fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda vaxtilə yaşamış nəhəng pişik – Turan pələngi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran, Qafqaz, Talış pələngi olaraq da bilinir) vaxtilə ölkəmizdə rast gəlinən, Anadoludan Çinin qərbinə qədər geniş ərazidə yayılmış iri pişikkimi olmuşdur. Araşdırmaya əsasən, onlar tarixən 800,000–900,000 km2 ərazidə, əsasən tuqay meşələrinin və qamışların üstünlük təşkil etdiyi sahilyanı ekosistemlərdə sıxlığı 2–3 pələng/100 km2 olmaqla yayılmışdılar (Chestin et al. 2017).

Əvvəllər o, ayrıca yarımnöv – lat. Panthera tigris virgata (İlliger 1815) kimi təsvir olunsa da, aparılan genetik araşdırmalar onu göstərdi ki, Turan pələngi ayrıca yarımnöv yox, Amur pələnginin qərbdəki populyasiyası olub və onlar bundan 10 min ildən az bir vaxt əvvəl Şərqi Çindən ipək yolu ilə Mərkəzi Asiyaya yayılıb (Driscoll et al. 2009). Yəni pələnglər Qafqaza sonuncu buzlaşma dövründən sonra gəliblər (Jungius et al. 2009; Vereşaqin 1967)

Artıq Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının təsnifatına görə, Avrasiyadakı kontinental pələnglər bir yarımnöv (lat. Panthera tigris tigris) hesab olunur (Kitchener et al. 2017). Turan pələngi populyasiyası 1970-ci ildə Hakkaridə (Türkiyə) ovlanan fərdlə nəsli tükənmiş hesab olunsa da, bəzi araşdırmalar 80-ci illərdə Türkiyədə və Əfqanıstanda bəzi fərdlərin sağ qala biləcəyi, alimlərin onu vaxtından öncə nəsli tükənmiş elan etdiyini qeyd edir – ekologiyada buna Romeo xətası deyilir (Driscoll et al. 2009; D’Cruze N.  2023; Mazak 1981). Bu tükənmənin səbəbləri yaxşı öyrənilsə də, addım atmaq üçün gecikildiyindən onu xilas etmək mümkün olmadı. Lakin əsrimizdə bu pələnglərin tarixi arealına bərpası üçün yeni imkanlar ortaya çıxıb. Bu, onun tarixi arealına Amur pələnglərinin reintroduksiya edilə bilməsidir. Bu yazıda Turan pələnginin təsnifat tarixi, xüsusiyyətləri, ölkəmizdəki tarixçəsi, nəslinin tükənmə səbəbləri və gələcəkdə bərpa imkanlarından bəhs olunur.

Berlin Zooparkında Turan pələngi, 1899-cu il (şəkil ictimai mülkiyyətdir).

Turan pələnginin təsnifat tarixi və xüsusiyyətləri

Genetik testlərin tətbiq olunmadığı dövrdə pələng yarımnövləri ənənəvi üsulla – mənşə, ölçü, kürk rəngi, zolaqların forması və sayı kimi xüsusiyyətlərə görə təsnif olunurdu (Mazak 1981). Turan pələngləri barədə yazılı qaynaqlar qədimdir, bir çox qədim yunan filosofu bu pələnglərdən yazmışdır. Orta əsrlərdə də Turan pələngləri haqqında yazılara rast gəlmək olur. Məsələn, məhşur ingilis yazıçı Vilyam Şekspir də Makbetin tragediyası əsərində onlardan Hirkan pələngi kimi bəhs etmişdi (Shakespeare 1606). Lakin Turan pələnglərinə ilk dəfə elmi adı 1815-ci ildə alman entomoloq Karl İlliger Asiyanın məməlilərindən bəhs edərkən verir. O, şimalda – Xəzər sahilində və Persiyada rast gəlinən “balaca boz pələnglərin” olduğunu və onları Felis virgata (zolaqlı pişik) adlandırdığını qeyd edir (İlliger 1815). Daha sonra başqa alman zooloq Paul Maçi 1897-ci ildə bir jurnalda Berlin Zooparkına gətirilmiş Turan pələngi cütü əsasında onları ayrıca yarımnöv kimi təsvir etmiş, İlligerin “balaca boz pələnglər” təsvirinin yalnış olduğunu vurğulasa da, virgata epitetini saxlamışdır (Mastchie 1897). Bundan başqa rus zooloq Konstantin Satunin Maçinin təsnifatından xəbərsiz olduğundan Lənkərandan əldə olunmuş pələng kürkləri əsasında onları 1904-cü ildə ayrıca yarımnöv kimi təsnif edərək Felis tigris septentrionalis (şimal pələngi) adını verir (Satunin 1906). Daha sonra alman zooloq Ernst Şvartz 1916-cı ildə Mərkəzi Asiyadan Lobnor gölü və İli çayı ətrafından əldə edilmiş pələnglər əsasında uyğun olaraq iki yeni yarımnöv – F.t.lecoqi  və F.t.trabata müəyyən edir. (Schwarz 1916).

