fbpx

Cəmiyyət

Cəmiyyət

Freqe fəlsəfəsi nədir və tərcüməsi nəyə görə lazımdır?!

Read this article on other language
Download article
image_pdf
image_pdf

25.06.2018-ci iltarixdə BAİ Fəlsəfi Araşdırmalar Qrupu Q. Freqenin “Məna və Bildirim haqqında” əsərinin tərcüməsinin ilk hissəsini sizə təqdim etmişdi. İndi əsərin tam tərcüməsini təqdim etməklə yanaşı həmçinin oxucumuzu müəllif və bu əsər haqqında bir qədər məlumatlandırmaq istərdik. Bu istək həm də təqdim etdiyimiz tərcüməyə gələn oxucu rəyləri ilə bağlıdır. Ən çox soruşulan sual Freqenin“Məna və Bildirim haqqında” əsərinin yerli oxucu üçün əhəmiyyəti haqqındadır. Bu tərcümə kimə lazımdır? Bu qədər qəliz oxunan və spesifik üslublu mətni tərcümə etməklə həm öz vaxtımızı və zəhmətimizi, həm də oxucunun vaxtını və enerjisini israf etmiş sayılırıqmı? Bu kimi sualların geniş oxucu qrupundan gəlməsi hardasa başa düşüləndir. Amma doğrusu, akademik fəlsəfə ilə məşğul olan (ya da məşğul olduğunu iddia edən) oxucuların Freqenin kimə lazım olması ilə bağlı sualı təəccübləndirməyə bilmir. Ona görə də icazənizlə məsələyə bir qədər aydınlıq gətirək.

Qotlob Freqenin “Məna və Bildirim haqqında” əsərinin azərbaycan dilində tərcüməsi hansı oxucu qrupu üçün nəzərdə tutulmuşdur?

Bu mətnin ilk hədəf qrupu fəlsəfə ilə akademik səviyyədə məşğul olan şəxslərdir, yəni universitet tələbələri, müəllimləri, tədqiqatçılar və digər elmi işçilər. Freqenin fəlsəfə və məntiq tarixinin klassiklərindən olmasına baxmayaraq, nəinki heç bir əsəri Azərbaycan dilinə tərcümə olunmayıb, universitetlərdə istifadə olunan dərsliklərdə bu müəllifin adı belə keçmir. Sizə təqdim olunan tərcümə bu böyük boşluğu doldurmaq istiqamətində kiçik bir cəhd kimi görülə bilər. Freqenin “Məna və Bildirim haqqında” əsəri analitik fəlsəfənin təməl mətnlərindəndir. Analitik fəlsəfə haqqında azərbaycan dilində az danışılan bir sahədir. Buna müvafiq olaraq bu sahədə çoxdan işlənən mövzular, suallar, anlayışlar azərbaycan dilində oturuşmayıb. “Məna və Bildirim haqqında”əsəri analitik fəlsəfə çevrələrində hələ də aktual olan bir sıra problem və ideyaların təqdim olunduğu bir yazıdır ki, onlar ilə tanışlıq da ilk növbədə əsərin azərbaycan dilinə adekvat tərcüməsini labüd edir. Bu mövzular haqqında aşağıda ayrıca danışılacaq. Burada isə qısaca qeyd etmək lazımdır ki, bu tərcümənin özü dil fəlsəfəsi ilə bağlı bir sıra maraqlı sualları azərbaycan dili müstəvisində nəzərdən keçirmək üçün yaxşı fürsət ola bilər. Ümid edirik ki, təqdim olunan tərcümə maraqlanan oxucular üçün diskussiya stimulu yarada biləcək.

