iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda son 20 ilin mənzərəsi: regionlarda məktəblər necə boşalıb?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Şagird miqrasiyasının son 20 illik dinamikasına nəzər saldıqda, Azərbaycanda bölgələrdən Bakı və Abşeron yarımadasına əhali köçünün real miqyasını daha aydın təsəvvür etmək olur. Məsələn, sürətli köçün hələ yenicə başladığı 2004-2005-ci illərdə ölkə üzrə bütün orta məktəb şagirdlərinin cəmi 29,5%-i Böyük Bakı regionunda təhsil alırdılar[1]. Dövlət Statistika Komitəsinin ən son açıqladığı və 2024-cü ilin sonuna olan məlumata görə isə həmin göstərici 42%-ə yaxınlaşıb.[2] Mütləq ifadədə göstərilən dövrdə ölkə üzrə şagirdlərin sayı 111,5 min nəfər (7%) artıb. Təkcə Bakı şəhərində orta təhsil müəssisələri üzrə şagird sayı 161 min nəfər (42%) artımla 551 min nəfərə çatıb. Eyni dövrdə isə ölkənin əyalətləri üzrə şagird sayı 120 min nəfər (11%) azalıb.

Ayrı-ayrı bölgələr üzrə baxdıqda, bəzi rayonlarda şagird sayının azalması daha kəskin xarakter alıb. Doğrudur, demoqrafiya statistikasına əsasən, 2005-2024-cü illərdə ölkə üzrə 6-17 yaşlı uşaqların sayı da təxminən 170 min nəfər (8,5%) azalaraq 1,9 milyon nəfərə enib.[3] Aydındır ki, bu azalma Bakı daxil olmaqla bütün regionları əhatə edib. Təbii azalma hesabına şagird sayının azalmalı olduğu halda Böyük Bakı regionunda əks proses baş verir – mexanki artım (miqrasiya) hesabına burada şagird sayı sürətlə artmaqda davam edir.

Böyük Bakı regionunda şagird sayı necə dəyişib?

Örta məktəblər üzrə şagird sayı 2005-ci ildə Bakı şəhərində 390 min nəfər, Abşeron rayonunda 24 min nəfər, Sumqayıt şəhərində 53 min nəfər, ümumilikdə yarıamada üzrə 467 min nəfər olmuşdu. 2025-ci ilin əvvəlinə isə bu region üzrə ümumi şagird sayı 232 min nəfər və ya 50% artımla 700 min nəfərə yaxınlaşıb.

Bakı və Abşeron yarımadasında 2005-2024-cü illərdə şagird sayı, min nəfərlə

Yarımada ərazisində şagirdlərin ən yüksək artımı Abşeron rayonunda qeyd alınıb. Artım 57 min nəfər və ya 3,4 dəfə təşkil edib. Paytaxt Bakı şəhərində şagirdlərin sayı 161 min nəfər və ya 42% artıb. Ən az artım Sumqayıt şəhərində qeydə alınıb: 19 il ərzində şəhər üzrə şagirdlərin sayı 14 min nəfər yaxud 26% çoxalıb.

Rəsmi statistika göstərir ki, eyni dövrdə regionun ümumi əhalisi təxminən 800 min nəfər və ya 33% artıb. Təqdim olunan məlumatlardan göründüyü kimi, Böyük Bakı ərazisində şagirdlərin sayı ümumi əhali artımından əhəmiyyətli dərəcədə daha sürətlə artıb. Bu fərq rəsmi əhali statistikasının Böyük Bakıya miqrasiyanın real miqyasını tam əks etdirmədiyini göstərə bilər.

Əyalətlərdə şagird sayının dəyişməsi ilə bağlı statistik mənzərə

2005-2024-cü illərdə ölkənin əyalətləri üzrə şagird sayı ümumillikdə 120 min nəfər azalıb. İqtisadi rayonlar üzrə orta məktəb şagirdlərinin sayı ilə bağlı statistik mənzərə aşağıdakı diaqramda əks olunub:  

Rəsmi rəqəmlərdən göründüyü kimi, Böyük Bakıdan kənarda ölkənin demək olar ki, bütün regionlarında şagird sayı azalıb; istisna Şərqi Zəngəzur regionudur. Ən yüksək azalma Şəki-Zaqatala və Lənkəran-Astara regionlarında qeydə alınıb: hər iki regionda şagird sayı təxminən 20% azalıb. Mütləq rəqəmlə şagird sayında azalma Şəki-Zaqatala bölgəsində 22 min, Lənkəran-Astarada isə 29 min nəfər təşkil edib. Eyni zamanda, şagird sayı Naxçıvan Muxtar Respublikasında 17% və ya təxminən 11 min nəfər, Dağlıq Şirvanda 15% və ya təxminən 7 min nəfər, Qazax-Tovuzda isə 12% və ya təxminən 13 min nəfər azalıb.

Məktəblərin və müəllimlərin sayında azalma

Təhlil aparılan dövrdə əyalətlərdə yalnız şagirdlərin deyil, məktəblərin və müəllimlərin da sayı azalmaqda davam edib. Belə ki, 2005-2024-cü illərdə ölkə üzrə orta məktəblərin sayı 193 vahid (4%) azalaraq 4357-ə enib. Amma Böyük Bakı regionu üzrə orta məktbələrin sayı 422 vahiddən 488-ə yüksəlib. Yəni, şagird sayında olduğu kimi bu azalma da əyalətlərin hesabına olub. Həmin dövrdə bölgələrdə məktəb sayı 259 vahid azalmaqla 3869-a düşüb.

Təəssüf ki, rəsmi və açıq hesabatlarda müəllimlərin rayon və şəhərlər üzrə sayı barədə məlumatlar açıqlanmır. Yalnız kənd və şəhərlər üzrə təqdim edilən analoji statistik məlumatlara baxdıqda əyalətlərdə müəllimlərin sayında daha çox azalma olduğunu ehtimal etmək olur. Rəsmi statistikaya görə, 2005–2024-cü illərdə kənd yaşayış məntəqələrində orta məktəb müəllimlərinin sayı 16 min nəfər, şəhər yerlərində isə 9 min nəfərdən bir qədər çox azalıb.[4]


Qeydlər və istinadlar:

[1] Məlumat 2004 və 2005-ci illərə aid “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı rəsmi statistik buraxılışlarda açıqlanan göstəricilər əsasında hesablanıb 

[2] https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/education_2025.pdf

[3] https://www.stat.gov.az/source/demoqraphy/

[4] https://www.stat.gov.az/source/education/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.