Müxtəlif ədəbiyyatlar əsasında bu pələnglərin daha tünd rəngə sahib olduqlarını, digərlərindən fərqli olaraq sıx düzülmüş zolaqlarının əksər hallarda qara deyil, qəhvəyi çalarlara malik olduğunu, xüsusən qışda uzun qıllarına görə seçildiyini və quyruq üzərindəki halqalarının formasına görə fərqləndiyini demək olar. Satunin bu pələngləri belə təsvir edir (Satunin 1906): “Kürkü belində qısa, qarnında isə uzundur. Üzündə uzunluğu 6 sm-ə çatan “bakları” var, qulağının içində isə uzun ağ tüklər gözə çarpır. Çiynindən başlayaraq solğun rəngdə və nazik zolaqlar bədənin yan hissəsi boyunca uzanır. Zolaqlardan ən tündü (qara) heyvanın belinin üstündə olub, arxa ətrafa doğru zolaqlar yalnız qəhvəyi rəngdədir və sıx düzülüb. Ön ətrafların xarici hissəsində zolaq yoxdur. Quyruğunda 10 halqa var ki, bunlardan ilk üçü bədənə tərəf yönəldilmiş bucaq formasına malik olub quyruq altında birləşmir. Quyruq sonuna doğru iki tərəfdən haşiyələnmiş və içi sarımtıl-boz rəngdə olan halqalar kiçilir və quyruq ucunda qara rəngə çevrilir.”

Lakin əlavə etmək lazımdır ki, bu pələnglərdə kürk rəngi, zolaqların ölçü və forması olduqca dəyişkən olub və onların daha qalın zolaqlı fərdləri də mövcud olmuşdur. Şvartz Berlin Zooparkındakı qalın zolaqlı fərd əsasında F.t.trabata yarımnövünü təsvir etmişdi (Schwarz 1916).

Turan pələngləri ölçücə də olduqca iri olublar. Erkəklər 270-295 sm uzunluğa, 240 kiloqrama qədər çəkiyə, dişilər isə ortalama 240-260 sm uzunluğa və 85-135 kq çəkiyə malik olurdurlar (Mazak 1981). Məşhur rus zooloq Satuninə görə, 1899-cu ildə Göytəpədə (Cəlilabad rayonu) ovlanan bir erkək fərdin kürkü quyruğu ilə birgə 350-360 sm (5 arşın) ölçülmüşdür. O, bu nəhəng fərdi “ən az yerli at boyda” deyə təsvir edir (Satunin 1906). Ədəbiyyatlara görə, yanvarın ortası cütləşən Turan pələnglərində hamiləlik 98-110 gün çəkir və onlar apreldə 2-6 bala dünyaya gətirirmişlər (Vereşaqin 1942).

