Cəmiyyət

Cəmiyyət

Azərbaycanda seçki institutunun ölümü

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan növbəti seçki dövrünü arxada qoydu. 2024-cü ildə ölkədə əvvəlcə növbədənkənar prezident, daha sonra növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçki kampaniyaları hər hansı sürprizlə yekunlaşmadı, çünki Azərbaycanda seçkilər çox uzun müddətdir ki, nəticələri əvvəlcədən məlum olan formal prosedura çevrilib. Bununla bərabər, qeyd etmək lazımdır ki, prezident seçkilərindən fərqli olaraq, parlament seçkiləri kampaniyaları, yekunda səsvermənin nəticələri saxtalaşdırılsa belə, ölkədə siyasi fəallığı və iştirakçılığı artıran, müəyyən qədər rəqabətli proses olurdu. 1 sentyabr 2024-cü il seçkiləri hətta bu məhdud rəqabət və minimal siyasi aktivlik dövrünün də arxada qaldığını göstərməklə, ümumən Azərbaycanda hüquq və azadlıqlar sahəsində çox ağır vəziyyətin yarandığını ortaya qoydu. Bu yazıda Milli Məclisə son seçkilərin sönük keçməsini şərtləndirən amillər, hətta şişirdilmiş rəsmi nəticəyə əsasən, seçici fəallığının çox aşağı olmasının səbəbləri, eyni zamanda, bir seçki dairəsindəki lokal aktivliyin yaratdığı mənzərəni təhlil edirəm.        

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra özünü əvvəlkindən daha güclü və inamlı hiss edən Azərbaycan hakimiyyəti ölkədə azadlıqların çərçivəsini addım-addım daha da daraldır. Bu proses, həmçinin hüquqi müstəvidə, qanunvericiliyin sərtləşdirilməsi yolu ilə aparılır. Ötən müddətdə qəbul olunan Media haqqında yeni qanun bu sahədə məhdudlaşdırıcı normalar gətirib və ənənəvi mediadan sonra onlayn media məkanını da nəzarətə götürməyə yönəlib. Bu qanun əsasında media reyestri yaradılaraq onun idarə olunması prezident tərəfindən təsis edilmiş Medianın İnkişafı Agentliyi adlı publik hüquqi şəxsə həvalə edilib. Reyestrdə qeydiyyatdan keçməyən media subyektləri və jurnalistlərin fəaliyyəti dövlət tərəfindən qanunsuz hesab olunur, adı reyestrə daxil edilməyən media nümayəndələri jurnalist kimi tanınmır.

Media haqqında qanundan sonra Siyasi partiyalar haqqında yeni qanun qəbul olunub. Bu qanunda da reyestrləşdirmə – partiya üzvü olan vətəndaşların reyestrinin yaradılması tələbi əksini tapıb. Belə ki, siyasi partiyalar öz üzvlərinin (minimum 5 min olmalıdır) şəxsi məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməlidir. Qanun həm yeni partiyaların və yeni simaların siyasət səhnəsinə çıxmasını çətinləşdirir, həm də mövcud partiyalara nəzarət, o cümlədən onların fəaliyyətinin dayandırılması üçün hökumətə əlavə səlahiyyətlər verir. Medianın və siyasi partiyaların fəaliyyəti sərt şəkildə reqlamentləşdirildikdən sonra repressiv tədbirlərə əl atılıb: 2023-cü ilin noyabrında Abzas media, 2024-cü ilin martında isə Toplum TV rəhbərliyi və əməkdaşları saxlanılıb. Onlar hələ də həbsdədir. Saxlanılan başqa jurnalistlər və fəallar da var, bu sırada Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, Avropa Şurasının Vatslav Havel mükafatının laureatı Anar Məmmədli ayrıca qeyd olunmalıdır.

Bir sözlə, ölkədəki hər iki seçki kampaniyası müxalif siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə qarşı təqib, təzyiq və qorxutma altında, qeyri-azad şəraitdə keçirildi. Parlament seçkilərində namizədlərin sayının azlığını da məhz qeyri-demokratik mühitlə əlaqələndirmək olar. Bu seçkilərdə 1508 nəfər öz namizədliyini irəli sürüb, 1420 nəfərə imza vərəqələri verilib, onlardan 1195-i imza toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib və 990 nəfərin namizədliyi qeydə alınıb. Müqayisə üçün deyək ki, bundan əvvəlki – 2020-ci il fevralın 9-da keçirilən (yenə növbədənkənar) seçkilərdə 2431 nəfər namizədlik üçün müraciət etmiş və 1637 nəfərin namizədliyi qeydə alınmışdı. Həmin seçki ərəfəsində kuluarlarda Milli Məclisin tərkibinin radikal dəyişikliyə məruz qalacağı və yenilənəcəyi barədə söz-söhbətlərin olması, eləcə də siyasi iqlimin nisbi yumşaqlığı entuziazm yaratmış, hətta bir çox seçki dairəsində iqtidar partiyası olan YAP-ın üzvləri bir-birinə alternativ olmuşdular. YAP-ın rəsmi namizədlərinə qarşı yarışan şəxslər yalnız partiyadan xaric ediləcəkləri barədə rəhbərliyin xəbərdarlığından sonra namizədlikərini geri götürmüşdülər.

