Mərkəzi Bankın sədri Taleh Kazımov dekabrın 9-da bildirib ki, ölkədə dövriyyədə olan manat kütləsinin 46%-i nağd şəkildədir və bu vəsaitlər əsasən əhalinin “yastıq altında” saxladığı pullar və biznesin kassalarıdır.
Amma MB sədri yastıqaltı pulların artmasının köklü səbəblərinə toxunmayıb. Onun dediklərindən aydın olan yalnız budur ki, ölkənin maliyyə sistemi ağırlıqlı olaraq bank sektorunun ətrafında formalaşıb. Yəni alternativ maliyyə institutlarının, xüsusən kapital və qiymətli kağızlar bazarının inkişafdan qalması insanlara geniş seçim imkanı təqdim etmir.
Amma səbəb təkcə bununla məhdudlaşmır. Gizli iqtisadiyyatın miqyasının böyük olması da banklardankənar pul kütləsinin davamlı olaraq artmasının əsas səbəblərindən biridir. Bununla bağlı son onilliklərdə çoxlu sayda nəzəri araşdırmalar da aparılıb. Məsələn, Dünya Bankının bir araşdırmasında valyuta tələbi yanaşmasına əsasən, qeyd edilir ki, kölgə iqtisadiyyatı genişləndikcə, nağd pula da tələb artır. Çünki nağd pul dövriyyəsi qara iqtisadiyyatın subyektlərinə izsiz fəaliyyət üçün əlverişli imkan yaradır. Yaxud Malta Mərkəzi Bankının 2010-2019-cu illəri əhatə edən məlumatlar əsasında apardığı tədqiqat əsasında ölkədə kölgə iqtisadiyyatının ÜDM-ə nisbətinin 21% ətrafında qərarlaşdığı qənaəti üzə çıxıb.
Kazımovun üzərindən keçdiyi digər vacib sual odur ki, yastıqaltı pulların ümumi həcminə milli valyuta və xarici valyutada yığımların nisbəti necədir? Belə ki, bankların valyuta depozitlərinə çox aşağı faiz təklif etdiyi, valyuta hərəkətinə sərt nəzarətin olduğu, ictimai rəydə devalvasiya riskinin daima təhlükə kimi qəbul edildiyi iqtisadi mühitdə biznes və ev təsərrüfatları bankdankənar yığımlarda xarici valyutaya üstünlük verirlər. Son illər Azərbaycanda yuxarıda sadalanan amillərin hər biri mövcud olub. Xüsusilə də, Mərkəzi Bankın hesabatları göstərir ki, dollar depozitləri üçün təklif olunan faizlər milli valyuta ilə müqayisədə 3-4 dəfə azdır. Əhali və bizneslər məzənnə sabitliyinin neftin qiymətindən birbaşa asılı olduğunu bilir və 2015-ci ildə milli valyutanın dönərli xarici valyutalar qarşısında 2 dəfə dəyər itirməsinin acı təcrübəsini daim yadında saxlayır.
Amma məsələ bundadır ki, Mərkəzi Bankın sədri yastıqaltı pulların həcminin 10 mlrd. ABŞ dolları ətrafında olduğunu deyərkən, əsasən banklardankənar manat kütləsinin (M0 pul aqreqatı) həcminə istinad etdiyi aydın görünür. Çünki Mərkəzi Bankın pul-kredit göstəriciləri ilə bağlı son hesabatına görə, banklardankənar nağd pul kütləsinin həcmi 17,1 mlrd. manat, yəni hazırkı məzənnə ilə 10 mlrd. ABŞ dolları təşkil edib. Təəssüf ki, Mərkəzi Bank kimi geniş resurslara və araşdırma imkanlarına malik bir struktur banklardankər xarici valyuta yığımlarının real həcmini də araşdıraraq yastıqaltı pulların real həcmi ilə bağlı gerçək mənzərəni ortaya qoymağa maraq göstərmir. M0 aqreqatı hər kəs üçün aydın və etibarlı bir statistik məlumat olduğu üçün onun əsasında milli valyutada yastıqaltı pulların məbləğini hətta iqtisadiyyatdan yazan jurnalistlər belə bəyan edə bilər. Təbii ki, xarici valyutada banklardan kənar yığımların miqyası barədə hər hansı rəqəm səsləndirmək yalnız dərin araşdırmalar sayəsində mümkündür, ən azından ona görə ki, ölkəyə daxil olan və çıxan xarici valyutanın real həcmini müəyyənləşdirmək son dərəcə mürəkkəbdir.
