fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan akademik mühitində yırtıcı jurnallar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hər il çoxsaylı azərbaycanlı müəllifin məqaləsi beynəlxalq akademik ictimaiyyət tərəfindən yırtıcı hesab olunan jurnallarda dərc edilir. Yırtıcı jurnal anlayışının müəllifi Cefri Bealldır. Beall 2008-ci ildən etibarən apardığı araşdırma nəticəsində potensial yırtıcı hesab etdiyi jurnalların ilkin siyahısını formalaşdırıb.[1] Hazırda Beall’s list adlanan bu açıq siyahıda mindən çox nəşriyyat və jurnalın adı yer alır, siyahı davamlı olaraq yenilənir. Bu siyahı bəzi məqamlarda mübahisəli olsa da, sonrakı illərdə yırtıcı jurnalların müəyyən olunması ilə bağlı Cabells’ Predatory Reports kimi daha təkmil siyahılar da hazırlanıb.

Yırtıcı jurnallar üçün xarakterik cəhətlər akademik olmayan məqalələrin dərci, tanınmış elmi indekslərə üzvlüklə bağlı yanlış məlumat verilməsi, şübhəli sponsorluqlar və tərəfdaşlar, plagiat sisteminin olmaması, ekspert rəyi olmadan qısa zamanda, ayda bir neçə dəfə dərc edilmə imkanı kimi məqamlardır.[2] Bu cür jurnallar iddia etdiklərinin əksinə kommersiya subyektləri olduqları üçün əsas hədəfləri akademik prinsipləri və etik normaları tapdalamaqla müəlliflərdən maddi qazanc əldə etməkdir. Bir ölkənin tədqiqatçılarının yırtıcı jurnallarda iştirak faizinin artması ölkədə akademik mühitinin çirkləndiyini, tədqiqat bacarıqlarının zəiflədiyini, elm sahəsində uydurma və plagiat məlumatların çoxaldığını göstərir. Bəs Azərbaycan akademik mühitində vəziyyət necədir? Azərbaycanlı müəlliflərin yırtıcı jurnalların xidmətindən istifadə səbəbləri və həlli yolları nələrdir?

Bu suallara cavab tapmaq üçün 3 yırtıcı jurnalı nümunə kimi götürərək bu jurnallarda azərbaycanlı müəlliflərin məqalələrinin olub-olmaması ilə bağlı monitorinq apardım. Monitorinq üçün seçdiyim jurnallar (Norwegian Journal of Development of the International Science, Danish Scientific JournalSlovakia International Scientific Journal) yuxarıda qeyd etdiyim Beall’s listdə yer alan və ya fəaliyyət göstərdiyi ölkənin elmlər akademiyası tərəfindən yırtıcı olduğu elan edilən jurnallardır.[3] Yəni bu jurnalların yırtıcı olması akademik sferada mübahisə mövzusu deyil. Monitorinq dövrünü isə 2024-cü ilin ilk 3 ayı və 2023-cü il olaraq müəyyən etdim. Bu seçimdəki əsas məqsədim yırtıcı jurnallarda azərbaycanlı müəlliflərin iştirak faizini müəyyən etmək və əldə etdiyim nəticələrin dövrlər üzrə müqayisəsini aparmaqdır. Monitorinq nəticəsində bu jurnallarda 484 azərbaycanlı müəllifin ümumilikdə 256 məqaləsinin dərc edildiyini müəyyən etdim. Əldə etdiyim nəticələr azərbaycanlı müəlliflərin yırtıcı jurnallarda davamlı şəkildə məqalələrinin dərc oldunduğunu, bu prosesin yüksələn templə davam etdiyini, yırtıcı jurnallarla bağlı bu vaxtadək görülən məlumatlandırma tədbirlərinin uğurlu olmadığını göstərdi. Problemin əsas səbəbləri universitetlərin bal-reytinq sistemindəki boşluqlar, təhsil müəssisələrində elmi məqalələrə nəzarət edən qurumların fəaliyyətsizliyi və məlumatlandırma işinin zəifliyidir. 

Azərbaycanlı tədqiqatçılar yırtıcı jurnallarda: 2024-cü il

Təkcə 2024-cü ilin ilk 3 ayı ərzində monitorinqini apardığım üç yırtıcı jurnalda (Norwegian Journal of Development of the International Science, Danish Scientific JournalSlovakia International Scientific Journal) 136 azərbaycanlı müəllifin 69 məqaləsi dərc edilib. Bu müəlliflərin 1-i akademik, 8-i professor, 21-i dosent, 20-si fəlsəfə doktoru, 6-sı doktorantura, 5-i magistratura, 3-ü isə bakalavr tələbəsidir. Müəlliflərdən 5-nin  iki və daha artıq jurnalda məqaləsi çıxıb. Hər üç jurnalda müəlliflər əksəriyyət etibarilə post-sovet ölkələri tədqiqatçılarından təşkil olunub. Jurnalların hüquqi ünvanlarının Avropa ölkələri olmasına baxmayaraq, müəllifər arasında avropalı tədqiqatçılar, demək olar, yoxdur. Hər üç jurnal oxşar platformalara, məzmuna və fəaliyyət prinsiplərinə malik olub, iki dildə (ingilis və rus) fəaliyyət göstərir. Məqalə qəbulu üçün müəlliflərdən müvafiq olaraq 28, 30 və 32 avro məbləğində ödəniş tələb edilir. Gəlin hər bir jurnala ayırca nəzər salaq.