Daha ümumi aspektdən baxsaq, “Məna və Bildirim haqqında”əsərini azərbaycan dilində oxuyan oxucu üçün həm də başqa bir mühüm səbəbdən maraqlı mətn olduğu qənaətindəyik. Bu səbəbi sovet akademiyasından gələn “xrestomatiya” ənənəsinin ətalətində görürük. Fəlsəfə sahəsində bu ənənə tədris və araşdırma prosesində ilkin mətnləri ancaq “ikinci əl”dən öyrənmək kimi zərərli bir vərdiş yaradıb. Məsələn, antik yunan fəlsəfəsini Platonun, Aristotelin əsərlərinin özünü oxumadan, aydınlanma dövrü fəlsəfəsini Kantın əsərlərinin özünü oxumadan və nəzərə almadan öyrənirlər. Akademik iş üçün sadəcə xülasələrdən, ya da şərh ədəbiyyatından istifadə olunur. Bu da ona gətirib çıxarıb ki, ümumilikdə sosial elmlərdə, konkret olaraq isə fəlsəfədə, yeknəsəq bir leksikon və üslub formalaşıb. Bu çərçivədən kənara çıxan mətnlər oxucu tərəfindən qıcıq və kaprizlə qarşılanır. Bu da öz növbəsində yuxarıda qeyd etdiyimiz ətalətdən və oxu vərdişinin predeterminativ olmasından xəbər verir. Ətalət ilkin mətnlərin tərcüməsinə ehtiyacı olduqca aşağı salmaqla yanaşı tərcümələrə olan iddialarda da özünü göstərir. Əksər hallarda tərcümələrdən “rahat dil” pərdəsi örtülərək səthilik tələb olunur. Bəzi nəşriyyatlardan tərcümə təkliflərinə gələn reaksiyalar isə lap “qəlizdir, dəyişin, xalq dilinə salın” qeyri-professionalizminə kimi enə bilir. Belə letargiyadan uzaqlaşmağın ən qısa yolu, fikrimizcə, ilkin mətnlərlə işləmək prinsipinə qayıtmaqdır. Mütaliə intensivləşdikcə, oxucunun ehtiyacları və standartları da yenidən formalaşacaq və mövcud üslub və məzmun yeknəsəqliyi tədricən aradan qalxacaq. “Məna və Bildirim Haqqında” əsəri də fəlsəfədə oxunması vacib ilkin mətnlərdən biridir və tərcümə üçün seçilməsi həm də bu yuxarıda təsvir etdiyimiz problem ilə şərtlənir.

Fridrix Ludviq Qotlob Freqenin (Friedrich Ludwig Gottlob Frege) (1848-1925) təhsili və akademik fəaliyyəti Qöttinqen və Yena universitetlərində keçmişdir. Parlaq bir akademik karyerası olmamışdır. Tələbələri, kolleqaları və universitet rəhbərliyi tərəfindən heç vaxt xüsusi təqdir görməmiş, intellektual fəaliyyəti diqqət mərkəzindən kənarda qalmışdır. Universitetdəki statusu məhdud olduğundan özünə akademik işçi çevrəsi yığmaq səlahiyyəti yox idi, bu səbəbdən müasirləri arasında tanınmayıb. Məşhur tələbələrindən sadəcə R. Karnap (Rudolf Carnap) və L. Vitqenştayn (Ludwig Wittgenstein) qeyd edilə bilər. Hər ikisi qısa bir müddət onun mühazirələrində dinləyici olublar. Bununla belə həm Karnapa, həm də Vitqenştayna böyük təsir göstərəbilib.

Freqenin fəlsəfə tarixində təsiri məntiq və dil fəlsəfəsi olaraq iki istiqamətdə təsvir edilə bilər. Məntiqdə əsas xidməti Aristotelin sillogistik məntiqindən sonra yeni məntiq sistemi yaratmasıdır.“Məna və Bildirim haqqında” əsərində isə dildəki semantik əlaqələri işarənin (və ya sözlərin) mənasınıonunbildirimindənfərqləndirməklətəqdim etməsiyeni araşdırmalara təkan vermiş oldu.

Məntiq

Məntiq tarixində Freqe Aristoteldən sonra ikinci vacib ad sayılır. Onun “Anlayış Yazısı” (Begriffsschrift) (1879) əsəriilə 2000 ildən artıq bir dövr üçün məntiqi çıxarışların ən dəqiq forması hesab edilən Aristotel sillogistikasını əvəzləməsi inqilabi xarakterli hadisə idi. Bu əsərdə müasir formal məntiqin əsasını təşkil edən yeni bir məntiqi dil təqdim olunurdu.

Əslində Freqenin akademik fəaliyyətində ambisiyası arifmetikanın məntiqi həqiqətlərə reduksiya oluna biləcəyini göstərmək idi. Bunun üçün isə Aristotel sillogistikası kifayət etmirdi və Freqe özü bu yuxarıdakı məqsədi üçün alət olaraq işlədə biləcəyi formal bir dil yaratmağa məcbur oldu. “Anlayış Yazısı” həmin bu yeni formal məntiq dilinin təqdim olunduğu əsərdir.

“Anlayış Yazısı”nda Freqe müasir tələblərə uyğun bir məntiq sistemi təqdim edir. Bu sistemi yaradarkən Freqe əsasən iki məqsəd güdürdü. Birincisi, ifadə gücü yüksək olan məntiq dili yaratmaq idi. İkincisi, işlək məntiqi analiz sistemi qurmaq idi. “Anlayış Yazısı” əsəri ilə hər iki məqsədə çatılmış hesab oluna bilər.