Qafqazda Turan pələnginin nəslinin tükənməsi prosesi

Turan pələngi tarix boyu insanların təqibinə məruz qalmışdır. Belə ki, hələ qədim Roma dövründə qladiator döyüşlərində istifadə olunmaq üçün başda Anadolu və Qafqaz olmaqla, bir çox yerdə minlərlə Turan pələngləri tutulmuş, ovlanmışdır (Rossi et al. 2020). Ötən əsrlər ərzində bu pələnglər ovlanmağa davam edildi. Hətta 1930-cu illərə qədər müxtəlif Sovet Respublikalarında pələng ovçularına mükafatlar təklif olunurdu (Geptner and Sludski 1972). Ovlanmış pələnglərin kürkləri olduqca baha qiymətə satılırdı ki, bu da ovçularda stimul yaradırdı. Lakin bu pələnglərin ən böyük düşməni Sovet dönəmində əvvəllər istifadə edilməyən nəhəng ərazilərin əkin sahələrinə çevrilməsi və malyariya xəstəliyinin aradan qaldırılması olmuşdur. Əvvəllər ağcaqanadlara görə insanların uzaq durduğu sıx qamışlıqlar Turan pələnginin ən sevdiyi ərazilər idi. Malyariyanın aradan qaldırılması üçün qamışlıqları yandıran, qurudan insanlar bu əraziləri özünə məskən etmiş və nəticədə sayı onsuz da azalmaqda olan Turan pələnglərini sıxışdırmışdır. Eynilə, vaxtilə toxunulmaz olan böyük çöllər əkin sahələrinə və ya digər infrastrukturlara çevrilməsi onların məhvini sürətləndirmişdir. Hazırda Turan pələnglərinin tarixi arealının cəmi 10%-i toxunulmaz olaraq qalır (Jungius et al. 2009).

Ölkəmizdə də uzun illər pələnglər ovlanmış və təqib edilmişdir. Məsələn, Qafqaz qəzetinin 1846-cı ildəki buraxılışlarından birində (№ 13) Talış meşələrində müxtəlif pələng ovlarından danışılır (Константинов 1846). Qeyd olunur ki, bu pələngləri digərlərindən fərqli olaraq ailə halında (erkək və dişi) görmək olarmış. Qəzetdə maraqlı bir hekayə də bölüşülür:

“Göytəpədə bir kişi gecə itlərin hürüməsi ilə həyətə çıxır ki, nə baş verdiyinə baxsın. Bu bəxtsiz kişi tövlədə pələnglə qarşılaşaraq donub qalır. Bəxtindən onun xanımı həyətə çıxır və təhlükədə olan ərini görür. Həmin arvad əlində balta ilə cumaraq pələngin başına zərbə endirir və pələng ona hücum edir. Lakin, balta zərbəsi ilə ağır yaralanmış pələng qısa zamanda ölür. Səs-küyə gələn qonşular arvaddan pələngə hücum edərkən necə qorxmadığını soruşular. Həmin qadınsa qaranlıqdan heyvanın pələng olduğunu bilmədiyini, sadəcə öküz və ya başqa heyvan olduğunu zənn etdiyini qeyd edir.”

Qəzetin başqa buraxılışında (№ 92, 1859) və Aleksandr Dümanın Qafqaz səfəri əsərində də Talış meşəsində “balta ilə pələng ovlayan qadından” yazılır. Düma onu da qeyd edir ki, Qafqaz canişini olan Knyaz Voronstov pələngi balta ilə öldürən bu qadını Tiflisə dəvət edərək ona pul mükafatı və medal verir (Dumas 1859). Maraqlı məqam isə odur ki, Qəzetin 1846-ci ildəki buraxılışında hadisə Göytəpədə, 1852-ci ildəki buraxılışında isə Privolnoye kəndində (Cəlilabad ray.) baş verdiyi qeyd olunur. Dümanın əsərində isə yer Lerik rayonun Cəngəmiran kəndi kimi qeyd olunur. Düma qadının özünün hekayəni ona danışdığını yazır. Lakin qəzetin 13-cü nüsxəsinin daha əvvəl yazıldığını nəzərə alaraq, hadisənin Göytəpədə baş verdiyini və sonra xalq arasında yayıldığını demək olar. Həmçinin qəzetdə qeyd olunan digər oxşar hadisələrlə Dümanın əsərində qeyd olunan hadisələrin süjet xəttində olduqca çox oxşarlıqlar var. Düma Lənkəran-Astara yolunda tacirlərin önünü kəsən və Şanaka kəndində uşağı ovlamaq yerinə onunla 10 dəqiqə oynayan pələngdən də yazır (Dumas 1859).