Birinci jurnal Norwegian Journal of Development of the International Sciencedır.[4] 2016-cı ildə yaradılan jurnalın il ərzində 24 sayı yayımlanır. Bu jurnalın 2024-cü ilin ilk üç ayında dərc edilmiş 6 sayında ümumilikdə 93 azərbaycanlı müəllifin 45 məqaləsi yer alıb. Bu müəlliflər sırasına 1 akademik, 7 professor, 16 dosent, 13 fəlsəfə doktoru, 6 doktorant, 5 magistr tələbəsi, 2 bakalavr tələbəsi olmaqla çoxsaylı elmi işçi və müəllim heyəti daxildir (bax, Cədvəl 1). 

Cədvəl 1: 2024-cü ilin ilk üç ayında Norwegian Journal of Development of the International Science jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

İkinci jurnal Danish Scientific Journaldır.[5] 2017-ci ildə yaradılan jurnalın il ərzində 12 sayı yayımlanır. Jurnalın 2024-cü ildə dərc edilmiş 3 sayında ümumilikdə 21 azərbaycanlı müəllifin 9 məqaləsinə yer verilib. Müəlliflər sırasında 2 professor, 5 fəlsəfə doktoru və 1 bakalavr tələbəsi olmaqla, elmi işçi və tədqiqatçılar var (bax, Cədvəl 2).

Cədvəl 2: 2024-cü ilin ilk üç ayında Danish Scientific Journal jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

Üçüncü jurnal isə Slovakia International Scientific Journaldır.[6] 2017-ci ildə yaradılan jurnalın adı Beall’s listdə yer almasa da, Slovakia Elmlər Akademiyası özünün rəsmi veb-səhifəsində bu jurnalla hər hansı əlaqəsinin olmadığını bəyan edib və onun yırtıcı jurnallar siyahısına salınacağını bildirib.[7] Jurnalın ildə 12 sayı yayımlanır. Jurnalın 2024-cü ildə nəşr edilmiş 3 sayında ümumilikdə 27 azərbaycanlı müəllifin 15 məqaləsinə yer verilib. Müəllifləri 1 professor, 6 dosent və 3 fəlsəfə doktoru olmaqla elmi işçilər və tədqiqatçılar təşkil edir (bax, Cədvəl 3).

Cədvəl 3: 2024-cü ilin ilk üç ayında Slovakia International Scientific Journal jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

Yuxarıda qeyd etdiyim hər üç jurnalda azərbaycanlı tədqiqatçıların müəllifliyi ilə dərc olunan məqalələrdən 36 məqalə tək müəllifli, 33 məqalə isə bir neçə tədqiqatçının ortaq müəllifliyi ilə hazırlanıb. Məqalələr uyğun olaraq filologiya (9), fizika (9), tibb (7), kimya (5), pedaqogika (4), biologiya (4), riyaziyyat (3), hüquq (3), data analitika (3), incəsənət (2), musiqi (2), iqtisadiyyat (2), tarix, fəlsəfə, biznes, təhlükəsizlik, logistika, təsərrüfat, zoologiya, memarlıq (1) və digər mövzulara həsr edilib.  

Azərbaycanlı tədqiqatçılar yırtıcı jurnallarda: 2023-cü il

Hər üç jurnalda 2023-cü il ərzində ümumilikdə 348 azərbaycanlı tədqiqatçının 187 məqaləsi dərc edilib. Müəlliflərdən 10 nəfəri (3 professor, 1 dosent, 2 fəlsəfə doktoru və digər) isə 2 və daha artıq jurnalda məqalə dərc edib. Həmçinin 348 tədqiqatçı arasında 20 professor, 38 dosent, 56 fəlsəfə doktoru, 7 doktorantura, 10 magistratura və 4 bakalavr tələbəsi yer alır. Gəlin hər bir jurnala ayrıca nəzər salaq.

Norwegian Journal of Development of the International Science jurnalının 2023-cü il ərzində yayımlanmış 24 sayında 175 azərbaycanlı tədqiqatçının müəllifliyi ilə 99 məqalə dərc edilib. 15 müəllifin isə jurnalın 1-dən çox sayında müəllif kimi iştirak etdiyi müəyyən olunub. Müəllif heyəti içərisində 7 professor, 23 dosent, 41 fəlsəfə doktoru, 4 doktorantura, 5 magistratura və 2 bakalavr tələbəsinın adı yer alıb (bax, Cədvəl 4).