İkinci xidməti – işlək məntiqi analiz sisteminin yaradılması – Freqenin məntiq sahəsində əsas töhfəsi sayılır. Corc Bul, De Morqan və Şröderdən fərqli olaraq Freqenin sistemi tək birinci tərtib predikatlar məntiqi ilə kifayətlənmir, həm də ikinci tərtib predikatlar məntiqini əhatə edir. Bu çərçivədə Freqenin gətirdiyi ən vacib yenilik məntiqi analiz sisteminə kvantorları (“bütün”, “bəzi”) əlavə etmək idi.

Dil Fəlsəfəsinə Təkan: “Məna və Bildirim haqqında”

“Anlayış Yazısı”nda Freqenin sonradan məşhurlaşmış bir cümləsi var:

“Fəlsəfənin bir öhdəliyi dilin istifadəsi zamanı anlayışların əlaqələri haqqında az qala qaçınılmaz olaraq yaranan yanılmaları açıb göstərərək və düşüncəni yalnız adi bir dilin ifadə vasitələri ilə yükləndiyi şeylərdən azad edərək sözün insan zehniüzərindəki hökmranlığını qırmaqdırsa, onda mənim “Anlayış Yazısı” əsərim, bu məqsədlər yönündə daha da inkişaf etdirilərək, filosof üçün faydalı bir alət ola biləcək.”(Wenn es eine Aufgabe der Philosophie ist, die Herrschaft des Wortes über den menschlichen Geist zu brechen, indem sie die Täuschungen aufdeckt, die durch den Sprachgebrauch über die Beziehungen der Begriffe oft fast unvermeidlich entstehen, indem sie den Gedanken von demjenigen befreit, womit ihn allein die Beschaffenheit des sprachlichen Ausdrucksmittels behaftet, so wird meine Begriffsschrift, für diese Zwecke weiter ausgebildet, den Philosophen ein brauchbares Werkzeug werden können.)[i]

Yuxarıda da qeyd etdiyimiz kimi, Freqenin işləri iki sahədə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur: məntiq və dil fəlsəfəsi. Məntiq sahəsindəki əhəmiyyətini yuxarıda qısaca xülasə etdik. Dil fəlsəfəsinə gəldikdə isə, analitik fəlsəfədə dilin fəlsəfi təhlilinə olan marağın özü xeyli dərəcədə elə Freqe ilə başlayır.

Freqenin dil fəlsəfəsi ilə bağlı araşdırmalara təkan verən fikirlərinin əsas bir hissəsionun “Məna və Bildirim haqqında” (“Über Sinn und Bedeutung”) əsərində verilir. Burada verilmiş təlimə görə müəllif dil işarələrinə (söz, ifadə, cümlə) semantik baxımdan iki xüsusiyyətiaid edir: məna və bildirim.

O, məna və bildirim fərqini həm adlara, həm də cümlələrətətbiq edir.

Adların Mənası və Bildirimi

Aşağıdakı nümunələrə baxaq:“Aristotel” və “Metafizikanın müəllifi”. Yaxud, “su” və “H2O”. Ya da Freqenin misalını götürsək, “dan ulduzu” (Morgenstern) və “axşam ulduzu” (Abendstern). Bu adlar eyni bildirimə, ancaq fərqli mənalara malikdir. Yəni, Aristotel və Metafizikanın müəllifi eyni bir şəxsdir. “Su” və “H2O” eyni bir maddəni bildirir, bu maddə hər iki termininbildirimidir. “Dan ulduzu” və “axşam ulduzu” da eyni bildirimə malikdir, çünki hər ikisi eyni göy cismini – Venera planetini – bildirir. Amma eyni bir bildirimə malik fərqli adlar, məsələn, “dan ulduzu” və “axşam ulduzu”, müxtəlif mənalara malikdirlər. Freqe bunu onunla izah edir ki, eyni bir şey müxtəlif aspektlərdən müxtəlif cür verilmiş ola bilər. “Axşam ulduzu” və “dan ulduzu” adları Venera planetini dərk etməyin iki müxtəlif yolunu ifadə edir.

Mənası olub, bildirimi olmayan ifadələr (Freqe bunların hamısını “adlar” olaraq təsnif edir) də var. Məsələn, “Azərbaycanın 77-ci kralı” ifadəsinin mənası var, bildirimi – yəni bu ifadəyə uyğun bir real bir şəxs – yoxdur (mümkün məcazi yozumları nəzərə almasaq).