Azərbaycanda 19-20-ci əsrlərdə qeydə alınmış Turan pələnglərinin xronologiyası:

Tarix Yer Say Mənbə Əlavə qeyd İstinad
1832 Lənkəran 1 Menetrie E. Lənkərandan 15 verst (16 km) uzaqlıqda Menetries E. 1832.
1837 Talış zonası 1 Hohenacker R.F. Bir kürk St.Peterburq Akedemiyasına hədiyyə edilib. Hohenacker 1837.
1844 Göytəpə 1 Qafqaz qəzeti Rus sərhədçilərinin polkovniki və 200-ə yaxın yerlinin birgə ovu Константинов 1846.
1845 Göytəpə 1 Qafqaz qəzeti Qaban və pələngin yan-yana cəsədlərinin tapılması (bir-birini öldürüblər) Константинов 1846.
1846 Göytəpə 1 Qafqaz qəzeti Ərini qorumaq üçün balta ilə pələngi öldürən qadın Константинов 1846.
1846 Talış zonası 1 Qafqaz qəzeti Yuxusundan oyanan pələngin ayı ovu Константинов 1846.
1846 Qarabağ, Vəng (Vank) kəndi 1 Qafqaz qəzeti İnəyi ovladıqdan sonra kəndçilərin ovladığı pələng Константинов 1846.
1852 Göytəpə 1 Qafqaz qəzeti Rus sərhədçi-həkimin yolda pələnglə qarşılaşması Бобылев 1859.
Aprel 1866 Lənkəran 2 Radde G. Yerlilər şəhərdən 12 verst qərbdə Mineral su yaxınlığında ovlanmış 2 təzə kürk daxil olmaqla 6 pələng kürkü təklif edir. Radde 1899.
? Biləsuvar 1 Radde G. Pələng kəlləsi (Qafqaz Muzeyinə hədiyyə verilib) Radde 1899.
1884 Lənkəran 2 Radde G. Qışda görülmüş pələng Radde 1899.
1896 Talış zonası 2 Dinnik N.Y. Rus leytenantı və yerli ovçuların ovladığl 2 pələng Динник, Н. Я. 1914
1897 Göytəpə 2 Satunin K.A. Anası ovlanmış bala pələng Satunin 1906.
Fevral 1899 Göytəpə 1 Satunin K.A. 5 arşın (350-366 sm) uzunluğa malik nəhəng erkək pələng Satunin 1906
1899 Göytəpə 1 Satunin K.A. Qarda “iri qab” boyda ayaq izi Satunin 1906
1899 Muğan çölü 1 Satunin K.A. Ayaq izi tapılır Satunin 1906
1932 Göytəpə 2 Vereşaqin N. K Ölkəmizdə ovlanmış sonuncu Turan pələngləri (erkək və dişi). Vereşaqin 1942.

Talış meşələrində pələng ovlamaq üçün insanlar əsasən qrup halında pusqu qururmuşlar. İnsanların bir qismi meşədə ağaclara pələngin çata bilməyəcəyi hündürlükdə olmaqla pusquda gözləyirlər. Digərləri (qovucular) isə pələngi onlara tərəf qovurdular. Çox nadir hallarda insanların tək pələng ovladığı qeyd olunur (Константинов 1846).