Cədvəl 4: 2023-cü ildə Norwegian Journal of Development of the International Science jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

Danish Scientific Journalın müvafiq dövr ərzində yayımlanmış 12 sayında 115 azərbaycanlı tədqiqatçının 53 məqaləsi dərc edilib. 4 müəllifin jurnalın 1-dən çox sayında müəllif kimi çıxış etdiyi müəyyən olunub. Müəllif heyəti içərisində 10 professor, 8 dosent, 6 fəlsəfə doktoru, 3 doktorantura və 3 magistratura tələbəsinin adları qeyd olunub (bax, Cədvəl 5).

Cədvəl 5: 2023-cü ildə Danish Scientific Journal jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

Slovakia İnternational Scientific Journalın isə 2023-cü il ərzində yayımlanmış 12 sayında 68 azərbaycanlı tədqiqatçının müəllifliyi ilə 35 məqalə dərc edilib. 5 müəllifin jurnalın 1-dən çox sayında müəllif kimi çıxış etdiyi müəyyən olunub. Müəllif heyəti içərisində 6 professor, 8 dosent, 11 fəlsəfə doktoru, 2 magistratura və 2 bakalavr tələbəsinin adı yer alır (bax, Cədvəl 6).

Cədvəl 6: 2023-cü ildə Slovakia International Scientific Journal jurnalında məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

2023-cü il ərzində yuxarıda qeyd etdiyim hər üç jurnalda azərbaycanlı tədqiqatçıların müəllifliyi ilə dərc olunan məqalələrdən 86 məqalə tək müəllifli, 101 məqalə isə bir neçə tədqiqatçının ortaq müəllifliyi ilə hazırlanıb. Məqalələr uyğun olaraq filologiya (40), tibb (21), fizika (17), riyaziyyat (13), kimya (12), incəsənət (11), biologiya (9), iqtisadiyyat (8), pedaqogika (7), aqrar (6), tarix (5), coğrafiya (4), zoologiya (2), hüquq (1), musiqi (1), fəlsəfə (1) və digər mövzulara həsr edilib.

Apardığım monitorinqlər sadəcə 2024-cü ilin ilk 3 ayını və 2023-cü ili əhatə etsə də, bu jurnallar 2016 və 2017-ci illərdən etibarən aktiv fəaliyyət göstərirlər. Bu baxımdan azərbaycanlı müəlliflərlə bağlı yuxarıda göstərilən rəqəmin 2016-cı ildən etibarən hesablanacağı təqdirdə dəfələrlə yüksək olması ehtimalı böyükdür. Digər tərəfdən yırtıcı jurnallar siyahısında adları qeyd olunmayan və rəsmi formada yırtıcılığı sübut edilməyən, lakin yırtıcı jurnallar üçün əsas kriteriyaları tam şəkildə ödəyən başqa jurnallar da mövcuddur.[8]

Həmçinin monitorinq nəticəsində azərbaycanlı müəlliflərin yırtıcı jurnallara müraciət saylarında da artım tempinin olduğunu müşahidə etdim. 2023-cü ilin ilk üç ayı ərzində hər 3 jurnalda azərbaycanlı müəlliflərin ümumilikdə 41 məqaləsi (87 müəllif) yayımlanıb. 2024-cü ilin müvafiq dövründə isə bu göstərici yüksəlib – 69 məqalə və 136 müəllif. Üstəlik bu artım tempi yerli müəlliflərin mötəbər indeks bazalarındakı jurnallarda çap olunan məqalə sayında azalmanın müşahidə olunması ilə paralel olaraq baş verib.

2022-ci ildə elmi jurnalların reytinq cədvəlində Azərbaycan mötəbər indeks bazalarındakı (Scopus, Web of science və s.) jurnallarda dərc olunmuş məqalə sayına görə (1993 məqalə) ölkələr üzrə 94-cü sırada qərarlaşır. Bu mövqedə Azərbaycan Tanzaniya (85), Uqanda (81), Şri-lanka (77), Nepal (78), Kenya (71), Qana (67), İraq (42) kimi ölkələrdən açıq şəkildə geri qalır.[9] Həmçinin Azərbaycanın 2021-ci ilin göstəricilərinə görə, (92) 2 pillə də gerilədiyi görünür. Bu geriləmə və artım templərini birbaşa əlaqələndirmək çətin olsa da, hər iki tendensiyanın dolaylı şəkildə bir-birinə təsir etdiyini demək olar. 

Azərbaycanda yırtıcı jurnallara qarşı mübarizə

Dünya təcrübəsində yırtıcı jurnallara qarşı təsirli mübarizə və akademik mühiti bu cür jurnalların təsirindən qorumaq məqsədilə bəzi təşviqlərdən istifadə edilir. Xüsusilə elmi tədqiqatlar üçün nəzərdə tutulan qrant layihələrdə yayımlanacaq məqalələrin ScopusWeb of Science kimi beynəlxalq indekslərə daxil olan aparıcı jurnallarda nəşr edilməsi tələb edilir. Müəlliflər mövcud yırtıcı jurnalların siyahısı və iş prinsipləri barədə məlumatlandırılır, yırtıcı jurnallarla hər hansı əlaqələri olarsa, müvafiq layihələrdən uzaqlaşdırılacaqları bildirilir.[10] Bu metodika tədqiqatçıların yırtıcı jurnalların əhatə dairəsinə düşməsinin qarşısını almaqla yanaşı, öz elmi nəticələrini obyektiv şəkildə dünya ictimaiyyəti ilə paylaşmalarını təmin edir. Lakin Azərbaycanda yırtıcı jurnallara qarşı mübarizədə hər hansı təşviqin geniş istifadə edildiyi barədə məlumat yoxdur.

