University Press.