19-cu əsrin ortalarında təkcə Lənkəran və ətraf rayonlarda hər il 10-20 Turan pələnginə rast gəlinirdisə (Brandt 1856), 1920-1950-cı illər arasında bütün Cənubi Qafqazda 1922-ci ildə Tiflis yaxınlığında və 1932-ci ildə Göytəpədə vurulan fərdlər olmaqla, cəmi 2 dəfə pələng qeydə alınmışdır (Vereşaqin 1967). Sonrakı ədəbiyyatlarda ötən əsrin ortalarında ölkəmizdə pələnglərin müşahidəsinin qeydə alındığı vurğulasa da, bunlar həqiqəti əks etdirmir və ehtimal ki, bəbir müşahidələridir. 1950-ci ildə dünyada cəmi 50-80 fərd Turan pələngi qalıb və həmin dönəmdə Sovet İttifaqında onların nəsli tükənmişdi (Sokolov 1986). Bu azalmanın başlıca səbəbi pələnglərin birbaşa ovlanması və habitatının məhvi ilə yanaşı, əsas qida obyektlərinin də ovlanması idi. Belə ki, Vereşaqin bir günə təkcə Qarayazıda 43 qabanın ovlandığını qeyd edir (Vereşaqin 1967).

Tarixi mənbələr əsasında deyə bilərik ki, Qafqazda pələnglərin ən çox rast gəlindiyi yer Azərbaycanın cənub-şərqində yerləşən Talış zonası, xüsusən də Göytəpə və ətraf ərazilər olmuşdur. Nadir hallarda buradan çayları izləyərək Qafqazın digər yerlərində qeydə alınmış pələngləri vurğulamaq olar. Məsələn, Qarabağda (1846) və Tiflis yaxınlığında (1922) ovlanmış pələnglər uyğun olaraq, Kür və Araz çaylarını izləyərək bu ərazilərə çatmışdılar. Ötən əsrin 30-cu illərində Qafqazda pələnglər nadir olsa da, İranın şimal bölgələrində də yaşayıblar və sayları yüzlərlə olub (Rossi et al. 2020). Pələnglərin, xüsusən də gənc erkəklərin uzaq məsafə qət etdiyi bilindiyindən onu demək olar ki, ötən əsrin ortalarına kimi az sayda pələnglər İrandan ölkəmizə daxil ola bilərdi. Bəzi mənbələr (Geptner and Sludski 1972) ötən əsrin 50-ci və 60-ci illərində Lənkəran düzənliyində pələnglərin qeydə alındığını yazsa da, bu müşahidələrin doğruluğunu yoxlamaq çətindir. Bunun başlıca səbəbi də dilimizdəki pələng sözünün mənasının fars və talış dillərindəki müvafiq sözün mənası ilə üst-üstə düşməməsidir. Yəni, bu dillərdə pələng sözü əslində bizim bəbir adlandırdığımız canlını (lat. Panthera pardus) ifadə edir. Və bəbir sözü isə bu dillərdə bizim pələng adlandırdığımız, bu məqalədəki canlının adıdır. Yəni Talış zonasında yerli əhali pələng gördüyünü dedikdə bəbirləri nəzərdə tutmuş ola bilər.

Azərbaycanda pələnglərin bərpası potensialı

 Araşdırmaya görə, dünyada təbiətdə maksimum 3159 pələng var ki, bunların da böyük əksəriyyəti Hindistandakı Benqal pələngləridir (Goodrich et al. 2015). Turan pələnglərinin genetik olaraq Amur pələnglərinə çox yaxın olması özlüyündə yeni imkanlar doğurur. Bu, Turan pələnginin tarixi arealına Amur pələnglərinin reintroduksiya (yenidən təbiətə buraxılması) edilə biləcəyi deməkdir. Amur pələnglərinin isə təbiətdə sayı cəmi 480-540 fərddən ibarətdir (Hance 2015). Onların Turan pələnginin olduğu ərazilərə yenidən buraxılması mühafizə imkanlarını da artıracaqdır. Ölkəmizdə müxtəlif iri məməlilərin (ceyran, maral, zubr) reintorduksiyası yerinə yetirilsə də, yırıtıcı məməlilərin reintroduksiyası olduqca çətin prosesdir. Pələnglər gizlənmək üçün sıx bitki örtüyünə, yetərli qida ehtiyatına və suya ehtiyac duyurlar. Bununla belə, Turan pələnginin tarixi arealına Amur pələnglərinin reintroduksiyasını planlaşdıran lahiyələr də mövcuddur. Bunlardan biri Qazaxıstandadır. Orada İli çayı və Balxaş gölü ərazisində 7000 kvadrat kilometr sahədə təqribən 100-ə yaxın pələngi 50 il dəstəkləyə biləcək ekositemin olduğu qeyd olunur (Chestin et al. 2017).