Azərbaycanda yırtıcı jurnallar mövzusu ilə bağlı məhdud səviyyədə də olsa, araşdırmaların mövcudluğu müşahidə olunur. Bu mövzuda əsas fəaliyyətlər 2017-ci ildən etibarən AMEA (daha sonra ETN tabeliyinə verilib) İnformasiya Texnologiyaları İnstitutu nəzdində başlanılıb. Eyni zamanda mövzu ilə bağlı əsas mənbə də həmin İnstitutun əməkdaşları R. Ş. Həsənova və F. Ş. Əsgərovun müəllifi olduqları iki məqalədir.[11] Müəlliflər hər iki məqalədə yırtıcı jurnallar anlayışı, onun mahiyyəti və kriteriyaları barədə oxuculara ilkin məlumatlar təqdim edir. Həmçinin onlar yırtıcı jurnalları müəyyən etmək metodları barədə bəzi nüansları izah edir, bu cür jurnallardan qorunma yollarını isə daha çox müəllifin fərdi araşdırması olaraq qeyd edirlər. Onlar növbəti məqalələrində yırtıcı jurnalları müəyyən edən və geniş istifadə olunan anti-yırtıcı sistemin Azərbaycan dilli versiyasının hazırlanmasını təklif ediblər.[12] Məqalələrdəki əsas ideya 2015-ci ildən bir sıra ölkələrdə tətbiq olunan və müəlliflər üçün nəzərdə tutulmuş Think!-Check!-Submit! onlayn beynəlxalq təşəbbüsün alt bölümlərinin Azərbaycan dilinə tərcüməsinə əsaslanır.[13] Təklif olunan ideya reallaşdırılıb və bu gün, doğrudan da, müəlliflərə yırtıcı jurnalları yoxlamağı təmin edəcək anket forması Azərbaycan dilində (Düşün!-Yoxla!-Təqdim et!) mövcuddur.[14]

Lakin bu onlayn sistem anket formalıdır və müəllifin seçimləri əsasında onlara nəticə təqdim edir. Bu sistem müəllifdən müraciət edəcəyi jurnal haqqında tam və əhatəli məlumat tələb edir ki, bir çox müəllif xüsusilə xarici jurnallarla bağlı bu məlumatları əldə etməkdə ya çətinlik çəkir, ya ümimiyyətlə araşdırmır, ya da potensial yırtıcı jurnalların özləri haqqında təqdim etdikləri məlumatlar saxta olur. Bütün bunlar isə onlayn sistemin obyektiv nəticə çıxarmasına birbaşa təsir göstərir.

Bəzi tədqiqatçılar yırtıcı jurnallara müraciətin əsas səbəblərini müəlliflərin qondarma elmi reputasiya dalınca qaçmasında, çarəsizlik və məlumatsızlıqda görür, həll yolu kimi isə yırtıcı jurnalların illik siyahısını hazırlayacaq və təhlil edəcək xüsusi mütəxəssislərdən ibarət qurum yaradılmasını təklif edir.[15] Həmçinin 2019-cu ildən etibarən Azərbaycanda yırtıcı jurnallar barədə məlumat vermək məqsədilə davamlı onlayn seminarlar keçirilir.[16] Yırtıcı jurnallara qarşı mübarizə məqsədilə ATU, UNEC, BDU, NDU, AzMİU, SDU və digər Azərbaycan universitetlərində Clarivate Analytics şirkəti ilə birgə mütəmadi təlim və seminarlar təşkil edilir.[17] Bu seminarlar müəlliflər üçün nüfuzlu elmi metrik sistemləri ilə yanaşı, yırtıcı jurnallar mövzusunda da təməl məlumatlandırmanı təmin edir.[18]

Görünən odur ki, Azərbaycanda yırtıcı jurnallara qarşı mübarizədə, xüsusilə də maarifləndirmə sahəsində 2017-ci ildən etibarən bir sıra fəaliyyətlər icra olunur. Lakin görülən işlərin miqyası olduqca məhdud olub kiçik seminar və ya təlim səviyyəsində qalır, geniş akademik auditoriyanı maarifləndirəcək səviyyəyə yüksələ bilmir. Digər tərəfdən yırtıcı jurnallara qarşı mübarizədə təklif olunan metodlar problemin ciddi ölçüdə aradan qaldırılmasına imkan vermir və daha çox müvəqqəti həll imkanları təqdim edir. Hər şey müəllifin fərdi intuisiyasına və seçiminə buraxılır. Sistemli və geniş miqyaslı fəaliyyətin həyata keçirilməsi üçün gərəkli olan infrastruktur formalaşdırmağa imkan vermir. Apardığım monitorinqin nəticələrini nəzərdən keçirdikdə Azərbaycanda yırtıcı jurnallarla bağlı məlumatlandırıcı fəaliyyətlərin problemin tam həlli üçün yetərli olmadığı aydın olur. Bu baxımdan azərbaycanlı müəlliflərin yırtıcı jurnallara meyllənmələrinin səbəblərini araşdırmağa ehtiyac yaranır.