MSK-nın məlumatına görə, 1 sentyabr seçkilərində iştirak faizi 37,27% təşkil edib. Bu, müstəqillik dövründə keçirilən parlament seçkilərində ən aşağı göstəricidir. Qalib elan olunmuş namizədlərə yazılan səslər isə ölkə üzrə seçici sayının cəmi 21-22%-ni əhatə edir. Halbuki 6 ay əvvəl keçirilən prezident seçkilərində 76,43% seçicinin iştirak etdiyi açıqlanmışdı. Hər iki rəqəmin həqiqətdən uzaq olduğuna şübhə yoxdur. Parlament seçkilərində 25 siyasi partiya öz namizədləri ilə iştirak etsə də, bu çoxpartiyalılıq yalnız kağız üzərindədir. Həmin partiyaların böyük əksəriyyəti ictimai rəydə müxalifət olaraq qəbul edilmir və siyasi hakimiyyətin peykləri kimi görülür. Azərbaycanda əsas müxalif qüvvələrdən biri olan Xalq Cəbhəsi Partiyası (AXCP) 2015-ci ildən bəri seçdiyi xəttə uyğun olaraq bu seçkiləri də boykot etdi. Digər müxalif partiya – Müsavat 24 namizədlə seçkiyə getdi, amma bir anormallıq var idi: partiyanın hazırkı və ondan əvvəlki liderləri İsa Qəmbər və Arif Hacılı namizəd olmadılar. Səbəb aydındır, bu siyasətçilər əmin idilər ki, seçilsələr də, parlamentə buraxılmayacaqlar.

Müxalifliyi son zamanlar digər müxalifətçilər və aktivistlər tərəfindən mübahisələndirilsə də, cəmiyyətdə hələ ki müxalifət kimi qəbul olunan Respublikaçı Alternativ (REAL) Partiyası isə cəmi 12 namizədlə çıxış etdi. Halbuki REAL parlament seçkilərinə hazırlığa hələ yanvar ayında seçki qərargahı yaratmaqla ən erkən start verən partiya idi. REAL AXCP-nin boykot taktikasını ardıcıl, kəskin tənqidə məruz qoymaqla bunun hakimiyyətin marağına xidmət etdiyini davamlı vurğulayan, seçkilərdə aktiv iştirakı təbliğ edən, yalnız seçki kontekstində ölkədə dəyişikliyin mümkünlüyünü diqqətə çatdıran siyasi qüvvədir. Buna baxmayaraq, partiya 2024-cü il prezident seçkilərində iştirak etmədi. REAL rəhbərliyi bildirdi ki, öz məhdud resurslarını qarşıdakı parlament seçkiləri üçün qoruyacaq, çünki həmin seçkilər ölkənin bundan sonrakı inkişaf yolunun müəyyənləşdirilməsi baxımından daha vacib və həlledicidir. Bütün bunların müqabilində REAL-ın parlament seçkilərində cəmi 12 namizəd irəli sürməsi ritorika ilə reallıq arasındakı böyük uçurum olduğunu ortaya qoydu. Həmin 12 namizədin hamısı seçilsə belə, heç nə dəyişməyəcəkdi, məsələn, Milli Məclisdə fraksiya yaratmaq üçün 25 deputat tələb olunur. Gözlənildiyi kimi, REAL-dan yalnız bir nəfər – Erkin Qədirli təkrar mandat qazandı.

Ümumiyyətlə, Milli Məclisin tərkibində siyasi təmsilçilik baxımından yenilənmə olmadı: YAP və bitərəf adlandırılan hakimiyyət tərəfdarları əvvəlki tərkibdə də 111 nəfərlə təmsil olunurdular, yeni parlamentdə də eyni sayda yerə sahib oldular.

70-ci dairənin verdiyi siyasi mesajlar

Səssiz və inert seçki kampaniyasının fonunda 70 saylı seçki dairəsində baş verənlər həmin dairənin sərhədlərini aşaraq ölkənin diqqətini cəlb edən mövzuya çevrildi. Bu dairə 87 min əhalisi olan Neftçala rayonunu əhatə edir. Yerli aktivist Vəfa Nağının buradan namizəd olması və apardığı kampaniya Azərbaycanda 2024-cü il seçkilərinin ən yaddaqalan epizodudur. 2019-cu il bələdiyyə seçkilərində eyni bölgədə bələdiyyə üzvlüyünə namizəd olmuş Nağı öz kiçik komandası ilə birlikdə uğurlu kampaniya quraraq rəqabət mühiti yarada bildi, nəticədə bütün ölkə əhalisi kimi seçki institutuna inamını itirmiş Neftçala sakinlərinin bir qismi səsverməyə qatılaraq Vəfa Nağıya səs verdi. Əlbəttə ki, digər 124 dairədə olduğu kimi, bu dairədən də hökumətin dəstəklədiyi namizəd qalib elan olundu. Lakin rəsmi nəticələrdə Vəfa Nağının 2-ci göstərilməsi əslində 70 saylı dairədə əsl qalibin Nağı olduğunu anlamaq üçün kifayət edir. 