Azərbaycanda pələngin tarixi ərazisi olan ərazilərdə (Talış zonası) şəhərləşmə prosesi sürətlənmiş, böyük ölçülü infrastrukturlar həyata keçirilmişdir. Pələngin nəslinin tükənməsindən sonra əsas qidası olan qabanların ərazidə sayının artdığını təxmin edə bilərik. Bu da potensial qida bazasının artması deməkdir. Hazırda müxtəlif yırıtıcılar (başda bəbir Panthera pardus və canavar Canis lupus olmaqla) bu bölgədə qabanlarla qidalanır. Pələnglər Talış zonasında hazırki vaxtda ölçüsü azalmaqda olan şirin su hövzələri (çay və göllər) yaxınlığındakı qamışlıqlara, Tuqay meşələrinə üstünlük verirdilər. Tək Amur pələnginin arealı 40-100 kvadrat kilometr arasında dəyişə bilir (Jungius et al. 2009).  Bütün bunları nəzərə alaraq ölkədə pələnglərin reintroduksiyası yaxın gələcəkdə mümkün görünmür.

 

İstinadlar:

Brandt, I.F. (1856). “Untersuchungen über die Verbreitung des Tigers (Felis tigris) und seine Beiziehungen zur Menschheit” [Pələngin (Felis tigris) yayılması və onun insanlarla əlaqəsi üzrə tədqiqatlar]. Mém. de lАс. Imp. des Sc. de St. Pét., VI, ser. 8.

Бобылев, О. 1859. “ВСТРЕЧА СЪ ТИГРОНЪ” [Pələnglə qarşılaşma]. Кавказ N92. (22.11.1859). Accessed via https://dspace.nplg.gov.ge/ on 02.07.2023

D’Cruze, Neil. (2023). “Cognitive biases can play a role in extinction assessments: The case of the Caspian tiger”. Frontiers in Ecology and Evolution. 10. 10.3389/fevo.2022.1050191.

Динник, Н. Я. (1914). Звери Кавказа Ч. 1-2 Китообразные, копытные и хищные [Qafqazın heyvanları 1-2 cild. Balinalar, dırnaqlılar və yırtıcılar]. Тифлис: тип. К. П. Козловского

Driscoll C. A., Yamaguchi N., Bar-Gal G. K., Roca A. L., Luo S.-J., Macdonald D. W. & O’Brien S. J. (2009). “Mitochondrial phylogeography illuminates the origin of the extinct Caspian tiger and its relationship to the Amur tiger”. PLoS One 4, e4125.

Dumas A. (1859). Le Caucase : Impressions de voyage ; suite de En Russie [Qafqaz: Səyahət Təəssüratları; davamı Rusiyada], Paris, Librairie Théâtrale

Illiger, K. (1815). “Ueberblick der Säugthiere nach ihrer Vertheilung über die Weltlheile” [Məməlilərin dünya üzrə yayılmasına görə tədqiqi]. Abhandlungen der physikalischen Klasse der Königlich-Preussischen Akademie der Wissenschaften 1804-1814: s. 98.

Igor E. Chestin, Mikhail Yu. Paltsyn, Olga B. Pereladova, Liza V. Iegorova, James P. Gibbs. (2017). “Tiger re-establishment potential to former Caspian tiger (Panthera tigris virgata) range in Central Asia”, Biological Conservation, Volume 205, Pages 42-51, ISSN 0006-3207, https://doi.org/10.1016/j.biocon.2016.11.014.

Geptner V.G., Sludski A.A. (1972). Mammals of the Soviet Union., Carnivora (Hyaenas and Cats). Moscow: Smithsonian Institution and the National Science Foundation, Washington, D.C.

Goodrich, J., Lynam, A., Miquelle, D., Wibisono, H., Kawanishi, K., Pattanavibool, A., Htun, S., Tempa, T., Karki, J., Jhala, Y. & Karanth, U. (2015). “Panthera tigris. The IUCN Red List of Threatened Species” e.T15955A50659951.