Problemin səbəbləri

Yırtıcı jurnallara müraciət edən tədqiqatçıların böyük əksəriyyəti elmi işçilər və müəllim heyətidir. Müəyyən etdiyim 484 (2024-cü ilin 3 ayı və və 2023-ci il) nəfərdən cəmi 35 nəfəri (13 doktorant, 15 magistrant və 7 bakalavr) tələbədir. Bu 35 tələbədən 19-u yırtıcı jurnallarda elmi rəhbəri və ya elmi dərəcəsi olan şəxslərlə həmmüəllif qismində çıxış edir. Bu məqam problemin doktorantura və magistratura səviyyəsində daha az, universitetlərin və institutların müəllim-tədqiqatçı heyəti arasında isə daha böyük olduğunu deməyə əsas verir. Bunun əsas səbəbi, yəqin ki, Ali Attestasiya Komitəsinin (AAK) doktorantura və magistratura tələbələrinin öz elmi məqalələrini dərc etmələri üçün konkret jurnallar siyahısı müəyyən etməsidir.[19] Həmçinin AAK ölkədən kənarda məqalələrin dərc edilməsi məqsədilə müraciət ediləcək jurnalların daxil olacağı konkret indeksləri də müəyyən edib.[20] Bu indekslərə daxil olmayan və AAK-ın siyahısında yer almayan jurnallarda dərc olunan məqalələr yekun müdafiə prosesində qəbul olunmur. Bu yanaşmanı fəqli istiqamətlərdə mübahisələndirmək mümkün olsa da, onun doktorantura və magistr tələbələrinin yırtıcı jurnallara müraciətlərinə təsir etdiyi aydındır. Lakin universitetlərin və institutların müəllim-tədqiqatçı heyəti üçün belə bir tənzimləmə forması mövcud deyil.

Niyə azərbaycanlı tədqiqatçılar yırtıcı jurnallarda məqalə dərc edir? Bunun səbəbi təkcə tədqiqatçının məsuliyyətsizliyi və qondarma elmi reputasiya dalınca qaçmasıdır, yoxsa həm də institutsional səviyyədəki problemlərdir?

İlk olaraq qeyd edim ki, müəlliflərin müraciət etdikləri jurnalların yırtıcı olması barədə məlumatlı olub-olmadıqlarını müəyyən etmək çətindir. Lakin güman etmək olar ki, onların bir qismi yırtıcı jurnallar barədə həqiqətən məlumatsızdır. Bu hal bəzi universitetlərin öz müəllim-tədqiqatçı heyətlərinin yırtıcı jurnallar barədə məlumatlandırılması işində uğursuz olduqlarının göstəricisidir. Belə ki, monitorinq nəticələrinə görə, nəzərdən keçirilən jurnallarda ümumilikdə 1 akademik, 28 professor, 59 dosent, 76 fəlsəfə doktorunun adı yer alıb. Onların böyük əksəriyyəti yırtıcı jurnallara qarşı maarifləndirmə seminarlarının təşkil edildiyi universitetlərin (NDU, ATU, BDU, ADPU, ADNSU və s.) müəllim-tədqiqatçı heyətinin üzvləridir.

İkinci və ən əhəmiyyətli səbəb universitetlərdə müəllim-tədqiqatçı heyətinin elmi fəaliyyətini qiymətləndirmək üçün tətbiq olunan bal-reytinq sistemidir. Bal-reytinq sistemi müəllim-tədqiqatçı heyətinin müəyyən müddət ərzindəki fəaliyyətlərinin tədris keyfiyyəti, tədris-metodiki işləri, elmi-tədqiqat işləri üzrə qiymətləndirilməsinə əsaslanır və onları bal sistemi (2, 5, 10, 15 və s.) üzrə qiymətləndirir. Daha çox universitetlərin daxili sistemində keçərli olan bal-reytinq sistemi akademik heyətin inkişafını təmin etməyi və səmərəliliyini artırmağı hədəfləyir. Lakin bu sistemdə bəzi boşluqlar var. Bu boşluqlar nəticəsində bal-reytinq sistemi yüksək standartlara cavab verməyən tədqiqatçıların illik hesabatı təmin etmək üçün yırtıcı jurnallara yönəlməsinə şərait yaradır. Məsələn, aşağıdakı cədvəldə (Cədvəl 7) Azərbaycan Tibb Universitetinin 2023/2024-cü il üçün hazırlanmış Müəllimin son beş illik fəaliyyət göstəriciləri bal-reytinq cədvəlindən bir hissə – elmi məqalələrin çapı üçün nəzərdə tutulan kriteriyalar və ona uyğun bal sistemi əks olunub. Universitetin müəllim-tədqiqatçı heyəti mötəbər indeksləşdirmə bazalarına daxil olan jurnallarda çap olunan məqalələr üçün 7 bal, yerli impakt faktorlu jurnallar üçün 3 bal, impakt faktoru 2-dən yuxarı olan xarici jurnallar üçün 5 bal, ümumiyyətlə impakt faktoru olmayan xarici jurnallar üçünsə 2 balla qiymətləndirilir.[21]

Cədvəl 7: Azərbaycan Tibb Universitetinin 2023/2024-cü il üçün hazırlanmış Müəllimin son beş illik fəaliyyət göstəriciləri bal-reytinq cədvəlində elmi məqalələrin qiymətləndirilməsi.

