Azərbaycan hökumətinin son 20 ildə həyata keçirdiyi 4 regional inkişaf proqramının nəticələrini qiymətləndirmək üçün ən bariz göstərici ötən dövrdə ölkənin milli gəlirinin formalaşmasındakı bölgələrin payının dinamikası ola bilərdi. Mövzuya diqqət göstərən istənilən şəxs üçün 2004-cü ildə paytaxt və bölgələrin ÜDM-də payının necəliyi, bu gün hansı səviyyədə olması maraqlı ola bilər. Lakin hər kəs üçün açıq və əlçatan olan rəsmi informasiya mənbələrində bu suala cavab tapmaq asan deyil.
Bakı Şəhər Statistika İdarəsinin son illər ictimailəşdirdiyi illik hesabatlarda yalnız paytaxtda yaranan ÜDM-nin həcminə dair məlumat görmək olur ki, bu da ölkənin milli gəlirinin ÜDM-nin formalaşmasında Bakı şəhərinin töhfəsi barədə müəyyən təsəvvür yarada bilir. Lakin bu göstərici Bakı istisna olmaqla, yerdə qalan 13 iqtisadi region üzrə açıqlanmır. Bakı şəhəri üzrə ən son göstərici 2023-cü ilə aiddir və həmin il paytaxtda yaranan ÜDM-nin məbləği 94,5 milyard olub. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumata görə, 2023-cü ildə ölkə üzrə 126,3 milyard manatlıq ÜDM istehsal olunub və bu rəqəm Bakının ölkənin milli gəlirinin formalaşmasında 75 faiz, yerdə qalan regionların isə cəmi 25% paya malik olduğunu göstərir. Öz növbəsində, sənayedə yaranan ÜDM-nin 92 faizi, ticarət sektorunda yaranan ÜDM-nin 65 faizi, tikinti üzrə ÜDM-nin 42 faizi Bakı şəhərində formalaşır.
DSK ölkənin coğrafi əraziləri üzrə iqtisadiyyatda yaranan əlavə dəyəri açıqlamaq əvəzinə, daha ümumi və digər ölkələrlə müqayisə aparılması mümkün olmayan bir göstəricini – ümumi məhsul və xidmət buraxılışı göstəricisini açıqlayır. Həmin göstərici isə ÜDM-dən fərqli olaraq, aralıq istehlakı da özünə daxil edir və belə vəziyyətdə xalis göstərici olan əlavə dəyərin regionlar üzrə həcmini görmək mümkün olmur. Amma problem ondadır ki, hər hansı ağlabatan əsaslandırma olmadan DSK bu göstəricini də yarımçıq açıqlayır: dövlət tərəfindən göstərilən bir sıra pulsuz sosial xidmətlərin (təhsil, səhiyyə və s.) həcmi bölgələr üzrə ümumi məhsul və xidmətlərin həcmində əks etdirilməlidir. Əslində, göstərici tam açıqlanmış olsa idi, ölkə üzrə ümumi məhsul burxılışında əlavə dəyərin xüsusi çəkisi göstərici baza kimi götürülməklə, bütün regionlar üzrə ÜDM-nin təxmini həcmini müstəqil şəkildə hesablamaq mümkün olardı. Amma göründüyü kimi, Dövlət Statistika Komitəsinin tətbiq etdiyi informasiyaların yayılma standartları bu imkanı da müstəqil araşdırmaçıların əlindən almış olur.
Azərbaycanın yaxın qonşusu olan ölkələrdə regionlar üzrə ÜDM göstəricisi nəinki açıqlanır, hətta bəzi ölkələrdə (məsələn, Türkiyə) kifayət qədər detallı məlumatlarla zəngin olur. Yaxın qonşulardan 3 ölkə – Ermənistan, Gürcüstan və Türkiyə regionlar üzrə ÜDM göstəricisini açıqlayır. Ermənistan üçün əsas problem məlumatın açıqlanmasının dövriliyi ilə bağlıdır. Məsələn, hazırda açıqlanan ən son göstərici 2022-ci ilə aiddir. Bununla belə, hətta informasiyanın yayılmasındakı ləngimələrə baxmayaraq, regionların ölkə iqtisadiyyatındakı rolu barədə ümumi təsəvvür formalaşdırmaq üçün istinad ediləsi mənbə var. Hesabata görə, 2022-ci ildə Ermənistanda istehsal olunan ÜDM-nin 62 faizi paytaxt Yerevan şəhərində, 38 faizi ölkənin yerdə qalan regionlarında formalaşıb. Hesabatda hər bir region üzrə ÜDM-nin ümumi və adambaşına düşən məbləği, iqtisadiyyat üzrə ümumi əlavə dəyərdə payı barədə məlumat açıqlanır.