Hance, J. (2015). “Happy tigers: Siberian population continues to grow”. Mongabay.com. Retrieved 13 July 2023.

Hohenacker R.F. (1837). “Enumeratio animalium que in Provinciis Transcaucasicis. Karabach, Schirvan et Talysch nec non in territorio Elisabethopolensi” [Zaqafqaziya vilayətlərində heyvanların siyahıya alınması. Qarabağ, Şirvan və Talış və hətta Elizabetin ərazisində olmayanlar]. Bulletin de la Société impériale des naturalistesde Moscou, 10: 136–147

Kitchener, A. C., Breitenmoser-Würsten, C., Eizirik, E., Gentry, A., Werdelin, Lars, Wilting, A., Yamaguchi, N., Abramov, A. V., Christiansen, P., Driscoll, C., Duckworth, J. W., Johnson, Warren E., Luo, S. J., Meijaard, E., O’Donoghue, P., Sanderson, J., Seymour, K., Bruford, M., Groves, C., Hoffmann, M., Nowell, K., Timmons, Z., and Tobe, S. (2017). “A revised taxonomy of the Felidae : The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group.” Cat News.

Константинов, О. 1846. “ТИГРОВАЯ ОХОТА въ Талышахъ” [Talışda pələng ovu]. Кавказ N13 (30.03.1846). Accessed via https://dspace.nplg.gov.ge/ on 02.07.2023.

Jungius, H.; Chikin, Y.; Tsaruk, O. & Pereladova, O. (2009). “Pre-Feasibility Study on the Possible Restoration of the Caspian Tiger in the Amu Darya Delta”. WWF Russia.

Mastchie, P. (1897). “Eine interessante geographische Abart des Tigers” [Pələngin maraqlı coğrafi növləri], Sitzungsberichte der Gesellschaft Naturforschender Freunde zu Berlin, s. 13-17

Menetries E. (1832). “Catalog raisonne des objets de zoologie requellis dans un voyage au Caucase et jusqu’aux aux frontieres actuelle de la Perse” [Qafqaza və İranın indiki sərhədlərinə səyahət zamanı tapılan zooloji obyektlərin kataloqu]. St.-Petersburg, 272 pp

Mazak V. (1981). “Mammalian Species, Panthera Tigris”. The American Society of Mammalogists 152: 1–8.

Radde, G. I. (1899). Die Sammlungen des kaukasischen Museums TB.1 Zoologie [Qafqaz Muzeyinin koleksiyaları, I cild – Zoologiya]

Rossi, Lorenzo & Scuzzarella, Carmelo & Angelici, Francesco. (2020). “Extinct or Perhaps Surviving Relict Populations of Big Cats: Their Controversial Stories and Implications for Conservation”. 10.1007/978-3-030-42335-3_12.

Satunin, K.A. (1906). Mlekopitayushchie Talysh i Mugani [Talış və Muğanın məməliləri] — Izv. Kavk. Muz., 2(2-4): s. 87-262.

Schwarz, E. (1916). “Zwei neue Lokalformen des Tigers aus Centralasien” [Mərkəzi Asiyadan iki yeni pələng yarımnövü]. Zoologischer Anzeiger. 47 (12): 351–354.

Sokolov, V. E. (1986). Редкие и исчезающие животные. Млекопитающие [Nadir və nəsli təhlükədə olan heyvanlar. Məməlilər] səh. 348.

Shakespeare W. (1606). Macbeth. act 3, sc. 4, l. 99

Vereshchagin, N.K. (1942). Каталог зверей Азербайджана [Azərbaycanın çöl heyvanları kataloqu]. АН СССР-Азерб. Филиал. Зоолог. ин-т.

Vereshchagin, N.K. (1967). The mammals of the Caucasus; a history of the evolution of the fauna. (Mlekopitayushchie Kavkaza; istoriya formirovaniya fauny): Israel Program for Scientific Translations [available from the U.S. Dept. of Commerce, Clearinghouse for Federal Scientific and Technical Information, Springfield, Va.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.