fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Azərbaycan sovet yazıçılarının qurultayında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazı Ceyhun Hacıbəylinin qələminə məxsusdur. Naşirinin sabiq Şimali Qafqaz Respublikasının liderlərindən biri Heydər Bammatın olduğu Parisdə rusca çıxan “Кавказ” jurnalının 1934-cü il, Avqust-Sentyabr, 8-9 nömrəsində çap olunmuşdur. Fransada mühacirət həyatı yaşayan Ceyhun bəyin bu məqaləsi Moskvada həmin il keçirilmiş Sovet Yazıçılarının Qurultayı barədədir.  Məqalə Azərbaycan dilinə BAİ (BRI) əməkdaşları tərəfindən tərcümə edilmişdir.

————————

Çoxdan hazırlanan bu qurultay böyük təmtəraqla keçdi.  Çoxlu sayda eyni nöqtəyə vuran çıxışlar, (maraqlı həmfikirlilikdir, deyilmi?) velikorus yazıçılarının “milli ucqarların” nümayəndələri ilə xoşbəxt qardaşlaşma səhnələri, “inqilabi düşərgədən” xarici qonaqların qurultay iştirakçılarını salamlamaları və sair və ilaxır, əlbəttə, bütün bunlar SSRİ-nin ədəbiyyat dünyasını təmsil edən 500 iştirakçının necə bir “ruh yüksəkliyi” ilə və nəinki kommunist partiyasının rəhbərliyi altında, həmçinin onun sifarişi və hətta seçdiyi “mövzular” əsasında yazıb-yaratmağa hazır olduğunu rəsmi şəkildə xaricə nümayiş etdirməli idi.

Olduqca diqqətçəkən qurultay ayrı-ayrı natiqlərin, görünür, öz aralarında əvvəldən razılaşdırmadıqları məruzələrindən doğan ilginc məqamlardan da xali deyildi. Biz qafqazlılar üçün ən maraqlı məqam, təbii ki, bu qurultayda bizim xalqların ədəbiyyatını təmsil etməli olanların çıxışları idi. Mən dağlı, gürcü, erməni nümayəndələrinin çıxışlarının təhlili hüququnu digər həmkarlarımın öhdəsinə buraxaraq, diqqətimi qurultaya 10 nəfərdən ibarət (hamısı həlledici səslə) heyətlə gəlmiş Azərbaycan nümayəndələrinin çıxışları üzərində cəmləşdirəcəyəm. Gələnlər gənclər idi, istedadlı dramaturq, əsərləri ilə qismən tanış olduğum Cabbarlını çıxmaq şərtilə, digər adları, xüsusən Azərbaycan ədəbiyyatı üzrə əsas məruzəçi olan Ələkbərlinin adını eşitməmişəm. Onun çıxışı hərçənd tarixi cəhətdən yetkin olsa da, təbii ki, tam deyildi. Belə ki, 18-ci əsrdən 1917-ci ilə qədər yazıb-yaratmış Azərbaycan ədibləri, şairləri və dramaturqları haqqında danışarkən yalnız Vaqifi, Bakıxanovu, Zakiri və Mirzə Fətəlini qeyd edərək, onlarla digərlərini (düşünürük ki, bilməməzlikdən deyil, “siyasi səbəblərə” görə)  kölgədə qoydu.

Yalnız bu deyil. Ələkbərli əvvəldən bolşevik senzurasından keçmiş məruzəsində Əli bəy Hüseynzadəni “burjua şovinizminin” ideoloqları arasında təsnif edərək, fikrini onunla yekunlaşdırır ki, “Azərbaycan xalqı onların ədəbiyyatını sona qədər anlamadı, bu ədəbiyyat ona yad qaldı”. Deyir ki, Əli bəyin yazıları (“Həyat”da və ”Füyuzat”da) xalqa yox, elitaya xitab edirdi və burada bəlkə də müəyyən dərəcədə həqiqət vardır.  Amma Ələkbərli nahaq yerə Əli bəyin ayağına “burjuazizmi” və “şovinizmi” aid edir. Bu mədəni insan birindən estetik görüşlərinə görə, digərindən isə humanizminə görə uzaq biri idi. Çətin ki, məruzəçi verdiyi bu təsviri Əli bəyin əsərlərindən hansısa nümunə ilə əsaslandıra bilərdi; Əli bəy əsasən fəlsəfi və estetik mövzularda, poeziya və tənqid yazırdı. Onun bütün yazılarında dərin humanizm hiss edilir, dar və vulqar olan hər şey rədd edilirdi. Qeyd etmək olar ki, əgər Azərbaycan Əli bəyin xeyirli və faydalı fəaliyyətindən həmişəlik məhrum olubsa, buna elə onun konsepsiyalarının öz burjuaziyasının bəzi nümayəndələrinin konsepsiyaları ilə münaqişəsi səbəb olmuşdur.