Qeyd edim ki, yırtıcı jurnallar siyahısında yer alan Norwegian Journal of development of the International Science özünün impakt faktorunun 4.779, Danish Scientific Journal 3.556 (Cosmos Impact Factor), Slovakia International Scientific Journal isə 5.19 (SJIF Impact Factor) olduğunu iddia edir. Lakin bu göstəricilərin həqiqi olub-olmadığı, həmçinin jurnalların mötəbər reytinq cədvəllərindəki (SCImago Journal Rank, SNIP, CiteScore və s.) həqiqi göstəriciləri müəlliflər və universitetlər tərəfindən yoxlanılmır.

Görünən odur ki, universitetlər müəllim-tədqiqatçı heyətindən yüksək standartlar tələb etməklə yanaşı, bu standartları ödəyə bilməyən tədqiqatçılar üçün ikinci, üçüncü dərəcəli standartlar da müəyyən edir. Standartların bu səviyyədə aşağı salınması yüksək standartlara cavab verə bilməyən tədqiqatçıların yırtıcı jurnallarda məqalə dərc etməsinin nəinki qarşısını alır, hətta onları bu işə təşviq edir. Yüksək standartlara cavab verə bilməyən bir müəllif üçün həqiqi araşdırma və ciddi zaman tələb edən Scopus, Web of Science kimi indeks bazlarındakı jurnallara məqalə göndərməkdənsə, elmi rəyə ehtiyac olmayan, maddi ödəniş qarşılığında, ildə 5-6 dəfə məqalə göndərəcəyi yırtıcı jurnallar daha praktik seçimdir. Çünki universitetlərin müəlliflər (müəllim və tədqiqatçılar) üçün yaratdığı prioritetlər elmi yeniliklər və ya mötəbər indekslərdə tanınmaq yox, illik bal-reytinq sistemi üzrə hesabat verməkdir. Elə 2023/2024-cü illərdə Azərbaycan Tibb Universitetinin ümumilikdə 90-dan çox əməkdaşının yırtıcı jurnallarda məqalə müəllifi olması bu deyilənləri sübut edir. Universitetlər öz müəllim heyətindən gözlədikləri elmi məqalələrin standartlarını aşağı salmaqla, əslində yırtıcı jurnalların fəaliyyəti üçün açıq qapı saxlamış olurlar. Bu mövzuda nə qədər məlumatlandırılma aparılsa da, bu açıq qapı mövcud olduqca yırtıcı jurnallar problemi də öz aktuallığını qoruyacaq.

Üçüncü səbəb isə müəlliflərin bal-reytinq cədvəlinə uyğun olaraq universitetə (və ya instituta) təqdim etdiyi elmi məqalələrinin universitetlərdə fəaliyyət göstərən müvafiq strukturlar tərəfindən yoxlanılmamasıdır. Mümkündür ki, müəllif yırtıcı jurnallar barədə məlumatlı deyil və ya ona dəvət göndərən yırtıcı jurnalları müəyyən edə bilməyib, bu cür jurnallarda məqaləsini dərc edib və universitetə təqdim edib. Lakin müvafiq strukturların (elmi işlər üzrə prorektorluq, elmi katiblik, fakültə elmi şuraları və s.) vəzifəsi bu məqalələrin məzmununu, onun dərc edildiyi jurnalın standartlarını yoxlamaqdır. Bu qurumların öz vəzifələrini yerinə yetirməməsi yırtıcı jurnallar probleminin həlli üçün əsas əngəllərdən biridir. Apardığım monitorinqin nəticələri bir sıra universitetlərdə bu sahədə çox ciddi boşluqların olduğunu ortaya çıxarır. Belə ki, yırtıcı jurnallarda davamlı şəkildə məqalə dərc edən müəlliflər konkret bir neçə universitetdə çalışırlar. Naxçıvan Dövlət Universitetinin (96), Azərbaycan Tibb Universitetinin (94), Elm və Təhsil Nazirliyinin tabeliyindəki institutların (52) müəllim-tədqiqatçı heyəti yırtıcı jurnallarda daha çox məqalə dərc edənlər sırasındadır. Azərbaycan Neft və Sənaye Universiteti (41), Azərbaycan Dövlət Pedaqoji Universiteti (23), Bakı Dövlət Universiteti (30) və digərləri isə bu sahədə problemli qurumlar hesab edilə bilər. Bu məqam müəlliflərin məqalələrinin bu universitetlərin müvafiq strukturları tərəfindən yoxlanılmadığını deməyə əsas verir. 