Bir ifadənin əsas tərkib hissələrindən birini mənaca fərqli, bildiriminə görə isə eyni olan digər bir ad ilə əvəz etsək, ifadənin də mənası dəyişir, bildirimi isə eyni qalır. Burada Leybnisin (Leibniz) “substitusiya” (əvəz) prinsipinə istinad görürük. Leybnisə görə “qarşılıqlı əvəz (substitusiya) oluna bilən şeylər identikdir və bu zaman həqiqət dəyişməz olaraq qalır.”

Cümlələrin Mənası və Bildirimi

“Dan ulduzu” və “axşam ulduzu” adlarının mənası və bildirimi arasındakı fərqi yuxarıda göstərdik. Bəs bu adların tərkibində işləndiyi cümlələrin mənası və bildirimi nədir? Freqenin misalında qalmaqla aşağıdakı cümlələrə baxaq:

“Dan ulduzu planetdir.”

“Axşam ulduzu planetdir.”

“Dan ulduzu meteoritdir.”

Əgər “dan ulduzu” və “axşam ulduzu” adlarının mənası onların (iki müxtəlif anlayış vasitəsi ilə) verilmişliyi və onların bildirimi bu adların istinad etdiyi bir göy cismi (Venera planeti) idisə, yuxarıdakı cümlələrdə məna və bildirimin fərqi daha mürəkkəbdir.

Cümlənin bildirimi onun doğruluq dəyəridir. İki doğruluq dəyəri var: doğru və yanlış. Cümlənin mənası isə onda ifadə olunmuş fikirdir. Adların məna və bildirimini fərqləndirəndə gördük ki, bildirim ada (ya da adlara) reallıqda uyğun gələn şey(lər)dir, məna isə bu şey(lər)in verilmişliyi (hansı aspektdə dərk edildiyi). Ona görə də bir şey üçün bir neçə ad ola bilər. İşarə və reallıq arasındakı bu münasibəti cümlə müstəvisinə keçirsək, görürük ki, bir cümləyə reallıqda uyğun gələn şey onun doğru ya da yanlış olmasıdır. Cümlənin mənası isə fikirdir, yəni reallıqda olan hər hansı bir doğrunun ya da yanlışın verilmişliyi (verilmə forması, modusu). Ona görə də “dan ulduzu planetdir” və “axşam ulduzu planetdir” cümlələri müxtəlif mənalara malikdir, çünki onların tərkibindəki “dan ulduzu” və “axşam ulduzu” adları da müxtəlif mənalara malikdir. Bu cümlələrin bildirimi isə eynidir, yəni, hər ikisi doğrudur.

(Haqlı olaraq) sual oluna bilər ki, adların bildirimi gerçəklikdəki predmetlər olduğu halda, cümlələrin bildirimin doğruluq dəyəri kimi verilməsi fikrini necə başa düşmək olar? Buna cavab olaraq qeyd etmək lazımdır ki, Freqeyə görə doğruluq dəyərləri (“doğru” və “yanlış”) də predmet (almanca: Gegenstand) kateqoriyasına aiddir. Yəni, Frege üçün belə bir gerçəklik fərqi problemi yoxdur.

Ancaq cümlənin bildirimi onun doğruluq dəyəri olması iddiası yalnız o hallar üçün keçərlidir ki, söhbət vasitəsiz yaxud vasitəli nitqdən getməsin, “adi” nitqdən getsin. Vasitəsiz və vasitəli nitq üçün məna və bildirim yenə ayrı cür müəyyən edilməlidir.

Deməli, “adi” nitqdə bir cümlənin bildirimi (reallıqda ona uyğun olan şey) onun doğru, yaxud yanlış olmasıdır, yəni doğruluq dəyəridir. Onun mənası isə ifadə etdiyi fikirdir. “Ancaq həm də elə ola bilər ki, sözlərin özü, ya da onların mənası haqqında danışmaq istəyirsən. Bu, məsələn, başqasının sözlərini vasitəsiz nitqdə verərkən baş verir. … Vasitəli nitqdə məna haqqında danışırsan, məsələn, başqasının nitqi haqqında.” („Es kann aber auch vorkommen, dass man von den Worten selbst oder von ihrem Sinne reden will. Jenes geschieht z  B., wenn man die Worte eines anderen in gerader Rede anführt. […] In der ungeraden Rede spricht man von dem Sinne, z. B. der Rede eines anderen.“)[ii]