Gürcüstanın rəsmi statistika orqanı da dövri olaraq ölkənin regionlarına dair fərqli göstəricilər, o cümlədən bölgələr üzrə ÜDM-nin həcminə dair hesabatlar açıqlayır. Ən son məlumat 2023-cü ilə aiddir və həmin hesabatdan aydın olur ki, ölkə üzrə ÜDM-nin təxminən yarısı (52%) paytaxt Tiflis şəhərinin payına düşür. Göründüyü kimi, Azərbaycan (25%) və Ermənistan (38%) ilə müqayisədə Gürcüstanda regionların iqtisadiyyata töhfəsi (48%) daha yüksəkdir. Gürcüstanda bu göstərici təxminən son 15 ildə sabit qalıb.
Nəhayət, Türkiyədə regionlarda formalaşan əlavə dəyər göstəriciləri ilə bağlı daha təfsilatlı məlumatlar bölüşülür. Məlumat bazasında Türkiyənin 81 regionu üzrə ÜDM-nin ümumi və adambaşına məbləği, hər bir region üzrə ayrı-ayrılıqda hər bir iqtisadi fəaliyət sahəsi üzrə yarana əlavə dəyərin məbləği, illər üzrə regionların ÜDM-nin dinamikası, ayrı-ayrılıqda hər bir 81 vilayətin və 26 coğrafi bölgənin ölkə ÜDM-də xüsusi çəkisi barədə təfsilatlı göstəricilər açıqlanır. 2023-cü ilin yekunlarına görə, Türkiyədə istehsal olunan 26,5 trilyon lirə məbləğində ÜDM-nin cəmi 9,5 faizi paytaxt Ankara şəhərində, 30 faizi isə ölkənin iqtisadi mərkəzi hesab olunan İstanbul şəhərində formalaşıb.
Nəticə ondan ibarətdir ki, Azərbaycanda regional ÜDM-nin açıqlanmamasının səbəbini siyasi qərar kimi yozmaqdan başqa çıxış yolu qalmır. Çünki statistikanı tamamilə siyasiləşdirən hökumət 20 ildən artıq bir dövrdə 10 milyardlarla manat xərclədiyi proqramlar sayəsində bölgələrin iqtisadi inkişafında ciddi nəticələrin əldə olunmamasını cəmiyyətə nümayiş etdirmək istəmir. Çox fərqli və törəmə göstəricilərlə regional inkişaf siyasətinə rəsmi bəzək vurmağa cəhd göstərmək olar. Amma ən sonda bütün altgöstəriciləri özündə birləşdirən kompleks göstərici kimi regional ÜDM-nin həcmi və ölkə üzrə milli gəlirin formalaşmasında bu göstəricinin uzunmüddətli dinamikası bütün mübahisələrə son nöqtəni qoymuş olacaq.
Təqdim olunan yazı bilavasitə Azərbaycan və qonşu ölkələrdə regional ÜDM-nin milli statistik hesabatlarda əks etdirilməsi vəziyyətinin araşdırılmasına həsr olunmuşdur. Amma bu mövzu ilə bağlı daha mühüm problemlərdən biri milli gəlirin formalaşmasında müxtəlif bölgələrin xüsusi çəkisi, eləcə də bölgələr üzrə adambaşına düşən gəlirin orta göstəricidən və paytaxt göstəricisindən kənarlaşma səviyyəsi əsasında iqtisadi imkanlarda qeyri-bərabərliyin qiymətləndirilməsidir. Analiz Qrupunun növbəti araşdırması bu məsələyə həsr olunacaqdır.