Yox, Əli bəy haqqında bu cür rəyin səbəbini başqa müstəvidə axtarmaq lazımdır: – səbəb onun azərbaycanlılar arasında milli kimliyin, türkçülüyün oyanmasında, həmçinin onların ana dilinin türk dilinə[i] istiqamətlənərək dəyişdirilməsində, fars dilinin təsirindən azad edilməsində oynadığı rol, dilə rus və beynəlxalq terminlərin süni şəkildə gətirilməsindən ehtiyatlanmağa çağırması olmuşdur. Əli bəy bu iki təkanı verən ilk azərbaycanlı olmuşdur ki, Azərbaycan xalqı bunları sonrakı azadlığa qovuşmasında qəbul etmişdir.

Məlumdur ki, bolşeviklər azərbaycanlıların Anadoludakı qardaşları ilə eyni ədəbi dilə malik olmasını istəmirdilər. Onların siyasəti ona aparır ki, Azərbaycan dili yenidən öz qınına girsin, “kütlənin dili” olsun, türk dilinin[ii] təsiri tamamilə aradan götürülsün, ədəbi əsər üçün lazım olan ifadələr rus leksikonundan “böyük Leninin dilindən”, “oktyabr inqilabının dilindən” götürülsün. Burada biz onların Ukrayna və Belarusda həyata keçirtdikləri siyasətə oxşar bir vəziyyət görürük. Belə ki, orada, Qalitsiya[iii] və Qərbi Belarusdan əxz edilmiş sözlərin Ukrayna və Belarus dillərinin lüğətindən çıxarılması baş verir. Halbuki ruslaşdırma siyasətinin baş vermədiyi Qalitsiya və Qərbi Belarusda Ukrayna və Belarus dilləri xalisliklərini nisbətən qorumuşdular.

Biz görürdük ki, Əliheydər Qarayevdən tutmuş Sultan Məcid Əfəndiyevə kimi Azərbaycanda bolşevik elitasının bütün böyük dayaqları azərbaycanlı müəlliflərin, müəllimlərin və digərlərinin üzərinə “osmanlılaşdırma meyillərinə” görə hücuma keçirdilər. Əfəndiyev Mərkəzi İcraiyyə Komitəsinin son sessiyasında bu “təhlükəni” yada salırdı. O, “telefon”, ”teleqraf”, ”kommunist”,  ”kolxoz”, “proletariat” və sairə kimi ”beynəlxalq” sözlərin türk dilinə[iv] tərcümə edilməsinə qarşı üsyan edirdi.

Qeyd etmək lazımdır ki, bolşeviklərin başda Buxarin olmaqla məlum böyükdövlətçilik tərəfdarlarından ibarət hissəsi vaxtilə SSRİ-nin müxtəlif dillərinin “unifikasiyası” və onların “vahid beynəlxalq dildə birləşdirilməsi” fikrini irəli sürürdülər ki, bu dil də çoxluğun dili, yəni rus dili olmalı idi.  Bu zaman onlar vaxtilə bu fikri irəli sürdüyünü iddia etdikləri Leninə istinad edirdilər. Amma Stalin özünün “aparıcı xətti” ilə böyükdövlətçilərin yadına salırdı ki, dillərin unifikasiyası haqqında danışmaq hələ tezdir. Əlverişli anı gözləyənə kimi hələlik “milli məktəblərdə” rus dilinin tədrisi sistemli şəkildə gücləndirilir.

Ələkbərli Azərbaycanda “yeni yaradıcı nəsil” haqqında da maraqlı məlumatlar verdi, amma onların içində bəzi tanış adlara da rast gəlirik. Məsələn, onlardan Yusif Vəziri məruzəçi “inqilabaqədərki liberal kiçik burjua intelligentsiyasının nümayəndələrindən biri ” kimi təqdim edir. Onlar içərisində həmçinin Ordubadinin, Cabbarlının adını çəkir, Cavidi də sadalayır və onda “yenidənqurmanın çox ləng getdiyini”, yəni “hələ bir nəticə vermədiyini’’ bildirir. Digər bizə tanış olmayan adlar xeyli şedevrlər,  romanlar, dramlar və sairə yaradıblar. Onlar arasında məruzəçi iki şairənin, təbii ki, “Şərq qadınının azad edilməsində proletar inqilabının qələbəsini“ (sifarişli “mövzunu”) tərifləyən Nigar və Dilbazinin adını çəkir.

Hər halda məruzəçi şikayət edir ki, “Azərbaycanın gənc ədiblərinə az diqqət yetirilir”. Anlaşılmır ki, hakimiyyət dairələri, yoxsa oxucular nəzərdə tutulur.

