Azərbaycan hökuməti son 20 ildə əhəmiyyətli dərəcədə və çox sürətlə zənginləşib. Xüsusilə də neft hasilatının çox qısa müddətdə 3,6 dəfə artımla 51 milyon tona, neft ixracından gəlirlərin 25 dəfə artımla 25 milyard dollara, dövlət büdcəsinin gəlirlərinin 30 dəfə artımla 23 milyard dollara, Dövlət Neft Fondunun ehtiyatlarının 40 dəfə artımla 58 milyard dollara, Mərkəzi Bankın ehtiyatlarının 30 dəfə artımla 15 milyard dollara çatması bu zənginləşməni əyani nümayiş etdirən açıq statistik faktlardır.
Hələ faktların sırasına ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinin dinamikasında baş verən dəyişikliyi də əlavə etmək lazım gəlir. 90-cı illərin sonlarındakı neft-qaz gəliri olmayan Azərbaycanın adambaşına düşən ümumi daxili məhsulunun həcmi Gürcüstan və Ermənistandan geri qalırdı. SSRİ-nin dağılmasından bir müddət sonra Azərbaycanda adambaşına düşən ÜDM göstəricisi hətta Gürcüstandan 40 faiz az idi. 1998-ci ildə bu göstərici Gürcüstanda 800 dollardan çox, Ermənistanda 580, Azərbaycanda isə cəmi 570 dollar təşkil edirdi. Halbuki bundan təxminən 15 il sonra, artıq Azərbaycanda adambaşına düşən ÜDM-nin məbləği 8000 dolara çatmışdı və bu rəqəm Gürcüstan və Ermənistanın müvafiq göstəricisindən təxminən 2 dəfə çox idi.
Hökumət iddia edir ki, iqtisadiyyatın sürətli və böyük miqyasda zənginləşməsilə paralel yoxsulluq da sürətlə azalıb və son 23 ildə ölkədə kasıblıq səviyyəsi 49 faizdən 5 faizə qədər enib. Hökumətin sahib olduğu büdcə imkanlarına və xarici valyutada ehtiyatların həcminə əsasən onun zəngin və ya yoxsul olması haqda nəticə çıxarmaq nə qədər asandırsa, həmin resursların artım dinamikasına və sürətinə uyğun əhalinin yoxsulluğunun azaldığını iddia etmək o qədər çətindir. Əvvəla, ona görə ki, ya iqtisadiyyatın imkanları heç də həmişə bütün cəmiyyət üzvləri arasında paylanmır və ya bu paylanma son dərəcə qeyri-bərabər baş verir.
İkincisi, milli gəlirin yaranması, bölüşdürülməsi, yenidən bölgüsü və istifadəsi, həmçinin milli sərvətin real həcmi ilə bağlı dəqiq, cəmiyyət üçün açıq informasiyalar olmalıdır. Bu cür statistikanın bir istiqaməti də ev təsərrüfatlarının davamlı öyrənilməsilə bağlıdır. Ev təsərrüfatları statistikasının təkcə etibarlı və dürüst olması yetərli deyil. Həmin statistikanı hazırlayanlar həmçinin yoxsulluğun mümkün olduğu qədər ən zəngin statistikasını yaratmağı və əldə etdikləri nəticələri ictimailəşdirməyi bacarmalıdırlar. Azərbaycanda hökumətin zənginliyi barədə statistika nə qədər geniş və əlçatandırsa, əhalinin real yaşayış səviyyəsi barədə məlumat və göstəricilər bir o qədər məhdud, həmçinin qapalıdır. Əsas sual is budur: söhbət konkret olaraq hansı statistik göstəricilərdən gedir?
Dövlət Statistika Komitəsi ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələrinə əsasən xeyli məlumat açıqlayır. Amma bu məlumatların hamısı birlikdə ölkədə yoxsulluğun real miqyası ilə bağlı obyektiv təsəvvür yaratmır. Problem isə təkcə məlumatların etibarlı olub-olmaması ilə bağlı deyil. Hətta etibarlılığı şübhə doğuracaq olsa belə, çox sayda statistik informasiya qapalı saxlanılır. Nəticədə isə qarşımıza ölkədə yoxsulluğun real miqyası ilə bağlı xeyli dərəcədə yoxsul statistik baza çıxır. Bəs vacib olan hansı məlumatlar ictimaiyyət üçün deyil?