Nə etməli?

Azərbaycanda yırtıcı jurnallarla mübarizədə bu vaxtadək görülən işlər yetərli deyil. Üstəlik monitorinqin sadəcə üç jurnal üzrə nəticələrə fokuslandığını, lakin onlarla potensial yırtıcı jurnalın olduğunu nəzərə almaq lazımdır. Bu monitorinq nəticəsində problemin tam olaraq miqyasını müəyyən etmək mümkün olmasa da, əldə etdiyim rəqəmlər narahatlıq üçün yetərli əsaslar verir. Yırtıcı jurnallara qarşı mübarizənin çətinliyi, əlbəttə ki, nəzərə alınmalı əsas məqamlardan biridir. Lakin bu cür jurnalların Azərbaycan akademik mühitinə və müəlliflərin reputasiyasına vurduğu zərərlərin mümkün qədər qarşısını alacaq tədbirlər görülməlidir.

Birincisi, yırtıcı jurnallarla bağlı Elm və Təhsil Nazirliyi, AMEA və digər cavabdeh qurumlar tərəfindən davamlı monitorinqlərin və araşdırmaların aparılmasına ehtiyac var. Həmçinin bu qurumların tərkibində monitorinq və araşdırma fəaliyyətlərini icra etmək üçün yeni struktur formalaşdırıla və ya mövcud strukturların heyəti, o cümlədən texniki imkanları genişləndirilə bilər. Onlar tərəfindən monitorinqlərin nəticələri üzrə illik hesabatlar, davamlı şəkildə yenilənən yırtıcı jurnalların siyahısı hazırlana və əldə olunan nəticələr universitetlərlə paylaşıla, həmçinin müəlliflər üçün bu nəticələrin əlçatanlığı təmin edilə bilər.

İkincisi, bal-reytinq cədvəllərindəki boşluqların aradan qaldırılması məqsədilə universitetlərin özləri və ya birbaşa ETN tərəfindən ali təhsil müəssisələri üçün vahid mexanizm hazırlana bilər. Bal-reytinq sistemindəki boşluqlar yüksək standartlara cavab verə bilməyən müəllifləri yırtıcı jurnallara müraciət etməyə təşviq edir. Bu sahədəki boşluqların aradan qaldırılması yeni müəlliflərin yırtıcı jurnallara yönəlməsinin qarşısını ala bilər. Bu məqsədlə müəlliflərə universitetlər (institutlar) tərəfindən yalnız mötəbər indeks bazalarındakı jurnallarda (Scopus və Web of Science kimi) məqalə dərc etmələri şərti gətirilə, ya da davamlı olaraq yenilənən mötəbər elmi jurnalların siyahısı formalaşdırıla bilər.

Üçüncüsü, universitetlərdə fəaliyyət göstərən və bal-reytinq sisteminə nəzarət edən strukturların işləri təkmilləşdirilməlidir və ya bu strukturlar yenidən formalaşdırılmalıdır. Bu addım potensial risklərin müəyyən edilməsi və müəlliflərin yırtıcı jurnallara çıxışının məhdudlaşdırılması ilə paralel şəkildə aparılmalıdır.

 

Qeydlər və istinadlar:

[1] Beall, J. “Predatory publishing is just one of the consequences of gold open access”, Learned Publishing, 26, 2013,  79-81, https://onlinelibrary.wiley.com/doi/pdf/10.1087/20130203

[2] Blog.cabells.com, “Cabells’ Predatoy Report Criteria  v 1.1” , 2019,

https://blog.cabells.com/2019/03/20/predatoryreport-criteria-v1-1/

[3] Slovak Academy of Sciences, “Damage to SAS Reputation and Credit,” SAS – News – Damage to SAS reputation and credit, 2017, https://www.sav.sk/index.php?doc=services-news&source_no=20&news_no=6933.

[4] Norwegian Journal of Development of the International Science, https://njd-iscience.com/

[5] Danish Scientific Journal, https://www.danish-journal.com/

[6] Slovakia İnternational Scientific Journal, https://sis-journal.com/

[7] Slovak Academy of Sciences, “Damage to SAS Reputation and Credit,” SAS – News – Damage to SAS reputation and credit, 2017, https://www.sav.sk/index.php?doc=services-news&source_no=20&news_no=6933.

[8] Monitorinq apardığım 3 jurnalla yanaşı Journal of Science. Lyon (Fransa), Science of Europe (Çexiya), The Scientific Heritage (Macarıstan), Polish Journal of Science (Polşa), German International Journal of Modern Science (Almaniya), International Independent Scientific JournalAnnali d’Italia (İtaliya), və Znantseva Misel Journal (Sloveniya) kimi jurnalların da potensial yırtıcı jurnallar olması ehtimalı böyükdür. Bu 8 jurnalın yırtıcı olması ilə bağlı rəsmi mənbə olmasa da, digər 3 yırtıcı jurnalla birlikdə hamısının domein qeydiyyat ünvanı və telefon nömrəsi, həmçinin səhifə dizaynları və strukturları eynidir.