Lokal da olsa, Neftçaladakı seçki rəqabətinin bizə verdiyi datalar müəyyən qənaətlərə əsas yaradır. Azərbaycan cəmiyyətində zahirən müşahidə olunan siyasi apatiya hüquq və azadlıqların ciddi şəkildə məhdudlaşdırılmasından və qorxu mühitindən qaynaqlanır. Əslində isə Azərbaycan əhalisi apolitik bir toplum deyil. Bu baxımdan növbəti dəfə də seçkilərin boykot edilməsinə qərar verən AXCP-nin arqumentləri nə qədər haqlı olsa belə, nə cari mərhələ üçün, nə də perspektiv baxımından heç bir praktik faydası yoxdur. Əksinə bu davranış seçki institutunun tamamilə sıradan çıxarılmasına, əhalinin siyasətdən daha da uzaqlaşmasına, avtoritar idarəçiliyin tam loyal cəmiyyət yaratmaq siyasətinə töhfə vermiş olur. Əlbəttə, qeyd etmək zəruridir ki, bu gün Azərbaycanda həqiqi müxalifət çox minimal maddi-texniki və insan resursuna sahibdir, müxalif fəallar güc strukturlarının daimi təzyiqi altındadır, ümumən müxalifətçilik ölkədə riskli və perspektivsiz fəaliyyət növünə çevrilib. Lakin bu ağır şəraitə rəğmən, Vəfa Nağı nümunəsində olduğu kimi, insanlarla səmimi dialoq qura bilən və aktiv iş aparan müxalif namizədlərin sayı daha çox olsaydı, ölkədə siyasi canlanma yaratmaq mümkün ola bilərdi.

Vəfa Nağının kampaniyası göstərdi ki, rəsmi təbliğat ruporlarının fasiləsiz rejimdə beyin yuma fəaliyyətinə baxmayaraq, insanlar xarici siyasət mövzuları istisna olmaqla, yalanla doğrunu ayırmağı bacarır, alternativ fikir söyləyənləri dinləməyə hazırdır və onlara inanmağa meyllidir. Müharibədən sonra Azərbaycanda dövlətçi-millətçi diskurs xüsusilə güclənib və bu diskursa zidd mövqe bildirənlər sosial media linçlərinə məruz qalır, hətta həmin fikir sahiblərinə qarşı hüquqi təqib həyata keçirilir. Lakin Neftçala nümunəsi onu da deməyə əsas verir ki, azərbaycanlılar ideoloji motivlərlə səs vermir, kimin millətçi, kimin solçu və ya liberal olması onlar üçün əhəmiyyətli deyil. Sosial-iqtisadi tematika, o cümlədən yerli sosial problemlərin həlli əhali üçün daha vacibdir. Məsələn, Vəfa Nağının kəndlilərlə birlikdə yerli su idarəsinin rəhbərliyindən su probleminin həllini tələb etməsi kifayət qədər effektiv idi və nəticə də verdi. 

Beynəlxalq reaksiya

Azərbaycanda seçkiləri müşahidə etməyə dəvət olunmuş yeganə mötəbər beynəlxalq təşkilat ATƏT idi. ATƏT-in müşahidə missiyası öz ilkin rəyində Azərbaycandakı seçki mühitini kifayət qədər obyektiv təsvir edib, seçicilərə həqiqi siyasi alternativlərin təklif edilmədiyini, əsas azadlıqların və medianın həddindən artıq məhdudlaşdırıldığını, siyasi plüralizmin yetərsiz olduğunu, qeyri-hökumət təşkilatlarına təzyiqlərin artmasını, əsassız həbsləri və digər problemləri sadalayıb. Lakin uzun müddətdir ki, ATƏT müşahidə missiyalarının bu tip rəyləri də Azərbaycandakı seçki kampaniyalarının formal komponentlərindən birinə çevrilib. Bu rəylərə və probemlərin həlli ilə bağlı verilən tövsiyələrə nəinki Azərbaycan hakimiyyəti, hətta təşkilatın özü və onun Qərbdən olan aparıcı üzvləri də əhəmiyyət vermir. ATƏT-in Bakıdakı ofisi çoxdan bağlanıb.

Seçkilərdən bir neçə gün sonra Azərbaycan Prezidentinin İtaliyaya səfəri və orada aparılan müzakirələr Azərbaycan-Qərb münasibətlərində enerji mövzusunun öz dominantlığını qoruyub saxladığını bir daha göstərdi.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.