1. Gəlirlərin bölgüsü və yenidən bölgüsü nəticəsində ev təsərrüfatlarına çatan gəlirlərin ümumi həcmi açıqlanır, amma məcmu gəlirlərin əhalinin kvintil (20%-lik) və desil (10%-lik) qrupları üzrə paylanması haqqında məlumatlar yoxdur. Bu göstərici ev təsərrüfatlarının sərəncamında qalan gəlirlərindən fərqli əhali qruplarına çatan payı qiymətləndirmək, ölkədə gəlir bərabərsizliyini ölçmək baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir;
2. Ayrı-ayrı gəlir növləri üzrə yekun göstəricidə əhali qruplarının hər birinin aldığı payla bağlı statistik məlumatlar açıqlanmır. Aparıcı beynəlxalq təsisatların (BVF, BMT, Avropa Komissiyası, Dünya Bankı və İƏİT) ortaq çalışma əsasında hazırladığı Milli Hesablar Sistemi -2008 metodologiyasına görə, ev təsərrüfatlarının gəlirləri 4 əsas qrupa bölünür (bəzi qruplar isə altqruplara ayrılır): işçilərə çatan əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər, mülkiyyətdən əldə olunan gəlirlər və cari transfertlər. Məsələn, ən yoxsul və ən zəngin, yaxud ortada yerləşən – 20 və ya 10%-lik əhali qruplarının hər birinin mülkiyyətdən əldə olunan gəlirlərdə, yaxud cari transfertlərdə, sahibkarlıq gəlirlərində xüsusi çəkisi nə qədərdir? Azərbaycanın mövcud statistikası bu sualı cavabsız buraxır;
3. Kvintil və desil qruplar üzrə ev təsərrüfatı üzvlərinin adambaşına gəlirlərinin orta məbləği açıqlanır, amma median gəlirlərlə açıqlanmır. Halbuki bu göstərici qrupların öz daxilində gəlir diffensasiyasını bilmək üçün son dərəcə vacibdir;
4. Gini Əmsalı hesablanmır. Bu əmsal ölkədə sosial təbəqələşmənin və gəlir bərabərsizliyinin ölçülməsində istifadə edilən, beynəlxalq müqayisədə istifadə olunan çox mühüm göstəricidir. Statistik göstərici olaraq cəmi gəlirlərin əhali qrupları arasında faktiki bölgüsünün mütləq bərabərlik xəttindən nə qədər kənarlaşdığını əks etdirir. Gini əmsalı amerikan iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir ( “0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir). Ən zəngin 20%-lik qrupla ən yoxsul 20%-lik qrup arasında gəlir fərqi nə qədər böyük olarsa, Gini əmsalı 1-ə o qədər yaxınlaşır və ölkədə gəlir qeyri-bərabərliyinin yüksək olduğunu, milli gəlirin ədalətsiz bölüşdürüldüyünü əks etdirir. Dünya Bankının informasiya bazasında təqdim olunan rəqəmlərə görə, Avropa ölkələrində bu göstəricinin səviyyəsi xeyli aşağı (Məsələn, İsveçdə 0,298), Afrika ölkələrində kifayət qədər yüksəkdir (məsələn, Cənubi Afrika Resbublikasında 0,630).
5. P80/20 və P90/10 əmsalları açıqlanmır. Bu göstəricilər ən yoxsul və ən zəngin 10 və 20%-lik əhali qruplarının sahib olduğu gəlirlər arasında fərqi əks etdirir. Məsələn, Türkiyədə açıqlanan ən son statistikaya görə, ən zəngin 20% əhalinin gəlirləri ən yoxsullarla müqayisədə 8,1 dəfə çoxdur. Halbuki 10 il əvvəl həmin göstərici 6,9-a bərabər idi. Deməli, 10 il ərzində Türkiyədə gəlir bərabərsizliyi daha da sürətlənib. Azərbaycan mövcud statistikası oxşar dinamikanı izləməyə imkan vermir. Hətta zəngin qrupların öz daxilində də gəlir bərabərsizliyinin ölçülməsi vacibdir. Bu, ən varlı 10% əhali daxilində təbəqələşmə əmsalının da hesablanmasını nəzərdə tutur. Həmin göstərici ən zəngin 1% əhalinin gəlirlərinin yerdə qalan 9%-ə nisbəti kimi müəyyən edilir.
6. Yoxsulluğun dərinliyi göstəricisi hesablanmır. Bu əmsal onu ilk dəfə hesablayan müəlliflərin şərəfinəFoster-Greer-Thorbecke indeksi də adlandırılır. Göstərici yoxsulların öz aralarındakı gəlir qeyri-bərabərliyini əks etdirir və yoxsulluq dərəcəsini ölçür. Məsələn, Azərbaycanda yoxsulluq həddi 270 manatdırsa, lakin bu həddən aşağıda qərarlaşan bütün insanların yaşayışının faktiki orta dəyəri (median) 200 manatdırsa, yoxsulluğun dərinliyi indeksi 0.74-ə bərabər olacaq. Göstərici 1-dən uzaqlaşdıqca yoxsulluğun dərinliyi daha yüksək olur.
7. Yoxsulluğun xronikiliyi: bu göstərici yoxsulluğun nə dərəcədə uzunmüddətli olduğunu göstərir. Məsələn, ev təsərrüfatlarının büdcə müayinəsi yoxsul insanların nə qədər uzun müddət yoxsul vəziyyətdə qaldığını müəyyən etməlidir. 1 il və daha uzun müddət ərzində yoxsul qalan insanlar, artıq xroniki yoxsullara aid edilməlidirlər.
Yuxarıda qeyd olunan məqamlardan çıxan ən mühüm nəticə budur: son 20 ildə iqtisadiyyata nəhəng neft pullarının axını nəticəsində hökumətin sürətli zənginləşməsinə paralel, vətəndaşların yoxsulluğunun azalmasını etibarlı şəkildə əks etdirən hərtərəfli gəlir və yoxsulluq statistikasına ehtiyac var. Belə sistemli statistikanın mövcud olmadığı şəraitdə hökumətin bir cümləlik “yoxsulluq 20 ildə 49%-dən 5%-ə enib” bəyanatı rəsmi statistikaya etimad yaratmır.