Vasitəsiz nitq, bildiyimiz kimi, başqasının sözlərinin olduğu kimi verilməsidir. Məsələn, sitatlar vasitəsiz nitq üçün ən işlək nümunədir. Vasitəli nitqdə isə, bundan fərqli olaraq, başqasının sözləri olduğu kimi yox, budaq cümlə kimi verilir. Bu halda vasitəli nitqin tərkibindəki hər hansı ifadəni onunla eyni bildirimə malik başqa ifadə ilə əvəz etmək olmur. Məsələn, “A. deyir ki, dan ulduzu Venera planetidir” cümləsində “dan ulduzu”nu “axşam ulduzu” ilə əvəz etmək olmur, çünki A. dan ulduzu və axşam ulduzunun eyni planet olmasını bilməyə də bilər və bu halda birinci cümlə (“A. deyir ki, dan ulduzu Venera planetidir”) doğru olduğu halda ikinci cümlə (“A. deyir ki, axşam ulduzu Venera planetidir”) səhv olacaq. Bu da o deməkdir ki, bu iki cümlənin bildirimi eyni deyildir. Vasitəli nitqli cümlələrdə başqasının sözlərini ifadə edən cümlənin mənası, yəni onda ifadə olunan fikir bütöv cümlənin bildirimidir. Yəni, vasitəli nitqdə budaq cümlə bir fikir yox, fikir haqqında fikir ifadə edir.

Freqe “Məna və Bildirim haqqında” yazısını 1892-ci ildə Zeitschrift für Philosophie und philosophische Kritik (Fəlsəfə və fəlsəfi tənqid jurnalı) jurnalında dərc etdirir. Bu jurnal əslində Freqenin yeni ideyaları üçün münasib platforma deyildi, belə ki, əsasən fəlsəfə tarixi və alman idealizmi ilə bağlı mövzuları əhatə edən bir jurnal idi. Freqenin ora müraciəti naşir tapmaq çətinliyi ilə bağlı idi. Jurnalın rəhbəri Freqenin köhnə tanışı Rixard Falkenberq (Richard Falckenberg) idi, 1890-cı ildə ona məna və bildirim mövzusunda yazmaq istədiyini bildirmişdi və yazısını jurnalında dərc etdirməyi təklif etmişdi. Falkenberq cavabında yazır ki, əgər əsər çox uzun olmayacaqsa, onu jurnalında dərc edə bilər. Cəmi iki ilə ərsəyə gələn “Məna və Bildirim haqqında” əsəri beləliklə Zeitschrift für Philosophiedə çıxır. Ancaq fəlsəfi dairələrdə demək olar ki, heç bir diqqət görmür, yazıya heç bir reaksiya gəlmir. Bu yazı ancaq Vitqenştayn və Karnap vasitəsi ilə sonradan diqqət mərkəzinə gətiriləcəkdi.

“Məna və Bildirim haqqında” Freqenin indiyədək ən çox oxunan, nəşr olunan və tərcümə edilən əsəridir. Əsas olaraq ingilisdilli fəlsəfə çevrələrində və fəlsəfi ədəbiyyatda üstündə intensiv işlənən mətnlərdən biridir. Bu ənənə 1903-1905-ci illərdə Rasselin (Bertrand Russell) öz “Principles of Mathematics” və “On Denoting” əsərlərində Freqenin işlərini ətraflı müzakirə etməsi ilə qoyuldu. Rassel “Principles of Mathematics”də Freqenin məna və bildirim arasında iddia etdiyi fərqi detallı analiz edirdi.“On Denoting”də isə Freqenin məna nəzəriyyəsini tənqid etməklə yanaşı bu nəzəriyyə üçün öz alternativini təqdim edirdi. Analitik fəlsəfənin digər əsas müəlliflərindən sayılan Ludviq Vitqenştayn da Freqenin yazılarını öz fəlsəfəsinin çıxış nöqtəsi elan etmişdi (Vitqenştaynyazırdı: “…qeyd etmək istəyirəm ki, düşüncələrimə təkan səbəbinin böyük bir hissəsini Freqenin möhtəşəm əsərlərinə və dostum cənab Bertran Rasselin işlərinə borcluyam.).[iii] Xüsusən erkən Vitqenştayn (Tractatusdövrü) tamamilə Freqenin semantik nəzəriyyəsinin təsiri altındadır, həmçinin “Fəlsəfi Araşdırmalar”da (Philosophische Untersuchungen) təkrar-təkrar Freqeyə istinad edir. Qısası, analitik fəlsəfənin, əsas da Ludviq Vitqenştaynın birdən-birə məşhurlaşması ilə Freqenin yazıları tozlu arxivlərin qaranlığından çıxdı. “Məna və Bildirim Haqqında” əsəri ilk nəşrindən 56 il sonra, 1948-ci ildə ingilis dilinə tərcümə olundu (tərcümənin müəllifi Vitqenştaynın yaxın çevrəsindən olan Maks Blak (Max Black) idi) və tanınmış “Philosophical Review”jurnalında dərc edildi. 1949-cu ildə artıq ingilis dilinə ikinci tərcümə nəşr olundu (Herbert Feigl, “Readings in Philosophical Analysis”). Bu ikinci tərcümənin müəllifi də Freqenin digər tələbəsi Rudolf Karnapın yaxın çevrəsindən idi və Karnapın terminoloji xəttinə əsaslanırdı. Belə ki, Karnap “Meaning and Necessity” adlı kitabında Freqenin məna və bildirim nəzəriyyəsini geniş müzakirə edirdi. Bunlar, analitik fəlsəfə və linqvistik dönüşün (“linguistic turn“) yeni vüsət aldığı vaxtlar idi. O dövrdən bəri Freqenin məna və bildirim nəzəriyyəsinəyazılan şərhlərin artıq sayı itib,yeni şərhlər və araşdırmalar isə hələ də yazılmaqdadır. Bu həm də ona görədir ki, Freqenin “Məna və Bildirim haqqında” əsərində təqdim etdiyi ideyalar hələ də aktualdır və müvafiq sahənin ekspertləri tərəfindən müzakirə olunmaqdadır. Bunlar hansı ideyalardır?