Amma ən azından M0 kimi bəzi rəsmi göstəricilər əsasında xarici valyutada yastıqaltı yığımların həcminə dair müəyyən fərziyyələr səsləndirmək olar. Məsələn, belə göstəricilərdən biri banklar tərəfindən alınan və satılan nağd xarici valyutanın nisbətidir. Əgər satış alışı üstələyirsə, bu həcmin yastıqaltı yığım kimi xarakterizə edilməsi tamamilə mümkündür. Əlbəttə, əgər həmin vəsaitlərin hansısa hissəsi qeyri-rəsmi kanallarla ölkədən çıxarılmırsa və ya şəxsi ehtiyaclar üçün ölkədən kənarda xərclənmirsə, bu fərqin müəyyən hissəsini belə yığımlar kimi təqdim etmək olar. Məsələn, Mərkəzi Bankın məlumatına görə, 2019-2025-ci illərdə banklardan 18,7 mlrd. ABŞ dolları ekvivalentində nağd valyuta satılmış, 12,6 mlrd. ABŞ dolları isə alınmışdır. Yəni bank sektorundan kənara 6,1 mlrd. dollar xarici valyuta çıxışı olmuşdur. Bu məbləğin müəyyən hissəsinin yastıqaltı yığıma çevrilmək ehtimalı kənara qoyula bilməz. Halbuki həmin dövrdə bank sektorundakı xarici valyutada depozitlər əhali qrupu üzrə cəmi 300 mln. dollar artmış, biznes sektoru üzrə 350 milyon dollar azalmışdır. Eyni dövrdə onların birlikdə manat depozitlərinin həcmi 12,4 mlrd. manat artmışdır. Yəni rəsmi qeydə alınan yığımlarda xarici valyutaya tələb kəskin azalıb və ümumi əhali depozitlərində xüsusi çəkisi təxminən 50%-dən 30%-ə enib.
Yeri gəlmişkən, son 6 ildə M0 pul aqreqatının həcmi 9,5 mlrd. manatdan 17,1 mlrd. manata yüksəlib, M2 pul aqreqatına nisbəti isə 52%-dən 46%-ə geriləyib. Bu düşmə pozitiv proses olsa da, enmə tempi son dərəcə zəif olmaqla yanaşı, banklardankənar pul kütləsinin son dərəcə yüksək qalması maliyyə sisteminin inkişafı üçün ciddi problemdir. Azərbaycanın bu göstəricisi bəzi qonşuları ilə müqayisədə həddən artıq yüksəkdir. Məsələn, bu göstərici Qazaxıstanda 11%, Gürcüstanda 18,5%, Ermənistanda 20% təşkil edir.
Mərkəzi Bankın sədrinin üzərindən keçdiyi bir başqa vacib məqam da onun səsləndirdiyi 10 mlrd. dollar yastıqaltı yığımların hansı biznes və əhali arasında bölügüsüdür. Bəlkə, bu məbləğin çoxu biznesin kassalarındadır və biznesin bu davranışının səbəbləri iqtisadiyyatda institusional və struktur problemlərinin daha dərin olduğundan xəbər verir. Orta hesabla, gündəlik ehtiyaclar üçün hər ev təsərrüfatının cibində 300-500 manat nağd pul ola bilər və bu maksimum 1 milyard manat deməkdir. Amma əgər söhbət 15-20 milyard manat kimi nəhəng məbləğdən gedirsə, həmin məbləği qazanmaq əsasən sərvətə, biznes imkanlarına, siyasi himayəyə malik çox sayda iqtisadi qrupların imkanı daxilindədir.
İstənilən halda banklardan kənar pul dövriyyəsinin böyük miqyasda olması hökumətin ciddi məşğul olmalı olduğu son dərəcə mühüm problemlərdən biridir. Amma onu sadəcə quru rəqəmlər səsləndirməklə yox, peşəkar işlənmiş strategiyalar və siyasi iradə ilə həll etmək olar.

