fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda qeyri-formal məşğulların sayı niyə açıqlanmır?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Qeyri-formal (rəsmi) məşğulluq inkişaf etməkdə olan və inkişafdan qalan üçüncü dünya ölkələri üçün ciddi problem olaraq qalır. Beynəlxalq Əmək Təşkilatı  “qeyri-rəsmi sektorda məşğulluq” və “qeyri-formal məşğulluq” anlayışlarını bir-birindən fərqləndirməyi vacib hesab edir. Qeyri-formal sektorda məşğulluq çalışanların statusundan asılı olmayaraq, rəsmi uçota (vergi və statistika uçotu) düşmədən fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində işləyənləri əhatə edir. Qeyri-rəsmi məşğulluq isə formal çalışan müəssisələrdə də ola bilər. Məsələn, təsərrüfat subyekti vergi ödəyicisi kimi rəsmi uçotdadır, lakin işçilərinin müəyyən hissəsini rəsmi müqavilə olmadan çalışdırır. Beynəlxalq Əmək Təşkilatının yanaşmasına görə, əgər ev təsərrüfatlarının mal və xidmətləri yalnız öz istehlakları üçün deyil, satışa da yönəldilirsə, bu halda onların çalışanları da qeyri-rəsmi məşğul kateqoriyasına aid edilir.

Azərbaycan qanunvericiliyində qeyri-formal məşğulluqla bağlı müddəalar

2018-ci ilə qədər – yeni Məşğulluq haqqında Qanunun qəbulunadək Azərbaycan qanunvericiliyində “qeyri formal məşğulluq” anlayışı ilə bağlı hansısa hüquqi anlayışlar mövcud deyildi. Həmin ilin iyununda qüvvəyə minən qanunda (maddə 1.1.9) qeyri-formal məşğulluq anlayışının əhatə dairəsi aşağıdakı kimi müəyyən edildi:

1) Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlamadan çalışanlar;
2) Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müxtəlif fəaliyyətlər yerinə yetirənlər;
3) Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətini qeydiyyata düşmədən həyata keçirənlər;
4) Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəni rəsmiləşdirilmədən həyata keçirənlər;
5) Ailə kəndli təsərrüfatı haqqında Qanuna uyğun olaraq bələdiyyələrdə uçota durmadan ailə kəndli təsərrüfatını təşkil edən və faktiki gəlir əldə edənlər.

Məşğulluq haqqında Qanuna (maddə 30-32) əsasən səlahiyyətli dövlət qurumlarının qeyri-formal məşğulluğun leqallaşdırılmasına məsuliyyət daşıması və bu məqsədlə qeyri-formal məşğulluğa nəzarət vahid elektron informasiya ehtiyatı yaradılması nəzərdə tutulur.

2017-ci ilin oktyabrında qəbul edilmiş qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planında bu cür məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün  monitorinq və qiymətləndirmələrin aparılması, zəruri statistik göstəricilərin hazırlanması nəzərdə tutulsa da, ötən 7 ildə Azərbaycanda qeyri-formal məşğulluğun miqyasına dair hər hansı rəsmi açıqlama olmayıb.  Halbuki müxtəlif ölkələr nəinki bu statistikanı milli səviyyədə açıqlayır, eyni zamanda Beynəlxalq Əmək Təşkilatının onlayn informasiya bazası vasitəsilə qlobal miqyasda hər kəs üçün əlçatan edir. Yeri gəlmişkən, adıçəkilən təşkilatın statistik informasiya ehtiyatları əsasında hazırladığımız aşağıdakı diaqram dünyanın fərqli coğrafiyalarında və fərqli iqtisadi inkişaf səviyyəsinə malik ölkələr üzrə qeyri-formal məşğulluğun miqyasını əks etdirir. 

Qeyri-formal məşğulluğun ümumi məşğulluqda payı, %

Təqdim edilən məlumatlardan göründüyü kimi, Burikino Faso, Anqola və Keniya kimi iqtisadi cəhətdən zəif ölkələrdə bütün məşğul əhalinin 90-95%-i qeyri-rəsmi məşğul statusundadır. İsveçrə, Norveç və Almaniya iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə malik ölkələrdə isə həmin göstərici 2-3% ətrafındadır. Qeyri-rəsmi məşğulluq postsovet məkanının Estoniya, Polşa  kimi daha qabaqcıl ölkələrində 8-16%, Moldova və Ermənistanda 50-52% təşkil edir. Sözügedən göstərici Azərbaycanla qonşu olan Gürcüstanda 37%, Türkiyədə isə 28%-dir.

BƏT-in hazırladığı son hesabatlardan birində qeyd edilir ki, dünyada hər 10 işçidən 6 nəfəri qeyri-formal sektorda çalışır və onların ümumi sayı 1.6 mlrd. nəfərə yaxındır.

Azərbaycanda qeyri-formal məşğulluqla bağlı rəsmi məlumat olmasa da, dolayı hesablamalar əsasında real mənzərəni ortaya qoymaq mümkündür. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda rəsmi məşğul əhalinin sayı 5 mln.  nəfər ətrafında olub ki, bundan da cəmi 1,743 min nəfəri və ya təxminən üçdə biri rəsmi əmək müqaviləsi ilə işləyənlər, yəni muzdlu fəaliyyət göstərənlərdir. Vergilər Nazirliyinin həmin dövrə olan məlumatına görə isə sahibkarlıq subyekti kimi rəsmi uçotda olub aktiv fəaliyyət göstərən subyektlərin sayı 725 min təşkil edib. Bu hissədə çatışmayan yeganə məlumat öz şəxsi istehlakı məqsədlərinə xidmət göstərməyən torpaq mülkiyyətçilərinin sayı barədə statistik göstəricilərdir.

Bu baxımdan iqtisadiyyatın qeyri-aqrar iqtisadi fəaliyyət sahələri əsasında hesablama aparıldıqda, Azərbaycanda qeyri-formal məşğulluğun 45-50% ətrafında olduğu görünür. Yeri gəlmişkən, 2019–2030-cu illər üzrə Məşğulluq Strategiyasına görə, 2030-cu ilədək qeyri-kənd təsərrüfatı sahələrində rəsmi işləyənlərin ümumi məşğulluğa nisbətini 80 faizə çatdırılması hədəflənib (2017-ci ildə həmin göstərici 50% ətrafında olub).

Beləliklə, hökumət qeyri-formal məşğulluğun miqyasının azaldılmasında hər nə qədər effektiv nəticələr əldə edə bilməsə də, ən azından bu məsələdə şəffaf statistik hesabatlılıq təmin edilməlidir. Söhbət bu cür məşğulluqla bağlı çox detallı göstəricilərin cəmiyyət üçün davamlı açıqlanmasından gedir. Qeyri-formal məşğulların ümumi sayı, onların formal və qeyri-formal sektorlar üzrə, iqtisadi fəaliyyət sahələri, regionlar, cinslərə və təhsil səviyyəsinə görə bölgüsü barədə ayrıca hesabat şəklində rəsmi statistikanın internet resursları vasitəsilə açıqlanmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.