[9] Scimagojr.com, “Scimago Journal & Country Rank”, https://www.scimagojr.com/countryrank.php?year=2022

[10] Ncn.gov.pl. “Letter from Prof. dr hab. Zbigniew Blocki”, accessed April 16, 2024,

https://ncn.gov.pl/sites/default/files/pliki/2018_09_18_list_dyrektora_ncn_ws_predatory_journals.pdf

[11] Həsənova R.Ş, Əsgərov F.Ş,. Yırtıcı jurnalları xarakterizə edən xüsusiyyətlərin identifikasiyası, İnformasiya cəmiyyəti problemləri, 2018, № 2, s. 97-106; Həsənova R., Əsgərov F, Səidova M, İsmayılova N,. Yırtıcı jurnallardan qorunma yolları, İnformasiya təhlükəsizliyinin aktual problemləri,  III respublika elmi-praktiki seminarı, 2017.

[12] Əliquliyev R.M., Həsənova R.Ş., Əsgərov F.Ş. İnternet mühitində “yırtıcı jurnalları” avtomatik təyin edən antiyırtıcı sistemin yaradılması konsepsiyası, İnformasiya cəmiyyəti problemləri, 2020, № 1, s. 96-102; Həsənova R.Ş., Əsgərov F.Ş.. İnternet mühitdə “yırtıcı” jurnalların avtomatik tanınması üçün intellektual sistemin yaradılmasının konseptual əsasları haqqında, İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri, IV respublika konfransı, 2018, s. 165-168.

[13] Think!-Check!-Submit!, https://thinkchecksubmit.org/

[14] Thinkchecksubmit.org, Azerbaijani, https://thinkchecksubmit.org/journals/azerbaijani/

[15] Gəncalimler.az, “Gərəksiz Elmi Nəşrlərə Görə Xərclənən Çoxlu Pullar, Qondarma Elmi Reputasiya və Ya Məlumatsızlıq?,” accessed April 16, 2024, https://gencalimler.az/az/news/2586/.

[16]Azsciencenet.az, “Yırtıcı” jurnalların aşkarlanması məsələləri müzakirə olundu”, accessed April 16, 2024, https://azsciencenet.az/az/news/1775; Azərtag.az, “Saxta jurnalların identifikasiya metodları analiz edilir”, accessed April 16, 2024, https://azertag.az/xeber/saxta_jurnallarin_identifikasiyasi_metodlari_analiz_edilir-2360291

[17] Amu.edu.az, “ATU-da “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş keçirilib”, accessed April 16, 2024,  https://amu.edu.az/news/3871/atu-da-clarivate-analytics-sirketinin-numayendeleri-ile-gorus-kecirilib; News.unec.edu.az, “Clarivate Analytic şirkəti vebinarlar təşkil edir”, accessed, April 16, 2024, https://news.unec.edu.az/elan/127-seminar/6775-clarivate-analytics-shirketi-vebinarlar-teshkil-edir; Bsu.edu.az, “Clarivate Analytics BDU-da növbəti seminar-təlim keçirib, accessed April 16, 2024, http://bsu.edu.az/az/news/clarivate_analytics_bduda_nvbti_seminartlim__keirib; Nuhcixan.az, “NDU Clavirate Analytics şirkəti ilə əməkdaşlığı genişləndirir”, accessed April 16, 2024, https://nuhcixan.az/news/elm-tehsil/60361-ndu-clarivate-analytics-sirketi-ile-emekdasligi-genislendirir; Unikal.az, “Clarivate Analytics şirkəti AzMİU üçün növbəti verbinar keçirdi”, accessed, April 16, 2024, https://unikal.az/news/286700/clarivate-analytics-sirketi-azmiu-ucun-novbeti-vebinar-kecirdi; Sdu.edu.az, “Clarivate Analytics şirkətinin nümayəndəsi seminar keçirdi”, accessed Apreil 16, 2024, https://www.sdu.edu.az/az/news/1291.

[18] Science.gov.az, “Clarivate Analytics (Thomson Reuters)” agentliyi AMEA-da növbəti seminar keçirib”, accessed, April 16, 2024, https://science.gov.az/az/news/open/7893

[19] Aak.gov.az, “Azərbaycan Respublikasında məqalələrin dərc edilməsi tövsiyyə edilən dövri nəşrlər”, Psixologiya, accessed April 16, 2024,  https://aak.gov.az/single/425

[20] Aak.gov.az, “Dövri elmi nəşrlərin daxil olduğu bynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları)”, accessed April 16, 2024,  https://aak.gov.az/documents/34

[21] Amu.edu.az, “Müəllimin son beş illik fəaliyyətinin göstəriciləri, bal-reytinq cədvəli (ATU)”, accessed April 16, 2024, https://amu.edu.az/page/2664/muellimin-son-bes-illik-fealiyyetinin-gostericileri-bal-reytinq-cedveli

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.