“Freqe Tapmacası”

Ədəbiyyatda “freqe tapmacası”(Frege´s puzzle)adı ilə tanınan problem: Nə üçün bəzi bərabərlik cümlələri (Identitätssätze) trivialdır, digərləri isə informativdir? Daha dəqiq desək, nə üçün a=a tipli cümlələr bizə yeni bilik vermir, a=b tipli cümlələr isə verir? Məsələn, “Dan ulduzu dan ulduzudur” cümləsi trivial olaraq doğrudur, “Dan ulduzu axşam ulduzudur” cümləsi isə trivial deyil, yəni, empirik bilik ifadə edir.

Freqe bunu ümumişlək dilimizin məna anlayışına yeni bir şərh verərək izah edir. Məna anlayışımızda iki komponenti fərqləndirmək lazımdır: bunları Freqe “məna”(Sinn) və “bildirim” (Bedeutung) olaraq ayırır. Məsələn, “dan ulduzu” və “axşam ulduzu” adları ikisi də eyni bir göy cismini, yəni Venera planetini, bildirir. Həmin göy cismi bu iki adın bildirimidir, yəni onların ikisinin də bildirimi eynidir. Bu adlarda fərqlənən isə onlarda ifadə olunmuş mənadır. Məna, bildirimin verilmişlik formasıdır. Yəni, eyni bir göy cismi bizə müxtəlif cür verilə bilər və biz bunu müxtəlif mənalı adlarla ifadə edirik. a və b eyni bildirimə malikdirsə, a=b cümləsi (sadəcə)doğrudur. a və b eyni bildirimə, amma fərqli mənalara malikdirsə, a=b cümləsinin doğruluğu analitik və məntiqi doğruluq deyildir.

Freqenin adlar üçün təsbit etdiyi bu semantik fərqləndirməni növbəti mərhələdə cümlələrə tətbiq etməsi mübahisələndirilməsi indiyədək davam edən mövzulardandır. Freqenin bu “qəribə” iddiasını təsvir etmişdik, burda onubir də qısaca xülasə edək: Cümlələrin bildirimi – yəni, reallıqda onların istinadı olan şey – doğru və yanlışdır, cümlələrin mənası isə – yəni onların bildirimi olan doğru və yanlışın verilmişlik forması – onlarda ifadə olunan fikirdir. Buradan çıxan nəticə odur ki, bütün doğru cümlələri eyni bildirimə – doğruya – malikdir və bütün yanlış cümlələr də eyni bildirimə – yanlışa – malikdir. Buradan həm də o nəticə çıxır ki, bir cümlə eyni bildirimli başqa cümlə ilə əvəz ediləndə ümuminin bildirimi dəyişmir.

Artıq gördüyümüz kimi, bu qaydadan istisna təşkil edən cümlələr var. Bunlar modallıq bildirən bir qrup feil (bilmək, düşünmək, iddia etmək, demək və s.) ilə qurulan mürəkkəb cümlələrdəki budaq cümlələrdir. Bu budaq cümlələri eyni bildirimli, amma fərqli mənalı cümlələrlə əvəz etsək, bütöv cümlənin bildirimi dəyişməz qalmır. Freqe bu istisna halları xüsusi olaraq vasitəli nitq üçün vurğulayır. Buradan çıxan maraqlı nəticə budur ki, vasitəli nitqdə başqasının sözlərini ifadə edən cümlələr öz bildirimlərini dəyişirlər: vasitəli nitqdə işlədilən cümlənin normal mənası burda onun bildirimi olur. Bu da fəlsəfi diskussiyalar üçün maraq kəsb etməyə davam edən və hələ də müzakirə olunan mövzulardan biridir.