Məruzə rəsmi məsələdir, bolşevik reallığında isə xüsusən. Natiqlərin “protokolun” stilini qoruya bilmədikləri çıxışları isə fərqlidir. Belə ki, biz Moskva qəzetlərinin ehtiyatlı hesabatlarından görürük ki, azərbaycanlı şair Rəfili Buxarinin çıxışının əvvəlində sonuncunun qeyri-etik davranışına özünəməxsus istehzalı tonda və Kozma Prutkovun “irokez dilinə” istinad edərək başqa “milli” poeziya tanımadığını, ancaq rus poeziyası barədə danışacağını bəyan etməsinə reaksiya verməyə cəhd göstərir. Rəfili Buxarinin nəzərinə çatdırır ki, bir “beynəlmiləlçi” kimi həmin “milli” ədəbiyyatla heç olmazsa, rus müəllifləri Pasternak və Tixonovun mövcud gözəl tərcümələri vasitəsilə tanış olması ona heç bir maneçilik törətməzdi. Daha sonra Rəfili kifayət qədər diplomatik dildə ədəbiyyatın “milli forması” barədə məsələ qaldırır. O, qeyd edir ki, bu məsələ  “tez-tez məhdud başa düşüldüyündən” “kobud təhriflərə” səbəb olur.  Rəfili əlavə edir ki, amma “tez-tez başqa “xətt” də müşahidə olunur, rus şeir forması əsas götürülərək, mexaniki şəkildə  milli şəraitlərə tətbiq olunur. Və bunun üzərində hansısa xalqın öz milli poeziyası qurulur”.

Burada biz yenidən “lənətlənmiş problemə”- milli məsələyə rast gəlirik. Sabiq Rusiya imperiyasının hazırkı rəhbərləri özlərini elə aparır ki, sanki bu məsələ bəyan etdikləri bəsit bir “formaca milli, məzmunca sosialist“ formulu çərçivəsində həll olunub… Halbuki hazırda həmin formanın özünü belə yeknəsəq hala salmaq istəyirlər. Azərbaycanlı nümayəndə demək istəyir ki, “İmkan verin hər bir xalqın milli xüsusiyyətləri özünə qalsın, onlara özləri istədikləri və bacardıqları kimi yaratmağa imkan verin, hamını eyni arşınla ölçmək olmaz”.

Nə etmək olar? “Beynəlmiləlçilik” tələb edir ki, belə bir çoxmillətli ölkədə hamı sonda, elə Buxarin və kompaniyasının “beynəlmiləlçiliyi” kimi, velikorus olduğu üzə çıxan ümumi qazana tökülsün.

Əgər Rəfili çox ehtiyatlı tərzdə poeziyada milli məsələ və onun tətbiqinə toxundusa, digər Azərbaycan nümayəndəsi Cabbarlı kifayət qədər incə və son dərəcə həqiqi olan çıxışında proletar diktaturasının “fəxr etdiyi” aşağılayıcı “sosial sifariş” praktikasına qarşı üsyan edir. Cabbarlı bu təhlükəli mövzuya ehtiyatla müdaxilə edir. O deyir: “Mövzunu seçmək bacarığı rəssamın, ədibin, dramaturqun gücünün, keyfiyyət səviyyəsinin göstəricisidir. Mövzu sənətkara enerji verməlidir… Lakin bir çox yoldaşlar tez-tez “sosial sifariş” məfhumunu səhv salır və onu “xüsusi sifariş” məfhumu ilə əvəz edirlər. Şüşə zavodundan, yaxud ipək fabrikindən yaz – bax, yazıçıya belə deyirlər… Yazıçının fikrini, diqqətini bir şey cəlb etdiyi halda, başqa bir şey haqqında yaza bilməz. Yalnız şüur üçün nəzərdə tutulan, hisslərə xitab etməyən əsər hər şey ola bilər, sənət əsərindən başqa.”

Bunlar dövlətin İttifaqlar evində keçirilən kütləvi tərif yığıncağında çox az eşidilən sözlər idi. Bu, yüksək bəşəri ideyalarla, fikirlərlə alışıb yanan, lakin bu ideyaları və fikirləri başından atıb, “süni, sxematik, cansız”  (müəllifin öz təbiri ilə) fabrika, yaxud kolxoz qəhrəmanı yaratmaq tələb edilən həqiqi sənətkarın qəlbinin hayqırtısı idi!

Azərbaycan nümayəndələrinin sovet yazıçılarının qurultayındakı çıxışları işgüzar nöqteyi-nəzərdən maraqlı olmaqla yanaşı ciddi və düşünülmüş xarakter daşıyır, məlum peşəkar erudisiyanı və sovet reallığından fərqlənən siyasi ideologiyanı nümayiş etdirirdi.

Ədəbiyyat xalqın qəlbinin səsidir, biz Azərbaycan ədəbiyyatının, hətta sovet olsa da, nümayəndələrinin ehtiyatlı çıxışlarının aparıcı xəttini izləyərkən oradan yaratmağa can atan, kənardan heç bir göstəriş olmadan öz həyatını qurmaq istəyən xalqımızın əhvali-ruhiyyəsini, istəklərini sezirik.

 

Qeydlər: 

[i] C. Hacıbəyli burada Türkiyədəki türk dilini nəzərdə tutur. Mətndə rusca iki forma – “турецкий” və “тюркский” işlədilir. Əgər birincisi Türkiyə türkcəsini nəzərdə tutursa, ikincisi Azərbaycan dilinə aidən istifadə edilir.

[ii] Burada da Türkiyə türkcəsi nəzərdə tutulur.

[iii] Qalitsiya Qərbi Ukrayna vilayətlərinin tarixi adıdır. Tarixi Qalitsiya bugünkü Polşanın da bir sıra ərazilərini əhatə edirdi.

[iv] Burada Azərbaycan dili nəzərdə tutulur.

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.