“Məna və Bildirim Haqqında”da sadalanan bu mövzular (“Freqe tapmacası”, iki komponentli semantik əlaqə anlayışı, doğruluq dəyərləri cümlənin bildirimi kimi, vasitəli nitqin iki mərhələli məntiqi-semantik təsbiti) günümüzün fəlsəfi müzakirələri üçün aktuallığını saxlamaqdadır. Ən çox müzakirə olunan “Freqe tapmacası” ilə bağlı suallardır. Fəlsəfi ədəbiyyatda bununla bağlı iki əsas maraq istiqaməti fərqləndirilə bilər. Bir qrup müəllifləri“Freqe tapmacası”nın necə çözülə biləcəyi sualı maraqlandırır. İkinci istiqamət ümumiyyətlə problemin özünün mahiyyətinin başa düşülməsi və interpretasiyası üçün mümkün perspektivlərə yönəlib. Freqenin məna və bildirim nəzəriyyəsi fəlsəfə üçün həm tarixi fenomen kimi maraqlıdır, digər tərəfdən də müasir semantik nəzəriyyələr üçün hələ də diskursu müəyyən etmək gücündədir. Məsələn, Freqenin sözlərin (adların) bildirimi ilə bağlı konseptini cümlə müstəvisində tətbiq etmək və bu yolla ikisini eyniləşdirmək cəhdi hələ də mübahisələndirilən məsələlərdən biridir. Məsələn, Freqe cümlənin bildiriminin onların doğruluq dəyəri olması fikrini sadəcə ehtimal çərçivəsində dəyərləndirirdi. Müasir ədəbiyyatda isə Freqenin bu iddiası üçün dəqiq sübutlar təqdim etmək cəhdləri işlənir. Bundan başqa Freqenin fikirləri hazırda aktual olan modallıq və intensionallıq nəzəriyyələri üçün də maraq kəsb edən mövzulardır. Bura ilk növbədə vasitəli nitqin məna və bildirimi ilə bağlı fikirlər aiddir.

Riyaziyyat Fəlsəfəsi, yoxsa Dil Fəlsəfəsi?

Müasir oxucunun Freqeni əsasən dil fəlsəfəsi və semantik nəzəriyyələr kontekstindən tanıması və “Məna və Bildirim haqqında” əsərinin onun ən çox oxunan və tanınan yazısı olmasının səbəbləri, yuxarıda sadalanan mövzuların müasir fəlsəfi diskussiyalar üçün aktual qala bilməsinə görədir. Ancaq bu, əksər hallarda böyük məntiqçi Freqenin arxa plana keçirilməsinə səbəb olur. Freqenin dil fəlsəfəsi və semantik nəzəriyyəsini onun məntiq konseptindən kənarda nəzərdən keçirmək səhv yanaşma olardı. Freqenin dil və semantika ilə bağlı fikirləri, konkret olaraq isə “Məna və Bildirim haqqında”əsəri onun 1891-92-ci illərdə çıxan bir qrup yazılarından yalnız biridir. Bu yazılarda Freqenin məqsədi “Anlayış Yazısı” (Begriffsschrift, 1879) əsərində təqdim etdiyi məntiq konsepti ilə bağlı fikirlərini yenidən təftiş etmək idi. “Məna və Bildirim haqqında”yazısı da bu kontekstdə nəzərdən keçirilməlidir. Freqenin semantik nəzəriyyəsini yaxın aspektdən baxılarsa,onun1891-92-ci illərdə məntiqə qayıdışı və onu modifikasiya cəhdlərinin bir komponenti kimi görmək doğru olar. Ümumilikdə isə Freqenin dil fəlsəfəsi onun riyaziyyat və məntiq sahəsində fəaliyyətinin kontekstində analiz edilməlidir.

Freqe özü fəaliyyətinin profilini elm tarixçisi olan tanışı Ludviq Darmştedterə (Ludwig Darmstaedter) çox sonralar belə izah edirdi:

“Mən riyaziyyatdan çıxış edirdim. Mən bu elmdə əsasların daha yaxşı işlənilməli olduğu qənaətində idim… Belə araşdırmalarda dilin məntiqi cəhətdən qeyri-mükəmməl olması əngəl yaradırdı. Mən “Anlayış yazı”sı əsərimlə özümə kömək etməyə çalışdım. Beləcə riyaziyyatdan məntiqə gəldim. Mənim məntiq anlayışımın xüsusiliyi ilk növbədə ondan görünür ki, mən “doğru” sözünün məzmununu ən başa qoyuram… Yəni, mən anlayışlardan çıxış edərək onlardan fikir ya da hökm düzəltmirəm, əksinə fikrin hissələrini o fikri bölərək (dağıdaraq) əldə edirəm.” (“Von der Mathematik ging ich aus. In dieser Wissenschaft schien mir die dringlichste Aufgabe einer besseren Grundlegung zu bestehen… Bei solchen Untersuchungen war die logische Unvollkommenheit der Sprache hinderlich. Ich suchte Abhilfe in meiner Begriffsschrift. So kam ich von der Mathematik zur Logik. Das Eigenartige meiner Auffassung der Logik wird zunächst dadurch kenntlich, dass ich den Inhalt des Wortes ‘Wahr’ an die Spitze stelle… Ich gehe also nicht von den Begriffen aus und setze aus ihnen den Gedanken oder das Urteil zusammen, sondern ich gewinne die Gedankenteile durch Zerfällung des Gedankens.”)[iv]

Həm bu qeydləri, həm də digər yazılarında (məsələn, “Anlayış Yazısı”nın önsözü) səpələnmiş müxtəlif xatırlatmaları nəzərə alaraq deyilə bilər ki, Freqe özünü ilk növbədə riyaziyyat filosofu olaraq görürdü. O, bütün fəlsəfi fəaliyyətini arifmetikanın genişləndirilmiş məntiq olması iddiası üzərində qurmuşdu və bunu sübut etməyə çalışırdı. Lakin Bertran Rassel onun “Arifmetikanın Əsas Qanunları”nın (1893) birinci cildində elmi ədəbiyyatda “Rassel paradoksu” adı ilə tanınan ziddiyyəti tapdı ki, bu da əsərdə təqdim olunan nəzəriyyəni yararsız etdi. Rasselin 1902-ci il 16 iyun tarixli məşhur məktubu ilə Freqe bütün həyatının proyektinin uğursuz olduğunu qəbul etməli oldu və fəlsəfədən çəkildi. Lakin bu prosesdə yan proyektlər kimi işlədiyi “Anlayış Yazısı” və “Məna və Bildirim haqqında” əsərlərinin hesaba almadığı böyük uğuru ilə tarixdə qaldı.

İstinadlar:

[i]Frege, Gottlob, Begriffsschrift und andere Aufsätze, Hildesheim 1964, s.c XII/XII

[ii]Frege, Gottlob, „Über Sinn und Bedeutung“, Hildesheim 1967,S. 28

[iii]Wittgenstein, Ludwig .Werkausgabe, Band 1: Tractatus logico-philosophicus / Tagebücher 1914-1916 / Philosophische Untersuchungen, Suhrkamp 1984

[iv]Frege, Gottlob, “Aufzeichnungen für Ludwig Darmstaedter“, Nachgelassene  Schriften, hgg von Hans Hermes u.a., Felix Meiner, Hamburg 1969, S 273

Ədəbiyyat:

Frege, Gottlob.On Sense and Reference [“Über Sinn und Bedeutung”], Zeitschrift für Philosophie und philosophische Kritik, vol. 100 (1892)

Frege, Gottlob. Über Sinn und Bedeutung, Hildesheim 1967

Frege, Gottlob. Aufzeichnungen für Ludwig Darmstaedter,  Felix Meiner, Hamburg 1969

Frege, Gottlob. Begriffsschrift und andere Aufsätze, Hildesheim 1964

Kutschera, Franz. Gottlob Frege: Eine Einführung in sein Werk, Walter de Gruyter – Berlin – New York, 1989

Burgess, J. Fixing Frege, Princeton University Press, 2005

Wittgenstein, Ludwig. Werkausgabe, Band 1: Tractatus logico-philosophicus / Tagebücher 1914-1916 / Philosophische Untersuchungen, Suhrkamp 1984

Angelelli, Ignacio. Studies on Gottlob Frege and Traditional Philosophy. Dordrecht: D. Reidel, 1967

Carl, Wolfgang. Frege’s Theory of Sense and Reference. Cambridge: Cambridge University Press, 1994

Carnap, Rudolph. Meaning and Necessity. University of Chicago Press, 1956

Sluga, Hans. Gottlob Frege. Boston, 1980

Sluga, Hans. Wie Frege zu Sinn und Bedeutung kam. Frege Konferenz, Wismar, Mai 2013 (http://www.truthandpower.com/wie-frege-zu-sinn-und-bedeutung-kam/ )

https://plato.stanford.edu/entries/frege/

Fregenin “Məna və bildirim haqqında əsərinin birinci hissəsini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://bakuresearchinstitute.org/az/azerbaijani-m%C9%99na-v%C9%99-bildirim-haqqinda/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.